Gənclərin sualları
Biz sadəcə dostuq, yoxsa... II hissə
ÖTƏN SAYIMIZDA iki həqiqəti müzakirə etmişdik.
● Ciddi münasibətə hazır olmadığın halda kiməsə bağlansan, ikinizdən biri əzab çəkəcək (Süleymanın məsəlləri 6:27).
● Ciddi münasibətə hazır olmadığın halda kiməsə bağlansan, dostunu itirə bilərsəna (Süleymanın məsəlləri 18:24).
BU SAYDA biz müzakirə edəcəyik
● Romantik münasibətlə bağlı olan üçüncü faktı.
● Əks cinsdən olan insanlarla dostluq sərhədini keçib-keçmədiyini necə müəyyən edə bilərsən?
TƏCRÜBƏ GÖSTƏRİR: Ciddi münasibətə hazır olmadığın halda kiməsə bağlansan, adına xələl gətirəcəksən. Nisəb deyir: «Mən elə oğlanlar tanıyıram ki, çoxlu qızlarla dostluq edirlər və deyərdim ki, onlar qızların hissləri ilə oynayırlar. Qızlar isə fikirləşirlər ki, onlar həmin oğlan üçün xüsusidirlər, halbuki bu oğlanın dərdi sadəcə qızların əhatəsində olmaqdır».
Düşün:
● İstər oğlan ol, istərsə də qız, fərqi yoxdur, əks cinslə ünsiyyətdə həddi aşmaq sənin adına necə xələl gətirə bilər?
«Əks cinsdən olan insanlarla mesajlaşmaq dərin çuxur kimidir. Əvvəlcə aradabir bir nəfərlə mesajlaşırsan və bir də ayılırsan ki, artıq nə insanların, nə də mesajların sayı-hesabı yoxdur. Heç özün də bilmədən artıq üç oğlanla görüşürsən. Onların da hər biri elə bilir ki, sənin üçün xüsusidirlər və onlarla yaxından tanış olmaq istəyirsən. Həqiqət onlara çatanda qəlb yarası alırlar, sənin isə adın çıxır» (Lalə).
Müqəddəs Kitabda yazılıb: «Hətta uşaq da əməlləri ilə, işlərinin saf, doğru, yoxsa əksinə olması ilə tanınar» (Süleymanın məsəlləri 20:11).
Nəticə: Əks cinslə ünsiyyət etmək qəbahət deyil. Amma sərhəd qoymasan, məyus olacaqsan, yaxşı dostunu itirəcəksən və pis ad qazanacaqsan.
Həddi aşıb-aşmadığını necə müəyyən edə bilərsən? Özündən soruş: «Əks cinsdən olan dostum mənim sirdaşıma çevrilməyib ki?» Sara adlı bir qız deyir: «Əgər sən sadəcə oğlanla dostluq edirsənsə, o, sənin hər gün söhbət etmək və ya vacib xəbərləri bölüşmək istədiyin ilk insan olmamalıdır. Və əlbəttə ki, təsəlli üçün üz tutduğun kəs də olmamalıdır».
Düşün:
● Nəyə görə əks cinsdən olan insanı özünə sirdaş etmək belə cəlbedici görünə bilər? Bəs bunun hansı təhlükələri var?
«Tanıdığım oğlanlar mənim ən yaxın dostlarım deyil. Qızlarla danışdığım kimi, saatlarla telefonda onlarla ünsiyyət etmirəm. Elə mövzular var ki, onları oğlanlarla ümumiyyətlə müzakirə etmirəm» (Rianna).
Müqəddəs Kitabda yazılıb: «Dilini saxlayan canını qoruyar, boşboğaz başını bəlaya salar» (Süleymanın məsəlləri 13:3).
Özündən soruş: Əks cinsdən olan insana özün haqda çox şey danışmağın hansı təhlükəsi var? Birdən dostluğunuza son qoyularsa, onda necə? Danışdıqlarına görə peşman olmayacaqsan?
Aleksis adlı bir yeniyetmə qız bunu çox gözəl ifadə edib. O deyir: «İnsan əks cinsdən olduğu üçün ondan qaçmaq lazım deyil. Digər tərəfdən isə, dost olmadığınız halda, “biz sadəcə dostuq” düşüncəsi ilə özünü aldatma. Hissləri nəzarət altında saxlamaq lazımdır ki, sonradan əzab çəkməyəsən».
[Haşiyələr]
a Ətraflı məlumat üçün «Gözətçi qülləsi»nin 2012-ci il iyul—sentyabr sayının 19—21 səhifələrinə bax.
b Bəzi adlar dəyişdirilib.
[17–ci səhifədəki çərçivə]
GERÇƏK HADİSƏ: «Mən bir oğlanla dostluq edirdim və hər şey normal gedirdi. Ancaq sonra getdikcə söhbətlərimizin uzandığına və şəxsi məsələlərə keçdiyinə fikir verdim. Hiss edirdim ki, bir-birimizə daha da bağlanırdıq, çünki o, mənimlə dərdini bölüşürdü. Bir gün o, e-mail yazıb dedi ki, məndən xoşu gəlir. Çaş-baş qaldım, heç bilmədim nə deyim. Bir tərəfdən, bunu eşitmək mənə xoş idi, çünki kiminsə səni bəyəndiyini bilmək gözəl bir hissdir. Amma digər tərəfdən, çox pis oldum. Artıq biz sadəcə dost ola bilməzdik, çünki o, mənə daha dost gözü ilə baxmırdı. Mən bilirdim ki, ona romantik münasibətlərə başlamaq üçün hər ikimizin də çox gənc olduğunu desəm, xətrinə dəyəcək. Baş verənləri valideynlərimə danışdım və onlar belə bir vəziyyətdə münasibətlərimizə sərhəd qoymağımızın həm mənim, həm də onun xeyrinə olacağını dedilər. Bu hadisə mənə böyük dərs oldu. Başa düşdüm ki, oğlanla qızın dostluğu bir göz qırpımında başqa münasibətə çevrilə bilər. Bundan sonra mən əks cinslə münasibətimə sərhəd qoydum, xüsusilə də mesajlaşmaq məsələsində. Artıq oğlanlarla təklikdə yox, cəmiyyət arasında ünsiyyət edirəm. Bunun sayəsində söhbətlərimiz şəxsi məsələlərə keçmir və aramızda bağlılıq yaranmır» (Elena).
[18–ci səhifədəki çərçivə]
VALİDEYNLƏRİNDƏN SORUŞ
«Düşün» başlığı altında olan sualları valideynlərinə ver və onların fikrini öyrən. Fikirləriniz fərqlənirmi? Əgər fərqlənirsə, nədə? Onların dediklərindən özünə hansı ibrət dərsi götürə bilərsən? (Süleymanın məsəlləri 1:8).
[18–ci səhifədəki çərçivə/şəkil]
HƏMYAŞIDLARININ FİKİRLƏRİ
Andre: «Qızla nə qədər çox vaxt keçirsən, bir o qədər tez hisslər yaranacaq və o düşünəcək ki, sən onunla maraqlanırsan. Əgər romantik münasibətlərə başlamamışdan əvvəl nail olmaq istədiyin başqa məqsədlərin varsa, onda hərəkətlərinə fikir ver ki, başqalarında belə münasibətlərə can atdığın təəssüratı yaranmasın».
Kassidi: «Mən ünsiyyətcil insanam və oğlanların arasında böyüdüyüm üçün onların yanında özümü çox sərbəst hiss edirəm. Lakin bu heç də həmişə yaxşı deyil. Oğlanla qızlarla davrandığın kimi davranmaq düzgün deyil, çünki insanlar səni düz başa düşməyə bilər. Ümumiyyətlə, ən yaxşısı oğlanlara doğma qardaşın kimi yanaşmaqdır!»
[19–cu səhifədəki çərçivə]
VALİDEYNLƏRİN NƏZƏRİNƏ
Gənclərin əks cinslə münasib şəraitdə və münasib yerdə ünsiyyət etməsi qəbahət deyil. Lakin evliliyə gətirib çıxaran romantik münasibətlərə hazır olmayan gənclər özlərinə sərhəd qoymalıdırlarc. Onlar üçün əks cinslə dostluq sadəcə dostluq olmalıdır.
Ciddi münasibətlərə hazır olmadıqları halda iki insanın bir-birinə bağlanması nə ilə nəticələnə bilər? İlk günlərdə oğlanla qızın keçirdikləri sevinc hissi çox tezliklə məyusluğa çevrilir. Bu, təkərləri olmayan maşında oturmağa bənzəyir. Əvvəl-axır hər ikisi də başa düşür ki, heç yerə gedib çıxan deyillər. Bəziləri gizli görüşməyə başlayır, bu da, öz növbəsində, onların əxlaqi təmizliyi üçün təhlükə yarada bilər. Digərləri isə ayrılırlar; bu zaman onların hər ikisi də özünü aldadılmış hiss edə, qəlb yarası ala və hətta depressiyaya düşə bilərlər. Övladınız erkən yaşda romantik münasibətin gətirdiyi ağrı-acını yaşamasın deyə siz valideynlər ona necə yol göstərə bilərsiniz? (Vaiz 11:10).
Əks cinslə münasibət məsələsində övladınızla ünsiyyət qapısını açıq saxlamağınız çox vacibdir. Bunun sayəsində siz onlar «dostluq sərhədini» keçməyə başlayanda vaxtında bundan agah olub, ona kömək edə biləcəksiniz.
Bəzi valideynlər özləri də bilmədən həmin qapını bağlayırlar. Görün gənclər bu barədə nə deyir.
«Mən həmişə anamla xoşuma gələn oğlan barədə söhbət etmək istəmişəm, lakin anamın kəskin reaksiya göstərəcəyindən qorxduğum üçün çəkinmişəm» (Kara).
«Anama xoşuma gələn oğlan haqqında danışanda: “Toyuna gələcəyimi gözləmə!” — deyirdi. Kaş ki, o: “Mənə dostun barədə danış. Oğlanın nəyi xoşuna gəlir?” — deyəydi. Anam bu kimi suallar versəydi, yəqin ki, onun məsləhətlərinə qulaq asmağa daha çox meyilli olardım» (Nadin).
İndi isə görək valideynlər övladlarına səbirlə qulaq asıb, praktiki məsləhətlər verəndə vəziyyət necə dəyişir.
«Ürəyimə yatan oğlan haqda valideynlərimə deyəndə onlar əsəbiləşmədilər, əksinə, mənim hisslərimi başa düşüb, lazımi məsləhətlər verdilər. Bundan sonra onların məsləhətinə qulaq asmaq, düşüncə və hisslərim barədə valideynlərimlə açıq danışmaq mənim üçün daha asan oldu» (Könül).
«Valideynlərimin cavanlıqda aşiq olduqları adamlardan, hətta münasibətlərinin nəyə görə pozulduğundan danışmaları hisslərimi dilə gətirməyimin qəbahət olmadığını başa düşməyə kömək etdi» (Linett).
Eyni zamanda bunu da nəzərə almaq lazımdır ki, övladınızın erkən yaşda romantik münasibətlərə girişmək istəməsinin arxasında başqa səbəblər dura bilər.
«Mən gizlicə bir oğlanla görüşürdüm, çünki o, mənə qulaq asırdı və özümü onun yanında xoşbəxt hiss edirdim» (Aylin).
«Bir oğlandan xoşum gəlirdi. Hər zaman onun yanında olmaq istəyirdim. O, həmişə mənə diqqət göstərirdi, bu isə mənim ən zəif yerimdir. Mən diqqəti çox sevirəm, fərqi yoxdur pis, yoxsa yaxşı» (Emi).
«Valideynlərim səmimi olaraq gözəl göründüyümü, hansısa paltarın mənə qəşəng yaraşdığını deyəndə artıq oğlanlardan bu cür kompliment eşitməyə ehtiyac duymuram» (Fatma).
Özünüzdən soruşun:
Övladım mənimlə rahat ünsiyyət edə bilsin deyə nə edə bilərəm? (Filipililərə 4:5).
Mən eşitməyə hazır, danışmağa tələsməyən insanam? (Yaqub 1:19).
Övladımın məhəbbət və nəvazişi evdən kənarda axtarmaq məcburiyyətində qalmaması üçün nə edə bilərəm? (Koloslulara 3:21).
Nəticə: Yeniyetmə övladınıza əks cinsə qarşı dürüst, səmimi olmağı və lazımsız problemlər yaratmadan dostluq etməyi öyrədin. Övladınız böyüyəndə bunun ona xeyri olacaq (Koloslulara 3:5; 1 Salonikililərə 4:3—6).
[Haşiyə]
c «Gözətçi qülləsi»nin 2012-ci il iyul—sentyabr sayındakı ötən «Gənclərin sualları» məqaləsinə baxın.
[17–ci səhifədəki çərçivə]
(Çərçivəyə mətnin özündə baxın)
SƏRHƏDLƏR
ET ETMƏ
✔ insanlar içində ünsiyyət et X təkliyə çəkilmə
✔ dost ol X sirdaş olma
✔ söhbət et X flirt etmə
[18–ci səhifədəki şəkil]
(Şəklə mətnin özündə baxın)
ÜNSİYYƏT
FLİRT
TƏMAS
ƏL-ƏLƏ TUTMAQ
ÖPÜŞMƏK