Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w24 yanvar s. 8—14
  • İlin ən əlamətdar gününə hazırlaşın

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İlin ən əlamətdar gününə hazırlaşın
  • Gözətçi qülləsi 2024
  • Başlıqlar
  • Oxşar material
  • ÜRƏYİMİZİ ANMA MƏRASİMİNƏ NECƏ HAZIRLAYA BİLƏRİK?
  • BAŞQALARINA KÖMƏK EDİN
  • QEYRİ-FƏALLARA KÖMƏK EDİN
  • Misilsiz nemətlərə yol açan məhəbbət
    Gözətçi qülləsi 2025
  • Fidyədən nələr öyrənirik?
    Gözətçi qülləsi 2025
  • Anma mərasimini keçirəcəksiniz, Yehova sizə yar olacaq!
    Gözətçi qülləsi 2023
  • Anma mərasimi ilə bağlı qarşınıza məqsədlər qoyun
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
Əlavə
Gözətçi qülləsi 2024
w24 yanvar s. 8—14

TƏLİM MƏQALƏSİ 2

NƏĞMƏ 19 Məsihin ölümünü anma mərasimi

İlin ən əlamətdar gününə hazırlaşın

«Xatirəmi yad etmək üçün bunu həmişə edin» (LUKA 22:19).

ƏSAS FİKİR

Görün anma mərasimi nəyə görə xüsusidir, ona necə hazırlaşa bilərik və başqalarına bu mərasimdə iştirak etməyə necə kömək edə bilərik.

1. Anma mərasimi nəyə görə ilin ən əlamətdar hadisəsidir? (Luka 22:19, 20).

MƏSİHİN ölümünü anma mərasimi Yehovanın xalqı üçün ilin ən əlamətdar hadisəsidir. Bu, İsanın öz davamçılarına qeyd etməyi əmr etdiyi yeganə hadisədir. (Luka 22:19, 20 ayələrini oxuyun.) Biz bir sıra səbəblərə görə bu mərasimi səbirsizliklə gözləyirik. Gəlin həmin səbəblərdən bəzilərinə baxaq.

2. Anma mərasimini səbirsizliklə gözləməyimizin bəzi səbəbləri hansılardır?

2 Anma mərasimi bizə fidyənin dəyəri üzərində düşünməyə kömək edir. Bu mərasim bizə İsanın qurbanlığına görə minnətdarlığımızı hansı yollarla göstərə biləcəyimizi xatırladır (2 Kor. 5:14, 15). Bundan əlavə, anma mərasimində bacı-qardaşlarla bir-birimizi ruhlandırırıq (Rom. 1:12). Hər il xeyli sayda qeyri-fəal məsihi mərasimdə iştirak edir. Hətta bəziləri oradakı isti münasibəti görüb Yehovaya geri dönmək qərarına gəlir. Üstəlik, mərasimə yeni gələnlərin çoxuna eşitdikləri və gördükləri o qədər xoş təsir bağışlayır ki, onlar Müqəddəs Kitabı araşdırmağa başlayırlar. Elə bu səbəblərə görə anma mərasimi bizim üçün xüsusidir.

3. Anma mərasimi bütün dünyadakı bacı-qardaşlarımız arasında necə birlik yaradır? (Həmçinin şəklə baxın.)

3 Bundan başqa, anma mərasimi bütün dünyada dindaşlarımız arasında birlik yaradır. Günəş tədricən qüruba endikcə bütün dünyada Yehovanın Şahidləri bir araya toplaşır. Həmin gün hamımız fidyənin vacibliyini göstərən nitqə qulaq asırıq, iki həmd nəğməsi oxuyuruq, simvolları ötürürük və edilən dörd duaya ürəkdən «amin» deyirik. Mərasim 24 saat içində bütün yığıncaqlarda eyni qaydada keçirilir. Bir düşünün, Yehova və İsa Məsih dünyanın dörd bir tərəfində hamımızın onları şərəfləndirdiyini görəndə necə sevinir!

Şəkillər: Anma mərasimi günü dünyanın müxtəlif ərazilərində bacı-qardaşlar bu xüsusi mərasimə hazırlaşır və onu qeyd edir. 1) Puerto-Rikoda bir ailə səhər ibadətinin xüsusi buraxılışını izləyir. 2) İtaliyada bir ər-arvad təbliğdə bir kişiyə dəvətnamə verir. 3) Keniyada iki qardaş bir kişiyə ayə oxuyur. 4) Gürcüstanda ana balaca qızı ilə «Anma mərasimi üçün çörəyin hazırlanma qaydası» videosuna uyğun olaraq mərasim üçün çörək hazırlayır. 5) Hindistanda bacı-qardaşlar ibadət evini təmizləyir və simvolları qoymaq üçün masanı hazırlayırlar. 6) Tailandda bir qardaş ibadət evinə gələn bir oğlanı qarşılayır. 7) Yaponiyada bir qardaş anma mərasimi zamanı mayasız çörəyi bir bacıya ötürür.

Anma mərasimi bütün dünyada bacı-qardaşlar arasında birlik yaradır (3-cü abzasa baxın)f


4. Məqalədə hansı suallara cavab tapacağıq?

4 Bu məqalədə növbəti suallara cavab tapacağıq: «Ürəyimizi anma mərasiminə necə hazırlaya bilərik? Başqalarının da bu görüşdən yararlanması üçün nə edə bilərik? Həmçinin qeyri-fəallara necə kömək edə bilərik?» Bu sualların cavabını bilmək bizə ilin ən müqəddəs mərasiminə hazır olmağa kömək edəcək.

ÜRƏYİMİZİ ANMA MƏRASİMİNƏ NECƏ HAZIRLAYA BİLƏRİK?

5. a) Fidyənin dəyəri barədə nəyə görə düşünməliyik? (Zəbur 49:7, 8). b) «Allah İsa peyğəmbərin ölümünə nə üçün yol verdi?» videosundan nə öyrəndiniz?

5 Ürəyimizi anma mərasiminə hazırlamağın əsas yollarından biri İsa Məsihin fidyə qurbanlığının dəyəri barədə düşünməkdir. Biz heç vaxt özümüzü günahın və ölümün əsarətindən qurtara bilməzdik. (Zəbur 49:7, 8 ayələrini oxuyun; həmçinin «Allah İsa peyğəmbərin ölümünə nə üçün yol verdi?» adlı videoya baxın.)a Buna görə də Yehova bir tədbir görüb Oğlu İsanı bizim uğrumuzda qurban verdi. Bu həm Yehova, həm də İsa üçün böyük fədakarlıq idi (Rom. 6:23). Onların bizdən ötrü nələrə qatlaşdığı barədə düşündükcə fidyəyə minnətdarlığımız artacaq. Gəlin görək fidyəni ödəmək Yehovaya və İsaya nələrin bahasına başa gəlib. Amma əvvəlcə bu suala cavab tapaq: Fidyə deyiləndə nə nəzərdə tutulur?

6. Fidyə deyiləndə nə nəzərdə tutulur?

6 Fidyə nəyisə geri qaytarmaq üçün ödənilən dəyərdir. İlk insan Adəm kamil yaradılmışdı. Amma o, günah işləyəndən sonra həm özünü, həm də bütün övladlarını əbədi yaşamaq imkanından məhrum etdi. Adəmin itirdiyini geri almaq üçün İsa öz kamil həyatını qurban verdi. Yer üzündə yaşadığı müddətdə İsa «heç bir günah işləməmişdi, ağzından yalan söz çıxmamışdı» (1 But. 2:22). Buna görə də ölən vaxt İsanın kamil həyatı Adəmin itirdiyi kamil həyata müvafiq idi (1 Kor. 15:45; 1 Tim. 2:6).

7. İsa yer üzündə olarkən hansı sınaqlarla üzləşmişdi?

7 İsa yer üzündə çoxlu sınaqlarla üzləşməsinə baxmayaraq, Atasına mükəmməl şəkildə tabe olmuşdu. Məsələn, o, uşaq olanda kamil olmasına baxmayaraq, qeyri-kamil valideynlərinin sözündən çıxmırdı (Luka 2:51). Yeniyetmə olanda onu itaətsizliyə, sədaqətsizliyə sürükləyən istənilən təzyiqə qarşı durmuşdu. Böyük olanda isə birbaşa onu Şeytan İblis sınağa çəkmişdi. Hətta ona açıq-aydın demişdi ki, Allaha xəyanət etsin. İsa bu sınaqdan da üzüağ çıxmışdı (Mət. 4:1—11). Şeytan dəridən-qabıqdan çıxırdı ki, İsa günah etsin və beləcə, fidyə ödənilməsin.

8. İsa başqa hansı sınaqlara tab gətirməli olmuşdu?

8 Yer üzündə xidmət edərkən isə İsanın başqa sınaqları da olmuşdu. Düşmənləri onu təqib edirdi, hətta onu öldürməyə cəhd etmişdilər (Luka 4:28, 29; 13:31). Bundan başqa, İsa şagirdlərinin səhvlərinə də dözməli olmuşdu (Mark 9:33, 34). Həyatının həll olunduğu məhkəmədə İsaya işgəncə verib ələ salmışdılar. Sonra isə o, əzablı, alçaldıcı şəkildə edam edilmişdi (İbr. 12:1—3). İsa işgəncə dirəyində çəkdiyi əzablara təkbaşına, Yehovanın müdafiəsi olmadan dözməli olmuşdub (Mət. 27:46).

9. İsanın özünü qurban verməsi barədə düşünəndə hansı hissləri keçiririk? (1 Butrus 1:8).

9 Aydındır ki, İsa Məsih fidyəni təqdim etmək üçün çox əzaba qatlaşıb. İsanın bizdən ötrü nələri qurban verdiyi barədə düşünəndə ona məhəbbətimiz daha da artır. (1 Butrus 1:8 ayəsini oxuyun.)

10. Fidyə Yehovaya nəyin bahasına başa gəldi?

10 Bəs fidyənin ödənilməsi üçün Yehova nələrdən keçib? Yehova və İsa ata-bala kimi idilər, aralarında möhkəm bağlılıq var idi (Məs. 8:30). Bir fikirləşin: Yehovaya İsanın yer üzündə çəkdiyi əzabları görmək nə qədər ağır idi. Şübhəsiz ki, Yehova Oğlunun əzab çəkdiyini, onunla pis rəftar edildiyini, rədd edildiyini görəndə ürəyi qan ağlayırdı.

11. İsa edam olunan zaman, çox yəqin ki, Yehova hansı hissləri keçirirdi? Nümunə çəkin.

11 Övlad itkisi ilə üzləşmiş hər bir valideyn bu itkinin necə böyük bir dərd olduğunu yaxşı bilir. Dirilməyə imanımız nə qədər güclü olsa da, bu, yenə də itkinin gətirdiyi ağrı-acını tam aradan qaldırmır. Bu nümunə sayəsində başa düşürük ki, eramızın 33-cü ilinin yazında Yehova sevimli Oğlunun əzab çəkərək ölməyini izləyərkən hansı hissləri keçirirdic (Mət. 3:17).

12. Anma mərasimi ərəfəsində nə edə bilərik?

12 Bəlkə, anma mərasiminə qalan vaxt ərzində fərdi mütaliənizin və ya ailəvi ibadətinizin əsas mövzusu fidyə olsun? «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» və ya digər vəsaitlərin köməyi ilə bu mövzunu daha dərindən araşdıra bilərsinizd. Həmçinin «Anma mərasimi ilə əlaqədar Müqəddəs Kitabın qiraəti» cədvəlindəki ayələri oxuyun. Bu cədvəl «Məsihi həyatı və ibadəti. İş dəftəri»ndə yerləşir. Anma mərasimi günü isə səhər ibadətinin xüsusi buraxılışına baxmağı unutmayın. Ürəyimizi bu mərasimə hazırlasaq, onda başqalarına daha yaxşı kömək edə biləcəyik (Üzr. 7:10).

Axtarış üçün tövsiyə

Fidyə mövzusunda axtarış aparanda növbəti suallara cavab verən məlumatlar tapın:

  • Fidyə tədbiri nəyə görə vacib idi? Nəyə görə Yehova Adəmlə Həvvanı sadəcə bağışlamadı?

  • Nəyə görə yer üzünə gəlib Xilaskarımız olmaq üçün ən ideal insan İsa idi?

  • Fidyə sayəsində indi hansı nemətləri əldə edirik?

  • Fidyə sayəsində gələcəkdə hansı nemətləri əldə edəcəyik?

BAŞQALARINA KÖMƏK EDİN

13. Başqalarının da anma mərasimindən yararlanması üçün əvvəlcə hansı addımı atmalıyıq?

13 Başqalarının anma mərasimindən yararlanması üçün nə edə bilərik? Əvvəlcə, təbii ki, onları dəvət etməliyik. Xidmətdə qarşılaşdığımız insanlardan əlavə, biz dəvət edə biləcəyimiz insanların siyahısını tuta bilərik. Bu siyahıya qohumlarımızı, iş, məktəb yoldaşlarımızı və digər insanları daxil edə bilərik. Hətta çap formatda kifayət qədər dəvətnaməmiz olmasa da, onlara dəvətnamənin linkini göndərə bilərik. Kim bilir nə qədər insan bu dəvətə hay verəcək! (Vaiz 11:6).

14. Dəvətnamə verməyin vacibliyini göstərən hadisə danışın.

14 İnsanı dəvətnamə ilə dəvət etməyin təsirinin böyük olduğunu unutmayın. Məsələn, bir bacının əri Yehovanın Şahidi deyildi. Bir gün o, fəxrlə bacımıza deyir ki, o da anma mərasiminə gedəcək. Bacı çox təəccüblənmişdi. Çünki o, illərlə yoldaşını mərasimə dəvət edirdi, amma yoldaşı heç vaxt iştirak etmirdi. Bəs bu dəfə nə əcəb getmək istəyirdi? Bacının yoldaşı ona deyir: «Mənə dəvətnamə veriblər». Sən demə, tanıdığı bir ağsaqqal onu şəxsən dəvət edibmiş. Bacının yoldaşı həm həmin il, həm də növbəti illər anma mərasimində iştirak etdi.

15. İnsanları anma mərasiminə dəvət edərkən nəyi nəzərə almalıyıq?

15 Dəvət etdiyimiz insanların müəyyən sualları ola bilər, əsas da onlar heç vaxt görüşlərimizdə iştirak etməyiblərsə. Ona görə də onlarda yarana biləcək suallara qabaqcadan hazırlaşsanız, yaxşı olardı (Kol. 4:6). Məsələn, kimsə soruşa bilər: «Mərasim necə keçirilir? Nə qədər davam edir? Geyimlə bağlı tələb var? Giriş ödənişlidir? Pul yığılır?» İnsanı anma mərasiminə dəvət edən vaxt ondan soruşa bilərik: «Hansısa suallarınız var?» Sonra da onda yaranan suallara cavab verə bilərik. Həmçinin insanın görüşlərimiz barədə təsəvvürünün olması üçün «İsa peyğəmbərin ölümünü yad edin» və «İbadət görüşlərimiz necə keçirilir?» adlı videoları göstərmək olar. Eləcə də «Əbədi xoşbəxt həyat!» kitabının 28-ci dərsindəki maraqlı fikirləri onlarla bölüşmək olar.

16. Anma mərasimində iştirak edənlərdə hansı suallar yarana bilər?

16 Dəvət etdiyimiz insanların anma mərasimində iştirak etdikdən sonra başqa sualları yarana bilər. Məsələn, onlar soruşa bilərlər: «Simvollardan nəyə görə heç kim qəbul etmədi və ya cəmi bir neçə nəfər qəbul etdi? Bu mərasimi neçə müddətdən bir qeyd edirsiniz? Yehovanın Şahidlərinin bütün görüşləri bu cür keçirilir?» Düzdür, anma mərasimində natiq bu sualların çoxuna toxunur, amma, ola bilsin, yeni gələnlərə daha ətraflı izah etmək lazım gələcək. jw.org saytında belə bir məqalə var: «Nəyə görə Yehovanın Şahidləri Məsihin ölümünü anma mərasimini digər dinlərin keçirdiyi kimi keçirmirlər?» Oradakı fikirlərin köməyi ilə bu suallardan bəzilərinə cavab verə bilərik. Biz istəyirik ki, «əbədi həyata aparan yolda yeriməyə meyli olanların hamısı» anma mərasimindən fayda əldə etsin (Həv. 13:48). Bunun üçün mərasimdən əvvəl, mərasim vaxtı və sonra əlimizdən gələni etməyə hazırıq.

QEYRİ-FƏALLARA KÖMƏK EDİN

17. Ağsaqqallar qeyri-fəallara necə kömək edə bilər? (Hizqiyal 34:12, 16).

17 Əziz ağsaqqallar, anma mərasimi dövründə qeyri-fəallara necə kömək edə bilərsiniz? Onlara diqqət göstərin. (Hizqiyal 34:12, 16 ayələrini oxuyun.) Anma mərasimdən əvvəl məqsəd qoyun ki, qeyri-fəalların çoxuna zəng edəsiniz. Onları sevdiyinizi, lazımi köməyi göstərməyə hazır olduğunuzu deyin. Həmçinin onları anma mərasiminə dəvət edin. İşdir gəlsələr, onları mehriban qarşılayın. Mərasimdən sonra da bu əziz bacı-qardaşlarımızla əlaqəni kəsməyin. Yehovaya geri dönmələri üçün onlara ruhani cəhətdən dayaq olun (1 But. 2:25).

18. Qeyri-fəallara kömək etmək üçün hər birimiz nə edə bilərik? (Romalılara 12:10).

18 Yığıncaqda olan hər bir kəs anma mərasimində iştirak edən qeyri-fəallara kömək edə bilər. Necə? Onlara məhəbbət, xeyirxahlıq və hörmət göstərməklə. (Romalılara 12:10 ayəsini oxuyun.) Nəzərə alın ki, Yehovanın bu dəyərli quzularına yığıncaqlara geri dönmək çətin ola bilər. Ola bilsin, onlar yığıncaqdakı bacı-qardaşların nəsə deyəcəyindən qorxurlare. Buna görə də onları pis vəziyyətdə qoyan suallar verməyin, xətirlərinə dəyəcək sözlər işlətməyin (1 Salon. 5:11). Bu bacı-qardaşlar bizim dindaşlarımızdır. Onlarla birlikdə yenidən Yehovaya çiyin-çiyinə xidmət etmək bizim üçün çox xoşdur (Zəb. 119:176; Həv. 20:35).

Şəkillər: 1) Bir qeyri-fəal qardaş əlində köhnə nəğmə kitabını və Müqəddəs Kitabı tutub. Qardaş ibadət evinə yaxınlaşmağa tərəddüd edir. O, uzaqdan anma mərasiminə gələn bacı-qardaşlara baxır. 2) Sonra bu qeyri-fəal qardaş ibadət evinin içində başqa qardaşla xoş söhbət edir.

Yığıncaq necə yanaşdı?

«İbadət evinə gəlməyə utanırdım. Narahat idim ki, görəsən, dostlarım məni necə qarşılayacaq. Otuz il qabaq həmin yığıncaqda gördüyüm yaşlı bir bacı yaxınlaşıb mənə dedi: “Evinə xoş gəlmisən, oğlum!” Bu məni kövrəltdi. Bəli, mən öz evimə qayıtmışdım» (XAVYER).

«İbadət evində heç kimin gözünə görünməyim deyə axırıncı cərgədə oturdum. Ancaq məni uşaq vaxtı yığıncaqda görənlərin çoxu məni tanıdı. Onlar məni sevinclə qarşılayıb bağırlarına basdılar. Ürəyimə rahatlıq çökdü. Sanki evimə gəlmişdim» (MARKO).

19. İsa Məsihin ölümünü anma mərasimini qeyd etməyin hansı faydası var?

19 İsa Məsih hər il anma mərasimini qeyd etməyi bizə əbəs yerə buyurmayıb. Bunun həm bizə, həm də başqalarına çox xeyri var (Əşy. 48:17, 18). Məsələn, Yehovaya və İsaya məhəbbətimiz artır. Onların bizdən ötrü etdiklərini qiymətləndirdiyimizi göstəririk. Dindaşlarımızla daha yaxın oluruq. Üstəlik, başqalarına da fidyənin gətirdiyi nemətlərdən yararlanmağa kömək edirik. Odur ki, gəlin hamımız bu ilin ən əlamətdar hadisəsinə, anma mərasimi gününə hazır olmaq üçün əlimizdən gələni edək!

2024-cü ildə anma mərasimi bazar gününə düşür. Buna görə də həftəsonu görüş keçirilməyəcək. Bu səbəbdən növbəti həftə üçün də təlim məqaləsi nəzərdə tutulmamışdır.

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Ürəyimizi anma mərasiminə necə hazırlaya bilərik?

  • Başqalarının da bu görüşdən yararlanması üçün nə edə bilərik?

  • Qeyri-fəallara necə kömək edə bilərik?

NƏĞMƏ 18 Fidyəyə görə minnətdarlıq

a Bu məqalədə qeyd olunan videoları və məqalələri tapmaq üçün jw.org saytının axtarış xanasına onların adını yazın.

b «Gözətçi qülləsi»nin 2021-ci il aprel sayında yerləşən «Oxucuların sualları» rubrikasına baxın.

c «Yehovaya yaxınlaş» kitabının 23-cü fəslinin 8 və 9-cu abzaslarına (türk.) baxın.

d «Axtarış üçün tövsiyə» çərçivəsinə baxın.

e «Yığıncaq necə yanaşdı?» adlı çərçivəyə və şəkillərə baxın. Bir qeyri-fəal qardaş ibadət evinə daxil olmağa tərəddüd edir. Amma yenə də özündə cəsarət tapıb içəri girir. Yığıncaq onu mehriban qarşılayır və onların arasında olmaq qardaşa xoş olur.

f ŞƏKLİN İZAHI. Dünyanın bir tərəfində bacı-qardaşlar artıq anma mərasimini qeyd edir, digər tərəfində isə hazırlıq işləri görülür.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş