Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w25 dekabr s. 20—25
  • Toyunuz Yehovaya şərəf gətirsin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Toyunuz Yehovaya şərəf gətirsin
  • Gözətçi qülləsi 2025
  • Başlıqlar
  • Oxşar material
  • NƏYƏ GÖRƏ TOY YEHOVAYA ŞƏRƏF GƏTİRMƏLİDİR?
  • YEHOVAYA NECƏ ŞƏRƏF VERƏ BİLƏRSİNİZ?
  • ÇƏTİNLİKLƏRİ NECƏ AŞMAQ OLAR?
  • Suallar qutusu
    Müqəddəs ibadətimiz 2008
  • Allahın və insanların gözündə ləyaqətli toy
    Gözətçi qülləsi 2006
  • Yehovanın Şahidlərinin toyu necə keçir?
    Tez-tez verilən suallar
  • İmanınızı əməldə göstərin
    Gözətçi qülləsi 2006
Əlavə
Gözətçi qülləsi 2025
w25 dekabr s. 20—25

TƏLİM MƏQALƏSİ 51

NƏĞMƏ 132 Nəhayət, bir bədənik

Toyunuz Yehovaya şərəf gətirsin

«Qoy hər şey ədəb-ərkanla və nizamla olsun» (1 KOR. 14:40).

ƏSAS FİKİR

Evlənməyə hazırlaşan məsihilər toy günü Yehovanı necə şərəfləndirə bilərlər?

1, 2. Yehova toy gününüzün necə keçməsini istəyir?

NİŞANLISINIZ və toya hazırlaşırsınız? Əgər elədirsə, sizi təbrik edirik! Yəqin, başınız toy hazırlıqlarına qarışıb. Yehova da toyunuzuna gözəl keçməsini və birgə xoşbəxt ömür sürməyinizi istəyir (Məs. 5:18; Nəğ. 3:11).

2 Toyunuz Yehovaya şərəf gətirməlidir, O buna layiqdir. Nəyə görə bu vacibdir və bunu necə edə bilərsiniz? Bu məqalə, əsasən, toya hazırlaşan bəylə gəlinə ünvanlanır. Amma əgər biz toya dəvət olunmuşuqsa və ya toy hazırlıqları ilə bağlı fikrimizi soruşurlarsa, buradakı prinsipləri tətbiq edərək Yehovanı şərəfləndirə bilərik.

NƏYƏ GÖRƏ TOY YEHOVAYA ŞƏRƏF GƏTİRMƏLİDİR?

3. Toya hazırlaşan məsihi cütlüyün məqsədi nə olmalıdır və nəyə görə?

3 Toy etməyə hazırlaşan məsihi cütlüklər Yehovanın Kəlamındakı prinsiplərə uyğun davranmalıdırlar. Nəyə görə? Çünki nikah quruluşunun Banisi Yehovadır. O, Adəmlə Həvvanı ər-arvad etməklə ilk ailənin təməlini qoydu (Yar. 1:28; 2:24). Buna görə də toya hazırlaşanların ən ümdə məqsədi Yehovanın fikrini nəzərə almaq olmalıdır.

4. Hansı səbəbə görə bəylə gəlin toy günündə Yehovaya şərəf verməlidir?

4 Toy gününüzdə Yehovanın fikrini nəzərə almağınız üçün vacib bir səbəb var: O sizin həm səmavi Atanız, həm də ən yaxşı Dostunuzdur (İbr. 12:9). Sözsüz, siz bunun həmişə belə olmasını istəyərdiniz. Heç vaxt razı olmazdınız ki, nə toy gününüzdə, nə də başqa bir vaxt Dostunuzu incidən hansısa hadisə baş versin (Zəb. 25:14). Yehovanın sizin üçün indiyə kimi nələr etdiyi və hələ bundan sonra nələr edəcəyi haqda düşünsəniz, toyunuzda Ona şərəf vermək üçün əlinizdən gələni edəcəksiniz, çünki O buna layiqdir (Zəb. 116:12).

YEHOVAYA NECƏ ŞƏRƏF VERƏ BİLƏRSİNİZ?

5. Müqəddəs Kitab toya hazırlaşan cütlüklərə necə kömək edir?

5 Müqəddəs Kitabda nikah mərasiminin və toy məclislərinin necə keçirilməsi ilə bağlı konkret qaydalar yoxdur. Bəylə gəlin bu tədbiri şəraitlərini, yerli adətləri və zövqlərini nəzərə alaraq planlaşdıra bilər. Həmçinin məsihilər yerli dövlət qanunlarına da əməl etməlidirlər (Mət. 22:21). Bəylə gəlin toyla bağlı hər nə qərar versə də, toy Müqəddəs Kitab prinsiplərinə müvafiq keçməlidir. O zaman Yehovaya şərəf gətirəcək və ürəyini şad edəcəyik. Bəs hansı prinsipləri nəzərə almaq lazımdır?

6. Nəyə görə evlənməyə hazırlaşanlar dövlət qanunlarına əməl etməlidirlər?

6 Dövlət qanunlarına əməl edin (Rom. 13:1, 2). Əksər ölkələrdə cütlüklər ailə qurmazdan öncə dövlətin müəyyən qanunlarına əməl etməlidirlər. Onlar yaşadıqları ölkədə nikahla bağlı hansı qanunların olduğunu öyrənməlidirlər. Əgər bu məlumatı haradan əldə edəcəyinizi bilmirsinizsə, ağsaqqallardan kömək istəyinb.

7. Toy hansı ab-havada keçirilməlidir?

7 Toyu ləyaqətli şəkildə keçirin (1 Kor. 10:31, 32). Elə bir ab-hava yaradın ki, toyunuzda dünyanın yox, Allahın ruhunun bəhrəsi əks olunsun (Qal. 5:19—26). Müqəddəs Kitabdakı başçılıq prinsipinə uyğun olaraq bəy toyun şən və ləyaqətli keçməsində məsuliyyət daşıyır. Bəs buna necə nail olmaq olar? Nikah nitqini söyləyən qardaşın nitqi səmimi və hörmətcil tərzdə çatdırması sayəsində hər kəs nikah quruluşuna Allahın hədiyyəsi kimi yanaşacaq. Həmçinin iştirak edənlər toyun ciddiliyini anlayacaq. Elə buna görə də çoxları nikah nitqinin mümkündürsə, ibadət evində söylənilməsinə qərar verirlər. Əgər sizin də belə bir istəyiniz varsa, bu haqda həmin zalda yığışan yığıncağın ağsaqqallar şurasına kifayət qədər əvvəldən yazılı şəkildə bildirin.

8. Toy məclisinin ləyaqətli keçməsi üçün nə etmək olar? (Romalılara 13:13)

8 Romalılara 13:13 ayəsini oxuyun. Əgər toy məclisinin olmasını istəyirsinizsə, orada dünyanın ruhunun əks olunmaması üçün nə edə bilərsiniz? «Kef məclisləri» kimi tərcümə olunan yunan ifadəsi altında sərxoşluğun və gecə yarısına kimi musiqinin davam etdiyi məclislər nəzərdə tutulur. («Təlim nəşri»ndə (rus.) Romalılara 13:13 ayəsində «kef məclisləri» ifadəsinə gətirilən şərhə baxın.) Əgər spirtli içki verəcəksinizsə, heç kimin çox içməməsi üçün qabaqcadan lazımi tədbirlər görünc. Musiqi olacaqsa, ağız deyəni qulaq eşitsin deyə musiqinin səsini nəzarətdə saxlayın. Musiqinin janrına və mahnının sözlərinə diqqətlə fikir verin ki, heç kim büdrəməsin.

9. Evlənməyə hazırlaşanlar toyda kiməsə söz verəndə və ya əyləncə seçimində nəyi yadda saxlamalıdırlar?

9 Toyda kiməsə söz veriləcək? Slaydlar, videolar və ya başqa növ əyləncələr olacaq? Bunlar həmin günə rəng qata bilər. Bununla belə, diqqət yetirin ki, bu kimi şeylər qonaqlarda xoş ovqat yaratsın (Filip. 4:8). Növbəti suallar üzərində düşünün: «Bundan başqalarına hörmət qoyduğumuz görünəcək? Nikah quruluşunu ləyaqətdən salmayacaq?» Ən vacibi isə bunu nəzərə alın: «Bu, Yehovaya şərəf gətirəcək?» Müəyyən zarafatlar münasib olsa da, ehtiyatlı olun ki, nalayiq, əxlaqsız əməllərə eyham vuran zarafatlar olmasın (Efes. 5:3). Ailə üzvlərinizə və dostlarınıza söz veriləcəksə, qabaqcadan bildirin ki, nəyi demələrini istəməzdiniz.

10. Nəyə görə bəylə gəlin toy hazırlıqları görərkən təvazökar olmalıdır? (1 Yəhya 2:15—17).

10 Təvazökar olun. (1 Yəhya 2:15—17 ayələrini oxuyun.) Yehova görəndə ki, xidmətçiləri özlərinə yersiz diqqət çəkməyə çalışmır, əksinə, Onu şərəfləndirməyə can atır çox sevinir. Buna görə də təvazökar məsihilər küllü miqdarda pul xərcləməkdən və varını nümayişə qoymaqdan çəkinəcək. Bəlkə, siz də Norveçdə yaşayan Mayk qardaş kimi davranmaq istəyəcəksiniz. O deyir: «Biz borca girmədik və bunun sayəsində öncül xidmətini davam etdirə bildik. Toyumuz sadə olsa da, gözəl və yaddaqalan keçdi». Hindistanda yaşayan Tabita bacı deyir: «Özümüzü nə qədər baş ağrısından qoruduq. Toyumuz sadə olduğu üçün planlaşdırılası elə də çox şey yox idi. Narazılıq da bir o qədər az idi».

Kollaj: Bütün dünyadakı bacı-qardaşlar məsihi toyunda şənlənirlər. 1) Bəylə gəlin ibadət evində onların toy nitqini söyləyən qardaşın qarşısında əyləşib. 2) Bir cütlük bəylə gəlini toy mərasimindən sonra təbrik edir. 3) Bəylə gəlin qonaqlarla yanaşı toy süfrəsindən yemək götürür. 4) Bəylə gəlin açıq havada onların toy nitqini söyləyən qardaşın qarşısında dayanıblar.

Harada yaşamağımızdan asılı olmayaraq, məsihi toyu sadə, gözəl və yaddaqalan ola bilər (10 və 11-ci abzaslara baxın)


11. Bəylə gəlin geyim və xarici görünüşləri ilə təvazökar olduqlarını necə göstərə bilərlər? (Həmçinin şəkillərə baxın.)

11 Nə geyinəcəyinizə artıq qərar vermisiniz? Sözsüz, özəl gününüzdə gözəl görünmək istəyirsiniz. Hətta qədimdə də bəylə gəlin toy günlərində bəzənib-düzənirdilər (Əşy. 61:10). Əlbəttə, toyda geyindiyiniz paltar digər tədbirlərə geyindiyiniz paltardan müəyyən qədər fərqlənəcək, amma yenə də mümkün qədər sadə olmasına fikir verin (1 Tim. 2:9). Çalışın geyiminiz və ya hər hansı maddi bir şey toyunuzda diqqət mərkəzində olmasın (1 But. 3:3, 4).

12. Nəyə görə bəylə gəlin Müqəddəs Kitab prinsiplərinə zidd gedən istənilən adət-ənənələrdən uzaq olmalıdırlar?

12 Müqəddəs Kitaba zidd olan adətlərdən uzaq durun (Vəhy 18:4). Şeytan dünyası toy mərasimlərini bütpərəstlik, spiritizm və mövhumatla dolu adət-ənənələrlə ləkələyib. Yehova bu cür natəmiz şeylərdən uzaq durmağımız üçün aydın şəkildə bizə xəbərdarlıq edir (2 Kor. 6:14—17). Əgər ərazinizdə toyla bağlı hansısa adət-ənənə sizdə sual yaradırsa, qərar verməzdən qabaq onun mənşəyini və tətbiq edə biləcəyiniz Müqəddəs Kitab prinsiplərini araşdırın.

13. Bəylə gəlin Yehovadan örnək götürərək onlara verilən hədiyyəyə necə yanaşmalıdır?

13 Yaşadığınız ərazidə toya pul salmaq adəti var? Qonaqların nə qədər pul salacağı onların maddi vəziyyətindən asılı ola bilər. Əlbəttə, biz məsihilər səxavətli olmağa təşviq olunuruq və səxavət göstərmək bizə xoşdur (Məs. 11:25; Həv. 20:35). Bununla belə, istəmərik ki, çağırdığımız qonaqlar özlərini pul salmağa məcbur hiss etsin, yaxud da onlarda elə təəssürat yaransın ki, toya az pul salsalar, onlardan narazı olacağıq. Biz Yehovadan örnək götürərək insanların imkanları daxilində və ürəkdən verdikləri istənilən hədiyyəyə görə minnətdar olmaq istəyirik (2 Kor. 9:7).

ÇƏTİNLİKLƏRİ NECƏ AŞMAQ OLAR?

14. Bəzi cütlüklər hansı çətinliklərlə üzləşirlər?

14 Yehovaya şərəf gətirən toy edərkən müəyyən çətinliklərlə üzləşə bilərsiniz. Məsələn, sadə toy planlaşdırmaq elə də asan olmaya bilər. Solomon Adalarında yaşayan Çarli deyir: «Toya kimləri çağıracağımıza qərar vermək çox çətin idi. Dostlarımız çoxdur və bizim mədəniyyətdə hamı dəvət gözləyir». Bayaq adı çəkilən Tabita deyir: «Biz tərəflərdə böyük toylar eləmək adətdir. Biz təxminən yüz nəfərlik toy etməyi planlaşdırırdıq. Valideynlərimizi buna razı salmaq üçün xeyli vaxt lazım oldu». Hindistandan olan Sara deyir: «Bəzi insanlar üçün var-dövlət, şan-şöhrət vacib məsələdir. Ata tərəfdən olan qohumlarım böyük toy eləmişdi. Buna görə də üzərimdə onlarınkından da dəbdəbəli toy etmək təzyiqi hiss edirdim». Bu və digər çətinlikləri aşmağa sizə nə kömək edə bilər?

15. Nəyə görə toy planları haqda danışarkən dua etmək vacibdir?

15 Toy hazırlıqları vaxtı tez-tez dua edin. Sizi narahat edən istənilən məsələ və ya verəcəyiniz istənilən qərar barədə Yehovaya dua edə bilərsiniz (Filip. 4:6, 7). Ondan xahiş edin ki, düzgün qərarlar verməyə, stresli vaxtlarda təmkininizi qorumağa və lazım gələndə cəsarət göstərməyə sizə kömək etsin (1 But. 5:7). Yehovanın dualarınıza cavab verdiyini gördükcə Ona etibarınız daha da artacaq. Bayaq adı çəkilən Tabita deyir: «Nişanlımla mən nə öz aramızda, nə də qohumlarımız arasında mübahisə yaranmasını istəmirdik. Buna görə də toy planlarımızı müzakirə etməyə həmişə dua ilə başlayırdıq. Yehovanın dayağını çox hiss edirdik və aramızda mehribanlıq var idi».

16, 17. Toy planlaşdırarkən açıq və nəzakətli söhbət etməyin hansı köməyi ola bilər?

16 Həm bir-birinizlə, həm də ailə üzvlərinizlə açıq və nəzakətli danışın (Məs. 15:22). Hər ikiniz toyunuzla bağlı çoxlu qərarlar verməli olacaqsınız. Bura toyun tarixi, büdcə, dəvət olunanların siyahısı və çoxlu digər məsələlər daxildir. Qərar verməmişdən qabaq birlikdə mümkün variantları, vəziyyətinizə uyğun Müqəddəs Kitab prinsiplərini, eləcə də yetkin məsihilərin verdiyi məsləhətləri müzakirə edin. Şəxsi istəklərinizi bildirərkən nəzakətlə və anlayışla davranın. Həmçinin uyğunlaşmağa hazır olun. Əgər ailə üzvləriniz, məsələn, valideynləriniz sizdən münasib bir şey xahiş edirsə, çalışın onların da istəyini nəzərə alasınız. Çünki bu onlar üçün də xüsusi gündür. Əgər onların xahişini yerinə yetirə bilmirsinizsə, nəzakətlə bunun səbəbini izah edin (Kol. 4:6). Ailə üzvlərinizə aydın bildirin ki, məqsədiniz Yehovaya şərəf gətirən xoş bir gün keçirməkdir.

17 Əgər valideynləriniz məsihi deyilsə, qərarlarınızın səbəbini onlara izah etmək daha çətin ola bilər, amma əmin olun, bu sizdə alınacaq. Hindistanda yaşayan Santoş qardaş bölüşür: «Ailələrimiz toyda bəzi hindu ayinlərinin olmasını istəyirdi. Nişanlımla birgə bəzi qərarlarımızın səbəbini onlara dəfələrlə izah etməli olduq. Amma mümkün olduqca Yehovanın istəyinə zidd getməyən xahişlərini nəzərə almağa çalışırdıq. Məsələn, ailələrimizin xətrinə menyuya dəyişiklik edib onların xoşuna gələn yeməkləri saldıq. Həmçinin qərara gəldik ki, toyumuzda mahnı oxunmasın və rəqs olmasın, çünki belə şeylər onlara yaddır».

18. Toyun rahat keçməsi üçün nə edə bilərsiniz? (1 Korinflilərə 14:40; həmçinin şəklə baxın.)

18 Yaxşıca planlaşdırın. Bunun sayəsində toy günü ehtimal ki, daha az stres keçirəcəksiniz. (1 Korinflilərə 14:40 ayəsini oxuyun.) Tayvanda yaşayan Veyn deyir: «Toyumuza bir neçə gün qalmış biz toy hazırlıqlarına kömək edənlərlə qısa görüş keçirdik. Onlarla birlikdə planlarımızı müzakirə elədik və hər şeyin yağ kimi getməsi üçün bəzi məqamları qabaqcadan məşq etdik». Qonaqlara hörmətdən irəli gələrək, bacardığınız qədər çalışın hər şeyi vaxtlı-vaxtında edəsiniz.

Nişanlı cütlük onlara kömək edəcək dostları ilə birgə toy hazırlıqlarını müzakirə edirlər. Qardaş əlindəki planşetdə toy mərasimində masaların necə düzüləcəyini göstərir.

Qabaqcadan yaxşı planlaşdırmağın sayəsində toyda hər şey yağ kimi gedə bilər (18-ci abzasa baxın)


19. Toyunuzda hər şeyin nəzarət altında olması üçün nə edə bilərsiniz?

19 Bəzi şeyləri qabaqcadan götür-qoy etsəniz, bir çox problemin qarşısını alarsınız (Məs. 22:3). Əgər ərazinizdə dəvət olunmamış qonaqların toya gəlməsi adi haldırsa, düşünün görün bunun qarşısını necə ala bilərsiniz. Məsihi olmayan qonaqlarınıza toyun necə keçəcəyini və müəyyən toy adətlərinə münasibətinizi açıqlayın. Onlarla jw.org saytında yerləşən «Yehovanın Şahidlərinin toyu necə keçir?» adlı məqaləni bölüşə bilərsiniz. Toyda baş verənlərə nəzarət etmək üçün yetkin və təcrübəli bir qardaş təyin edin (Yəh. 2:8). Əgər toy planlarınız barədə onunla ətraflı danışsanız, o, toyun ləyaqətli və planlaşdırdığınız kimi keçməsində sizə kömək edə biləcək.

20. Bəylə gəlin toyları ilə bağlı nəyi yadda saxlamalıdırlar?

20 Bəlkə də, toy hazırlıqları ilə bağlı nə qədər şeyi nəzərə almalı olduğunuzu görüb stresə düşdünüz. Amma yadda saxlayın ki, toyunuz cəmi bir gündür. Bu, əl-ələ verib Yehovaya birlikdə xidmət edəcəyiniz gözəl bir həyatın başlanğıcıdır. Toyunuzun sadə və ləyaqətli keçməsi üçün əlinizdən gələni edin. Yehovaya güvənin. Onun məsləhətləri sayəsində toyunuzu yaxşı təşkil edə biləcəksiniz və toy gününüzü peşmançılıqla yox, xoş xatirələrlə xatırlayacaqsınız (Zəb. 37:3, 4).

NECƏ CAVAB VERƏRDİNİZ?

  • Toy günü nəyə görə Yehovaya şərəf gətirməlidir?

  • Toy gününün xoş və ləyaqətli şəkildə keçməsi üçün bəylə gəlin nə edə bilər?

  • Sadə toy etməyin bəylə gəlinə hansı faydası dəyə bilər?

NƏĞMƏ 107 İlahi məhəbbət örnəyi

a BƏZİ İFADƏLƏRİN İZAHI. Bir çox mədəniyyətlərdə toya bəylə gəlinin Allah qarşısında nikah andı verməsi də daxildir. Bu mərasimin ardınca isə bəzi cütlüklər toy məclisi təşkil edir. Rəsmi nikah mərasimlərinin və toy məclislərinin keçirilmədiyi mədəniyyətlərdə isə cütlüklərin toy günlərində Müqəddəs Kitab prinsiplərinə uyğun davranması vacibdir.

b Məsihinin nikahla bağlı dövlət qanunlarına münasibəti haqda ətraflı məlumat üçün «Gözətçi qülləsinin» 2006-cı il 1 noyabr sayında yerləşən «Allahın və insanların gözündə ləyaqətli toy» adlı məqaləyə baxın.

c jw.org saytında «Süfrəyə içki qoymaq olar?» adlı videoya baxın.

    Azərbaycan nəşrləri (1992-2026)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş