Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w11 15/2 s. 28—32
  • Qanunsuzluğa nifrət edirsənmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qanunsuzluğa nifrət edirsənmi?
  • Gözətçi qülləsi 2011
  • Başlıqlar
  • Oxşar material
  • İçkinin qulu olma
  • Sehirbazlıqdan uzaq dur!
  • İsanın əxlaqsızlığa dair xəbərdarlığı
  • Qanunsuzluğu sevənlərə İsa kimi bax
  • «Şərə nifrət edin!»
  • Qanunsuzluq baş alıb gedir. Müqəddəs Kitabda bu barədə nə deyilir?
    Əlavə mövzular
  • Salehliyi sevin, qanunsuzluğa nifrət edin
    Məsihi həyatı və ibadəti iş dəftəri 2019
  • Şeytanın tələsinə qarşı etibarlı müdafiə
    Gözətçi qülləsi 2019
  • Məsihin nümunəsinə riayət edin
    Gözətçi qülləsi 2005
Əlavə
Gözətçi qülləsi 2011
w11 15/2 s. 28—32

Qanunsuzluğa nifrət edirsənmi?

«Sən [İsa]... pisliyə nifrət etdin» (İBR. 1:9).

1. İsa məhəbbət barədə nə öyrədirdi?

MƏHƏBBƏTİN vacibliyini vurğulayaraq İsa Məsih şagirdlərinə demişdi: «Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin. Mən sizi sevdiyim kimi, siz də bir-birinizi sevin. Aranızda məhəbbət olsa, hamı biləcək ki, siz mənim şagirdimsiniz» (Yəh. 13:34, 35). İsa davamçılarına bir-birlərini fədakarcasına sevməyi əmr etmişdi. Bu cür məhəbbət onların səciyyəvi xüsusiyyəti olacaqdı. İsa həmçinin: «Düşmənlərinizi həmişə sevin və sizi təqib edənlər üçün həmişə dua edin», — deyə onları səsləyirdi (Mat. 5:44).

2. Məsihin davamçıları nəyə nifrət etməyi öyrənməlidirlər?

2 Şagirdlərinə məhəbbət haqda öyrətməklə yanaşı, İsa onlara nələrə nifrət etməli olduqlarını da öyrətmişdi. İsa haqda qabaqcadan deyilmişdi: «Sən salehliyi sevdin, pisliyə [qanunsuzluğa] nifrət etdin» (İbr. 1:9; Məz. 45:7). Bu sözlər göstərir ki, salehliyi sevmək azdır, gərək günaha, yəni qanunsuzluğa nifrət etməyi də öyrənək. Həvari Yəhyanın bununla əlaqədar dediyi sözlər xüsusilə diqqətəlayiqdir: «Günah işləyən adam qanunsuzluq edir, ona görə ki, günah qanunsuzluqdur» (1 Yəh. 3:4).

3. Biz nəyə nifrət etməliyik və bu məqalədə hansı dörd sahə müzakirə olunacaq?

3 Yaxşı olardı ki, bir məsihçi kimi, özümüzdən soruşaq: «Mən qanunsuzluğa nifrət edirəmmi?» Gəlin həyatımızın dörd sahəsinə — 1) spirtli içkilərdən sui-istifadə etməyə, 2) sehirbazlıq və cadugərliyə, 3) əxlaqsızlığa və 4) qanunsuzluğu sevənlərə münasibətimizə nəzər salaq və baxaq, bu sahələrdə pisliyə nifrət etdiyimizi necə göstərə bilərik.

İçkinin qulu olma

4. Nəyə görə İsa spirtli içkilərdən sui-istifadə edənlərə alnıaçıqlıqla məsləhət verə bilirdi?

4 İsa şərabın Allahın ənamlarından biri olduğunu qəbul edirdi və özü də hərdən şərab içirdi (Məz. 104:14, 15). Lakin o, bir dəfə də olsun bu məsələdə həddini aşaraq Allahın ənamından sui-istifadə etmədi (Sül. məs. 23:29—33). Buna görə də o, alnıaçıqlıqla spirtli içkilərlə bağlı məsləhətlər verə bilirdi. (Luka 21:34 ayəsini oxu.) Spirtli içkilərdən sui-istifadə edən kəs digər ciddi günahlara yol verə bilər. Həvari Pavel də bu haqda yazırdı: «Habelə şərabdan sərxoş olanacan içməyin, çünki bu əyyaşlığa gətirib çıxarır, əksinə, müqəddəs ruhla dolun» (Efes. 5:18). O həmçinin yığıncaqdakı yaşlı qadınlara «şərab düşkünü» olmamağı nəsihət edirdi (Tit. 2:3).

5. İçki içmək istəyən kəs özünə hansı sualları verməlidir?

5 Əgər sən içki içmək qərarına gəlmisənsə, özündən soruş: «Sərxoşluğa İsa kimi yanaşırammı? Əgər kiməsə bununla bağlı məsləhət vermək lazım gələrsə, bunu təmiz vicdanla edə biləcəyəm? Mən problemlərdən və stressdən yaxa qurtarmaq üçünmü içirəm? Hər həftə nə qədər içki içirəm? Kimsə mənə çox içdiyimə eyham vuranda buna necə reaksiya göstərirəm: dərhal özümə haqq qazandırır, yaxud da inciyirəmmi?» İçkinin qulu olmaq bizim düşünmək və müdrik qərarlar qəbul etmək bacarığımıza mənfi təsir göstərir. Məsihin davamçıları düşünmə qabiliyyətlərini qorumaq istəyirlər (Sül. məs. 3:21, 22).

Sehirbazlıqdan uzaq dur!

6, 7. a) İsanın Şeytana və cinlərə münasibəti necə idi? b) Nəyə görə sehirbazlıq çox geniş yayılıb?

6 Yer üzündə olduğu müddətdə İsa Şeytana və onun cinlərinə güclü müqavimət göstərirdi. Şeytan İsanı nöqsansızlıq yolundan döndərmək istəyəndə İsa onun arzusunu ürəyində qoydu (Luka 4:1—13). İsa həmçinin onun düşüncəsinə və hərəkətlərinə təsir edə biləcək hiyləgər, məkrli fəndləri sezir və onları dəf edirdi (Mat. 16:21—23). Yer üzündə olduğu müddətdə o, layiq olanlara cinlərin zülm və əsarətindən azad olmağa kömək edirdi (Mark 5:2, 8, 12—15; 9:20, 25—27).

7 İsa 1914-cü ildə Padşahlıq taxtına çıxanda göyləri Şeytanın və onun cin mələklərinin pis təsirindən azad etdi. Yer üzünə atılan Şeytan «bütün dünyanı» aldatmaq niyyətində həmişəkindən daha çox qərarlıdır (Vəhy 12:9, 10). Buna görə də sehirbazlığın bu qədər cazibədar olması və getdikcə daha çox yayılması bizi təəccübləndirmir. Bəs biz özümüzü bu tələdən necə qoruya bilərik?

8. Əyləncə seçimi ilə əlaqədar özümüzə hansı sualları verməliyik?

8 Müqəddəs Kitab açıq-aydın spiritizmlə əlaqənin təhlükəli olduğunu deyir. (Qanunun təkrarı 18:10—12 ayələrini oxu.) Bu gün Şeytan və onun cinləri sehirbazlığın və cadugərliyin daha geniş yayılmasına xidmət edən filmlər, kitablar və elektron oyunlar vasitəsilə insanların düşüncə tərzinə təsir göstərirlər. Buna görə də əyləncə seçərkən mütləq özümüzdən soruşmalıyıq: «Son bir neçə ay ərzində sehirbazlığın yer aldığı filmlərə, verilişlərə baxmışam, elektron oyunları oynamışam, kitab və ya komikslər oxumuşam? Sehirbazlıqdan uzaq durmağın vacib olduğunu dərk edirəm, yoxsa bu təhlükəyə məhəl qoymuram? Əyləncə seçərkən onun Yehovaya necə təsir edəcəyi barədə düşünürəmmi? Əgər Şeytanın mənə təsir etməsi üçün “qapını” açıq saxlamışamsa, Yehovaya və Onun saleh prinsiplərinə olan məhəbbət məni qətiyyətli addım atıb bu “qapını” bağlamağa təşviq edəcəkmi?» (Həv. iş. 19:19, 20).

İsanın əxlaqsızlığa dair xəbərdarlığı

9. İnsan öz ürəyində qanunsuzluğa məhəbbəti necə yetişdirir?

9 İsa Yehovanın qoyduğu cinsi əxlaq normalarını dəstəkləyirdi. O demişdi: «Məgər oxumamısınız ki, Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb və belə deyib: “Buna görə də insan öz ata-anasından ayrılıb arvadına bağlanacaq və ikisi bir bədən olacaq”? Beləliklə, onlar artıq iki yox, bir bədəndir. Buna görə də Allahın bir boyunduruqda birləşdirdiyini qoy heç kəs ayırmasın» (Mat. 19:4—6). İsa yaxşı bilirdi ki, gözün gördükləri ürəyə təsir edir. Buna görə də Dağüstü təbliğində dedi: «“Zina etmə”, — deyildiyini eşitmisiniz. Mən isə sizə deyirəm: qadına baxıb ona qarşı şəhvətlə alovlanan hər bir adam artıq ürəyində onunla zina etmiş olur» (Mat. 5:27, 28). İsanın xəbərdarlığını qulaqardına vuranlar, əslində, ürəklərində qanunsuzluğa məhəbbət yetişdirirlər.

10. İnsanın pornoqrafiya əsarətindən azad ola biləcəyini göstərən hadisə danış.

10 Şeytan cinsi əxlaqsızlığı yaymaq üçün pornoqrafiyadan istifadə edir. Tezliklə məhv ediləcək bu köhnə dünyanı, sanki, pornoqrafiya «seli» basıb. Pornoqrafiyaya baxanlar ədəbsiz səhnələri beyinlərindən silməkdə çətinlik çəkirlər. Hətta onlarda pornoqrafiyaya aludəçilik yarana bilər. Gəlin bir qardaşın nümunəsinə baxaq. O deyir: «Mən gizlicə pornoqrafiyaya baxırdım. Xülyalarımda Yehovaya xidmət etdiyim dünya ilə əlaqəsi olmadığını düşündüyüm bir dünya qurmuşdum. Gördüyüm işin pis olduğunu bilə-bilə, özüm-özümə deyirdim ki, Allah hələ də xidmətimi qəbul edir». Necə oldu ki, bu qardaş öz düşüncə tərzini dəyişdi? O deyir: «Problemim barədə ağsaqqallarla söhbət etmək qərarına gəldim, halbuki bu, mənim həyatımda qəbul etdiyim ən çətin qərar idi». Gərgin mübarizədən sonra qardaş bu alçaldıcı vərdişə qalib gəldi. O etiraf edir: «Bu günahdan əl çəkəndən sonra hiss etdim ki, vicdanım, həqiqətən də, təmizdir». Qanunsuzluğa nifrət edənlər pornoqrafiyaya də nifrət etməyi öyrənməlidirlər.

11, 12. Mahnı seçimində qanunsuzluğa nifrət etdiyimizi necə göstərə bilərik?

11 Mahnılar və mahnıların sözləri emosiyalarımıza, yəni məcazi ürəyimizə güclü təsir göstərir. Ta qədimdən bu günə qədər həqiqi ibadətdə layiqli yer tutan musiqi Allahın bizə bəxş etdiyi gözəl ənamlarından biridir (Çıx. 15:20, 21; Efes. 5:19). Lakin Şeytanın pis dünyasının yaydığı musiqi əxlaqsızlığı tərənnüm edir (1 Yəh. 5:19). Qulaq asdığın mahnıların əxlaqını pozub-pozmadığını necə müəyyən edə bilərsən?

12 Özündən soruş: «Bu mahnılarda qətl, əxlaqsızlıq, zina və Allaha küfr tərənnüm edilirmi? Əgər həmin mahnıların sözlərini kiməsə oxusam, o insan mənim qanunsuzluğa nifrət etdiyimi, yoxsa ürəyimin pozulduğunu düşünəcək?» Qanunsuz əməllərin tərənnüm edildiyi mahnılara qulaq asdığımız bir halda, qanunsuzluğa nifrət etdiyimizi necə iddia edə bilərik?! İsa demişdi: «Ağızdan çıxan şeylər ürəkdən gəlir... Bunlar adamı murdar edir. Misal üçün, pis fikirlər, qətl, zina, cinsi əxlaqsızlıq, oğurluq, yalan şahidlik, küfr ürəkdən çıxır». (Mat. 15:18, 19; müqayisə et: Yaqub 3:10, 11.)

Qanunsuzluğu sevənlərə İsa kimi bax

13. İsanın pis yoldan əl çəkməyən insanlara qarşı münasibəti necə idi?

13 İsa günahkarları, yəni qanunsuzluq edənləri tövbəyə çağırmağa gəldiyini demişdi (Luka 5:30—32). Bəs pis yoldan əl çəkmək istəməyən insanlara onun münasibəti necə idi? İsa belə insanların təsiri altına düşməməyimiz üçün ciddi xəbərdarlıq etmişdi (Mat. 23:15, 23—26). O, açıq-aydın demişdi: «Mənə: “Ağam, Ağam”, — deyən hər kəs səmavi padşahlığa girməyəcək, yalnız göydəki Atamın iradəsini yerinə yetirən ora girəcək. O gün [Allahın hökm çıxaracağı gün] çoxları mənə deyəcək: “Ağa, Ağa, məgər biz sənin adınla peyğəmbərlik etmirdik? Məgər sənin adınla cinləri qovmurduq? Məgər sənin adınla çoxlu möcüzələr göstərmirdik?”» O zaman İsa tövbə etməyən günahkarlara deyəcək: «Rədd olun» (Mat. 7:21—23). Onlara qarşı nəyə görə belə hökm çıxarılacaq? Çünki belə insanlar Allahı rüsvay edir və qanunsuz əməlləri ilə digərlərinə zərər yetirirlər.

14. Nəyə görə tövbə etməyən günahkar yığıncaqdan kənar edilir?

14 Allahın Kəlamına əsasən, tövbə etməyən günahkar yığıncaqdan kənar edilməlidir. (1 Korinflilərə 5:9—13 ayələrini oxu.) Bu, ona görə vacibdir ki, 1) Yehovanın adına küfr edilməsin, 2) yığıncaqda pozğunluq yayılmasın və 3) mümkündürsə, günah etmiş insan tövbə etməyə təşviq olunsun.

15. Yehovaya sadiq qalmaq istəyiriksə, özümüzə hansı vacib sualları verməliyik?

15 Pis yoldan dönmək istəməyən insanlara İsa kimi baxırıqmı? Biz növbəti sualların üzərində düşünməliyik: «Məsihçi yığıncağından kənar edilən və ya Yehovanın Şahidi olmaqdan imtina edən insanla müntəzəm olaraq ünsiyyət edirəmmi? Əgər həmin adam artıq mənimlə bir evdə yaşamayan yaxın qohumumdursa, onda necə?» Bu kimi vəziyyətlərdə salehliyə məhəbbətin və Yehovaya sədaqətin sınana biləra.

16, 17. Bir bacı hansı çətinliklə üzləşdi və tövbə etməyən oğlu barədə çıxarılan qərarı dəstəkləməkdə ona nə kömək etdi?

16 Bir bacının nümunəsinə nəzər salaq. Onun həddi-büluğa çatmış oğlu vaxtilə Yehovanı sevirdi. Lakin sonradan o, qanunsuzluq etməyə başladı və tövbə etmədiyi üçün yığıncaqdan kənar edildi. Bacımız həm Yehovanı, həm də oğlunu çox sevirdi, buna görə də oğlu ilə ünsiyyəti kəsərək Müqəddəs Kitabın buna dair əmrini yerinə yetirmək onun üçün son dərəcədə ağır idi.

17 Sən bu bacıya nə məsləhət görərdin? Bir ağsaqqal Yehovanın onun hisslərini yaxşı başa düşdüyünü dedi. Ağsaqqal onu Yehovanın bəzi ruhani oğullarının üsyan qaldırdığı zaman keçirdiyi hisslər üzərində düşünməyə təşviq etdi. O qeyd etdi ki, Yehova bu vəziyyətin nə dərəcədə ağır olduğunu bilsə də, tövbə etməyən günahkarı yığıncaqdan kənar etməyi tələb edir. Bacı qardaşın məsləhətinə əməl etdi və oğlu barədə çıxarılan qərarı dəstəklədib. Bu cür sadiqlik Yehovanın qəlbini sevindirir (Sül. məs. 27:11).

18, 19. a) Qanunsuzluq edənlərlə əlaqələrini kəsən insanlar nəyə nifrət etdiklərini göstərirlər? b) Yehovaya və Onun qanunlarına sadiq qalmağımız hansı bəhrələri gətirə bilər?

18 Əgər sən də bu kimi vəziyyətlərlə üzləşmisənsə, əmin ol ki, Yehova dərdinə şərikdir. Yığıncaqdan kənar edilən və ya Yehovanın Şahidi olmaqdan imtina edən kəslə əlaqəni kəsməklə sən göstərirsən ki, bu cür nəticəyə səbəb olan əhval-ruhiyyəyə və əməllərə nifrət edirsən. Bununla yanaşı, sən göstərirsən ki, günah işlədən kəs sənin üçün əzizdir və sən onun yaxşılığını istəyirsən. Yehovaya sadiq qalmağın cəzalandırılan kəsin tövbə edib yığıncağa qayıtmaq ehtimalını artıra bilər.

19 Əvvəllər yığıncaqdan kənar edilən və sonradan bərpa olunan bir nəfər deyir: «Mən çox şadam ki, Yehova təşkilatına olan məhəbbətindən irəli gələrək onu təmiz saxlayır. Kənardan bəzilərinə sərt görünən bu tədbir böyük əhəmiyyət kəsb edir və əslində, məhəbbətin təzahürüdür». Necə düşünürsən, əgər yığıncaqdakı bacı-qardaşlar və onun həqiqətdə olan ailə üzvləri onunla müntəzəm olaraq əlaqə saxlasaydılar, o, bu nəticəyə gələrdi? Əgər biz yığıncaqdan kənar edilənlərlə əlaqədar Müqəddəs Kitabda verilən göstərişlərə əməl ediriksə, deməli, biz salehliyi sevir və Yehovanın davranış normaları təsis etmək hüququnun olduğunu qəbul edirik.

«Şərə nifrət edin!»

20, 21. Nəyə görə qanunsuzluğa nifrət etməyi öyrənmək vacibdir?

20 Həvari Peter yazmışdır: «Ayıq-sayıq olun, oyaq durun». Nəyə görə? Çünki düşmənimiz olan «İblis nərildəyən şir kimi gəzib udmağa adam axtarır» (1 Pet. 5:8). O «adam» sən də ola bilərsən. Çox şey qanunsuzluğa nə dərəcədə nifrət etməyi öyrəndiyindən asılıdır.

21 Etiraf etmək lazımdır ki, bu, asan deyil. Biz günahlı doğulmuşuq və cismani arzularımızı təmin etməyə təşviq edən dünyada yaşayırıq (1 Yəh. 2:15—17). Amma İsa Məsihi təqlid etsək və Yehova Allahı ürəkdən sevsək, qanunsuzluğa nifrət etməyi öyrənəcəyik. Buna görə də gəlin ‘şərə nifrət edək’ və heç vaxt şübhə etməyək ki, Yehova ‘möminlərin canını qorumağa, onları pislərin əlindən qurtarmağa’ qadirdir (Məz. 97:10).

[Haşiyələr]

a Bu mövzu «Özünüzü Allahın məhəbbətində saxlayın» kitabının 207—209-cu səhifələrində və 1982-ci il 1 mart sayının 18—23 səhifələrində (rus.) müzakirə olunur.

b Həmçinin «Gözətçi Qülləsi»nin 2007-ci il 15 yanvar sayının 17—20-ci səhifələrinə (rus.) baxın.

Necə cavab verərdiniz?

• Spirtli içkilərə dair münasibətimizi müəyyən etməyə nə kömək edəcək?

• Özümüzü sehirbazlıqdan qorumaq üçün hansı tədbirləri görməliyik?

• Pornoqrafiyaya baxmaq nəyə görə təhlükəlidir?

• Bizə əziz olan adam yığıncaqdan kənar edilibsə, qanunsuzluğa nifrət etdiyimiz nədən görünəcək?

[29-cu səhifədəki şəkil]

Spirtli içki içmək istəyirsənsə, özünə hansı sualları verməlisən?

[30-cu səhifədəki şəkil]

Şeytanın əyləncələr vasitəsilə göstərdiyi təsiri heç vaxt unutma

[31-ci səhifədəki şəkil]

Pornoqrafiyaya baxan insan ürəyində nəyə qarşı məhəbbət inkişaf etdirir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş