DÖRDÜNCÜ FƏSİL
Ev işlərini necə idarə etmək olar?
1. Ev işlərini idarə etmək bu gün nəyə görə belə çətin ola bilər?
“BU DÜNYANIN səhnəsi dəyişir” (1 Korinflilərə 7:31, YD). Bu sözlər təxminən 1 900 il bundan əvvəl yazılıb və onlar bu gün üçün necə də uyğundur! Doğrudan da çox şey dəyişir, xüsusilə də ailə həyatında. 40–50 il bundan əvvəl adi və ya ən’ənəvi sayılan şeylər, bu gün çox vaxt qəbuledilməzdir. Buna görə də ev işlərini müvəffəqiyyətlə idarə etmək çətin işə çevrilə bilər. Lakin Müqəddəs Yazıların məsləhətinə riayət etməklə bu işin öhdəsindən gəlmək mümkündür.
MADDİ İMKANLARA GÖRƏ YAŞAMAQ
2. Hansı iqtisadi problemlər ailəyə güclü tə’sir edir?
2 Bu gün bir çox adamları, ailə qayğılarına həsr olunmuş həyat tərzi artıq məmnun etmir. Kommersiya dünyası get–gedə daha çox məhsul istehsal edir və onu satmaq üçün reklam vasitəsilə insanları şirnikdirməyə çalışır. Milyonlarla ata–analar, bu məhsulları əldə etmək üçün vaxtlarının çoxunu işə sərf edirlər. Milyonlarla digər insanlar isə, süfrələrində heç olmasa bir az yemək olsun deyə, hər gün mübarizə aparmalı olurlar. Onlar, əvvəllər olduğundan daha çox çalışmalı, bə’zən isə, ən vacib olan şeylərin haqqını ödəmək üçün, iki yerdə işləməli olurlar. Eyni zamanda, elə insanlar da vardır ki, hər hansı bir iş tapmağa şad olardılar, çünki işsizlik — geniş yayılmış problemdir. Bəli, müasir ailə üçün yaşayış hər vaxt asan deyil, lakin Müqəddəs Yazıların prinsipləri, yaranan vəziyyətin öhdəsindən gəlməkdə ailəyə kömək edir.
3. Həvari Pavel hansı prinsipi izah etdi və bu prinsipin tətbiqi ev işlərini müvəffəqiyyətlə idarə etməkdə necə kömək edə bilər?
3 Həvari Pavel iqtisadi çətinliklər içində yaşamışdır. O, çətinliklərin öhdəsindən gələrək vacib ibrət dərsi əldə etmiş və bunu, gənc dostu Timoteyə yazdığı məktubda izah etmişdir. Pavel yazırdı: “Biz dünyaya heç bir şey gətirməmişik; və aydındır ki, oradan heç bir şey də apara bilmərik” (1 Timoteyə 6:7, 8). Doğrudur, ailəyə təkcə yemək və paltar deyil, başqa şeylər də lazımdır. Ailənin yaşayacağı bir yeri də olmalıdır. Uşaqların təhsil almaları gərəkdir. Həmçinin tibbi və başqa məsrəflər də ödənilməlidir. Buna baxmayaraq, Pavelin sözlərindəki prinsip tətbiq ediləndir. Əgər öz istəklərimizə qapılmaq əvəzinə, yalnız tələbatlarımızı tə’min etsək, yaşamaq daha asan olacaq.
4, 5. Götür–qoy etmək və planlaşdırmaq ev işlərini idarə etməkdə necə kömək edir?
4 Başqa faydalı bir prinsip, İsanın məsəllərindən birində verilir. O demişdi: “Sizlərdən kim bir qüllə tikmək istəyirsə, onu tamamlayacaq qədər pulu varmı, deyə oturub əvvəlcə məsrəfləri hesablamır” (Luka 14:28). Burada İsa, əvvəlcədən götür–qoy etməkdən, planlaşdırmaqdan bəhs edir. Biz, əvvəlki fəsillərdən birində bu prinsipin, evlənmək istəyəndə gənclərə necə kömək etdiyini gördük. Lakin bu prinsip toydan sonra — ev işlərini idarə etməkdə də faydalıdır. Bu işdə tədbir görmək, büdcə təşkil etmək, yə’ni əldə olan vəsaiti daha yaxşı tərzdə necə istifadə etməyi əvvəlcədən planlaşdırmaq deməkdir. Beləliklə hər gün və ya həftə ərzində əsas şeylərə xərclənəcək pulun miqdarını müəyyənləşdirərək, maddi imkanlarına görə yaşamaq üçün ailə öz məsrəflərinə nəzarət edə bilər.
5 Bə’zi ölkələrdə belə büdcəni saxlamaq üçün, gərəksiz şeylər almaq məqsədilə böyük faizlə borc pul götürmək niyyətinin, ehtimal ki, qarşısını almaq tələb olunur. Başqa ölkələrdə isə, kredit vərəqəsinin istifadə edilməsinə ciddi fikir vermək lazım gələ bilər (Süleymanın məsəlləri 22:7). Bu, gözün gördüyü hər hansı bir şeyi, nə dərəcədə lazım olduğunu və ya nə ilə nəticələnəcəyini fikirləşmədən, bir an içində satın almaq həvəsinə qarşı mübarizə aparmaq mə’nasını da verə bilər. Bundan əlavə, büdcə aydın surətdə göstərəcəkdir ki, pulu, eqoistcəsinə qumar oyunlarına, siqaretə, böyük miqdarda spirtli içkilərə israf etmək Müqəddəs Kitabın prinsiplərinə zidd olmaqdan əlavə, ailənin iqtisadi vəziyyətinə də zərər vurur (Süleymanın məsəlləri 23:20, 21, 29–35; Romalılara 6:19; Efeslilərə 5:3–5).
6. Yoxsulluq içində yaşamaq məcburiyyətində olanları, Müqəddəs Kitabın hansı həqiqətləri möhkəmləndirir?
6 Bəs yoxsulluq içində yaşamaq məcburiyyətində olanlar barədə nə demək olar? Hər şeydən əvvəl, bütün dünyada yayılmış olan bu yoxsulluğun müvəqqəti olması onlara təsəlli verə bilər. Sür’ətlə yaxınlaşmaqda olan yeni dünyada Yehova təkcə yoxsulluğu deyil, bəşəriyyətə əzab verən bütün pislikləri də aradan qaldıracaqdır (Məzmur 72:1, 12–16). Bu arada məsihçilər, yoxsulluq içində yaşasalar belə ümidsizliyə qapılmırlar, çünki Yehovanın: “Səni heç buraxmayacağam və əsla tərk etməyəcəyəm” və’dinə e’tibar edirlər. Buna görə də Allaha iman edən insan cəsarətlə deyə bilər: “Rəbb mənə yardımçıdır, mən qorxmaram” (İbranilərə 13:5, 6). Bu çətin günlərdə, Yehova, Onun prinsiplərinə müvafiq olaraq yaşayan və Padşahlığı həyatlarında birinci yerə qoyan xidmətçilərinə kömək etmək üçün bir çox üsullardan istifadə edir (Matta 6:33). Yehovanın çoxsaylı xidmətçiləri, həvari Pavelin sözlərini təkrarlayaraq, bunu təsdiq edə bilərlər: “Hər şeydə və hər şəraitdə tox olmaq və ac qalmaq, firavan yaşamaq və ehtiyac duymaq sirrini öyrənmişəm. Məni Möhkəmləndirən vasitəsilə hər şeyi etməyə qadirəm” (Filipililərə 4:12, 13, İ–93).
EV İŞLƏRİNİ PAYLAŞDIRMAQ
7. Tətbiq edilərsə, İsanın hansı sözləri ev işlərini müvəffəqiyyətlə idarə etməyə kömək edəcəkdir?
7 Yer üzündəki xidmətinin sonunda İsa dedi: “Qonşunu [“yaxınını”, YD] özün kimi sev” (Matta 22:39). Bu məsləhəti ailədə həyata keçirmək, ev işlərini müvəffəqiyyətlə idarə etməkdə böyük köməkdir. Axı bizim ən sevimli və ən əziz yaxınlarımız, bir evdə yaşadığımız ər və arvad, valideyn və uşaqlardan başqa kim ola bilər? Ailənin üzvləri bir–birlərinə necə məhəbbət göstərə bilərlər?
8. Ailədə məhəbbəti necə təzahür etdirmək olar?
8 Bunu etməyin üsullarından biri də, ailədə hər kəsin üzərinə düşən ev işlərini yerinə yetirməsindən ibarətdir. Buna görə də uşaqları öyrətmək lazımdır ki, istifadə etdikləri hər hansı bir şeyi, istər paltarı, istərsə də oyuncağı sonradan öz yerinə qoysunlar. Hər səhər öz yatağını yığışdırmaq vaxt və qüvvə tələb edə bilər, amma bu, ev işlərində böyük köməkdir. Əlbəttə, bə’zi kiçik, müvəqqəti qarışıqlıq qaçılmazdır, lakin evi lazımi qaydada səliqəli saxlamaqda və yeməkdən sonra süfrəni yığışdırmaqda hər kəs iştirak edə bilər. Tənbəllik, öz arzularına məhdudiyyət qoymamaq, narazılıq etmək və işləməkdən boyun qaçırmaq hər bir kəsə mənfi tə’sir göstərir (Süleymanın məsəlləri 26:14–16). Digər tərəfdən, kömək etməyə hazır olmaq və bunu arzulamaq, xoşbəxt ailə həyatına kömək edir. “Allah sevinclə verəni sevir” (2 Korinflilərə 9:7, İ–93).
9, 10. a) Qadınların üzərinə çox vaxt hansı yük düşür və bu yükü necə yüngülləşdirmək olar? b) Ev işlərinə aid hansı tarazlaşdırılmış nöqteyi–nəzər təklif olunur?
9 Göstərilən diqqət və məhəbbət, bə’zi evlərdə ciddi çətinliklər törədən vəziyyətlərdən uzaq olmağa kömək edəcəkdir. Ən’ənəyə əsasən ana evin dirəyidir. Ana uşaqlara qayğı göstərir, evi səliqəyə salır, paltar yuyur, bazarlıq edir və yemək hazırlayır. Bə’zi ölkələrdə qadınlar üstəlik tarlada işləyir, bazarda məhsul satır və ya hər hansı bir üsulla ailənin büdcəsini artırırlar. Əvvəllər bu cür hallara rast gəlmək mümkün olmayan yerlərdə belə, milyonlarla evli qadınlar, ehtiyac ucbatından evdən kənarda iş axtarmalı olurlar. Sə’ylə çalışaraq, bu qədər müxtəlif işləri yerinə yetirən qadın və ana tə’rifə layiqdir. Müqəddəs Kitabda təsvir edilən “bacarıqlı arvad” kimi, o, vaxtını boş keçirmir. Belə qadın “tənbəllik çörəyini yeməz” (Süleymanın məsəlləri 31:10, 27, YD). Lakin bu o demək deyil ki, ev işləri ilə yalnız qadın məşğul olmalıdır. Ərlə arvad bütün günü evdən kənarda işlədikdən sonra, ev işinin hamısını arvadın tək etməsi, ərin və ailənin digər üzvlərinin isə istirahət etmələri düzgündürmü? Əlbəttə ki, yox! (2 Korinflilərə 8:13, 14 ilə müqayisə edin.) Buna görə də, misal üçün, ana yemək hazırlayarkən, ailənin digər üzvlərinin süfrəni açmaqda, bazarlıq etməkdə və ya evdə bir qədər səliqə–səhman yaratmaqda kömək etməsi, ehtimal ki, onu çox məmnun edər. Bəli, ailənin bütün üzvləri ev işlərini bölüşə bilərlər. (Qalatiyalılara 6:2 ilə müqayisə edin.)
10 Bə’ziləri e’tiraz edə bilərlər: “Bizim yaşadığımız ərazidə kişinin belə işlərlə məşğul olması adət deyil”. Ola bilsin ki, bu belədir, lakin bunun üzərində bir az düşünməyə dəyməzmi? Yehova Allah ailənin təməlini quranda, müəyyən işi yalnız qadınların görəcəyinə dair göstəriş verməmişdi. Bir dəfə, İbrahim adlı sadiq insanın evinə Yehovanın xüsusi elçiləri gəldikdə, yemək hazırlamaqda və qonaqlara qulluq etməkdə İbrahimin özü iştirak etdi (Təkvin 18:1–8). Müqəddəs Kitabda məsləhət edilir: “Beləcə ərlər də öz arvadlarını öz bədənləri qədər sevməlidirlər” (Efeslilərə 5:28). Əgər günün axırında ər yorulub dincəlmək istəyirsə, arvadın da eyni dərəcədə, bəlkə də ərindən artıq yorğun olduğunu başa düşmək çətin deyil (1 Peter 3:7). Belə olduqda, ərin ev işlərində kömək etməsi və bununla da arvadına məhəbbət təzahür etdirməsi, məgər münasib davranış olmazmı? (Filipililərə 2:3, 4).
11. Bütün ailə üzvlərinə İsa hansı yaxşı nümunəni vermişdir?
11 Yehovanı razı salmaqda və dostlarını xoşbəxt etməkdə ən gözəl örnək İsadır. Baxmayaraq ki, İsa heç zaman evli olmamışdır, o, ərlərə, həmçinin arvadlara və uşaqlara yaxşı nümunə vermişdir. İsa özü haqqında demişdi: “İnsan Oğlu Ona xidmət edilmək üçün deyil, xidmət etməyə... gəlmişdir” (Matta 20:28). Bütün üzvləri bu cür düşüncə tərzi inkişaf etdirən ailələr necə də gözəldir!
TƏMİZLİK NƏYƏ GÖRƏ BU QƏDƏR ZƏRURİDİR?
12. Yehova öz xidmətçilərindən nə tələb edir?
12 Müqəddəs Kitabın ev işlərini idarə etməkdə kömək edəcək daha bir prinsipi, 2 Korinflilərə 7:1 ayəsində yazılıb. Orada oxuyuruq: “Özümüzü hər bir bədən və ruh murdarlığından təmizləyək”. Allah tərəfindən ilhamlanmış bu sözlərə tabe olan insanlar, “ləkəsiz və təmiz dindarlıq” tələb edən Yehovanın lütfünə sahibdirlər (Yaqub 1:27). Bu, onların ev işlərinə də faydalı tə’sir edir.
13. Evi işlərini idarə etməkdə təmizlik nəyə görə vacibdir?
13 Məsələn, Müqəddəs Kitab bizi əmin edir ki, xəstəliklərin mövcud olmayacağı bir vaxt gələcəkdir. O zaman “orada yaşayan: Xəstəyəm, deməyəcək” (İşaya 33:24; Vəhy 21:4, 5). Lakin o vaxta qədər hər bir ailə arabir xəstəliklərlə mübarizə aparmalı olur. Hətta Pavel və Timotey də xəstələnirdilər (Qalatiyalılara 4:13; 1 Timoteyə 5:23). Ancaq mütəxəssislər iddia edirlər ki, bir çox xəstəliklərin qarşısını almaq mümkündür. Fiziki və ruhani natəmizlikdən uzaqlaşmaqla, müdrik ailələr qarşısı alına bilən bə’zi xəstəliklərdən qaçınırlar. Görək onlar bunu necə edirlər. (Süleymanın məsəlləri 22:3 ilə müqayisə edin.)
14. Əxlaq təmizliyi ailəni xəstəliklərdən necə qoruya bilər?
14 Ruhani təmizlik dedikdə, əxlaq təmizliyi nəzərdə tutulur. Yaxşı mə’lumdur ki, Müqəddəs Kitab yüksək əxlaq normalarına tabe olmağa təşviq edir və nikahdan kənar hər hansı cinsi əlaqəni mühakimə edir. “Nə əxlaqsızlar... nə zinakarlar, nə kişibazlar, nə uşaqbazlar... Allahın Padşahlığını miras almayacaqlar” (1 Korinflilərə 6:9, 10, İ–93). Bugünkü pozğun dünyada yaşayan məsihçilərə, Müqəddəs Kitabın yüksək normalarına riayət etmək olduqca vacibdir. Bu cür hərəkət tərzi Allaha məqbuldur və həmçinin ailəni, cinsi yolla keçən QİÇS, sifilis, süzənək və xlamidioz kimi xəstəliklərdən qorumağa kömək edir (Süleymanın məsəlləri 7:10–23).
15. Fiziki natəmizliyə görə yaranan, lakin aradan qaldırılması mümkün olan xəstəliklərə dair nümunə gətirin.
15 Özümüzü “hər bir bədən murdarlığından” təmizləmək, ailəni başqa xəstəliklərdən də qorumağa kömək edir. Bir çox xəstəliklərin səbəbi, fiziki natəmizlikdir. Buna ən aydın nümunə siqaret çəkmək vərdişidir. Siqaret çəkmək yalnız ağ ciyəri, paltarı və havanı çirkləndirmir, həmçinin insanların xəstələnmələrinə də səbəb olur. Hər il tütün çəkməkdən milyonlarla adam ölür. Düşünün: əgər “bədən murdarlığından” uzaq durmuş olsaydılar, hər il milyonlarla adam xəstələnməz və vaxtından əvvəl ölməzdi.
16, 17. a) Yehovanın tə’yin etdiyi hansı qayda israilliləri müəyyən xəstəliklərdən qoruyurdu? b) Təsniyə 23:12, 13 ayələrindəki qaydanın əsasını təşkil edən prinsipi bütün ailələrdə necə tətbiq etmək olar?
16 Başqa bir nümunəni nəzərdən keçirək. Təxminən 3 500 il bundan əvvəl, Allah İsrail xalqına öz Qanununu verdi. Bu Qanunun məqsədi, onların ibadətlərini və gündəlik həyatlarını əhəmiyyətli dərəcədə qaydaya salmaqdan ibarət idi. Qanunda bə’zi əsas gigiyena qaydaları təqdim edilirdi və bu, xalqı xəstəliklərdən qoruyurdu. Belə qaydalardan biri, insanların yaşadıqları yerin təmiz olması üçün, insan nəcisini düşərgədən kənarda basdırmaq idi (Təsniyə 23:12, 13). Bu qədimi qayda indiyə qədər də qüvvədədir. Bu qaydaya xor baxdıqları üçün insanlar, hətta bu gün də xəstələnir və ölürləra.
17 İsraillilərə verilən qaydanın əsasını təşkil edən prinsipə uyğun olaraq, evdə və ya həyətdə yerləşməsindən asılı olmayaraq, ailəyə məxsus olan hamam və ayaqyolunu təmiz saxlamaq və dezinfeksiya etmək lazımdır. Əgər ayaqyolu təmiz saxlanılmır və qapısı örtülmürsə, milçəklərin yaşadığı yerə çevriləcək; milçəklər mikrobları evin hər yerinə və yediyimiz yeməklərin üzərinə salacaqlar! Bundan əlavə, uşaqlar və böyüklər, ayaqyoluna getdikdən sonra əllərini yumalıdırlar. Əks təqdirdə, mikroblar onların dərisinin üzərində qalacaq. Fransalı bir həkimin sözlərinə görə, əllərin yuyulması “həzm etmə, respirator və ya dəri infeksiyalarından qorunmağın ən yaxşı üsullarından biridir”.
18, 19. Hətta yoxsul rayonlarda belə evi təmiz saxlamağa aid hansı məsləhətlər verilir?
18 Yoxsul rayonlarda təmizliyi qorumağın bir o qədər də asan iş olmadığı doğrudur. Belə yerlərin güzaranı ilə yaxşı tanış olan bir adam izah edir: “İqlimin həddindən artıq isti olmasına görə, təmizlik işi ikiqat çətinləşir. Toz qasırğaları evdəki hər bir yırtıq yeri qəhvəyi rəng tozla örtür... Şəhərlərin və bə’zi kəndlərin əhalisinin iti sür’ətlə artması sağlamlıq üçün daha bir təhlükə yaradır. Açıq kanalizasiya boruları, yığılmamış zibil qalaqları, çirkli ictimai ayaqyolları, eləcə də infeksiyaların artmasına səbəb olan siçovullar, tarakanlar və milçəklər artıq heç kimi təəccübləndirmir”.
19 Belə şəraitlərdə təmizliyi qorumaq çətindir. Buna baxmayaraq, təmizliyə sərf edilən qüvvə əbəs deyil. Sabun, su və bir qədər artıq sə’y göstərmək, dərman almaqdan və xəstəxanada müalicə olunmaqdan daha ucuz başa gəlir. Əgər siz belə rayonda yaşayırsınızsa, imkan daxilində öz evinizi, həyətinizi təmiz saxlamağa və heyvanların nəcisini yığışdırmağa çalışın. Əgər yağışlı mövsümlərdə evinizə aparan yol palçıq olursa, palçığı evə aparmamaq üçün, oraya çınqıl tökmək və ya daş düzmək olmazmı? Evə girməzdən əvvəl ayaqqabını soyunmaq olmazmı? Həmçinin, evdə olan su ehtiyatınızı da çirklənmədən qorumalısınız. Hesablamalara əsasən, hər il ən azı iki milyon insan, çirkli su və pis sanitariya profilaktikası nəticəsində yaranan xəstəliklərdən ölür.
20. Evin təmizliyinə kim cavabdeh olmalıdır?
20 Evin təmizliyi hamıdan — atadan, anadan, uşaqlardan və qonaqlardan asılıdır. Keniyada yaşayan səkkiz uşaq anası belə deyir: “Hər kəs üzərinə düşən işi etməyi öyrənib”. Evdəki təmizlik və səliqə–səhman bütün ailəyə şərəf qazandırır. İspan atalar sözündə deyilir: “Yoxsulluq, çirkli olmaq demək deyil”. Mənzildə, xudmani və ya kiçik bir evdə, yaxud daxmada yaşamağınızdan asılı olmayaraq, təmizlik ailənizin sağlamlığının rəhnidir.
TƏ’RİF RUHLANDIRIR
21. Süleymanın məsəlləri 31:28 ayəsindəki sözlərə əsasən, ailədə xoşbəxtliyə nail olmağa nə kömək edə bilər?
21 Bacarıqlı qadını təsvir edən “Süleymanın məsəlləri” kitabında deyilir: “Oğulları qalxar və ona bəxtiyar deyərlər; əri də qalxar və onu öyər” (Süleymanın məsəlləri 31:28). Ailə üzvlərinizdən birini axırıncı dəfə nə vaxt tə’rifləmisiniz? Doğrudan da biz, yazda bir balaca günəş şüası və yağış görən kimi tumurcuqlamağa hazır olan bitkiyə bənzəyirik. Biz, tə’rifin hərarətinə ehtiyac duyuruq. Çəkdiyi zəhmətin, məhəbbət dolu qayğının əri tərəfindən tə’rifləndiyini görən arvad əmin olur ki, əri onu qiymətləndirir və onun zəhmətini adi bir iş saymır (Süleymanın məsəlləri 15:23; 25:11). Arvadın öz ərini, iş yerində və evdə etdiyi işlərə görə tə’rifləməsi necə də xoşdur. Valideynlər uşaqlarını, evdə, məktəbdə və məsihçi yığıncaqlarında etdikləri cəhdlərə görə tə’rifləyəndə, onlar gül kimi açılırlar. Sadəcə bir neçə minnətdarlıq sözü necə də böyük qüvvəyə malikdir! Məgər: “Sağ ol!” demək çətindirmi? Əlbəttə, yox! Bunun sayəsində ailə mə’nəvi cəhətdən olduqca möhkəmlənər.
22. Ev işlərini “möhkəmləndirmək” üçün nə lazımdır və buna necə nail olmaq olar?
22 Ev işlərini idarə etməyi çətinləşdirən bir çox səbəblər var. Buna baxmayaraq, bu işin öhdəsindən müvəffəqiyyətlə gəlmək olar. Müqəddəs Kitabda yazılan bir məsəl belə səslənir: “Hikmətlə ev tikilər, dərrakə ilə möhkəmlənər” (Süleymanın məsəlləri 24:3, MKŞ). Əgər bütün ailəliklə Allahın iradəsini öyrənməyə və yerinə yetirməyə cəhd edilərsə, hikmət və dərrakəyə sahib olmaq mümkündür. Əlbəttə ki, ailənin xoşbəxtliyi üçün belə qüvvə sərf etməyə dəyər!
a Ümumdünya Səhiyyə Təşkilatının, bir çox körpələrin ölümünə səbəb olan ishal kimi geniş yayılmış xəstəlikdən qorunmaq haqqında verdiyi məsləhətdə deyilir: “Əgər ayaqyolu yoxdursa: nəcisi, evdən və uşaqların oynadıqları yerdən aralıda, su mənbəyindən ən azı 10 metr kənarda ifraz etmək və torpağa basdırmaq lazımdır”.