Qoy yığıncaq inkişaf etsin
«Cəmiyyətlər [yığıncaqlar] salamat qalıb inkişaf edirdilər» (HƏVARİLƏRİN İŞLƏRİ 9:31).
1. Allahın yığıncağı ilə əlaqədar hansı suallar yaranır?
ERAMIZIN 33-cü ilinin Pentikost günündə Yehova Məsihin davamçılarını yeni xalq, «Allahın İsraili» kimi qəbul etdi (Qalatiyalılara 6:16). Ruhla məsh olunmuş bu məsihçilər həm də ‘Allahın cəmiyyəti [yığıncağı]’ oldular (1 Korinflilərə 11:22). Bəs bu nə deməkdir? Allahın yığıncağı necə təşkil olunacaqdı? Üzvlərinin müxtəlif yerlərdə yaşamasına baxmayaraq, onun fəaliyyət göstərməsi necə mümkün olacaqdı? Bunun bizim həyatımız və xoşbəxtliyimiz ilə nə əlaqəsi var?
2, 3. İsa yığıncaqda nizam-intizamın olacağını necə göstərdi?
2 Keçən məqalədə qeyd edildiyi kimi, İsa həvari Peterə: «Mən cəmiyyətimi [yığıncağımı] bu daşın [İsa Məsih] üzərində quracağam; və ölülər aləminin qapıları ona qalib gələ bilməyəcəkdir», — deyərək, məsh olunmuşların yığıncağının mövcud olacağını qabaqcadan söyləmişdi (Matta 16:18). Bundan savayı, İsa hələ həvariləri ilə olanda tezliklə qurulacaq yığıncağın fəaliyyəti və təşkil olunması ilə bağlı göstərişlər vermişdi.
3 İsa sözdə və əməldə göstərdi ki, yığıncaqda bə’ziləri rəhbərliyi öz üzərinə götürəcək. Onlar bunu öz yığıncaq üzvlərinə xidmət etməklə edəcəklər. Məsih demişdi: «Bilirsiniz ki, xalqlar arasında rəis sayılanlar onlara hökmdarlıq edərlər və ağaları üzərlərində hakimiyyət sürərlər. Sizin aranızda belə olmamalıdır. Lakin aranızda böyük olmaq istəyən, digərlərinin nökəri olsun; və aranızda birinci olmaq istəyən, digərlərinin qulu olsun» (Mark 10:42-44). Aydındır ki, Allahın yığıncağı bir-birindən təcrid olunmuş şəxslərdən ibarət, qarmaqarışıq deyil, üzvlərinin bir-biri ilə əməkdaşlıq və ünsiyyət etdiyi nizamlı quruluş olacaqdı.
4, 5. Biz haradan bilirik ki, yığıncaq ruhani tə’limə ehtiyac duyacaqdı?
4 Allahın həmin yığıncağının Başı olacaq İsa göstərmişdi ki, həvarilərinin və ondan tə’lim alan başqa adamların yığıncaqda müəyyən məs’uliyyəti olacaq. Onlar nə edəcəkdilər? Ən vacibi yığıncaq üzvlərinə ruhani tə’lim verəcəkdilər. Xatırlayırsınızsa, İsa diriləndən sonra başqa həvarilərin yanında Peterə demişdi: «Yunis oğlu Şimon, Məni... sevirsənmi?» Peter Ona dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı otar... Qoyunlarımı otar... Qoyunlarımı otar» (Yəhya 21:15-17). Çox ciddi tapşırıqdır!
5 İsanın sözlərindən görürük ki, yığıncağa toplaşan insanlar ağıldakı qoyunlarla müqayisə edilir. Bu qoyunları — məsihçi kişiləri, qadınları və uşaqları ruhani qida ilə tə’min etmək və onların qayğılarına layiqincə qalmaq lazım gələcəkdi. Üstəlik, İsa bütün davamçılarına insanlara tə’lim verib, şagird hazırlamağı tapşırdığından, yığıncağın hər yeni üzvü bu tapşırığı yerinə yetirmək üçün tə’lim almalı idi (Matta 28:19, 20).
