Məsih — Allahın xilas vasitəsi
«Necə ki, Adəmdə hamı ölür, Məsihdə də hamı həyata qovuşur» (1 KOR. 15:22).
1, 2. a) Andrey və Filip İsanı görəndə nə etdilər? b) Nəyə görə deyə bilərik ki, birinci əsrdəki məsihçilərdən fərqli olaraq, bizim əlimizdə İsanın Məsih olduğuna dair sübutlar daha çoxdur?
NAZARETLİ İsanın Allahın Məsihi olduğuna əmin olan Andrey qardaşı Peterə dedi: «Biz Məsihi tapdıq». Filip də buna əmin olduğu üçün dostu Nataneli tapıb dedi: «Biz Musanın Müqəddəs Qanunda haqqında yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Yusif oğlu Nazaretli İsanı tapdıq» (Yəh. 1:40, 41, 45).
2 Sən də İsanın vəd olunmuş Məsih, Yehovanın ‘qurtuluş Rəisi’ olduğuna tam əminsənmi? (İbr. 2:10). Birinci əsrdəki şagirdlərdən fərqli olaraq, bu gün bizim əlimizdə onun Məsih olduğuna dair sübutlar daha çoxdur. İsanın doğulmasından dirilməsinə kimi həyatında baş verən hadisələr Allahdan ilham almış Müqəddəs Yazılarda qələmə alınıb və bütün bunlar onun Məsih olduğuna inandırıcı sübutdur. (Yəhya 20:30, 31 ayələrini oxu.) Müqəddəs Kitab həmçinin göstərir ki, İsa göylərdən Məsih rolunu icra etməyə davam edir. (Yəh. 6:40; 1 Korinflilərə 15:22 ayəsini oxu.) Sən də, Müqəddəs Kitabdan öyrəndiklərinə əsasən, ‘Məsihi tapdığını’ deyə bilərsən. İlk növbədə gəlin erkən şagirdlərin onun həqiqətən də Məsih olduğu qənaətinə necə gəldiyini nəzərdən keçirək.
Məsih haqqında «müqəddəs sirr» tədricən açıqlanmışdır
3, 4. a) Birinci əsrdəki məsihçilər Məsihi necə tapmışdılar? b) Nəyə görə deyə bilərsən ki, Məsih haqqındakı bütün peyğəmbərlikləri yalnız İsa həyata keçirib?
3 İsanın birinci əsrdəki davamçıları onun Məsih olduğuna necə əmin olmuşdular? Vəd olunmuş Məsihi hansı əlamətlərdən tanımağın mümkün olduğunu Yehova tədricən peyğəmbərlər vasitəsilə açıqlamışdı. Bir Müqəddəs Kitab tədqiqatçısı bunu mərmər heykəlin ayrı-ayrı hissələrinin bir yerə yığılmasına bənzədir. Təsəvvür edək ki, heç vaxt bir-birini görməmiş və ünsiyyət etməmiş çoxlu insanların hər biri mərmər parçası ilə bir otağa daxil olur. Bu hissələri birləşdirdikdən sonra mükəmməl bir heykəl alınarsa, məntiqi olaraq siz belə bir qənaətə gələcəksiniz ki, həmin hissələri bir nəfər düzəldib və bu insanlara göndərib. Heykəlin hər bir hissəsi kimi, Məsih haqqındakı hər bir peyğəmbərlik də onun haqqında vacib məlumatı təqdim edir.
4 Bəs Məsih haqqında bütün peyğəmbərliklərin təsadüfən bir şəxsin üzərində yerinə yetməsi nə dərəcədə mümkündür? Bir tədqiqatçının sözlərinə görə, bir nəfərin Məsih haqqında bütün peyğəmbərlikləri təsadüfən yerinə yetirməsi ehtimalı «o qədər cüzidir ki», onu heç hesaba almamaq da olar. Tarix boyunca buna yalnız və yalnız İsa müvəffəq olub.
5, 6. a) Şeytana qarşı çıxarılan hökm necə icra olunacaqdı? b) Allah vəd olunmuş ‘övladın’ hansı nəsildən gələcəyini tədricən necə açıqladı?
5 Məsih haqqında peyğəmbərliklər son dərəcə vacib yönləri olan ‘müqəddəs sirrin’ (YD) ətrafında dövr edir (Kolos. 1:26, 27; Yar. 3:15). Bu sirrə bəşəriyyəti günah və ölümə sürükləyən Şeytan İblisə, ‘qədim ilana’ qarşı kəsilən hökm daxil idi (Vəhy 12:9). Bu hökm necə icra ediləcəkdi? Yehova peyğəmbərlik etmişdi ki, ‘qadının’ dünyaya gətirəcəyi «övlad» Şeytanı başından vuracaq. O, ilanın başından vurmaqla üsyanın, xəstəliklərin və ölümün səbəbkarını aradan qaldıracaqdı. Lakin Allahın iznilə əvvəlcə Şeytan simvolik mənada qadının ‘övladının’ dabanından sancacaqdı.
6 Yehova vəd olunmuş ‘övladın’ kim olacağını tədricən açıqlayırdı. Allah İbrahimə and içib dedi: «Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq» (Yar. 22:18). Musa peyğəmbərlik etmişdi ki, bu şəxs ondan da böyük «bir peyğəmbər» olacaq (Qanun. t. 18:18, 19). Davuda isə deyilmişdi ki, Məsih onun nəslindən gələcək və onun taxtını əbədi olaraq miras alacaq. Bir qədər sonra bunu peyğəmbərlər də təsdiq etdilər (2 Şam. 7:12, 16; Yer. 23:5, 6).
İsanın Məsih olduğuna dair sübutlar
7. Allahın ‘qadınının’ övladının peyda olması üçün nə tələb olunurdu?
7 Allah Öz Oğlunu — yaratdığı ilk varlığı — Onun arvadı timsalında çıxış edən və ruhani varlıqlardan ibarət təşkilatından yer üzünə vəd olunmuş «övlad» qismində göndərdi. Bunun üçün Allahın vahid Oğlu «Özünü heç edərək» göyləri tərk etməli və yer üzündə kamil insan kimi doğulmalı idi (Filip. 2:5-7; Yəh. 1:14). Müqəddəs ruhun Məryəmin ‘üstünə kölgə salması’ onun dünyaya gətirəcəyi körpənin «Allahın Oğlu» adlanacağına zəmanət idi (Luka 1:35).
8. İsa suda vəftiz olunmaq üçün Yəhyanın yanına gələndə Məsih barədəki peyğəmbərlik necə yerinə yetdi?
8 Məsih barədə peyğəmbərliklərdə İsanın harada və nə zaman peyda olacağı haqda deyilirdi. İsa elə Bet-Lexemdə də doğuldu (Mik. 5:2). I əsrdə insanlar Məsihi daha həsrətlə gözləyirdilər. Hətta Vəftizçi Yəhyanın Məsih olub-olmadığı çoxlarına maraqlı gəldiyi üçün onlar soruşurdular: «Görəsən, bu Məsihdirmi?» Yəhya isə: «Məndən Qüdrətlisi gəlir»,— deyə cavab verərdi (Luka 3:15, 16). Eramızın 29-cu ilinin payızında 30 yaşlı İsa vəftiz olmaq üçün Yəhyanın yanına gələndə vəd olunmuş Məsih kimi düz vaxtında peyda oldu (Dan. 9:25). Sonra hadisələrlə zəngin xidmətinə başladı; o: «Vaxt tamam oldu, Allahın Səltənəti yaxınlaşdı»,— deyərək təbliğ edirdi (Mark 1:14, 15).
9. Bütün təfərrüatları bilməsələr də, İsanın şagirdləri nəyə əmin idilər?
9 Lakin insanların düşüncə tərzinin düzəlişə ehtiyacı vardı. Xalqın İsanı padşah kimi qarşılaması düzgün idi, ancaq həmin vaxt insanlar tam başa düşmürdülər ki, o, gələcəkdə göydən rəhbərlik edəcək (Yəh. 12:12-16; 16:12, 13; Həv. iş. 2:32-36). Buna baxmayaraq, İsa: «Siz Məni kim hesab edirsiniz?» — deyə soruşanda Peter tərəddüd etmədən cavab vermişdi: «Sən Diri Allahın Oğlu Məsihsən» (Mat. 16:13-16). Müəyyən təlimləri başa düşmədikləri üçün çoxları büdrəyib İsadan üz döndərəndə də Peter eyni cavabı vermişdi. (Yəhya 6:68, 69 ayələrini oxu.)
Məsihə qulaq asın
10. Nəyə görə Yehova Oğluna qulaq asmağın vacibliyini vurğuladı?
10 Allahın vahid Oğlu göydə qüdrətli ruhani varlıq idi. Yerdə isə Atasını təmsil edirdi (Yəh. 16:27, 28). O demişdi: «Verdiyim təlim Mənim deyil, Məni Göndərənindir» (Yəh. 7:16). İsanın görkəminin dəyişilməsi zamanı Yehova onun Məsih olduğunu təsdiqləyib əmr etdi: «Ona qulaq asın!» (Luka 9:35). Bəli, Allahın Seçilmişinə qulaq asmaq, yəni itaət etmək lazım idi. Bunun üçün iman və düzgün əməllər tələb olunurdu. Allahı razı salmaq və əbədi həyatı qazanmaq üçün bunların hər ikisi də böyük əhəmiyyət kəsb edir (Yəh. 3:16, 35, 36).
11, 12. a) Nəyə görə birinci əsrdə yaşayan yəhudilər İsanı Məsih kimi qəbul etmədilər? b) İsaya kimlər iman gətirdi?
11 İsanın Məsih olduğunu sübut edən dəlillərin çoxluğuna baxmayaraq, birinci əsrdə yaşayan yəhudilərin böyük əksəriyyəti onu qəbul etmədi. Nəyə görə? Çünki onların Məsih barədə yanlış təsəvvürləri vardı. Onların fikrincə, guya, Məsih gəlib onları Roma imperiyasının siyasi əsarətindən qurtaracaqdı. (Yəhya 12:34 ayəsini oxu.) Buna görə də onlar insanlar tərəfindən həqarətlə rədd edilməsi, dərd və xəstəliklər görən insan olması, sonda isə öldürülməsi barədə peyğəmbərlikləri yerinə yetirən Məsihi qəbul edə bilmədilər (Yeşaya 53:3, 5). Hətta bəzi sadiq şagirdləri belə İsanın onlara azadlıq gətirməyəcəyini biləndə məyus oldular. Buna baxmayaraq, onlar İsadan üz döndərmədilər və vaxtı gələndə hər şey onlara aydın oldu (Luka 24:21).
12 İsanın vəd olunmuş Məsih kimi qəbul edilməməsinin digər səbəbi isə çoxlarının onun təlimlərini qəbul etməkdə çətinlik çəkməsi idi. Padşahlığa daxil olmaq üçün ‘özünü inkar etmək’, İsanın ‘ətini yeyib, qanını içmək’, ‘yenidən doğulmaq’ və bu ‘dünyadan olmamaq’ tələb olunurdu (Mark 8:34; Yəh. 3:3; 6:53; 17:14, 16). Məğrur, varlı və ikiüzlü adamlar bu tələbləri yerinə yetirməyin çox çətin olduğunu düşünürdülər. Ancaq: «Dünyanın həqiqi Xilaskarı Budur» deyən bəzi samariyalılar kimi, təvazökar yəhudilər İsanı Məsih kimi qəbul etdilər (Yəh. 4:25, 26, 41, 42; 7:31).
13. İsa məcazi mənada dabanından necə sancıldı?
13 İsa peyğəmbərlik etmişdi ki, baş kahinlər tərəfindən məhkum edilib, qeyri-yəhudilər tərəfindən dirəyə çəkiləcək, üçüncü gün isə diriləcəkdir (Mat. 20:17-19). İsa Sinedrion qarşısında «Allahın Oğlu Məsih» olduğunu təsdiq edəndə onu küfr söyləməkdə ittiham etdilər (Mat. 26:63-66). Pilat onda «ölümə layiq heç bir şey» tapmadı, amma yəhudilər onu üsyana təhrikçilikdə ittiham etdikləri üçün Pilat İsanı «onların ixtiyarına təslim etdi» (Luka 23:13-15, 25). Onlar, İsanın Allah tərəfindən göndərildiyinə dair çoxlu sübutların olmasına baxmayaraq, «Həyat Rəisini» ‘rədd edib’ öldürdülər (Həv. iş. 3:13-15). Qabaqcadan deyildiyi kimi, Məsih ‘həlak oldu’ — b. e. 33-cü ilinin Pasxa günündə işgəncə dirəyində edam edildi (Dan. 9:26, 27; Həv. iş. 2:22, 23). Onun amansızcasına öldürülməsi ilə övladın ‘dabanından sancılacağı’ barədə Yaradılış 3:15 ayəsində deyilən peyğəmbərlik yerinə yetdi.
Məsih nəyə görə ölməli idi?
14, 15. a) Hansı iki səbəbə görə Yehova İsanın edam edilməsinə yol verdi? b) Dirildikdən sonra İsa nə etdi?
14 Yehova iki mühüm səbəbə görə İsanın öldürülməsinə yol verdi. Birincisi, İsanın ölümədək sadiq qalması ‘müqəddəs sirrin’ vacib bir aspektinə aydınlıq gətirdi. O, sonadək sadiq qalmaqla sübut etdi ki, kamil insan Şeytanın ən şiddətli sınaqları qarşısında belə ‘Allaha bağlı’ qalmağa və Onun hökmranlığının tərəfini tutmağa qadirdir (1 Tim. 3:16, YD). İkincisi, İsanın dediyi kimi, «İnsan Oğlu... bir çoxları üçün canını fidiyə olaraq verməyə gəlmişdir» (Mat. 20:28). İsanın müvafiq fidyə qurbanlığı Adəmdən övladlarına miras qalan günahın əvəzini ödəyə bildi, bunun sayəsində də İsanı Allahın xilas vasitəsi kimi qəbul edən hər kəs üçün əbədi həyatı almaq imkanı açıldı (1 Tim. 2:5, 6).
15 Məsih üç gün qəbirdə qaldıqdan sonra dirildi və 40 gün ərzində şagirdlərinə görünərək sağ olduğunu sübut etdi və onlara əlavə göstərişlər verdi (Həv. iş. 1:3-5). Sonra fidyə qurbanlığının dəyərini Yehovaya təqdim etmək üçün göyə qayıtdı və məsh olunmuş Padşah kimi iştirakının vaxtını gözləməyə başladı. Bu müddət ərzində o, çox işlər görüb.
İsanın Məsih rolunu tamamlaması
16, 17. İsa göyə qalxandan sonra Məsih kimi gördüyü işlər barədə danışın.
16 İsa dirildikdən sonra üzərində Padşah təyin olunduğu məsihçi yığıncağına əsrlər boyunca sədaqətlə nəzarət etmişdir (Kolos. 1:13). Təyin olunmuş vaxtda o, Allahın Padşahlığının Padşahı vəzifəsini icra etməyə başlamalı idi. Müqəddəs Kitab peyğəmbərlikləri və dünyada baş verən hadisələr 1914-cü ildən onun Padşah kimi iştirak etdiyini və həmin il ‘dövrün sonunun’ başladığını sübut edir (Mat. 24:3; Vəhy 11:15). Bu hadisədən qısa müddət sonra o, tabeçiliyində olan müqəddəs mələkləri ilə birgə Şeytanı və onun cinlərini göydən yerə atdı (Vəhy 12:7-10).
17 Eramızın 29-cu ilində İsanın başladığı təbliğ və təlim işi öz möhtəşəm sonuna yaxınlaşır. Tezliklə o, hamı barədə hökm çıxaracaq. Onda İsa onu Yehovanın xilas vasitəsi kimi qəbul edən həlim insanlara deyəcək: «Dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Səltənəti miras alın» (Mat. 25:31-34, 41). Onu Padşah kimi qəbul etməkdən imtina edənləri isə səmavi ordusu ilə birgə bütün pisliyin kökünü kəsməyə gələndə məhv edəcək. Sonra Şeytanı zəncirləyib, cinləri ilə birgə «dibsiz dərinliklərə» atacaq (Vəhy 19:11-14; 20:1-3).
18, 19. İsanın Məsih rolunu həyata keçirməsi ilə nəyə nail olunacaq və bu, itaətkar insanlara hansı xeyir-duaları gətirəcək?
18 Minillik Hökmranlığı zamanı İsa «Ecazkar, Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Əmin-amanlıq Hökmdarı» kimi titullarının hamısını doğruldacaq (Yeşaya 9:6, 7). Onun hökmranlığı zamanı, həyata qaytaracağı insanlar da daxil olmaqla, hamı kamilliyə yetişəcək (Yəh. 5:26-28). Məsih ürəyi istəyən hər kəsi «həyat sularının qaynaqlarına aparacaq» və itaətkar insanların Yehova ilə əmin-amanlıq içində yaşamalarının qayğısına qalacaq. (Vəhy 7:16, 17 ayələrini oxu.) Sonuncu imtahandan sonra bütün üsyankarlar, o cümlədən Şeytan və onun cinləri ‘odlu və kükürdlü gölə atılacaq’ — «ilan»ın başına ölümcül zərbə endiriləcək (Vəhy 20:10).
19 İsa ona həvalə olunmuş Məsih rolunu necə də gözəl və qüsursuz şəkildə həyata keçirir! Satın alınmış insanlar yerüzü Cənnətdə əbədiyyən sağlam və xoşbəxt ömür sürəcəklər. Yehovanın müqəddəs adı bütün böhtanlardan təmizlənəcək və ali hökmranlığına bəraət qazandırılacaq. Allahın Məsh olunmuşuna itaət edənlər necə də gözəl miras alacaqlar!
Sən Məsihi tapmısanmı?
20, 21. Başqalarına Məsih barədə danışmaq üçün hansı səbəblərimiz var?
20 Biz 1914-cü ildən etibarən Məsihin parusiyası, yəni iştirakı dövründə yaşayırıq. Allahın Padşahlığının Padşahı kimi onun iştirakı gözəgörünməz olsa da, yerinə yetən peyğəmbərliklərdən aydın görünür (Vəhy 6:2-8). Lakin birinci əsrdə yaşayan yəhudilər kimi, bu gün də əksər insanlar Məsihin iştirakına işarə edən əlamətlərə əhəmiyyət vermirlər. Onlar da siyasi məsihin, yaxud ən azından, insan hakimləri vasitəsilə hərəkət edəcək bir kəsin gəlməsini istəyirlər. Amma bilirik ki, İsa artıq Allahın Padşahlığında hökmranlıq edir. Məgər Müqəddəs Kitabı təzəcə öyrənməyə başlayanda bu, səni sevindirmədimi? İsanın birinci əsrdəki şagirdləri kimi, ola bilsin, sən də: «Mən Məsihi tapdım!» — deyərək nida etmişdin.
21 Bəs indi sən başqaları ilə həqiqət barədə söhbət edəndə İsanın Məsih olduğu haqda da danışırsanmı? Belə etsən, onun sənin üçün etdiyi və edəcəyi hər şeyə görə minnətdarlığın artacaq. Yəqin, Andrey və Filip kimi, sən də qohumlarına və dostlarına Məsih haqqında danışmısan. Nəyə görə daha böyük səylə onlara İsanın həqiqətən də Məsih və Allahın xilas vasitəsi olduğunu göstərməyəsən?
İzah edə bilərsinizmi?
• Birinci əsrdə yaşayan şagirdlər Məsihi necə tapdılar?
• İsanın ölməsinin iki vacib səbəbi nə idi?
• İsa bir Məsih kimi daha nələri həyata keçirəcək?
[21-ci səhifədəki şəkil]
Birinci əsrdə yaşayan insanlar onun Məsih olduğunu necə anladılar?
[23-cü səhifədəki şəkil]
Başqaları ilə söhbət edərkən İsanın Məsih olduğu haqda danışırsanmı?