Oxucuların sualları
İbranicə Müqəddəs Yazılarda Məsih haqqındakı peyğəmbərliklərin dəqiq sayını müəyyən etmək mümkündürmü?
İbranicə Müqəddəs Yazıları diqqətlə araşdıranda İsa Məsihin üzərində çoxlu peyğəmbərliklərin yerinə yetdiyini görürük. Həmin peyğəmbərliklərdə onun haradan gəldiyi, peyda olacağı vaxt, əməlləri, insanların onunla necə rəftar edəcəyi, eləcə də Yehova Allahın niyyətindəki rolu ilə əlaqədar təfsilatlar açıqlanıb. Bu peyğəmbərliklər İsanın Məsih olduğuna əmin olmağa kömək edən ümumi təsəvvür yaradır. Lakin əgər biz İbranicə Müqəddəs Yazılarda Məsih haqqındakı peyğəmbərliklərin dəqiq sayını müəyyən etməyə çalışırıqsa, ehtiyatlı olmalıyıq.
Nəyin Məsih haqqında peyğəmbərlik olub-olmadığına dair ümumi bir fikir yoxdur. Müqəddəs Kitab tarixçisi və alim Alfred Edershaym «İsa Məsihin həyatı və yaşadığı dövr» kitabında yazır ki, qədim ravvin yazılarında İbranicə Müqəddəs Yazıların 456 parçası Məsih haqqında peyğəmbərlik kimi təsnif edilirdi, halbuki həmin hissələrin çoxunda Məsihə birbaşa istinad yoxdur («The Life and Times of Jesus the Messiah»). Bu 456 parçaya diqqətlə nəzər salanda onlardan bəzilərinin İsa Məsih haqda peyğəmbərlik olduğuna şübhə yaranır. Nümunə üçün: Edershaymın kitabında qeyd olunur ki, yəhudilər Yaradılış 8:11 ayəsini o qəbildən olan peyğəmbərliklərə aid edirdilər. Onlar «göyərçinin ağzında gətirdiyi təzə zeytun yarpağının Məsih dağından qoparıldığını» düşünürdülər. Müəllif həmçinin Çıxış 12:42 ayəsinə istinad edərək yəhudilərin bu ayəni səhv başa düşdüklərini izah edir. Onların fikrincə, «Musa səhradan çıxdığı kimi, Məsih də Romadan çıxacaq»dı. Bir çox alimlər, eləcə də başqa adamlar bu ayələri və onlara verilən yanlış izahatları İsa Məsihə aid etməkdə çətinlik çəkirlər.
Yalnız Məsih üzərində yerinə yetdiyini dəqiq bildiyimiz peyğəmbərlikləri götürsək belə, yenə də onların dəqiq sayını müəyyən edə bilməyəcəyik. Misal üçün, Məsih haqqında bir neçə təfsilatların peyğəmbərlik edildiyi «Yeşaya» kitabının 53-cü fəslinə diqqət yetirək. Yeşaya 53:2—7 ayələrində oxuyuruq: «Baxanda onun nə görkəmi, nə gözəlliyi var idi... Adamlar ona həqarətlə baxıb rədd etdi... Xəstəliklərimizi o çəkdi... Bizim üsyankarlığımıza görə onun bədəni deşildi... Kəsilməyə aparılan quzu kimi... ağzını açmadı». Ortaya sual çıxır: «“Yeşaya” kitabının 53-cü fəsli bir peyğəmbərlik, yoxsa ayrı-ayrı peyğəmbərliklər sayılmalıdır?»
Yeşaya 11:1 ayəsinə də diqqət yetirək: «Yesseyin kötüyündən yeni bir fidan çıxacaq, kökündən çıxan bir budaq bar verəcək». Onuncu ayədə bu peyğəmbərlik oxşar sözlərlə təkrarlanır. Biz bu ayələri iki, yoxsa sadəcə təkrarlanan bir peyğəmbərlik hesab etməliyik? Sözsüz ki, 53-cü və 11-ci fəsillərə dair çıxarılan nəticə Məsih haqda peyğəmbərliklərin ümumi sayına təsir göstərəcək.
Xülasə. Yaxşı olardı ki, İbranicə Müqəddəs Yazılarda Məsih haqda peyğəmbərliklərin dəqiq sayının nə qədər olduğunu deməkdən çəkinək. Yehovanın təşkilatı İsa haqda olan və onun üzərində yerinə yetən bir çox peyğəmbərliklərin siyahılarını dərc ediba. Həmin siyahıların şəxsi və ailəvi öyrənmədə, eləcə də xidmətdə böyük köməyi dəyə bilər; onlar imanımızı möhkəmləndirə bilər. Üstəlik, bu peyğəmbərliklər, sayından asılı olmayaraq, İsanın, həqiqətən də, Məsih olduğuna dair təkzibedilməz sübutlar təqdim edir.
[Haşiyə]
a «Müqəddəs Yazıların dərk edilməsi» I cild, səhifə 1223; II cild, səhifə 387 (ing.); «Hər Müqəddəs Yazı Allahdan ilham almış və faydalıdır», səhifə 374 və 375 (rus.); «Müqəddəs Kitab əslində nə öyrədir?», səhifə 200.