TƏLİM MƏQALƏSİ 37
NƏĞMƏ 114 «Səbirli olun»
Haqsızlığa cavab verməyin ən yaxşı yolu
«O, ədalət gözləyirdi, haqsızlıq gördü» (ƏŞY. 5:7).
ƏSAS FİKİR
Görəcəyik ki, İsa haqsızlığa necə yanaşırdı və biz Yehovanı razı salmaq üçün onun nümunəsini necə izləyə bilərik.
1, 2. İnsanların çoxu haqsızlığa necə münasibət göstərir və bizdə hansı suallar yarana bilər?
BİZ ədalətsiz bir dünyada yaşayırıq. İnsanlar bir sıra səbəblərə görə, məsələn, maddi vəziyyətinə, cinsinə, etnik mənsubiyyətinə və irqinə görə haqsız rəftara məruz qalırlar. Onlar acgöz iş adamlarının və rüşvətxor məmurların səbəb olduğu və daha da korladığı ətraf mühit problemlərinin təsirindən əziyyət çəkirlər. Bu və digər ədalətsizliklər birbaşa və ya dolayısı ilə hər birimizə təsir edir.
2 Əksər insanlar gördükləri haqsızlıqlara görə çox qəzəblidirlər. Bəzi insanlar sosial islahatların aparılması üçün canfəşanlıq göstərirlər. Onlar petisiyalar imzalayır, etiraz aksiyalarına qoşulur və haqsızlıqla mübarizə aparacağını vəd edən siyasi liderləri dəstəkləyirlər. Hamımız əmin-amanlığın və ədalətin hökm sürdüyü bir dünyada yaşamaq istəyirik. Amma bir məsihi kimi öyrənmişik ki, biz bu «dünyaya aid» deyilik və Allahın Padşahlığının ədalətsizliyə son qoyacağı vaxtı gözləməliyik (Yəh. 17:16). Bununla belə, kiminsə haqsız rəftara məruz qaldığını görəndə məyus oluruq, hətta əsəbiləşirik. Bizi bu cür suallar narahat edə bilər: «Haqsızlıq görəndə necə davranmalıyam? Hal-hazırda haqsızlıqla bağlı edə biləcəyim nə isə var?» Bu suallara cavab vermək üçün gəlin görək Yehova və İsa haqsızlığa necə yanaşır.
YEHOVA VƏ İSA HAQSIZLIĞA NİFRƏT EDİR
3. Haqsızlıq görəndə qəzəblənməyimiz nəyə görə başa düşüləndir? (Əşiya 5:7).
3 Müqəddəs Kitabda haqsızlığın bizə pis təsir etməsinin səbəbi açıqlanır. Orada deyilir ki, Yehova bizi Öz bənzərində yaradıb və bildiyimiz kimi O, «salehliyi, ədaləti sevir» (Zəb. 33:5; Yar. 1:26). O heç vaxt ədalətsiz davranmır və başqalarının da bu cür davranmasını istəmir (Qan. 32:3, 4; Mik. 6:8; Zək. 7:9). Məsələn, Əşiya peyğəmbərin dövründə Yehova israillilərin fəryadını eşitmişdi. Onlar soydaşları tərəfindən pis rəftara məruz qalırdılar. (Əşiya 5:7 ayəsini oxuyun.) Yehova Onun qanununu dəfələrlə pozanları və başqaları ilə ədalətsiz davrananları cəzalandırmışdı (Əşy. 5:5, 13).
4. İncildə təsvir olunan bir hadisədən İsanın haqsızlığa münasibəti haqqında nə öyrənirik? (Həmçinin şəklə baxın.)
4 Yehova kimi İsa da ədaləti sevir və haqsızlığa nifrət edir. Yer üzündə xidmət edərkən bir dəfə İsa əli qurumuş bir kişi ilə rastlaşır. İsanın həmin kişiyə yazığı gəlir və onu sağaldır. Amma bunu görən daşqəlbli din rəhbərləri qəzəblənir. Bu əzab çəkən insanın sağalması onları heç maraqlandırmırdı. Fikirləri-zikirləri şənbə qanununun pozulmasında idi. Din rəhbərlərinin hadisəyə bu cür yanaşmaları İsaya necə təsir etdi? «İsa onların ürəyinin nə qədər küt olduğunu görüb bərk kədərləndi» (Mark 3:1—6).
Yəhudi din xadimləri insanlarla rəhmsiz davranırdı, amma İsa insanları sevirdi və onlara kömək edirdi (4-cü abzasa baxın)
5. Ədalətsizlik görəndə qəzəblənsək də, nəyi yadda saxlamalıyıq?
5 Yehova və İsanın ədalətsizliyə qəzəblənməsi göstərir ki, bizim də belə hisslər keçirməyimiz yanlış deyil (Efes. 4:26). Bununla belə, unutmamalıyıq ki, hətta haqlı olaraq keçirdiyimiz qəzəb hissi ədaləti bərqərar edə bilməz. Üstəlik, uzun müddət qəzəbli qalmaq emosional və fiziki sağlamlığımıza zərər vura bilər (Zəb. 37:1, 8; Yaq. 1:20). Bəs onda ədalətsizlik görəndə necə davranmalıyıq? Bunu İsanın nümunəsindən öyrənə bilərik.
İSA HAQSIZLIQ GÖRƏNDƏ NƏ EDİRDİ?
6. İsa yer üzündə olanda insanlar nə cür haqsızlıqlarla üzləşirdilər? (Həmçinin şəklə baxın.)
6 İsa yer üzündə olanda insanların haqsızlıqla üzləşdiyini çox görmüşdü. O, din xadimlərinin sıravi insanlara necə zülm verdiyinə şahid olmuşdu (Mət. 23:2—4). İsa Roma hökumətinin xalqla amansız rəftarından da xəbərdar idi. Əksər yəhudilər romalıların tabeliyindən çıxmağın həsrətində idilər. Hətta bəziləri, məsələn zilotlar bunun uğrunda döyüşməyə hazır idilər. Amma İsa nə özü sosial dəyişikliklər üçün təşəbbüs göstərirdi, nə də bu cür hərəkatları dəstəkləyirdi. Hətta bir dəfə o, insanların onu padşah etmək istədiyini görəndə onlardan uzaqlaşmışdı (Yəh. 6:15).
İnsanlar İsanın siyasətə qarışmasını istəsə də, İsa onlardan uzaqlaşdı (6-cı abzasa baxın)
7, 8. Nəyə görə İsa yer üzündə olanda haqsızlığı aradan qaldırmağa çalışmadı? (Yəhya 18:36).
7 İsa haqsızlığın qarşısını almaq üçün o dövrün siyasətinə qoşulmağı lazım bilmirdi. Çünki başa düşürdü ki, insanların bir-biriləri üzərində ağalıq etməyə nə haqqı çatır, nə də bacarığı (Zəb. 146:3; Ərm. 10:23). Həmçinin onlar haqsızlığın kökündə duran səbəbləri də aradan qaldırmağa qadir deyillər. Bu dünyanı Şeytan İblis idarə edir. O, qəddardır və bu dünyadakı insanların çoxu onun yolu ilə gedir (Yəh. 8:44; Efes. 2:2). Üstəlik, qeyri-kamillik ucbatından hətta ən yaxşı niyyətli insanların hər zaman ədalətlə davranması mümkün deyil (Vaiz 7:20).
8 İsa bilirdi ki, yalnız Allahın Padşahlığı haqsızlığın kökündə duran səbəbləri tamamilə aradan qaldıracaq. Elə buna görə də o, vaxtını və gücünü «Allahın Padşahlığı haqqında müjdəni təbliğ» etməyə sərf edirdi (Luka 8:1). İsa «salehlik üçün susayıb ona can» atanları əmin edirdi ki, rüşvətxorluğa və haqsızlığa son qoyulacaq (Mət. 5:6; Luka 18:7, 8). Amma bu, sosial islahatlar vasitəsilə yox, Allahın səmavi hökuməti vasitəsilə həyata keçəcək. Onun hökuməti «bu dünyadan deyil». (Yəhya 18:36 ayəsini oxuyun.)
HAQSIZLIQ GÖRƏNDƏ İSADAN NÜMUNƏ GÖTÜRƏK
9. Haqsızlığın kökünü yalnız Allahın Padşahlığının kəsəcəyinə sizi nə əmin edir?
9 Axırzamanda yaşadığımız üçün bu gün haqsızlıq İsanın dövründəkindən daha çoxdur. Amma o dövrdə olduğu kimi bu gün də problemlərin kökündə Şeytan və onun təsiri altında olan qeyri-kamil insanlar dayanır (2 Tim. 3:1—5, 13; Vəhy 12:12). İsa kimi biz də bilirik ki, yalnız Allahın Padşahlığı haqsızlığın kökünü kəsəcək. Biz Padşahlığın tərəfini tutduğumuz üçün bu dünyada ədalətsizliyə qarşı yürüşlərdə, etiraz aksiyalarında və bu kimi digər işlərdə iştirak etmirik. Gəlin Steysia adlı bir bacının hadisəsinə baxaq. O, həqiqəti öyrənməzdən qabaq tez-tez haqsızlığa qarşı sosial yürüşlərə qatılırdı. Amma bir müddət sonra o bunun problemlərin həll yolu olduğuna şübhə etməyə başladı. Bacı deyir: «Etirazlarda iştirak edəndə düşünürdüm: “Görəsən, mən doğru tərəfdəyəm?” Amma indi doğru tərəfdə olduğuma şübhəm yoxdur, çünki Allahın Padşahlığını dəstəkləyirəm. Bilirəm ki, Yehova zülmkarlığın qurbanı olanların naminə məndən qat-qat yaxşı vuruşacaq» (Zəb. 72:1, 4).
10. Nəyə görə sosial hərəkatlar İsanın Mətta 5:43—48 ayələrindəki məsləhəti ilə üst-üstə düşmür? (Həmçinin şəklə baxın.)
10 Sosial islahatlar uğrunda hərəkatlara qoşulan insanlar adətən o qədər qəzəbli olur ki, qanunları pozur və başqalarına xətər yetirirlər. Bu isə İsanın öyrətdiklərinə tamamilə ziddir (Efes. 4:31). Cefri adlı bir qardaş müşahidələrini bölüşür: «İnsanlar etiraz yürüşləri edəndə özlərindən o qədər tez çıxır ki, ilk baxışdan sakit görünən etiraz aksiyaları bir neçə saniyənin içində zorakılıq və qarət meydanına çevrilə bilər». İsa bütün insanları, hətta bizimlə razı olmayanları və bizi təqib edənləri sevməyi öyrədir. (Mətta 5:43—48 ayələrini oxuyun.) Bir məsihi kimi biz əlimizdən gələni edirik ki, İsanın qoyduğu nümunədən kənara çıxan hər şeydən uzaq olaq.
Bu dünyanın siyasi və sosial məsələlərində bitərəfliyi qorumaq üçün cəsarət və qətiyyət lazımdır (10-cu abzasa baxın)
11. Sosial hərəkatları dəstəkləməmək əzmimizi nə sınaya bilər?
11 Düzdür, biz Allahın Padşahlığının haqsızlığa birdəfəlik son qoyacağını bilirik, amma yenə də haqsızlıqla üzləşəndə İsanın nümunəsini izləmək bizə çətin gələ bilər. Gəlin diskriminasiya ilə üzləşmiş Caniya bacının hadisəsinə baxaq. O, etiraf edərək deyir: «Qəzəbdən alışıb-yanırdım. Bu cür rəftar mənə çox ağır gəlirdi və haqsızlıq edən insanların cəza almasını istəyirdim. Sonra irqçilik və diskriminasiya əleyhinə olan bir hərəkatı dəstəkləmək barədə düşünməyə başladım. Fikirləşirdim ki, qəzəbimi büruzə verməyin təhlükəsiz yolu budur». Amma zamanla Caniya düşüncəsini dəyişməli olduğunu anladı. O deyir: «Dərk elədim ki, Yehovaya etibar etmək əvəzinə insanlara bel bağlamışam, onların mənim fikrimə təsir etməsinə yol vermişəm. Buna görə də bu qrupla bütün əlaqələrimi kəsdim». Haqlı olaraq qəzəblənsək də, ehtiyatlı olmalıyıq ki, bu dünyanın siyasi və ictimai məsələlərinə qoşulub bitərəfliyimizi pozmayaq (Yəh. 15:19).
12. Nəyə görə oxuduğumuz, baxdığımız və qulaq asdığımız məlumatlarla bağlı seçici olmalıyıq?
12 Haqsızlıqla üzləşəndə qəzəbimizi cilovlamağa bizə nə kömək edə bilər? Çoxları görüb ki, oxuduqları, qulaq asdıqları və baxdıqları şeylərdə seçici olmağın faydası var. Bəzi sosial media platformaları haqsızlıqla bağlı sensasiya yaradan və etiraz aksiyalarına səsləyən paylaşımlarla dolu olur. Çox vaxt xəbər agentlikləri məlumatı qərəzli şəkildə çatdırırlar. Hətta məlumat doğru olsa da, durmadan bu haqda oxumaqla nə əldə edəcəyik? Gecə-gündüz beynimizi bu cür xəbərlərlə doldursaq, həddən artıq narahatlıq, məyusluq və qəzəb hissi keçirə bilərik (Məs. 24:10). Ən betəri isə Allahın Padşahlığının bütün haqsızlıqlara son qoyacağını unuda bilərik.
13. Müqəddəs Kitabı hər gün oxumaq gördüyümüz haqsızlıqlara düzgün yanaşmağa necə kömək edə bilər?
13 Hər gün Müqəddəs Kitabı oxuyub üzərində düşünmək ədalətsizliklə qarşılaşanda düzgün davranmağımıza kömək edə bilər. Aliyə adlı bacımız aid olduğu cəmiyyətdəki insanlara qarşı haqsız rəftar görürdü və bərk narahat olurdu. Ona elə gəlirdi ki, bu haqsızlığı edənlər cəzasız qalır. Bacı deyir: «Oturub öz-özümə düşündüm: “Mən həqiqətən də Yehovanın bütün bu problemləri həll edəcəyinə inanıram?” Elə həmin vaxt Əyyub 34:22—29 ayələrini oxuyurdum. Bu ayələr mənə xatırlatdı ki, Yehovanın nəzərindən heç nə yayınmır. Nəyin haqq, nəyin nahaq olduğunu yalnız O bilir və yalnız O, insanların bütün problemlərini kökündən həll edə bilər». Amma Allahın Padşahlığının haqq-ədaləti bərqərar edəcəyini gözlədiyimiz müddətdə haqsızlığa tab gətirməliyik. Bəs bunu necə edə bilərik?
İNDİ NƏ EDƏ BİLƏRİK?
14. Nə edə bilərik ki, dünyadakı haqsızlıqda əlimiz olmasın? (Koloslulara 3:10, 11).
14 İnsanların başqaları ilə rəftarına nəzarət edə bilməsək də, öz davranışımıza nəzarət etmək bizim əlimizdədir. Yuxarıda da öyrəndiyimiz kimi biz İsadan nümunə götürərək məhəbbət göstəririk. Bu cür məhəbbət bizi başqalarına, hətta bizə qarşı haqsızlıq edənlərə də hörmət göstərməyə təşviq edir (Mət. 7:12; Rom. 12:17). Biz hər kəslə xeyirxahlıqla və ədalətlə davrananda Yehovanın qəlbini şad edirik. (Koloslulara 3:10, 11 ayələrini oxuyun.)
15. Müqəddəs Kitab həqiqətlərini öyrətməklə cəmiyyətə hansı xeyri veririk?
15 Haqsızlığa verə biləcəyimiz ən gözəl cavab Müqəddəs Kitab həqiqətlərini başqaları ilə bölüşməkdir. Nəyə görə belə demək olar? Çünki «Yehova barədə bilik» aqressiv və qəddar insanı mehriban və sülhsevər insana çevirə bilər (Əşy. 11:6, 7, 9). Camal adlı bir nəfər həqiqəti öyrənməzdən əvvəl üsyançı dəstəyə qoşulmuşdu. Bu dəstə onun zalım hesab etdiyi siyasi rejimə qarşı mübarizə aparırdı. Camal deyir: «İnsanları zor gücünə dəyişmək mümkün deyil. Mən özüm də zor gücünə dəyişməmişəm. Məni dəyişən Müqəddəs Kitab həqiqətləri oldu». Öyrəndikləri Camalı dövlətə qarşı mübarizəni dayandırmağa təşviq etdi. Bəli, nə qədər çox insan Müqəddəs Kitabdakı həqiqətləri öyrənib dəyişsə, haqsızlıq edənlər bir o qədər az olacaq.
16. İnsanlara Allahın Padşahlığı haqqında danışmağa sizi nə təşviq edir?
16 İsa Məsih kimi biz də həvəslə insanlara deyirik ki, yalnız Allahın Padşahlığı haqsızlığa birdəfəlik son qoyacaq. Bu ümid ədalətsizliklə üzləşən insanlara təsəlli verə bilər (Ərm. 29:11). Bayaq adı çəkilən Steysi deyir: «Həqiqəti öyrənmək mənə gördüyüm və üzləşdiyim haqsızlıqlar qarşısında sakitliyimi qorumağa kömək edir. Yehova Kəlamı vasitəsilə hər birimizə təsəlli verir». Haqsızlığın həlli ilə bağlı təsəlliverici xəbəri bölüşmək üçün yaxşı hazırlaşmalıyıq. Əgər siz Müqəddəs Kitabda haqsızlıqla bağlı deyilənlərə yaxşı bələd olsanız, bu təlimlərin doğruluğuna imanınız möhkəm olacaq. Beləcə, məktəbdə, yaxud işdə bu mövzudan söhbət düşsə, əzabların səbəbini və Yehovanın onlara necə son qoyacağını nəzakətlə izah edə biləcəksinizb.
17. Yehova haqsızlığa tab gətirməyimizə necə kömək edir?
17 Nə qədər ki Şeytan «bu dünyanın hökmdarı»dır, biz haqsızlıqla üzləşəcəyik. Gün gələcək, o, «devriləcək». Amma həmin vaxta qədər biz nə köməksizik, nə də ümidsiz (Yəh. 12:31). Məsələn, Yehova Kəlamı vasitəsilə bizə nəyə görə bu qədər haqsızlığın olduğunu açıqlayır, eyni zamanda bunun qurbanı olanlara biganə olmadığını bildirir (Zəb. 34:17—19). Oğlu vasitəsilə isə bizə haqsızlığa necə yanaşmalı olduğumuzu başa salır. Həmçinin öyrədir ki, İsanın idarə etdiyi Padşahlıq tezliklə əzab-əziyyətlərə son qoyacaq və daha heç kim haqsızlıqla üzləşməyəcək (2 But. 3:13). Odur ki, gəlin bu Padşahlıq haqda müjdəni şövqlə və həvəslə təbliğ edək, bununla yanaşı, nəzərimizi yer üzündə ədalətin və salehliyin bərqərar olacağı vaxta cəmləyək (Əşy. 9:7).
NƏĞMƏ 158 «Gecikməyəcək!»
a Bəzi adlar şərtidir.
b Həmçinin «İnsanları sev. Şagird hazırla» broşüründə Əlavə 1-də 24—27 bəndlərə baxın.