6. Yenicə təşkil olunmuş Allahın yığıncağında hansı tədbirlər görülmüşdü?
6 Allahın yığıncağı təşkil olunanda onun üzvləri müntəzəm olaraq tə’lim almaq və bir-birini ruhlandırmaq üçün yığılırdılar: «Onlar, həvarilərin tə’limində və ünsiyyətində, çörək bölməkdə və dua etməkdə davam edirdilər» (Həvarilərin işləri 2:42, 46, 47). Digər diqqətəlayiq məqam odur ki, Müqəddəs Kitabın tələblərinə cavab verən bə’zi kişilər müəyyən məsələlərə baxmaq üçün tə’yin olunmuşdurlar. Onlar təhsilli və ya xüsusi bacarıqları olduğuna görə deyil, «Müqəddəs Ruh və hikmətlə dolu» olduqları üçün seçilmişdilər. Onlardan biri «Müqəddəs Ruh ilə dolu» olan Stefan idi. Yığıncağın təşkil olunması sayəsində «Allahın kəlamı vüs’ət alırdı və Yerusəlimdə şagirdlərin sayı xeyli artırdı» (Həvarilərin işləri 6:1-7).
Allahın seçdiyi kişilər
7, 8. a) Birinci əsrdə Yerusəlimdəki həvarilərin və ağsaqqalların vəzifəsi nədən ibarət idi? b) Yığıncaqlar vasitəsilə tə’lim veriləndə hansı nəticələr əldə edildi?
7 Bəli, birinci əsrdə yığıncaqda həvarilər rəhbərlik edirdilər, ancaq onlar tək deyildilər. Bir dəfə Pavel yol yoldaşları ilə Suriyadakı Antakyaya qayıdırdı. Həvarilərin işləri 14:27 ayəsində deyilir: «Oraya çatıb, cəmiyyəti [yığıncağı] topladıqları zaman, Allahın, onların vasitəsi ilə nələr etdiyini... nağıl etdilər». Onlar hələ həmin yığıncaqda ikən qeyri-yəhudi imanlıların sünnət edilməsinin lazım olub-olmadığı haqda sual qalxdı. Məsələni həll etmək üçün Pavel və Barnaba Yerusəlimdə rəhbərlik şurası kimi xidmət edən «həvarilərin və ağsaqqalların» yanına getdilər (Həvarilərin işləri 15:1-3).
8 ‘Həvarilər və ağsaqqallar bu məsələni müzakirə etmək üçün toplaşanda’ iclası İsanın həvari olmayan ögey qardaşı, məsihçi ağsaqqalı Yaqub aparırdı (Həvarilərin işləri 15:6). Məsələni hərtərəfli ölçüb-biçəndən sonra onlar müqəddəs ruhun köməyi ilə Allahın Kəlamına müvafiq qərar qəbul etdilər. Rəhbərlik şurası qərarı yazılı şəkildə yığıncaqlara göndərdi (Həvarilərin işləri 15:22-32). Məktubu alanlar onu qəbul edib yazılanlara əməl etdilər. Bunun nəticəsi nə oldu? Bacı-qardaşlar möhkəmlənib ruhlandılar. Müqəddəs Kitab deyir: «Beləliklə, cəmiyyətlər [yığıncaqlar] imanda qüvvət taparaq, gündən-günə sayca çoxalırdılar» (Həvarilərin işləri 16:5).
9. Müqəddəs Kitab tələblərinə cavab verən kişilər üçün Allahın Kəlamında hansı məs’uliyyətlər nəzərdə tutulur?
9 Bəs yığıncaqlar günbəgün necə fəaliyyət göstərirdi? Misal üçün, Krit adasında yerləşən yığıncaqlara nəzər salaq. Orada yaşayanların çoxu pis ad çıxarmış olsa da, bə’ziləri dəyişilib həqiqi məsihçi oldular (Titusa 1:10-12; 2:2, 3). Onlar müxtəlif şəhərlərdə yaşayırdılar, hamısı da Yerusəlimdə yerləşən rəhbərlik şurasından uzaq idi. Bu elə də böyük problem deyildi, çünki başqa yerlərdə olduğu kimi, Kritin də hər yığıncağında ‘ağsaqqallar’ tə’yin olunmuşdu. Bu qardaşların hamısı Müqəddəs Kitab tələblərinə cavab verirdilər. Ağsaqqal və ya nəzarətçilər «səhih tə’limlə təşviq və zidd gedənləri təkzib etməyə qadir» idilər (Titusa 1:5-9; 1 Timoteyə 3:1-7). Digər ruhən yetkin kişilər isə yığıncağa kömək etmək üçün yardımçı, yə’ni xidməti köməkçi tə’yin edilirdilər (1 Timoteyə 3:8-10, 12, 13).
10. Matta 18:15-17 ayələrinə əsasən, ciddi problemlər necə həll edilməli idi?
10 İsa belə bir quruluşun mövcud olacağını göstərmişdi. Gəlin Matta 18:15-17 ayələrinə nəzər salaq. Burada deyilir ki, hərdən Allahın iki xidmətçisi arasında problem yarana bilər. Onlardan biri digərinə qarşı günah işlədəndə, zərər çəkən tərəf o birisinə yaxınlaşıb onu təklikdə ‘ifşa etməlidir’. Bu addımla problem həll olunmursa, məsələdən xəbəri olan bir və ya iki nəfəri köməyə çağırmaq olar. Bundan sonra da məsələ həll olunmamış qalsa, onda necə? İsa dedi: «Əgər onların sözünə baxmaq istəməzsə, cəmiyyətə [yığıncağa] söylə. Və əgər cəmiyyətin [yığıncağın] də sözünə baxmaq istəməzsə, qoy o sənin üçün bir bütpərəst və vergiyığan kimi olsun». İsa bunu deyən vaxtı yəhudilər hələ də Allahın yığıncağı idilər, ona görə də bu sözlər əvvəlcə onlara aid idia. Ancaq məsihçi yığıncağının əsası qoyulandan sonra, İsanın göstərişi orada tətbiq olunacaqdı. Bu digər sübutdur ki, hər məsihçinin möhkəmlənməsi və rəhbərlik alması üçün Allahın xalqının yığıncağı olmalıdır.
11. Problemləri həll etməkdə ağsaqqalların rolu nədən ibarət idi?
11 Buna müvafiq olaraq, problemlər yarananda və ya kimsə günah işlədəndə yığıncağı ağsaqqallar və ya nəzarətçilər təmsil etməli idilər. Bu, Titusa 1:9 ayəsindəki ağsaqqallar üçün olan tələblərə müvafiqdir. Düzdür, ağsaqqallar qeyri-kamil idilər. Məsələn, onlardan biri də ‘natamam işləri görüb qurtarmaq’ üçün Pavelin yığıncaqlara göndərdiyi Titus idi (Titusa 1:4, 5). Bu gün qardaşların ağsaqqal tə’yin olunması üçün onların əvvəlcə öz iman və sədaqətlərini müəyyən vaxt ərzində sübut etmələri gərəkdir. Buna görə də yığıncaq üzvlərinin ağsaqqallar vasitəsilə verilən rəhbərliyə e’tibar etməyə tam əsasları vardır.
12. Ağsaqqallar yığıncaq qarşısında hansı məs’uliyyəti daşıyırlar?
12 Efes yığıncağındakı ağsaqqallara Pavel demişdi: «Özünüzə və bütün sürüyə diqqət edin. Müqəddəs Ruh sizi o sürünün içində nəzarətçi tə’yin etmişdir ki, Rəbbin və Allahın cəmiyyətini [yığıncağını], Öz qanı bahasına əldə etdiyi cəmiyyəti [yığıncağı] güdəsiniz» (Həvarilərin işləri 20:28). Bu gün də yığıncaq nəzarətçiləri Allahın yığıncağını ‘güdməyə’, yə’ni onun qayğısına qalmağa tə’yin olunurlar. Onlar bunu zalımlıqla deyil, məhəbbətlə etməlidirlər (1 Peter 5:2, 3). Nəzarətçilər ‘bütün sürünü’ inkişaf etdirməyə və ona kömək etməyə çalışmalıdırlar.
Yığıncağa bağlı qalın
13. Vaxtaşırı yığıncaqda nə baş verə bilər və nə üçün?
13 Ağsaqqallar və ümumiyyətlə yığıncaq üzvlərinin hamısı qeyri-kamil olduğundan, həvarilərin bə’ziləri hələ sağ ikən olduğu kimi, vaxtaşırı anlaşılmazlıqlar və problemlər baş qaldıra bilər (Filipililərə 4:2, 3). Ağsaqqal və ya başqası elə söz işlədə bilər ki, bizə kobud, qaba və ya həqiqətə uyğun olmayan kimi görünər. Yaxud da bizə elə gələ bilər ki, yığıncaqda Müqəddəs Kitaba zidd bir şey baş verir, ancaq ağsaqqalların bundan xəbəri olsa da, heç bir tədbir görmürlər. Bəlkə də məsələ Müqəddəs Yazıların və bizim bilmədiyimiz faktların əsasında həll olunub və ya olunmaqdadır. Ancaq vəziyyət bizim düşündüyümüz kimi olsa belə, bir şeyi yadda saxla: Yehovanın qayğısına qaldığı Korinf yığıncağında bir müddət ciddi günaha yol verilirdi. Yehova öz vaxtında məsələni düz və birdəfəlik həll etdi (1 Korinflilərə 5:1, 5, 9-11). Özümüzə sual verək: «Əgər o vaxt Korinfdə yaşasaydım, bu halda nə edərdim?»
14, 15. Bə’ziləri nəyə görə İsanı tərk etmişdilər və bundan hansı ibrət dərsi alırıq?
14 Başqa bir vəziyyətə nəzər salaq. Təsəvvür edək ki, kiməsə Müqəddəs Kitabın hansısa tə’limini başa düşüb, qəbul etmək çətindir. Bəlkə də bu adam, cavab tapmaq üçün Müqəddəs Kitabı və nəşrlərimizi araşdırıb, yetkin məsihçilərə, hətta ağsaqqallara belə müraciət edib. Bununla belə, o, yenə də sualı başa düşüb qəbul etməkdə çətinlik çəkir. Bəs o nə etsin? Buna bənzər hadisə İsanın ölümündən bir qədər əvvəl baş vermişdi. O özünü ‘həyat çörəyi’ adlandıraraq demişdir ki, əbədi yaşamaq üçün ‘İnsan Oğlunun ətini yeyib, qanını içmək’ lazımdır. Onun sözləri şagirdlərinin bə’zilərini ürəklərinin dərinliyinə kimi sarsıtdı. Yaxınlaşıb soruşmaq və ya imanla gözləmək əvəzinə, bir çox şagirdlər ‘artıq [İsa ilə] gəzmədilər’ (Yəhya 6:35, 41-66). Yenə də sual yaranır: biz orada olsaydıq nə edərdik?
15 Bizim günlərdə bə’ziləri Allaha təkbaşına xidmət etməyi qərara alaraq yığıncağı tərk etmişlər. Belələri deyirlər ki, kimsə onların xətrinə dəyib, yığıncaqda kiminsə ciddi səhvini düzəltmirlər və ya hansısa tə’limlə razı deyillər. Bu nə dərəcədə düzgün hərəkətdir? Bəli, hər məsihçinin Allahla şəxsi münasibəti olmalıdır, lakin inkar edə bilmərik ki, Allah həvarilərin dövründəki kimi, indi də ümumdünya yığıncaqdan istifadə edir. Üstəlik, Yehova birinci əsrdə ağsaqqallar və xidməti köməkçiləri yığıncağa kömək etmək üçün tə’yin edərək yığıncaqlara xeyir-dua verirdi. Eyni şeyi bizim günlər haqqında da demək olar.
16. Yığıncağı tərk etmək fikrinə düşən nəyi yadda saxlamalıdır?
16 Əgər məsihçi yalnız özünün Allahla olan münasibətlərinə güvənirsə, o, Allahın quruluşundan — ümumdünya və yerli yığıncaqdan üz döndərir. Belə adam Allaha təkbaşına ibadət etməyə və ya yalnız bir neçə nəfərlə ünsiyyət etməyə davam edə bilər, ancaq belə etdikdə o, ağsaqqalları və xidməti köməkçiləri haradan tapacaq? Diqqətəlayiqdir ki, Pavel Kolosdakı yığıncağa məktubunda Məsihdə ‘kök salıb, inkişaf etməkdən’ danışırdı. Sonra bu məktub Laodikiya yığıncağında oxunmalı idi. Yığıncaqdan ayrılanlar deyil, ona bağlı qalanlar bundan faydalana biləcəkdilər (Koloslulara 2:6, 7; 4:16).
Həqiqətin dirəyi və əsası
17. 1 Timoteyə 3:15 ayəsi yığıncaq haqqında nəyi öyrədir?
17 Həvari Pavel məsihçi ağsaqqalı Timoteyə ilk məktubunda ağsaqqal və xidməti köməkçilər üçün tələbləri sadaladı. Sonra o, «yaşayan Allahın cəmiyyəti»nin, yə’ni yığıncağın «həqiqətin dirəyi və əsası» olduğunu dedi (1 Timoteyə 3:15). Məsh olunmuşların yığıncağı, sözsüz ki, birinci əsrdə həqiqətin dayağı idi. Həqiqət yığıncaqda öyrədildiyi üçün hər məsihçi onu, əsas e’tibarilə, orada eşidib imanını möhkəmləndirə bilərdi.
18. Yığıncaq görüşləri nə üçün vacibdir?
18 Ümumdünya məsihçi yığıncağı da Allahın evi, «həqiqətin dirəyi və əsası»dır. Allahla münasibətlərimizi möhkəmləndirməkdə və Onun iradəsini yerinə yetirməyi öyrənməkdə öz yığıncağımızın görüşlərinə müntəzəm gəlib, orada iştirak etmək vacib rol oynayır. Korinfdəki yığıncağa məktub yazarkən Pavel diqqəti həmin görüşlərdə deyilənlərə yönəltdi. O istəyirdi ki, görüşlərdə iştirak edənlərin ‘inkişaf etməsi’ üçün orada deyilənlər aydın və başadüşülən olsun (1 Korinflilərə 14:12, 17-19). Əgər Yehova Allahın yığıncaqlardan istifadə etdiyini və ona dayaq olduğunu qəbul ediriksə, biz də inkişaf edəcəyik.
19. Sən nəyə görə yığıncağına minnətdarsan?
19 Bəli, əgər biz məsihçi kimi inkişaf etmək istəyiriksə, yerimiz yığıncaqdadır. Artıq uzun müddətdir ki, o, yalan tə’limlərdən sığınacaqdır və Yehova Padşahlıq haqqında xoş xəbərin bütün dünyada təbliğ olunması üçün ondan istifadə edir. Şübhə yoxdur ki, Yehova məsihçi yığıncağının vasitəsilə çox şey həyata keçirmişdir (Efeslilərə 3:9, 10).
[Haşiyə]
a Müqəddəs Kitab alimi Albert Barnzın sözlərinə görə, İsanın «yığıncağa söylə» göstərişi «belə məsələləri araşdırmağa səlahiyyəti çatanları — kilsənin nümayəndələrini» nəzərdə tuta bilərdi. Yəhudi sinaqoqunda hakim kimi xidmət edən və belə məsələlərə baxan ağsaqqallar var idi.
Xatırlayırsınızmı?
• Nə üçün məntiqəuyğundur ki, Allah yığıncaqlardan istifadə edəcəkdi?
• Qeyri-kamil olduqlarına baxmayaraq, ağsaqqallar yığıncaq üçün nə edirlər?
• Sənin inkişaf etməyində aid olduğun yığıncaq hansı rolu oynayır?
[14-cü səhifədəki şəkil]
Yerusəlimdəki həvarilər və ağsaqqallar rəhbərlik şurası kimi xidmət edirdilər.
[16-cı səhifədəki şəkil]
Ağsaqqallar və xidməti köməkçilər yığıncaqdakı məs’uliyyətlərini yerinə yetirmək üçün tə’lim alırlar.