Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • kl fəs. 10 s. 90—97
  • Allahın Padşahlığı hökmranlıq edir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahın Padşahlığı hökmranlıq edir
  • Əbədi həyata aparan bilik
  • Başlıqlar
  • Oxşar material
  • MÜƏYYƏN MƏQSƏD ÜÇÜN OLAN PADŞAHLIQ
  • ALLAHIN PADŞAHLIĞININ REALLIĞI
  • PADŞAHLIQ NƏ ZAMAN HÖKMRANLIQ ETMƏYƏ BAŞLAYACAQ?
  • Allahın Padşahlığı nədir?
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allahın Padşahlığı
    Müqəddəs Kitab təlimləri
  • ‘Heç vaxt dağılmayacaq’ Padşahlıq
    Vahid həqiqi Allaha ibadət edin
  • İsa Allahın Padşahlığı haqqında nə öyrədirdi?
    Gözətçi qülləsi 2010
Əlavə
Əbədi həyata aparan bilik
kl fəs. 10 s. 90—97

FƏSİL 10

Allahın Padşahlığı hökmranlıq edir

OLA BİLSİN, belə bir hadisə sizin də başınıza gəlib: hansısa bir cihazı alıb, sonradan onun işləmədiyini aşkar edirsiniz. Tutaq ki, usta çağırırsınız. Lakin o, “tə’mir etdikdən” tez sonra cihaz yenidən xarab olur. Necə də xoşagəlməz haldır!

2 Bu nümunə insan hökumətlərini xatırladır. Bəşəriyyət həmişə sülh və xoşbəxtliyi zəmanət verəcək hökuməti arzu etmişdir. Lakin cəmiyyətin çatışmazlıqlarını aradan qaldırmaq cəhdləri boşa çıxmışdır. Çoxlu sülh müqavilələri bağlanmış, sonra isə pozulmuşdur. Bundan əlavə, yoxsulluğu, ədalətsizliyi, cinayəti, xəstəlikləri və ekoloji problemləri aradan qaldırmaq hansı hökumətə müyəssər olub? Buna insan hökumətlərinin gücü çatmır. Hətta İsrailin müdrik padşahı Süleyman soruşmuşdur: “İnsan öz yolunu necə anlaya bilər?” (Süleymanın məsəlləri 20:24).

3 Ümidinizi üzməyin! E’tibarlı dünya hökuməti sadəcə xəyal deyil. Bu hökumət haqqında İsa təbliğ edirdi. İsa onu “Allahın Padşahlığı” (İ–93) adlandırmış və davamçılarına bu barədə dua etməyi öyrətmişdir (Luka 11:2; 21:31). Əlbəttə, Allahın Padşahlığı hərdən dini dairələrdə xatırlanır. Hətta milyonlarla insanlar hər gün Rəbbin duasını (həmçinin nümunəvi dua adlanır) təkrar edərək həmin Padşahlıq haqqında dua edirlər. Lakin insanlardan soruşanda ki: “Allahın Padşahlığı nədir?” cavablar müxtəlif olur. Bə’ziləri deyirlər ki, “O, ürəkdədir”. Başqaları göyləri Padşahlıq adlandırırlar. Ancaq görəcəyimiz kimi, Müqəddəs Kitab bu suala aydın cavab verir.

MÜƏYYƏN MƏQSƏD ÜÇÜN OLAN PADŞAHLIQ

4 Yehova Allah həmişə Padşah, yaxud Kainatın Ali Hökmdarı olub. O, hər şeyin Yaradanı kimi, haqlı olaraq bu böyük mövqeyə sahibdir (1 Tarixlər 29:11; Məzmur 103:19; Həvarilərin işləri 4:24). Lakin İsanın təbliğ etdiyi Padşahlıq Allahın ali hökmranlığında köməkçi və yaxud ikinci dərəcəli rol oynayır. Bu Xilaskar Padşahlığın xüsusi məqsədi var. Hansı məqsədi?

5 Bu kitabın 6-cı fəslində izah edildiyi kimi, ilk insan cütü Allahın rəhbərliyinə qarşı üsyan qaldırdı. Mübahisəli suallar üzündən Yehova Öz hökmranlığını başqa yolla təzahür etdirmək qərarına gəldi. Allah İlanın, yə’ni Şeytanın başını əzəcək və insanların miras aldığı günahın nəticələrini aradan qaldıracaq bir “zürriyyət” göndərmək niyyətində olduğunu bəyan etdi. Baş “zürriyyət” — İsa Məsih oldu, “Allahın Padşahlığı” isə, İsanın Şeytanı tam məhv edəcəyi əsas alətdir. Bu Padşahlığın vasitəsilə İsa Məsih yer üzündə Yehovanın rəhbərliyini bərpa edəcək və Allahın ədalətli hökmranlığına əbədi olaraq bəraət qazandıracaq (Təkvin 3:15; Məzmur 2:2-9).

6 İsanın pis fəriseylərin ünvanına dediyi sözlər “İncil” kitabında belə səslənir: “Allahın Padşahlığı sizin içinizdədir” (Luka 17:21, İ–93). İsa Padşahlığın həmin pis və satqın insanların ürəyində olduğunumu nəzərdə tuturdu? Xeyr. Yunan dilindən daha dəqiq tərcümə belə səslənir: “Allahın Padşahlığı sizin aranızdadır” (YD). İsa onların arasında idi və buna görə də gələcək Padşah kimi özünə işarə edirdi. Allahın Padşahlığı insanın ürəyində olan müvəqqəti bir şey yox, rəhbəri və vətəndaşları olan real, fəaliyyət göstərən bir hökumətdir. Bu, səmavi hökumətdir, çünki “Göylərin Padşahlığı” və “Allahın Padşahlığı” adlanır (Matta 13:11, İ–93; Luka 8:10, İ–93). Peyğəmbər Daniel rö’yasında bu Padşahlığın “insan oğluna bənzər” Hökmdarını görür; bu Hökmdar Qadir Allahın yanına gətirildi və “bütün xalqlar, millətlər və dillər ona qulluq etsinlər deyə, ona hökmranlıq və izzət və padşahlıq verildi” (Daniel 7:13, 14). Bu Padşah kimdir? “İnsan Oğlu” olaraq Müqəddəs Kitab İsa Məsihi adlandırır (Matta 12:40; Luka 17:26). Bəli, Yehova Oğlu İsa Məsihə Padşah olmaq səlahiyyətini vermişdir.

7 İsa tək idarə etmir. Onunla birlikdə padşah və kahinlər olmaq üçün “yer üzündən satın alınmış” 144 000 adam var (Vəhy 5:9, 10; 14:1, 3, İ–93; Luka 22:28-30). Allahın Padşahlığının vətəndaşları, Məsihin rəhbərliyinə tabe olan insanlardan ibarət ümumdünya ailə olacaq (Məzmur 72:7, 8). Bəs nəyə görə biz əmin ola bilərik ki, Padşahlıq Allahın hökmranlığına bəraət qazandıracaq və yer üzündə Cənnət şəraitini bərpa edəcəkdir?

ALLAHIN PADŞAHLIĞININ REALLIĞI

8 Təsəvvür edin ki, eviniz yanıb. Lazımi vəsaitləri olan dostunuz söz verir ki, evinizi yenidən tikməyə kömək edəcək və ailənizi qida ilə tə’min edəcəkdir. Əgər dostunuz həmişə düzünü danışıbsa, məgər ona bu dəfə də inanmayacaqsınızmı? Fərz edək ki, ertəsi gün işdən qayıdanda artıq işçilərin yanğından uçmuş yerləri təmizlədiyini və kiminsə ailəniz üçün ərzaq gətirdiyini görürsünüz. Əlbəttə ki, bu, sizin hər şeyin vaxtı ilə nəinki bərpa olunacağına, hətta əvvəlkindən də yaxşı olacağına əminliyinizi möhkəmləndirəcəkdir.

9 Buna bənzər tərzdə, Yehova da bizi Padşahlığın real olduğuna əmin edir. Müqəddəs Yazıların “İbranilərə” adlı kitabında göstərildiyi kimi, Qanunun bir çox sahələri Padşahlığın quruluşunun kölgəsi idi (İbranilərə 10:1). Yer üzündə mövcud olan İsrail padşahlığı da Allahın Padşahlığını təmsil edirdi. Bu adi hökumət deyildi, çünki onun rəhbərləri “Rəbbin taxtı” üzərində otururdular (1 Tarixlər 29:23). Bundan savayı, əvvəlcədən deyilmişdi ki: “Şiloa gəlincəyə qədər, Padşahlıq əsası Yəhudadan, hökmdarlıq əsası da ayaqlarının arasından getməyəcəkdir; və millətlərin itaəti ona olacaqdır” (Təkvin 49:10). Bəli, Allahın hakimiyyətinin dəyişməz Padşahı olan İsa Yəhudanın nəslindən gəlməli idi (Luka 1:32, 33).

10 Allahın Xilaskar Padşahlığının təməli İsanın həvarilərinin seçilməsi ilə qoyulmuşdur (Efeslilərə 2:19, 20; Vəhy 21:14). Onlar göydə İsa ilə bərabər idarə edəcək 144 000 hakimiyyət şərikləri arasında ilk seçilənlər olmuşlar. İsanın gələcək hakimiyyət şərikləri hələlik yerdə yaşadıqları müddətdə onun: “Gedin, bütün xalqları şagirdim edin, onları Ata, Oğul və Müqəddəs Ruh naminə vəftiz edin” əmrinə riayət edərək geniş şahidlik kompaniyası keçirirlər (Matta 28:19).

11 Bu gün bütün xalqları İsanın şagirdi etmək əmri görünməmiş miqyasda yerinə yetir. İsanın peyğəmbərlik sözlərinə müvafiq olaraq Yehovanın Şahidləri Padşahlıq haqqındakı xoş xəbəri bütün yer üzündə yayırlar: “Padşahlıq haqqında olan bu Müjdə millətlərin hamısına şəhadət olaraq bütün dünyada təbliğ olunacaqdır; və son o zaman gələcəkdir” (Matta 24:14, İ–93). Padşahlıq haqqındakı təbliğ işinin bir sahəsi — geniş maarifləndirmə proqramıdır. Allahın Padşahlığının qanun və prinsiplərinə tabe olan insanlar heç bir insan hakimiyyətinin nail ola bilmədiyi sülh və birliyə artıq indidən sahibdirlər. Bütün bunlar Allahın Padşahlığının real olduğundan xəbər verir!

12 Yehova israillilərə dedi: “Siz şahidlərim və seçdiyim qulumsunuz” (İşaya 43:10-12). “Sadiq Şahid” olan İsa Padşahlıq haqqındakı xoş xəbəri sə’ylə bəyan edirdi (Vəhy 1:5; Matta 4:17). Buna görə də, Padşahlığın müasir təbliğçilərinin Allah tərəfindən verilən Yehovanın Şahidləri adını daşımaları münasibdir. Bəs nəyə görə Şahidlər başqalarına Allahın Padşahlığı haqqında danışmaq üçün bu qədər vaxt və qüvvə sərf edirlər? Onlar bunu ona görə edirlər ki, Padşahlıq — bəşəriyyətin yeganə ümid yeridir. İnsan hakimiyyətləri gec-tez dağılır, amma Allahın Padşahlığı heç zaman dağılmayacaqdır. İşaya 9:6, 7 ayələrində bu Padşahlığın rəhbəri olan İsa “Sülh Rəisi” adlanır və sonra əlavə olunur: “Rəisliyinin və sülhün artmasına son olmayacaq”. Allahın Padşahlığı, bu gün var olub, sabah isə yox olan insan hökumətləri kimi deyil. Daniel 2:44 ayəsində deyilir: “Göylərin Allahı əbədiyyən dağılmayacaq bir padşahlıq quracaq və onun hakimiyyəti başqa bir xalqa verilməyəcək... özü isə əbədiyyən duracaq” (Daniel 2:44).

13 Hansı insan padşahı müharibələri dayandıra, cinayətə, xəstəliklərə, aclığa son qoya və evsizlik problemini həll edə bilər? Bundan başqa, yer üzündə yaşayan hansı rəhbər ölüləri dirildə bilər? Bütün bunları Allahın Padşahlığı və onun Padşahı edə biləcəkdir. Bu Padşahlıq daima tə’mirə ehtiyacı olan xarab cihaz kimi müvəqqəti olmayacaqdır. Əksinə, Yehovanın və’d etdiyi kimi, Allahın Padşahlığı müvəffəqiyyətli olacaq: “Ağzımdan çıxan sözüm də elə olacaqdır; mənə boş dönməyəcəkdir, fəqət murad etdiyim şeyi edəcək və etsin deyə onu göndərdiyim işi bacaracaq” (İşaya 55:11). Allahın niyyəti mütləq yerinə yetəcəkdir; bəs Padşahlıq nə zaman hökmranlıq etməyə başlayacaq?

PADŞAHLIQ NƏ ZAMAN HÖKMRANLIQ ETMƏYƏ BAŞLAYACAQ?

14 “Ya Rəbb! İsrailə padşahlığı bu dövrdəmi qaytaracaqsan?” İsanın şagirdlərinin bu sualı onu göstərir ki, onlar o vaxt Allahın Padşahlığının məqsədindən və nə zaman hökmranlıq etməyə başlayacağından bixəbər idilər. İsa onları bu sahədə fərziyyələrdən saqındıraraq dedi: “Atanın Öz hakimiyyəti altına qoyduğu zaman və müddətləri bilmək sizin işiniz deyil”. İsa, yer üzündə hökmranlığının gələcəkdə, dirildikdən və göyə qalxdıqdan çox illər sonra başlayacağını bilirdi (Həvarilərin işləri 1:6-11, İ–93; Luka 19:11, 12, 15). Müqəddəs Kitabda əvvəlcədən belə deyilmişdir. Bəs bu haqda orada nə deyilir?

15 Davud, İsa haqqında peyğəmbərlik edərək və onu “Rəbb” adlandıraraq demişdir: “Rəbb Rəbbimə dedi: Mən düşmənlərini sənin ayaqların altına kətil olaraq qoyuncaya qədər, sağımda otur” (Məzmur 110:1; Həvarilərin işləri 2:34-36 ayələri ilə müqayisə edin). Bu peyğəmbərlik onu göstərir ki, İsa göyə qalxan kimi hökmranlıq etməyə başlamayıb. O, Allahın sağ tərəfində oturub gözləməli idi (İbranilərə 10:12, 13). Bəs İsa nə qədər gözləməli oldu? O, nə zaman hökmranlıq etməyə başlayıb? Müqəddəs Kitab bu sualların cavabını tapmağa kömək edir.

16 Yerusəlim Yehovanın yer üzündə Öz adını verdiyi yeganə şəhər idi (1 Krallar 11:36). Bu şəhər eyni zamanda Allahın səmavi Padşahlığını yer üzündə təmsil edən paytaxt idi. Buna görə də b. e. ə. 607-ci ildə Yerusəlimin babillilər tərəfindən məhv edilməsi olduqca mühüm bir hadisə oldu. Bu hadisədən sonra Allahın yer üzündəki xalqına bilavasitə rəhbərlik etmədiyi uzunsürən dövr başlandı. Təxminən altı yüz ildən sonra İsa Allahın idarə etməyi dayandırdığı dövrün hələ də davam etdiyini dedi: “Digər xalqların vaxtı tamam oluncaya qədər, Yerusəlim xalqlar tərəfindən tapdalanacaqdır” (Luka 21:24).

17 “Digər xalqların vaxtı”nda bu dünyanın hökumətlərinə yol verildi ki, Allahın iltifatı olan idarə üsuluna son qoysunlar. Bu dövr b. e. ə. 607-ci ildə Yerusəlimin məhv edildiyi vaxtdan başlayıb və Danielin dediyinə görə “yeddi vaxt” davam etməli idi (Daniel 4:23-25). Bu “yeddi vaxt” nə qədər sürməli idi? Müqəddəs Kitabda deyilir ki, üç yarım “vaxt” 1 260 günə bərabərdir (Vəhy 12:6, 14). İki bu qədər “dövr”, yə’ni yeddi vaxt 2 520 günə bərabərdir. Amma belə bir qısa müddətdə xüsusi bir şey baş vermədi. Lakin Danielin peyğəmbərliyinə ‘hər günə bir il’ prinsipini tətbiq edib, b. e. ə. 607-ci ildən 2 520 il çıxsaq, b. e. 1914-cü ilinə gəlib çıxırıq (Saylar 14:34; Hezekiel 4:6).

18 İsa həmin ili göydə hökmranlıq etməyə başladımı? Növbəti məqalədə bunu təsdiq edən Müqəddəs Kitaba əsaslanan sübutlar müzakirə olunacaqdır. Ancaq tamamilə aydındır ki, İsanın hökmranlıq etməyə başlaması yer üzündə dərhal sülhün olması demək deyildi. Vəhy 12:7-12 ayələri göstərir ki, İsa padşahlıq səlahiyyətini alan kimi, göydən Şeytanı və onun cinlərini qovacaqdı. Bu, yer üzündə yaşayanlara bədbəxtliklər gətirəcəkdi, lakin İblisin ‘vaxtına az’ qaldığını bilmək təsəlli verir. Bir azdan bizim, yalnız Allahın Padşahlığının hökmranlıq etdiyinə görə deyil, həm də onun yer üzünə və itaətkar bəşəriyyətə görünməmiş xeyir-dualar gətirəcəyinə görə sevinməyə səbəbimiz olacaq (Məzmur 72:7, 8). Bunun tezliklə baş verəcəyini haradan bilirik?

[Haşiyə]

a Şilo adı “Ona sahib olan Kəs; Onun aid olduğu Kəs” deməkdir. Vaxtilə aydın oldu ki, “Şilo” “Yəhuda qəbiləsindən olan Aslan” — İsa Məsihdir (Vəhy 5:5). Bə’zi arami tərcümələrində “Şilo” sözü sadəcə “Məsih” və ya “Xilaskar Padşah” ifadəsi ilə əvəz edilmişdir.

BİLİYİNİZİ YOXLAYIN

• Allahın Padşahlığı nədir və haradan idarə edir?

• Padşahlıqda kim hökmranlıq edir və onun vətəndaşları kimlərdir?

• Yehova bizi necə əmin edir ki, Onun Padşahlığı realdır?

• “Digər xalqların vaxtı” nə zaman başladı və nə zaman sona yetdi?

[Öyrənilmə üçün olan suallar]

1, 2. İnsan hökumətlərinin tutarsızlığı nədən görünür?

3. a) İsa nə haqda təbliğ edirdi? b) Bə’zi insanlar Allahın Padşahlığını necə təsəvvür edirlər?

4, 5. Yehova Öz hökmranlığını nəyə görə başqa cür təzahür etdirmək qərarına gəldi və bunun nəticəsi nə olacaq?

6, 7. a) Padşahlıq harada yerləşir, onun Padşahı və hakimiyyət şərikləri kimlərdir? b) Padşahlığın vətəndaşları kimlərdir?

8, 9. a) Allahın Padşahlıq haqqındakı və’dlərinin e’tibarlılığını nə ilə müqayisə etmək olar? b) Nəyə görə Allahın Padşahlığının reallığına əmin ola bilərik?

10. a) Allahın Xilaskar Padşahlığının təməli nə zaman qoyulmuşdur? b) İsanın gələcək hakimiyyət şərikləri bütün yer üzərində hansı işi aparmalıdırlar?

11. Hal-hazırda Padşahlıq haqqındakı təbliğ işi necə keçirilir və bunun sayəsində nəyə nail olunub?

12. a) Padşahlığın təbliğçilərini Yehovanın Şahidləri adlandırmaq nəyə görə münasibdir? b) Allahın Padşahlığı insan hökumətlərindən nə ilə fərqlənir?

13. a) Allahın Padşahlığı hansı problemləri müvəffəqiyyətlə həll edəcək? b) Biz nəyə görə əmin ola bilərik ki, Allahın və’dləri yerinə yetəcəkdir?

14. İsanın şagirdləri Padşahlığa dair nəyi başa düşmürdülər və İsa öz hökmranlığı barədə nəyi bilirdi?

15. Məzmur 110:1 ayəsində İsanın nə zaman hökmranlıq etməyə başlayacağı haqda nə deyilir?

16. B. e. ə. 607-ci ildə nə baş verdi və bunun Allahın Padşahlığı ilə nə əlaqəsi vardı?

17. a) “Digər xalqların vaxtı” nədir və o nə qədər davam etdi? b) “Digər xalqların vaxtı” nə vaxt başladı və nə vaxt qurtardı?

18. İsa padşahlıq səlahiyyətini alan kimi hansı tədbiri gördü və bu yer üzündə necə əks olundu?

[94-cü səhifədəki çərçivə]

ALLAHIN PADŞAHLIĞINA AİD OLAN BƏ’Zİ MÜHÜM HADİSƏLƏR

• Yehova, İlan adlanan Şeytan İblisin başını əzəcək “zürriyyət” verəcəyi ilə əlaqədar niyyətini e’lan edir (Təkvin 3:15).

• B. e. ə. 1943-cü ildə Yehova “zürriyyətin” İbrahimin nəslindən gələcəyini xəbər verir (Təkvin 12:1-3, 7; 22:18).

• B. e. ə. 1513-cü ildə İsrail ilə bağlanan Qanun Əhdi ‘gələcək ne’mətlərin kölgəsi’ olur (Çıxış 24:6-8; İbranilərə 10:1).

• İsrailin yer üzündəki padşahlığı b. e. ə. 1117-ci ildə yaranmış və sonralar onu Davudun sülaləsindən olan padşahlar idarə etmişlər (1 Samuel 11:15; 2 Samuel 7:8, 16).

• B. e. ə. 607-ci ildə Yerusəlimin məhv edilməsindən sonra “digər xalqların vaxtı” başlanır (2 Krallar 25:8-10, 25, 26; Luka 21:24).

• B. e. 29-cu ilində İsa Padşahlıq üçün məsh edilir və yer üzündəki xidmətinə başlayır (Matta 3:16, 17; 4:17; 21:9-11).

• B. e. 33-cü ilində İsa göyə qalxır və Allahın sağ tərəfində oturub, hökmranlıq etməyə başlayacağı dövrü gözləyir (Həvarilərin işləri 5:30, 31; İbranilərə 10:12, 13).

• B. e. 1914-cü ilində “digər xalqların vaxtı”nın sonuna yaxın İsa səmavi Padşahlıqda taxta keçir (Vəhy 11:15).

• Şeytan və onun cinləri yer üzünə atılır və insanların get-gedə artan əzablarının günahkarı olurlar (Vəhy 12:9-12).

• İsa, Allahın Padşahlığı haqqındakı xoş xəbərin bütün dünyada gedən təbliğ işinə rəhbərlik edir (Matta 24:14; 28:19, 20).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş