Müqəddəs Yazıların kitabı nömrə 24 Yeremya
Yazan: Yeremya
Yazıldığı yer: Yəhuda və Misir
Yazılması başa çatıb: b. e. ə. 580-ci il
Əhatə etdiyi vaxt: b. e. ə. 647-580-ci illər
YEREMYA peyğəmbər təhlükəli və narahat bir dövrdə yaşayırdı. Yehova onu xidmətə b. e. ə. 647-ci ildə, Allah qorxusu olan Yəhudeya padşahı Yoşiyanın hakimiyyətinin 13-cü ilində tə’yin etdi. Yehovanın mə’bədi bərpa olunarkən Onun Qanun kitabı tapıldı və padşaha oxundu. Yoşiya bu Qanunu var qüvvəsi ilə həyata keçirməyə çalışırdı, lakin o, xalqı bütpərəstlikdən yalnız müvəqqəti çəkindirə bildi. Yoşiyanın 55 il padşahlıq edən babası Menaşşe, həmçinin cəmi 2 il padşahlıq edib, sonra öldürülən atası Amon pis əməllərlə məşğul idilər. Onlar xalqı iyrənc eyş-işrətə və mənfur ayinlərə cəlb edirdilər. Bunun nəticəsində yəhudilər ‘Göylər Mələkəsi ilahəsinə buxur yandırır’ və insanları yalançı allahlara qurban gətirirdilər. Manaşşenin ucbatından Yerusəlim başdan-başa günahsız qanla dolmuşdu (Yer. 1:2; 44:19; 2 Pad. 21:6, 16, 19-23; 23:26, 27).
2 Yeremyaya çətin iş tapşırılmışdı. O, Yehovanın peyğəmbəri kimi Yəhudanın və Yerusəlimin viranə qalması, Yehovanın möhtəşəm mə’bədinin yandırılması, ilk baxışdan ağlasığmaz görünən Allahın xalqının əsir götürülməsi kimi fəlakətlər barədə xəbər verməli idi! O, Yerusəlimdə Yehoaxazın, Yehoyaqimin, Yehoyakinin və Sidqiyanın padşahlığı dövründə 40 il peyğəmbərlik etməli idi (Yer. 1:2, 3). Daha sonra isə bütpərəstliyə qapılmış yəhudi qaçqınları barədə Misirdə peyğəmbərlik etməli idi. Onun kitabının yazılması 580-ci ildə başa çatdı. Beləliklə, Yeremyanın kitabı yəhudi tarixinin zəngin hadisələri ilə dolu 67 ili əhatə edir (52:31).
3 İbrani dilində peyğəmbərin və kitabın adı Yirmeya və ya Yirmeyahu kimi səslənir, mə’nası, ola bilsin, «Yehova ucaldır» və ya «Yehova azad edir» [ehtimal ki, ana bətnindən] deməkdir. İbranicə Müqəddəs Yazıların bütün siyahılarında bu kitaba rast gəlinir və bir qayda olaraq, onun kanonik olduğuna şübhə edilmir. Bir sıra peyğəmbərliklərin hələ Yeremya sağ ikən faciəli şəkildə yerinə yetməsi, onun doğruluğunu tamamilə təsdiqləyir. Bundan əlavə, Yeremyanın adı Yunanca Müqəddəs Yazılarda bir neçə dəfə çəkilir (Mat. 2:17, 18; 16:14; 27:9). Görünür, İsa Məsih «Yeremya» kitabı ilə yaxşı tanış idi, çünki o, mə’bədi tacirlərdən təmizləyərkən, Yeremya 7:11 və Yeşaya 56:7 ayələrindəki fikri özündə cəmləşdirən ifadə söyləmişdi (Mark 11:17; Luka 19:46). İsanın cəsarətini və mərdliyini görən bə’zi adamlar, hətta onun Yeremya olduğunu düşünürdülər (Mat. 16:13, 14). Pavel İbranilərə 8:8-12 və 10:16, 17 ayələrində Yeremyanın yeni əhdin bağlanması haqda peyğəmbərliyinə istinad edir (Yer. 31:31-34). Pavel Yeremya 9:24 ayəsini sitat gətirir: «Öyünən, Rəbb ilə öyünsün» (1 Kor. 1:31). Vəhy 18:21 ayəsində isə, Yeremyanın Babilin devrilməsinə dair gətirdiyi əyani nümunənin daha parlaq tətbiqini tapırıq (Yer. 51:63, 64).
4 «Yeremya» kitabında yazılanları arxeoloji tapıntılar da təsdiq edir. Məsələn, Babil salnaməsində deyilir ki, b. e. ə. 617-ci ildə Navuxodonosor Yerusəlimi zəbt etdi, padşahı (Yehoyakini) əsir götürdü və onun yerinə öz seçdiyi padşahı (Sidqiyanı) tə’yin etdi (24:1; 29:1, 2; 37:1)a.
5 Musanı nəzərə almasaq, Yeremyanın həyatı və şəxsiyyəti haqqında digər qədim peyğəmbərlərdən daha çox şey mə’lumdur. Yeremyanın özü haqqında yazdığı mə’lumatın sayəsində, biz onun keçirdiyi hisslər və həyəcanlar barədə, onun necə qorxmaz və cəsur, bununla belə həlim və həssas ürəkli adam olduğunu öyrənirik. O, həm peyğəmbər, həm də kahin, eyni zamanda da Müqəddəs Yazıların tərtibçisi və dürüst tarixçi idi. O, Yerusəlimin şimalında yerləşən «Binyamin torpağındakı» kahin şəhəri Anatotdan olan kahin Xilqiyanın oğlu idi (1:1). Yeremya fikirləri sadə, aydın və başa düşülən tərzdə ifadə edir. Onun əyani nümunələrlə və parlaq obrazlarla zəngin kitabında, nəsr və poeziya bir-birini tamamlayır.
BİZƏ FAYDASI
36 Allahdan ilham almış bu peyğəmbərlik kitabı olduqca ibrətamiz və faydalıdır. Peyğəmbərin qoyduğu cəsurluq nümunəsi üzərində düşünün. O, Allahdan üz döndərmiş xalqa qorxmadan və çəkinmədən eşitmədikləri bir xəbəri çatdırırdı. Yeremya pislərlə əlaqədə olmağı qətiyyən istəmirdi. Yehovanın xəbərinin bəyan edilməsinin vacibliyini anladığı üçün, canla-başla xidmət edir və heç vaxt təbliği dayandırmırdı. Rəbbin sözü onun sümüklərində sanki yanar od idi, ürəyində isə sevinc və şadlıq hökm sürürdü (Yer. 15:16-20; 20:8-13). Gəlin biz də Yehovanın sözünü daim sə’ylə bəyan edək! Baruk Yeremya üçün dayaq olduğu kimi, biz də Allahın başqa xidmətçilərini dəstəkləməyə çalışaq! Rekavlıların səmimi itaətkarlığı və Eved-Melekin tə’qib olunan peyğəmbərə xeyirxah münasibəti bizim üçün gözəl nümunədir (36:8-19, 32; 35:1-19; 38:7-13; 39:15-18).
37 Yehovanın Yeremyaya nazil etdiyi söz valehedici dəqiqliklə yerinə yetdi. Bu, şübhəsiz ki, Yehovanın peyğəmbərliklərinin nə qədər dəyişməz olduğuna dair əminliyimizi möhkəmləndirir. Misal üçün, Yeremyanın öz gözü ilə icrasını gördüyü peyğəmbərlikləri götürək: Sidqiyanın sürgün edilməsi və Yerusəlimin dağıdılması (21:3-10; 39:6-9), Şallumun (Yehoaxazın) devrilməsi və onun sürgündə ölməsi (Yer. 22:11, 12; 2 Pad. 23:30-34; 2 Saln. 36:1-4), Yehoyakin padşahın Babilə sürgünü (Yer. 22:24-27; 2 Pad. 24:15, 16), həmçinin yalançı peyğəmbər Xananyanın bir il içində ölümü (Yer. 28:16, 17). Bu və bir çox digər peyğəmbərliklərin hamısı Yehovanın dediyi kimi dəqiq yerinə yetdi. Həmçinin sonralar yaşamış peyğəmbərlər və Yehovanın digər xidmətçiləri də əmin olurdular ki, «Yeremya» kitabı e’tibarlı və faydalıdır. Məsələn, Daniel Yeremyanın yazdıqlarına əsasən Yerusəlimin viranəliyinin 70 il davam edəcəyini ‘anladı’, Ezra isə Yeremyanın sözlərinin yerinə yetdiyini 70 illik dövrün sonunda vurğuladı (Dan. 9:2; 2 Saln. 36:20, 21; Ezra 1:1; Yer. 25:11, 12; 29:10).
38 Xatirə Gecəsini tə’sis etmək üçün şagirdləri ilə bir yerə toplaşdıqları axşam İsa Yeremyanın yeni əhd haqqında peyğəmbərliyinin yerinə yetdiyini göstərdi. Bununla o, ‘tökülən qanı ilə gerçəklənən Əhdi-Cədidi’, yə’ni yeni əhdi xatırlatdı. Onun tökülən qanı sayəsində şagirdlərinin günahları bağışlanır və onlar Yehovanın ruhani xalqı olurlar (Luka 22:20; Yer. 31:31-34). Məsih yeni əhdin ruhdan doğulan üzvlərinin onunla göydə idarə etmələri üçün, onlarla Padşahlıq haqqında əhd bağladı (Luka 22:29; Vəhy 5:9, 10; 20:6). Yeremya peyğəmbərin kitabında bu Padşahlıq haqqında çox xatırlanır. Xəyanətkar Yerusəlimi ifşa edərkən Yeremya ümid yeri qoyur: «“Budur, Davud üçün saleh bir Pöhrə Çıxaracağım günlər gəlir. Bu Padşah müdrikliklə padşahlıq edəcək, Ölkədə ədalətli və saleh işlər görəcək” Rəbb belə bəyan edir. “Onun dövründə Yəhuda xilas olacaq, İsrail əmin-amanlıqda yaşayacaq”». Bəli, «Onu “Rəbb [Yehova] salehliyimizdir” çağıracaqlar» (Yer. 23:5, 6).
39 Yeremya bərpa haqqında bir daha söz açır: «Ancaq özlərinin Allahı Rəbbə, onlara qoyacağım padşahları Davuda qulluq edəcəklər”» (30:9). Yeremya sonda, Yehovanın İsrail və Yəhuda haqqında: «O zaman, o günlər Davud üçün saleh bir Pöhrə yetişdirəcəyəm» dediyi xoş xəbərini bəyan edir ki, onun nəsli artsın və «padşahlıq etməsi üçün taxtında oturan bir oğlu» peyda olsun (33:15, 21). Qalığın Babildən qayıtması nə dərəcədə doğrudursa, ‘saleh Pöhrənin’ Padşahlığının yer üzündə ədalət və salehliklə davranacağı da bir o qədər doğrudur (Luka 1:32).
[Haşiyələr]
a «Müqəddəs Yazıların dərk edilməsi», c. 2, s. 326, 480 (ing.).