Qoy nikahınız sizə sevinc gətirsin
«Hikmətlə ev tikilər, dərrakə ilə möhkəmlənər». SÜL. MƏS. 24:3
1. Allah ilk insanla bağlı hansı müdrik qərarı verdi?
MÜDRİK Səmavi Atamız bizim üçün nəyin yaxşı olduğunu bilir. Məsələn, Allah bilirdi ki, niyyətinin yerinə yetməsi üçün Eden bağında ‘insanın tək olması yaxşı deyil’. Həmin niyyət əsasən ondan ibarət idi ki, evli insanlar dünyaya uşaq gətirsinlər və ‘yer üzünü bürüsünlər’ (Yar. 1:28; 2:18).
2. Allah insanların rifahı üçün hansı quruluşu təsis etdi?
2 Yehova dedi: «Mən ona münasib olan bir köməkçi yaradacağam». Sonra Allah insana dərin yuxu göndərdi və kamil bədənindən bir qabırğa götürüb, ondan qadını düzəltdi. Yehova bu kamil qadını, Həvvanı Adəmin yanına gətirəndə o dedi: «Bax, nəhayət, bunun sümüyü mənim sümüyümdən, bədəni mənim bədənimdəndir. Adına “qadın” deyiləcək, çünki o, kişidən götürülüb». Həvva doğrudan da Adəmə münasib idi. Onların hər birinin özünəməxsus xüsusiyyətləri və keyfiyyətləri var idi, bununla belə ikisi də kamil idi və Allahın surətində yaradılmışdılar. Beləliklə, Allah ilk nikahı qurdu. Adəmlə Həvvaya bir-birlərinə kömək və dayaq olmaları üçün nəzərdə tutulan Allahın bu quruluşunu qəbul etmək çətin olmadı (Yar. 1:27; 2:21-23).
3. Çoxları ailə ənamına necə yanaşır və bu hansı sualları doğurur?
3 Təəssüf ki, üsyankarlıq ruhu bu gün dünyanın canına hopub. Onun doğurduğu problemlər Allahdan deyil. Çoxları Allahın ənamı olan nikaha xor baxır, ona dəbdən düşmüş, məyusluq və münaqişələrin səbəbi kimi baxırlar. Evlənənlər arasında boşanma adi hala çevrilib. Bəzi valideynlər uşaqlarına məhəbbət göstərmir və onlardan öz mənfəətləri üçün istifadə edirlər. Bir çox valideynlər, hətta sülh və birlik xatirinə olsa belə, bir-birlərinə güzəştə getmək istəmirlər (2 Tim. 3:3). Bəs bu çətin zəmanədə ailə həyatındakı sevinci necə qorumaq olar? Mülayimlik ailənin dağılmasının qarşısını almağa necə kömək edir? Sevincini qoruyan müasir ailələrdən nə öyrənə bilərik?
Yehovanın rəhbərliyinə tabe olun
4. a) Pavel evlilik barədə hansı göstərişi vermişdi? b) İtaətkar məsihçilər Pavelin göstərişinə necə əməl edirlər?
4 Həvari Pavel Allahdan ilham alaraq dullara tapşırmışdı ki, əgər yenidən ailə qurmaq istəsələr seçdikləri adam «Rəbbə bağlı olmalıdır» (1 Kor. 7:39). Yəhudi mənşəli məsihçilər üçün bu, yenilik deyildi. Allahın israillilərə verdiyi qanunda açıq-aydın deyilirdi ki, onlar ətrafdakı bütpərəst xalqlardan heç kimlə ‘qohum olmalı’ deyillər. Sonra Yehova bu normaya əməl etməməyin nə üçün təhlükəli olduğunu izah etmişdi. «Çünki onlar [qeyri-israillilər] övladlarınızı Mənim ardımca getməkdən döndərib, başqa allahlara qulluq etdirəcəklər. Onda Rəbbin sizə qarşı qəzəbi alovlanacaq və tezliklə sizi yox edəcək» (Qanun. t. 7:3, 4). Müasir dövrdə Yehova Öz xidmətçilərinin bununla bağlı hansı mövqeyi tutmalarını gözləyir? Aydındır ki, Allahın xidmətçisi özünə həyat yoldaşını ‘Rəbbə bağlı olan’, həsr və vəftiz olunmuş həmimanlılardan seçməlidir. Bu sahədə Yehovanın göstərişinə tabe olmaq müdriklikdir.
5. Yehova və evli məsihçilər evlilik andına necə yanaşırlar?
5 Evlilik andı Allahın gözündə müqəddəsdir. İlk nikaha istinad edərək Allahın Oğlu İsa demişdi: «Allahın birləşdirdiyini insan ayırmamalıdır» (Mat. 19:6). Məzmurçu andın ciddiliyini belə göstərmişdi: «Haqq-Taalaya əhd etdiyin təqdimlərini ver» (Məz. 50:14). Toy günü evlənənlər böyük sevinc içində olsalar da, içdikləri and çox ciddi və məsuliyyətlidir (Qanun. t. 23:21).
6. İftahın nümunəsindən nə öyrənə bilərik?
6 Eramızdan əvvəl XII əsrdə İsraildə hakim olan İftahın nümunəsinə baxaq. O, Yehovaya əhd etmişdi: «Əgər Ammon övladlarını, həqiqətən, mənə təslim etsən, o zaman Ammon övladları ilə döyüşdən sağ-salamat qayıdanda mənim evimin darvazasından qarşıma birinci nə çıxarsa, Rəbbin olacaq və onu yandırma qurbanı edəcəyəm». Mispaya, evinə dönəndə onu qarşılamağa qızının, yeganə övladının çıxdığını görən İftah əhdini pozmağa çalışdımı? Xeyr. O dedi: «Mən Rəbbə əhd etmişəm, artıq sözümdən dönə bilmərəm» (Hak. 11:30, 31, 35). İftah Yehovaya verdiyi sözünü tutdu, baxmayaraq ki, bu onun nəslini davam etdirən adamın olmayacağı demək idi. İftahın əhdi evlilik andından fərqlənir, ancaq onun əhdinə sadiq qalması məsihçi ər-arvadların evlilik andına sadiq qalmaları üçün yaxşı nümunədir.
Nikahı uğurlu edən nədir?
7. Təzə evlənənlərə hansı dəyişiklikləri etmək lazımdır?
7 Bir çox ər-arvadlar görüşdükləri vaxtı sevə-sevə xatırlayırlar. Gələcək həyat yoldaşını tanımaq necə də xoş idi! Birlikdə nə qədər çox vaxt keçirirdilərsə, bir o qədər də bir-birlərinə yaxınlaşırdılar. Kişi ilə qadın bir müddət görüşdükdən sonra və ya bir-birini tanımadan ailə qurmuş olsalar belə, toydan sonra dəyişikliklər etmələri çox vacibdir. Bir ər etiraf edir: «Evliliyimizin əvvəlində üzləşdiyimiz əsas çətinlik artıq tək olmadığımızı dərk etmək idi. Bir müddət bizə dostların və ailənin hərəsinin öz yeri olduğunu başa düşmək çətin oldu». Artıq otuz ildir ki, evli olan başqa ər ailə həyatının əvvəlində başa düşmüşdü ki, tarazlı olmaq üçün hər şeyi fikirləşərkən iki nəfəri nəzərə almalıdır. Hər hansı dəvəti qəbul etməzdən və ya üzərinə öhdəçilik götürməzdən əvvəl o, arvadı ilə məsləhətləşir və sonra hər ikisinin maraqlarını nəzərə alaraq qərar verir. Belə vəziyyətdə mülayimlik kömək edir (Sül. məs. 13:10).
8, 9. a) Yaxşı ünsiyyət nə üçün vacibdir? b) Hansı sahələrdə şəraitə uyğunlaşmaq faydalı olar və nə üçün?
8 Hərdən nikah müxtəlif mədəniyyətdən olan iki nəfəri birləşdirir. Belə olan halda açıq ünsiyyət xüsusilə vacibdir. Ünsiyyət tərzi müxtəlif olur. Həyat yoldaşının qohumları ilə necə danışdığını müşahidə etmək onu daha yaxşı başa düşməyə sənə kömək edəcək. Hərdən deyilən sözlər yox, onların necə deyilməsi insanın daxili fikirlərini üzə çıxarır. Deyilməmiş sözlərdən də çox şeyi öyrənmək olar (Sül. məs. 16:24; Kolos. 4:6). Xoşbəxtlik üçün dərrakəli olmaq çox vacibdir. (Süleymanın məsəlləri 24:3 ayəsini oxu.)
9 Xobbi və əyləncə seçiminə gəldikdə çoxları şəraitə uyğunlaşmağın vacib olduğunu başa düşmüşlər. Evlilikdən qabaq həyat yoldaşın, ola bilər, idmana və ya başqa əyləncələrə çox vaxt sərf edirdi. İndi bəzi dəyişikliklər etmək münasib olmazdımı? (1 Tim. 4:8). Eyni sualı özümüzə qohumlarla keçirdiyimiz vaxtla bağlı da verə bilərik. Aydındır ki, ər-arvada ruhani və başqa işləri bir yerdə görmək üçün vaxt lazımdır (Mat. 6:33).
10. Mülayimlik valideynlərlə evli övladlar arasında yaxşı münasibətlərin olmasına necə kömək edir?
10 Kişi evlənəndə ata-anasını tərk edir, eyni şeyi qadın haqqında da demək olar. (Yaradılış 2:24 ayəsini oxu.) Bununla belə, Allahın əmr etdiyi kimi ataya və anaya həmişə hörmət etmək lazımdır. Beləliklə, kişi ilə qadın evlənəndən sonra da, yəqin ki, valideynlərinə və qohumlarına müəyyən qədər vaxt ayıracaqlar. 25 ildir ki, evli olan bir ər deyir: «Hərdən həyat yoldaşımın, eyni zamanda da valideynlərimin, bacı-qardaşlarımın və onun qohumlarının müxtəlif ehtiyac və istəklərini ödəmək çətin olur. Belə vəziyyətdən çıxış yolu tapmaqda Yaradılış 2:24 ayəsinin mənə böyük köməyi dəyir. İnsan başqa ailə üzvlərinə də sədaqətli olmağa borcludur və onların qarşısında da məsuliyyət daşıyır, ancaq bu ayə mənə göstərdi ki, ilk növbədə həyat yoldaşıma sadiq olmalıyam». Eyni tərzdə, mülayim məsihçi valideynlər övladlarının indi ailəli olduğuna və əsas etibarilə ərin həmin ailəyə rəhbərlik etmək məsuliyyətini daşıdığına hörmətlə yanaşacaqlar.
11, 12. Nəyə görə ərlə arvadın ailəvi öyrənmə keçirməsi və birlikdə dua etməsi vacibdir?
11 Müntəzəm ailəvi öyrənmə keçirmək çox vacibdir. Bir çox məsihçi ailələrin təcrübəsi bunu təsdiq edir. Belə öyrənməni başlamaq və onu həmişə davam etdirmək asan olmaya bilər. Bir ailə başçısı etiraf edir: «Əgər geri qayıdıb nəyisə dəyişmək mümkün olsaydı, onda evliliyimizin lap əvvəlindən müntəzəm olaraq ailəvi öyrənmə keçirərdik». Sonra o deyir: «Öyrənmə zamanı birgə tapdığımız hansısa Müqəddəs Kitab həqiqətinə görə arvadımın sevincini görmək çox gözəl hədiyyədir».
12 Eyni zamanda birlikdə dua etməyin də köməyi dəyir (Rom. 12:12). Ərlə arvad birlikdə Yehovaya ibadət edəndə, Allahla sıx münasibətləri nikah tellərini möhkəmləndirə bilər (Yaq. 4:8). Bir məsihçi ər deyir: «Səhvlərə görə dərhal üzr istəmək və birlikdə dua edərkən həmin səhvləri xatırlatmaq göstərir ki, qanqaraldan ən kiçik məsələlərə görə də səmimi qəlbdən peşmançılıq çəkirəm» (Efes. 6:18).
Evlilik həyatında mülayimlik göstərin
13. Pavel evlilik həyatında intim münasibətlərə dair hansı məsləhəti vermişdi?
13 Evli məsihçilər ər-arvad münasibətlərini alçaldan, məsələn, seksə aludə olan bugünkü dünyada geniş yayılmış işlərdən uzaq durmalıdırlar. Bununla bağlı Pavel məsləhət görmüşdür: «Ər öz arvadına lazımlı məhəbbət bəsləsin; arvad da əri ilə bu cür davransın. Arvad öz bədəninə hakim deyildir, ona hakim olan ərdir; eləcə də ər öz bədəninə hakim deyildir, ona hakim olan arvaddır». Sonra Pavel aydın şəkildə tapşırır: «Bir-birinizi ər-arvadlıq haqqınızdan mərhum etməyin, yalnız bəlkə də, razılıq ilə, müvəqqəti olaraq». Hansı səbəbdən? «Dua etmək üçün. Bundan sonra yenə də birləşin ki, nəfsinizi saxlaya bilmədiyinizə görə şeytan sizi imtahan etməsin» (1 Kor. 7:3-5). Duanı xatırlatmaqla Pavel məsihçi üçün nəyin vacib olduğunu göstərir. Ancaq o həm də açıqlayır ki, hər bir evli məsihçi öz həyat yoldaşının fiziki və emosional ehtiyaclarına qarşı həssas olmalıdır.
14. Müqəddəs Kitab prinsiplərini ər-arvad arasındakı intim münasibətlərdə necə tətbiq etmək olar?
14 Ərlə arvad bir-biriləri ilə açıq olmalı və başa düşməlidirlər ki, intim münasibətlərdə həssas olmamaq problemlərə gətirib çıxara bilər. (Filipililərə 2:3, 4 ayələrini oxu; Matta 7:12 ayəsi ilə müqayisə et.) Etiqadları müxtəlif olan bəzi ailələrdə bunun həqiqət olduğu görünür. Hətta narazılıqlar mövcud olsa belə, məsihçi adətən yaxşı davranışı, xeyirxahlığı və həyat yoldaşının istəyini nəzərə alması ilə vəziyyəti yaxşılaşdıra bilər. (1 Peter 3:1, 2 ayələrini oxu.) Yehovaya və həyat yoldaşına məhəbbət, eləcə də mülayimlik evlilik həyatının bu sahəsində kömək edəcək.
15. Evlilik həyatının xoşbəxt olmasında hörmət hansı rolu oynayır?
15 Xeyirxah ər başqa sahələrdə də arvadı ilə hörmətlə davranacaq. Məsələn, o, hətta ən kiçik məsələlərdə belə həyat yoldaşının hisslərini nəzərə alacaq. 47 ildir ki, evli olan ər etiraf edir: «Mən bunu etməyi hələ də öyrənirəm». Məsihçi qadınlara ərlərinə dərin hörmət bəsləmək məsləhət görülür (Efes. 5:33). Ərləri haqqında tənqidi danışmaq, onların səhvlərini başqalarının yanında açıb tökmək hörmət əlaməti deyil. Süleymanın məsəlləri 14:1 ayəsi bizə xatırladır: «Hikmətli qadın evini qurar, səfeh qadın onu əli ilə uçurar».
Şeytana təslim olmayın
16. Ərlə arvad Efeslilərə 4:26, 27 ayələrini evlilik həyatında necə tətbiq edə bilər?
16 «Qəzəblənəndə günah işləməyin; qoy siz qəzəblənirkən günəş batmasın, və iblisə yer verməyin» (Efes. 4:26, 27). Bu sözlərə əməl etməklə ər-arvad arasındakı narazılıqları aradan qaldırmaq və ya onlardan qaçmaq olar. Bir bacı xatırlayır: «Mənim yadıma gəlmir ki, yoldaşımla aramızda narazıçılıq olanda, saatlarla vaxt sərf etmək lazım gəlsə belə, oturub məsələni müzakirə etməyək». Onlar yeni evlənəndə qarşılarına məqsəd qoymuşdular ki, problemi həll etməmiş günü başa vurmayacaqlar. «Biz qərara gəldik ki, problem nə olursa olsun, bir-birimizi bağışlayacaq, olub keçənləri yaddan çıxaracaq və növbəti günü yeni əhval-ruhiyyə ilə başlayacağıq». Beləliklə, onlar ‘İblisə yer verməməyi’ seçdilər.
17. Ərlə arvad bir-birlərinə uyğun gəlmədiklərini düşünürlərsə, onlara nə kömək edə bilər?
17 Bəs əgər özünə uyğun olmayan adamla ailə qurduğunu düşünürsənsə, onda necə? Ola bilsin, sənə elə gəlir ki, münasibətiniz başqalarınınkı kimi romantik deyil. Bununla belə, Yaradanın nikah tellərinə olan münasibətini yadda saxlamaq sənə kömək edəcək. Pavel Allahdan ilham alaraq məsihçilərə məsləhət vermişdi: «Qoy hər kəs nikaha hörmət etsin və kəbin yatağı ləkəsiz olsun; çünki Allah, əxlaqsızları və zinakarları məhkum edəcəkdir» (İbr. 13:4). Həmçinin bu sözlərə də barmaqarası baxmaq olmaz: «Üçqat ip tez qırılmaz» (Vaiz 4:12). Həm ər, həm də arvad Yehovanın adının müqəddəs tutulmasını ürəkdən istəyəndə bir-birlərinə və Allaha bağlanırlar. Onlar nikahın uğurlu olması üçün əllərindən gələni etməlidirlər, çünki bu, Yehovaya — nikahın Banisinə izzət gətirir (1 Pet. 3:11).
18. Nikaha dair nəyə əmin olmaq olar?
18 Sözsüz ki, nikahın məsihçilərə sevinc gətirməsi mümkündür. Bunun üçün cəhd göstərmək və məsihçi keyfiyyətlərini, məsələn, mülayimlik təzahür etdirmək vacibdir. Bu gün Yehovanın Şahidlərinin bütün dünyadakı yığıncaqlarında bunun mümkün olduğunu sübut edən saysız-hesabsız ailələr var.
Necə cavab verərdiniz?
• Nikahın sevinc gətirməsi nə üçün mümkündür?
• Nikahın uğurlu olmasına nə kömək edə bilər?
• Ərlə arvada hansı keyfiyyətləri inkişaf etdirmək lazımdır?
[9-cu səhifədəki şəkil]
Evli adamlar hər hansı dəvəti qəbul etməzdən və ya görüş təyin etməzdən əvvəl bir-birilə məsləhətləşirlər
[10-cu səhifədəki şəkil]
‘İblisə yer vermədən’ narazıçılığı elə həmin gün aradan qaldırmağa çalışın