Yehovanın Kəlamı canlıdır
«Matta» kitabından diqqətəlayiq fikirlər
İSANIN həyatı və xidməti haqqında həyəcanlandırıcı məlumatı ilk dəfə qələmə alan şəxs onun yaxın dostu, keçmiş vergiyığan Matta olmuşdur. İbrani dilində yazılıb, sonradan yunan dilinə tərcümə olunan «Mattanın Müjdəsi» eramızın təxminən 41-ci ilində tamamlanmışdır. Bu kitab İbranicə Müqəddəs Yazılarla Yunanca Müqəddəs Yazılar arasında körpü kimi əlaqə yaradır.
Görünür, əsas etibarilə yəhudilər üçün yazılmış bu mənalı və təşviqedici «Müjdə» İsanı vəd olunmuş Məsih və Allahın Oğlu kimi təqdim edir. Buradakı məlumatı diqqətlə araşdırsaq, həqiqi Allaha, Onun vədlərinə və İsa Məsihə imanımız möhkəmlənəcək (İbr. 4:12).
«SƏMAVİ SƏLTƏNƏT YAXINDIR»
Matta hadisələrin xronoloji ardıcıllığından kənara çıxmalı olsa da, ilk növbədə Padşahlıq mövzusunu və İsanın təlimlərini vurğulayır. Məsələn, İsanın Dağüstü təbliği xidmətinə başladıqdan təxminən bir il sonra söylədiyinə baxmayaraq, o, kitabın əvvəlində yazılıb.
Qalileyada xidməti zamanı İsa möcüzələr göstərir, 12 həvarisinə təbliğə dair məsləhətlər verir, fəriseyləri ifşa edir və Padşahlıq haqqında məsəllər çəkir. Sonra o, ‘Qalileyadan çıxıb İordan çayının o biri tayında yerləşən Yəhudeya diyarına gəlir’ (Mat. 19:1). Yolda İsa şagirdlərinə deyir: ‘Budur, Yerusəlimə qalxırıq. İnsan Oğlu ölümə məhkum ediləcək, üçüncü gün isə diriləcəkdir’ (Mat. 20:18, 19).
Müqəddəs Kitab suallarına cavablar:
3:16 — İsa vəftiz olan zaman göylər hansı mənada açıldı? Görünür, bu, İsanın göydəki həyatının yadına düşməsini göstərir.
5:21, 22 — Nə daha ciddidir: qəzəbi ürəkdə saxlamaq, yoxsa üzə vurmaq? İsa xəbərdarlıq etdi ki, qardaşına qəzəblənib, ürəyində ona kin bəsləmək ciddi günahdır. Ancaq ürəyindəki qəzəbi təhqiramiz sözlərlə üzə vurmaq daha ciddidir, belə hərəkət edən adam yerli məhkəmədə deyil, ali məhkəmə qarşısında cavab verməlidir.
5:48 — Doğrudanmı ‘Səmavi Atamız kimi kamil olmaq’ mümkündür? Bəli, nisbi mənada bu mümkündür. Burada İsa məhəbbət haqqında danışır, dinləyicilərinə sevgidə Allahı təqlid etməyi və kamil, yəni məhəbbətdə mükəmməl olmağı deyirdi (Mat. 5:43-47). Bu necə mümkün idi? Düşmənlərinə də məhəbbət göstərməklə.
7:16 — Həqiqi dini hansı ‘bəhrələrdən’ tanımaq olar? Bu bəhrələr özünə təkcə davranışımızı daxil etmir. Bura bizim etiqadlarımız, hansı təlimləri rəhbər tutmağımız da daxildir.
10:34-38 — Ailənin parçalanmasında Müqəddəs Yazıları günahlandırmaq olarmı? Əlbəttə ki yox. Narazılıqlar imanda olmayan ailə üzvlərinin tutduğu mövqeyə görə yaranır. Onlar məsihçiliyi qəbul etməyə və ya ona qarşı çıxa bilərlər ki, bu da ailədə parçalanmaya gətirib çıxarır (Luka 12:51-53).
11:2-6 — Əgər Yəhya Allahın İsadan razı qaldığını dediyini eşitdiyi üçün İsanın Məsih olduğunu artıq bilirdisə, onda nə üçün İsanın «Gəlməli olan» olub-olmadığını soruşdu? Ola bilər, Yəhya şəxsən İsanın özündən təsdiq cavabı almaq istəyirdi. Bundan başqa, Yəhya bilmək istəyirdi ki, Padşahlıq qüdrəti ilə gələrək, yəhudilərin ümidlərini həyata keçirən ‘başqa’ adam da olacaqmı. İsanın cavabı göstərdi ki, ondan sonra heç kim gəlməyəcək.
19:28 — İsrailin mühakimə ediləcək ‘on iki qəbiləsi’ nəyi təmsil edir? Onlar ruhani İsrailin 12 qəbiləsini təmsil etmir (Qalat. 6:16; Vəhy 7:4-8). İsanın bu sözləri dediyi həvarilər ruhani İsrailin üzvlərinin hakimləri deyil, onun bir hissəsi olacaqdılar. İsa onlara ‘səltənət tapşırdı’ və onlar ‘Allaha xidmət üçün padşah və kahin’ olacaqdılar (Luka 22:28-30; Vəhy 5:10). Ruhani İsrail ‘dünyanı mühakimə etməlidir’ (1 Kor. 6:2). Beləliklə, səmavi taxtlarda oturanların mühakimə etdiyi ‘İsrailin on iki qəbiləsi’, görünür, padşah və kahin sinfinə daxil olmayan, Kəffarə günündə 12 qəbilə ilə təsvir edilən bəşəriyyəti təmsil edir (Lev., fəs. 16).
Bizim üçün ibrət dərsləri:
4:1-10. Bu hadisə Şeytanın sadəcə pislik deyil, real şəxsiyyət olduğunu göstərir. O bizi şirnikləndirmək üçün ‘cismani ehtiras, gözlərin ehtirası və həyatın təkəbbüründən’ istifadə edir. Buna baxmayaraq, Müqəddəs Yazılardakı prinsiplərə əməl etməklə Allaha sadiq qala bilərik (1 Yəh. 2:16).
5:1–7:29. Ruhani tələbatlarınızı dərk edin. Sülhpərvər olun. Əxlaqsız fikirləri rədd edin. Vədinizə əməl edin. Dua edərkən ruhani şeyləri maddi maraqlardan üstün tutun. Allah qarşısında zəngin olun. Əvvəlcə Padşahlığı və Allahın salehliyini axtarın. Mühakimə etməyin. Allahın iradəsini yerinə yetirin. Dağüstü təbliğdə necə də faydalı öyüdlər verilmişdir!
9:37, 38. Biz şagird hazırlamaq işində səylə iştirak edərək, məhsulun Sahibindən ‘məhsulunu yığmağa işçilər göndərməsi’ üçün etdiyimiz xahişə uyğun davranmalıyıq (Mat. 28:19, 20).
10:32, 33. İmanımız barədə danışmaqdan heç vaxt qorxmamalıyıq.
13:51, 52. Padşahlığın həqiqətlərini anlamağımız başqalarını öyrətmək və bu xəzinələri onlarla bölüşmək məsuliyyətini üzərimizə qoyur.
14:12, 13, 23. Məqsədyönlü tərzdə düşünmək üçün hərdən tək qalmaq vacibdir (Mark 6:46; Luka 6:12).
17:20. Ruhani inkişafımıza əngəl törədən dağa bənzər maneələri dəf etmək və çətinliklərin öhdəsindən gəlmək üçün bizə iman lazımdır. Yehovaya və Onun vədlərinə imanımızı möhkəmləndirməyə barmaqarası baxmamalıyıq (Mark 11:23; Luka 17:6).
18:1-4; 20:20-28. Nüfuza susayan qeyri-kamillik və dini tərbiyə ucbatından ad-san İsanın şagirdlərini həddindən artıq düşündürürdü. Günahlı meyllərdən özümüzü qorumaq və malik olduğumuz imtiyaz və məsuliyyətlərə düzgün yanaşmaq üçün özümüzdə həlimlik tərbiyə etməliyik.
‘İNSAN OĞLU ƏLƏ VERİLƏCƏKDİR’
İsa eramızın 33-cü ili 9 nisanda ‘eşşəyə minərək’ Yerusəlimə gəlir (Mat. 21:5). Növbəti gün o, məbədə gəlib, oranı təmizləyir. Nisanın 11-i məbəddə təlim verir, din alimlərini və fəriseyləri ifşa edir, sonra şagirdlərinə ‘gəlişinin və dövrün sonunun əlamətlərini’ söyləyir (Mat. 24:3). Səhərisi gün onlara deyir: «İki gün sonra Pasxa bayramı başlayacağını bilirsiniz. Və İnsan Oğlu çarmıxa çəkilmək üçün ələ veriləcəkdir» (Mat. 26:1, 2).
Nisanın 14-dür. Yaxınlaşan ölümünün Xatirə Gecəsini təsis edəndən sonra, İsa ələ verilir, həbs edilir, işgəncələrə məruz qalır və dirək üzərində öldürülür. Üçüncü gündə dirildilir. Göyə qalxmazdan əvvəl İsa davamçılarına tapşırıq verir: «Beləliklə, gedin, bütün xalqları şagirdim edin» (Mat. 28:19).
Müqəddəs Kitab suallarına cavablar:
22:3, 4, 9 — Toy ziyafətinə üç çağırış nə zaman baş verib? Eramızın 29-cu ilində İsa davamçıları ilə təbliğ etməyə başlayanda gəlin sinfini yığmaq üçün ilk çağırış başlandı və b. e. 33-cü ilinədək davam etdi. İkinci çağırış b. e. 33-cü ilində müqəddəs ruhun verildiyi Pentikost günündən 36-cı ilə kimi davam etdi. Hər iki çağırış ancaq yəhudilərə, yəhudi prozelitlərinə və samariyalılara ünvanlanmışdı. Ancaq üçüncü dəfə adamları ‘şəhərdən çıxan yollardan’ (YD), yəni sünnətsiz qeyri-yəhudilərdən çağırırlar. Bu, eramızın 36-cı ilində Roma ordusunun yüzbaşısı Kornelius ilə söhbətdən başlayaraq bizim günlərədək davam edir.
23:15 — Nə üçün prozelitlər, yəni fəriseylərin imana gətirdiyi adamlar fəriseylərdən «iki qat artıq cəhənnəmlik» idilər? Prozelitlərin bəziləri əvvəllər, ola bilsin, qatı günahkar olmuşlar. Onlar fəriseylərin ifrata varan təlimlərini qəbul etməklə özlərinin məhkum olunmuş müəllimlərindən də betər ifratçı olurdular. Beləliklə, prozelitlər fəriseylərdən iki qat artıq «cəhənnəmlik» idilər.
27:3-5 — Yəhuda nəyə görə peşmançılıq çəkirdi? Yəhudanın peşmançılığının həqiqi tövbə olduğunu göstərən heç nə yoxdur. Allahdan əfv diləmək əvəzinə, o öz səhvini baş kahinlərə və ağsaqqallara etiraf etdi. ‘Ölümlə nəticələnən günah’ işlədərək Yəhuda yerində olaraq özünü günahkar və çarəsiz hiss edirdi (1 Yəh. 5:16). Onun peşmançılığı vəziyyətinin ümidsizliyindən irəli gəlirdi.
Bizim üçün ibrət dərsləri:
21:28-31. Yehova üçün əsl əhəmiyyət kəsb edən şey Onun iradəsini yerinə yetirməyimizdir. Məsələn, biz Padşahlığın təbliği və şagird hazırlamaq işində səylə çalışmalıyıq (Mat. 24:14; 28:19, 20).
22:37-39. Bu iki ən böyük əmr Allahın Öz xidmətçilərinə olan tələblərinə necə də aydın yekun vurur!
[İcazə ilə]
© 2003 BiblePlaces.com
[31-ci səhifədəki şəkillər]
Məhsul yığımında səylə iştirak edirsənmi?
Matta Padşahlıq mövzusunu vurğulayır