Dəyişikliklər etməyin gətirdiyi xeyir-dualar
Nəql etdi Ceyms Tompson
Mən 1928-ci ildə Birləşmiş Ştatların cənubunda dünyaya göz açmışam. O vaxtlar ağ və qaradərililərin seqreqasiyası barədə qanun hökm sürürdü. Bu qanunu pozanlar həbs oluna və hətta bundan da ağır cəza ala bilərdilər.
BU SƏBƏBDƏN o vaxtlar Birləşmiş Ştatların bəzi ərazilərində qara və ağdərili Yehovanın Şahidlərinin yığıncaqları, rayonları və vilayətləri ayrı olmalı idi. 1937-ci ildə atam Tennessi ştatının Çattanuqa şəhərində olan qaradərili yığıncaqda yoldaşlıq xidmətçisi (hal-hazırda ağsaqqallar şurasının koordinatoru adlanır) kimi xidmət etməyə başladı. Henri Nikols isə ağdərili yığıncaqda yoldaşlıq xidmətçisi idi.
Gənc olanda axşamlar eyvanda oturub atamla Henri qardaşın söhbətlərinə qulaq asdığım o gözəl günləri sevə-sevə xatırlayıram. Düzdür, onların nə haqda danışdığını tam başa düşmürdüm, lakin atam Henri qardaşla mövcud vəziyyətdə təbliğ işini daha yaxşı necə yerinə yetirməyi müzakirə edəndə onun yanında olmağı xoşlayırdım..
Bundan əvvəl, 1930-cu ildə ailəmizdə bədbəxtlik üz vermişdi. Cəmi-cümlətanı 20 yaşı olan anamızı itirdik. O vaxt mənim iki, bacım Dorisin isə dörd yaşı var idi və bundan sonra bizim qeydimizə qalmaq məsuliyyəti atamın üzərinə düşdü. O, təzəcə vəftiz olunsa da, ruhən inkişaf edirdi.
Həyatımda iz qoyan nümunələr
1933-cü ildə atam Lili Mey Qvendolin Tomas adlı gözəl bir bacı ilə tanış oldu və tezliklə onlar evləndilər. Həm atam, həm də ögey anam Dorislə mənə Yehovaya sədaqətlə xidmət etməkdə yaxşı nümunə idilər.
1938-ci ildə Yehovanın Şahidlərinin yığıncaqlarından xahiş edildi ki, ağsaqqalların yerli yığıncağın üzvləri tərəfindən seçilməsinin ləğv edilməsi və onların Bruklindəki (Nyu-York) mərkəzi idarə tərəfindən təyin olunması barədə qətnaməni dəstəkləsinlər. Çattanuqadakı bəzi qardaşların bu təşkilati dəyişikliyi qəbul etməkdə tərəddüd etdikləri halda, atam onu qeyd-şərtsiz dəstəklədi. Ögey anam hər işdə ona canla-başla dəstək olurdu. Onun, eləcə də atamın sadiqlik nümunəsi indiyənədək mənə kömək edir.
Vəftiz və tammüddətli xidmət
1940-cı ildə yığıncaqdan bəziləri avtobus tutub Miçiqan ştatının Detroyt şəhərində keçirilən konqresə yola düşdülər. Avtobusdakılardan bir neçəsi həmin konqresdə vəftiz olundu. Bəziləri mənim vəftiz olmadığımı biləndə təəccübləndilər, çünki beş yaşımdan təbliğ edirdim və xidmətdə çox fəal idim.
Onlar bunun səbəbini soruşanda belə cavab verdim: «Mən vəftizin tam mahiyyətini başa düşmürəm». Təsadüfən bu sözləri eşidən atam çox təəccübləndi. Həmin gündən etibarən o, mənə vəftizin mənasını və onun vacibliyini başa salmaq üçün əlindən gələni edirdi. Dörd aydan sonra, soyuq bir gündə, 1940-cı il oktyabr ayının birində Çattanuqanın yaxınlığındakı nohurda vəftiz olundum.
