Fəsil 17
Allaha dua vasitəsilə yaxınlaşın
Biz nə üçün Allaha dua etməliyik?
Allahın dualarımızı eşitməsi üçün nə etməliyik?
Allah dualarımıza necə cavab verir?
«Göyləri və yeri Yaradan» Yehova dualarımızı dinləməyə hazırdır
1, 2. Nəyə görə dua etmək böyük şərəfdir və Müqəddəs Kitabın dua haqqında öyrətdiklərini bilmək nə üçün vacibdir?
UCSUZ-BUCAQSIZ Kainatla müqayisədə Yer kürəsi çox kiçikdir. «Göyləri və yeri Yaradan» Yehova üçün bütün millətlər «vedrədə bir damla su kimidir» (Məzmur 115:15; Yeşaya 40:15). Bununla belə, Müqəddəs Kitabda deyilir: «Rəbb Onu çağıran bütün insanlara, Onu sidq ürəkdən çağıran bütün insanlara yaxındır. Ondan qorxanları murada çatdırar, fəryadlarına qulaq asıb onları qurtarar» (Məzmur 145:18, 19). Bir anlığa düşünün: qüdrətli Yaradan bizə yaxındır və əgər Onu sidq ürəklə çağırsaq, O bizi eşidər. Allaha dua etmək, həqiqətən də, böyük şərəfdir!
2 Əgər Yehovanın dualarımızı dinləməsini istəyiriksə, Ona məqbul tərzdə müraciət etməliyik. Məgər Müqəddəs Kitabın dua haqqında öyrətdiklərini bilmədən düzgün dua etmək mümkündürmü? Bu haqda Müqəddəs Yazıların nə dediyini bilmək çox vacibdir, çünki dua Yehovaya yaxınlaşmağımıza kömək edir.
BİZ NƏ ÜÇÜN YEHOVAYA DUA ETMƏLİYİK?
3. Yehovaya dua etməli olduğumuzun vacib səbəblərindən biri hansıdır?
3 Yehovaya dua etməli olduğumuzun vacib səbəblərindən biri, Onun Özünün bizi buna də’vət etməsidir. Allahın Kəlamı bizi təşviq edir: «Heç nəyin qeydinə qalmayın, amma hər şeydə, dua və niyaz edərək, öz xahişlərinizi Allaha şükranla bildirin. Və Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə ürəklərinizi və düşüncələrinizi qoruyacaqdır» (Filipililərə 4:6, 7). Əlbəttə, biz Kainatın Ali Hökmdarının təqdim etdiyi bu gözəl ən’ama e’tinasızlıq göstərmək istəmirik!
4. Dua etmək Yehova ilə dostluğumuzu necə möhkəmləndirir?
4 Dua etməli olduğumuzun başqa bir səbəbi, Yehova ilə ünsiyyətin Onunla münasibətimizi möhkəmləndirməsidir. Əsl dostlar yalnız nəyə isə ehtiyac duyduqları zaman ünsiyyət etmirlər. Bir yerdə vaxt keçirmək onların xoşuna gəlir, öz fikirlərini, hisslərini və narahatçılıqlarını bölüşəndə, onların dostluğu möhkəmlənir. Yehova Allahla münasibətlərimiz də buna bənzər tərzdə qurulur. Siz bu kitabın vasitəsilə Yehova, Onun xüsusiyyətləri və niyyətləri haqqında Müqəddəs Kitabdan çox şey öyrəndiniz. Artıq siz Allahın real şəxsiyyət olduğunu bilirsiniz. Dua, düşüncələrimizi və ən dərin duyğularımızı səmavi Atamızla bölüşməyə imkan yaradır. Dua etməklə biz Yehovaya yaxınlaşırıq (Yaqub 4:8).
VACİB TƏLƏBLƏR
5. Yehovanın hər duanı dinləmədiyi nədən görünür?
5 Yehova hər bir duanı dinləyirmi? Yeşaya peyğəmbərin dövründə Onun üsyankar israillilərə dediyi sözlərə diqqət yetirin: «Siz əl açıb Mənə yalvaranda göz yumacağam. Nə qədər çox dua etsəniz də, yenə qulaq asmayacağam. Əlləriniz qanla doludur» (Yeşaya 1:15). Göründüyü kimi, bə’zi insanların davranışları, Allahı onların dualarını dinləməməyə vadar edir. Allaha dualarımızı dinləmək xoş olsun deyə, bə’zi əsas tələblərə riayət etməliyik.
6. Allahın dualarımızı dinləməsi üçün başlıca tələb nədir və biz ona necə riayət edə bilərik?
6 Başlıca tələblərdən biri — səmimi qəlbdən iman etməkdir (Mark 11:24). Həvari Pavel yazmışdır: «İman etmədən Allaha məqbul olmaq isə qeyri-mümkündür. Çünki Allaha yaxınlaşan iman etməlidir ki, O var və Onu axtaranlara mükafat verir» (İbranilərə 11:6). Əsl imana malik olmağa sadəcə Allahın mövcud olduğunu, dualarımızı eşitdiyini və onlara cavab verdiyini bilməkdən daha çox şey daxildir. İman əməllərlə təsdiq olunur. İmana malik olduğumuzu yaşadığımız hər bir günlə sübut etməliyik (Yaqub 2:26).
7. a) Nəyə görə Yehovaya hörmət və ehtiramla dua etməliyik? b) Allaha dua edərkən təvazökar və səmimi olduğumuzu necə göstərə bilərik?
7 Yehova üçün bizim səmimi qəlbdən və təvazökarlıqla dua etməyimiz də çox vacibdir. Məgər Allah layiq deyilmi ki, biz Onunla söhbət edərkən təvazökarlıq göstərək? İnsanlar prezidentə müraciət edəndə, onun yüksək mövqeyini qəbul etdiklərini göstərmək üçün, adətən böyük hörmət və ehtiramla danışırlar. Bəs Yehovaya daha çox hörmət və ehtiramla müraciət etməli deyilikmi? (Məzmur 138:6). Axı O «Külli-İxtiyar Allah»dır (Yaradılış 17:1). Allaha dua edərkən, Onun qarşısında hansı mövqeyi tutduğumuzu təvazökarlıqla dərk etməliyik. Bu cür əhval-ruhiyyə səmimi qəlbdən dua etməyə, eyni ifadələrdən və əzbərlənmiş dualardan qaçmağa təşviq edəcəkdir (Matta 6:7, 8).
8. Dualarımıza uyğun hərəkət etmək nə deməkdir?
8 Allahın dualarımızı eşitməsi üçün növbəti tələb, dualarımıza uyğun davranmağımızıdır. Yehova gözləyir ki, biz bunun üçün əlimizdən gələni edəcəyik. Məsələn, əgər biz: «Gündəlik çörəyimizi bizə bu gün ver» deyə dua ediriksə, sə’y göstərməli və işimizi vicdanla yerinə yetirməliyik (Matta 6:11; 2 Salonikililərə 3:10). Əgər hər hansı zəifliyimizin öhdəsindən gəlmək üçün dua ediriksə, bizi yoldan çıxara biləcək bütün hallardan qaçmağa çalışmalıyıq (Koloslulara 3:5). Allaha düzgün dua etmək üçün daha nəyi bilməliyik?
DUA HAQQINDA DAHA NƏYİ BİLMƏK LAZIMDIR?
9. Kimə dua etməliyik və kimin vasitəsilə?
9 Biz kimə dua etməliyik? İsa davamçılarına ‘göylərdə olan Atamıza’ dua etməyi öyrədirdi (Matta 6:9). Buna görə də biz duada yalnız Yehova Allaha müraciət etməliyik. Lakin Yehova istəyir ki, biz Onun vahid Oğlu İsa Məsihin mövqeyini qəbul edək. 5-ci fəsildən öyrəndiyimiz kimi, İsa bizi günahın və ölümün köləliyindən azad etmək üçün, fidiyə timsalında yer üzünə göndərildi (Yəhya 3:16; Romalılara 5:12). O, Baş kahin və Hakim tə’yin olunmuşdur (Yəhya 5:22; İbranilərə 6:20). Buna görə də Allahın Kəlamı bizə İsa vasitəsilə dua etməyi öyrədir. İsa özü haqqında demişdir: «Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz» (Yəhya 14:6). Dualarımızın eşidilməsini istəyiriksə, İsa Məsih vasitəsilə yalnız Yehovaya dua etməliyik.
10. Dua edən zaman nəyə görə xüsusi duruş tərzi tələb olunmur?
10 Dua edən zaman xüsusi duruş tərzi tələb olunurmu? Xeyr. Yehova, əllərimiz və ya bədənimiz üçün xüsusi duruş tərzi tələb etmir. Müqəddəs Kitabdan göründüyü kimi, müxtəlif cür: oturaraq, ayaq üstə, baş əyərək və ya diz çökərək dua etmək olar (1 Salnamələr 17:16; Nehemya 8:6; Daniel 6:10). Əslində başqalarının görə biləcəyi duruş tərzi deyil, ürəyimizin düzgün əhval-ruhiyyəsi daha vacibdir. Gündəlik işlərlə məşğul olanda və ya təhlükə ilə qarşılaşanda, harada olmağımızdan asılı olmayaraq, ürəyimizdə dua edə bilərik. Başqaları dua etdiyimizi hiss etməsələr də, Yehova belə duaları eşidir (Nehemya 2:1-6).
11. Hansı şəxsi problemlərimiz barədə dua edə bilərik?
11 Nə haqda dua edə bilərik? Müqəddəs Kitab izah edir: «Onun [Yehovanın] iradəsinə uyğun şəkildə bir şey diləyiriksə, O bizi eşidir» (1 Yəhya 5:14). Deməli, Allahın iradəsinə uyğun olan hər şey haqqında dua edə bilərik. Şəxsi narahatçılıqlarımız barədə dua etməyimiz Allahın iradəsinə uyğundurmu? Əlbəttə! Yehovaya dua etmək, yaxın dostla söhbət etməyə bənzəyir. Biz ‘Onun hüzurunda qəlbimizi açıb boşaldaraq’, səmimi söhbət edə bilərik (Məzmur 62:8). Eyni zamanda Allahdan müqəddəs ruh diləmək lazımdır. Çünki müqəddəs ruh düzgün davranmağımıza kömək edəcək (Luka 11:13). Biz, həmçinin Yehovadan müdrik qərar qəbul etmək üçün rəhbərlik və çətinliklərin öhdəsindən gəlmək üçün güc istəyə bilərik (Yaqub 1:5). Günah işlətdiyimiz zaman, Məsihin qurbanlığı əsasında bağışlanmağımızı diləməliyik (Efeslilərə 1:3, 7). Əlbəttə, yalnız şəxsi narahatçılıqlarımız barədə dua etməli deyilik. Başqaları üçün də, məsələn, ailə üzvlərimiz və həmimanlılarımız üçün də dua etməliyik (Həvarilərin işləri 12:5; Koloslulara 4:12).
12. İlk növbədə nə haqda dua etməliyik?
12 İlk növbədə, Yehova Allahla bağlı olan şeylər haqda dua etmək lazımdır. Ona səmimi qəlbdən həmd etmək və minnətdarlığımızı bildirmək üçün çoxlu səbəblərimiz var (1 Salnamələr 29:10-13). İsa, Matta 6:9-13 ayələrində yazılmış nümunəvi duasında Allahın adının müqəddəs tutulması haqqında dua etməyi öyrətdi. Növbəti xahiş, Allahın Padşahlığının gəlməsi və göydə olduğu kimi yerdə də Onun iradəsinin olması haqda idi. İsa, yalnız bu vacib məsələlərdən sonra şəxsi narahatçılıqlar barədə xatırlatdı. Nümunəvi duaya uyğun dua etməklə, yalnız öz rifahımızın qeydinə qalmadığımızı göstəririk.
13. Allaha məqbul duaların nə qədər çəkməli olduğu haqda Müqəddəs Kitabda nə deyilir?
13 Dualarımız nə qədər çəkməlidir? Müqəddəs Kitabda şəxsi və ya ümumi duaların nə qədər davam etməli olduğu barədə heç nə deyilmir. Bu, yeməkdən qabaq qısa dualar və ya Yehovanın hüzurunda qəlbimizi boşaltdığımız uzun dualar ola bilər (1 Şamuel 1:12, 15). Lakin İsa özlərindən razı halda riyakarcasına uzun-uzadı dua edənləri mühakimə edirdi (Luka 20:46, 47). Bu cür dualarla Yehovada təəssürat yaratmaq mümkün deyil. Dualarımızın ürəkdən gəlməsi Onun üçün daha vacibdir. Gördüyümüz kimi, Allaha məqbul duaların nə qədər çəkməsi, bizim tələbatlarımızdan və şəraitimizdən asılıdır.
Allah duanızı hər zaman eşidir
14. ‘Durmadan dua etmək’ nə deməkdir və bu bizə necə təsəlli verir?
14 Nə qədər tez-tez dua etməliyik? Müqəddəs Kitab bizi ‘oyaq durub dua etməyə’, ‘duada mətanətli olmağa’ və ‘durmadan dua etməyə’ təşviq edir (Matta 26:41; Romalılara 12:12; 1 Salonikililərə 5:17). Əlbəttə, bu o demək deyil ki, biz gecə-gündüz dua etməliyik. Əslində Müqəddəs Kitab bizi müntəzəm olaraq dua etməyə, xeyirxahlığına görə Yehovaya minnətdarlıq bildirməyə və Ondan rəhbərlik, təsəlli və kömək diləməyə təşviq edir. Necə də təsəllivericidir ki, Yehova dualarımızın sayına və müddətinə məhdudiyyət qoymur! Əgər dua etmək üstünlüyünü qiymətləndiririksə, səmavi Atamızla ünsiyyət etməyə həmişə vaxt tapacağıq.
15. Şəxsi və ümumi duaların sonunda nəyə görə «amin» deməliyik?
15 Nəyə görə duanın sonunda «amin» deməliyik? «Amin» sözünün mə’nası «doğrudur» və ya «qoy elə olsun» deməkdir. Müqəddəs Kitabın yazıldığı dövrlərdə Allahın xidmətçiləri öz dualarını adətən «amin» sözü ilə bitirirdilər (1 Salnamələr 16:36; Məzmur 41:13). Şəxsi duamızın sonunda «amin» deməklə, sözlərimizin səmimi olduğunu təsdiq edirik. Ümumi duanın sonunda ucadan və ya ürəyimizdə «amin» dedikdə isə, deyilənlərlə razı olduğumuzu göstəririk (1 Korinflilərə 14:16).
ALLAH DUALARIMIZA NECƏ CAVAB VERİR?
16. Dua etdiyimiz zaman nəyə əmin ola bilərik?
16 Yehova dualara cavab verirmi? Əlbəttə, verir! Tam əmin ola bilərik ki, «duaları eşidən» Allah milyonlarla insanın səmimi dualarına cavab verir (Məzmur 65:2). Yehova dualarımıza müxtəlif üsullarla cavab verə bilər.
17. Nəyə görə demək olar ki, Allah dualarımıza mələklərin və yer üzündəki xidmətçilərinin vasitəsilə cavab verir?
17 Yehova dualara Öz mələkləri və yer üzündəki xidmətçiləri vasitəsilə cavab verir (İbranilərə 1:13, 14). İnsanların Müqəddəs Kitabı anlamaq üçün Allahdan kömək dilədikləri və çox keçmədən Yehovanın xidmətçiləri ilə qarşılaşdıqları çoxlu hallar olmuşdur. Bu kimi hadisələr, mələklərin Padşahlığın təbliğ işində iştirak etdiklərini göstərir (Vəhy 14:6). Dualarımıza cavab vermək üçün, Yehova həmimanlılarımızı təşviq edə bilər ki, onlar bizim köməyimizə gəlsinlər (Süleymanın məsəlləri 12:25; Yaqub 2:16).
Dualarımıza cavab olaraq, Yehova həmimanlılarımızı bizə kömək etməyə təşviq edə bilər
18. Yehova xidmətçilərinin dualarına cavab vermək üçün Öz müqəddəs ruhundan və Kəlamından necə istifadə edir?
18 Bundan əlavə, Yehova Allah xidmətçilərinin dualarına cavab vermək üçün, Öz müqəddəs ruhundan və Kəlamı olan Müqəddəs Kitabdan da istifadə edir. Sınaqlara tab gətirməyimizə kömək etməsini xahiş etdikdə, müqəddəs ruhunun vasitəsilə bizə lazımi rəhbərlik və güc verir (2 Korinflilərə 4:7). Çox vaxt rəhbərlik istədiyimiz dualara cavabı, müdrik qərarlar qəbul etməyimizə kömək edən Müqəddəs Kitabdan alırıq. Allahın Kəlamını şəxsən öyrənərkən və əlimizdəki bu kitab kimi Müqəddəs Yazılara əsaslanan nəşrləri oxuyarkən, lazımi ayələri tapa bilərik. Allahın Kəlamından olan lazımi məsləhəti, məsihçi görüşlərində və ya yığıncağın qayğıkeş ağsaqqalları ilə söhbət edərkən də eşidə bilərik (Qalatiyalılara 6:1).
19. Hərdən dualarımızın cavabsız qaldığını düşünürüksə, nəyi yadda saxlamalıyıq?
19 Hərdən bizə elə gələ bilər ki, Yehova dualarımıza cavab verməkdə gecikir. Ancaq bu o demək deyil ki, Allah dualara cavab verməyə qadir deyil. Yadda saxlamaq lazımdır ki, Yehova dualara Öz iradəsinə məqbul tərzdə və münasib sandığı vaxtda cavab verir. Nəyə ehtiyac duyduğumuzu və bizə necə kömək edəcəyini, O daha yaxşı bilir. Çox vaxt O bizə israrla diləməyə, axtarmağa və qapını döyməyə imkan verir (Luka 11:5-10). Belə davranmaqla, biz imanımızın səmimi və dilədiyimizin bizim üçün çox vacib olduğunu göstərərik. Hərdən Yehova dualarımıza gözləmədiyimiz kimi cavab verə bilər. Məsələn, problemlərimizin həll olunması üçün etdiyimiz dualara Yehova onları aradan qaldırmaqla yox, hər şeyə tab gətirməyimiz üçün güc verməklə cavab verə bilər (Filipililərə 4:13).
20. Dua etmək üstünlüyünü nəyə görə qiymətləndirməliyik?
20 Necə də minnətdarıq ki, ucsuz-bucaqsız Kainatın Yaradanı, Onu sidq ürəkdən çağıranların hamısına yaxındır! (Məzmur 145:18). Gəlin dua etmək üstünlüyünü həmişə qiymətləndirək. Bu, duaları eşidən Yehova ilə daha da yaxın olmağımıza və bundan böyük sevinc duymağımıza kömək edəcək.