Dərs 6
Allahın Padşahlığı nədir?
Allahın Padşahlığı harada yerləşir? (1) Onun Padşahı kimdir? (2)
Padşahla birlikdə daha kimlərsə idarə edəcəkmi? Elə isə, onların sayı nə qədərdir? (3)
Son günlərdə yaşadığımız nədən görünür? (4)
Allahın Padşahlığı gələcəkdə bəşəriyyət üçün nələr edəcək? (5-7)
1. İsa yerdə yaşayarkən, öz davamçılarına Allahın Padşahlığının gəlməsi barədə dua etməyi öyrədirdi. Padşahlıq padşah tərəfindən idarə olunan hökumətdir. Allahın Padşahlığı xüsusi hökumətdir. O göydə qurulmuş və yer üzünü idarə edəcəkdir. Padşahlıq Allahın adını təqdis edəcəkdir. Padşahlıq, Allahın iradəsinin yalnız göydə deyil, yerdə də həyata keçməsinə nail olacaqdır (Matta 6:9, 10).
2. Allah və’d etmişdi ki, Onun Padşahlığının Padşahı İsa olacaqdır (Luka 1:30-33). İsa yer üzündə yaşayan zaman sübut etdi ki, lütfkar, ədalətli, kamil Hökmdar olacaqdır. İsa göyə qayıtdıqdan dərhal sonra, Allahın Padşahlığında Padşah kimi taxta əyləşmədi (İbranilərə 10:12, 13). Yehova və’d etdiyi səlahiyyəti İsaya 1914-cü ildə verdi. O dövrdən e’tibarən İsa, Yehova tərəfindən tə’yin olunmuş Padşah kimi göydə idarə edir (Daniel 7:13, 14).
3. Göydə xidmət etmək üçün, Yehova həmçinin sadiq kişi və qadınları da seçmişdir. Onlar padşahlar, hakimlər və kahinlər kimi İsa ilə birlikdə bəşəriyyəti idarə edəcəklər (Luka 22:28-30; Vəhy 5:9, 10). İsa, onun Padşahlığına daxil olacaq hakimiyyət şəriklərini “kiçik sürü” adlandırdı. Onların sayı 144 000-dir (Luka 12:32; Vəhy 14:1-3).
4. İsa Padşah olduqdan dərhal sonra, Şeytanı və onun pis mələklərini göydən yerin hüdudlarına qovdu. Elə bu səbəbdən, yer üzündəki vəziyyət 1914-cü ildən e’tibarən getdikcə pisləşir (Vəhy 12:9, 12). Müharibələr, aclıq, yoluxucu xəstəliklər, qanunsuzluğun artması — bütün bunlar, İsanın rəhbərlik etdiyinə və yaşadığımız pis sistemin sonuna işarə edən “əlamətin” bir hissəsidir (Matta 24:3, 7, 8, 12; Luka 21:10, 11; 2 Timoteyə 3:1-5).
5. Çoban qoyunları keçilərdən ayırdığı kimi, tezliklə İsa da adamları bir-birindən ayıraraq mühakimə edəcəkdir. “Qoyunlar” — özünü İsanın sədaqətli vətəndaşları kimi göstərən kəslərdir. Onlar yer üzündə əbədi həyatı miras alacaqlar. “Keçilər” — Allahın Padşahlığını inkar edənlərdir (Matta 25:31-34, 46). İsa, keçilərlə müqayisə olunan bütün adamları yaxın gələcəkdə məhv edəcəkdir (2 Saloniklilərə 1:6-9). İsanın “qoyunları” sırasında olmaq istəyirsinizsə, Padşahlıq haqqındakı xəbərə qulaq asmalı və bildiklərinizə əsasən davranmalısınız (Matta 24:14).
6. Hal-hazırda Yer kürəsi bir çox ölkələrə bölünüb. Hər ölkənin öz hökuməti var. Xalqlar tez-tez bir-biri ilə müharibə edirlər. Lakin Allahın Padşahlığı bütün insan hökumətlərini əvəz edəcək. Bu, bütün yer üzünü idarə edən yeganə hökumət olacaqdır (Daniel 2:44). Bu Padşahlığın idarə etdiyi dövrdə müharibələr, cinayət və zorakılıq olmayacaqdır. Bütün insanlar sülhdə və həmrə’ylikdə yaşayacaqlar (Mika 4:3, 4).
7. İsanın Minillik Hökmranlığı zamanı, sadiq insanlar kamilləşəcək, Yer kürəsi isə cənnətə çevriləcəkdir. Bu minilliyin sonuna qədər, İsa, Allahın ona buyurduğu hər şeyi yerinə yetirəcəkdir. Sonra o, Padşahlığı Atasına qaytaracaqdır (1 Korinflilərə 15:24). Allahın Padşahlığının edəcəyi işlər barəsində dostlarınıza və yaxınlarınıza nəyə görə danışmayasınız?
[13-cü səhifədə olan şəkil]
İsanın hökmranlığı altında bir daha nifrət və əvvəlcədən yaranmış mənfi rə’y olmayacaq.