Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wt fəs. 14 s. 128—135
  • Yehova Öz təşkilatını necə idarə edir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova Öz təşkilatını necə idarə edir?
  • Vahid həqiqi Allaha ibadət edin
  • Başlıqlar
  • Oxşar material
  • Təşkilatın görünən hissəsi
  • Teokratik quruluşlu təşkilat
  • Məsihə və onun sadiq quluna sədaqətliyik
    Gözətçi qülləsi 2007
  • «Sizə rəhbərlik edənləri unutmayın»
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Qoy yığıncaq inkişaf etsin
    Gözətçi qülləsi 2007
  • Bu gün Allahın xalqına kim rəhbərlik edir?
    Gözətçi qülləsi 2017
Əlavə
Vahid həqiqi Allaha ibadət edin
wt fəs. 14 s. 128—135

Fəsil 14

Yehova Öz təşkilatını necə idarə edir?

1. Müqəddəs Kitabda Yehovanın təşkilatı haqqında nə deyilir və bu məlumat nə üçün vacibdir?

GÖRƏSƏN Allahın təşkilatı varmı? Müqəddəs Yazılarda deyilir ki, var. Allah Öz Kəlamı vasitəsilə təşkilatının heyrətamiz səmavi hissəsi haqqında bizə müəyyən məlumat verir (Yezekel 1:1, 4-14; Daniel 7:9, 10, 13, 14). Hərçənd biz təşkilatın görünməyən hissəsini görməsək də o, Allahın müasir xidmətçilərinə güclü təsir göstərir (2 Padşahlar 6:15-17). Yehovanın təşkilatının görünən hissəsi isə yerdədir. Müqəddəs Kitab həm təşkilatın özü barədə, həm də Yehovanın onu necə idarə etməsi barəsində bizə məlumat verir.

Təşkilatın görünən hissəsi

2. Allah hansı yeni yığıncağı yaratdı?

2 İsrail xalqı 1545 il ərzində Allahın «camaatı», başqa sözlə yığıncağı olmuşdur (Həvarilərin işləri 7:38). Lakin bu xalq Allahın qanunlarını pozdu və Onun Oğlunu rədd etdi. Ona görə də Yehova o yığıncaqdan üz döndərib onu tərk etdi. İsa yəhudilərə demişdi: «Budur, eviniz boş qalır» (Matta 23:38). Bundan sonra Yehova yeni yığıncaq yaradıb onunla əhd bağladı. Bu yığıncaq göydə Oğul ilə hakimiyyət sürmək üçün Allahın seçdiyi 144 000 nəfərdən ibarət olmalı idi (Vəhy 14:1-4).

3. Eramızın 33-cü ilinin Pentikost günündə baş vermiş hansı hadisə Allahın yeni yığıncaqdan istifadə etdiyini açıq-aydın bildirdi?

3 Yeni yığıncağın ilk üzvləri eramızın 33-cü ilinin Pentikost günündə Yehovanın müqəddəs ruhu ilə məsh edildilər. Müqəddəs Kitabda o möhtəşəm hadisə ilə əlaqədar aşağıdakılar yazılıb: «Pentikost günü gəldikdə, onların hamısı bir yerdə toplaşdı. Qəflətən, güclü bir külək əsirmiş kimi, göydən bir səs gəldi və oturduqları evin hər tərəfinə yayıldı. Alovun dillərinə bənzəyən bir şey onlara görünüb, parçalanaraq hər birinin üzərinə qondu. Hamısı Müqəddəs Ruhla doldu» (Həvarilərin işləri 2:1-4). Beləliklə, Allahın ruhu açıq-aydın şəhadət etdi ki, bundan belə Allah öz niyyətini həyata keçirmək üçün İsa Məsihin göydən rəhbərlik etdiyi bu qrupdan istifadə edəcək.

4. Yehovanın görünən təşkilatı bu gün kimlərdən ibarətdir?

4 Bu gün yerdə 144 000 nəfərin «qalığı» — kiçik bir hissəsi qalıb. Müqəddəs Kitab peyğəmbərliyi yerinə yetsin deyə, başqa qoyunlardan ibarət böyük izdihamın milyonlarla üzvü məsh edilmiş qalıqla əməkdaşlıq edir. Yaxşı Çoban İsa Məsih bu qoyunları qalıqla birləşdirərək bir Çobanın himayəsi altında bir sürü yaradıb (Vəhy 7:9; Yəhya 10:11, 16). Onlar birlikdə birləşmiş yığıncağı — Yehovanın görünən təşkilatını təşkil edirlər.

Teokratik quruluşlu təşkilat

5. Allahın təşkilatına kim və necə rəhbərlik edir?

5 «Yaşayan Allahın cəmiyyəti» ifadəsi bu yığıncağın kim tərəfindən idarə olunduğunu aydın göstərir. Bu təşkilat quruluşca teokratikdir, yəni Allah tərəfindən idarə olunur. Yehova Öz xalqına yığıncağın gözəgörünməz Başçısı təyin etdiyi İsa Məsih və Özünün ilhamlandırdığı Kəlamı vasitəsilə rəhbərlik edir (1 Timoteyə 3:14, 15; Efeslilərə 1:22, 23; 2 Timoteyə 3:16, 17).

6. a) Birinci əsrdə yığıncağa göydən rəhbərlik edildiyi nədən görünür? b) Keçmişdə olduğu kimi indi də İsanın yığıncağa başçılıq etməsi nədən məlumdur?

6 Allahın yığıncağa rəhbərlik etməsi Pentikost günündə aydın bəlli oldu (Həvarilərin işləri 2:14-18, 32, 33). Bu rəhbərlik Yehovanın mələyi xoş xəbərin Afrikaya yayılması göstərişini verəndə, Tarsuslu Şaul imana dönən zaman İsanın göydən verdiyi göstərişlərdə və Peter qeyri-yəhudilər arasında təbliğ işinə başlayanda daha aşkar göründü (Həvarilərin işləri 8:26, 27; 9:3-7; 10:9-16, 19-22). Zaman keçdikcə artıq göydən səslər eşidilmir, mələklər görünmür və ruhun möcüzəvi ənamları heç kimə verilmirdi. Bununla belə İsa vəd etmişdi: «Budur, Mən, dövrün sonuna qədər hər gün sizinləyəm» (Matta 28:20; 1 Korinflilərə 13:8). Yehovanın Şahidləri İsanın rəhbərliyini qəbul edirlər. Bu rəhbərlik olmasaydı, şiddətli ədavət şəraitində Padşahlıq haqqında xoş xəbəri elan etmək mümkün olmazdı.

7. a) «Sadiq və ağıllı qul» kimdir və biz bunu haradan bilirik? b) ‘Qula’ nə tapşırılmışdır?

7 Ölümündən bir qədər əvvəl İsa şagirdlərinə «sadiq və ağıllı qul» barədə söz açdı. Bu qul Ağasından, yəni İsadan xüsusi tapşırıq alacaqdı. Ağa göyə gedəndə «qul» artıq mövcud olmalı və Məsih, Padşah səlahiyyətində görünmədən qayıtdıqda hələ də səylə çalışmalı idi. Buradan aydın görünür ki, «qul» dedikdə söhbət bir adamdan getmir. Bu təsvir məsh olunmuşların yığıncağına aiddir. Yığıncağı qanı ilə satın aldığı üçün İsa onu öz ‘qulu’ adlandırdı. O, yığıncağın üzvlərinə şagird hazırlamağı və onlara «vaxtlı-vaxtında... [ruhani] yemək» verməyi tapşırdı (Matta 24:45-47; 28:19; Yeşaya 43:10; Luka 12:42; 1 Peter 4:10).

8. a) Qul sinfi bizim zəmanədə hansı tapşırığı yerinə yetirir? b) Allahın bu mənbə vasitəsi ilə verdiyi rəhbərliyə hay verməyimiz nə üçün vacibdir?

8 Ağa 1914-cü ildə gözəgörünməz tərzdə qayıdanda qul sinfi onun tapşırığını sədaqətlə icra edirdi. Buna görə də 1919-cu ildə həmin sinfin üzərinə daha böyük məsuliyyət qoyuldu və bu, faktlarla sübut olunur. O vaxtdan bəri Padşahlıq xəbəri bütün yer üzündə geniş təbliğ edilir. Bizim dövrdə Yehovaya ibadət edən və böyük məşəqqətdən sağ çıxacaq böyük izdihamın yığımı davam edir (Matta 24:14, 21, 22; Vəhy 7:9, 10). Həmin adamların da ruhani qidaya ehtiyacı var və qul sinfi onları belə qida ilə təmin edir. Beləliklə, əgər Yehovanı razı salmaq istəyiriksə, Onun bu mənbə vasitəsilə verdiyi rəhbərliyi qəbul edib bu rəhbərliyə müvafiq hərəkət etməliyik.

9, 10. a) Təlimlərlə bağlı məsələləri həll etmək və xoş xəbərin yayılmasına nəzarət etmək üçün birinci əsrdə hansı qurum fəaliyyət göstərirdi? b) Bu gün Yehovanın xalqının təbliğ fəaliyyəti necə nizamlanır?

9 Vaxtaşırı ortaya təlim və təşkilati məsələlərlə bağlı suallar çıxır. Belə halda nə etməli? «Həvarilərin işləri» kitabının 15-ci fəslində imana gəlmiş qeyri-yəhudilərlə bağlı bir məsələnin necə həll olunmasından bəhs edilir. Bu məsələ Yerusəlimdə rəhbərlik şurasını təşkil edən həvarilər və ağsaqqallar qarşısında qaldırıldı. Həmin kişilər qeyri-kamil olsalar da, Allah onlardan istifadə edirdi. Onlar həmin məsələ ilə bağlı Müqəddəs Kitabda nə deyildiyini araşdırıb, Allahın ruhunun təsiri altında qeyri-yəhudilər arasında təbliğ sahəsi açıldığını təsdiq edən faktları nəzərə aldılar. Bundan sonra onlar qərar qəbul etdilər. Allah həmin quruma Öz xeyir-duasını verirdi (Həvarilərin işləri 15:1-29; 16:4, 5). O vaxtkı rəhbərlik şurası Padşahlıq haqqında təbliğ etmək üçün imanlıları müxtəlif yerlərə göndərirdi.

10 Bizim günlərdə Yehovanın görünən təşkilatının Rəhbərlik Şurasını müxtəlif xalqların nümayəndələrindən ibarət məsh edilmiş qardaşlar təşkil edir. Rəhbərlik Şurası Yehovanın Şahidlərinin ümumdünya mərkəzi idarəsində yerləşir. Bu Şura İsa Məsihin başçılığı altında bütün ölkələrdə həqiqi ibadətin yayılmasına yardım edir, Yehovanın Şahidlərinin on minlərlə yığıncağının təbliğ fəaliyyətini nizamlayır. Rəhbərlik Şurasının üzvləri həmimanlılarına münasibətdə həvari Paveldən nümunə götürürlər: «Bu o demək deyildir ki, guya biz sizin imanınız üzərində hakimik, lakin biz sizin sevinməniz üçün sizinlə çalışırıq. Çünki imanda [“imanınız sayəsində”, YD] sabit durursunuz» (2 Korinflilərə 1:24).

11. a) Ağsaqqallar və xidməti köməkçilər necə təyin edilirlər? b) Təyin edilmiş qardaşlarla nə üçün yaxından əməkdaşlıq etməliyik?

11 Yehovanın Şahidləri gözləyirlər ki, Rəhbərlik Şurası yığıncaqlara qayğı göstərən ağsaqqal və xidməti köməkçilər təyin etmək səlahiyyəti olan təcrübəli qardaşlar seçəcək. Yığıncaqlara qayğı göstərməyə təyin olunanlar üçün tələblər Müqəddəs Kitabda yazılmışdır. Bu tələblərdə onların qeyri-kamil, səhvlərə meylli olduqları nəzərə alınır. Namizədlər haqqında rəy və təyinat verən ağsaqqallar Allah qarşısında ciddi məsuliyyət daşıyırlar (1 Timoteyə 3:1-10, 12, 13; Titusa 1:5-9). Bu səbəbdən onlar duada Allahdan müqəddəs ruhun köməyini diləyir və Allahın Kəlamında rəhbərlik axtarırlar (Həvarilərin işləri 6:2-4, 6; 14:23). Gəlin ‘imanda birliyə çatmağa’ kömək edən ‘insanlar timsalındakı hədiyyələrə’ görə minnətdar olaq (Efeslilərə 4:8 YD, 11-16).

12. Yehovanın teokratik təşkilatında qadınlara hansı yer ayrılıb?

12 Müqəddəs Yazılara əsasən yığıncaqlarda nəzarət işinə kişilər baxmalıdır. Bu heç də qadınları alçaltmır, belə ki, onlardan bəziləri səmavi Padşahlığın varisləridir. Həmçinin, təbliğ işinin çoxunu məhz qadınlar görür (Məzmur 68:11). Qadınlar həm də sədaqətlə ailələrinin qeydinə qalır və bununla yığıncağın adına şərəf gətirirlər (Titusa 2:3-5). Yığıncağa təlim vermək səlahiyyəti isə yalnız təyin olunmuş kişilərə məxsusdur (1 Timoteyə 2:12, 13, İ–93).

13. a) Müqəddəs Kitaba əsasən ağsaqqallar öz təyinatlarına necə yanaşmalıdırlar? b) Bizim hər birimiz hansı şərəfə layiq görülmüşük?

13 Bu dünyada vəzifəli adamlara böyük hörmət göstərilir. Lakin Allahın təşkilatında belə deyil. İsa demişdi: «Aranızda ən böyük olan ən kiçik kimi olsun» (Luka 9:46-48; 22:24-26). Müqəddəs Yazılarda ağsaqqallara Allahın mirasına ağalıq etmək yox, sürüyə nümunə olmaq tövsiyə edilir (1 Peter 5:2, 3). Kainatın Hökmdarını təmsil etmək, təvazökarcasına Onun adından danışmaq və hər yerdə Onun Padşahlığı haqqında insanlarla söhbət etmək şərəfinə yalnız az sayda seçilmiş adamlar deyil, Yehovanın Şahidlərinin hamısı, həm kişilər, həm də qadınlar layiq görülmüşlər.

14. Gətirilmiş ayələrin köməyi ilə abzasın sonundakı sualları araşdırın.

14 Biz özümüzdən soruşmalıyıq: Yehovanın Öz görünən təşkilatını necə idarə etdiyini həqiqətən qiymətləndirirəmmi? Bu mənim əhval-ruhiyyəmdən, danışığımdan, davranışımdan görünür? Növbəti fikirlər üzərində dərindən düşünməklə özümüzü yoxlaya bilərik.

Yığıncağın Başçısı Məsihə həqiqətən də tabe oluramsa, bu ayələrə əsasən nə edəcəyəm? (Matta 24:14; 28:19, 20; Yəhya 13:34, 35).

Qul sinfi və onun Rəhbərlik Şurası vasitəsilə verilən ruhani ənamları minnətdarlıqla qəbul edəndə kimə hörmət göstərirəm? (Luka 10:16).

Yığıncağın üzvləri, xüsusən də ağsaqqallar bir-biri ilə necə rəftar etməlidirlər? (Romalılara 12:10).

15. a) Yehovanın görünən təşkilatına münasibətimizlə nəyi göstəririk? b) İblisin yalançı olduğunu sübut etmək və Yehovanın ürəyini sevindirmək üçün əlimizdə hansı imkanlar var?

15 Yehova, Məsihin rəhbərlik etdiyi görünən təşkilatı vasitəsilə bizə yol göstərir. Bu təşkilata münasibətimizdən hökmranlıqla bağlı mübahisəli məsələdə kimin tərəfini tutduğumuz görünür (İbranilərə 13:17). Şeytan iddia edir ki, bizi özümüzdən başqa heç nə maraqlandırmır. Lakin əgər biz xidmətdə əlimizdən gələni edir və diqqəti özümüzə yönəltmiriksə, İblisin yalançı olduğunu sübut edirik. Əgər aramızda rəhbərliyi üzərinə götürən qardaşları sevib onlara hörmət ediriksə, eyni zamanda mənfəət xatirinə başqalarına ‘yaltaqlanmırıqsa’, Yehovanın ürəyini sevindiririk (Yəhuda 16; İbranilərə 13:7). Yehovanın təşkilatına sadiq qalmaqla isə göstəririk ki, Allahımız Yehovadır və Ona ibadətdə yekdilik (1 Korinflilərə 15:58).

Təkrar üçün suallar

• Bizim günlərdə Yehovanın görünən təşkilatı kimlərdən ibarətdir? Onun məqsədi nədir?

• Yığıncağın Başçısı kimdir və o hansı qurum vasitəsilə bizə məhəbbətlə rəhbərlik edir?

• Yehovanın təşkilatının üzvlərinə hansı düzgün münasibəti bəsləməliyik?

[133-cü səhifədəki şəkillər]

Yehova Məsihin rəhbərlik etdiyi görünən təşkilatı vasitəsilə bizə yol göstərir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş