Fəsil 20
Yehovanın gününü yaddaşınızda möhkəm saxlayın
1. Köhnə dünyanın ağrı-acısından azad olacağını ilk dəfə öyrəndikdə hansı hissləri keçirtdin?
MÜQƏDDƏS KİTABDAN öyrəndiyin ilk mövzulardan biri Yehovanın bütün yer üzünü Cənnətə çevirmək niyyətidir. Yeni dünyada müharibə, cinayətkarlıq, yoxsulluq, xəstəlik, əzab-əziyyət və ölüm olmayacaq. Hətta ölülər də diriləcək. Necə də heyrətamiz bir ümiddir! Bütün bunlar çox tezliklə olacaq, çünki faktlar Məsihin Padşah kimi gözlə görünməz iştirakının 1914-cü ildə başladığını və o vaxtdan bəşəriyyətin bu pis dünyanın axır günlərində yaşadığını göstərir. Axır günlərin sonunda Yehova pis sistemi məhv edib vəd etdiyi yeni dünyanı quracaq!
2. «Yehovanın günü» nədir?
2 Müqəddəs Kitab yaxınlaşan məhv vaxtını «Yehovanın günü» adlandırır (2 Peter 3:10, YD). Həmin «gün» Yehovanın bütün şeytan sisteminə qarşı ‘qəzəb günüdür’ (Sefanya 2:3). «Yehovanın günü» «dünyanın bütün hökmdarlarının» məhv ediləcəyi, ibranicə Har-Megidon adlanan Küll-İxtiyar Allahın böyük günündə baş verəcək müharibədə son həddinə çatacaq (Vəhy 16:14, 16). Sənin həyat tərzin «Yehovanın gününün» yaxında olmasına əmin olduğunu nümayiş etdirirmi? (Sefanya 1:14-18; Yeremya 25:33).
3. a) Yehovanın günü nə vaxt gələcək? b) «O günü, o saatı» bilməməyimiz hansı cəhətdən faydalıdır?
3 Müqəddəs Kitab İsa Məsihin, şeytan sistemi üzərində Yehovanın hökmünün İcraçısı kimi fəaliyyətə başlayacağı dəqiq vaxtı bildirmir. İsa demişdi: «O günü, o saatı nə göydəki mələklər, nə də Oğul bilir; Atadan başqa heç kim bilmir» (Mark 13:32). Yehovanı ürəkdən sevməyənlər dünyəvi şeylərin izinə düşərək bu günü xəyallarında təxirə salacaqlar. Amma Yehovanı həqiqətən sevənlər, bu pis sistemin sonunun nə vaxt gələcəyindən asılı olmayaraq Ona səmimi qəlbdən xidmət edəcəklər (Məzmur 37:4; 1 Yəhya 5:3).
4. İsa hansı xəbərdarlığı etdi?
4 İsa Yehovanı sevənlərə xəbərdarlıq etdi: «Diqqətli və oyaq olun!... Çünki o vaxtın nə zaman gələcəyini bilməzsiniz» (Mark 13:33-37). O, diqqətimizi yeməyə, içməyə və «həyatın qayğılarına» cəmləşdirərək hansı zəmanədə yaşadığımızı unutmamağa çağırırdı (Luka 21:34-36; Matta 24:37-42).
5. Yehovanın günündə nələrin olacağını Peter necə izah edir?
5 Peter də Yehovanın gününü yadda möhkəm saxlamağı tövsiyyə etmişdi. «O günün zühuru ilə göylər yanaraq yox olacaq və ünsürlər yüksək hərarətlə əriyəcəklər». «Göylər» yəni bütün insan hakimiyyətləri məhv ediləcək. Həmin vaxt «yer» — ümumilikdə pis insan cəmiyyəti və «ünsürlər», yəni bu pis dünyaya məxsus Allahdan sərbəst olmaq ruhu, əxlaqsızlıq, var-dövlət hərisliyi kimi baxışlar və işlər də yox ediləcək. Bunları ‘salehlik ömür sürən’ «yeni göylər [Allahın Səmavi Padşahlığı] və yeni yer [yer üzündəki yeni cəmiyyət]» əvəz edəcək (2 Peter 3:10-13). Dünyanı kökündən dəyişəcək hadisələr heç gözləmədiyimiz gündə və saatda qəfildən başlayacaq (Matta 24:44).
