Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • kl fəs. 16 s. 150—159
  • Siz Allaha necə yaxınlaşa bilərsiniz?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Siz Allaha necə yaxınlaşa bilərsiniz?
  • Əbədi həyata aparan bilik
  • Başlıqlar
  • Oxşar material
  • ALLAHA YAXINLAŞMAQ NƏ ÜÇÜN LAZIMDIR?
  • ALLAHA YAXINLAŞMAQ İSTƏYƏNLƏR ÜÇÜN TƏLƏBLƏR
  • ALLAHA MÜRACİƏT ETMƏYİN MÜNASİB VAXTI
  • YEHOVANIN EŞİTDİYİ DUALAR
  • DAİM DUA EDİN
  • YEHOVA İLƏ ÜNSİYYƏT BİRTƏRƏFLİ DEYİL
  • Allaha dua vasitəsilə yaxınlaşın
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • ‘Öz xahişlərinizi Allaha bildirin’
    Gözətçi qülləsi 2006
  • Dua
    Müqəddəs Kitab təlimləri
  • Dua edərək Allaha yaxınlaşın
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
Əlavə
Əbədi həyata aparan bilik
kl fəs. 16 s. 150—159

FƏSİL 16

Siz Allaha necə yaxınlaşa bilərsiniz?

ŞƏRQ ölkələrindən birinə səyahət edən bir qadın Buddizm mə’bədində icra olunan dini ayinlərə təəccüblənmişdi. Orada Məryəmin və ya Məsihin surətləri olmasa da, bir çox dini ayinlər onun kilsəsini xatırladırdı. Məsələn, qadın, insanların təsbeh çevirdiklərinə və duaları əzbərdən söylədiklərinə diqqət yetirdi. Başqaları da buna bənzər oxşarlığa diqqət yetirmişlər. Şərqdə və Qərbdə iman edənlərin Allaha və ya ibadət etdikləri əşyalara yaxınlaşmaq cəhdlərində təəccüblü dərəcədə oxşarlıq vardır.

2 Bir çox insanlar xüsusilə çalışırlar ki, dua vasitəsilə Allaha yaxınlaşsınlar. Dua dedikdə, “dindar adamların Allaha və müqəddəs saydıqları şəxslərə müraciəti” nəzərdə tutulur (“Azərbaycan dilinin izahlı lüğəti”, I cild). Lakin bə’zi insanlar ilk növbədə Allahdan nə isə almaq naminə Ona müraciət edirlər. Məsələn, bir nəfər kişi Yehovanın Şahidinə belə bir sual vermişdi: “Əgər siz mənim üçün dua etsəniz, ailədəki, işdəki və sağlamlığımla bağlı bütün problemlərim həll olunarmı?” Görünür, həmin adam bunun belə olacağına ümid edirdi, amma çoxları dua etsələr də, problemləri olduğu kimi qalır. Bu səbəbdən belə bir sual ortaya çıxır: “Biz Allaha nə üçün yaxınlaşmalıyıq?”

ALLAHA YAXINLAŞMAQ NƏ ÜÇÜN LAZIMDIR?

3 Dua — mə’nasız ayin və sadəcə Allahdan nə isə almaq üsulu deyil. Allaha yaxınlaşmağın əsas səbəblərindən biri — Onunla sıx qarşılıqlı münasibətə malik olmaqdır. Buna görə də, biz dualarımızı Yehova Allaha yönəltməliyik. Məzmurçu Davud yazırdı: “Rəbb onu çağıranların hamısına yaxındır” (Məzmur 145:18). Yehova bizi Onunla sülh münasibətləri əldə etməyə də’vət edir (İşaya 1:18). Bu də’vətə hay verənlər, məzmurçunun dediyi növbəti sözlərlə razıdırlar: “Allaha yaxınlaşmaq mənə yaxşıdır”. Nə üçün? Çünki Yehova Allaha yaxınlaşanlar əsl xoşbəxtlik və qəlb rahatlığı tapacaqlar (Məzmur 73:28).

4 Əgər Allah nələrə ehtiyac duyduğumuzu biz Ondan diləməzdən əvvəl bilirsə, onda dua etmək nə üçün lazımdır? (Matta 6:8; Məzmur 139:4). Dua göstərir ki, biz Allaha iman edir və Onu “hər bir yaxşı bəxşiş və hər kamil hədiyyə”nin Mənbəyi hesab edirik (Yaqub 1:17; İbranilərə 11:6). Yehova dualarımızı sevinclə qəbul edir (Süleymanın məsəlləri 15:8). Övladının minnətdarlıq sözlərini eşidən atanın sevindiyi kimi, Allah da bizim səmimi minnətdarlıq və həmd sözlərimizi eşitməkdən məmnunluq duyur (Məzmur 119:108). Əgər ata ilə oğul arasında yaxşı münasibət varsa, onların ünsiyyəti səmimi olacaqdır. Sevildiyini duyan uşaq həmişə atası ilə ünsiyyət axtarır. Eyni şeyi Allahla olan münasibətlərimiz haqqında da demək olar. Əgər Yehova haqqında əldə etdiyimiz biliyi və Onun məhəbbətini həqiqətən qiymətləndiririksə, öz hisslərimizi duada Ona açmağa güclü təşviq hissi duyacağıq (1 Yəhya 4:16-18).

5 Biz Haqq-Təala Allaha müraciət edərkən hörmətcil olmalıyıq, bununla belə sözlərimizin nə dərəcədə dəqiq olması barədə həddindən artıq narahat olmağımıza ehtiyac yoxdur (İbranilərə 4:16). Biz Yehovaya həmişə dua edə bilərik. Duada ürəyimizi Allaha aça bilməyimiz necə də böyük şərəfdir! (Məzmur 62:8). Yehovaya olan minnətdarlıq hissimiz, “Allahın dostu” adlanan sadiq xidmətçi İbrahimlə Allahın arasında olan səmimi münasibətlərə yol açır (Yaqub 2:23). Lakin Hökmdar Allaha duada müraciət etdikdə, biz Onun müəyyən tələblərinə müvafiq olmalıyıq.

ALLAHA YAXINLAŞMAQ İSTƏYƏNLƏR ÜÇÜN TƏLƏBLƏR

6 Allaha müraciət etmək üçün pul lazımdırmı? Bir çox insanlar kahinlərə pul verirlər ki, onlar üçün dua etsinlər. Bə’ziləri isə inanırlar ki, nə qədər çox ianə etsələr, duaları bir o qədər də tez eşidiləcək. Lakin Allahın Kəlamında deyilmir ki, Yehovaya duada müraciət etmək üçün pul ödəmək lazımdır. Duanın sayəsində əldə etdiyimiz ruhani köməyə və xeyir-dualara görə O, bizdən heç nə tələb etmir (İşaya 55:1, 2).

7 Bəs onda nə lazımdır? Ürəyimizin meylinin düzgün olması çox vacibdir (2 Tarixlər 6:29, 30; Süleymanın məsəlləri 15:11). Biz Yehova Allahın ‘duanı eşitdiyinə’ və ‘Onu axtaranlara mükafat verdiyinə’ bütün ürəkdən inanmalıyıq (Məzmur 65:2; İbranilərə 11:6). Biz həmçinin təvazökar olmalıyıq (2 Krallar 22:19; Məzmur 51:17). İsa Məsih bir məsəlində göstərdi ki, Allaha təvazökarlıqla dua edən vergiyığan, təkəbbürlü fəriseydən daha salehdir (Luka 18:10-14). Allaha dua edərkən yadda saxlamalıyıq ki, “ürəyi məğrur olan hər adam Rəbbə məkruhdur” (Süleymanın məsəlləri 16:5).

8 Əgər biz Allahın dualarımıza cavab verməsini istəyiriksə, günahlı davranış tərzinə son qoymalıyıq. Şagird Yaqub başqalarını Allaha yaxınlaşmağa təşviq edərkən əlavə etmişdi: “Ey günahkarlar, əllərinizi təmizləyin! Ey mütərəddidlər, ürəklərinizi saflaşdırın!” (Yaqub 4:8). Hətta günahkarlar belə tövbə edib, keçmiş həyat tərzlərinə son qoysalar, Yehova ilə yaxşı münasibətlərə malik ola bilərlər (Süleymanın məsəlləri 28:13). Əməllərimizin düzgün olduğunu ancaq üzdə göstəririksə, Yehova dualarımızı dinləməyəcək. Allahın Kəlamında deyilir: “Rəbbin gözləri salehlərə, qulaqları onların dualarına tərəf yönəlmişdir. Rəbbin üzü isə, pis iş görənlərə qarşıdır” (1 Peter 3:12).

9 Müqəddəs Kitabda deyilir: “Yer üzündə yaxşılıq edib suç işləməyən saleh adam yoxdur” (Vaiz 7:20). Buna görə də, siz soruşa bilərsiniz: “Bəs onda Yehova Allaha necə müraciət etmək olar?” Müqəddəs Kitab cavab verir: “Əgər biri günaha batsa belə, Atanın yanında Müdafiəçiyə, yə’ni adil olan İsa Məsihə malikik” (1 Yəhya 2:1). Günahkar olmağımıza baxmayaraq, özünü bizim uğrumuzda qurban verən İsa Məsih vasitəsilə Allaha sərbəst şəkildə müraciət edə bilərik (Matta 20:28). İsa bizi Yehovaya yaxınlaşdıran yeganə vasitədir (Yəhya 14:6). Biz qəsdən günah işlədərək, İsanın fidiyə qurbanlığına e’tinasız yanaşmalı deyilik (İbranilərə 10:26). Lakin əgər pis əməllərdən uzaq olmaq üçün var qüvvəmizlə çalışır, amma hərdən günah işlədiriksə, tövbə edib, Allahın bizi bağışlamasını diləyə bilərik. Və əgər təvazökarlıqla Ona müraciət ediriksə, O, bizi eşidəcək (Luka 11:4).

ALLAHA MÜRACİƏT ETMƏYİN MÜNASİB VAXTI

10 İsa Məsih Yehova ilə münasibətini çox qiymətləndirirdi. O, şəxsi duasında Allahla söhbət etmək üçün xüsusi vaxt ayırırdı (Mark 1:35; Luka 22:40-46). İsanı təqlid edərək, Allaha müntəzəm olaraq dua etməyimiz yaxşıdır (Romalılara 12:12). Günümüzü dua ilə başlamaq münasibdir, həmçinin yatmazdan əvvəl həmin gün üçün Yehovaya minnətdarlıq etmək də düzgün olardı. Gün ərzində Allaha “hər vaxt” dua etməyə çalışın (Efeslilərə 6:18). Yehovanın bizi eşitdiyini bilərək, ürəyimizdə də dua edə bilərik. Allaha şəxsən müraciət etməyimiz Onunla olan münasibətimizi möhkəmləndirəcək və bundan əlavə, Yehovaya etdiyimiz gündəlik dualar Ona daha yaxın olmağımıza kömək edəcəkdir.

11 Yehova, həmçinin bir qrup insanlar üçün edilən duaları da dinləyir (1 Krallar 8:22-53). Biz ailəmizlə birlikdə Allaha müraciət edə bilərik, belə halda duanı ailənin başçısı edir. Bu, ailə tellərini möhkəmləndirir və bundan başqa, uşaqlar valideynlərinin Allaha təvazökarlıqla dua etdiyini eşitdikdə, Yehova onlar üçün real şəxsiyyət olur. Bəs əgər kimsə bir qrup insanlar üçün, məsələn, Yehovanın Şahidlərinin yığıncağında dua edirsə, onda necə? Gəlin, yığıncaqda olanda duanı diqqətlə dinləyək və axırda bütün ürəkdən “qoy elə olsun” mə’nasını daşıyan “amin” deyək (1 Korinflilərə 14:16).

YEHOVANIN EŞİTDİYİ DUALAR

12 Bə’zilərinə elə gəlir ki, Məsih vasitəsilə Yehovaya dua etsələr də, Yehova onların dualarına cavab vermir. Lakin həvari Yəhya demişdir: “Onun [Allahın] iradəsinə uyğun şəkildə bir şey diləyiriksə, O bizi eşidir” (1 Yəhya 5:14). Beləliklə, biz Allahın iradəsinə uyğun olanı diləməliyik. Allah bizim ruhani rifahımızla maraqlandığı üçün, ruhani işlərimizlə bağlı olan sahələr haqqında dua etmək münasibdir. Biz yalnız öz cismani tələbatlarımız haqqında düşünmək meyli ilə mübarizə aparmalıyıq. Məsələn, xəstəlik vaxtı müdriklik və dözüm barədə dua etmək münasib olsa da, sağlamlığımıza görə narahatçılıqlar ruhani maraqları kölgədə qoymalı deyil (Məzmur 41:1-3). Bir məsihçi qadın fikir vermişdir ki, öz sağlamlığı üçün həddindən artıq narahat olur. Buna görə də xəstəliyinə düzgün yanaşmasına kömək etməsi üçün Yehovaya dua etdi. Nəticədə sağlamlığı ilə bağlı problemlər onu həddindən artıq narahat etmirdi və həmin qadın “ən üstün qüdrəti” əldə etdiyini hiss etdi (2 Korinflilərə 4:7). Onda başqalarına daha çox ruhani kömək göstərmək arzusu yarandı və buna görə də o, Padşahlığın tammüddətli xidmətçisi oldu.

13 Yehovaya məqbul olsun deyə dualarımıza nəyi daxil edə bilərik? İsa Məsih öz davamçılarına dua etməyi öyrətmişdi. Matta 6:9-13 ayələrində yazılmış nümunəvi duada İsa nə haqda dua etməyin münasib olduğunu ümumiləşdirdi. Dualarımızda əsas diqqəti nəyə yönəltməliyik? Dualarımızın əsas mətləbi Yehova Allahın adı və Onun Padşahlığı olmalıdır. Maddi tələbatlarımız üçün də dua etmək yerində olardı. Bundan əlavə, günahlarımızın bağışlanması, imtahanlardan xilas olmaq və şərirdən — Şeytan İblisdən müdafiə üçün dua etmək vacibdir. İsa həmin duanı əzbərdən oxumağımızı, yaxud onun mə’nasına varmadan dönə-dönə təkrar etməyimizi istəmirdi (Matta 6:7). Əgər uşaq atası ilə söhbət zamanı eyni ifadələri daima təkrar edərsə, bu necə münasibət olar?

14 Xahiş və səmimi yalvarışlardan savayı, biz dualarımızda Yehovaya həmd etməli və Ona minnətdarlığımızı bildirməliyik (Məzmur 34:1; 92:1; 1 Saloniklilərə 5:18). Biz başqaları üçün də dua edə bilərik. Başlarına bədbəxt hadisə gələn və ya tə’qib olunan ruhani bacı-qardaşlarımız üçün edilən dualar, onların qayğısına qaldığımızı göstərir və buna görə də belə dualar Yehovaya xoşdur (Luka 22:32; Yəhya 17:20; 1 Saloniklilərə 5:25). Bununla bağlı həvari Pavel yazmışdır: “Heç nəyin qeydinə qalmayın, amma hər şeydə, dua və niyaz edərək, öz xahişlərinizi Allaha şükranla bildirin. Və Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə ürəklərinizi və düşüncələrinizi qoruyacaqdır” (Filipililərə 4:6, 7).

DAİM DUA EDİN

15 Allah haqqında bilik əldə etməyinizə baxmayaraq, hərdən dualarınızın cavabsız qaldığını hiss edə bilərsiniz. Bu cür hal ona görə baş verə bilər ki, Allahın hansısa müəyyən duaya cavab vermək vaxtı hələ çatmayıb (Vaiz 3:1-9). Yehova bə’zi hallarda hər şeyin bir müddət olduğu kimi qalmasına yol verə bilər, amma əslində O, dualarımıza cavab verir və bunu nə vaxt etməyin daha yaxşı olduğunu da bilir (2 Korinflilərə 12:7-9).

16 Daima dua etməklə Allahdan dilədiklərimizin bizim üçün nə dərəcədə vacib olduğunu göstəririk (Luka 18:1-8). Məsələn, biz Yehovadan xahiş edə bilərik ki, hansısa zəifliyi aradan qaldırmaqda bizə kömək etsin. Bunun üçün dua etməyə davam etməklə və öz xahişimizə uyğun davranmaqla, nə qədər səmimi olduğumuzu göstəririk. Biz öz xahişlərimizdə konkret və açıq olmalıyıq. İmtahana düşdükdə sə’ylə dua etmək xüsusilə vacibdir (Matta 6:13). Dua edərək və günahlı istəklərimizə nəzarət etməyə çalışaraq, Yehovanın bizə necə kömək etdiyini görəcəyik. Bu, imanımızı və Onunla olan münasibətlərimizi möhkəmləndirəcəkdir (1 Korinflilərə 10:13; Filipililərə 4:13).

17 Yehova Allaha müqəddəs xidməti icra edərkən duaya meylli düşüncə tərzi inkişaf etdirməklə dərk edəcəyik ki, bu xidmətin öhdəsindən təkbaşına gələ bilmərik. Bu xidmət yalnız Yehovanın sayəsində mümkündür (1 Korinflilərə 4:7). Əgər bunu dərk ediriksə, biz təvazökar olacaq və bununla da Allahla olan münasibətlərimizi möhkəmləndirəcəyik (1 Peter 5:5, 6). Bəli, daim dua etmək üçün bütün əsaslarımız var. Bizim səmimi dualarımız, həmçinin məhəbbətli səmavi Atamıza necə yaxınlaşmağa dair qiymətli bilik bizə əsl xoşbəxtlik gətirəcəkdir.

YEHOVA İLƏ ÜNSİYYƏT BİRTƏRƏFLİ DEYİL

18 Əgər Allahın dualarımızı eşitməsini istəyiriksə, gərək biz də Onu dinləyək (Zəkarya 7:13). Allah artıq ilham verdiyi peyğəmbərlər vasitəsilə xəbərlər göndərmir və əlbəttə ki, O, bunun üçün spiritizmdən də istifadə etmir (Təsniyə 18:10-12). Amma biz Allahın Kəlamı olan Müqəddəs Kitabı öyrənməklə Onu dinləyə bilərik (Romalılara 15:4; 2 Timoteyə 3:16, 17). Necə ki, sağlam qidanı qəbul etmək üçün özümüzdə iştaha oyatmalıyıq, eləcə də “hiyləsiz südü andıran kəlamı” sevməliyik. Hər gün Allahın Kəlamını oxumaqla, ruhani qidaya həvəs inkişaf etdirin (1 Peter 2:2, 3; Həvarilərin işləri 17:11).

19 Müqəddəs Kitabdan oxuduqlarınızın üzərində düşünün (Məzmur 1:1-3; 77:11, 12). Oxuduqlarınızın mə’nasına varmağa çalışın. Bunu qidanın həzm edilməsinə bənzətmək olar. Oxuduqlarınızı artıq bildiklərinizlə əlaqələndirərək, ruhani qidanı həzm edə bilərsiniz. Verilən mə’lumatı həyatınızda necə tətbiq edə biləcəyiniz və ya Yehovanın xüsusiyyətləri və Onun davranış tərzi haqqında düşünün. Beləliklə, şəxsi öyrənmənin vasitəsilə Yehovanın təqdim etdiyi ruhani qidanı mənimsəyə bilərsiniz. Bu, sizi Yehovaya yaxınlaşdıracaq və gündəlik problemləri həll etməyinizə kömək edəcək.

20 Allahın Qanunu xalq qarşısında oxunarkən israillilərin diqqətlə qulaq asdıqları kimi, siz də məsihçi görüşlərində Allahın Kəlamı müzakirə olunan zaman diqqətlə dinləməklə, Allaha yaxınlaşa bilərsiniz. Onların müəllimləri Qanunu izah edirdilər ki, xalq oxunan sözləri başa düşüb, həyatında tətbiq edə bilsin. Bu cür müzakirələr böyük sevinc gətirirdi (Nehemya 8:8, 12). Beləliklə, Yehovanın Şahidlərinin yığıncaq görüşlərində müntəzəm iştirak etməyə çalışın (İbranilərə 10:24, 25). Bu, Allah haqqında biliklərə yiyələnməyinizə və həyatda tətbiq etməyinizə kömək edəcək və sizə böyük sevinc gətirəcəkdir. Ümumdünya məsihçi qardaşlığı sizə Yehova ilə sıx münasibətdə qalmağa kömək edəcəkdir. Və növbəti fəsildən görəcəyimiz kimi, siz Allahın xalqı arasında əsl sığınacaq tapacaqsınız.

BİLİYİNİZİ YOXLAYIN

• Yehovaya nəyə görə yaxınlaşmalıyıq?

• Allaha yaxınlaşmaq üçün bə’zi tələblər hansılardır?

• Dualarınıza nələri daxil edə bilərsiniz?

• Nəyə görə duaya meylli düşüncə tərzinə malik olmaq lazımdır?

• Bu gün Yehovanı necə dinləmək olar?

[Öyrənilmə üçün olan suallar]

1. Dinlərin çoxu nədə oxşardır?

2. Dua nədir və bir çox insanlar nəyə görə dua edirlər?

3. Dualarımızı kimə yönəltməliyik və nəyə görə?

4, 5. a) Allaha dua etmək nəyə görə vacibdir? b) Duanın sayəsində Allahla bizim necə münasibətlərimiz olacaqdır?

6, 7. Allah dualarımızı dinləmək üçün pul tələb etməsə də, dua ilə əlaqədar bizdən nə gözləyir?

8. Allahın dualarımıza cavab verməsini istəyiriksə, nədən təmizlənməliyik?

9. Biz kimin vasitəsilə Yehovaya müraciət etməliyik və nəyə görə?

10. Dua edərkən İsanı necə təqlid edə bilərik və hansı hallarda Allaha şəxsən müraciət etmək münasibdir?

11. a) Nəyə görə ailəliklə dua etmək lazımdır? b) Duanın sonunda deyilən “amin” sözü hansı mə’nanı daşıyır?

12. a) Nəyə görə Allah bə’zi dualara cavab vermir? b) Nəyə görə dua zamanı ancaq özümüzü düşünməli deyilik?

13. Matta 6:9-13 ayələrində göstərildiyi kimi, nələr haqqında dua etmək münasib olardı?

14. Xahiş etməkdən savayı, biz dualarımıza daha nələri daxil etməliyik?

15. Əgər dualarımızın cavabsız qaldığını düşünürüksə, nəyi yadda saxlamalıyıq?

16. Nəyə görə biz daim dua etməliyik və bu, Allahla olan münasibətlərimizə necə tə’sir göstərir?

17. Duaya meylli düşüncə tərzi Allaha xidmətimizə necə tə’sir edir?

18. Biz Allahı necə dinləyə bilərik?

19. Müqəddəs Kitabdan oxuduqlarınızın üzərində düşünmək nəyə görə faydalıdır?

20. Məsihçi görüşlərində iştirak etməyimiz Allaha yaxınlaşmağımıza necə kömək edir?

[157-ci səhifədəki şəkil]

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş