Onlardakı bolluq sizdəki əskikliyi doldurur
ERAMIZIN 49-cu ili idi. «Yığıncağın sütunları hesab olunan» Peter, Yaqub və Yəhya həvari Pavelə və onun əməkdaşı Barnabaya tapşırıq verdilər. Onlar başqa millətlərə təbliğ edərkən kasıb məsihçiləri də unutmamalı idilər (Qalat. 2:9, 10). Onlar bu məsuliyyətin öhdəsindən necə gəldilər?
Pavelin məktubları göstərir ki, o, verilən bu tapşırığa məsuliyyətlə yanaşırdı. Misal üçün, o, Korinfdən olan məsihçilərə belə yazmışdı: «Müqəddəslər üçün toplanılan maddi yardım məsələsinə gəldikdə siz də Qalatiya yığıncaqlarına verdiyim göstərişə əməl edin. Hər həftənin birinci günü hər kəs evində imkanına görə müəyyən miqdarda pul ayırıb saxlasın ki, mən gələndə pul yığmağa başlamayasınız. Mən gələndə məktublarda məsləhət gördüyünüz adamların vasitəsilə bəxşişinizi Yerusəlimə göndərəcəyəm» (1 Kor. 16:1—3).
Korinflilərə yazdığı ikinci məktubunda Pavel pul yığmaq məsələsinə yenidən qayıdaraq demişdi: «İndi sizdəki bolluq onlardakı əskikliyi doldursun» (2 Kor. 8:12—15).
Eramızın təxminən 56-cı ilində Pavel Romadakı məsihçilərə yazarkən pul yığımı, demək olar ki, tamamlanmışdı. O demişdi: «Müqəddəslərə xidmət etmək üçün Yerusəlimə yola düşürəm. Makedoniya və Axayyadan olan qardaşlar Yerusəlimdəki müqəddəslərin arasındakı kasıblara əl tutmaq üçün məmnuniyyətlə bəxşiş hazırlayıblar» (Rom. 15:25, 26). Pavelin bu tapşırığı dərhal yerinə yetirdiyi Yerusəlimə qayıtdıqdan və orada həbs olunduqdan sonra Roma valisi Feliksə dediyi sözlərdən bəlli olur: «Yerusəlimə gəldim ki, toplanmış ianələri xalqıma çatdırım» (Həv. iş. 24:17).
Birinci əsrdəki məsihçilərin necə əhval-ruhiyyə təzahür etdirdikləri Pavelin makedoniyalılar barədə dediyi sözlərdən aydın görünür. O qeyd etmişdi ki, «onlar bizdən bəxşişlərini qəbul etməyi... dönə-dönə xahiş edirdilər». Həvari korinfliləri onların nümunəsini izləməyə təşviq edərək demişdi: «Qoy hər kəs könülsüz və ya məcburi deyil, ürəyində qət etdiyi kimi versin, axı Allah sevinclə verəni sevir». Yığıncaqları bu cür səxavət göstərməyə nə təşviq edirdi? Onlar «müqəddəslərin ehtiyaclarını tam ödəməklə yanaşı, Allaha edilən şükürlərlə dolub-daşır»dılar (2 Kor. 8:4; 9:7, 12). Biz də eyni niyyətdən irəli gələrək əliaçıqlıq göstərməliyik. Yehova Allah bu cür gözəl və təmənnasız əhval-ruhiyyəni mütləq xeyir-dualandıracaq. Onun xeyir-duası insana əsil sərvət gətirir (Sül. məs. 10:22).
[9–cu səhifədəki çərçivə]
BƏZİLƏRİ NECƏ İANƏ EDİRLƏR?
ÜMUNDÜNYA İŞİ ÜÇÜN PUL İANLƏRİ
Çoxları öz büdcələrindən müəyyən miqdarda pul ayırır və üzərində «Ümumdünya işi üçün ianələr (Matta 24:14)» yazılan qutuya atırlar.
Yığıncaqlar bu könüllü ianələri hər ay yerli filiala göndərir. Könüllü edilən pul ianələrini ölkənizə baxan filiala göndərmək olar. Zəhmət olmasa, ianə ilə birlikdə onun hədiyyə olduğunu bildirən qısa məktub da göndərin.
İANƏNİN DİGƏR NÖVLƏRİ
Bəzi ölkələrdə ümumdünya təbliğ işini dəstəkləmək üçün pul ianə etməkdən savayı, başqa üsullar da var. Onlardan bəziləri bunlardır:
Daşınmaz əmlak. Satışa yararlı olan daşınmaz əmlakı hədiyyə kimi ya birbaşa filiala ianə etmək olar, ya da hədiyyə edənin ölənədək orada yaşayıb əmlakına sahiblik hüququna malik olmaq şərtilə ianə etmək olar. Öz əmlakınızı hədiyyə olaraq filiala vermək üçün sənədləri hazırlamazdan öncə, zəhmət olmasa, filialla əlaqə saxlayın.
Vəsiyyətnamə. Əmlakı və ya pulu qanunla müəyyən olunmuş formada tərtib edilən vəsiyyətnamə əsasında filiala vermək olar. Belə olan halda, zəhmət olmasa, vəsiyyətnamənin surətini filiala göndərin.