Əlamətin icrasını diqqətlə izləyin
6. a) Şagirdlərinin sualına İsanın verdiyi cavabda deyilənlər yəhudi sistemi üzərində hansı miqyasda yerinə yetdi? b) İsanın cavabının hansı hissələri diqqəti 1914-cü ildən sonrakı hadisələrə və baxışlara cəmləşdirir?
6 Hansı dövrdə yaşadığımızı nəzərə alaraq biz axır günlərin, yəni bu sistemin sonunu bildirən mürəkkəb tərkibli əlaməti təfsilatı ilə öyrənməliyik. Qeyd edək ki, şagirdlərin Matta 24:3 ayəsində yazılmış sualına İsanın (4-22 ayələr) verdiyi cavabdakı hadisələrdən bəziləri eramızın 33-cü ilindən 70-ci ilinə qədərki müddətdə yəhudi sistemi üzərində kiçik miqyasda yerinə yetmişdir. Bu peyğəmbərliyin əsas icrası isə 1914-cü ildən başlayan Məsihin «iştirakı və sistemin sonu» (YD) dövrünə düşür. Matta 24:23-28 ayələrində eramızın 70-ci ilindən başlayaraq, bütünlüklə Məsihin iştirakını da daxil edən bir dövr ərzindəki hadisələrdən söhbət gedir. Matta 24:29–25:46 ayələrində yazılanlar isə sistemin sonunda baş verir.
7. a) Nə üçün hər birimiz indiki vəziyyətdə əlamətin necə yerinə yetdiyini izləməliyik? b) Abzasın sonunda gətirilmiş suallara cavab verərkən əlamətin 1914-cü ildən bu yana necə yerinə yetməsi üzərində düşün.
7 Hər birimiz əlaməti yerinə yetirən hadisələri və baxışları diqqətlə izləməliyik. Müşahidələrimizi Müqəddəs Kitab peyğəmbərlikləri ilə tutuşdurmaq Yehovanın gününü yadda möhkəm saxlamağa kömək edəcək. Eyni zamanda başqalarını bu günün yaxın olmasından xəbərdar edərkən sözlərimiz inandırıcı olacaq (Yeşaya 61:1-3). Bu məqsədləri fikrimizdə tutaraq diqqəti Luka 21:10, 11 ayələrindəki əlamətin tərkib hissələrinə yönəldən sualları müzakirə edək.
«Xalq xalqa, dövlət dövlətə qarşı qalxacaq» peyğəmbərliyi 1914-cü ildən başlayaraq necə yerinə yetir? Müharibələri götürsək o vaxtdan bəri nə baş verir?
1918-ci ildə baş qaldırmış hansı «qırğın», yəni epidemiya Birinci Dünya müharibəsində həlak olanlardan daha çox insan həyatına son qoydu? (Bax: «Oyaq durun!» broşürası, səhifə 4, abzas 4). Tibb sahəsindəki yüksək irəliləyişə baxmayaraq, hansı xəstəliklər milyonların ölümünə səbəb olur?
Axırıncı yüzillikdəki elmi nailiyyətlər yer üzündə ərzaq çatışmamazlığını aradan qaldırmışdırmı?
2 Timoteyə 3:1-5 və 13 ayələri dünyanın həmişə belə olmadığını, son yaxınlaşdıqca vəziyyətin get-gedə pisləşdiyini göstərdiyinə səni nə inandırır?
İnsanlar arasında gedən ayrılma
8. a) Matta 13:24-30, 36-43 ayələrində təsvir edilən daha hansı hadisələri İsa bu sistemin sonu ilə əlaqələndirmişdi? b) İsanın çəkdiyi məsəlin mənası nədir?
8 İsa başqa mühüm hadisələri də sistemin sonu ilə əlaqələndirmişdi. Onlardan biri «Səltənətin oğullarının» «şeytanın oğullarından» ayrılmasıdır. İsa bu haqda yaxşı toxum və dəlicə buğda məsəlində danışmışdı. Məsəldə deyilir ki, bir düşmən yaxşı toxum əkilmiş zəmiyə dəlicə buğda səpir. «Yaxşı toxum» sadiq məsh olunmuş məsihçiləri təmsil edir. «Dəlicə buğda» isə özlərini İsanın davamçısı adlandıran, əslində İblisin idarə etdiyi dünyadan möhkəm yapışaraq «şeytanın oğulları» olduqlarını göstərən adamlardır. Onlar «Səltənətin oğullarından» ayrılır və məhv nişanı alırlar (Matta 13:24-30, 36-43). Bu ayrılma həqiqətən baş veribmi?
9. a) Birinci Dünya müharibəsindən sonra, özünu məsihçi adlandıranlar arasında hansı böyük ayrılma baş verdi? b) Məsh olunmuş məsihçilərin Padşahlığın əsl xidmətçiləri olduqları nədən aydın oldu?
9 Birinci Dünya müharibəsindən sonra özlərini Məsihin davamçıları adlandıranların hamısı iki sinfə bölündü: 1) Millətlər Cəmiyyətini (indi Birləşmiş Millətlər Təşkilatı) qətiyyətlə dəstəkləyən, eyni zamanda milli maraqlarını güdən Xristian dünyasının ruhanilərinə və onların davamçılarına, 2) bu dünyanın millətlərini deyil, bütövlüklə Allahın Padşahlığını dəstəkləyən, müharibədən sonrakı dövrün həqiqi məsihçilərinə (Yəhya 17:16). Onlar ‘Səmavi Səltənət haqqındakı Müjdəni’ bütün yer üzündə təbliğ etməklə Allahın Padşahlığının əsl xidmətçiləri olduqlarını sübut etdilər (Matta 24:14). Bunun nəticəsi nə oldu?
10. Padşahlıq haqqında təbliğin ilk bəhrəsi nə oldu?
10 Əvvəlcə, İsa ilə səmavi Padşahlıqda olmağa ümid edən, Allahın ruhu ilə məsh olunmuş məsihçilərin qalığı toplandı. Müxtəlif xalqlardan olan bu məsihçilər bir təşkilatda birləşdilər. Məsh olunmuşların möhürlənməsi tezliklə başa çatacaq (Vəhy 7:3, 4).
11. İndi hansı yığım davam edir və bu iş hansı peyğəmbərliklə əlaqədardır?
11 Sonra Məsihin başçılığı altında ‘hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan böyük izdihamın’ toplanması başlandı. «Başqa qoyunlar» sinfinə aid olan bu adamlar «böyük məşəqqət»də sağ qalıb Allahın yeni dünyasına girəcəklər (Vəhy 7:9, 14; Yəhya 10:16). Son gələnə kimi görüləcək Allahın Padşahlığının təbliği işi bizim dövrdə də davam edir. Hal-hazırda başqa qoyunların milyonlardan ibarət böyük izdihamı, Padşahlıq haqqında xilasedici xəbəri təbliğ etməkdə məsh olunmuşların qalığına sədaqətlə kömək edir. Bu xəbər bütün xalqlara çatdırılır.
Qarşıda nə gözlənilir?
12. Yehovanın günü gələnədək təbliğlə bağlı nə qədər iş görülməlidir?
12 Yuxarıda sadalanan faktlar son günlərin axırında yaşadığımızı və Yehovanın gününün yaxında olduğunu göstərir. Bəs bu dəhşətli gün başlayanadək icrası gözlənilən digər peyğəmbərliklər varmı? Bəli, var. Birincisi, insanların Padşahlığa qarşı münasibətinə görə ayrılması hələ qurtarmayıb. İllərlə təbliğ işinə güclü müqavimət göstərilən bəzi yerlərdə indi yeni şagirdlərin sayı get-gedə artır. Hətta xoş xəbər qəbul edilməyən yerlərdə belə biz şahidlik edəndə Yehovanın mərhəməti təzahür olunur. Ona görə bu işi əzmlə görməyə davam edin! İsa bizi əmin edir ki, bu iş başa çatdıqda son gələcək.
13. 1 Saloniklilərə 5:2, 3 ayələrinə əsasən, hansı diqqətəlayiq hadisə olmalıdır və bu bizim üçün nə məna kəsb edəcək?
13 Digər mühüm Müqəddəs Kitab peyğəmbərliyində bildirilir: «İnsanlar: “Sülh və təhlükəsizlik”, — deyəndə qəflətən hamilə qadını doğuş ağrıları tutduğu kimi, onlar da həlaka uğrayacaq və qətiyyən xilas olmayacaqlar» (1 Saloniklilərə 5:2, 3). «Sülh və təhlükəsizlik» bildirişinin necə elan ediləcəyini zaman göstərəcək. Lakin bu dünya liderlərinin bəşəriyyət qarşısında duran problemləri həqiqətən həll edəcəklərini qətiyyən bildirmir. Yehovanın gününü yaddaşlarında möhkəm tutanlar bu bildirişə aldanmayacaqlar. Onlar bilirlər ki, bundan dərhal sonra qəflətən bu sistemin məhvi gələcək.
14. Böyük məşəqqət ərzində hansı hadisələr və hansı ardıcıllıqla baş verəcək?
14 Böyük məşəqqətin başlanğıcında hakimiyyət sahibləri ümumdünya yalan din imperiyası Böyük Babilə qarşı qalxıb onu məhv edəcəklər (Matta 24:21; Vəhy 17:15, 16). Bunun ardınca xalqlar Yehovanın hökmranlığının tərəfini tutanlara qarşı çıxacaqlar. Bu, Yehovanın qəzəbinə səbəb olacaq və O, siyasi hakimləri və onların tərəfdarlarını tamamilə məhv edəcək. Bu hadisə böyük məşəqqətin son həddi olan Har-Megidonda baş verəcək. Sonra Şeytan öz cin mələkləri ilə dibsiz dərinliyə salınacaq və onlar artıq insanlara təsir göstərə bilməyəcəklər. Beləliklə Yehovanın adı yüksələcək (Yezekel 38:18, 22, 23; Vəhy 19:11–20:3).
15. Yehovanın gününün hələ çox uzaqda olduğunu düşünmək nə üçün ağılsızlıq olardı?
15 Allahın təyin etdiyi dəqiq vaxtda bu sistem öz sonuna yetəcək. Son gecikməyəcək (Habaqquq 2:3). Yadımıza salaq ki, eramızın 70-ci ilində Yerusəlimin darmadağın edilməsi qəfildən, yəhudilərin gözləmədiyi, təhlükənin sovuşduğunu düşündükləri anda baş vermişdi. Bəs qədim Babil haqda nə demək olar? Babil qala divarları ilə əhatə edilmiş qüdrətli, dünyaya hökm edən bir şəhər idi. Amma o bir gecədə yıxıldı. İndiki pis sistem də məhz bu cür, birdən-birə məhv ediləcək. Gəlin Yehovanın gününü yaddaşımızda möhkəm tutaq ki, o gün gələndə biz həqiqi ibadətdə yekdil olaq.
Təkrar üçün suallar
• Yehovanın gününü yaddaşımızda möhkəm saxlamaq nəyə görə vacibdir? Bunu necə edə bilərik?
• İndi insanlar arasında gedən ayrılma bizə necə təsir edir?
• Yehovanın günü başlamazdan əvvəl daha nələr baş verməlidir? Bununla bağlı biz nə etməliyik?
[180, 181-ci səhifələrdəki şəkillər]
Şeytan sisteminin yox ediləcəyi axır günlər başa çatmaq üzrədir