Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/10 s. 17—20
  • Yehova mənim qalamdır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova mənim qalamdır
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Həqiqəti öyrənirəm
  • Pioner xidməti və onun gətirdiyi xeyir-dualar
  • Gilead Məktəbində təlim alıram
  • «Təbəssümlər ölkəsi»
  • Yeni əməkdaş və yeni təyinat
  • Həyatım boyu Yehovanı qalam sanmağımın gətirdiyi xeyir-dualar
  • Yehova mənə iradəsini yerinə yetirməyi öyrətdi
    Gözətçi qülləsi 2012
Gözətçi qülləsi 2008
w08 15/10 s. 17—20

Yehova mənim qalamdır

Nəql etdi Coan Kovill

Mən 1925-ci ilin iyulunda İngiltərənin Haddersfild şəhərində anadan olmuşam. Ailənin yeganə uşağı idim. Səhhətim zəif idi. Atam tez-tez deyərdi: «Sənə külək dəyən kimi xəstələnirsən». O haqlı idi!

MƏN uşaq olanda keşişlərin sülh üçün qızğın dua etdiklərini, İkinci Dünya müharibəsi başlayanda isə qələbə üçün dua etdiklərini görürdüm. Bu məni çaşdırırdı və məndə şübhələr oyanmağa başladı. Elə həmin vaxtlarda evimizə Enni Ratkliff adlı bir qadın gəldi. O, ərazimizdə yaşayan yeganə Şahid idi.

Həqiqəti öyrənirəm

Enni bizə «Xilas» kitabını verdi və anamı öz evində keçirilən Müqəddəs Kitab müzakirələrinə dəvət etdia. Anam xahiş etdi ki, mən də onunla gedim. Getdiyimiz ilk görüş indiyədək yadımdadır. Bu görüşdə fidiyə müzakirə olunurdu və bu müzakirənin darıxdırıcı olmaması məni təəccübləndirdi. Orada çox suallarıma cavab aldım. Növbəti həftə biz yenə də Ennigilə getdik. Bu dəfə İsanın axır günlərin əlaməti haqqında dediyi peyğəmbərlik izah olunurdu. Dünyanın acınacaqlı vəziyyətdə olduğunu gördükdə anamla mən o andaca başa düşdük ki, bu həqiqətdir. Həmin gün bizi Padşahlıq Zalına dəvət etdilər.

Padşahlıq Zalında mən bir neçə gənc pionerlə tanış oldum və onların arasında hal-hazırda əri Piterlə bərabər Londondakı Bet-Eldə xidmət edən Cois Barber (indi Ellis) vardı. Məndə elə təəssürat yarandı ki, hamı pioner kimi xidmət edir. Buna görə də, məktəbli olsam da, hər ay 60 saat təbliğ etməyə başladım.

Beş aydan sonra, 1940-cı ilin fevralın 11-də anamla mən Bradfordda keçirilən zonal konqresdə (indi rayon konqresi adlanır) vəftiz olunduq. Baxmayaraq ki, atam Yehovanın Şahidi olmadı, bizim yeni imanımıza müqavimət göstərmirdi. Vəftiz olduğum ərəfədə küçədə təbliğin başlanğıcı qoyulmuşdu. Mən jurnal çantasını və plakatlar daşımaqla xidmətdə iştirak edirdim. Bir şənbə günü məni ticarət ərazisində gəliş-gediş çox olan yerdə durmağa təyin etdilər. Məndə hələ də insan qorxusu vardı və mənə elə gəlirdi ki, bütün sinif yoldaşlarım durduğum yerdən keçirdilər!

1940-cı ildə aid olduğumuz yoldaşlıq (həmin vaxt yığıncaq belə adlanırdı) bölünməli oldu. Bu baş verəndən sonra, demək olar ki, həmyaşıdlarımın hamısı başqa yoldaşlıqda oldu. Mən bu barədə yoldaşlıq xidmətçisinə (indi sədrlik edən nəzarətçi) şikayətləndim. Cavabında o mənə dedi: «Gənc dostlar istəyirsənsə, get sahədə gənclərə təbliğ et». Mən belə də etdim! Çox keçməmiş Elsi Nobl adlı bir qızla tanış oldum. O, həqiqəti qəbul etdi və mənim yaxın rəfiqəm oldu.

Pioner xidməti və onun gətirdiyi xeyir-dualar

Məktəbi bitirdikdən sonra mühasib işləyirdim. Amma tammüddətli xidmətçilərin sevincini gördükcə Yehovaya pioner kimi xidmət etmək istəyim artırdı. 1945-ci ilin may ayında xüsusi pioner təyin olundum və buna çox sevinirdim. Bu xidmətimin ilk günündə elə yağış yağırdı tut ucundan göyə qalx. Amma təbliğ etməyi o qədər xoşlayırdım ki, yağış məni ruhdan salmadı. Hər gün xidmətə çıxmaq və xidmət edərkən velosiped sürmək sağlamlığıma yaxşı təsir göstərirdi. Çəkim heç vaxt 42 kiloqramdan artıq olmasa da, pioner xidmətimi dayandırmalı olmadım. İllər ərzində hərfi mənada Yehovanın «qalam» olduğunu öz üzərimdə hiss edirdim (Məz. 28:7).

Mən Şahidlərin olmadığı şəhərlərə xüsusi pioner kimi göndərilirdim ki, yeni yığıncaqların təməlini qoyum. Əvvəlcə üç il İngiltərədə, sonra isə üç il İrlandiyada xidmət etdim. İrlandiyanın Lisburn şəhərində protestant kilsəsində keşişin köməkçisi olan bir kişi ilə Müqəddəs Kitabı öyrənməyə başladım. O, Müqəddəs Kitabın əsas təlimləri haqqında öyrəndikcə yeni bilikləri ilə öz yığıncağında bölüşürdü. Onlardan bəziləri kilsənin rəhbərlərinə şikayətləndilər və əlbəttə, ondan izahat tələb etdilər. O dedi ki, vaxtilə bir çox yalanlar öyrətdiyini kilsə üzvlərinə demək məsihçi borcu idi. Ailəsi ona şiddətli müqavimət göstərsə də, o, həyatını Yehovaya həsr edib ölümünədək Ona sədaqətlə xidmət etdi.

İkinci təyinatım İrlandiyanın Larn şəhəri oldu. Orada altı həftə tək xidmət etdim, çünki əməkdaşım 1950-ci ildə Nyu–Yorkda keçirilən «Teokratiyanın inkişafı» konqresinə getmişdi. Bu mənim üçün çox çətin günlər idi. Mən də həmin konqresdə olmağı arzulayırdım. Bununla belə, həmin həftələr ərzində xidmətdə bir neçə ruhlandırıcı hadisə baş verdi. Mən təxminən 20 il əvvəl nəşrlərimizdən birini qəbul edən bir yaşlı kişi ilə rastlaşdım. Bu illər ərzində onu təkrar-təkrar oxuduğuna görə, demək olar ki, əzbərləmişdi. O, oğlu və qızı ilə birlikdə həqiqəti qəbul etdi.

Gilead Məktəbində təlim alıram

1951-ci ildə mən İngiltərədən olan on pionerlə birgə Nyu–York ştatının Saut-Lansinq adlı kiçik şəhərində keçirilən Gilead Məktəbinin 17-ci sinfinə dəvət aldım. Bu aylar ərzində aldığımız Müqəddəs Kitab təlimi necə də xoşuma gəlirdi! O vaxtlar bacılar yığıncaqlarda Teokratik Xidmət Məktəbində çıxış etmirdilər, lakin Gilead Məktəbində biz bacılar tədris nitqləri ilə çıxış edir və hesabatlar verirdik. Biz çox həyəcan keçirirdik! İlk çıxışım boyu qeydləri tutan əllərim tir-tir əsirdi. Müəllimimiz Maksvel Frend gülümsəyərək dedi: «Bütün yaxşı natiqlər kimi, sən yalnız başlanğıcda yox, sonadək həyəcan keçirəcəksən». Dərslərdə biz hamımız sinif qarşısında çıxış etmək bacarığımızı yaxşılaşdırdıq. Vaxt çox tez keçdi və məzunları müxtəlif ölkələrə təyin etdilər. Mənim təyinatım isə Tailand oldu!

«Təbəssümlər ölkəsi»

Tailanda Astrid Andersonun missioner xidmətində əməkdaşım təyin edilməsini Yehovadan bir hədiyyə kimi qəbul etdim. Tailanda çatmaq üçün yükdaşıyan gəmi ilə yeddi həftə getməli olduq. Onun paytaxtı Banqkokda düşəndə gördük ki, şəhərin bazarlarında insanlar qaynaşır və şəhəri, onun yolları kim xidmət edən kanallar bürüyürdü. 1952-ci ildə Tailandda 150-dən az təbliğçi vardı.

Tai dilində ilk dəfə «Gözətçi Qülləsi» görəndə biz fikirləşdik: «Görəsən, nə vaxtsa bu dildə danışa biləcəyikmi?» Xüsusilə də sözləri düz tonda tələffüz etmək çətin idi. Məsələn, «xaoú» sözü yüksək tonda başlayıb alçaq tonda qurtaranda «düyü», lakin eyni söz bütünlüklə alçaq tonda tələffüz olunduqda «xəbər» mənasını verir. İnsanlara o qədər səylə təbliğ edirdik ki, başlanğıcda səhv tələffüzümüzə fikir vermədən «biz sizə xoş xəbər gətirmişik» demək əvəzinə, «xoş düyü gətirmişik» deyirdik! Amma yavaş-yavaş və başımıza bir çox gülməli əhvalatlar gələndən sonra biz bu dili öyrənməyə müvəffəq olduq.

Tai xalqı çox mehribandır. Buna görə Tailand Təbəssümlər ölkəsi adlanır. Bizim ilk təyinatımız iki il xidmət etdiyimiz Korat (indi Nakhonratçasima adlanır) şəhəri oldu. Sonra Çianqmay şəhərinə təyin olunduq. Tailərin əksəriyyəti buddistdir və Müqəddəs Kitabla tanış deyil. Koratda mən poçtun müdiri ilə öyrənirdim. Biz qəbilə başçısı İbrahim (tai dilində Abraham) haqda danışırdıq. Kişi onun adını eşitdikcə başını yırğalayırdı. Tezliklə anladım ki, sən demə, o, fikrində tamamilə başqa adamı canlandırırmış. Poçt müdiri qəbilə başçısı İbrahimi Birləşmiş Ştatların keçmiş prezidenti Avraam Linkolnla səhv salmışdı!

Biz səmimi tailərə Müqəddəs Kitabı məmnuniyyətlə öyrədirdik, onlar da öz növbəsində bizə sadə həyat sürərək necə xoşbəxt olmağı öyrədirdilər. Öyrəndiklərimiz çox dəyərli idi, çünki Koratdakı birinci missioner evində işıq və su yox idi. Bu təyinatda «firavan yaşamaq və ehtiyac duymaq sirrini» öyrəndik. Həvari Pavelin: «Məni möhkəmləndirən... vasitəsilə hər şeyi etməyə qadirəm» sözlərinin nə demək olduğunu öz üzərimizdə hiss etdik (Filip. 4:12, 13).

Yeni əməkdaş və yeni təyinat

1945-ci ildə Londona getmişdim. Orada olarkən bəzi pionerlərlə və Bet-Eldə xidmət edənlərlə birlikdə Britaniya muzeyinə getmişdik. Onlardan biri bundan qısa vaxt sonra Gilead Məktəbinin 11-ci sinfində oxuyan Alan Kovill idi. O, əvvəlcə Fransaya, sonra isə Belçikaya təyinat almışdıb. Mən Tailandda missioner kimi xidmət edəndə Alan mənə ona ərə getməyi təklif etdi, mən də bu təklifi qəbul etdim.

1955-ci il iyulun 9-da Belçikanın paytaxtı Brüsseldə evləndik. Mən bal ayımı Parisdə keçirmək arzusunda olmuşdum, buna görə də Alan işləri elə təşkil etdi ki, növbəti həftə orada keçirilən konqresdə iştirak etdik. Parisə çatar-çatmaz Alandan bütün konqresi tərcümə etməyi xahiş etdilər. O, hər gün səhər tezdən qalxıb gedirdi və qaldığımız yerə axşam çox gec qayıdırdıq. Bal ayım Parisdə keçsə də, Alanı çox vaxt uzaqdan — səhnədə görürdüm! Buna baxmayaraq, ərimin öz bacı-qardaşlarına xidmət etməsinə çox şad idim və şübhə etmirdim ki, əgər Yehova nikahımızda əsas yer tutarsa, həqiqətən də xoşbəxt olacağıq.

Ərə gedəndən sonra yeni təyinatım Belçika oldu. Belçika haqqında yalnız onu bilirdim ki, o, bir neçə müharibənin döyüş meydanı olmuşdu, lakin tezliklə belçikalıların əksəriyyətinin sülhsevər insanlar olduğunu da öyrəndim. Mən həm də fransız dilini öyrənməli oldum, çünki bu, ölkənin cənubunda yaşayan insanların doğma dili idi.

1955-ci ildə Belçikada təxminən 4 500 təbliğçi vardı. Alanla mən həm Bet-Eldə, həm də səyyar xidmətində təxminən 50 il çalışmışıq. Xidmətə yeni başlayanda biz iki il yarım həm yağışlı, həm də günəşli havada velosipedlə təpələri aşmalı olmuşuq. Bu illər ərzində 2 000-dən çox həmimanlımızın evində gecələmişik! Mən, zəif sağlamlıqlarına baxmayaraq, var-qüvvələri ilə Yehovaya xidmət edən bacı-qardaşlara tez-tez rast gəlirdim. Onların nümunəsi məni xidməti davam etdirməyə təşviq edirdi. Hər həftənin axırında yığıncağa baş çəkməmiz sona çatanda özümüzü ruhlanmış hiss edirdik (Rom. 1:11, 12). Alan əsl dost idi. Vaiz 4:9, 10 ayələrində yazılan sözlər necə də doğrudur: «İki adam bir adamdan yaxşıdır... Əgər biri yıxılsa, o biri yoldaşını qaldırar»!

Həyatım boyu Yehovanı qalam sanmağımın gətirdiyi xeyir-dualar

İllər ərzində Alan və mən başqalarına Yehovaya xidmət etməyə kömək etməkdə çoxlu sevindirici anlar yaşamışıq. Məsələn, 1983-cü ildə Antverpenin fransız yığıncağına baş çəkirdik və qaldığımız ailə Zairdən (indi Konqo Demokratik Respublikası) olan Bencamin Bandivilanı da qonaq etmişdi. Bu gənc qardaş Belçikaya ali təhsil almağa gəlmişdi. O bizə demişdi: «Siz həyatınızı tamamilə Yehovaya xidmətə həsr etmisiniz, sizə həsəd aparıram». Alan cavab verdi: «Bizə həsəd apardığını deyirsən, amma bu dünyada karyera dalınca qaçırsan. Sənə elə gəlmirmi ki, sözlərində ziddiyyət var?» Bu açıq söhbətdən sonra Bencamin həyatı haqda düşünməyə başladı. Zairə qayıdanda o, pioner xidmətinə başladı, hal-hazırda filial komitəsinin üzvüdür.

Mən 1999-cu ildə qida borusunun xorasından cərrahiyyə əməliyyatı olundum. O vaxtdan bəri çəkim 30 kiloqramdır. Mən sözün əsl mənasında ‘saxsı qab’ kimiyəm. Mənə ‘ən üstün qüdrəti’ verdiyi üçün Yehovaya çox minnətdaram. Əməliyyatdan sonra Yehova mənə yenə də Alanı səyyar xidmətdə müşayiət etməyə imkan verdi (2 Kor. 4:7). O, 2004-cü ilin martında öldü — yatdı və bir daha ayılmadı. Alan üçün çox darıxsam da, Yehovanın yaddaşında olduğunu bilmək mənə təsəlli verir.

Bu gün mənim 83 yaşım var və geri dönüb tammüddətli xidmətdə keçirdiyim 63 ili yada salıram. Xidmətdə hələ də fəalam, Müqəddəs Kitab öyrənməsi keçirirəm və Yehovanın gözəl niyyəti haqqında danışmaq üçün hər gün imkanlar axtarıram. Bəzən özümdən soruşuram: «Əgər 1945-ci ildə pioner xidmətinə başlamasaydım, indi həyatım necə olardı?» Zəif səhhətim bunu etməmək üçün tutarlı səbəb kimi görünürdü. Lakin mən necə də xoşbəxtəm ki, cavan vaxtımdan pioner xidmətinə başlamışam! Mən öz üzərimdə görmüşəm ki, əgər Yehovanı birinci yerə qoyuruqsa, O bizim qalamız olacaq.

[Haşiyələr]

a «Xilas» kitabı 1939-cu ildə nəşr olunub və artıq çap edilmir.

b Kovill qardaşın bioqrafiyasını «Gözətçi Qülləsi»nin 1961-ci il 15 mart sayında oxumaq olar (ing.).

[18-ci səhifədəki şəkil]

Missioner xidmətimdəki əməkdaşım Astrid Anderson (sağ tərəfdə)

[18-ci səhifədəki şəkil]

Ərimlə səyyar xidmətdə, 1956-cı il

[20-ci səhifədəki şəkil]

2000-ci il, Alan və mən

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş