DƏRS 32
Əminliklə danış
İNSAN əminliklə danışanda başqaları onun öz dediklərinə möhkəm inandığını görürlər. Həvari Pavelin xidmətində bu cür əminlik özünü aydın büruzə verirdi. Salonik şəhərindəki həmimanlılara o, belə yazmışdı: «Yaydığımız Müjdə sizə yalnız sözlə deyil... tam bir etiqadla çatmışdır» (1 Salon. 1:5). Bu cür əminlik onun həm danışığından, həm də həyat tərzindən açıqca görünürdü. Möhkəm əminlik bizim də Müqəddəs Kitab həqiqətlərini necə təqdim etməyimizdə özünü aydın büruzə verməlidir.
Əminliklə danışmaq özündən razı, qəti və ya təkəbbürlü olmaq demək deyil. Əksinə, insan Allahın Kəlamındakı şeylər haqqında əminliklə danışanda elə danışır ki, bu zaman onun möhkəm imanı özünü açıq-aydın büruzə verir (İbr. 11:1).
Hansı hallarda əminliklə danışmalıyıq? Təbliğ edərkən əminliklə danışmaq olduqca vacibdir. Çox vaxt insanlar çatdırdığın xəbərlə yanaşı, onu necə deməyinə də fikir verirlər. Onlar dediklərin haqqında sənin özünün nə fikirləşdiyini hiss edirlər. Bölüşdüyün xəbərin vacibliyini sözlərindən çox, əminliyin göstərəcək.
Bundan başqa, bacı-qardaşlar qarşısında çıxış edərkən də əminliklə danışmaq tələb olunur. Həvari Peter Allahdan ilham almış ilk məktubunu həmimanlılarını ‘təşviq etmək’ və ‘Allahın həqiqi lütfününün bu olduğuna’ şəhadət etmək üçün yazmışdı. O, öz qardaşlarını səsləyirdi: «Ona bağlı qalın» (1 Pet. 5:12). Romadakı yığıncağa məktubunda həvari Pavelin ifadə etdiyi əminlik həmimanlılarına fayda gətirmişdi. O yazmışdı: «Mən əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə rəyasətlər, nə qüdrətlər, nə indiki, nə gələcək şeylər, nə hündürlük, nə dərinlik, nə də başqa məxluq bizi Rəbbimiz Məsih İsada olan Allahın məhəbbətindən məhrum etməyə qadir olmayacaqdır» (Rom. 8:38, 39). Pavel, həmçinin təbliğ etməyin vacibliyi haqda inandırıcı tərzdə yazmışdı. Bu işdə özünün də səylə çalışması isə onun vacib olduğuna əminliyini aydın göstərirdi (Həv. iş. 20:18-21; Rom. 10:9, 13-15). Allahın Kəlamını öyrədəndə məsihçi ağsaqqallarda da bu cür əminliyin olması aydın görünməlidir.
Valideynlər istər öyrənmə zamanı, istərsə də digər vaxtlarda uşaqları ilə ruhani mövzular haqqında danışanda fikirlərini əminliklə ifadə etməlidirlər. Bunun üçün valideynlərin özlərinin ürəyində Allaha və Onun yollarına məhəbbət olmalıdır. Belə olan halda onlar öz uşaqlarına əminliklə danışa bilərlər, ‘çünki ağız ürəkdən gələni söyləyir’ (Luka 6:45; Qanun. t. 6:5-7). Bu cür əminlik, həmçinin valideynləri övladlarına ‘riyasız iman’ nümunəsi qoymağa təşviq edəcək (2 Tim. 1:5).
Xüsusilə də imanımıza dair sual veriləndə əminliklə danışmaq vacibdir. Məktəb yoldaşın, müəllimin və ya iş yoldaşın müəyyən mərasimlərdə iştirak etmədiyin üçün təəccüblənə bilər. Qəti, yaxşı düşünülmüş cavab onu Müqəddəs Kitaba əsaslanaraq tutduğun mövqeyinə hörmətlə yanaşmağa təşviq edəcək. Bəs əgər kimsə səni əyri yola — yalan danışmağa, narkotik qəbul etməyə və ya cinsi əxlaqsızlığa cəlb etmək istəyirsə, onda necə? Heç bir vəchlə bu kimi işlərdə iştirak etməyəcəyini və heç bir şeyin fikrini dəyişməyə müvəffəq olmayacağını aydın göstərmək vacibdir. Bunun üçün həmin təklifi rədd edərkən əminliklə danışmaq lazımdır. Potifarın arvadının əxlaqsız təkliflərini rədd edərək Yusif qətiyyətlə demişdi: «Bəs mən necə bu böyük pisliyi edib Allahın önündə günaha bata bilərəm?» Qadın israr edəndə o, evdən qaçmışdı (Yar. 39:9, 12).
Əminlik özünü necə büruzə verir? Əminliyi ifadə etməkdə sözlər böyük rol oynayır. İsa bir çox hallarda vacib fikir söyləməzdən əvvəl demişdi: «Doğrusunu, doğrusunu sənə deyirəm» (Yəh. 3:3, 5, 11; 5:19, 24, 25). Pavelin əminliyi «mən əminəm», «mən, Rəbb İsaya aid birisi kimi bilirəm və əminəm», «həqiqəti söyləyirəm, yalan danışmıram» kimi sözlərdə əks olunurdu (Rom. 8:38; 14:14; 1 Tim. 2:7). Öz sözünün yerinə yetməsi ilə bağlı Yehova hərdən peyğəmbərlərinə ilham verərək onları «hökmən gələcək, gecikməyəcək» kimi təsirli ifadələr işlətməyə təşviq etmişdi (Hab. 2:3). Sən də həmin peyğəmbərliklərdən danışanda eyni cür ifadələrdən istifadə edə bilərsən. Əgər özünə yox, Yehovaya güvənirsənsə və başqaları ilə hörmətcil şəkildə danışırsansa, eyni əminliyi təzahür etdirən ifadələr möhkəm imana sahib olduğunu göstərəcək.
Əminlik, həmçinin sözlərin ciddiliyində və nitqin intensivliyində özünü göstərir. Hər insanda bir cür olmasına baxmayaraq, üz ifadələri, jestlər və bədən hərəkətləri də əminliyi ifadə etməyə kömək edə bilər. Hətta təbiətən utancaq və ya astadan danışan adam olsan belə, dediklərinin həqiqət olduğuna və başqalarının onları eşitməli olduğuna əminliyin aydın görünəcək.
Əlbəttə, əminliklə danışmağa çalışarkən səmimi olmalıyıq. Əgər insanlar ürəkdən yox, süni danışdığımızı hiss etsələr, belə nəticəyə gələcəklər ki, çatdırdığımız xəbər elə də vacib deyil. Buna görə də hər şeydən əvvəl təbii olmağa çalış. Auditoriyanın böyüklüyündən asılı olaraq, sənə adətən danışdığından yüksək səslə və daha şövqlə danışmaq lazım gələ bilər. Ancaq çalış ki, bu zaman təbii və səmimi danışasan.
Əminliklə danışmağa nə kömək edər? Əminlik danışanın materiala münasibətindən asılı olduğu üçün yaxşı hazırlaşmaq vacib rol oynayır. Materialı sadəcə hansısa nəşrdən köçürüb, danışmaq bəs etmir. Onu yaxşı başa düşmək və öz sözlərinlə ifadə etməyi bacarmaq lazımdır. Danışdıqlarının həqiqət olduğuna və dinləyicilər üçün böyük əhəmiyyət kəsb etdiyinə tam əmin olmalısan. Bu o deməkdir ki, çıxışa hazırlaşarkən dinləyicilərin şəraitini, mövzu haqqında artıq nələri bildiklərini və hisslərini nəzərə almalısan.
Fikirlərimizi səlis ifadə etsək, bizi dinləyənlər əminliyimizi asanlıqla duyacaqlar. Buna görə də yaxşı material hazırlamaqdan əlavə, onu təqdim etməyin üzərində də çox çalış. Materialın daha ciddiliklə çatdırmalı olduğun hissələrinə xüsusi diqqət yetir ki, tez-tez qeydlərinə baxmadan danışa biləsən. Həmçinin səylərinə xeyir-dua verməsi üçün Yehovaya dua etməyi də unutma. Belə etməklə çatdırdığın xəbərin həqiqiliyinə və vacibliyinə əminliyini əks etdirən tərzdə danışmaq üçün ‘Allahımızdan cəsarət alacaqsan’ (1 Salon. 2:2).