«Mənə sənin iradənə əməl etməyi öyrət»
«Mənə Sənin iradənə əməl etməyi öyrət, çünki mənim Allahım Sənsən» (MƏZ. 143:10).
YADDA SAXLAMALI OLDUĞUMUZ ƏSAS FİKİRLƏR
Davudun yaranan vəziyyətlərə Yehovanın nöqteyi-nəzəri ilə baxdığı nədən görünür?
Davuda Allahın iradəsini ayırd etməyə nə kömək edirdi?
Yehovanın lütfündə qalmağa bizə nə kömək edə bilər?
1, 2. Allahın iradəsini nəzərə almaq bizə hansı faydanı gətirə bilər və Davud padşahdan buna dair nə öyrənə bilərik?
NƏ VAXTSA səyahət edərkən adi xəritədən və ya kompüterləşdirilmiş xəritə proqramından istifadə etmisənmi? Bu xəritələrin köməyilə yerin yuxarıdan necə göründüyünə baxmaq və bir yerdən başqa yerə getmək üçün ən əlverişli yolu seçmək mümkündür. Eynilə, vacib qərarlar verərkən məsələyə ətraflı nəzər salmaq və ya Allahın bu məsələyə dair fikrini öyrənmək bizim üçün faydalı olacaq. Bu, bizə Yehovanın iradəsinin nədən ibarət olduğunu bilməyə və Ona məqbul olan yolla getməyə kömək edəcək (Yeşaya 30:21).
2 İsrailin qədim padşahı Davud, demək olar ki, ömrü boyu Allahın iradəsinə uyğun yaşayıb və bununla bizə gözəl nümunə qoyub. Gəlin onun həyatında baş vermiş bəzi hadisələri nəzərdən keçirək və ürəyi bütünlüklə Yehova Allahla olan Davudun davranışlarından özümüzə dərs götürək (1 Pad. 11:4).
DAVUD YEHOVANIN ADINA DƏRİN HÖRMƏT BƏSLƏYİRDİ
3, 4. a) Davudu Qolyata qarşı döyüşməyə nə vadar etmişdi? b) Davud Allahın adına necə münasibət bəsləyirdi?
3 Gəlin Davudun filiştli cəngavər Qolyatla üz-üzə gəldiyi hadisəni nəzərdən keçirək. Yaxşı yaraqlanmış və təqribən 3 metr boyu olan bu nəhəng cəngavərə meydan oxumağa gənc Davudu nə vadar etmişdi? (1 Şam. 17:4, haşiyə). Bunu şücaət adlandırmaq olar, yoxsa Allaha iman? Xüsusiyyətlərin hər ikisi də onun bu cür cəsarətli olmasında vacib rol oynayırdı. Lakin Davudun nəhəng pəhləvana qarşı çıxmasına əsas səbəb Yehovaya və Onun böyük adına ehtiram bəsləməsi idi. Qolyatın Allahın xalqına qarşı hörmətsizlik etdiyini görən Davud qəzəblənərək soruşdu: «Axı bu sünnətsiz Filiştli kimdir ki var olan Allahın alaylarına meydan oxuyur?» (1 Şam. 17:26).
4 Gənc Davud Qolyata dedi: «Sən mənim üstümə qılınc, nizə və mizraqla gəlirsən, lakin mən sənin üstünə söydüyün İsrail alaylarının Allahı Ordular Rəbbinin ismi ilə gəlirəm» (1 Şam. 17:45). Həqiqi Allaha arxalanaraq Davud sapanddan atdığı bir daşla filiştli cəngavəri yerə sərdi. O, yalnız bu hadisədə yox, ömrünün sonunadək Yehovaya etibar etdiyini və Onun adına dərin hörmət bəslədiyini göstərib. Davud soydaşları olan israilliləri də Yehovanın «müqəddəs adı ilə fəxr [etməyə]» çağırırdı. (1 Salnamələr 16:8—10 ayələrini oxu.)
5. Bu gün bir çox insanlar, Qolyat kimi, Yehovaya necə hörmətsizlik edirlər?
5 Bəs sən Yehova kimi Allahın olduğu üçün fəxr edirsənmi? (Yer. 9:24). Qonum-qonşu, iş və ya sinif yoldaşların Yehova barəsində pis danışanda və Onun Şahidlərini lağa qoyanda sən necə reaksiya göstərirsən? Yehovanın adı təhqirlərə məruz qaldıqda sənə dayaq olacağına inanaraq Onu müdafiə edirsənmi? Düzdür, «susmağın öz vaxtı» var, amma biz Yehovanın Şahidi və İsanın davamçısı olduğumuz üçün utanmamalıyıq (Vaiz 3:1, 7; Mark 8:38). Düzdür, biz Yehovaya və Onun xoş xəbərinə pis münasibət bəsləyən insanlarla danışarkən nəzakətli və hörmətcil olmalıyıq, bununla belə, gəlin Qolyatın rişxəndli sözlərini eşidib vahiməyə düşən israillilərə bənzəməyək (1 Şam. 17:11). Əksinə, Yehova Allahın adını müqəddəs tutmaqda qətiyyətli olaq. Bizim istəyimiz Yehovanın əslində necə Allah olduğunu öyrənməkdə insanlara kömək etməkdir. Buna görə də, çalışırıq ki, Müqəddəs Kitabın vasitəsilə Allaha yaxınlaşmağın nə dərəcədə vacib olduğunu başa düşməyə onlara kömək edək (Yaq. 4:8).
6. Davud Qolyatla döyüşə çıxmaqla nəyə nail olmaq istəyirdi, bəs bizim əsas məqsədimiz nə olmalıdır?
6 Davudla Qolyatın hadisəsindən özümüzə başqa vacib ibrət dərsi də götürə bilərik. Davud döyüş meydanına gələndə soruşdu: «Bu Filiştlini öldürüb İsraili bu xəcalətdən qurtaran adama nə ediləcək?» Xalq cavabında bir az əvvəl dediyi sözü təkrar etdi: «Kim onu öldürsə, padşah onu var-dövlətə çatdıracaq, qızını ona verəcək və atasının ailəsini İsraildəki vergidən azad edəcək» (1 Şam. 17:25—27). Ancaq Davudu maraqlandıran əsas şey mükafat deyildi. Onun daha vacib məqsədi var idi. Davud həqiqi Allahın adını izzətləndirmək istəyirdi. (1 Şamuel 17:46, 47 ayələrini oxu.) Bəs bizim haqqımızda nə demək olar? Əsas məqsədimiz var-dövlət toplamaq və özümüzə ad-san qazanmaqdır? Əlbəttə, biz də: «Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq, Rəbbin ismini birgə ucaldaq», — deyə oxuyan Davud kimi olmaq istəyirik (Məz. 34:3). Buna görə də, Allaha güvənərək Onun adını öz adımızdan üstün tutmalıyıq (Mat. 6:9).
7. Xoş xəbərə hay verməyən insanlarla qarşılaşanda bizə lazım olan möhkəm imanı necə inkişaf etdirə bilərik?
7 Qolyatla döyüşdə cəsarətli olmaq üçün Davuddan Yehovaya tam etibar etmək tələb olunurdu. Gənc Davudun güclü imanı vardı. O, çoban olanda Allaha arxalanmaqla bu imana sahib olmuşdu (1 Şam. 17:34—37). Xidmətimizi davam etdirmək üçün biz də möhkəm imana malik olmalıyıq; belə imana, xüsusilə də bizə pis münasibət bəsləyən insanlarla qarşılaşanda ehtiyac duyuruq. Bu cür imanı gündəlik həyatımızda Allaha etibar etməklə inkişaf etdirə bilərik. Misal üçün, nəqliyyatda gedərkən yanımızda oturan adamla Müqəddəs Kitab həqiqətləri barədə söhbətə başlaya bilərik. Həmçinin, nəyə görə evdən-evə xidmət edərkən yolda rastlaşdığımız insanlara da şahidlik verməyək? (Həv. iş. 20:20, 21).
DAVUD ÜÇÜN YEHOVANIN İRADƏSİ HƏR ŞEYDƏN VACİB İDİ
8, 9. Şaula olan münasibətində Davud Allahın iradəsinin onun üçün daha vacib olduğunu necə göstərdi?
8 Davudun Yehovaya güvənməyə hazır olduğunu onun İsrailin birinci padşahı Şaula olan münasibətindən də görmək olar. Şaul qısqanclıqdan irəli gələrək Davudu düz üç dəfə nizə ilə divara yapışdırmağa çalışmışdı, Davud isə hər dəfə onun həmlələrindən yayınırdı, ondan əvəz çıxmırdı. Sonra da o qaçıb Şauldan gizləndi (1 Şam. 18:7—11; 19:10). Şaul isə bütün İsraildən 3000 seçmə adam götürüb səhrada Davudu axtarmağa getdi (1 Şam. 24:2). Bir dəfə Şaul özü də bilmədən Davudun və adamlarının olduğu mağaraya girdi. Davud bu fürsətdən istifadə edərək onu öldürmək istəyən padşahı məhv edə bilərdi. Axı Yehova Özü Davudu Şaulun yerinə padşah təyin etmişdi (1 Şam. 16:1, 13). Davud adamlarının məsləhətinə qulaq assaydı, Şaul öldürülməli idi. Ancaq o dedi: «Rəbbin məsh etdiyi ağama əl qaldırıb belə bir iş görməyi Rəbb məndən uzaq etsin, çünki o, Rəbbin məsh olunmuşudur». (1 Şamuel 24:4—7 ayələrini oxu.) Şaul hələ də Allahın məsh olunmuş padşahı idi. Yehova padşahlığı Şaulun əlindən almayınca Davud onu hakimiyyətdən məhrum etmək istəmirdi. Sadəcə onun cübbəsinin ətəyindən kəsməklə Davud göstərdi ki, ona zərər vurmaq fikri yoxdur (1 Şam. 24:11).
9 Davud Şaulu axırıncı dəfə gördüyü zaman bir daha ona hörmət etdiyini göstərdi, çünki o hələ də Allahın məsh olunmuşu idi. Davudla Avişay Şaulun ordugah qurduğu yerə gəlib onu yatan gördülər. Avişay düşündü ki, Allah düşmənini Davudun əlinə verib, buna görə də Şaulu nizə ilə yerə yapışdırmağı təklif etdi, amma Davud buna yol vermədi (1 Şam. 26:8—11). Davud üçün Yehova Allahın nöqteyi-nəzəri daha vacib olduğundan, Avişayın dediklərinə baxmayaraq, o, Allahın iradəsini yerinə yetirmək qətiyyətində tərəddüd belə etmədi.
10. Hansı çətinliklərlə üzləşə bilərik və əqidəmizdə möhkəm qalmaqda bizə nə kömək edəcək?
10 Bu kimi çətin vəziyyətlərlə biz də üzləşə bilərik, məsələn, dost-tanışlarımız bizi Yehovanın iradəsini yerinə yetirməyə yox, insan düşüncələrinə uyğun hərəkət etməyə təşviq edə bilərlər. Avişay kimi, onlardan bəziləri müəyyən məsələlərdə Allahın iradəsini nəzərə almamaq üçün bizə təzyiq göstərə bilərlər. Əqidəmizdə möhkəm qalmaq üçün bu və ya digər məsələlərə dair Yehovanın nöqteyi-nəzərini aydın şəkildə yadımızda saxlamalı və Onun yollarına bağlı qalmaq qətiyyətimizdən dönməməliyik.
11. Davudun Allahın iradəsini hər şeydən üstün tutmasından nə öyrəndiniz?
11 Davud Yehova Allaha dua edərək demişdi: «Mənə Sənin iradənə əməl etməyi öyrət». (Məzmur 143:5, 8, 10 ayələrini oxu.) Öz düşüncələrinə arxalanmaq və ya başqalarının dedikləri ilə oturub-durmaq əvəzinə, Davud Allahdan təlim almağa üstünlük verirdi. O deyirdi: «Sənin bütün işlərini dərindən düşünürəm, əməllərin barədə hey fikirləşirəm». Davud kimi, biz də Allahın iradəsinin nədən ibarət olduğunu öyrənmək üçün Müqəddəs Yazıları dərindən araşdırmalı və Yehovanın keçmişdə insanlarla necə rəftar etdiyi barədə düşünməliyik.
DAVUD QANUNUN ƏSASINI TƏŞKİL EDƏN PRİNSİPLƏRİ BAŞA DÜŞÜRDÜ
12, 13. Üç nəfərin gətirdiyi suyu Davud nəyə görə yerə tökmək qərarına gəldi?
12 Davud Qanunun əsasında duran prinsipləri başa düşürdü və onun bu qanunlara uyğun yaşamaq istəyi təqlid edilməyə layiqdir. Gəlin Davud Betlehem quyusundan su içmək istədiyini bildirəndə baş vermiş hadisəyə nəzər salaq. Davudun ordusundan olan üç nəfər həyatlarını təhlükəyə ataraq filiştlilərin işğalı altında olan şəhəri yarıb su gətirdilər. Lakin «Davud suyu içmək istəmədi və Rəbbə təqdim olaraq yerə tökdü». Nəyə görə? O izah edir: «Allahım bunu etməkdən məni uzaq eləsin. Bu adamların qanını içəcəyəmmi? Axı canlarını təhlükəyə salaraq bu suyu gətirdilər» (1 Saln. 11:15—19).
13 Davud Musanın qanunundan bilirdi ki, qan Yehovaya təqdim olaraq yerə tökülməli və yeyilməməlidir. O, həmçinin bu qanunun nə üçün verildiyini də başa düşürdü. Davud bilirdi ki, «hər məxluqa həyat verən qandır». Bəs axı bu qan yox, su idi?! Davud nəyə görə onu içməkdən imtina etdi? O, bu qanunun arxasında duran prinsipi və Allahın qanı qiymətləndirdiyini başa düşürdü. Həmin insanlar su gətirərkən həyatlarını itirə bilərdilər, buna görə də Davud bu suyu içməklə onların qanına hörmətsizlik edəcəyini düşünürdü. Məhz bu səbəbdən o, suyu yerə tökmək qərarına gəldi (Lev. 17:11; Qanun. t. 12:23, 24).
14. Yehovanın düşüncə tərzinə yiyələnməyə Davuda nə kömək etdi?
14 Allahın qanunları Davudun həyatında mühüm yer tutduğundan o, Yehovanı tərənnüm edirdi: «Sənin iradəni yerinə yetirmək mənə zövq verir, qanunun qəlbimdədir» (Məz. 40:8). Davud Allahın qanunlarını araşdırır və öyrəndiklərinin üzərində dərindən düşünürdü. O, Allahın əmrlərinə riayət etməyin ona fayda gətirəcəyinə inanırdı. Buna görə də, Davud Musanın qanununu sadəcə nöqtəbənöqtə yerinə yetirməklə kifayətlənmir, həmçinin qanunun mahiyyətini dərk edərək ona uyğun davranmağa çalışırdı. Biz də Müqəddəs Kitabı araşdırarkən oxuduqlarımızın üzərində düşünməliyik. Bununla biz öyrəndiyimiz prinsiplərin gündəlik həyatımızın vacib bir hissəsi olduğunu göstərəcək və Yehovanı razı salan qərarlar qəbul edəcəyik.
15. Süleymanın Allahın qanunlarına hörmətsizlik etdiyi nədən görünürdü?
15 Yehova Davudun oğlu Süleymana bol-bol xeyir-dua vermişdi. Ancaq sonralar o, Allahın qanununa itaətsizlik göstərdi. Süleyman Yehovanın İsrail padşahlarına çox arvad almamaq barədə verdiyi əmrə məhəl qoymadı (Qanun. t. 17:17). O, çoxlu yadelli arvadlar aldı. Bu qadınlar «qocalıq çağında onun ürəyini başqa allahlara tərəf azdırdılar». Süleymanın öz itaətsizliyinə necə bəraət qazandırmasından asılı olmayaraq, o, «Rəbbin gözündə pis olan işlər etdi və atası Davuddan fərqli olaraq Rəbbə tamamilə xidmət etmədi» (1 Pad. 11:1—6). Bizim də Allahın Kəlamındakı qanun və prinsiplərə tabe olmağımız necə də vacibdir! Misal üçün, bu, evlənmək kimi vacib məsələlərə də aiddir.
16. Yehovanın «Ağamızın xidmətçisi» ilə ailə qurmaq tələbindən nə öyrənə bilərik?
16 Əgər imanımıza şərik olmayan bir insan tərəfindən bizə romantik münasibət qurmaq təklif olunarsa, bu məsələyə necə yanaşacağıq? Davud kimi hər şeydə Yehovanın fikirlərini nəzərə alacağıq, yoxsa Süleyman kimi itaətsizlik göstərəcəyik? İsanın həqiqi davamçılarına «Ağamızın xidmətçisi» ilə ailə qurmaq tapşırılıb (1 Kor. 7:39). Ailə qurmağı planlaşdıran məsihçi həmimanlısı ilə evlənməlidir. Əgər bu ayədəki tələbin məğzini başa düşürüksə, o zaman nəinki imanımıza şərik olmayan insanla ailə qurmayacağıq, hətta bizimlə romantik münasibət qurmaq cəhdlərinə belə hay verməyəcəyik.
17. Pornoqrafiya tələsinə düşməməyə bizə nə kömək edəcək?
17 Həmçinin gəlin görək Allahın rəhbərliyini səylə axtaran Davudun nümunəsi pornoqrafik şəkillərə baxmaq həvəsinin öhdəsindən gəlməyə necə kömək edir. Növbəti ayələri oxuyun, onlara aid olan prinsiplərin üzərində düşünün və Yehovanın bu məsələyə dair nöqteyi-nəzərini ayırd etməyə çalışın. (Məzmur 119:37; Matta 5:28, 29; Koloslulara 3:5 ayələrini oxu.) Yehovanın yüksək əxlaq normaları üzərində düşünmək bizi pornoqrafiya tələsindən qoruyacaq.
ALLAHIN NÖQTEYİ-NƏZƏRİNİ HƏMİŞƏ YADINIZDA SAXLAYIN
18, 19. a) Qeyri-kamil olmasına baxmayaraq, Yehovanın lütfündə qalmağa Davuda nə kömək etdi? b) Sən nə etmək əzmindəsən?
18 Davud bir çox sahələrdə nümunəvi davransa da, bəzi ciddi günahlara yol vermişdi (2 Şam. 11:2—4, 14, 15, 22—27; 1 Saln. 21:1, 7). Ancaq o, etdiyi günahlara görə həmişə tövbə edirdi. Davud «ürək bütövlüyü» ilə Allahla yeriyirdi (1 Pad. 9:4). Nəyə əsasən belə demək olar? O, yaranan vəziyyətlərə Yehovanın nöqteyi-nəzəri ilə baxır və Onu razı salmağa çalışırdı.
19 Qeyri-kamil olsaq da, Yehovanın lütfündə qala bilərik. Biz Allahın Kəlamını səylə və dərindən araşdırmalı, öyrəndiklərimizi tez bir zamanda həyatımızda tətbiq etməliyik. Beləcə, biz də Yehovaya təvazökarlıqla: «Mənə Sənin iradənə əməl etməyi öyrət», — deyən məzmurçu kimi dua edə bilərik.
[5–ci səhifədəki şəkil]
Şaulu öldürmək imkanı yaransa da, Davudu bunu etməkdən nə çəkindirdi?
[6–cı səhifədəki şəkil]
Adamlarının gətirdiyi suyu Davudun yerə tökməsindən nə öyrənə bilərik?