Fəsil 8
Zalım padşahdan qaçış
GECƏYARISI Yehovanın mələyi Yusifə görünüb deyir: «Dur, uşağı və anasını götürüb Misirə qaç. Mən sənə deməyincə oradan çıxma. Çünki Hirod uşağı tapıb öldürmək istəyir». Yusif dərhal Məryəmi oyadıb bu təcili xəbəri ona çatdırır.
Onlar bir an belə yubanmadan ölkədən qaçırlar. Bu lap vaxtında olur, çünki Hirod münəccimlərin onu aldatdığını və çıxıb getdiklərini öyrənir. Yadınızdadırsa, onlar İsanı tapanda gəlib yerini Hiroda xəbər verməli idilər. Padşah bərk qəzəblənir və İsanı öldürməkdən ötrü Betlehem və onun ətrafında iki yaşa qədərki bütün oğlan uşaqlarını öldürməyi əmr edir. Bu yaş həddini o, şərqdən gəlmiş münəccimlərdən aldığı məlumata əsasən təxmin etmişdi.
Əmri yerinə yetirən Hirodun əsgərləri bir-bir evlərə soxulur, oğlan uşağı tapanda dartıb onu anasının əlindən alırlar. Ay aman, bu nə dəhşətli səhnədir — körpə uşaqlar vəhşicəsinə qətlə yetirilir! Bu vaxt nə qədər uşağın öldürüldüyü bizə məlum deyil, amma bu hadisəyə işarə edən peyğəmbərlikdə Yeremya peyğəmbər anaların ağlaşması və böyük şivən səsindən xəbər vermişdi.
Bu arada Yusif ailəsi ilə gəlib sağ-salamat Misirə çatır və orada yaşayır. Bir gecə Yehovanın mələyi yenə Yusifə yuxuda görünür. İndi isə o, belə deyir: «Dur, uşağı və anasını götür və İsrail torpağına get, çünki uşağın canına qəsd etmək istəyənlər öldülər». Ailə geriyə, vətəninə qayıdır. Bununla da başqa bir Müqəddəs Kitab peyğəmbərliyi, Allahın Öz oğlunu Misirdən çağıracağı haqqındakı peyğəmbərlik yerinə yetir.
Ola bilsin, Yusif Misirə qaçmazdan əvvəl yaşadıqları Betlehem şəhərinə, Yəhudeyaya qayıtmaq istəyir, amma eşidir ki, orada Hirodun qəddar oğlu Arxela padşahlıq edir. Üstəlik, Yehova da yuxuda onu təhlükədən xəbərdar edir. Ona görə də o, ailəsi ilə şimala, Qalileyanın Nazaret şəhərinə köçür. İsa burada, yəhudilərin dini həyatının qaynaşdığı yerdən kənarda böyüyür. Matta 2:13—23; Yeremya 31:15; Huşə 11:1.
▪ Münəccimlərin qayıtmadığını görən padşah Hirod nəyə əl atır, amma İsa necə sağ qalır?
▪ Misirdən qayıdan Yusif nə üçün daha Betlehemdə yaşamır?
▪ Yuxarıda bəhs edilən hadisələrlə bağlı Müqəddəs Kitabın hansı peyğəmbərlikləri yerinə yetir?