Mələklər bizə kömək edir
1 “Budur, Mən, dövrün sonuna qədər hər gün sizinləyəm”. Bu sözlər İsanın: “Gedin, bütün xalqları şagirdim edin” əmrinə riayət edən insanları necə də ruhlandırır! (Mat. 28:18-20). İsa öz mələkləri vasitəsilə məsihçilərlə birlikdə olur (Mat. 13:36-43). ‘Əbədi müjdəni’ bu sadiq ruhani varlıqlarla birlikdə təbliğ etmək necə də nadir imkandır! (Vəhy 14:6, 7).
2 Xidmətimizdə. Müqəddəs Kitabda deyilir ki, mələklərin vəzifəsi “qurtuluşu miras alacaq olanlara yardım etmək”dir (İbr. 1:14). Birinci əsrdə mələklər İsanın davamçılarını layiq olan kəslərin yanına istiqamətləndirirdilər (Həv. iş. 8:26). Allahın xidmətçiləri bu gün də mələklərin rəhbərliyini görürlər. Qardaşlarımızın təbliğ etdikləri insanlar çox vaxt söyləyirlər ki, kömək üçün dua etmiş və çox keçməmiş onların qapısına Şahidlər gəlmişlər. Səmimi insanlar Padşahlıq haqqındakı xəbərə hay verəndə mələklərlə bərabər biz də sevinirik! (Luka 15:10).
3 Tə’qib olunduğumuz zaman. Daniel, onun üç yoldaşı, həvari Peter və tə’qibə mə’ruz qalan bir çoxları “qüdrəti çox olan” mələklərin vasitəsilə Yehovanın müdafiəsini hiss etmişlər (Məz. 103:20; Dan. 3:28; 6:21, 22; Həv. iş. 12:11). Vaxtaşırı özümüzü müdafiəsiz hiss etsək də, bizə Elişanın qulu ilə baş verən hadisə qüvvət verə bilər, o, öyrəndi ki, “bizimlə olanlar, onlarla olanlardan çoxdur” (2 Kral. 6:15-17). Hətta bizi məsihçi qardaşlarımızdan güclə ayırsalar da, gərək ruhdan düşməyək. Allahın Kəlamı bizi əmin edir: “Rəbbin mələyi ondan qorxanların çevrəsində ordu qurar və onları qurtarar” (Məz. 34:7).
4 Tezliklə mələklərin ordusu Məsihin hakimiyyətinə qarşı duranların hamısını məhv etmək üçün vuruşacaq (Vəhy 19:11, 14, 15). Bu günü gözləyərək, gəlin bundan sonra da, Məsihin rəhbərlik etdiyi səmavi orduların köməyinə tam əmin olaraq cəsarətlə Yehovanı izzətləndirək (1 Pet. 3:22).