Arxivimizdən
Keçmişimizin dəyərli incilərini qoruyub saxlayaq
YEHOVANIN xalqı çox zəngin ruhani irsə malikdir. Biz bu möhtəşəm irsimiz barədə yalnız kitablarımızdan, jurnallarımızdan yox, həmçinin şəkillərdən, məktublardan, həmimanlılarımızdan, eləcə də ibadətimizlə, təbliğ fəaliyyətimizlə və tariximizlə bağlı olan əşyalardan öyrənə bilərik. Belə materialları qoruyub saxlamağın və keçmişimizin səhifələrini vərəqləməyin hansı əhəmiyyəti var? Məsələn, övladları «ümidlərini Allaha bağlasınlar» deyə qədim İsraildə ailə başçıları onlara Yehovanın qanunları və heyrətamiz işləri barədə danışmalı idilər (Məz. 78:1—7).
Arxivdə məlumatlar axtarmaq hələ qədim dövrlərdə Allahın niyyətinin yerinə yetməsində vacib rol oynayırdı. Misal üçün, düşmənlər Yerusəlimdəki məbədin tikintisini dayandırmağa çalışanda Midiyanın paytaxtı Ekbatanadakı dəftərxanadan padşah Kirin bu tikintiyə icazə verən sərəncamı tapılmışdı (Ezra 6:1—4, 12). Beləliklə, Allahın iradəsinə uyğun olaraq məbəd bərpa olundu. «Hər şeyi lap başdan dəqiqliklə [araşdıran]» Luka da öz müjdəsini yazarkən arxivdəki məlumatlardan yararlanmışdı (Luka 1:1—4).
Rəhbərlik Şurası teokratik tariximizlə dərindən maraqlanır. Ruhani irsimizin qorunub saxlanılması, sənədləşdirilməsi və gələcək nəslə ötürülməsinin vacibliyi barədə Rəhbərlik Şurasının bir üzvü demişdi: «Hara getdiyimizi bilmək üçün haradan gəldiyimizi bilməliyik». Buna görə də Bruklində (Nyu-York) yerləşən baş idarədə Yazı komitəsinin nəzdində «Yazı komitəsinin tarixi arxivi» yaradılmışdı.
«AİLƏMİZƏ» MƏXSUS ŞƏKİLLƏR VƏ ƏŞYALAR
Vaxt keçdikcə çox şeylər unudulur, buna görə də əksəriyyətimiz: «Kaş ki, ailəmizə məxsus olan şeyləri qoruyub saxlayardım!» — deyə təəssüflənirik. Yazı komitəsinin tarixi arxivində zəngin və getdikcə artan mirasımızın qorunub saxlanılması və sənədləşdirilməsi üçün gərgin iş gedir. Arxivimizdə böyük səylə qorunub saxlanılan şəkillərə «ailə albomumuzun» bir parçası kimi baxmaq olar. Həmçinin arxivimizin inciləri arasında ilk nəşrlərimiz, həmimanlılarımızın hansısa hadisələr barədə şəxsi qeydləri və bizim üçün dəyərli olan əşyalar da var. Bütün bunlar bizə teokratik tariximiz barədə öyrənməyə və ruhani ailəmizin gələcəyinə əminliklə baxmağa kömək edir.
Biz sizi «Arxivimizdən» adlı yeni rubrika vasitəsilə bu arxivdəki əşyalara «baxmağa» dəvət edirik. Bu rubrika vaxtaşırı olaraq «Gözətçi qülləsi»nin təlim nəşrində dərc olunacaq. Məsələn, jurnalımızın növbəti sayında bu rubrika altında çıxacaq şəkilli məqalədə aşağıdakı suallara cavab tapacağıq: «“Səyyar şəfəq” nədir? Ondan kimlər, nə zaman və hansı məqsədlə istifadə edirdilər?»
Xatirələri canlandıran ailə albomu kimi, arxiv kolleksiyamız da bizə özümüz və ruhani sələflərimiz barədə çox şey deyir. Biz onların imanı və cəsarəti, məhəbbətli səmavi Atamıza xidmətdən duyduqları sevinc və üzləşdiyi çətinliklər, eləcə də Allahın onlara necə rəhbərlik verdiyi və xalqına həmişə dayaq olduğu barədə öyrənirik (Qanun. t. 33:27). Biz əminik ki, Yehova təşkilatımızın tarixini qorumaq səylərimizə xeyir-dua verəcək və niyyətini həyata keçirə bilək deyə bizi, eləcə də aramızda hökm sürən birliyi möhkəmləndirəcək.
[31–ci səhifədəki şəkil/çərçivə]
İşin gedişatı barədə
Ədəbiyyatlarımızı, DVD-ləri və Müqəddəs Kitaba əsaslanan digər materialları hazırlayarkən yazıçılar, rəssamlar, tədqiqatçılar və bu işdə iştirak edən başqa adamlar arxivimizdəki mənbələrdən istifadə edirlər. Buna görə də Yazı komitəsinin arxivində çalışan əməkdaşlar filiallardan, Bet-El şöbələrindən, yığıncaqlardan, ayrı-ayrı adamlardan və müəssisələrdən tarixi əhəmiyyəti olan müxtəlif əşyaları əldə etmək və onları qoruyub saxlamaq üçün böyük iş görürlər. Gəlin onların işinə yaxından nəzər salaq.
Əldə edilməsi və təhlili. Arxivimizin kolleksiyasına daima nadir əşyalar daxil olur. Bu əşyaların bir çoxu uzun müddət Yehovaya sədaqətlə xidmət edən ailələr tərəfindən ya hədiyyə olunur, ya da müvəqqəti istifadə üçün arxivimizə təqdim edilir. Bu material və əşyaları təhlil və müqayisə etməyimizin sayəsində təşkilatımızın tarixini və o vaxtlar yaşayan həmimanlılarımız barədə öyrənirik.
Kataloqa salınması. Tarixi arxivimizdə minlərlə əşyalar var ki, onların bəzilərinin yaşı yüz ildən çoxdur. Arxivə daxil olan əşyalar müxtəlif formada, ölçüdə və formatda olur. Gələcəkdə onları tapmaq və istifadə etmək asan olsun deyə kataloqa salmaq lazımdır.
Bərpa olunması və qorunması. Köhnə kitablar və əşyalar peşəkarcasına bərpa olunur və qorunur. Sənədlər, fotoşəkillər, qəzetlərdən kəsilmiş parçalar, kino/fotolentlər və vallar (plastinkalar) rəqəmli daşıyıcılara köçürülür ki, onlar elektron formatda əlçatan olsun. Bunun sayəsində tarixi əhəmiyyətə malik olan sənədlərin və əşyaların orijinallarına zərər dəyməsinin qarşısını almaq mümkündür.
Saxlanılması və axtarışı. Arxiv materiallarının itkisinin, eləcə də işıq və rütubətdən korlanmasının qarşısını almaq üçün onlar müəyyən qayda və şəraitdə saxlanılır. Üstəlik, həmin sənəd və əşyaların məlumat bazası yaradılır ki, bu da keçmişimizlə bağlı incilərin axtarışını və tədqiqatını xeyli asanlaşdırır.
[32–ci səhifədəki şəkillər]
1) «Yaradılış fotodramı»nın afişası. 2) Nəşrlərimizə abunə olanların siyahısı. 3) Səsgücləndirici aparatura ilə təchiz olunmuş maşın. 4) «Gözətçi qülləsi» jurnalının 1912-ci il 15 aprel sayının üz qabığı. 5) C. Ruterfordun həbsxana qeydiyyat kağızı. 6) WBBR radiostansiyasında istifadə olunan mikrofon. 7) Fonoqraf. 8) Kitabları daşımaq üçün çamadan. 9) Şəxsi qeydlər. 10) C. Ruterforda teleqram.