TƏLİM MƏQALƏSİ 21
NƏĞMƏ 21 Padşahlığı hər şeydən üstün tutun
«Daimi şəhəri» gözləyin
«Biz səbirsizliklə gələcəkdəki şəhəri gözləyirik» (İBR. 13:14).
ƏSAS FİKİR
İbranilərə 13-cü fəsildən öyrəndiklərimiz bizə həm indi, həm də gələcəkdə kömək edə bilər.
1. İsa Məsih Yerusəlimlə bağlı nəyi peyğəmbərlik etmişdi?
İSA MƏSİH ölümündən bir neçə gün əvvəl bir peyğəmbərlik söylədi. Bu peyğəmbərlik ilk dəfə Yerusəlim və məbəd məhv olunduğu dövrdə yerinə yetdi. Peyğəmbərliyə əsasən bir gün qoşunlar «Yerusəlimi mühasirəyə» alacaqdı (Luka 21:20). İsa davamçılarına tapşırmışdı ki, bunu görən kimi dərhal şəhəri tərk etsinlər. Onun sözləri yerinə yetdi. Roma ordusu Yerusəlimi mühasirəyə aldı (Luka 21:21, 22).
2. Həvari Bulus Yəhudiyyədə və Yerusəlimdə yaşayan ibrani məsihilərə nəyi xatırlatmışdı?
2 Roma ordusu Yerusəlimi mühasirəyə almazdan cəmi bir neçə il əvvəl həvari Bulus mühüm bir məktub yazmışdı. Bu, Müqəddəs Kitabda yer alan İbranilərə məktubdur. Həmin məktubda Bulus Yəhudiyyədəki və Yerusəlimdəki məsihilərə vacib məsləhətlər vermişdi. Həmin məsləhətlər onları qarşıdakı çətinliklərə hazırlayacaqdı. Bəs nə baş verəcəkdi? Yerusəlim məhv ediləcəkdi. Həmin məsihilər xilas olmaq istəyirdilərsə, ev-eşiklərini, işlərini qoyub getməyə hazır olmalı idilər. Bulus Yerusəlim şəhəri haqda belə sözlər yazmışdı: «Yer üzündə bizim daimi şəhərimiz yoxdur». Sonra sözünə əlavə etmişdi: «Biz səbirsizliklə gələcəkdəki şəhəri gözləyirik» (İbr. 13:14).
3. «Əsl bünövrə üzərində tikilmiş şəhər» hansı şəhərdir və nəyə görə biz bu şəhəri gözləyirik?
3 Məsihilər Yerusəlimi və Yəhudiyyəni tərk etmək qərarını verəndə, çox güman ki, insanlar onlara gülür, axmaq adlandırırdılar. Amma bu qərarları onların həyatını xilas etdi. Eyni münasibətlə bu gün biz də üzləşirik. Çünki ümidimizi insanlara və ya pula bağlamırıq, bu dünyada rahat həyat dalınca qaçmırıq. Bəs bu cür qərar verməyimizin səbəbi nədir? Biz bu dünyanın müvəqqəti olduğunu bilirik. Ona görə də «əsl bünövrə üzərində tikilmiş şəhəri», yəni «gələcəkdəki şəhəri», Allahın Padşahlığını gözləyirika (İbr. 11:10; Mət. 6:33). Bu məqalədəki hər yarımbaşlıqda növbəti amilləri araşdıracağıq: 1) Bulusun Yehovanın ilhamı ilə yazdığı məsləhətlər birinci əsrdəki məsihilərə «gələcəkdəki şəhəri» gözləməyə necə kömək etmişdi? 2) Bulus onları gələcəkdəki hadisələrə necə hazırlamışdı? 3) Onun məsləhətlərindən biz nə öyrənə bilərik?
YEHOVA SİZİ HEÇ VAXT TƏRK ETMƏZ. ONA ETİBAR EDİN
4. Nəyə görə Yerusəlim məsihilər üçün əhəmiyyətli şəhər idi?
4 Yerusəlim məsihilər üçün əhəmiyyətli şəhər idi. İlk məsihi yığıncağı eramızın 33-cü ilində məhz burada yaranmışdı. Rəhbərlik şurası da bu şəhərdə idi. Bundan əlavə, əksər məsihilərin bu şəhərdə evləri, mal-mülkləri var idi. Amma İsa davamçılarına demişdi ki, bir gün onlar Yerusəlimdən, hətta Yəhudiyyədən qaçmalı olacaqlar (Mət. 24:16).
5. Bulus məsihiləri qarşıdakı hadisələrə necə hazırladı?
5 Bulus məsihiləri qarşıdakı hadisələrə hazırlamaq istəyirdi. Buna görə də onlara Yerusəlimə Yehovanın gözü ilə baxmağa kömək etdi. Bulus onlara xatırlatdı ki, məbəd, kahinlər və Yerusəlimdə kəsilən qurbanlar artıq Yehovanın gözündə müqəddəs deyil (İbr. 8:13). Şəhər sakinlərinin çoxu Məsihi rədd etmişdi. Yerusəlimdəki məbəd artıq pak ibadətin mərkəzi sayılmırdı və o, tezliklə məhv ediləcəkdi (Luka 13:34, 35).
6. Bulusun İbranilərə 13:5, 6 ayələrində verdiyi məsləhət nəyə görə məsihilər üçün vaxtında idi?
6 Bulus ibranilərə məktub yazanda Yerusəlim inkişaf dövrünü yaşayırdı. Həmin dövrdə yaşamış bir Roma yazıçısı Yerusəlimi «şərqin ən məşhur şəhəri» adlandırmışdı. Müxtəlif ərazilərdə yaşayan yəhudilər ildə üç dəfə bayramları qeyd etmək üçün Yerusəlimə axışırdı. Bu isə ölkənin iqtisadiyyatını əməlli-başlı qaldırırdı. Sözsüz ki, bir çox məsihilər də bundan gəlir əldə edirdilər. Yəqin, elə buna görə Bulus onlara demişdi: «Həyatınızda pulpərəstliyə yer verməyin, nəyiniz varsa, ona qane olun». Sonra o, Müqəddəs Kitabdan güclü bir dəlil gətirərək deyir ki, Yehova hər bir xidmətçisinə şəxsən söz verib: «Səni heç vaxt atmaram, heç vaxt tərk etmərəm». (İbranilərə 13:5, 6 ayələrini oxuyun; Qan. 31:6; Zəb. 118:6.) Yerusəlimdə və Yəhudiyyədə yaşayan məsihilərə gələcəkdə bu sözləri yada salmaq lazım gələcəkdi. Çünki onlar bu məktubu alandan qısa müddət sonra evlərini, işlərini və mal-mülklərinin çoxunu qoyub çıxmalı olacaqdılar və yad bir ərazidə yeni bir həyata başlayacaqdılar. Bu isə asan olmayacaqdı.
7. Nəyə görə Yehovaya etibarımızı indidən möhkəmləndirməliyik?
7 Bizim üçün dərs. Bizi qarşıda nələr gözləyir? Şeytan dünyasına «böyük müsibət» zamanı son qoyulacaq (Mət. 24:21). Birinci əsrdəki məsihilər kimi biz də oyaq durmalı və hazırlıqlı olmalıyıq (Luka 21:34—36). Böyük müsibət zamanı, ola bilsin, biz sahib olduğumuz şeylərin bir qismindən və ya hamısından vaz keçməli olaq. Bu zaman Yehovanın bizi heç vaxt atmayacağına etibarımız möhkəm olmalıdır. Elə indinin özündə, hələ «böyük müsibət» başlamamış bizim Yehovaya nə dərəcədə etibar etdiyimizi göstərmək imkanımız var. Bu sual üzərində düşünün: «Qərarlarım və qurduğum planlar göstərirmi ki, ümidimi var-dövlətə yox, Yehovaya bağlamışam və Onun mənim qeydimə qalacağına əminəm?» (1 Tim. 6:17). Sözsüz, birinci əsrdə baş verənlərdən çox şey öyrənə bilərik. Bununla belə, qarşıda bizi gözləyən «böyük müsibət» misli görünməmiş olacaq. Bəs böyük müsibət başlayanda nə etməli olduğumuzu necə biləcəyik?
RƏHBƏRLİK EDƏNLƏRƏ İTAƏT EDİN
8. İsa şagirdlərinə hansı göstərişi vermişdi?
8 İbrani məsihilər Bulusun məktubunu alandan bir neçə il sonra Roma ordusu Yerusəlimi mühasirəyə aldı. Bu qaçmaq üçün onlara bir işarə idi. Yerusəlim şəhəri tezliklə məhv ediləcəkdi (Mət. 24:3; Luka 21:20, 24). Bəs onlar hara qaçmalı idi? İsa Məsih sadəcə «Yəhudiyyədə olanlar dağlara qaçsın» demişdi (Luka 21:21). İş orasında idi ki, həmin ərazidə dağların sayı çox idi. Bəs onlar hansı istiqamətə qaçmalı idilər?
9. Nəyə görə məsihilərdə hansı dağlara qaçacaqları ilə bağlı sual yarana bilərdi? (Həmçinin xəritəyə baxın.)
9 Həmin dövrdəki məsihilərin qaçıb sığına biləcəyi bəzi dağlar bunlar idi: Səməriyyə dağları, Cəlilədəki dağlar, Hərmun dağı, Livan dağları və İordan çayının ətrafındakı dağlar. (Xəritəyə baxın.) Bu dağlıq ərazilərdəki bəzi şəhərlər ilk baxışdan sığınmaq üçün təhlükəsiz görünürdü. Məsələn, Qamla şəhəri hündür bir dağın təpəsində yerləşirdi və ora gedib çıxmaq çox çətin idi. Bəzi yəhudilərə görə bu şəhər sığınmaq üçün ideal bir yer idi. Bununla belə, Qamla yəhudilərlə romalılar arasında qızğın döyüşün getdiyi bir yerə çevrildi və əhalinin böyük hissəsi qətlə yetirildib.
Məsihilərin qaça biləcəyi çox dağ var idi, amma onların hamısı təhlükəsiz deyildi (9-cu abzasa baxın)
10, 11. a) Yehova məsihilərə göstərişi, ehtimal ki, necə vermişdi? (İbranilərə 13:7, 17). b) Məsihilər rəhbərlik edən qardaşlara itaət etməyin hansı xeyrini gördülər? (Həmçinin şəklə baxın.)
10 Görünür, Yehova məsihilərə rəhbərlik edən qardaşlar vasitəsilə göstəriş vermişdi. Tarixçi Yevsevi sonralar yazmışdı: «Yerusəlimdəki yığıncaqda bəzi seçilmiş kişilərə Allahın iradəsilə vəhy nazil olmuşdu. Onlara əmr olunmuşdu ki,.. döyüş başlamazdan əvvəl Yerusəlimi tərk etsinlər və Pereyadakı Pella şəhərində məskunlaşsınlar». Görünür, Pella ən uyğun seçim idi. O, Yerusəlimdən elə də uzaqda deyildi. Buna görə də ora getmək nisbətən rahat idi. Pellada, əsasən, qeyri-yəhudilər yaşayırdı və romalılarla azadlıq uğrunda döyüşən fanatik yəhudilər bu ərazidə azlıq təşkil edirdi. (Xəritəyə baxın.)
11 Bulusun «sizə rəhbərlik edənlərə itaət edin» məsləhətinə qulaq asanlar dağlara qaçdılar. (İbranilərə 13:7, 17 ayələrini oxuyun.) Nəticədə, onlar xilas oldular. Tarix sübut edir ki, Allah «əsl bünövrə üzərində qurulmuş şəhəri», Allahın Padşahlığını gözləyənləri tərk etmədi (İbr. 11:10).
Pella məsihilərin qaçması üçün elə də uzaq olmayan təhlükəsiz bir yer idi (10 və 11-ci abzaslara baxın)
12, 13. Yehova xalqına ağır dönəmlərdə necə istiqamət verib?
12 Bizim üçün dərs. Yehova rəhbərlik edən qardaşlar vasitəsilə xalqına konkret göstərişlər verir. Müqəddəs Kitabda Yehovanın ağır dönəmlərdə xalqına həmişə sadiq kişilər vasitəsilə istiqamət verdiyinə dair çoxlu nümunələr var (Qan. 31:23; Zəb. 77:20). O bu gün də rəhbərlik edən qardaşlar vasitəsilə bizi yönəldir. Buna dair sübutların sayı-hesabı yoxdur.
13 Məsələn, COVID-19 pandemiyası baş qaldıranda «rəhbərlik edən» qardaşlar yığıncaqlara lazımi göstərişlər vermişdi. Ağsaqqallar bacı-qardaşların ruhani tələbatlarını qarşılamaq üçün təlimatlar almışdı. Pandemiya başlayandan qısa müddət sonra 500-dən çox dildə tarixi toplantı keçirildi. Bu toplantı internet, televiziya və radio vasitəsilə yayımlandı. Ruhani qidanın verilməsində fasilə yaranmadı. Bunun da sayəsində aramızdakı birlik qorundu. Biz bilmirik, qarşıda bizi hansı çətinliklər gözləyir, amma əmin ola bilərik ki, Yehova bundan sonra da «rəhbərlik edən» qardaşlara hikmətli qərarlar verməyə kömək edəcək. Bəs Yehovaya etibardan və Onun əmrlərinə itaətdən əlavə hansı xüsusiyyətlər bizə böyük müsibətə hazırlaşmağa və bu ağır dönəmdə hikmətlə davranmağa kömək edəcək?
QARDAŞLIQ MƏHƏBBƏTİ GÖSTƏRİN VƏ QONAQPƏRVƏR OLUN
14. İbranilərə 13:1—3 ayələrinə əsasən məsihilər Yerusəlimin məhvindən öncəki illərdə hansı xüsusiyyətləri təzahür etdirməli idilər?
14 Böyük müsibət başlayanda bir-birimizə həmişəkindən daha çox məhəbbət göstərmək lazım gələcək. Yaxşı olar ki, həmin dövrdə Yerusəlimdə və Yəhudiyyədə yaşamış məsihilərin nümunəsini izləyək. Bu məsihilər bir-birilərinə həmişə məhəbbət göstərirdilər (İbr. 10:32—34). Amma Yerusəlimin məhvindən əvvəlki illər ərzində «qardaşlıq məhəbbəti»ni və «qonaqpərvərliyi» daha da çox göstərməli idilərc. (İbranilərə 13:1—3 ayələrini oxuyun.) Eyni şey bu dünyanın sonuna yaxınlaşdıqca bizə də lazım gələcək.
15. Nəyə görə ibrani məsihilər qaçandan sonra bir-birilərinə qardaşlıq məhəbbəti və qonaqpərvərlik göstərməli idilər?
15 Roma qoşunları Yerusəlimi mühasirəyə alanda və qəflətən geri çəkiləndə məsihilər oradan qaçdılar. Onlar özləri ilə çox az şey götürə bilmişdilər (Mət. 24:17, 18). Yol boyu dağlara tərəf gedərkən, həmçinin yeni evlərində məskunlaşan zaman onlar bir-birilərinin köməyinə möhtac idilər. Sözsüz, bu məsihilərin təcili köməyə ehtiyac duyduqları anlar çox olmuşdu. Bu zaman onların bir-birilərinin qeydinə qalmaqla, əllərində olanı bölüşməklə əsl qardaşlıq məhəbbəti və qonaqpərvərlik göstərmək imkanı olmuşdu (Tit. 3:14).
16. Darda olan dindaşlarımıza sevgimizi necə göstərə bilərik? (Həmçinin şəklə baxın.)
16 Bizim üçün dərs. Məhəbbət bizi təşviq edir ki, darda olan dindaşlarımıza dayaq olaq. Məsələn, çoxları müharibə və təbii fəlakət ucbatından evlərindən didərgin düşmüş bacı-qardaşlara cani-dildən öz köməklərini təklif edir, onların ruhani və maddi tələbatlarını qarşılayır. Müharibə ucbatından evindən didərgin düşən bir ukraynalı bacı deyir: «Yehovanın qardaşlar vasitəsilə bizə necə istiqamət verdiyini, qayğımıza qaldığını şəxsən gördük. Onlar bizi çox xoş qarşıladılar. Ukraynada, Macarıstanda və indi burada, Almaniyada bizə hərtərəfli kömək etdilər». Bacı-qardaşlara qonaqpərvərlik göstərənlər və onların ehtiyaclarını qarşılayanlar Yehovanın əlində bir alətdirlər (Məs. 19:17; 2 Kor. 1:3, 4).
Evlərindən didərgin düşən məsihilərin köməyimizə ehtiyacı var (16-cı abzasa baxın)
17. Nəyə görə bu gün qardaşlıq məhəbbəti və qonaqpərvərlik göstərməyi öyrənməliyik?
17 Şübhəsiz, böyük müsibət zamanı bir-birimizə dayaq olmaq indikindən daha çox lazım gələcək (Həb. 3:16—18). Yehova bu gün bizə qardaşlıq məhəbbəti və qonaqpərvərlik göstərməyi öyrədir. Həmin dövrdə bu xüsusiyyətlər hava-su kimi lazım olacaq.
QARŞIDA BİZİ NƏLƏR GÖZLƏYİR?
18. Birinci əsrdə yaşamış ibrani məsihilərin nümunəsini necə izləyə bilərik?
18 Tarix sübut edir ki, dağlara qaçan məsihilər Yerusəlimin başına gələn fəlakətdən qurtuldular. Onlar şəhəri tərk etməli olsalar da, Yehova onları tərk etmədi, qeydlərinə qaldı. Bəs bizim dövrümüz haqda nə demək olar? Biz gələcəkdə hadisələrin necə cərəyan edəcəyini dəqiq bilməsək də, İsanın bizə nəyi tapşırdığını bilirik: biz hazır olmalıyıq (Luka 12:40). Həmçinin əlimizdə Bulusun ibranilərə yazdığı məktub var. Oradakı nəsihətlər təkcə birinci əsrdəki məsihilərə yox, bizə də aiddir. Ən əsası isə Yehova bizi heç vaxt atmayacağına, bizi heç vaxt tərk etməyəcəyinə zəmanət verib (İbr. 13:5, 6). Odur ki, gəlin daimi şəhəri, Allahın Padşahlığını gözləyək. Onda onun bəxş edəcəyi nemətləri əbədiyyən dadacağıq (Mət. 25:34).
NƏĞMƏ 157 Əbədi sülh!
a Qədim dövrdə adətən şəhərləri də padşah idarə edirdi. Bu cür şəhərləri padşahlıq adlandırmaq olardı (Yar. 14:2).
b Bu, eramızın 67-ci ilində məsihilər Yəhudiyyə və Yerusəlimdən qaçandan qısa müddət sonra baş vermişdi.
c «Qardaşlıq məhəbbəti» kimi tərcümə olunan söz, əsasən, ailə üzvləri arasındakı məhəbbətə aid işlənir. Amma Bulus bu ifadəni yığıncaq daxilində bir-birimizə bəslədiyimiz güclü məhəbbətə aid işlətmişdi.