Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • fy fəs. 3 s. 27—38
  • Daimi nikahın iki açarı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Daimi nikahın iki açarı
  • Ailə xoşbəxtliyinin sirri
  • Başlıqlar
  • Oxşar material
  • BİRİNCİ AÇAR
  • İKİNCİ AÇAR
  • MƏSİHİN BAŞÇILIĞINA BƏNZƏR BAŞÇILIQ
  • ARVADIN TABEÇİLİYİ
  • YAXŞI ÜNSİYYƏT
  • Ailə səadəti (I hissə)
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • Allahın birləşdirdiyini ayırmayın
    Gözətçi qülləsi 2007
  • Ailə səadəti
    Müqəddəs Kitab təlimləri
  • Qoy nikahınız xoşbəxt olsun
    Gözətçi qülləsi 2016
Əlavə
Ailə xoşbəxtliyinin sirri
fy fəs. 3 s. 27—38

ÜÇÜNCÜ FƏSİL

Daimi nikahın iki açarı

1, 2. a) Nikah nə qədər sürməlidir? b) Bu necə mümkündür?

ALLAH ilk kişi ilə qadını nikahda birləşdirərkən, bu birliyin müvəqqəti olacağına heç bir işarə etməmişdir. Adəmlə Həvva ömürləri boyu birlikdə yaşamalı idilər (Yaradılış 2:24, MKŞ). Allahın şərəfli evlilik üçün norması bir kişinin bir qadınla birləşməsidir. Həyat yoldaşından birinin və ya hər ikisinin yol verdiyi cinsi əxlaqsızlıq Müqəddəs Kitabın boşanmaya izin verdiyi yeganə səbəbdir. Yalnız bundan sonra yenidən nikah qurmaq olar (Matta 5:32).

2 Bəs iki şəxsin birlikdə daimi xoşbəxt yaşaması mümkündürmü? Bəli. Müqəddəs Kitabda, buna kömək edən iki vacib amil və ya açar haqqında bəhs edilir. Əgər həm ər, həm də arvad bu açarlardan istifadə edərlərsə, onlar xoşbəxtliyin və bir çox xeyir–duaların qapısını açacaqlar. Bu hansı açarlardır?

BİRİNCİ AÇAR

3. Ərlə arvad hansı üç növ məhəbbəti inkişaf etdirməlidirlər?

3 Birinci açar məhəbbətdir. Maraqlıdır ki, Müqəddəs Kitabda məhəbbətin müxtəlif növləri haqqında bəhs edilir. Onlardan biri, bir kəsə duyulan səmimi, şəxsi bağlılıqdır; məhəbbətin bu növü, yaxın dostlar arasında olur (Yəhya 11:3). Məhəbbətin başqa növü, ailə üzvləri arasındakı məhəbbətdir (Romalılara 12:10). Üçüncüsü, kişi və qadın arasında olan romantik məhəbbətdir (Süleymanın məsəlləri 5:15–20). Əlbəttə, ərlə arvad məhəbbətin bütün bu növlərini inkişaf etdirməlidirlər. Lakin məhəbbətin digərlərindən daha zəruri olan dördüncü növü də var.

4. Məhəbbətin dördüncü növü hansıdır?

4 Yunanca Müqəddəs Yazıların orijinal dilində, məhəbbətin dördüncü növü aqape adlanır. Bu söz, 1 Yəhya 4:8 ayəsində işlənir; biz orada oxuyuruq: “Allah məhəbbətdir”. Doğrudan da, “biz Onu [Allahı] sevirik, çünki O bizi birinci sevmişdir” (1 Yəhya 4:19). Məsihçi, belə məhəbbəti əvvəlcə Yehova Allaha, sonra isə yaxınına bəsləməlidir (Mark 12:29–31). Aqape sözü Efeslilərə 5:2 ayəsində də işlənir və orada deyilir: “Məsih bizi sevib, Özünü bizim üçün... fəda etdiyi kimi, siz də məhəbbətlə hərəkət edin”. İsa, demişdir ki, onun həqiqi davamçıları məhəbbətin bu növü ilə tanınacaqlar: “Əgər bir–birinizə qarşı məhəbbətiniz [aqape] olsa, bundan hər kəs Mənim şagirdlərim olduğunuzu biləcək” (Yəhya 13:35). Həmçinin qeyd edək ki, aqape sözü 1 Korinflilərə 13:13 ayəsində də işlənir: “Üç şey yaşayır: iman, ümid, məhəbbət; amma məhəbbət [aqape] bunların hamısından üstündür”.

5, 6. a) Nəyə görə məhəbbət, iman və ümiddən üstündür? b) Məhəbbətin nikahı daimi edə biləcək səbəblərindən bə’ziləri hansılardır?

5 Aqape məhəbbətini iman və ümiddən üstün edən nədir? Bu məhəbbət prinsiplərə, yə’ni Allahın Kəlamında olan ədalət prinsiplərinə əsaslanır (Məzmur 119:105). Bu, əks tərəfin buna layiq olub olmamasından asılı olmayaraq, ona qarşı münasibətdə düzgün davranmaq və Allahın nöqteyi–nəzərinə əsasən yaxşılıq etmək üçün təmənnasız qayğıdır. Belə məhəbbət, ərlə arvadın Müqəddəs Kitabdakı növbəti məsləhətə riayət etmələrinə imkan verir: “Bir–birinizə təhəmmül edin və birinizin digərindən şikayəti varsa, bağışlayın. Məsih [“Yehova”, YD] sizi bağışladığı kimi, siz də bir–birinizi bağışlayın” (Koloslulara 3:13). ­Bir–birinə məhəbbət bəsləyən və bu hissi inkişaf etdirən ər–arvad, “bir–birinizə coşğun məhəbbətiniz [aqape] olsun, çünki məhəbbət bir çox günahın üstünü örtər” məsləhətinə riayət edirlər (1 Peter 4:8). Diqqət yetirək ki, məhəbbət səhvlərin üstünü örtür. Lakin məhəbbət onları aradan qaldırmır, çünki qeyri–kamil insanlar həmişə səhvə yol verir (Məzmur 130:3, 4; Yaqub 3:2).

6 Ərlə arvad bu cür məhəbbəti Allaha və bir–birlərinə qarşı inkişaf etdirirlərsə, onların nikahı davamlı və xoşbəxt olacaq, çünki “məhəbbət əsla tükənməz” (1 Korinflilərə 13:8). Məhəbbət, “kamil birliyin” bağıdır (Koloslulara 3:14). Əgər evlisinizsə, hər ikiniz məhəbbətin bu növünü necə inkişaf etdirə bilərsiniz? Allahın Kəlamını birlikdə oxuyun və müzakirə edin. İsanın məhəbbət nümunəsini tədqiq edin, düşüncə və davranış tərzində ondan nümunə götürməyə çalışın. Bundan əlavə, Allahın Kəlamının öyrədildiyi məsihçi yığıncaqlarında iştirak edin. Həmçinin Allahın müqəddəs ruhunun səmərəsi olan məhəbbətin bu üstün növünü inkişaf etdirməkdə kömək üçün Allaha dua edin (Süleymanın məsəlləri 3:5, 6; Yəhya 17:3; Qalatiyalılara 5:22; İbranilərə 10:24, 25).

İKİNCİ AÇAR

7. Hörmət etmək nə deməkdir və nikahda hörməti kim göstərməlidir?

7 Əgər nikahda olan ər–arvad həqiqətən də bir–bi­ri­ni sevirlərsə, onların arasında hörmət də olacaqdır; məhz hörmət — xoşbəxt nikahın ikinci açarıdır. Hörmət etmək, “başqalarını nəzərə almaq və onlara ehtiram etmək” deməkdir. Allahın Kəlamında bütün məsihçilərə, o cümlədən, ərlə arvada məsləhət verilir: “Bir–birinizi hörmətdə qabaqlayın” (Romalılara 12:10). Həvari Pavel yazırdı: “Ey ərlər, həmçinin siz də arvadlarınızla iltifatlı davranın. Onlar zəif cins... olduqlarından onlara hörmət göstərin” (1 Peter 3:7). Arvada isə məsləhət edilir ki, “ərinə ehtiram etsin” (Efeslilərə 5:33). Əgər biz kiməsə ehtiram etmək istəyiriksə, həmin şəxslə mülayim davranır, şəxsi ləyaqətinə və nöqteyi–nəzərlərinə hörmət edir və onun ağlabatan xahişlərini yerinə yetirməyə çalışırıq.

8—10. Hörmət, nikah birliyini hansı yollarla möhkəm və xoşbəxt edə bilər?

8 Nikahın xoşbəxt olması üçün, hər kəs öz həyat yoldaşına hörmət etməlidir, yə’ni “hər kəs yalnız öz mənfəətini deyil, başqalarının da [öz həyat yoldaşının da] mənfəətini” güdməlidir (Filipililərə 2:4). Yalnız öz mənfəətini güdmək eqoistlikdir. Bunun əvəzində digəri üçün də nəyin yaxşı olacağını düşünmək zəruridir. Əlbəttə ki, həyat yoldaşının mənafeyini özününkindən üstün tutmaq lazımdır.

9 Hörmət, ərlə arvadın nöqteyi–nəzərlərində olan fikir ayrılıqlarını anlamağa kömək edəcəkdir. İki şəxsin hər bir şeydə eyni nöqteyi–nəzərə sahib olmasını düşünmək düzgün deyil. Ər üçün əhəmiyyətli olan şey, arvad üçün əhəmiyyətsiz ola bilər, yaxud arvadın xoşladığı şey ərin xoşuna gəlməyə bilər. Lakin bunlar Yehovanın qanun və prinsiplərinə zidd deyilsə, onlardan hər biri digərinin nöqteyi–nəzərinə və seçdiyi şeyə hörmətlə yanaşmalıdırlar (1 Peter 2:16; müqayisə edin Filimona 14). Bundan əlavə, ərlə arvad bir–birlərinin şəxsi ləyaqətinə hörmət etməli və istər tənhalıqda, istərsə də ictimai yerdə bir–birini lağa qoymaqla və ya zarafatlarla alçaltmamalıdır.

10 Beləliklə, Allaha və bir–birinə bəslənən məhəbbət və qarşılıqlı hörmət, nikahın müvəffəqiyyətli olması üçün iki vacib açardır. Bu açarları ailə həyatının bə’zi vacib sahələrində necə istifadə etmək olar?

MƏSİHİN BAŞÇILIĞINA BƏNZƏR BAŞÇILIQ

11. Müqəddəs Yazılara əsasən, nikahda başçı kimdir?

11 Müqəddəs Kitabda deyilir ki, kişi, ailəyə müvəffəqiyyətlə başçılıq etməkdə lazım olan xüsusiyyətlərlə yaradılıbdır. Demək kişi, öz arvad və uşaqlarının ruhani və fiziki firavanlığı üçün Yehovanın qarşısında məs’uliyyət daşıyır. O, Yehovanın iradəsini əks etdirən tarazlaşdırılmış qərarlar qəbul etməli və Allaha məqbul davranış tərzinə dair yaxşı nümunə olmalıdır. “Qadınlar! Rəbbə tabe olur kimi, ərlərinizə tabe olun. Çünki... Məsih imanlılar cəmiyyətinin Başçısı olduğu kimi, ər də arvadın başçısıdır” (Efeslilərə 5:22, 23). Lakin Müqəddəs Kitabda deyilir ki, ər də, üzərində nüfuzu olan Başçıya malikdir. Həvari Pavel yazırdı: “Bunu da bilmənizi istəyirəm ki, hər ərin başçısı Məsih, arvadın başçısı ər, Məsihin başçısı isə Allahdır” (1 Korinflilərə 11:3). Hikmətli ər, üzərində başçı olan İsa Məsihdən nümunə götürərək, başçılıq vəzifəsini həyata keçirməyi öyrənir.

12. İsa həm tabeçiliyə, həm də başçılığa dair hansı gözəl nümunəni verdi?

12 İsanın başçısı isə Yehovadır və İsa, lazımi qaydada Ona tabe olur. İsa demişdi: “Məqsədim öz iradəmi deyil, Məni göndərənin iradəsini yerinə yetirməkdir” (Yəhya 5:30). Necə də gözəl nümunədir! İsa, “bütün xilqətdən qabaq” doğulandır (Koloslulara 1:15). O, Məsih oldu. O, müqəddəs ruhla məsh edilmiş məsihçilər yığıncağının Başçısı və Allahın Padşahlığının seçilmiş Padşahı olaraq bütün mələklərdən üstün mövqe tutmalı idi (Filipililərə 2:9–11; İbranilərə 1:4). Belə yüksək mövqeyə və gözəl gələcəyə sahib olmasına baxmayaraq, İsa kobud, inadcıl və ya həddindən artıq tələbkar insan deyildi. O, öz davamçılarına ona tabe olmalı olduqlarını hər vaxt xatırladan zülmkar da deyildi. İsa, xüsusilə də, kədərli olanlara məhəbbət və canıyananlıq göstərirdi. O deyirdi: “Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin və Mən sizə rahatlıq verərəm. Boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin; çünki Mən həlim və qəlbdən təvazökaram; və canınıza rahatlıq taparsınız. Çünki boyunduruğum asan və yüküm yüngüldür” (Matta 11:28–30). İsa ilə ünsiyyətdə olmaq məmnunluq bəxş edirdi.

13, 14. Sevən ər, İsadan nümunə götürərək öz başçılıq səlahiyyətini həyata necə keçirəcəkdir?

13 Ailə həyatını xoşbəxt etməyə çalışan ər, İsanın gözəl xüsusiyyətlərini nəzərə alırsa, yaxşı davranır. Yaxşı ər kobud və əmr verən olmayacaq və başçılıq səlahiyyətindən arvadını qorxutmaq üçün bir dəyənək kimi istifadə etməyəcəkdir. Bunun əvəzinə o arvadını sevəcək və ona hörmət edəcəkdir. Əgər İsa “qəlbdən təvazökar” idisə, ərin belə olması üçün daha çox səbəblər var, çünki İsadan fərqli olaraq, o, səhvlərə yol verir. Ər səhvə yol verdikdə, gözləyir ki, arvadı onu başa düşəcək. Buna görə də təvazökar ər, hətta “bağışla; sən haqlısan”, sözlərini demək çətin olsa belə, öz səhvini e’tiraf edir. Arvada, məğrur və inadcıl yox, həlim və təvazökar ərin başçılığına hörmət etmək daha asandır. Öz növbəsində, ərinə hörmət edən arvad da səhvlərinə görə üzr istəyir.

14 Allah qadını gözəl xüsusiyyətlərlə yaradıb ki, o, ailənin xoşbəxtliyinə kömək etmək üçün onlardan istifadə edə bilsin. Hikmətli ər bunu e’tiraf edir və arvadını özünə tabe etməyə çalışmır. Bir çox qadınlara, ailənin qeydinə qalmaq və insanlar arasında qarşılıqlı münasibət yaratmaq üçün gərəkli olan canıyananlıq və həssaslıq kimi keyfiyyətlər xasdır. Adətən qadın, evi zövqlə səliqəyə salmaq üçün kifayət qədər bacarıqlıdır. “Süleymanın məsəlləri” kitabının 31–ci fəslində təsvir edilən “bacarıqlı arvad” bir çox gözəl keyfiyyət və qabiliyyətlərə malik idi və bunlar onun ailəsinə fayda gətirirdi. Nə üçün? Çünki “ərinin ürəyi ona e’tibar edir” (Süleymanın məsəlləri 31:10, 11).

15. Ər, Məsihin məhəbbət və hörmətinə bənzər keyfiyyətləri öz arvadına necə göstərə bilər?

15 Bə’zi xalqlarda ərin başçılığına o dərəcədə xüsusi əhəmiyyət verilir ki, hətta ona sual vermək belə hörmətsizlik sayılır. O öz arvadı ilə, demək olar ki, bir qul kimi davrana bilər. Ərin bu cür yanlış başçılığı yalnız arvadla deyil, Allahla olan münasibətini də pozur. (1 Yəhya 4:20, 21 ilə müqayisə edin.) Digər tərəfdən, bə’zi ərlər başçılığı öz üzərinə götürmür, ailədə arvadın ağalıq etməsinə yol verirlər. Məsihə lazımi tərzdə tabe olan ər, arvadını istismar etmir və onun şəxsi ləyaqətini tapdalamır. Əksinə, o, İsanın fədakar məhəbbətindən nümunə götürür və Pavelin məsləhətinə müvafiq davranır: “Ərlər, arvadlarınızı sevin, necə ki, Məsih də imanlılar cəmiyyətini sevdi və onun uğrunda Özünü fəda etdi” (Efeslilərə 5:25). Məsih İsa öz davamçılarını o dərəcədə sevirdi ki, onların uğrunda öldü. Yaxşı ər, arvadına qarşı həddindən artıq tələbkar yox, əksinə, xeyirxah olmağa çalışaraq, belə təmənnasız davranışdan nümunə götürəcəkdir. Əgər ər Məsihə tabe olaraq, onun kimi məhəbbət və hörmət təzahür etdirirsə, bu, arvadı belə bir ərə tabe olmağa təhrik edəcəkdir (Efeslilərə 5:28, 29, 33).

ARVADIN TABEÇİLİYİ

16. Arvad, əri ilə qarşılıqlı münasibətində hansı keyfiyyətləri göstərməlidir?

16 Adəmi yaratdıqdan bir qədər sonra, “Rəbb Allah yenə dedi: “İnsanın tək olması yaxşı deyil; Mən ona münasib olan [“onu tamamlayan”, YD] bir köməkçi yaradacağam” (Yaradılış 2:18, MKŞ). Allah, Həvvanı rəqabətçi deyil, bir “tamamlayıcı” kimi yaratmışdı. Nikah, bir–biri ilə rəqabət aparan iki kapitanlı gəmiyə bənzəməli deyildi. Ər məhəbbətlə başçılıq etməli, arvad isə məhəbbət, hörmət təzahür etdirməli və könüllü surətdə ərinə tabe olmalı idi.

17, 18. Arvadın öz ərinə həqiqi köməkçi olması üçün bə’zi imkanlar hansılardır?

17 Lakin yaxşı arvad təkcə itaətkarlığı ilə fərqlənmir. O, ərinin qərarlarını dəstəkləyən əsl köməkçi olmağa çalışır. Əlbəttə, əgər arvad ərinin qərarları ilə razıdırsa, bunu etmək ona asan olur. Hətta onlarla razı olmasa belə, onun köməkliyi sayəsində həmin qərarlar daha müvəffəqiyyətlə yerinə yetiriləcəkdir.

18 Ərin yaxşı başçı olmasına kömək etmək üçün arvadın başqa imkanları da var. Ərini tənqid etmək və həmişə narazı qaldığını hiss etdirmək əvəzinə, rəhbərliyi həyata keçirməsində göstərdiyi cəhdə görə arvad ona öz minnətdarlığını bildirə bilər. Əri ilə ünsiyyətdə olarkən müsbət düşüncə tərzini əks etdirərək, “həlim və sakit ruhun” yalnız ərin gözündə deyil, “Allahın qarşısında çox dəyərli” olduğunu yadda saxlamalıdır (1 Peter 3:3, 4; Koloslulara 3:12). Əgər əri onun imanına şərik deyilsə, bəs onda necə? Hər necə olursa–olsun, Müqəddəs Kitab qadınları təşviq edir ki, “ərlərini, uşaqlarını sevsinlər, təmkinli, ismətli, evdar, xeyirxah, öz ərlərinə tabe olsunlar ki, Allahın kəlamı küfr olunmasın” (Titusa 2:4, 5). Vicdan məsələsi ilə əlaqədar problem yarandıqda isə arvad hər şeyi “mülayimliklə və ehtiramla” izah edərsə, ər arvadının tutduğu mövqeyə, ehtimal ki, böyük hörmətlə yanaşacaqdır. Arvadının imanına şərik olmayan bə’zi ərlər “hörmət içində” təmiz həyatlarını “müşahidə edərək, arvadlarının rəftarı ilə söz olmadan” fəth edilmişlər (1 Peter 3:1, 2, 15, İ–93; 1 Korinflilərə 7:13–16).

19. Ər, arvadından Allahın qanununu pozmağı tələb edərsə, o necə davranmalıdır?

19 Bəs ər arvadından, Allahın qadağan etdiyi şeyi etməsini tələb etdikdə necə? Belə olduqda, arvad unutmamalıdır ki, onun ən yüksək Hökmdarı Allahdır. O, həvarilərin nümunəsini təqlid etməlidir. Hakim dairələr həvariləri Allahın qanununu pozmağa məcbur edərkən, onlar Allahı razı salacaq tərzdə davrandılar. Həvarilərin işləri 5:29 ayəsində deyilir: “Peter və digər həvarilər cavab verib dedilər: İnsanlardan artıq, Allaha itaət etmək gərəkdir”.

YAXŞI ÜNSİYYƏT

20. Məhəbbət və hörmət hansı əsas sahədə vacibdir?

20 Məhəbbət və hörmət, nikahın digər sahəsi olan ünsiyyət üçün də vacibdir. Sevən ər arvadı ilə onun işləri, problemləri haqqında söhbət edir və müxtəlif məsələlərə dair onun nöqteyi–nəzəri ilə maraqlanır. Arvadın buna ehtiyacı var. Arvadı ilə söhbət edən və onun söylədiklərini həqiqətən də dinləyən ər, ona qarşı olan məhəbbət və hörmətini göstərir (Yaqub 1:19). Bə’zi arvadlar gileylənirlər ki, ərləri onlarla söhbət etməyə çox az vaxt ayırırlar. Bu çox kədərli haldır. Doğrudur, bizim çətin zəmanədə ərlər evdən kənarda çox işləməli olurlar və ağır iqtisadi vəziyyət nəticəsində bə’zi arvadlar da işləməyə məcburdurlar. Lakin ərlə arvad bir–birlərinə vaxt ayırmalıdırlar. Əks təqdirdə, onlar bir–birlərindən uzaqlaşa bilərlər. Əgər ərlə arvadın ailədən kənarda şəfqətli, mülayim ünsiyyət axtarmaq arzusu yaranarsa, ciddi problemlərə yol açıla bilər.

21. Nəzakətli söhbət nikahın xoşbəxtliyini qorumağa necə kömək edəcəkdir?

21 Ərlə arvadın necə ünsiyyətdə olmaqları vacibdir. “Xoş sözlər, cana şirinlik, sümüklərə şəfa verər” (Süleymanın məsəlləri 16:24, MKŞ). Həyat yoldaşlarından birinin digərinin imanına şərik olub olmamasından asılı olmayaraq, Müqəddəs Kitabın: “Qoy sözünüz həmişə nəvazişli olsun, ona duz qatılmış kimi olsun”, yə’ni dadlı olsun məsləhəti tətbiq ediləndir (Koloslulara 4:6). Onlardan birinin günü gərgin keçərsə, digərinin bir neçə şirin və şəfqətli sözü yerində olardı. “Yerində deyilərsə sözlər, gümüş oymalar içində qızıl almalara bənzər” (Süleymanın məsəlləri 25:11, MKŞ). Səsin tonu və seçilən sözlər çox vacibdir. Məsələn, acıqlı–acıqlı: “Qapını ört!” deyə tələb etmək olar. Amma sakit və anlayışlı səslə deyilən “Zəhmət olmasa, qapını ört” sözlərinə daha çox “duz qatılmış” olar.

22. Yaxşı ünsiyyəti qorumaq üçün, ərlə arvad bir–birlərinə necə münasibət göstərməlidirlər?

22 Mehribancasına deyilən sözlər, xoş baxışlar və mülayim hərəkətlər, mərhəmət, qarşılıqlı anlayış və incəlik ifadə edilən yerdə ünsiyyət daha da yaxşı olur. Yaxşı ünsiyyəti qorumağa sə’y göstərərək, ərlə arvad bir–birlərinə öz tələbatları haqqında deməyə utanmayacaqlar, ümidsizlik və ya stress zamanı bir–birləri üçün təsəlli və kömək mənbəyi ola biləcəklər. Allahın Kəlamı “ürəksizlərə təsəlli” verməyə, təşviq edir (1 Saloniklilərə 5:14, KM). Həyatda ərin də, arvadın da ruh düşkünlüyünə mə’ruz qaldıqları anlar olur. Onlar bir–birlərinə təsəlli verib, kömək edə bilərlər (Romalılara 15:2).

23, 24. Narazılıq yaranan zaman məhəbbət və hörmət necə kömək edəcəkdir? Misal çəkin.

23 Bir–birlərinə məhəbbət və hörmət bəsləyən ər–arvad, hər hansı narazılığı böyük problem kimi qəbul etməyəcəklər. Onlar çalışacaqlar ki, bir–birlərinə qarşı “sərt” olmasınlar (Koloslulara 3:19). Onların hər ikisi də yadda saxlamalıdır ki, “həlim cavab hirsi yatırar” (Süleymanın məsəlləri 15:1, MKŞ). Ürəyində olanları sizə söyləyən həyat yoldaşınızı alçaldıb, mühakimə etməmək üçün ehtiyatlı olmalısınız. Çünki həyat yoldaşınız hisslərini sizə izah edəndə, onun nöqteyi–nəzərlərini daha yaxşı anlamaq imkanınız yaranacaqdır. Yaranan fikir ayrılığını aradan qaldırmaq və bir nəticəyə gəlmək üçün birgə çalışın.

24 Bir hadisəni xatırladaq. Sara əri İbrahimə bir məsələni necə həll etməsinə dair məsləhət verərkən, İbrahimin bu məsləhətdən xoşu gəlmədi. Buna baxmayaraq, Allah İbrahimə dedi: “Saranın sənə söylədiyi bütün sözlərə qulaq as” (Yaradılış 21:9–12, MKŞ). İbrahim deyilənə riayət etdi və buna görə xeyir–dua aldı. Eyni tərzdə, əgər arvad ərinin planına uyğun olmayan bir şeyi məsləhət edərsə, ər heç olmasa onu dinləməlidir. Bununla bərabər, arvad söhbətdə təşəbbüsü öz üzərinə götürməməli və ərinin dediyinə qulaq asmalıdır (Süleymanın məsəlləri 25:24). Ərin və ya arvadın hər zaman öz dediyi üstündə durması, onlarda məhəbbətin və hörmətin çatışmadığını göstərir.

25. Yaxşı ünsiyyət, ailə həyatının intim sahələrində xoşbəxtliyə necə kömək edəcək?

25 Yaxşı ünsiyyət ərlə arvadın cinsi münasibətlərində də vacibdir. Eqoistlik və özünü idarə edə bilməmək nikahda ən intim olan bu münasibətə, çox güclü zərər vura bilər. Açıq söhbət etmək və səbirli olmaq lazımdır. Əgər ərlə arvad bir–birinin rifahı üçün qayğı göstərərlərsə, çətin ki, onların cinsi münasibətlərində ciddi problemləri yaransın. Başqa məsələlərdə olduğu kimi, bu münasibətdə də “hər kəs özünün mənfəətini deyil, başqasınınkını axtarsın” (Korinflilərə 7:3–5; 10:24).

26. Hər bir nikahda yaxşı və pis anların olmasına baxmayaraq, Allahın Kəlamına riayət etmək ərlə arvadın xoşbəxtlik tapmalarına necə kömək edəcək?

26 Allahın Kəlamında necə də gözəl məsləhətlər verilir! Əlbəttə, hər bir nikahda pis və yaxşı anlar olacaqdır. Lakin əgər ər–arvad Yehovanın Müqəddəs Kitabda göstərilən nöqteyi–nəzərlərinə riayət edərlərsə və onların qarşılıqlı münasibətləri məhəbbət və hörmət prinsipinə əsaslanarsa, nikahlarının daimi və xoşbəxt olacağına tam əmin ola bilərlər. Bununla onlar yalnız bir–birlərinə deyil, həm də nikahın Banisi olan Yehova Allaha ehtiram göstərəcəklər.

MÜQƏDDƏS KİTABIN BU PRİNSİPLƏRİ... ƏR–ARVADIN DAİMİ VƏ XOŞBƏXT NİKAHDAN MƏMNUN OLMALARINA NECƏ KÖMƏK EDİR?

Məsihçilər bir–birlərini sevirlər (Yəhya 13:35).

Məsihçilər bir–birlərini bağışlamağa hazırdırlar (Koloslulara 3:13).

Düzgün başçılıq qaydası mövcuddur (1 Korinflilərə 11:3).

Münasib sözləri lazımi şəkildə söyləmək vacibdir (Süleymanın məsəlləri 25:11).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş