Bilirsiniz?
Birinci əsrdə məbəddə xidmət edən kahinlər qurban gətirilmiş heyvanların qanını hara axıdırdılar?
QƏDİM İsraildə hər il kahinlər məbədin qurbangahında Yehovaya minlərlə heyvan qurbanı təqdim edirdilər. Birinci əsrdə yaşayan yəhudi tarixçisi İosif Flavinin sözlərinə görə, Pasxa bayramında 250 000-dən çox heyvan gətirilirdi. Bu isə çoxlu miqdarda qan demək idi (Lav. 1:10, 11; Say. 28:16, 19). Bəs bu qədər qan hara axıdılırdı?
Arxeoloqlar Hirodun məbədində geniş drenaj sistemi aşkar etmişdilər. Bu sistem b. e. 70-ci ilində məbəd dağılana qədər istifadə olunurdu. Görünür, qan bu drenaj sistemi ilə məbəd dağından kənara axıdılırdı.
Drenaj sisteminin iki cəhətinə diqqət yetirək.
Qurbangahın ətəyindəki dəliklər. Mişnadaa məbədin drenaj sisteminin təsviri var. Orada deyilir ki, məbədin «cənub-qərb küncündə iki dəlik var idi... bu dəliklər vasitəsilə qurbangahın qərb və cənub ətəyindən axıdılan qan su kanalı ilə birləşirdi və Qidron vadisinə tökülürdü».
Arxeoloqlar qanın axıdılması ilə bağlı bu yazılanlarla razıdırlar. İudaizm tarixi ilə bağlı bir mötəbər mənbə məbədin yaxınlığında «geniş drenaj sisteminin» aşkar olunmasını təsdiqləyir («The Cambridge History of Judaism»). Orada deyilir: «Ehtimal ki, bu sistem Məbəd dağından gələn və qurbanların qanı ilə birləşmiş suyun axıdılması üçün istifadə olunurdu».
Bol su ehtiyatı. Qurbangahı və drenaj sistemini təmiz saxlamaq üçün kahinlərə kifayət qədər su lazım idi. Bu vacib tapşırığı yerinə yetirmək üçün kahinlər şəhərdən gələn təmiz sudan istifadə edirdilər. Bu su kanallar, su kəmərləri, quyular və hovuzlar vasitəsilə qurbangaha çatdırılırdı. Arxeoloq Cozef Patrik qeyd etmişdi: «Bu cür mürəkkəb su təchizatı, məbəd ərazisinin təmizlənməsi və drenaj sistemi qədim dövr üçün çox unikaldır».
a Eramızın üçüncü əsrinə aid yəhudi şifahi qanunlar toplusu.