Uşaqlarınızı öyrədin
Balaca qız kömək etmək istəyirdi
AĞIR xəstəliyə tutulan bir kimsəni görmüsənmi? ~ Ona kömək etmək istəmisənmi? ~ Əgər o, başqa ölkədən, yaxud başqa dindən olsaydı, onda necə? Yenə də ona kömək etmək istərdinmi? ~ Təxminən 3 000 il bundan əvvəl İsraildə yaşayan balaca bir qız belə adama kömək etmişdi. Gəl görək bu necə baş verdi.
Həmin balaca qızın yaşadığı qədim İsrail ilə yaxınlıqda yerləşən Aram (Suriya) ölkəsi arasında tez-tez müharibə olurdu (1 Padşahlar 22:1). Günlərin bir günü suriyalılar İsrailə hücum edib bu balaca qızı əsir aparırlar. O, Suriyaya gətirilir və Suriyanın ordu başçısı Naamanın arvadının qulluqçusu olur. Naaman pis xəstəlik olan cüzama tutulmuşdu. Bu xəstəlik insanın bədənini eybəcər hala salır.
Həmin qulluqçu qız Naamanın arvadına deyir ki, onun əri öz xəstəliyindən sağala bilər. O deyir: ‘Naaman Samariyaya getsəydi, Yehovanın peyğəmbəri Elişa onu cüzamdan sağaldardı’. Qulluqçu qızın Elişa haqda əminliklə danışması Naamanı inandırır ki, peyğəmbər həqiqətən də onu sağalda bilər. Buna görə də, Suriyanın padşahı Ben-Hadadın razılığı ilə Naaman bir neçə adam götürüb yola düşür və Elişanı tapmaq üçün təxminən 150 kilometr məsafəni qət etməli olur.
İlk öncə onlar İsrail padşahı Yehoramın yanına gəlirlər. Onlar padşah Ben-Hadadın Naamana kömək etmək barədə xahiş məktubunu ona göstərirlər. Lakin Yehoram nə Yehovaya, nə də Onun peyğəmbəri Elişaya inanır. Yehoram düşünür ki, Ben-Hadad onunla dava etmək üçün bəhanə axtarır. Bu xəbəri eşidən Elişa padşah Yehorama deyir: «Qoy indi o mənim yanıma gəlsin». Elişa Naamanı cüzamdan sağaltmaqla Allahın gücünü nümayiş etdirmək istəyir (2 Padşahlar 5:1-8).
Naaman atları və döyüş arabaları ilə Elişanın evinə gələndə Elişa onun yanına qasid göndərib deyir: «Get, İordan çayında yeddi dəfə yuyun ki, bədənin sağalıb tər-təmiz olsun». Bunu eşidən Naaman bərk qəzəblənir. O fikirləşirdi ki, Elişa bayıra çıxacaq və əlini cüzamlı yerin üzərində yellədib ona şəfa verəcək. Bunun əvəzində isə qarşısında bir qasidi görür! Buna görə Naaman hirslənib evinə yola düşür (2 Padşahlar 5:9-12).
Naamanın qulluqçularından biri olsaydın nə edərdin? ~ Gör qulluqçular nə deyir: ‘Elişa sənə çətin bir şey desəydi, ona əməl etməzdinmi? Nəyə görə bu sadə şeyi etməyəsən — sadəcə yuyun və təmiz ol’. Naaman onların sözünə qulaq asır. ‘Naaman İordan çayına enib yeddi dəfə suya baş vurur. Onun bədəni körpə bədəni kimi tər-təmiz olur’.
Naaman Elişanın yanına qayıdıb deyir: «Bax indi bildim ki, İsraildən başqa, dünyanın heç bir yerində Allah yoxdur». O, Elişaya vəd edir ki, «artıq başqa allahlara deyil, yalnız Rəbbə [Yehovaya] yandırma qurbanları və təqdimlər gətirəcək» (2 Padşahlar 5:13-17).
O balaca qız kimi, sən də kiməsə Yehova və Onun işləri haqqında öyrənməyə kömək etmək istərdinmi? ~ İsa yer üzündə olanda ona iman edən bir cüzamlı dedi: ‘Əgər istəsən, mənə kömək edə bilərsən’. Bilirsən İsa necə cavab verdi? ~ «İstəyirəm». Yehova Naamanı sağaltdığı kimi, İsa da o adamı sağaltdı (Matta 8:2, 3).
Sən Yehovanın tezliklə yeni dünya yaradacağını və insanların orada sağlam və əbədi yaşayacaqlarını bilirsənmi? ~ (2 Peter 3:13; Vəhy 21:3, 4). Onda, şübhəsiz ki, sən bu gözəl şeylər haqda başqalarına da danışmaq istəyirsən!
Suallar:
○ Əsgərləri tərəfindən əsir götürülən balaca qız Naamana necə kömək etdi?
○ Nəyə görə Naaman əvvəlcə Elişanın dediklərinə əməl etmək istəmədi, amma nə üçün sonra fikrindən daşındı?
○ Sən bu balaca qız kimi olmaq istəyirsənsə, nə etməlisən?
○ İsa nə etmək istədi və nəyə görə Allahın yeni dünyasında həyat gözəl olacaq?