İsa Allahın Padşahlığı haqqında nə öyrədirdi?
«İsa şəhərləri və kəndləri gəzməyə başladı. O, Allahın Padşahlığını vəz edərək Müjdəni yayırdı» (LUKA 8:1, MK—09).
BİZ ürəyimizcə olan və vacib saydığımız şeylər haqqında danışmağı xoşlayırıq. İsanın özünün də dediyi kimi, «ağız ürəkdən gələni söyləyir» (Matta 12:34). İsanın xidmət zamanı söylədiklərini nəzərdən keçirdikcə belə nəticəyə gələ bilərik ki, Allahın Padşahlığı onun üçün böyük əhəmiyyət kəsb edirdi.
Allahın Padşahlığı nədir? Padşahlıq padşah tərəfindən idarə olunan hökumətdir. Beləliklə, Allahın Padşahlığı Allahın qurduğu hökumətdir. İsa Allahın Padşahlığı haqqında çox söz söyləmişdi, belə ki, o, İsanın çatdırdığı xəbərin əsas mövzusu idi. Təkcə dörd Müjdədə həmin Padşahlıq haqqında 110 dəfədən çox danışılır. Lakin İsa yalnız sözlərlə öyrətmirdi. Onun hərəkətləri də Allahın Padşahlığı və onun edəcəyi işlər haqda çox şeyi açıqlayırdı.
Padşahlığın Padşahı kimdir? Allahın Padşahlığının Padşahı insanlar tərəfindən seçilməyib. Əksinə, bu Rəhbəri Allahın Özü təyin edib. Verdiyi təlimlər vasitəsilə İsa Allahın onu padşah seçdiyini açıqladı.
İsa bilirdi ki, Müqəddəs Kitabdakı peyğəmbərliklər vasitəsilə vəd edilmiş Məsihin əbədi Padşahlıqda idarə edəcəyi xəbər verilmişdi (2 Şamuel 7:12—14; Daniel 7:13, 14; Matta 26:63, 64). Yadınızdadırsa, İsa özünün haqqında danışılan Məsih olduğunu açıqca bəyan etmişdi. Bununla İsa Allah tərəfindən təyin olunmuş Padşah olduğunu təsdiq etmişdi (Yəhya 4:25, 26). Buna müvafiq olaraq, İsa hərdən «Mənim Padşahlığım» ifadəsini işlədirdi (Yəhya 18:36, MK—09).
İsa həmçinin söyləmişdi ki, Padşahlıqda onunla birgə başqaları da idarə edəcək (Luka 22:28—30). Məhdud sayda olduqları üçün o, özünün hakimiyyət şəriklərini «kiçik sürü» adlandırmışdı. İsa onlara demişdi: «Atanız Padşahlığı sizə verməyi münasib gördü» (Luka 12:32, MK—09). Müqəddəs Kitabın sonuncu kitabında İsa ilə birgə rəhbərlik etmək şərəfinə layiq görülənlərin ümumi sayının 144 000 olduğu göstərilir (Vəhy 5:9, 10; 14:1).
Padşahlıq harada yerləşir? İsa Roma valisi Ponti Pilata demişdi: «Mənim Padşahlığım buradan deyil» (Yəhya 18:36, MK—09). Məsihin rəhbərlik etdiyi bu Padşahlıq hakimiyyətini insanlar vasitəsilə həyata keçirməyəcək. İsa dönə-dönə Allahın Padşahlığını «Səmavi Padşahlıq» adlandırmışdıa (Matta 4:17; 5:3, 10, 19, 20, MK—09). Buna görə də Allahın Padşahlığı səmavi hökumətdir.
İsa dəqiq bilirdi ki, yerdəki həyatını bitirdikdən sonra göyə qalxacaq. Buna görə də orada ‘yer hazırlayacağını’, yəni hakimiyyət şəriklərinin ona qovuşmaları üçün yol açacağını söylədi (Yəhya 14:2, 3).
Padşahlıq nəyə nail olacaq? İsa onu dinləyənlərə Allaha bu sözlərlə dua etməyi öyrədirdi: «Padşahlığın gəlsin, göydə olduğu kimi yerdə də Sənin iradən olsun» (Matta 6:9, 10, MK—09). Allahın iradəsi hal-hazırda göydə yerinə yetir. Onun yerə dair niyyəti isə Padşahlıq vasitəsilə həyata keçəcək. Buna nail olmaq üçün Padşahlıq yer üzündə köklü dəyişikliklər edəcək.
Padşahlıq yerdə nələri həyata keçirəcək? İsa söyləyirdi ki, Allahın Padşahlığı zalımların kökünü kəsməklə pisliyi aradan qaldıracaq (Matta 25:31—34, 46). Bununla da bütün pisliklərə və pozğunluğa son qoyulacaq. İsa öyrədirdi ki, yer üzündə ‘həlim’, ‘saleh’, «mərhəmətli», «ürəyi təmiz» və ‘sülhpərvər’ insanlar yaşayacaq (Matta 5:5—9).
Belə yaxşı insanlar çirklənmiş planetdəmi yaşayacaqlar? Əlbəttə ki, yox! İsa vəd etmişdi ki, Allahın Padşahlığının hakimiyyəti altında yer üzündə heyrətamiz dəyişikliklər baş verəcək. İsanın yanında edam olunan kişi ona demişdi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla». Cavabında İsa demişdi: «Bunu bil: sən mənimlə Cənnətdə olacaqsan!» (Luka 23:42, 43, YD). Bəli, Allahın Padşahlığı bütün yer kürəsini Eden bağı kimi cənnətə çevirəcəkb.
Allahın Padşahlığı bəşəriyyət üçün daha nələr edəcək? İsa Allahın Padşahlığının edəcəyi işləri vəd etməklə kifayətlənmirdi. O, həmçinin bunları əməldə göstərirdi. İsa xəstələri möcüzəvi şəkildə sağaltmaqla göstərirdi ki, kiçik miqyasda etdiyi bu işlər onun hökmranlıq edəcəyi vaxt böyük miqyasda həyata keçəcək. Allahdan ilham almış Müjdədə İsa haqqında növbəti sözlər yazılıb: «İsa bütün Qalileyanı gəzərək, onların sinaqoqlarında öyrədib, Səmavi Səltənət Müjdəsini təbliğ edir, xalq arasında hər cür xəstəlik və naxoşluğu sağaldırdı» (Matta 4:23).
İsa müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara şəfa verirdi. O, ‘anadangəlmə kor bir adamın gözlərini açdı’ (Yəhya 9:1—7, 32, 33). İyrənc cüzam xəstəliyinə tutulan adama nəvazişlə toxunaraq onu sağaltdı (Mark 1:40—42). «Kar və pəltək» adamı onun yanına gətirəndə isə göstərdi ki, ‘karları eşitdirib, dilsizləri danışdırmağa’ qadirdir (Mark 7:31—37).
Ölüm belə Allahın təyin etdiyi bu Padşahın qarşısında dura bilməz. İsa düz üç dəfə ölən adamı həyata qaytarmışdı. O, dul qadının oğlunu, 12 yaşlı qızı və əziz dostu Lazarı diriltmişdi (Luka 7:11—15; 8:41—55; Yəhya 11:38—44).
Allahın Padşahlığının təbəələrini gözləyən gözəl gələcəyi təsvir edərək İsa həvari Yəhya vasitəsilə demişdi: «Budur, Allahın məskəni insanlarla bərabərdir və O, onlarla bərabər yaşayacaqdır. Onlar Onun xalqı olacaq və Allahın Özü onlarla olacaqdır. Allah onların gözlərindən bütün yaşları siləcəkdir. Artıq ölüm mövcud olmayacaq; artıq nə kədər, nə fəryad, nə də ağrı olacaqdır, çünki əvvəlki şeylər keçib getdi» (Vəhy 1:1; 21:3, 4). Kədər göz yaşlarının, ağrı və ölümün olmadığı bir dünyanı təsəvvür edin! Həmin vaxt Allahın iradəsinin göydə olduğu kimi, yerdə də yerinə yetməsinə dair edilən dua tamamilə yerinə yetəcək.
Allahın Padşahlığı nə zaman gələcək? İsa öyrədirdi ki, onun hakimiyyət başına gəlməsi ‘iştirakı’ adlandırdığı xüsusi dövrlə üst-üstə düşəcək. O, padşah kimi iştirakının başlayacağı vaxtı göstərmək üçün peyğəmbərliklər söyləmişdi. Həmin müddət ərzində bütün dünyada çətinliklər, eləcə də müharibələr, aclıqlar, zəlzələlər, xəstəliklər olacaq və qanunsuzluq artacaqdı (Matta 24:3, 7—12; Luka 21:10, 11). İsanın söylədiyi bu və digər hadisələr Birinci Dünya müharibəsinin başladığı 1914-cü ildən etibarən özünü qabarıq şəkildə göstərməkdədir. Deməli, İsa hal-hazırda Padşah kimi idarə edir. Tezliklə Padşahlıq yer üzündə Allahın iradəsini yerinə yetirəcəkc.
Allahın Padşahlığının gəlişi şəxsən sizin üçün hansı əhəmiyyəti kəsb edəcək? Bu, İsanın xəbərinə necə hay verməyinizdən asılıdır.
[Haşiyələr]
a «Səmavi Padşahlıq» ifadəsinə «Mattanın Müjdəsi»ndə təxminən 30 dəfə rast gəlinir.
b Tövratda deyilir ki, Eden bağında axan çaylardan biri Fərat idi (Yaradılış 2:10, 14). Buna görə də belə qənaətə gəlmək olar ki, Eden bağı Yaxın Şərqdə, Fərat çayı yaxınlığında yerləşirdi.
c Allahın Padşahlığının tezliklə gələcəyinə əmin olmaq üçün Yehovanın Şahidləri tərəfindən dərc olunmuş «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabının «“Axır günlərdə”mi yaşayırıq» adlı 9-cu fəslini oxuya bilərsiniz.