Yeremya kimi cəsarətli ol
“Rəbbi gözlə, qüvvətli ol və ürəyin cəsarətli olsun; bəli, Rəbbi gözlə” (MƏZMUR 27:14).
1. Yehovanın Şahidləri hansı bol xeyir-duaları dadırlar?
YEHOVANIN ŞAHİDLƏRİ ruhani Cənnətdə yaşayırlar (İşaya 11:6-9). Onlar, bu qədər həyəcanlı dünyada yaşayaraq, Yehova Allahla və bir-birləri ilə sülhə malik olan həmimanlılarının əhatəsində nadir ruhani mühitdən həzz alırlar (Məzmur 29:11; İşaya 54:13). Onların ruhani Cənnəti genişlənməkdədir. ‘Allahın iradəsini canla-başla yerinə yetirən’ hər bir kəs bu Cənnətin genişlənməsinə kömək edir (Efeslilərə 6:6). Onlar bunu necə edirlər? Müqəddəs Kitab prinsipləri əsasında yaşayaraq və başqalarını da bu cür davranmağa öyrədərək, onları bu Cənnətin bol xeyir-dualarından faydalanmağa də’vət edirlər (Matta 28:19, 20; Yəhya 15:8).
2, 3. İsanın həqiqi davamçıları nələrə tab gətirməli olurlar?
2 Lakin bizim ruhani Cənnətdə yaşamağımız o demək deyil ki, biz çətinliklərə tab gətirməli olmuruq. Biz hələ də qeyri-kamilliyin, ağır xəstəliklərin, qocalığın gətirdiyi acılardan əziyyət çəkir və nəhayətdə ölürük. Bundan əlavə, “axır günlər” haqqındakı peyğəmbərliklərin yerinə yetdiyini görürük (2 Timoteyə 3:1). Müharibələr, cinayət, xəstəliklər, aclıq və digər ciddi bəlalar bütün insanlara kədər gətirir və Yehovanın Şahidləri də bundan müdafiə olunmayıblar (Mark 13:3-10; Luka 21:10, 11).
3 Bütün bunlardan əlavə, biz çox gözəl bilirik ki, ruhani Cənnətimizin mülayim atmosferindən kənarda qarşıdurmaların soyuq küləkləri əsir. İsa davamçılarını xəbərdar etmişdi: “Halbuki dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim; bunun üçün dünya sizə nifrət edir. Mənim sizə söylədiyim sözü xatırlayın: “Qul ağasından üstün deyildir”. Əgər Məni tə’qib etdilərsə, sizi də tə’qib edəcəklər” (Yəhya 15:18-21). Bugünkü vəziyyət də fərqli deyil. İnsanların əksəriyyəti bizim dini baxışlarımızı başa düşmür və ya onlara hörmət etmir. Bə’ziləri bizi tənqid edir, ələ salır və ya hətta, İsanın xəbərdarlıq etdiyi kimi, bizə nifrət edirlər (Matta 10:22). Çox vaxt kütləvi informasiya vasitələrində bizim barəmizdə yalan və məkrli böhtan yayırlar (Məzmur 109:1-3). Bəli, hamımız çətin şəraitlərlə qarşılaşır və bə’zilərimiz ruhdan düşə bilərik. Belə isə necə tab gətirə bilərik?
4. Tab gətirmək üçün köməyi harada axtarmaq lazımdır?
4 Yehova bizə kömək edəcək. Allahdan ilham almış məzmurçu yazırdı: “Salehin dərdləri çoxdur; fəqət Rəbb hamısından onu azad edər” (Məzmur 34:19; 1 Korinflilərə 10:13). Bir çoxumuz təsdiq edə bilər ki, Yehovaya bütünlüklə bel bağlayanda, O, hər bir çətinliyə tab gətirməyimiz üçün güc verir. Allaha məhəbbətimiz və qarşımıza qoyulan sevinc — ümidsizlik və qorxu hissləri ilə mübarizə aparmaqda bizə kömək edir (İbranilərə 12:2). Beləliklə, çətinliklərə baxmayaraq, möhkəm durmağa davam edirik.
Allahın Kəlamı Yeremyanı möhkəmləndirirdi
5, 6. a) Yehovanın çətinliklərə tab gətirməyi bacaran sadiq xidmətçilərinin nümunələrini göstərin. b) Allah Yeremyanı peyğəmbər olmağa çağıranda, o necə reaksiya göstərdi?
5 Çətin şəraitlərə baxmayaraq, Yehovanın sadiq xidmətçiləri tarix boyu sevinc duyurdular. Bə’ziləri, Yehovanın sədaqətsiz insanlar üzərinə qəzəbini tökərək, Öz hökmlərini yerinə yetirdiyi bir vaxtda yaşamışlar. Allahın bu cür sadiq xidmətçilərinin arasında Yeremya və onun bə’zi müasirləri, həm də birinci əsrin məsihçiləri olmuşlar. Həmin tarixi hadisələr bizim ruhlanmamız üçün Müqəddəs Kitaba yazılmışdır və biz onları tədqiq edərək çox şey öyrənə bilərik (Romalılara 15:4). Məsələn, Yeremya haqqında danışaq.
6 Gənc yaşlarında Yeremya Yəhudeyada peyğəmbər kimi xidmət etməyə çağırılmışdı. Bunu asan tapşırıq adlandırmaq olmaz. Bir çoxları yalan tanrılara ibadət edirdilər. Yeremyanın xidmətinin əvvəlində hökmranlıq edən Yoşiya padşah Allaha sədaqətini qorusa da, ondan sonra gələn padşahların hamısı sədaqətsiz idilər, xalqı öyrətmək məs’uliyyəti daşıyan peyğəmbər və kahinlərin əksəriyyəti isə, həqiqətə tərəfdar olmurdular (Yeremya 1:1, 2; 6:13; 23:11). Bəs Yehova Yeremyanı peyğəmbər olmağa çağıranda, o hansı hissi keçirtdi? Qorxu! (Yeremya 1:8, 17). Yeremya özünün ilk reaksiyası haqqında yazmışdır: “Mən dedim: Ah, ya Rəbb Yehova! Budur, mən söz söyləməyi bilmirəm; çünki uşağam” (Yeremya 1:6).
7. İnsanlar Yeremyanın söylədiyi xəbərə necə reaksiya göstərirdilər və o, hansı hissləri keçirirdi?
7 Yeremyanın ərazisindəki insanların əksəriyyəti onun gətirdiyi xəbəri qəbul etmirdilər və peyğəmbər tez-tez güclü müqavimətlərlə qarşılaşırdı. Bir dəfə kahin Paşhur onu döydü və kündəyə saldı. Yeremya o zaman hansı hissi keçirdiyini danışır: “Onu [Yehovanı] anmayacağam və artıq onun ismilə söyləməyəcəyəm, dedim”. Ehtimal ki, bə’zən səndə də bu cür hisslər yaranır — sən təslim olmaq istəyirsən. Yeremyanın mətanət göstərməsi üçün ona nəyin kömək etdiyinə diqqət yetir. O dedi: “O zaman, [Allahın sözü, yə’ni xəbəri] ürəyimdə, sümüklərimin içinə gizlədilmiş yanar bir atəş kimi oldu və özümü tutmaqdan yoruldum, artıq əlimdən gəlmir” (Yeremya 20:9). Allahın sözləri sənə də bu cür tə’sir göstərirmi?
Yeremyanın dostları
8, 9. a) Peyğəmbər Uriya necə zəiflik göstərdi və bunun nəticəsi nə oldu? b) Baruk nəyə görə ruhdan düşdü və ona necə yardım göstərildi?
8 Peyğəmbərlik işində Yeremya tək deyildi. Onun dostları vardı və ehtimal ki, bu onu ruhlandırırdı. Lakin bə’zən onun dostları müdrik davranmırdılar. Məsələn, peyğəmbər Uriya Yerusəlimə və Yəhudaya qarşı Yeremyanın bütün sözlərinə müvafiq olaraq peyğəmbərlik edirdi. Lakin padşah Yehoyakim Uriyanı öldürmək əmri verəndə, peyğəmbər qorxu içində Misirə qaçdı. Bu onu xilas eləmədi. Padşahın qulluqçuları onu tə’qib edib tutdular və geri Yerusəlimə gətirərək orada qətlə yetirdilər. Yəqin ki, bu Yeremya üçün çox böyük zərbə idi! (Yeremya 26:20-23).
9 Yeremyanın digər dostu isə katibi Baruk idi. Baruk Yeremya üçün gözəl köməkçi idi, lakin günlərin birində o da ruhani nöqteyi-nəzərini itirdi. O, şikayətlənməyə başladı: “Vay başıma! Çünki Rəbb ağrılarıma kədər qatdı; iniltimdən yoruldum və rahatlıq tapmıram”. Ruhdan düşən Baruk ruhani şeylərə olan minnətdarlığını itirməyə başladı. Lakin Yehova Baruka mərhəmətlə hikmətli nəsihət verdi, o da bu nəsihəti dinləyərək özünü düzəltdi. Sonra Yehova ona, Yerusəlimin məhvindən sağ çıxacağına dair zəmanət verdi (Yeremya 45:1-5). Baruk ruhani tarazlığını yenidən bərpa edəndə, yəqin ki, Yeremya çox sevindi.
Yehova peyğəmbərinə dəstək olurdu
10. Yehova Yeremyanı dəstəkləyəcəyinə dair hansı və’di verdi?
10 Ən vacibi isə, Yehova Yeremyanı atmadı. Allah peyğəmbərin hansı hissləri keçirdiyini başa düşür və ona gərək olan qüvvəni və köməkliyi verirdi. Məsələn, xidmətinin əvvəlində, Yeremya yararlı olduğuna dair şübhəsini bildirəndə Yehova onu ürəkləndirdi: “Onların üzündən qorxma; çünki səni qurtarmaq üçün mən səninlə bərabərəm, Rəbb deyir”. Sonra peyğəmbərə, onun tapşırıqlarına dair göstəriş verərək Yehova onu əmin etdi: “Səninlə cəngləşəcəklər; fəqət sənə gücləri yetməyəcək; çünki səni qurtarmaq üçün mən səninlə bərabərəm, Rəbb deyir” (Yeremya 1:8, 19). Necə də təsəlliverici və’ddir! Nəticədə Yehova Öz və’dinə əsasən davrandı.
11. Nədən görünür ki, Yehova Yeremyanı dəstəkləmək və’dini yerinə yetirdi?
11 Buna görə də kündəyə salınan və xalqın istehzasına mə’ruz qalan Yeremya əminliklə belə dedi: “Rəbb qorxunc bir igid kimi mənimlə bərabərdir; bundan ötrü məni qovalayanlar sürüşəcəklər və yenməyəcəklər... çox utanacaqlar” (Yeremya 20:11). Sonradan Yeremyanı öldürmək üçün sui-qəsd hazırlananda, Yehova onunla olmağa davam etdi və Baruk kimi, Yeremya da Yerusəlimin məhvindən sağ çıxdı. Onun tə’qibçiləri və xəbərdarlığına e’tinasız yanaşanlar ya həlak oldular, ya da Babilə əsir aparıldılar.
12. Ruh düşkünlüyünə yol açan səbəblər olsa da, nəyi yaddan çıxarmamalıyıq?
12 Bu gün Yehovanın bir çox Şahidləri Yeremya kimi iztirablara mə’ruz qalırlar. Yuxarıda qeyd olunduğu kimi, bu bə’zən bizim şəxsi qeyri-kamilliyimiz ucbatından, bə’zən dünyada hökm sürən qarmaqarışıqlıqdan, bə’zən isə işimizə müqavimət göstərənlərin ucbatından baş verir. Bu cür çətinliklər bizi ruhdan sala bilər. Yeremyaya bənzər tərzdə biz də xidməti davam etdirmək üçün qüvvəmizin olmadığını düşünməyə başlaya bilərik. E’tiraf etmək lazımdır ki, vaxtaşırı olaraq ruh düşkünlüyü hiss etmək insanlar üçün, demək olar ki, qaçılmazdır. Ruh düşkünlüyü yaranan zaman Yehovaya olan məhəbbətimizin dərinliyi sınağa çəkilir. Belə isə gəlin, Uriyadan fərqli olaraq, ruh düşkünlüyünün bizi Yehovaya xidmətdən uzaqlaşdırmasına yol verməməyə qəti qərarlı olaq. Bunun əvəzinə Yeremyanı təqlid edək və Yehovanın yardımına əmin olaq.
Ruh düşkünlüyü ilə necə mübarizə aparmalı
13. Biz Yeremyanın və Davudun nümunəsini necə təqlid edə bilərik?
13 Yehovaya ən dərin duyğularını açaraq və ona güc verməsini xahiş edərək, Yeremya müntəzəm olaraq Yehova ilə ünsiyyətdə olurdu. Bu, təqlid etmək üçün gözəl nümunədir. Kömək üçün eyni Mənbəyə müraciət edən Davud padşah yazırdı: “Sözlərimə qulaq ver, ya Rəbb, ahıma bax. Fəryadımın səsini yaxşı dinlə, ey Padşahım və Allahım, çünki duam sənədir” (Məzmur 5:1, 2). Davudun həyatı barədə olan ilhamlanmış hadisə, onun kömək üçün etdiyi dualara Yehovanın təkrar-təkrar cavab verdiyini göstərir (Məzmur 18:1, 2; 21:1-5). Buna bənzər tərzdə, güclü təzyiq hissi keçirəndə və problemlər aşılmaz kimi görünəndə, Yehovaya duada müraciət etmək və ürəyimizi Ona açmaq bizim üçün böyük təsəlli olacaq (Filipililərə 4:6, 7; 1 Saloniklilərə 5:16-18). Yehova bizdən üz çevirmir. Əksinə, qayğımıza qaldığına əmin edir (1 Peter 5:6, 7). Amma əgər biz Yehovaya dua edib, sonra Onun dediklərinə qulaq asmasaq, bu müdrik davranış olardımı?
14. Yehovanın sözləri Yeremyaya necə tə’sir edirdi?
14 Yehova bizimlə necə danışır? Yenidən Yeremyanı yada salaq. Yeremya peyğəmbər olduğu üçün, Yehova onunla birbaşa ünsiyyət edirdi. Yeremya, Allahın sözünün onun ürəyinə necə tə’sir etdiyini danışır: “Sözlərin tapıldı və onları yedim; və sözlərin mənə şadlıq və ürəyimə sevinc oldu; çünki sənin isminlə çağırılıram, ey orduların Allahı Rəbb!” (Yeremya 15:16). Bəli, Yeremya Allahın ismilə çağırılmağa şad idi və Allahın sözləri onun üçün çox qiymətli idi. Bu səbəbdən, Pavel kimi, Yeremya da ona e’tibar edilmiş xəbəri var gücü ilə bəyan etmək istəyirdi (Romalılara 1:15, 16).
15. Yehovanın sözlərinin bizim ürəyimizdə olması üçün nə etməliyik və hansı səbəblərdən susa bilmərik?
15 Bu gün Yehova heç kimlə birbaşa ünsiyyət etmir. Buna baxmayaraq, biz Allahın Müqəddəs Kitabın səhifələrində yazılmış sözlərinə malikik. Əgər biz Müqəddəs Kitabı tədqiq etməyə ciddi yanaşırıqsa və oxuduqlarımızın üzərində dərindən düşünürüksə, Allahın sözləri bizim ürəyimiz üçün də ‘şadlıq və sevinc’ olacaqdır. Bu sözləri başqaları ilə bölüşərkən Yehovanın adını daşıdığımızı bilmək bizi yaxşı mə’nada həyəcanlandırır. Heç zaman unutmayaq ki, bu dünyada başqa heç bir qrup Yehovanın adını bəyan etmir. Yalnız Onun Şahidləri Allahın qurulmuş Padşahlığı barəsindəki xoş xəbəri e’lan edir və həlim insanları öyrədərək, onlara İsa Məsihin şagirdləri olmağa kömək edirlər (Matta 28:19, 20). Necə də böyük şərəfdir! Yehovanın bizə məhəbbətlə həvalə etdiyi böyük üstünlüyü nəzərə alaraq susa bilərikmi?
Kimlərlə ünsiyyət etdiyimizə diqqət yetirək
16, 17. Yeremyanın kimlərlə ünsiyyət etməyə dair nöqteyi-nəzəri necə idi və biz onu necə təqlid edə bilərik?
16 Yeremya ona cəsarətli olmaqda kömək edən daha bir amil barəsində danışır. O demişdir: “Gülənlərin dərnəyində oturmadım və sevinib coşmadım; sənin əlindən ötrü tək başıma oturdum; çünki məni qəzəblə doldurdun” (Yeremya 15:17). Yeremya üçün tək oturmaq, pis dostluqların pozucu tə’sirinə mə’ruz qalmaqdan yaxşı idi. Bu məsələdə biz onun hisslərinə şərikik. Həvari Pavelin xəbərdarlığını heç zaman yaddan çıxarmayaq ki, “pis dostluq yaxşı əxlaqı pozar” (1 Korinflilərə 15:33).
17 Pis dostluqların vasitəsilə dünyanın ruhu ağlımıza yol tapar və onu çirkləndirə bilər (1 Korinflilərə 2:12; Efeslilərə 2:2; Yaqub 4:4). Gəlin buna görə də öz hisslərimizi zərərli dostluqları ayırd etməyə alışdıraq ki, onlardan bütünlüklə qaçına bilək (İbranilərə 5:14). Əgər Pavel bu gün yaşasaydı, əxlaqsızlıq və zorakılıqla müşayiət olunan filmə və ya zorakılığı ilə fərqlənən idman yarışlarına baxan məsihçiyə, sənin zənnincə nə deyərdi? Heç tanımadığı adamla İnternet vasitəsilə dostluq yaradan qardaşa hansı məsləhəti verərdi? O, şəxsi öyrənməyə vaxt ayırmadan saatlarla video oyunları oynayan və ya televizora baxan məsihçi haqqında nə düşünərdi? (2 Korinflilərə 6:14b; Efeslilərə 5:3-5, 15, 16).
Ruhani Cənnətdə qalmağa davam et
18. Ruhən güclü qalmaqda bizə nə kömək edər?
18 Biz ruhani Cənnətimizi yüksək qiymətləndiririk. Bugünkü dünyada bu Cənnətin bənzəri yoxdur. Məsihçilərin arasındakı məhəbbət, diqqət və xeyirxahlıq hətta imanımıza şərik olmayan insanlara da təəssürat bağışlayır (Efeslilərə 4:31, 32). Buna baxmayaraq, ruh düşkünlüyü ilə əvvəl olduğundan daha çox mübarizə aparmalıyıq. Yaxşı dostluqlar, dua və şəxsi öyrənmədə göstərdiyimiz sə’y, ruhən möhkəm qalmaqda bizə kömək edər. Bütün bunlar bizi o qədər möhkəmlədər ki, biz, Yehovaya tam e’tibarımızı qoruyub saxlayaraq, istənilən çətinliklərin öhdəsindən gələ bilərik (2 Korinflilərə 4:7, 8).
19, 20. a) Tab gətirməyimizə nə kömək edəcək? b) Növbəti məqalə kimlərə ünvanlanıb və həm də kimlər üçün maraqlı olacaq?
19 Heç bir zaman yol verməli deyilik ki, çatdırdığımız Müqəddəs Kitab xəbərinə nifrət edənlər bizi qorxutsunlar və ya imanımızı zəiflətsinlər. Yeremyanı tə’qib edən düşmənlər kimi, bizə qarşı vuruşanlar da, əslində Allaha qarşı vuruşurlar. Onlar bizə bata bilməyəcəklər. Rəqiblərimizdən olduqca qüvvətli olan Yehova deyir: “Rəbbi gözlə, qüvvətli ol və ürəyin cəsarətli olsun; bəli, Rəbbi gözlə” (Məzmur 27:14). Yehovaya bütün ürəyimizlə bel bağlayaraq, xeyirxahlıq etməkdən vaz keçməməyə qəti qərarlı olaq. Əmin ola bilərik ki, Yeremya və Baruk kimi, biz də ‘əgər zəif düşməsək vaxtında biçəcəyik’ (Qalatiyalılara 6:9).
20 Ruh düşkünlüyü ilə mübarizə bir çox məsihçilərdən daima güc tələb edir. Gənclər isə xüsusi çətinliklərlə qarşılaşırlar. Lakin buna baxmayaraq, gənclərin qarşısında daha çox gözəl imkanlar açılıb. Növbəti məqalə birbaşa onlara ünvanlanıb. Həmin məqalə həm də valideynlər və ümumiyyətlə Allaha həsr olunmuş, sözü, nümunəsi və konkret əməlləri ilə gənc məsihçilərə kömək edə biləcək yığıncağın bütün üzvləri üçün maraqlı olacaq.
Necə cavab verərdiniz?
• Ruh düşkünlüyü yaradan çətinliklər nəyə görə qaçılmazdır və kömək üçün kimə müraciət etməliyik?
• Çətin tapşırıq alsa da Yeremya ruh düşkünlüyünə necə qalib gəldi?
• Hətta çətin anlarda belə ürəyimizə ‘şadlıq və sevinci’ nə gətirəcək?
[19-cu səhifədəki şəkil]
Yeremya hesab edirdi ki, peyğəmbər olmaq üçün həddindən artıq gənc və təcrübəsizdir.
[20-ci səhifədəki şəkil]
Hətta tə’qiblərə mə’ruz qalarkən belə Yeremya bilirdi ki, Yehova “qorxunc bir igid kimi” onunladır.