Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w24 iyun s. 14—18
  • Yehova həmişə dualarımı eşidib

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova həmişə dualarımı eşidib
  • Gözətçi qülləsi 2024
  • Başlıqlar
  • Oxşar material
  • HƏYATIMI DƏYİŞƏN ZİYARƏT
  • MÜHARİBƏ DÖVRÜ
  • RUHANİ İNKİŞAFIM
  • TAMVAXTLI XİDMƏT
  • YEHOVANIN XALQININ HÜQUQLARI QORUNUR
  • KUBA TƏBLİĞ İŞİNƏ QAPILARI AÇIR
  • RUANDADAKI BACI-QARDAŞLARA KÖMƏK EDİRƏM
  • SADİQ QALMAQ NİYYƏTİNDƏYƏM
  • Yehova haqda öyrənməyi və öyrətməyi sevirəm
    Gözətçi qülləsi 2022
  • Tammüddətli xidmətdə sorağım haralardan gəldi!
    Gözətçi qülləsi 2014
  • Artıq yetmiş ildir ki, yəhudinin ətəyindən yapışmışam
    Gözətçi qülləsi 2012
Gözətçi qülləsi 2024
w24 iyun s. 14—18
Marsel Jile Belçika filialında öz ofisində.

BİOQRAFİYA

Yehova həmişə dualarımı eşidib

NƏQL ETDİ MARSEL JİLE

ON YAŞIMDA bir gecə səmada bərq vuran ulduzları seyr edirdim. Birdən ürəyimdən diz çöküb Allaha dua etmək keçdi. Yehovanı hələ təzə tanımışdım, amma Ona ürəyimdən keçən bütün narahatlıqlarımı danışdım. Elə o duadan bəri «duaları eşidən» Allahla ömür boyu davam edən dostluğum başladı (Zəb. 65:2). Gəlin sizə həmin vaxt təzəlikcə tanıdığım Allaha nəyə görə dua etdiyimdən danışım.

HƏYATIMI DƏYİŞƏN ZİYARƏT

Mən 1929-cu il dekabrın 22-si Novil kəndində dünyaya gəlmişəm. Novil Belçika Ardenlərindəki Baston şəhərinin yaxınlığında yerləşən 9 fermadan ibarət balaca kənddir. Fermada valideynlərimlə birgə keçən uşaqlıq illərimdən xoş xatirələrim var. Kiçik qardaşım Raymondla mən hər gün inəkləri sağırdıq və hər məhsul yığımında yardım edirdik. Bizim balaca kəndimizdə hamı bir-birinin tarlasında işləyib bir-birinə kömək edirdi.

Ailəlikcə fermamızda işləyirik

Atam Emil və anam Alis katolik idilər. Onlar hər bazar günü messaya qatılırdılar. Amma təxminən 1939-cu ildə İngiltərədən olan öncül qardaşlar bizim kəndimizə gəldilər. Onlar atama «Təsəlli» (indiki adı «Oyanın!») jurnalına abunə olmağı təklif etdilər. Atam orada yazılanların həqiqət olduğunu tez dərk etdi və Müqəddəs Kitabı oxumağa başladı. Atam messaya qatılmağı dayandıranda bizimlə mehriban olan qonşularımız bizə düşmən kəsildilər. Onlar atamı katolik kimi qalmağa məcbur edirdilər. Bu da atamla qonşularımız arasında qızğın mübahisələrə gətirib çıxarırdı.

Qonşuların atama necə təzyiq etdiklərini görəndə çox pis olurdum. Məqalənin əvvəlində danışdığım duanı elə o vaxt etmişdim. Allaha yalvarmışdım ki, atama kömək etsin. Qonşularımızın təqibləri səngiyəndə çox sevindim. Əmin oldum ki, Yehova «duaları eşidən» Allahdır.

MÜHARİBƏ DÖVRÜ

1940-cı il mayın 10-u almanlar Belçikaya soxuldu, nəticədə, mülki əhali kütləvi şəkildə ölkədən çıxdı. Biz də ailəlikcə Fransanın cənubuna qaçdıq. Biz alman və fransız əsgərləri arasında qızğın döyüşlərin getdiyi təhlükəli ərazilərdən keçirdik.

Sonralar öz fermamıza geri qayıda bildik. Amma gördük ki, mülkümüzün çox hissəsi talan edilib. Bizi orada təkcə itimiz Bobi qarşıladı. Bu yaşadıqlarımıza görə düşünürdüm: «Nəyə görə dünyada bu qədər müharibə və dərd-bəla var?»

Marsel yeniyetmə yaşlarında.

Yeniyetmə yaşlarımda Yehova ilə münasibətimi daha da möhkəmləndirdim

Təxminən o vaxtlarda öncül olan bir ağsaqqal — Emil Şrants bizi ziyarət edirdi. O bizi çox ruhlandırırdı. Qardaş nəyə görə əzabların olduğunu Müqəddəs Kitab əsasında aydın izah etdi və mənim həyatla bağlı digər suallarıma cavab verdi. Yehova ilə münasibətlərim daha da möhkəmləndi və Onun bizi sevdiyinə əmin oldum.

Müharibə qurtarmamışdan əvvəl ailəmizin qardaşlarla daha tez-tez görüşmək imkanı oldu. 1943-cü ilin avqust ayında Joze-Nikola Mine qardaş fermamıza gəlib nitq söylədi. O soruşdu: «Kim vəftiz olunmaq istəyir?» Atam əlini qaldırdı, mən də qaldırdım. Biz fermamızın yaxınlığındakı balaca çayda vəftiz olunduq.

1944-cü ilin dekabrında Almaniya qoşunları qərb cəbhəsində sonuncu böyük hücumunu etdi. Bu hücum Arden əməliyyatı kimi tanınır. Biz döyüşün getdiyi yerin yaxınlığında yaşayırdıq. Təxminən bir ay evimizin zirzəmisində gizləndik. Bir gün mən heyvanları yemləməyə çıxanda fermamıza artilleriya mərmisi düşdü və anbarımızın damını uçurtdu. Tövlədə olan Amerika əsgəri dərhal qışqırdı: «Yerə uzan!» Mən qaçıb onun yanında yerə uzandım. O məni qorumaq üçün öz dəbilqəsini götürüb başıma qoydu.

RUHANİ İNKİŞAFIM

Toy günümüz

Müharibədən sonra bizdən 90 kilometr şimalda olan Lyej şəhərindəki yığıncaqla müntəzəm əməkdaşlıq etməyə başladıq. Tədricən Bastonda kiçik bir qrup yarandı. Mən vergi idarəsində işə düzəldim və hüquq üzrə oxumaq imkanım oldu. Sonralar notariusda işlədim. 1951-ci ildə Bastonda kiçik rayon toplantısı təşkil etdik. Toplantıya təxminən 100 nəfər qatılmışdı. Onlardan biri də çox fəal öncül olan Elli Roiter idi. O, görüşə qatılmaq üçün velosipedlə 50 kilometr yol gəlmişdi. Biz bir-birimizə vurulduq və nişanlandıq. Elli Birləşmiş Ştatlarda Gilad məktəbində oxumağa dəvət almışdı. O, baş idarəyə yazıb izah etdi ki, çox güman, bu dəvəti qəbul edə bilməyəcək. Həmin vaxt Yehovanın xalqına rəhbərlik edən Neytan Norr qardaş cavab yazıb mehribanlıqla dedi ki, bəlkə, Elli bir gün Gilad məktəbini əri ilə keçər. Biz 1953-cü ilin fevral ayında ailə həyatı qurduq.

Elli və oğlumuz Serj

Elə həmin il Elli ilə mən «Yanki» stadionunda (Nyu-York) keçirilən «Yeni dünyanın cəmiyyəti» adlı toplantıda iştirak etdik. Orada bir qardaşla tanış oldum. O mənə yaxşı bir iş təklif etdi və dedi ki, miqrant kimi Birləşmiş Ştatlara köçüm. Bu məsələ ilə bağlı Yehovaya dua edəndən sonra Elli ilə qərara gəldik ki, bu təklifdən imtina edib Belçikaya qayıdaq və Bastonda təxminən 10 nəfərdən ibarət kiçik qrupa dəstək olaq. Növbəti il sevindirici hadisə baş verdi, oğlumuz Serj dünyaya gəldi. Amma əfsuslar olsun ki, 7 aydan sonra Serj xəstələndi və öldü. Bu dərdimiz barədə Yehovaya dua etdik və dirilməyə olan gerçək ümidimiz bizə güc verdi.

TAMVAXTLI XİDMƏT

1961-ci ilin oktyabr ayında mən öncüllük edə bilmək üçün yarım günlük iş tapdım. Elə həmin gün Belçika filialından mənə zəng gəldi. Qardaş məndən soruşdu ki, rayon xidmətçisi (indi rayon nəzarətçisi adlanır) kimi xidmət edə bilərəm? Mən dedim: «Bu təyinatı qəbul etməzdən əvvəl bir az öncül kimi xidmət etsək olar?» Qardaşlar xahişimi nəzərə aldılar. Səkkiz ay öncül kimi xidmət edəndən sonra biz 1962-ci ilin sentyabr ayında səyyar xidmətə başladıq.

İki il səyyar xidmətdə olandan sonra Brüsseldəki Beyteldə xidmət etməyə dəvət olunduq. Oradakı təyinatımız 1964-cü ilin oktyabr ayından başladı. Bu yeni təyinat özü ilə yeni mükafatlar gətirdi. 1965-ci ildə Neytan qardaş bizim Beyteli ziyarət etdi və qısa müddət sonra mən filial xidmətçisi kimi təyin olundum. Bu mənim üçün çox gözlənilməz idi. Daha sonra Elli ilə Gilad məktəbinin 41-ci sinfinə dəvət olunduq. Neytan qardaşın 13 il əvvəl dediyi sözlər gerçək oldu! Məzun olduqdan sonra biz Belçika Beytelinə qayıtdıq.

YEHOVANIN XALQININ HÜQUQLARI QORUNUR

Hüquq sahəsində təcrübəm olduğu üçün illər ərzində həm Avropada, həm də digər yerlərdə Yehovanın Şahidlərinin sərbəst ibadət etmək hüquqlarının qorunulmasına kömək etmişəm (Filip. 1:7). Bunun nəticəsində fəaliyyətimizin məhdudlaşdırıldığı və ya qadağan olunduğu 55-dən çox ölkənin məmurları ilə danışıqlar aparmışam. Heç vaxt məmurlara hüquq sahəsində nə qədər təcrübəli olduğumu deməmişəm, özümü həmişə «Allah adamı» kimi təqdim etmişəm. Rəhbərlik almaq üçün həmişə Yehovaya dua etmişəm, çünki bilirdim ki, «padşahın [hakimin] ürəyi Yehovanın əlindədir, onu su axını kimi istədiyi səmtə yönəldər» (Məs. 21:1).

Yadda qalan bir söhbətim Avropa parlamentinin üzvü ilə olmuşdu. Dəfələrlə onunla danışmağa cəhd etmişdim. Nəhayət, o, görüşməyə razılaşmışdı. Görüş zamanı o mənə demişdi: «Beş dəqiqə vaxtın var, bir dəqiqə də artıq olmaz». Mən başımı aşağı salıb dua etməyə başladım. O, əsəbi şəkildə soruşdu ki, nə edirəm. Başımı qaldırıb dedim: «Allaha şükür edirdim. Çünki siz onun xidmətçilərindən birisiniz». O soruşdu: «Bu nə deməkdir?» Ona Romalılara 13:4 ayəsini oxudum. Protestant olduğu üçün bu ayə onun xoşuna gəldi. Sonra bilirsiniz nə oldu? O, düz yarım saat mənimlə söhbət etdi. Bu görüş çox uğurlu oldu. Hətta həmin adam Yehovanın Şahidlərinin işinə hörmət etdiyini bildirdi.

İllər ərzində Yehovanın xalqı Avropada çoxlu hüquqi mübarizələr aparıb. Məsələn, məsihi bitərəfliyi, uşaq qəyyumluğu, vergi və sairə məsələlərdə. Mənim bu işlərin əksəriyyətində iştirak etmək və Yehovanın Öz xalqına necə uğur, qələbə verdiyini öz gözlərimlə görmək imkanım olub. Bu mənim üçün böyük şərəfdir. Yehovanın Şahidləri Avropa İnsan Hüquqları Məhkəməsində 140-dan çox iş üzrə qələbə qazanıblar.

KUBA TƏBLİĞ İŞİNƏ QAPILARI AÇIR

1990-cı illərdə mən baş idarədən olan Filip Bramli və İtaliyadan olan Valter Farneti qardaşla əməkdaşlıq edirdim. Kubada fəaliyyətimizə məhdudiyyət qoyulmuşdu və biz oradakı bacı-qardaşların daha sərbəst xidmət etmələrinə kömək etmək istəyirdik. Mən Kubanın Belçikadakı səfirliyinə məktub yazdım. Sonra bizim xahişimizə baxmaq üçün təyin olunan məmurla görüşdüm. İlk görüşümüzdə məhdudiyyətlərə gətirib çıxaran anlaşılmazlığı aradan qaldıra bilmədik.

Filip Bramli və Valter Farneti ilə birgə 1990-cı illərdə Kubaya etdiyimiz ziyarətlərdən biri

Duada Yehovadan rəhbərlik diləyəndən sonra Kubaya gəmi ilə 5000 Müqəddəs Kitabın gətirilməsinə icazə istədik və bizə icazə verdilər. Kitablar problemsiz gəlib çatdı və bacı-qardaşlara paylanıldı. Gördük ki, Allah işimizi rast saldı. Daha sonra əlavə 27 500 Müqəddəs Kitab nüsxəsinin göndərilməsi üçün icazə istədik. Hökumət buna da razılıq verdi. Kubadakı bacı-qardaşların öz şəxsi Müqəddəs Kitablarının olmasına kömək etmək mənə böyük sevinc gətirdi.

Dəfələrlə Kubaya gedib hüquqi məsələlərimizin həll olunmasına kömək etmişəm. Həmin vaxtlar xeyli dövlət işçisi ilə gözəl münasibətlər qurmuşam.

RUANDADAKI BACI-QARDAŞLARA KÖMƏK EDİRƏM

1994-cü ildə Ruandada tutsi xalqına qarşı genosiddə 1 000 000-dan çox insan qətlə yetirilmişdi. Təəssüf ki, qətlə yetirilənlərin arasında bəzi dindaşlarımız da var idi. Çox keçməmiş bir neçə qardaşa tapşırıq verildi ki, bacı-qardaşlara humanitar yardım göstərmək üçün tədbir görsünlər.

Biz Ruandanın paytaxtı Kiqaliyə çatanda gördük ki, tərcümə ofisi və nəşrlərimizin saxlanıldığı anbar güllə-baran edilib. Xeyli bacı-qardaşımız bıçaqlanaraq qətlə yetirilmişdi. Amma bu cür faciəvi hadisələrlə yanaşı, məsihi məhəbbətinin əməldə təzahür olunduğu ilə bağlı çoxlu nümunələr də eşitdik. Məsələn, bir tutsi qardaşla tanış olduq. O danışdı ki, 28 gün xəndəkdə gizlənib və Yehovanın Şahidi olan bir hutu ailə onu qoruyub. Kiqalidə təşkil olunan bir görüş vaxtı 900-dən çox bacı-qardaşa təsəlli verib ruhlandırdıq.

Şəkillər: 1) Güllə sərt cildli kitabın bir hissəni parçalayıb. 2) Marsel və iki qardaş zərərçəkənlərə yardım vəsaitlərinin olduğu yerdədir.

Solda: Tərcümə ofisimizdə güllənin deşdiyi kitab

Sağda: Yardım işləri aparırıq

Sonra isə biz sərhədi keçib Zairə (indiki Konqo Demokratik Respublikası) getdik. Çünki Ruandadan olan xeyli sayda Yehovanın Şahidi Qoma şəhərinin yaxınlığında olan qaçqın düşərgələrinə qaçmışdı. Amma onları tapa bilmədik. Buna görə də bizə yol göstərməsi üçün Yehovaya dua etdik. Bir də gördük, kimsə bizə tərəf gəlir. Ondan soruşduq ki, Yehovanın Şahidlərindən kimisə tanıyır? O dedi: «Elə mən özüm Yehovanın Şahidiyəm. Gəlin sizi yardım komitəsinin olduğu yerə aparım». Yardım komitəsi ilə ruhlandırıcı görüşümüz oldu. Sonra biz təxminən 1600 qaçqınla görüşüb onlara təsəlli, ürək-dirək verdik. Həmçinin onlara Rəhbərlik Şurasının göndərdiyi məktubu da oxuduq. Məktubdakı bu sözlər bacı-qardaşları çox ruhlandırdı: «Siz həmişə dualarımızdasınız. Bilirik ki, Yehova sizi heç vaxt tərk etməyəcək». Rəhbərlik Şurası düz deyirdi. Hal-hazırda Ruandada 30 000-dən çox Yehovanın Şahidi sevinclə xidmət edir!

SADİQ QALMAQ NİYYƏTİNDƏYƏM

Haradasa 58 illik evliliyimizdən sonra 2011-ci ildə əziz həyat yoldaşım Elli vəfat etdi. Bu böyük kədərimi dua edib Yehovaya danışdım. O da mənə təskinlik verdi. Həmçinin insanlara Padşahlıq haqda xoş xəbəri bölüşmək də mənə təsəlli verirdi.

İndi yaşım 90-nı haqlasa da yenə də hər həftə xidmətdə iştirak edirəm. Həmçinin sevinirəm ki, Belçika filialında Hüquq şöbəsinə kömək etmək, insanlarla təcrübəmi bölüşmək və Beytel ailəsindəki gəncləri ruhlandırmaq imkanım var.

Təxminən 84 il bundan əvvəl Yehovaya ilk duamı etmişdim. Bununla da getdikcə daha da möhkəmlənən bir dostluq münasibətinə başlamışdım. Ömrüm boyu etdiyim dualara diqqətlə qulaq asdığı üçün Yehovaya nə qədər şükür etsəm azdır (Zəb. 66:19)a.

a Məqalə çapa hazırlanan zaman Marsel Jile 2023-cü il 4 fevral tarixində vəfat etdi.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş