Nəyə görə bizə müqəddəs ruh bələdçilik etməlidir?
«Mənim Allahım Sənsən. Sənin Ruhun yaxşıdır, düz yer üçün mənə yol göstər» (MƏZ. 143:10).
1. Gözəgörünməz qüvvənin insana necə istiqamət verdiyini izah edin.
HANSI yolla getməli olduğunu müəyyən etmək üçün nə vaxtsa kompasdan istifadə etmisiniz? Kompas maqnitləşdirilmiş əqrəbi şimalı göstərən sadə bir cihazdır. Kompasın əqrəbini hərəkətə gətirən gözəgörünməz qüvvə maqnetizm adlanır. Əsrlər boyunca tədqiqatçılar və səyahətçilər suda və quruda istiqaməti müəyyən etmək üçün kompasdan istifadə edirdilər.
2, 3. a) Yehova milyard illər bundan əvvəl hansı qüvvədən istifadə etmişdi? b) Nəyə görə biz Allahın fəal qüvvəsinin həyatımıza təsir göstərəcəyini gözləməliyik?
2 Bizə həyat yolunda rəhbərlik edən bundan da vacib gözəgörünməz qüvvə mövcuddur. Bunun hansı qüvvə olduğunu Müqəddəs Yazıların ilk ayələri açıqlayır. «Yaradılış» kitabında Yehovanın milyard illər bundan əvvəl etdikləri barədə oxuyuruq. Orada deyilir: «Başlanğıcda Allah göyləri və yeri yaratdı». Növbəti ayədə qeyd olunduğu kimi, bunun üçün O, qüdrətli qüvvəsindən istifadə etmişdi: «Allahın Ruhu suların üzərində dolaşırdı» (Yar. 1:1, 2). Burada söhbət hansı qüvvədən gedir? Allahın fəal qüvvəsi olan müqəddəs ruhdan. Bütün insanlar, eləcə də ətrafımızda olan hər şey məhz Yehovanın bu qüvvədən istifadə etməsi sayəsində mövcuddur (Əyy. 33:4; Məz. 104:30).
3 Allah bizə həyat verdikdən sonra da Onun fəal qüvvəsinin həyatımıza təsir göstərəcəyini gözləməliyikmi? Bəli. Bunu Allahın Oğlu da bilirdi, buna görə də şagirdlərinə demişdi: «Həqiqət ruhu... həqiqəti tam dərk etməyinizə kömək edəcək» (Yəh. 16:13). Müqəddəs ruh nədir? Nəyə görə onun bizə bələdçilik etməsini istəməliyik?
Müqəddəs ruh nədir?
4, 5. a) Üç üqnuma etiqad edənlər arasında müqəddəs ruh barədə hansı səhv fikir mövcuddur? b) Müqəddəs ruh nədir? İzah edin.
4 Bəzən xidmətdə Üç üqnuma etiqad edən insanlarla rastlaşırıq. Onlar səhvən düşünürlər ki, müqəddəs ruh Allaha bərabər olan ruhani şəxsiyyətdir (1 Kor. 8:6). Bu səbəbdən Müqəddəs Kitabın bir çox tərcümələrində «müqəddəs ruh» ifadəsi böyük hərflərlə verilib. Lakin qeyd etmək lazımdır ki, bəzi tərcüməçilər bu ifadəni kiçik hərflərlə yazmaq qərarına gəliblər. Bunun səbəbi odur ki, onlar həmin ifadənin şəxsiyyətə aid olmadığını bilirləra.
5 Bəs onda müqəddəs ruh əslində nədir? Yaradılış 1:2 ayəsində ibrani dilindən «ruh» kimi tərcümə olunan sözün «külək» mənası da var. Biz küləyi görməsək də, onun təsirini hiss edirik. Allahın ruhu da gözəgörünməzdir, ancaq təsiri aydın görünür. Allahın ruhu Onun iradəsinin həyata keçirilməsi üçün insanlara və əşyalara yönəldilən və onlara təsir göstərən enerjidir. Sizcə, bu möhtəşəm qüvvənin müqəddəs Mənbəyinin Külli-İxtiyar Allah olduğuna inanmaq çətindir? Qətiyyən! (Yeşaya 40:12, 13 ayələrini oxu.)
6. Davud duasında Yehovadan nə diləmişdi?
6 Yehova həyat yolunda bizə bələdçilik etmək üçün Öz ruhundan istifadə edirmi? O, məzmurçu Davuda vəd etmişdi: «Sənə təlim verəcəyəm, gedəcəyin yolu öyrədəcəyəm» (Məz. 32:8). Bəs Davudun özü bunu istəyirdi? Bəli, çünki o, bu barədə Yehovaya yalvarırdı: «Mənə Sənin iradənə əməl etməyi öyrət, çünki mənim Allahım Sənsən. Sənin ruhun yaxşıdır, düz yer üçün mənə yol göstər» (Məz. 143:10). Allahın ruhunun bizə bələdçilik etməsini biz də arzulamalıyıq və onun rəhbərliyinə tabe olmağa hazır olmalıyıq. Nəyə görə? Gəlin bunun dörd səbəbini araşdıraq.
Özümüzə bələdçilik etmək iqtidarında deyilik
7, 8. a) Nəyə görə biz Allahdan asılı olmadan özümüzə istiqamət vermək iqtidarında deyilik? b) Nəyə görə bu pis sistemdə Allahın bizə bələdçilik etməsinə ehtiyac duyduğumuzu nümunə əsasında izah edin.
7 Nəyə görə biz Allahın ruhunun bizə bələdçilik etməsini istəməliyik? Birinci səbəbi odur ki, biz özümüzə bələdçilik etmək bacarığına malik deyilik. «Bələdçilik etmək» «istiqamətləndirmək, yol göstərmək» mənasını verir. Lakin Yehova bizi ümumiyyətlə, xüsusilə də qeyri-kamil vəziyyətdə özümüzə istiqamət vermək bacarığı ilə yaratmayıb. Peyğəmbər Yeremya yazmışdı: «Ya Rəbb, bilirəm ki, insanın ömrü öz əlində deyil. Addımlarını düzəltmək [«istiqamətləndirmək», YD] gedən adamın işi deyil» (Yer. 10:23). Nəyə görə? İnsanın daxili aləminə bələd olan Yehova bunun səbəbini Yeremyaya izah etmişdi: «İnsan ürəyi hər şeydən hiyləgərdir, çarəsi yoxdur. Onu kim başa düşə bilər?» (Yer. 17:9; Mat. 15:19).
8 Təcrübəsiz insanın kompas götürmədən və yanında bələdçi olmadan insan ayağı dəyməyən təhlükəli səhra ilə təkbaşına getməsi nə dərəcədə ağıllı hərəkət olardı? Əgər o, sərt şəraitdə necə sağ qalmağın və gedəcəyi yerə sağ-salamat çatmağın yolunu bilmirsə, məgər həyatını təhlükəyə atmış olmur? Eynilə Allahın rəhbərliyi olmadan bu pis dünyada özünə bələdçilik edə biləcəyini düşünən insan həyatını təhlükəyə atır. Bu dünyadan keçən yolumuzu sağ-salamat başa vurmağın yeganə üsulu Davud kimi Yehovaya yalvarmaqdır: «Qoy Sənin yolunda addımlayım, bu yolda heç vaxt səndələməyim» (Məz. 17:5, YD; 23:3). Bu rəhbərliyi necə ala bilərik?
9. Allahın ruhu bizim üçün etibarlı bələdçi necə ola bilər? 17-ci səhifədəki şəklə baxın.
9 Əgər biz təvazökar olsaq və Yehovadan asılı olduğumuzu qəbul etsək, O, bizə Öz müqəddəs ruhundan verəcək ki, bizə düz yolu göstərsin. Bu fəal qüvvə bizə necə kömək edəcək? İsa şagirdlərinə izah etmişdi: «Köməkçi, yəni Atanın mənim adım naminə göndərəcəyi müqəddəs ruh hər şeyi sizə öyrədəcək və sizə dediyim bütün sözləri yadınıza salacaq» (Yəh. 14:26). Məsihin dediyi bütün sözlər də daxil olmaqla, dua edərək və müntəzəm şəkildə Müqəddəs Kitabı araşdırsaq, Allahın iradəsini daha dəqiq yerinə yetirməyimiz üçün müqəddəs ruh Onun dərin hikmətini bizə daha aydın başa düşməyə kömək edəcək (1 Kor. 2:10). Üstəlik, həyata aparan yolda gözlənilmədən «döngələrə» rast gəlsək, müqəddəs ruh bizə yol göstərəcək. Bu ruh bizə vaxtilə araşdırdığımız Müqəddəs Kitab prinsiplərini xatırladacaq və növbəti addımı atarkən onları necə tətbiq etməyi başa düşməyimizə kömək edəcək.
Müqəddəs ruh İsaya bələdçilik edirdi
10, 11. İsa müqəddəs ruhdan nə gözləyirdi və bu ruh ona necə kömək etdi?
10 Müqəddəs ruhun bizə bələdçilik etməsini istəməli olduğumuzun ikinci səbəbi odur ki, Allah Öz Oğluna bu ruh vasitəsilə rəhbərlik verirdi. Allahın yeganə Oğlu yer üzünə gəlməzdən öncə onun haqqında deyilən bu peyğəmbərliyi bilirdi: «Rəbbin Ruhu, hikmət və anlayış ruhu, öyüd-nəsihət və qüdrət ruhu, bilik və Rəbb qorxusu ruhu onun üzərində olacaq» (Yeşaya 11:2). İsanın yer üzündə düşdüyü mühiti nəzərə alsaq, təsəvvür edirsiniz, o, Allahın ruhunun ona kömək etməsini nə dərəcədə istəyirdi?
11 Yehovanın sözləri yerinə yetdi. Müjdələrdə İsa vəftiz olandan dərhal sonra nə baş verdiyi haqda yazılıb: «İsa müqəddəs ruhla dolaraq İordan çayını tərk etdi və Allahın ruhu onu çöllüyə apardı» (Luka 4:1). Burada olduğu müddətdə İsa oruc tutur, dua edir və dərindən düşünürdü. Görünür, bu zaman Yehova ona göstərişlər verir, eləcə də gələcəkdə üzləşəcəyi hadisələr barədə məlumatlandırırdı. Allahın fəal qüvvəsi İsanın zehni və ürəyi vasitəsilə onun düşüncəsini istiqamətləndirirdi və qərarlarına təsir edirdi. Bunun sayəsində İsa hər vəziyyətdə necə davranmağı bilirdi və Atasının iradəsini tam dəqiqliyi ilə yerinə yetirirdi.
12. Nəyə görə Allahdan müqəddəs ruhu ilə bizə bələdçilik etməsini istəmək vacibdir?
12 Allahın ruhunun həyatında nə dərəcədə əhəmiyyətli rol oynadığını dərk edən İsa şagirdlərinə Allahdan bu ruhu diləməyin və rəhbərliyinə tabe olmağın vacibliyini aşılayırdı. (Luka 11:9—13 ayələrini oxu.) Nəyə görə bizim bu ruha böyük ehtiyacımız var? Çünki bu ruh düşüncə tərzimizi dəyişərək bizə Məsihin düşüncə tərzinə yiyələnməyə kömək edə bilər (Rom. 12:2; 1 Kor. 2:16). Əgər biz Allahın ruhunun bizə bələdçilik etməsinə yol versək, İsa kimi düşünəcək və onun nümunəsini təqlid edəcəyik (1 Pet. 2:21).
Dünyanın ruhu bizi azdırmağa çalışır
13. Dünyanın ruhu nədir və bu ruh insanları nəyə təhrik edir?
13 Üçüncü səbəb odur ki, əgər bizə Allahın ruhu rəhbərlik etməsə, bu gün əksər insanlara təsir göstərən dünyanın murdar ruhu bizi də azdıracaq. Bu dünyanı idarə edən güclü qüvvə Allahın ruhunun bizə göstərdiyi yola tamamilə zidd olan yolu tutmağa təhrik edir. Bu qüvvə insanları Məsih kimi yox, dünyanı idarə edən Şeytan kimi düşünməyə və hərəkət etməyə təşviq edir. (Efeslilərə 2:1—3; Titus 3:3 ayələrini oxu.) İnsan dünyanın ruhuna uyanda və cismani arzularının dalınca düşməyə başlayanda bunun nəticəsi çox pis olur və belə adam Allahın Padşahlığını miras almayacaq (Qalat. 5:19—21).
14, 15. Dünyanın ruhuna uğurla müqavimət göstərməyə bizə nə kömək edəcək?
14 Dünyanın ruhuna müqavimət göstərə bilməyimiz üçün Yehova bizə lazım olan hər şeyi verib. Həvari Pavel məsləhət görürdü ki, «dar gündə müqavimət göstərmək» üçün «Rəbbə güvənib Onun gücünün əzəməti ilə» daima möhkəmlənək (Efes. 6:10, 13). Yehova ruhu ilə bizə güc verir ki, bizi azdırmağa çalışan Şeytana qarşı dura bilək (Vəhy 12:9). Dünyanın ruhu çox güclüdür və onun təsirindən tamamilə qaçınmaq qeyri-mümkündür. Lakin biz yol verməməliyik ki, bu ruh bizi pozsun. Müqəddəs ruh dünyanın ruhundan qat-qat güclüdür və o, bizə kömək edəcək!
15 Birinci əsrdə həqiqəti tərk edənlər barədə həvari Peter demişdi: «Bu adamlar düz yolu qoyub əyri yola qədəm basdılar» (2 Pet. 2:15). Biz necə də minnətdarıq ki, «dünyanın ruhunu yox, Allahdan gələn ruhu aldıq» (1 Kor. 2:12). Allahın ruhunun köməyilə, eləcə də bizim düzgün ruhani yolda qalmağımız üçün Yehovanın verdiyi hər şeydən tam yararlanmaqla biz Şeytanın pis dünyasına hakim kəsilən ruha uğurla müqavimət göstərə bilərik (Qalat. 5:16).
Müqəddəs ruh daxilimizdə gözəl bəhrə yetişdirir
16. Müqəddəs ruh bizdə hansı bəhrəni hasil edir?
16 Dördüncü səbəb isə ondan ibarətdir ki, bu ruh onun rəhbərliyinə tabe olan insanlarda gözəl bəhrə yetişdirir. (Qalatiyalılara 5:22, 23 ayələrini oxu.) Məgər aramızda daha çox məhəbbət, sevinc, sülh xüsusiyyətlərinə yiyələnmək istəyən yoxdur? Bizlərdən kim istəmir ki, səbir, yaxşılıq və xeyirxahlıq xüsusiyyətlərini daha çox təzahür etdirsin? Hansımıza iman, həlimlik, təmkinlik xüsusiyyətlərini daha çox inkişaf etdirmək zərər gətirəcək? Allahın ruhu bizdə həm özümüzə, həm də ki birgə yaşadığımız və xidmət etdiyimiz insanlara fayda gətirən xüsusiyyətlər hasil edir. Ruhun bəhrəsi həyatımızda aydın görünsün deyə biz daima üzərimizdə işləməliyik. Bizə ruhun bəhrəsindən nə qədər lazımdır? Onu nə dərəcədə özümüzdə inkişaf etdirə bilərik? Müqəddəs Kitab buna məhdudiyyət qoymur.
17. Müqəddəs ruhun bəhrəsinə daxil olan xüsusiyyətləri daha çox necə inkişaf etdirə bilərik?
17 Yaxşı olardı ki, özümüzdən soruşaq: «Danışıq və əməllərimiz bizə Allahın ruhunun istiqamət verdiyini və daxilimizdə onun bəhrəsini yetişdirdiyimizi göstərirmi?» (2 Kor. 13:5a; Qalat. 5:25). Əgər ruhun bəhrəsinə daxil olan müəyyən xüsusiyyətləri inkişaf etdirməyə ehtiyac olduğunu görürüksə, onda müqəddəs ruhun köməyilə onların üzərində səylə işləməliyik. Bunun üçün biz Müqəddəs Kitabda və nəşrlərimizdə həmin xüsusiyyətlər barədə yazılanları araşdırmalıyıq. Onda biz həmin xüsusiyyətləri həyatımızda necə təzahür etdirməli olduğumuzu başa düşə, sonra isə öyrəndiklərimizi daha yaxşı tətbiq edə biləcəyikb. Özümüzün, eləcə də həmimanlılarımızın həyatında müqəddəs ruhun rəhbərliyinin bəhrəsini aydın görəndə nəyə görə bu ruhun bizə bələdçilik etməli olduğunu başa düşürük.
Ruhun sənə bələdçilik etməsinə yol verirsənmi?
18. Allahın ruhunun rəhbərliyini qəbul etməkdə İsa bizə hansı gözəl nümunəni qoyub?
18 Yehova kainatı yaradanda Onun yanında «mahir usta» olan İsa insanlara istiqaməti müəyyən etməkdə kömək edən Yerin maqnit sahəsi barədə hər şeyi bilir (Sül. məs. 8:30, YD; Yəh. 1:3). Lakin Müqəddəs Kitabın heç bir yerində deyilmir ki, o, yer üzündə yaşayarkən addımlarına istiqamət vermək üçün bu qüvvədən istifadə edirdi. Əksinə, orada deyilir ki, onun həyatına ən böyük təsir göstərən Allahın müqəddəs ruhu idi. İsa ruhun rəhbərliyini qəbul edirdi və bu ruh onu hansısa addımı atmağa təşviq edəndə onun rəhbərliyinə uyğun davranırdı (Mark 1:12, 13; Luka 4:14). Bunu sizin barənizdə də demək olarmı?
19. Müqəddəs ruhun həyatda bizə bələdçilik etməsi üçün nə etməliyik?
19 Allahın fəal qüvvəsi bu gün də onun rəhbərliyini qəbul edən insanların ürəklərinə və zehinlərinə təsir edir. Bu ruhun sizi də düzgün istiqamətdə aparmasına necə yol verə bilərsiniz? Daima Allaha dua edin ki, sizə müqəddəs ruh versin və onun rəhbərliyinə tabe olmağa kömək etsin. (Efeslilərə 3:14—16 ayələrini oxu.) Bu ruhun bəhrəsi olan Müqəddəs Kitabda məsləhətlər axtarmaqla dualarınıza uyğun davranın (2 Tim. 3:16, 17). Onun müdrik göstərişlərinə tabe olun və müqəddəs ruhun rəhbərliyini qəbul edin. Bunu etməklə siz göstərəcəksiniz ki, Yehovanın bu pis dünyada sizə ən yaxşı yolu göstərmək qabiliyyətinə etibar edirsiniz.
[Haşiyələr]
a Misal üçün, məşhur yunan professoru Coan Mira Müjdələri tərcümə edərkən nəyə görə bu ifadəni kiçik hərflərlə yazmaq qərarına gəldiyini izah etmişdi. Kitabın girişində o yazmışdı: «İkinci və üçüncü əsrdə yaşayan oxucular heç ağıllarına belə gətirmirdilər ki, bu ruh... Atadan və Oğuldan asılı olmayan və sərbəst şəkildə mövcud olan ruhani şəxsiyyət ola bilər, çünki o vaxt Üç üqnum ehkamı hələ mövcud deyildi».
b Müqəddəs ruhun bəhrəsinə daxil olan xüsusiyyətlər «Gözətçi Qülləsi»nin aşağıdakı saylarında müzakirə olunur: 2007-ci il 1 avqust, 11—14 səhifələr; 2004-cü il 1 fevral, səhifə 9; 2003-cü il 1 may, səhifə 7; 2003-cü il 1 iyun, səhifə 19 və 22—24; 2003-cü il 1 sentyabr, səhifə 6; 2002-ci il 1 mart, səhifə 14 və 15; 2002-ci il 1 aprel, səhifə 25; 2001-ci il 1 yanvar, səhifə 26.
Əsas fikirləri izah edə bilərsinizmi?
• Müqəddəs ruh həyatımıza necə təsir göstərə bilər?
• Müqəddəs ruhun bizə bələdçilik etməsini istəməli olduğumuzun dörd səbəbini sadalayın.
• Müqəddəs ruhun rəhbərliyindən tam faydalanmağımız üçün bizdən nə tələb olunur?
[15–ci səhifədəki şəkil]
Müqəddəs ruh İsanın həyatına təsir edən ən böyük qüvvə idi
[17–ci səhifədəki şəkil]
Allahın ruhu onların zehinlərinə və ürəklərinə təsir göstərməklə onlara rəhbərlik edir