Oxumaqla məşğul ol
İNDİ sənin etdiyini yalnız insanlar bacarır. Lakin orta məktəbdə təhsil almaq imkanının olmaması ucbatından yer üzünün əhalisinin hər altı nəfərindən biri oxuya bilmir. Oxumağı bacaranların çoxu isə, nadir hallarda oxuyur. Ancaq oxumağın sayəsində qarşımızda müxtəlif ölkələrə səyahət etmək, insanlarla tanış olaraq, onların həyatından çox şey öyrənmək və həyatın çətinliklərinin öhdəsindən gəlmək üçün faydalı bilik əldə etmək imkanı açılır.
Uşaqlarına oxuduğun şeylər onların şəxsiyyətinin formalaşmasına kömək edə bilər
İnsan nə qədər yaxşı oxuyursa, aldığı təhsilin ona bir o qədər faydası olacaq. Bu bacarıq onun necə iş tapacağına və özünü təmin etmək üçün neçə saat işləyəcəyinə təsir edə bilər. Oxumağı bacaran evdar qadınlar düzgün qidalanma, gigiyena və sağlamlıq baxımından ailə üzvlərinin qayğısına daha yaxşı qala bilərlər. Yaxşı oxuya bilən analar həm də uşaqlarının əqli inkişafına müsbət təsir göstərirlər.
Oxumağın gətirdiyi ən böyük fayda isə odur ki, onun sayəsində ‘Allahı tanıya’ bilirik (Sül. məs. 2:5). Allaha xidmət edərkən oxumaq bacarığından tez-tez istifadə edirik. Yığıncaq görüşlərində Müqəddəs Yazılar və ona əsaslanan nəşrlər oxunur. Necə oxumağın təbliğ xidmətinin keyfiyyətinə güclü təsir edir. Xidmətə və yığıncaq görüşlərinə hazırlaşarkən də oxumaq lazım gəlir. Buna görə də sənin ruhani inkişafın oxumaq vərdişinlə sıx bağlıdır.
Hər fürsətdən istifadə et
Ucadan səlis oxumağı öyrən
Allahın iradəsini öyrənməyə başlayanların bəzilərinin savadı az olur. Ruhani cəhətdən inkişaf etmələri üçün onlara oxumağı öyrətmək lazım gələ bilər. Bəzilərinin isə, daha yaxşı oxumaq üçün köməyə ehtiyacı var. Ehtiyac olan yerlərdə yığıncaqlar bir neçə dildə dərc edilən «Oxumaqla və yazmaqla məşğul ol» nəşri əsasında savadlandırma kursları təşkil etməyə çalışırlar. Bu məşğələlər artıq minlərlə insana kömək etmişdir. Yaxşı oxumaq vacib olduğu üçün bəzi yığıncaqlarda Teokratik Xidmət Məktəbi ilə yanaşı oxumağı yaxşılaşdırma məşğələləri də keçirilir. Bu cür məşğələlərin keçirilmədiyi yerlərdə belə, hər gün ucadan oxumağa vaxt ayırmaqla və müntəzəm olaraq məktəbə gedib orada iştirak etməklə yaxşı nailiyyətlər əldə etmək olar.
Əfsuslar olsun ki, başqa şeylərlə yanaşı, şəkilli jurnallar və televiziya çox insanların həyatından oxumağı sıxışdırıb çıxarıb. Televizora çox baxıb, oxumağa az vaxt ayıran insan yaxşı oxumağa, düşünməyə, aydın mülahizə yürütməyə və öz fikirlərini yaxşı ifadə etməyə çətinlik çəkə bilər.
«Sadiq və ağıllı qul» bizə Müqəddəs Kitabı anlamağa kömək edən nəşrlər təqdim edir. Bu nəşrlərdə vacib ruhani məsələlərə dair çoxlu məlumat var (Mat. 24:45; 1 Kor. 2:12, 13). Bundan əlavə, onlar bizə dünyada baş verən mühüm hadisələr və onların mənası haqda məlumat verir, təbiətlə tanış edir və çətinliklərin öhdəsindən gəlməyi öyrədir. Ancaq bu nəşrlərdə əsas diqqət Allaha düzgün xidmət etmək və Onun lütfünü qazanmaq üçün nə etməli olduğumuza yönəldilir. Belə faydalı nəşrləri oxumaq ruhani cəhətdən yetkin insan olmağa kömək edəcək.
Sözsüz ki, yaxşı oxumağı bacarmaq öz-özlüyündə üstünlük deyildir. Bu bacarıqdan düzgün istifadə etmək lazımdır. Hər əlimizə düşən şeyi yemədiyimiz kimi, oxuyanda da seçici olmalıyıq. Orqanizmimizə heç bir fayda gətirməyən, hətta onu zəhərləyə bilən yeməyi nə üçün yeməliyik?! Buna bənzər tərzdə, zehnimizi və ürəyimizi murdarlayan şeyləri, aradabir də olsa, niyə oxuyaq ki?! Müqəddəs Kitabda oxuyacağımız şeyləri seçməyə kömək edən prinsiplər var. Seçim etməzdən əvvəl növbəti ayələri yadına sal: Vaiz 12:12, 13; Efeslilərə 4:22-24; 5:3, 4; Filipililərə 4:8; Koloslulara 2:8; 1 Yəhya 2:15-17 və 2 Yəhya 10.
Düzgün niyyətlə oxu
Müjdələri araşdıranda düzgün niyyətlə oxumağın vacibliyi aydın görünür. Məsələn, «Mattanın Müjdəsi»ndən öyrənirik ki, İsa savadlı din rəhbərlərinin hiyləgər suallarına Müqəddəs Yazılar əsasında cavab verməzdən əvvəl soruşurdu: «Oxumamısınız?» və ya «Heç oxumamısınızmı?» (Mat. 12:3, 5; 19:4; 21:16, 42; 22:31, 32). Buradan aldığımız dərslərdən biri odur ki, əgər düzgün niyyətlə oxumuruqsa, onda yanlış nəticələrə gələcək, yaxud əsas fikri ümumiyyətlə nəzərdən qaçıracağıq. Fəriseylər Müqəddəs Yazılar vasitəsilə əbədi həyatı alacaqlarını zənn etdikləri üçün bu Yazıları oxuyurdular. Ancaq İsa göstərmişdi ki, Allahı sevməyənlər və Onun xilas üçün təqdim etdiyi vasitəni qəbul etməyənlər bu mükafatı almayacaqlar (Yəh. 5:39-43). Niyyətləri xudbin olduğundan fəriseylər çox vaxt yanlış nəticəyə gəlirdilər.
Bizi Allahın Kəlamını oxumağa təşviq edən ən əsas niyyət Yehovaya məhəbbət olmalıdır. Belə məhəbbət ürəyimizdə Allahın iradəsini öyrənmək istəyi oyadır, çünki məhəbbət ‘həqiqətə şadlanır’ (1 Kor. 13:6). Ola bilsin, əvvəllər oxumağı elə də xoşlamamışıq, lakin buna baxmayaraq, Yehovanı ‘bütün düşüncəmizlə’ sevmək bizi təşviq edəcək ki, zehnimizi fəal surətdə Allahı yaxından tanımağa sərf edək (Mat. 22:37). Məhəbbət maraq oyadır, maraq isə öyrənməyə həvəs yaradır.
Tempə diqqət yetir
Oxumaq gördüyünü tanımaqla sıx bağlıdır. Bu sətirləri oxuyarkən sözləri tanıyırsan və onların mənası yadına düşür. Görmə sahəsini genişləndirsən, daha tez oxuyarsan. Sözlərə tək-tək baxmaqdansa, çalış bir dəfəyə bir neçə sözü görəsən. Belə etsən, görəcəksən ki, oxuduğunu daha aydın başa düşürsən.
Birlikdə oxumaq ailə üzvlərini bir-birinə yaxınlaşdırır
Ancaq nisbətən ağır materialı oxuyanda başqa üsuldan istifadə edərək səylərinin səmərəsini artıra bilərsən. Müqəddəs Yazıları oxumağı məsləhət görərkən Yehova Yeşuaya demişdi: «Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün» (Yeşua 1:8). Bəzən insan düşünəndə öz-özünə, alçaqdan danışır. Buna görə də «düşünmək» kimi tərcümə olunan, eyni zamanda «dərindən düşünmək» mənasını verən ibrani sözü bəzi tərcümələrdə «alçaqdan oxumaq» kimi verilir (Məz. 63:6; 77:12; 143:5). İnsan dərindən düşünəndə tələsmir. Düşünə-düşünə oxuyanda Allahın Kəlamı zehnimizdə və ürəyimizdə daha dərin iz buraxır. Müqəddəs Kitabda peyğəmbərlik, məsləhət, məsəllər, şeir, Allahın hökmləri, Yehovanın niyyəti haqda ətraflı məlumatlar və real həyatdan çoxlu hadisələr yazılıb. Allahın yolları ilə yerimək istəyənlər üçün bu şeylər böyük məna kəsb edir. Müqəddəs Kitabı düşüncəmizdə və ürəyimizdə dərin iz buraxacaq tərzdə oxumaq necə də faydalıdır!
Fikrini cəmləməyi öyrən
Oxumaq vərdişi sənin ruhani inkişafına təsir edir
Oxuduqca təsvir olunan hər səhnədə özünü təsəvvür et. Qəhrəmanları görməyə və baş verən hadisələr zamanı keçirdikləri hissləri duymağa çalış. «1 Şamuel» kitabının 17-ci fəslində təsvir olunan Davud və Qolyat haqda olan parçaya bənzər hissələri oxuyanda bu, elə də çətin olmur. Əgər ölçüləri və parçaları, yaxud buxurun, qovurğanın və yandırma qurbanı kimi təqdim olunan heyvanların iyini təsəvvüründə canlandırsan, müqəddəs məskənin tikilməsi, yaxud kahinliyin təsis olunması haqda «Çıxış» və «Levililər» kitabındakı təfərrüatlar da maraqlı gələcək və həyati görünəcək. Kahinlik xidmətinin icra edilməsinin necə möhtəşəm iş olduğunu bir düşün! (Luka 1:8-10). Hiss və duyğularını bu cür işə salmaqla oxuduqlarının mənasını və vacibliyini başa düşəcək, onları daha yaxşı yadda saxlayacaqsan.
Ancaq diqqətli olmasan, oxuyanda fikrin yayınar. Gözlərin səhifəyə baxsa da, fikrin başqa yerdə dolaşa bilər. Evdə musiqi səslənirmi? Bəs televizor işləyir? Bəlkə, ailə üzvlərin söhbət edir? Əgər mümkündürsə, ən yaxşısı sakit yerdə oxumaqdır. Ancaq adamın fikri sakit şəraitdə də yayına bilər. Ola bilsin, günün gərgin keçib. Gün ərzində baş verənlər özündən asılı olmayaraq, gözünün önündən lent yazısı kimi bir-bir ötüb-keçir. Düzdür, gün ərzində baş verənləri fikirləşmək faydalıdır, ancaq bunu oxuyan zaman etmək lazım deyil. Ola bilsin, oxumağa başlamazdan əvvəl sən bütün diqqətini cəmləmiş və hətta dua da etmişdin. Ancaq oxuyanda, fikirlərin haralardasa dolaşmağa başlayır. Bir də cəhd göstər. Özünü öyrəşdir ki, oxuyanda fikrin yayınmasın. Tədricən bu səndə alınacaq.
Başa düşmədiyin sözə rast gələndə nə edirsən? Bəzən tanış olmayan sözlərin mənası elə mətndəcə izah və ya müzakirə olunur. Yaxud mənasını kontekstdən başa düşmək olar. Belə olmadıqda, əgər varsa, lüğətə bax və ya sözü qeyd et ki, sonra kimdənsə soruşasan. Bunun sayəsində söz ehtiyatın artacaq və oxuduqlarını yaxşı başa düşəcəksən.
Auditoriya qarşısında oxumaq
Auditoriya qarşısında oxumağa davam et
Həvari Pavel Timoteyə oxumaqla məşğul olmağı tapşıranda əsas etibarilə başqalarına fayda gətirmək üçün oxumağı nəzərdə tuturdu (1 Tim. 4:13). Auditoriya qarşısında yaxşı oxumaq sadəcə yazılan sözləri oxumaq deyil. Oxuyanda sözlərin mənasını başa düşmək və onların ifadə etdiyi fikirləri anlamaq lazımdır. Yalnız belə olduğu halda, fikirləri düzgün çatdırmaq və dinləyicilərdə lazımi hissləri oyatmaq mümkün olacaq. Sözsüz ki, bunun üçün yaxşı hazırlıq və məşq tələb olunur. Buna görə də Pavel nəsihət edirdi: «Müqəddəs Yazıları cəmiyyətə oxumaqla... məşğul ol». Teokratik Xidmət Məktəbində bu sahə ilə bağlı faydalı təlim alacaqsan.
Oxumaq üçün vaxt ayır
«Çalışqanın niyyəti xeyir gətirər, tələsən ehtiyac içinə düşər» (Sül. məs. 21:5). Oxumaq həvəsimizə gəldikdə, bu sözlər necə də yerindədir! «Xeyir» əldə etmək üçün çalışıb işimizi elə planlaşdırmalıyıq ki, başqa işlər oxumağa ayırdığımız vaxtı əlimizdən almasın.
Sən nə vaxt oxuyursan? Bəlkə səhər tezdən oxumaq sənə daha faydalıdır? Yoxsa özünü günorta gümrah hiss edirsən? Əgər hər gün oxumaq üçün 15-20 dəqiqə vaxt ayırsan, əldə edilən nəticələr səni heyran edəcək. Əsas məsələ müntəzəmlikdir.
Yehova Öz möhtəşəm niyyətlərini nəyə görə kitaba yazdırıb? Ona görə ki, insanlar məsləhət üçün Onun yazılı Kəlamına üz tuta bilsinlər. Bunun sayəsində onların Yehovanın möhtəşəm işləri haqda düşünmək, bunları övladlarına danışmaq və Allahın işlərini unutmamaq imkanı var (Məz. 78:5-7). Yehovanın bu cür səxavətinə görə minnətdar olduğumuzu göstərməyin ən yaxşı üsulu Onun həyat verən Kəlamını oxumaqla məşğul olmaqdır.