Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 sentyabr s. 26—30
  • Yehova bizə «əkildiyimiz yerdə çiçək açmağa» kömək etdi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova bizə «əkildiyimiz yerdə çiçək açmağa» kömək etdi
  • Gözətçi qülləsi 2025
  • Oxşar material
  • Düşündüyümdən qat-qat artıq nemət aldım
    Gözətçi qülləsi 2019
  • Yehova yollarımı rəvan etdi
    Gözətçi qülləsi 2021
  • Təyinatınızdakı dəyişikliyə uyğunlaşın
    Gözətçi qülləsi 2019
  • Böyük Nəsihətçimizin öyüdləri ilə keçən ömür
    Gözətçi qülləsi 2025
Əlavə
Gözətçi qülləsi 2025
w25 sentyabr s. 26—30
Mats və Ann-Katrin bir kənddə furqonlarının yanında dayanıblar.

BİOQRAFİYA

Yehova bizə «əkildiyimiz yerdə çiçək açmağa» kömək etdi

NƏQL ETDİ MATS VƏ ANN-KATRİN KAŞHOLM

«ƏKİLDİYİN yerdə çiçək aç». Bu məsləhət bir az qəribə səslənə bilər. Amma Yehova İsveçdən olan Mats və Ann-Katrin cütlüyünü dəfələrlə müxtəlif yerlərə «əkib». Gəlin görək bu necə baş vermişdi və bu məsləhətin onlara hansı köməyi dəymişdi.

Kaşholm cütlüyü 1979-cu ildə Gilad məktəbində oxuyub. O vaxtdan bəri Yehova onları müxtəlif ərazilərə «əkib», yəni təyin edib. Onlar İranda, Mavrikidə, Myanmada, Tanzaniyada, Uqandada və Zairdə xidmət ediblər. Gilad müəllimi Cek Redfordun dərs zamanı verdiyi bir nəsihət onlara illər ərzində dəfələrlə bir yerdən başqa yerə «əkilməyə» kömək edib. Gəlin bunu onların öz dilindən eşidək.

Mats, danışa bilərsiniz, həqiqəti necə öyrənmisiniz?

Mats: Atam İkinci Dünya müharibəsi zamanı Polşada yaşayırdı. Həmin vaxt o, Katolik kilsəsində çoxlu ikiüzlülük görmüşdü. Buna baxmayaraq, o həmişə deyirdi: «Haradasa həqiqi din var!» Bir müddət sonra başa düşdüm ki, atam haqlı imiş. Oxumaq üçün çoxlu ikinci əl kitab alardım. Onların içində «Əbədi həyata aparan həqiqət» adlı göy üzlü bir kitab var idi. Kitabın adı dərhal diqqətimi çəkdi və onu bir gecənin içində oxuyub qurtardım. Səhər açılanda artıq həqiqəti tapdığıma əmin idim! Bu, 1972-ci ilin aprel ayında baş vermişdi. O vaxtdan bəri Yehovanın Şahidlərinin çoxlu nəşrlərini oxudum və məni maraqlandıran suallara cavab tapdım.

Özümü İsanın məsəlindəki tacir kimi hiss edirdim. Tacir qiymətli bir mirvari tapanda onu almaq üçün hər şeyini satmışdı. Mən də tapdığım həqiqət «mirvarisini» almaq üçün universitetdə oxumaq və həkim olmaq məqsədimi «satdım» (Mət. 13:45, 46). 1972-ci il dekabrın 10-u vəftiz olundum.

Valideynlərim və kiçik qardaşım da dərs keçməyə başladı və bir ilin içində vəftiz olundular. 1973-cü ilin iyul ayında mən tamvaxtlı xidmətə başladım. Yığıncağımızda şövqlü öncüllərin sırasında Ann-Katrin adlı çox gözəl və ruhani düşüncəli qız var idi. Bir-birimizə aşiq olduq və 1975-ci ildə ailə həyatı qurduq. Növbəti dörd il insanların müjdəyə yaxşı hay verdiyi gözəl bir şəhərdə, Strömsandda yaşadıq.

Ann-Katrin: Atam həqiqəti Stokholmda universitetdə oxuduğu vaxt öyrənib. Mən cəmi üçaylıq olanda o məni özü ilə yığıncaqlara və təbliğə aparırdı. Bu, anamın xoşuna gəlmirdi və o, Yehovanın Şahidlərinin səhv olduğunu sübut etməyə çalışırdı. Əlbəttə ki, bu onda alınmadı və bir müddət sonra o da vəftiz olundu. Mən 13 yaşımda vəftiz olundum və 16 yaşımda öncül xidmətinə başladım. Umeoda təbliğçilərə tələbat olan ərazidə xidmət edəndən sonra xüsusi öncül təyin olundum.

Ailə qurandan sonra Matsla mən bir neçə nəfərə həqiqəti öyrənməyə kömək edə bilmişik. Onlardan biri Mayvor idi. Yeniyetmə yaşında olan bu qız idman karyerasından vaz keçib kiçik bacımın öncül əməkdaşı olmuşdu. Onlar 1984-cü ildə Gilad məktəbini oxudular və hal-hazırda Ekvadorda xüsusi təyinatlı müjdəçi kimi xidmət edirlər.

Siz çoxlu təyinatlarda olmusunuz. Bəs «əkildiyiniz yerdə çiçək açın» məsləhətinə necə əməl etmisiniz?

Mats: Dəfələrlə yeni təyinat almışıq. Amma bizə bir şeyin böyük köməyi dəyib. Həmişə çalışmışıq «İsada kök atıb» böyüyək, yəni ondan nümunə götürək, əsas da təvazökarlığından (Kol. 2:6, 7). Məsələn, xidmət etdiyimiz ərazilərdəki bacı-qardaşların bizə uyğunlaşmalarını gözləmirdik. Çalışırdıq, nəyə görə filan şeyi filan cür etdiklərinin səbəbini öyrənək. Onların düşüncəsini, mədəniyyətini başa düşmək istəyirdik. İsanın nümunəsini izlədikcə özümüzü «axar sular kənarında əkilmiş» ağac kimi hiss edirdik, təyin olunduğumuz yerdə çiçək açırdıq (Zəb. 1:2, 3).

Mats və Ann-Katrin çamadan və bir az ərzaq daşıyırlar.

Yığıncaqları ziyarət etmək həyatımızın ayrılmaz hissəsi idi

Ann-Katrin: Ağacı bir yerdən çıxarıb başqa yerə əkəndə boy atması üçün günəş istisinə ehtiyacı olur. Bizim də günəşimiz Yehova idi (Zəb. 84:11). O bizə çoxlu bacı-qardaş bəxş edib. Onların məhəbbəti qəlbimizi isindirirdi. Məsələn, Tehrandakı (İran) kiçik yığıncağımızın göstərdiyi qonaqpərvərlik Müqəddəs Kitab dövründəki qonaqpərvərliyə bənzəyirdi. Heç istəməzdik oranı tərk edək. Amma 1980-ci ilin iyul ayında orada Yehovanın Şahidlərinin fəaliyyətinə rəsmi olaraq qadağa qoyuldu və 48 saat içində ölkəni tərk etməli idik. Biz Afrikanın Zair ərazisinə (indiki Konqo Demokratik Respublikası) təyin olunduq.

Zairdə bir kənddə yerləşən xudmani evimiz.

Zairdəki təyinatımızdan xoş xatirələr, 1982-ci il

Afrikaya təyin olunduğumuzu biləndə məni ağlamaq tutdu. Orada ilanlar, xəstəliklər haqda eşitdiklərim məni qorxudurdu. Amma Afrikada uzun müddət xidmət eləmiş iki yaxın dostumuz bizə dedi: «Siz heç vaxt Afrikada olmamısınız, ona görə dadını bilmirsiniz. Hələ bir gedin, görün ora necə vurulacaqsınız!» Onlar haqlı idilər. Oradakı bacı-qardaşlar çox mehriban və məhəbbətlidirlər. Hətta altı ildən sonra fəaliyyətimizə qoyulan qadağaya görə Zairi tərk etməli olanda Yehovaya dua edib belə demişdim: «Nə olar, qoy Afrikada qalaq». Etdiyim duanın fərqinə varanda özüm özümə gülmüşdüm.

Xidmət etdiyiniz illər ərzində nələr sizə sevinc gətirib?

Ann-Katrin «Volkswagen Kombi» furqonlarının yanında açılıb-qatlanan stulda oturub.

Tanzaniyadakı «yataq otağımız», 1988-ci il

Mats: Müxtəlif millətdən və mədəniyyətdən olan xüsusi təyinatlı müjdəçilərlə möhkəm dostluq münasibəti qurmuşuq. Bəzi təyinatlarımızda elə olurdu ki, Ann-Katrinlə mən ayrı-ayrılıqda 20-yə yaxın nəfərlə dərs keçirdik! Bu bizə hədsiz sevinc gətirirdi. Afrikadakı bacı-qardaşların məhəbbətini və qonaqpərvərliyini də unutmaq mümkün deyil. Biz Tanzaniyadakı yığıncaqları ziyarət edən zaman «yataq otağımızı», «Volkswagen Kombi»ni bacı-qardaşların evlərinin yaxınlığında saxlayıb orada gecələyirdik. Dostlarımız kasıb olmalarına baxmayaraq, bizə «artıqlaması ilə səxavət» göstərirdilər (2 Kor. 8:3). Bizim üçün xüsusilə dəyərli olan bir şey də var idi. Bunu «hekayə vaxtı» adlandırırdıq. Axşamlar Ann-Katrinlə mən gün ərzində baş verənləri bir-birimizlə bölüşürdük və bizə dayaq olduğu üçün Yehovaya minnətdarlığımızı bildirirdik.

Ann-Katrin: Mənə ən çox sevinc gətirən dünyanın müxtəlif yerlərindən olan bacı-qardaşların arasında yaşamaq idi. Biz fars, fransız, luqanda və suahili dili də daxil olmaqla yeni dillər öyrəndik. Həmçinin bir-birindən maraqlı mədəniyyətlərlə tanış olduq. Biz yeni şagirdlər hazırladıq, əsl dostlar tapdıq və onlarla birgə Yehovaya «çiyin-çiyinə» xidmət etdik (Səf. 3:9).

Bundan başqa, Yehovanın yaratdığı gözəl xilqətin müxtəlifliyi bizi heyran qoyurdu. Hər dəfə yeni təyinat alanda bizdə elə bir hiss olurdu ki, Yehovanın bələdçiliyi ilə yeni bir səyahətə çıxırıq. Onun köməyi ilə heç vaxt öz gücümüzə öyrənə bilməyəcəyimiz şeylər öyrəndik.

Kollaj: 1) Matsla Ann-Katrin bir anaya və onun uşaqlarına təbliğ edir. 2) Ann-Katrin masai xalqından olan oğlana təbliğ edir.

Tanzaniyanın bir-birindən fərqli ərazilərində xidmət edirik

Hansı çətinlikləriniz olub və onların öhdəsindən necə gəlmisiniz?

Mats: Bu illər ərzində malyariya da daxil olmaqla, bəzi tropik xəstəliklərə yoluxmuşuq. Bundan əlavə, bir neçə dəfə Ann-Katrini təcili əməliyyat etmək lazım gəlib. Həmçinin yaşlı valideynlərimizə görə də çox narahatlıq keçirmişik. Sağ olsun, doğma bacı-qardaşlarımız, əsasən, onlar valideynlərimizin qeydinə qalıblar. Onlar bunu səbirlə, sevinclə və məhəbbətlə edirdilər (1 Tim. 5:4). Amma yenə də hərdən günahkarlıq hissi duyurduq. Fikirləşirdik ki, kaş, valideynlərimizə təkcə uzaqdan yox, yaxından da kömək edə bilərdik.

Ann-Katrin: 1983-cü ildə Zairdə xidmət edərkən vəba xəstəliyinə yoluxdum. Vəziyyətim ağır idi. Həkim Matsa dedi: «Günü bu gün onu ölkədən çıxart!» Növbəti gün yük təyyarəsi ilə yola düşdük. Bu, İsveçə gedən yeganə təyyarə idi.

Mats: Düşünürdük ki, daha xüsusi təyinatlı müjdəçi kimi xidmət edə bilməyəcəyik. Buna görə acı-acı ağlayırdıq. Amma həkimin dediyinin əksinə olaraq, yoldaşım sağaldı. Bir il sonra Zairə geri qayıtdıq. Bu dəfə Lubumbaşidəki kiçik suahilidilli yığıncaqda xidmət etməyə başladıq.

Ann-Katrin: Lubumbaşidə xidmət etdiyimiz vaxt mən hamilə qaldım. Əfsus ki, körpəmiz dünyaya gəlməmiş vəfat etdi. Düzdür, övlad sahibi olmaq fikrimiz yox idi, amma balamızın ölümü mənə hədsiz dərəcədə ağır oldu. Yehova kədər içində olduğumuz bir vaxtda gözlənilməz nemətlər bəxş etdi. Bizim heç vaxt olmadığı qədər çoxlu şagirdimiz oldu. Bir ildən az müddətdə təbliğçilərin sayı 35-dən 70-ə qalxdı və yığıncağa gələnlər 40 nəfərdən 220 nəfərədək artdı. Fikrimiz-zikrimiz tamamilə xidmətdə idi. Yehova çəkdiyimiz zəhmətə bol bərəkət verdi. Beləcə, ürəyim xeyli təsəlli tapdı. Biz körpə balamız haqda tez-tez düşünürük, onun haqda danışırıq. Yehovanın yeni dünyada qəlbimizin bu qubarını necə sağaldacağı bizə çox maraqlı gəlir, həmin günü səbirsizliklə gözləyirik.

Mats: Sonralar Ann-Katrin özünü hədsiz dərəcədə zəif, halsız hiss etməyə başladı. Həmin vaxt mənə də dördüncü mərhələ qalın bağırsaq xərçəngi diaqnozu qoyulmuşdu. Ağır cərrahiyyə əməliyyatı keçirdim, amma indi özümü yaxşı hiss edirəm. Ann-Katrin də xidmətdə bacardığını edir.

Zamanla başa düşdük ki, sınaqlarla üzləşən tək biz deyilik. 1994-cü ildə Ruanda ölkəsində baş vermiş soyqırımdan sonra qaçqın düşərgələrinə gedib bacı-qardaşları ziyarət etdik. Onların imanını, dözümünü və bu cür çətin şəraitdə göstərdikləri qonaqpərvərliyi görüb başa düşdük ki, Yehova xalqına istənilən sınaq zamanı güc verməyə qadirdir (Zəb. 55:22).

Ann-Katrin: 2007-ci ildə Uqandada filialın həsr olunmasında iştirak edən vaxt başqa bir faciə ilə qarşılaşdıq. Həsrolunma mərasimindən sonra biz xüsusi təyinatlı müjdəçilər və beytellilərlə birlikdə Keniyanın Nayrobi şəhərinə yola düşdük. Haradasa 25 nəfər olardıq. Keniya sərhədinə çatmamış qarşıdan gələn yük maşını bizim zolağımıza çıxdı və avtobusumuzla toqquşdu. Sürücü və beş dostumuz yerindəcə keçindi. Bir bacımız isə xəstəxanada vəfat etdi. Dostlarımızı yenidən görəcəyimiz günü həsrətlə gözləyirik! (Əyy. 14:13—15).

Mən qəzada aldığım yaralardan yavaş-yavaş sağaldım. Amma həm biz, həm də sərnişinlərdən bəziləri posttravmatik stres pozuntusundan əziyyət çəkməyə başladıq. Məndə gecələr təşviş tutmaları olurdu. Elə hiss edirdim ki, sanki infarkt keçirirəm, dəhşətli dərəcədə qorxurdum. Yehovaya etdiyimiz hərarətli dualar, həmçinin sevimli ayələrimizin verdiyi təsəlli bizə dözməyə kömək etdi. Biz mütəxəssis köməyi də aldıq və bunun böyük faydasını gördük. İndi simptomlarımız əvvəlki qədər güclü deyil. Yehovaya dua edirik ki, bizim kimi təşviş hissi ilə mübarizə aparan insanlara təsəlli verməyimizə kömək etsin.

Yehova çətin vaxtlarınızda sizə necə dayaq olub?

Mats: Suahili dilində belə bir deyim var: «Bizi sanki çiy yumurta kimi daşıdılar». Necə ki insan çiy yumurtanın sınmaması üçün onu ehtiyatla daşıyır, Yehova da hər təyinatımızda bizə bu cür nəvazişlə dayaq olub. Ehtiyac duyduğumuz hər şeyi artıqlaması ilə almışıq. Rəhbərlik Şurasından gördüyümüz şəfqət Yehovanın bizə göstərdiyi məhəbbətin və qayğının bir təcəssümü idi.

Ann-Katrin: Yehovanın bizə necə qayğı göstərdiyi ilə bağlı bir hadisə danışmaq istəyirəm. Bir dəfə mənə zəng edib dedilər ki, İsveçdə atamın vəziyyəti ağırdır. Mats malyariyadan hələ tam sağalmamışdı və özünü zəif hiss edirdi. Üstəlik, bizim bilet alıb İsveçə qayıtmağa pulumuz yox idi. Buna görə də qərara gəldik ki, maşınımızı sataq. Sonra daha iki telefon zəngi gəldi. Zəng edənlərdən biri bizim vəziyyətimiz haqda eşidən bir ər-arvad idi. Onlar bir biletin pulunu ödəmək istədiklərini dedilər. O birisi isə yaşlı bacımız idi. O, «ehtiyacı olan kəs üçün» adlandırdığı qutuda bir az pul yığmışdı. Beləliklə, Yehova bir neçə dəqiqənin içində bizim dadımıza çatdı! (İbr. 13:6).

Bu 50 illik tamvaxtlı xidmətiniz ərzində nələri öyrənmisiniz?

Mats və Ann-Katrin bir-birinin yanında dayanıblar və xoşbəxt görünürlər.

Myanmada yeni təyinatımızda

Ann-Katrin: Mən «sakitlik və etibar»ın gücümüz olduğunu başa düşdüm. Biz Yehovaya güvənəndə bizim döyüşümüz sanki Onun döyüşü olur (Əşy. 30:15; 2 Saln. 20:15, 17). Hər təyinatımızda bacardığımızı etdiyimiz üçün o qədər nemət almışıq ki, onları başqa heç bir yolla ala bilməzdik.

Mats: Öyrəndiyim ən vacib şey bu oldu: Yehovaya hər vəziyyətdə etibar et və gör O sənin yolunu necə hasil edir (Zəb. 37:5). O, heç vaxt bu vədinə naxələf çıxmayıb. Biz hal-hazırda Myanmada Beyteldə xidmət edirik və burada da Yehovanın köməyini duyuruq.

Arzu edirik ki, daha çox xidmət etmək istəyən gənclər də Yehovanın bizə göstərdiyi məhəbbəti və sədaqəti dadsınlar. Əminik ki, əgər izin versələr, Yehova onlara «əkildikləri yerdə çiçək açmağa» kömək edəcək.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş