Hikmətli ol «sağlam məsləhət» axtar
Həyatımız dəniz səyahətinə bənzəyir. Lakin insan müdrikliyi bu səyahəti uğurla başa vurmaqda çox vaxt işə yaramır. Çoxları fırtınalı dənizə bənzər bu həyatda «gəmi qəzasına» uğrayıblar (Məz. 107:23, 27). Nəyə görə bu, münasib müqayisədir?
Qədim zamanlarda dənizlə səyahət etmək böyük təcrübə tələb edən çətin bir iş idi. Bu həm də ömürləri dənizdə keçmiş dənizçilərdən, məsələn, sükançılardan öyrənilən bir bacarıq idi (Həv. iş. 27:9—11). Bir çox qədim rəsm əsərlərində sükançının rolunun vacibliyini vurğulamaq üçün o, digər dənizçilərə nisbətən daha irigövdəli təsvir olunur. Cəsarət edib açıq dənizə çıxmaq üçün dənizçilər ulduzlar, küləklər və istiqaməti müəyyən etməkdə yardımçı olan digər şeylər barədə öyrənirdilər. Müqəddəs Kitab Sur şəhərinin dənizçilərini «bacarıqlı» adlandırır; bu sözü «müdrik» kimi də tərcümə etmək olar (Yez. 27:8).
Müasir həyatın problemləri həll etmək qədim zamanlarda dənizlə səyahət etmək qədər çətin ola bilər. Bəs belə çətin zamanda bizim dadımıza nə çata bilər?
«SAĞLAM MƏSLƏHƏT»LƏRİ NECƏ TAPA BİLƏRİK?
Həyatın dəniz səyahətinə bənzədildiyini yadda saxlayaraq gəlin Müqəddəs Kitabda yer alan bir həqiqəti nəzərdən keçirək: «Hikmətli qulaq asıb müdrikliyini [artırır], dərrakəli adam sağlam məsləhət [alır]» (Sül. məs. 1:5, 6). Burada «sağlam məsləhət» kimi tərcümə olunan ibrani ifadəsi ilə qədim dövrlərdəki gəmi kapitanlarının fəaliyyətini təsvir etmək olar. Bu ifadə altında ustalıqla idarə etmək və istiqamət vermək bacarığı nəzərdə tutulur.
«Sağlam məsləhət» axtarıb tapmaq və həyat dənizində uğurla «üzmək» üçün böyük səy tələb olunsa da, bu mümkündür. «Süleymanın məsəlləri» kitabında qeyd olunduğu kimi, hikmət, dərrakə və idrak kimi xüsusiyyətləri birgə işlətməliyik (Sül. məs. 1:2—6; 2:1—9). Lakin bu, kifayət deyil, çünki hətta şər insanlar belə, hiyləgər də olsa, məsləhətlər verirlər. Buna görə də biz Allahın rəhbərliyini axtarmaq çağırışına xor baxmamalıyıq (Sül. məs. 12:5).
Bu səbəbdən Allahın Kəlamını çalışqanlıqla araşdırmaq olduqca vacibdir. Bunun sayəsində biz Yehova Allah və Onun xüsusiyyətlərini ən mükəmməl şəkildə təzahür etdirən İsa Məsih barədə qiymətli biliklər əldə edə bilərik (Yəh. 14:9). Yığıncaq görüşlərində də biz çoxlu müdrik məsləhətlər alırıq. Bundan əlavə, valideynlərimiz də daxil olmaqla, təcrübəli insanlardan da öyrənə bilərik (Sül. məs. 23:22).
UZAQGÖRƏNLİK VƏ PLANLAŞDIRMA
Məcazi dillə desək, təhlükəli sularda «üzəndə» «sağlam məsləhət»ə daha çox ehtiyacımız olur. Qəliz bir vəziyyətlə üzləşəndə biz nə edəcəyimizi bilmirik. Belə hallarda şübhələr bizi öz ağuşuna alaraq «iflic» edə bilər, bunun nəticəsi isə fəlakətdir (Yaq. 1:5, 6).
Maraqlıdır ki, «sağlam [düzgün] məsləhət» kimi tərcümə olunan ibrani ifadəsi müharibə ilə əlaqədar da işlənir. Biz oxuyuruq: «Düzgün məsləhətlə [«məharətli strategiya ilə», «The Revised English Bible»] müharibə edə bilərsən, doğru nəsihət verən çoxdursa, qələbəyə çatarsan» (Sül. məs. 20:18; 24:6).
Döyüşü təşkil edən strateq kimi, biz də ruhaniliyimiz üçün təhlükə yaradacaq amilləri müəyyən edib onlara qabaqcadan hazırlaşmalıyıq (Sül. məs. 22:3). Məsələn, ola bilsin, sən yeni iş və ya yeni vəzifə təklifini götür-qoy edirsən. Təbii ki, sən alacağın məvacibi, yola nə qədər vaxtın gedəcəyini və digər xırdalıqları nəzərdən keçirəcəksən. Bununla belə, başqa amilləri də nəzərə almaq lazımdır: «Bu iş Müqəddəs Kitab prinsiplərinə zidd deyil ki? Yeni iş qrafikim məsihçi fəaliyyətimə mane olmayacaq ki?» (Luka 14:28—30).
Yehovanın Şahidi olan Loretta qida məhsullarının istehsalı ilə məşğul olan bir şirkətdə yaxşı vəzifədə çalışırdı. Şirkət yeni əraziyə köçməli olanda Lorettaya orada məsul vəzifə təklif olundu. Menecerlər ona dedilər: «Həyatda bir də belə şansın olmayacaq. Biz hətta öyrənmişik ki, orada Padşahlıq zalı da var». Lakin Loretta Yaradana daha çox xidmət etmək üçün həyatını sadələşdirmək istəyirdi. O gördü ki, bu yeni vəzifə onun çox vaxtını alacaq və xidmətinə əngəl törədəcək. Menecerlərdən birinin səmimi olaraq onun şirkətdə saxlamaq istədikləri yeganə şəxs olduğunu deməsinə baxmayaraq, Loretta işdən çıxdı. Təxminən 20 ildir daimi pioner kimi xidmət edən Loretta əmindir ki, əldə etdiyi gözəl bəhrələr birbaşa olaraq Allahın Kəlamındakı «sağlam məsləhət»ləri tətbiq etməsinin nəticəsidir. O, Yehova ilə münasibətini möhkəmləndirdi və bir neçə adama Müqəddəs Kitab həqiqətlərini qəbul etməyə kömək etdi.
Ailədə də «sağlam məsləhət»ə ehtiyac var. Uşaqları tərbiyə etmək, onları boya-başa çatdırmaq böyük işdir; ruhani, maddi məsələlərlə əlaqədar verilən qərarlar bütün ailənin gələcəyinə təsir edir (Sül. məs. 22:6). Uşaqları olan məsihçilər özlərindən soruşa bilərlər: «Övladlarımız böyüyəndə onlara çətinliklərin öhdəsindən müdrikliklə gəlməkdə kömək edəcək ruhani dəyərləri öz danışıq və davranış tərzimizlə aşılayırıqmı? Bizim sürdüyümüz həyat tərzi onlara sadə yaşamaqla kifayətlənməyin və diqqətlərini xidmətə cəmləməyin nə demək olduğunu başa düşməyə kömək edirmi?» (1 Tim. 6:6—10, 18, 19).
Əsil müvəffəqiyyət bu dünyada əksər insanların can atdığı pul və əyləncələrdən asılı deyil. Süleyman padşah bunun nə demək olduğunu başa düşürdü. O, Allahdan ilham alaraq demişdi: «Allahdan qorxanların, Onun hüzurunda ehtiramla duranların yaxşılıq görəcəyini bilirəm» (Vaiz 8:12). Həqiqətən də, bu sözlər Allahın Kəlamına əsaslanan və ona uyğun olan «sağlam məsləhət» axtarmağın müdrik hərəkət olduğuna dəlalət edir (2 Tim. 3:16, 17).
[30–cu səhifədəki şəkil]
Sükançının rolunu vurğulamaq üçün o, adətən, başqa dənizçilərə nisbətən daha irigövdəli təsvir olunurdu
[İcazə ilə]
Su concessione del Ministero per i Beni e le Attività Culturali. Bu şəklin surətini istənilən formada çıxartmaq qadağandır.