Allahın Kəlamından nə öyrənirik?
Müqəddəs Kitab gələcəkdən xəbər verirmi?
Bu məqalə sizi maraqlandıran suallara toxunur və onların cavabını Müqəddəs Kitabınızda tapmağa kömək edəcək. Yehovanın Şahidləri sizinlə bu sualları məmnuniyyətlə müzakirə edəcəklər.
1. Müqəddəs Kitab peyğəmbərlikləri nə dərəcədə dəqiqdir?
Gələcəyi bütün təfərrüatı ilə yalnız Külli-İxtiyar Allah görə bilər (Amos 3:7). Məsələn, O, Məsih adlandırılan bir nəfərin dünyaya gələcəyini hələ qədim zamanlarda demişdi. Məsih sadiq insan İbrahim peyğəmbərin nəslindən gələcəkdi. O, itaətkar bəşəriyyətə ağrı-acısı olmayan gözəl həyat bəxş edəcək bir hökmdar olacaqdı (Yaradılış 22:18; Yeşaya 53:4, 5). Vəd edilmiş bu adam Betlehemdə [Bet-Lexem] anadan olmalı idi. (Mikeya 5:2 ayəsini oxu.)
İsa peyğəmbər həmin vəd olunmuş Məsih oldu. Təxminən 700 il öncə Müqəddəs Kitabda deyilmişdir ki, Məsih bakirə qızdan doğulacaq və onu həqarətlə qarşılayacaqlar. O, çoxlarının günahı üçün həyatını qurban verəcək və dövlətli adamın yanında dəfn olunacaq (Yeşaya 7:14; 53:3, 9, 12). Eləcə də Allahın Kəlamında təxminən beş əsr əvvəl peyğəmbərlik edilmişdir ki, o, bir sıpanın üstündə Yerusəlimə daxil olacaq və 30 gümüş pula ələ veriləcək. Bütün bu deyilənlər xırdalığına qədər yerinə yetdi. (Zəkəriyyə 9:9; 11:12 ayələrini oxu.)
2. Allah hadisələrin tarixini də qabaqcadan deyirmi?
Müqəddəs Yazılarda Məsihin gəlişinin dəqiq ili təxminən beş əsr əvvəl peyğəmbərlik edilmişdir. Daniel 9:25 ayəsində deyilir: «Yerusəlimi əvvəlki halına qoymaq və bina etmək üçün əmrin çıxmasından məsh olunan hökmdara qədər yeddi həftə və altmış iki həftə olacaq» (Kitabı Mukaddes). Məsihin gəlişinə qədər olan vaxt illik həftələrlə ölçülürdü. 7 həftə ilə 62 həftənin cəmi 69 illik həftəyə, yəni 483 ilə bərabərdir. Bu illik həftələr nə zaman başlayıb? Müqəddəs Kitaba əsasən, Allahın xidmətçisi Nehemya Yerusəlimə gəlib şəhəri bərpa etməyə başlayanda həmin dövr başlamışdır. Fars tarixi bunun b. e. ə. 455-ci ildə olduğunu göstərir (Nehemya 2:1—5). İsa, 483 il sonra, eramızın 29-cu ilində Məsih kimi vəftiz olundu.
3. Müqəddəs Kitab peyğəmbərlikləri bizim günlərdə də yerinə yetirmi?
İsa bizim günlərdə mühüm hadisələrin baş verəcəyini peyğəmbərlik etmişdi. Onun peyğəmbərliyində bütün dünyada salehlərə rahatlıq gətirəcək Allahın Padşahlığı haqqında xoş xəbər xatırlanır. Bu Padşahlıq yaşadığımız indiki pis sistemi tamamilə məhv edəcək. (Matta 24:14, 21, 22 ayələrini oxu.)
Müqəddəs Kitabda hal-hazırkı sistemin sonunda baş verəcək hadisələr təfərrüatı ilə qabaqcadan söylənilmişdir. Peyğəmbərliyə əsasən, inkişaf əsrində hər şeyin yaxşılaşması əvəzinə, insanlar yer kürəsini getdikcə tələf edəcəklər. Müharibələrin, qıtlığın, zəlzələlərin və epidemiyaların gətirdiyi əzab-əziyyətlər get-gedə çoxalacaq (Luka 21:11; Vəhy 11:18). Əxlaq normaları dəyərdən düşəcək. Bu çətin zəmanədə İsanın davamçıları bütün xalqlara Allahın Padşahlığı haqqında xoş xəbəri təbliğ edəcəklər. (Matta 24:3, 7, 8; 2 Timoteyə 3:1—5 ayələrini oxu.)
4. Bəşəriyyəti gələcəkdə nə gözləyir?
Qadir Allahın saleh insanların gələcəyinə dair yaxşı niyyəti var. İsa Məsih seçdiyi insanlarla bərabər göydən yeri idarə edəcək. Onlar birlikdə min il hökmranlıq edəcək Padşahlıq hökumətini təşkil edirlər. Ölülər dirildiləcək və onlara əbədi həyatı qazanmağa imkan veriləcək. Bundan əlavə, bu hökumət onun hökmranlığı altında yaşayacaq bütün insanların sağlamlığını bərpa edəcək. Artıq xəstəlik və ölüm olmayacaq. (Vəhy 5:10; 20:6, 12; 21:4, 5 ayələrini oxu.)
Əlavə məlumat üçün «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının 23—25 və 197—201-ci səhifələrinə baxın.