14 yaşımdan başlayaraq hər il yay tətilləri zamanı pioner kimi xidmət edirdim. Təbliğ etdiyim ərazilərə Tennessinin kiçik şəhərləri və yaxınlıqdakı Corciya ştatı daxil idi. Sübh tezdən oyanır, bir az özümlə yemək götürüb saat 6-da yola düşən qatar və ya avtobusla təbliğ etdiyim əraziyə gedirdim. Evə axşam saat 6-da qayıdırdım. Özümlə götürdüyüm yemək, adətən, nahara xeyli qalmış qurtarırdı. Cibimdə pul olsa da, qaradərili olduğumdan mağazadan özüm üçün nə isə ala bilmirdim. Bir dəfə mağazaya girib dondurma almaq istəyəndə məndən oranı tərk etməyi xahiş etdilər. Mağazadan çıxandan sonra bir mehriban ağdərili qadın dondurmanı gətirib mənə verdi.
Yuxarı siniflərdə oxuyanda Cənubda vətəndaş hüquqları uğrunda gedən mübarizə fəallaşmağa başladı. Rəngli əhalinin tərəqqisinə kömək edən milli cəmiyyət kimi təşkilatlar şagirdləri mübarizədə daha fəal olmağa çağırırdı. Bizi də onlardan birinə üzv olmağa təşviq edirdilər. Mənim oxuduğum məktəb də daxil olmaqla, qaradərili uşaqlar üçün məktəblərdən bir neçəsi qarşılarına bütün şagirdlərini belə təşkilatlara üzv etmək məqsədini qoymuşdu. Mənə təzyiq göstərirdilər ki, «irqimi dəstəkləyim». Lakin mən bundan imtina etdim və onları başa saldım ki, ayrı-seçkilik etməyən Allah bir irqi digərindən üstün tutmur və gələcəkdə Özü bu ədalətsizliyi aradan qaldıracaq (Yəh. 17:14; Həv. iş. 10:34, 35).
Məktəbi bitirdikdən sonra Nyu-York şəhərinə köçmək qərarına gəldim. Lakin konqreslərin birində tanış olduğum dostlarıma baş çəkmək üçün Filadelfiyada (Pensilvaniya ştatı) dayandım. İlk dəfə idi ki, ağ və qaradərili bacı-qardaşların birgə xidmət etdiyi yığıncaqda iştirak edirdim. Bu yığıncağa baş çəkən səyyar nəzarətçi növbəti görüşdə mənə bənd təyin etmək istədiyini söylədi. Bu söhbətdən sonra fikrimi dəyişib burada qaldım.
Filadelfiyadakı yeni dostlarım arasında Geraldin Uayt adlı gənc bacı var idi. Mən onu Geri deyə çağırırdım. O, Müqəddəs Kitabı çox yaxşı bilirdi və evdən-evə təbliğdə insanlarla gözəl söhbət etmək bacarığı var idi. Xüsusilə mənim üçün vacib olan o idi ki, Geri də mənim kimi pioner olmaq istəyirdi. Biz 1949-cu ilin aprel ayının 23-ü evləndik.
Gileada dəvət
Lap əvvəldən məqsədimiz Gilead Məktəbini bitirib xarici ölkələrin birində missioner olmaq idi. Bu məktəbə düşmək üçün böyük məmnuniyyətlə həyatımızda lazımi dəyişikliklər etdik. Bir qədər sonra bizdən əvvəlcə Lonsayd (Nyu–Cersi ştatı), sonra Çester (Pensilvaniya ştatı) və nəhayət, Atlantik-Siti (Nyu-Cersi ştatı) şəhərinə köçməyi xahiş etdilər. Atlantik-Sitidə xidmət edərkən Gilead Məktəbinə ərizə verə bildik, çünki artıq iki il idi ki, evli idik. Lakin dəvətimiz təxirə salındı. Bunun səbəbi vardı.
1950-ci illərin əvvəllərində, Koreya müharibəsi gedəndə bir çox kişilər hərbi xidmətə çağırılmışdı. Yehovanın Şahidləri müharibələrdə iştirak etmədikləri üçün onlara qarşı qərəzli mövqe tutan Filadelfiyadakı çağırış komissiyası məni hərbi xidmətdən azad etmək istəmirdi. Nəhayət, işimə baxan hakim mənə xəbər verdi ki, FTB (Federal Təhqiqatlar Bürosu) yoxlama keçirdikdən sonra mənim, həqiqətən də, bitərəf mövqe tutduğuma əmin oldu. Beləliklə, 1952-ci ilin yanvarın 11-də məni rəsmi olaraq din xadimi kimi tanıyaraq hərbi xidmətdən azad etdilər.
Elə həmin ilin avqust ayında sentyabrda başlayan Gilead Məktəbinin 20-ci sinfinə dəvət aldıq. Burada oxuduğumuz müddətdə böyük səbirsizliklə xarici ölkəyə təyin olacağımızı gözləyirdik. Bacım Doris Gilead Məktəbinin 13-cü sinfini bitirib Braziliyada xidmət edirdi. Lakin Geri ilə məni səyyar xidmətə, cənubda yerləşən Alabama ştatındakı qaradərili yığıncaqlara baş çəkməyə təyin edəndə çox təəccübləndik, hətta bir az məyus olduq, çünki özümüzü xarici ölkədə xidmət etməyə kökləmişdik.
Baş çəkdiyimiz ilk yığıncaq Hantsvilldə idi. Ora gələn kimi qalmalı olduğumuz bacının evinə yollandıq. Əşyalarımızı boşaldanda təsadüfən onun telefonda kiməsə: «Uşaqlar artıq buradadırlar», — dediyini eşitdik. O vaxt bizim 24 yaşımız vardı, ancaq biz yaşımızdan daha cavan görünürdük. Geri ilə bu rayonda xidmət etdiyimiz müddətdə bizi elə hey «uşaqlar» deyə çağırırdılar.
ABŞ-ın Cənubunu çox vaxt «Müqəddəs Kitab diyarı» adlandırırdılar, çünki orada Allahın Kəlamına böyük hörmət bəslənilirdi. Buna görə də biz tez-tez üç hissədən ibarət olan aşağıdakı təqdimədən istifadə edirdik:
1) Dünyanın vəziyyəti haqda qısaca olaraq bir-iki söz deyirdik.
2) Müqəddəs Kitabın verdiyi ümiddən danışırdıq.
3) Müqəddəs Kitabda bizdən nə tələb olunduğunu göstərirdik.
Sonra isə Müqəddəs Kitabı öyrənmək üçün münasib vəsait təklif edirdik. Bu təqdimə uğurlu olduğundan məndən 1953-cü ildə Nyu-Yorkda keçirilən «Yeni dünyanın cəmiyyəti» adlı konqresdə onu nümayiş etdirməyi xahiş etdilər.
Elə 1953-cü ilin yayında məni Cənubda qaradərililərin rayonuna vilayət nəzarətçisi təyin etdilər. Bizim vilayətə, qərbdə yerləşən Alabama və Tennessi ştatlarını çıxmaq şərtilə, Virginiyadan Floridaya qədər olan bütün ərazi daxil idi. O vaxtlar səyyar nəzarətçilər hər şəraitə uyğunlaşmağı bacarmalı idilər. Çox vaxt qaldığımız evlərdə tualet çöldə yerləşirdi və mətbəx sobasının arxasında ləyənlərdə çimməli olurduq. Xoşbəxtlikdən, bu, evin ən isti yeri idi.
İrqi seqreqasiyanın yaratdığı çətinliklər
Cənubda xidmət edərkən nəyəsə nail olmaq üçün ehtiyatlı və fərasətli olmaq lazım idi. Qaradərililərə ictimai camaşırxanalardan istifadə etmək qadağan idi. Buna görə də Geri ora gedərkən yuyacağı paltarların «missis Tompson»a məxsus olduğunu deyirdi. Çoxları onun qulluqçu, «missis Tompson»un isə evin sahibəsi olduğunu düşünürdü. Həmin illərdə vilayət nəzarətçiləri «Yeni dünya cəmiyyətinin fəaliyyəti» adlı filmi nümayiş etdirəndə mən mağazaya zəng edib «cənab Tompson» üçün böyük ekran sifariş edirdim. Sonra gedib onu götürürdüm. Biz həmişə nəzakətli olmağa çalışırdıq və əksər hallarda xidmətimizdə çətinliklər yaranmırdı.
Cənubda ayrı-seçkiliyin digər növü də hökm sürürdü: çoxları Şimaldan olanlara nifrət edirdilər. Yerli qəzetlərin birində yazılmışdı ki, Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətindən (Nyu-York) olan Ceyms Tompson konqresdə çıxış edəcək. Bəziləri elə başa düşdülər ki, mən Nyu-Yorkdanam, bu səbəbdən məktəb auditoriyasını icarəyə götürmək barədə bağladığımız müqavilə ləğv edildi. Mən məktəb müdiriyyətinin yanına gedib vaxtilə Çattanuqadakı məktəbdə oxuduğumu dedim. Bundan sonra rayon konqresimizin keçirilməsinə icazə verildi.
1950-ci illərin ortalarında irqi ayrı-seçkilik zəminində gərginlik artdı və bəzən bu, zorakılıqla nəticələnirdi. 1954-cü ildə bir sıra vilayət konqreslərində qaradərili qardaşlara çıxışlar verilmədiyi üçün bu, bəzi Şahidlərin xətrinə dəymişdi. Biz qaradərili qardaşlarımızı səbirli olmağa təşviq edirdik. Növbəti yayda məni məruzə ilə çıxış etməyə təyin etdilər. Növbəti ildən etibarən isə konqres proqramlarında iştirak edən Cənubdan olan qaradərili qardaşların sayı artmağa başladı.
Cənubda irqi ayrı-seçkilik zəminində zorakılıq get-gedə azalırdı və yığıncaqlarda qara və ağdərili qardaşlar birlikdə xidmət etməyə başladılar. Bunun üçün bəzi təbliğçiləri başqa yığıncaqlara keçirmək, eləcə də yığıncağın ərazilərində və qardaşların məsuliyyətlərində dəyişikliklər etmək lazım gəldi. Həm qara, həm də ağdərili bacı-qardaşlar arasında bu dəyişikliyi bəyənməyənlər vardı. Əksəriyyəti isə, səmavi Atamız Yehova kimi, üzgörən deyildi. Dərilərinin rəngindən asılı olmayaraq, çoxları artıq yaxın dost idilər. Hələ o vaxtları, 1930—1940-cı illərdə, mən uşaq olanda belə münasibəti öz ailəmdə görmüşdüm.
Yeni təyinat
1969-cu ilin yanvar ayında Geri ilə məni Qayanada (Cənubi Amerika) xidmət etməyə dəvət etdilər və biz böyük məmnuniyyətlə bu dəvəti qəbul etdik. İlk öncə biz Bruklinə (Nyu-York) getdik. Orada mən Qayanada təbliğ xidmətinin təşkili ilə əlaqədar təlim aldım. Qayanaya 1969-cu ilin iyul ayında gəldik. Səyyar xidmətdə 16 il keçirdikdən sonra bir yerdə qalmaq bizim üçün, həqiqətən də, böyük dəyişiklik idi. Geri günlərinin çoxunu missioner kimi təbliğdə, mən isə filialda xidmət etməklə keçirirdim.
Qazon biçməkdən və 28 yığıncağın sifariş etdiyi ədəbiyyatı onlara göndərməkdən tutmuş mərkəzi idarə ilə yazışmağa qədər filialda müxtəlif işlər görürdüm. Hər gün 14—15 saat işləyirdim. İkimizin də təyinatı çətin olsa da, ondan sevinc duyurduq. Biz Qayanaya təzəcə gələndə burada 950 təbliğçi var idi. Hal-hazırda isə onların sayı 2500-dən çoxdur.
Düzdür, mülayim iqlim, ekzotik meyvə və tərəvəzlər bizim çox xoşumuza gəlirdi, lakin Müqəddəs Kitab həqiqətləri üçün susayan həlim insanların Allahın Padşahlığı haqqında öyrənmələri bizə daha böyük sevinc bəxş edirdi. Çox vaxt Geri həftədə 20 nəfərlə Müqəddəs Kitab öyrənməsi keçirirdi. Onlardan bir çoxu ruhən inkişaf edərək vəftiz olundu: aralarında sonradan pioner, ağsaqqal və hətta missionerlər olanlar da var idi.
Problemlər və xəstəliklər
1983-cü ildə Birləşmiş Ştatlarda yaşayan valideynlərimin köməyə ehtiyacı yarandı. Biz Dorislə görüşüb nə edəcəyimizi götür-qoy etdik. Braziliyada 35 il missioner kimi xidmət edən Doris qərar verdi ki, geri qayıdıb valideynlərimizin qayğısına qalsın. O dedi ki, bu işi bir nəfər görə bildiyi halda, nəyə görə iki missioner öz təyinatlarını dayandırmalıdır? Valideynlərimiz vəfat edəndən sonra Doris Çattanuqada qalaraq xüsusi pioner kimi xidmətini davam etdirdi.
1995-ci ildə mənə prostat vəzi xərçəngi diaqnozu qoyuldu və Birləşmiş Ştatlara qayıtmalı olduq. Biz Qoldsboro (Şimali Karolina) şəhərində məskunlaşdıq, çünki bura həm Tennessidə yaşayan mənim qohumlarıma, həm də Pensilvaniyada yaşayan Gerinin qohumlarına yaxındır. Mən sağalmaq üzrəyəm və biz Qoldsborodakı yığıncaqda saat məhdudiyyəti olmayan xüsusi pionerlər kimi xidmət edirik.
Tammüddətli xidmətdə keçirdiyimiz 65 ilə nəzər salanda ürəyimiz Ona daha çox xidmət etmək uğrunda etdiyimiz bütün dəyişikliklərə xeyir-dua verən Yehovaya minnətdarlıqla dolur. Davud demişdi: «[Yehova,] sədaqətlilərlə sədaqətlisən». Bu sözlərdə böyük həqiqət var (2 Şam. 22:26).
[Haşiyə]
«[Bəzi dövlətlərdə] ölkə əhalisinin irqi qruplara bölgüsünün məcburi saxlanması. Seqreqasiya bu və ya digər milli qrupun ayrı-seçkiliyə məruz qalmasıdır» («Azərbaycan Sovet Ensiklopediyası», VIII cild, səhifə 323).
[3–cü səhifədəki şəkil]
Atam və Henri qardaş mənə gözəl nümunə qoyublar
[4–cü səhifədəki şəkil]
Geri ilə Gilead Məktəbinə hazırlaşarkən, 1952-ci il
[5–ci səhifədəki şəkil]
Gilead Məktəbini bitirdikdən sonra bizi Cənuba səyyar xidmətə təyin etdilər
[6–cı səhifədəki şəkil]
Səyyar nəzarətçilər və onların həyat yoldaşları həm ağ, həm qaradərililər üçün vilayət konqresinə hazırlaşırlar, 1966-cı il
[7–ci səhifədəki şəkil]
Qayanada missioner kimi xidmət etmək çox sevindirici idi