Uşağınız necə cavab verəcək?
ƏZİZ VALİDEYNLƏR, «Gözətçi Qülləsi»nin 2010-cu il 15 yanvar sayının 16—20-dək səhifələrində biz sizə uşaqlarınızla praktiki məşğələlər keçirməyi tövsiyə etmişdik. Bu məqalədə isə uşaqlarınızın məktəbdə qarşılaşdığı çətinliklərin öhdəsindən necə gəlməyə dair məsləhətlər var. Onlardan istifadə edərək ailəvi ibadət zamanı uşaqlarınızla praktiki məşğələlər keçirə bilərsiniz.
YEHOVANIN gənc xidmətçiləri çoxlu çətinliklərlə qarşılaşırlar. Sinif yoldaşları gənc məsihçilərdən tez-tez soruşurlar ki, nəyə görə onlar himn oxumurlar, ad günlərində və müxtəlif bayramlarda iştirak etmirlər. Əgər sizin oğlunuza və ya qızınıza belə suallar versələr, o, necə cavab verəcək?
Bəzi gənc məsihçilər sadəcə: «Mən bunu edə bilmərəm. Bu, mənim dinimə ziddir», — deyə vəziyyətdən çıxırlar. Bu uşaqlar qəti mövqe tutduqlarına görə tərifə layiqdirlər. Onların verdiyi bu cavab sorğu-suala son qoya bilər. Lakin Müqəddəs Kitab bizi ‘izahat tələb edən hər kəsin qarşısında [imanımızı] müdafiə etməyə həmişə hazır olmağa’ təşviq edir (1 Pet. 3:15). Bu məsləhətə uyğun davranmaq sadəcə «mən bunun edə bilmərəm» demək deyil. Başqaları bizim verdiyimiz izahatla razılaşmasalar da, ola bilsin, qərarımızın səbəblərini bilmək onlar üçün maraqlı olacaq.
Məktəbdə oxuyan məsihçilər «Böyük Müəllimdən öyrən» kimi nəşrlərdən istifadə edərək sinif yoldaşlarına Müqəddəs Kitab hekayələri danışırlar. Bu hekayələr onlara gənc Şahidlərin nəyə görə müəyyən şeyləri edib-etmədiklərini başa düşməyə kömək edə bilər. Bəzi şagirdlər Müqəddəs Kitab hekayələrinə çox diqqətlə qulaq asmışlar, bunun sayəsində də çoxsaylı Müqəddəs Kitab öyrənmələri başlanmışdı. Digər şagirdlərə Müqəddəs Kitab hekayələrinə əvvəldən axıra kimi qulaq asmaq və ya tam izahat verilmədən bəzi hekayələri başa düşmək çətin ola bilər. Rəfiqəsi 11 yaşlı Minhini öz ad gününə dəvət edəndə o, belə cavab verdi: «Müqəddəs Kitabda bizim ad günlərini qeyd etməli olduğumuz deyilmir. Orada xatırlanan Vəftizçi Yəhya bir ad günündə edam edilmişdi». Minhi xatırlayır ki, rəfiqəsi onun dediklərindən heç nə başa düşmədi.
Bəzi hallarda isə şagirdlərə kitablarımızdakı şəkilləri və ya hekayələri göstərməyin köməyi dəyə bilər. Bəs əgər məktəbin müdiriyyəti şagirdlərə nəşrlərimizi göstərməyə icazə vermirsə, onda necə? Əllərində heç bir ədəbiyyat olmasa belə, uşaqlarımız gözəl şahidlik verə bilərlərmi? Siz valideynlər övladlarınıza imanlarını müdafiə etməyi necə öyrədə bilərsiniz?
Praktiki məşğələlər keçirin
Evdə praktiki məşğələlər keçirməyin faydası çoxdur. Valideynlər uşağın sinif yoldaşları rolunda çıxış edə bilərlər. Uşaqlar öz imanlarını müdafiə edəndə valideynlər onları tərifləməlidirlər, həmçinin onlara cavablarını necə yaxşılaşdıra biləcəklərini və bunun nəyə görə vacib olduğunu göstərməlidirlər. Misal üçün, təklif etmək olar ki, uşaqlar həmyaşıdları ilə öz imanlarını bölüşərkən onların başa düşdükləri sözlərdən istifadə etsinlər. Doqquzyaşlı Coşua deyir ki, sinif yoldaşları «vicdan» və «sadiqlik» sözlərinin mənasını başa düşmürlər. Buna görə də onlarla söhbət edərkən o, sadə sözlərdən istifadə edir (1 Kor. 14:9).
Əgər məktəblilərin verdiyi suallara uzun-uzadı cavablar verilsə, maraqları tez itə bilər. Onları söhbətə cəlb etməklə və onlarla mülahizə yürütməklə gənc Şahidlər bunun qarşısını ala bilərlər. Hanyul adlı onyaşlı bacımız deyir: «Mənim sinif yoldaşlarım uzun-uzadı izahatları dinləməyi yox, söhbət etməyi xoşlayırlar». Söhbətin yaxşı alınması üçün suallar ver və sinif yoldaşların öz fikrini söyləyəndə diqqətlə dinlə.
Çərçivədə gətirilən üç dialoq məsihçi uşaqlara sinif yoldaşları ilə düzgün şəkildə mülahizə yürütməyi öyrənməyə kömək edəcək. Bu dialoqları əzbərləmək lazım deyil, çünki bir-birinə oxşayan iki uşaq yoxdur və müxtəlif şəraitlər müxtəlif cavablar tələb edir. Buna görə də uşaq həmin dialoqları başa düşməli və onları öz sözləri ilə deməyə çalışmalıdır. Sonra şəraiti və sinif yoldaşlarının vəziyyətini nəzərə alaraq öz fikrini müvafiq tərzdə ifadə etməlidir. Əgər sizin məktəbə gedən uşaqlarınız varsa, bu dialoqları onlarla birgə məşq etmək pis olmazdı.
Uşaqları öyrətmək vaxt və səy tələb edir. Məsihçi valideynlər Müqəddəs Kitab prinsiplərini öz övladlarına aşılamaq və onları bu prinsiplərə əsasən yaşamağın nə dərəcədə vacib olduğuna inandırmaq istəyirlər (Qanun. t. 6:7; 2 Tim. 3:14).
Növbəti ailəvi ibadət axşamında bu dialoqları uşaqlarınızla birgə məşq edin. Siz onların nə qədər faydalı olduğunu görəcəksiniz. Unutmayın, məqsəd cavabları və ya sözləri əzbərləmək deyil. Siz hətta bu vəziyyətləri bir neçə dəfə məşq edə bilərsiniz: hər dəfə uşaqlarınıza müxtəlif suallar verərkən onların vəziyyətdən necə çıxdığına diqqət yetirin. İmanlarını izah edərkən onlara müdrik və nəzakətli olmağı öyrədin. Sizin göstərdiyiniz kömək sayəsində bir müddətdən sonra övladlarınız sinif yoldaşları, qonşular və müəllimlər qarşısında öz imanlarını müdafiə etməyi öyrənəcəklər.
[4-cü və 5-ci səhifələrdəki çərçivə/şəkillər]
AD GÜNLƏRİ
Səbinə: Kamran, salam. Səni öz ad günümə dəvət etmək istəyirəm.
Kamran: Dəvətinə görə çox sağ ol. Amma səndən bir söz soruşmaq istəyirəm, nəyə görə ad gününü qeyd edirsən?
Səbinə: Necə bəyəm? Məgər sən öz ad gününü qeyd etmirsən?
Kamran: Yox, qeyd etmirəm.
Səbinə: Niyə? Məsələn, mən anadan olanda valideynlərim çox sevinirdi.
Kamran: Mənim də valideynlərim sevinirdi. Amma məncə, bu səbəbə görə hər il ad gününü qeyd etməyə dəyməz. Ad günlərində çoxları fikirləşirlər ki, onlar ən vacib insandırlar. Məgər ən vacib Şəxs Allah deyil? Bizə həyat verdiyi üçün Ona minnətdar olmalı deyilik?
Səbinə: Demək istəyirsən, mən öz ad günümü qeyd etməməliyəm?
Kamran: Yox, mən bunu demək istəmirəm. Bu, sənin öz işindir. Amma özün fikirləş: bir çox insanlar ad günlərində hədiyyələr almağı xoşlayırlar. Lakin Müqəddəs Kitabda deyilir ki, vermək almaqdan daha çox xoşbəxtlik gətirir. Ad günümüzdə bütün diqqəti özümüzə cəmləyirik. Məgər Allaha minnətdarlığımızı bildirmək, başqaları barədə fikirləşmək və onlara xeyirxahlıq etmək daha yaxşı olmazdı?
Səbinə: Bu heç mənim ağlıma gəlməyib. Belə çıxır ki, valideynlərin sənə hədiyyə vermirlər?
Kamran: Əlbəttə, verirlər. Amma bunun üçün ad günümü gözləmirlər. Onlar istədikləri vaxt mənə hədiyyələr verirlər. Yeri gəlmişkən, Səbinə, ad günlərinin mənşəyini bilmək istəyərdin?
Səbinə: Olar.
Kamran: Yaxşı, onda sabah mən sənə keçmişdə qeyd olunan bir ad günü barədə maraqlı hadisə danışacağam.
DÖVLƏT HİMNİ
Nərmin: Aysel, nəyə görə sən hamı kimi himn oxumursan?
Aysel: Sualına cavab verməzdən öncə, sənin fikrini öyrənmək istəyərdim, bəs sən nəyə görə himn oxuyursan?
Nərmin: Necə yəni?! Axı bu, dövlətin qaydasıdır. Hamı necə, mən də elə!
Aysel: Düzdür, biz dövlətin qayda-qanunlarına tabe olmalıyıq. Allahın Kəlamında da belə yazılıb. Lakin orada həmçinin deyilir ki, insan gərək ilk növbədə Allahın əmrlərinə tabe olsun.
Nərmin: Düz deyirsən. Amma bunun himn oxumaqla nə əlaqəsi var?
Aysel: Nərmin, himndə deyilir ki, biz vətənimiz uğrunda canımızdan keçməyə hazır olmalıyıq. Lakin həyatı bizə Allah verib, elə deyil? O, Öz Kəlamında deyir ki, müharibələri sevmir və millətlər arasında fərq qoymur: O istəyir ki, bütün xalqlar bir-birilə sülh içində yaşasın. Bəs sən dünyanın belə olmasını istəməzdin?
Nərmin: İstəyərdim. Məgər bu mümkündür?!
Aysel: Bəli, mümkündür. Əgər istəyirsənsə, növbəti tənəffüsdə bu haqda səninlə danışa bilərik.
Nərmin: Nə deyirəm ki.
SİYASİ NÖQTEYİ-NƏZƏR
Elvin: Fərid, əgər sənin səsvermədə iştirak etmək imkanın olsaydı, kimə səs verərdin?
Fərid: Heç kimə.
Elvin: Niyə?
Fərid: Çünki artıq mən öz səsimi vermişəm.
Elvin: Axı sənin səs verməyə yaşın çatmır?!
Fərid: Haqqında danışdığım səsvermədə bu yaşda da iştirak etmək olar. Və mən ən yaxşı hökumətə səs vermişəm.
Elvin: O, hansı hökumətdir belə?
Fərid: Allahın hökuməti, yəni Allahın Padşahlığı. Mənim fikrimcə, bu ən yaxşı hökumətdir. Bu hökumət haqda daha çox bilmək istəyərdin?
Elvin: Yox, bu, mənim üçün o qədər də maraqlı deyil.
Fərid: Yaxşı, amma nə vaxtsa bilmək istəsən, böyük məmnuniyyətlə bu haqda sənə danışaram.
[Şəkil]
«Kamran, salam. Səni öz ad günümə dəvət etmək istəyirəm»
[3-cü səhifədəki şəkil]
«Nəyə görə sən himn oxumursan?»