Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bh fəs. 9 s. 86—95
  • «Axır günlərdə»mi yaşayırıq?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Axır günlərdə»mi yaşayırıq?
  • Müqəddəs Kitab əslində nə öyrədir?
  • Başlıqlar
  • Oxşar material
  • GÖYDƏ MÜHARİBƏ
  • AXIR GÜNLƏRİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ
  • AXIR GÜNLƏRDƏ İNSANLAR NECƏ OLACAQLAR?
  • SEVİNMƏK ÜÇÜN SƏBƏBLƏR
  • SİZ NECƏ DAVRANACAQSINIZ?
  • Dünyanın sonu
    Müqəddəs Kitab təlimləri
  • “Axır günlərdə” yaşadığımızı haradan bilirik?
    Allah həqiqətən də bizim qeydimizə qalırmı?
  • Allahın niyyəti tezliklə yerinə yetəcək
    Həyatın mənası nədədir? Onu necə tapmaq olar?
  • Axırzamanda yaşayırıq?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə
Müqəddəs Kitab əslində nə öyrədir?
bh fəs. 9 s. 86—95

Fəsil 9

«Axır günlərdə»mi yaşayırıq?

  • Dövrümüzün hansı səciyyəvi xüsusiyyətləri Müqəddəs Kitabda qabaqcadan xəbər verilmişdi?

  • «Axır günlərdə» insanların necə olacaqlarına dair Allahın Kəlamında nə deyilir?

  • Müqəddəs Kitaba əsasən, «axır günlərdə» sevinmək üçün hansı səbəblər olacaq?

1. Gələcəkdə nələr baş verəcəyini haradan öyrənə bilərik?

HƏR DƏFƏ televizorda xəbərlərə baxdıqdan sonra, yəqin ki, siz özünüzdən soruşursunuz: «Bu dünyanın axırı necə olacaq?» Qəflətən və gözlənilmədən elə bədbəxt hadisələr baş verir ki, sabah nə olacağını heç kim bilmir (Yaqub 4:14). Lakin gələcəkdə nələr baş verəcəyini Yehova bilir (Yeşaya 46:10). O Öz Kəlamı olan Müqəddəs Kitabda yalnız bizim günlərdə baş verən dəhşət və iztirablar haqqında yox, həmçinin yaxın gələcəkdə insanları gözləyən xeyir-dualar haqqında da qabaqcadan xəbər vermişdir.

2, 3. Şagirdləri İsadan nə soruşdular və o, nə cavab verdi?

2 İsa Məsih pisliyi yox edəcək və yer üzünü Cənnətə çevirəcək Allahın Padşahlığı haqqında danışırdı (Luka 4:43). İnsanlar bu Padşahlığın nə vaxt gələcəyini bilmək istəyirdilər. Bir dəfə şagirdləri İsadan soruşdular: «Sənin gəlişinə [«iştirakına», YD] və dövrün sonuna əlamət nə olacaq?» (Matta 24:3). İsa cavabında bildirdi ki, bu sistemin sonunun nə vaxt olacağını yalnız Yehova Allah bilir (Matta 24:36). İsa şagirdlərinə sonun nə zaman gələcəyini dəqiq deməsə də, Padşahlığın bəşəriyyətə əsl sülh və təhlükəsizlik gətirməsindən bir az əvvəl yer üzündə baş verəcək hadisələrdən xəbər verdi. Həmin peyğəmbərliklər bizim günlərdə yerinə yetir.

3 Buna əmin olmazdan əvvəl, gəlin göylərdə baş verən bir müharibəni nəzərdən keçirək. Bu müharibəni insanlardan heç kim görməsə də, onun nəticəsi hamıya tə’sir edir.

GÖYDƏ MÜHARİBƏ

4, 5. a) İsa Padşah olduqdan tez sonra göydə nə baş verdi? b) Vəhy 12:12 ayəsinə əsasən, göydəki müharibə nəyə gətirib çıxardı?

4 Əvvəlki fəsildən öyrəndik ki, İsa Məsih 1914-cü ildə göydə Padşah oldu (Daniel 7:13, 14). İsa padşahlıq hakimiyyəti aldıqdan sonra fəaliyyətə başladı. Müqəddəs Kitabda deyilir: «Göydə müharibə oldu. Mikayıl [İsa] və onun mələkləri əjdaha [Şeytan İblis] ilə vuruşdular. Əjdaha və onun mələkləri onlara qarşı döyüşdülər»a. Şeytan və onun pis mələkləri məğlub oldular və yerə atıldılar. Göylər pis tə’sirdən təmizlənən zaman Allahın sadiq ruhani oğulları necə də sevinirdilər! Ancaq bu sevinc insanlara nəsib olmadı. Müqəddəs Kitabda deyilir: «Yerə... vay olsun! Çünki iblis, vaxtının az olduğunu bilərək, böyük qəzəblə yanınıza endi» (Vəhy 12:7, 9, 12).

5 Bu müharibənin nəyə gətirib çıxardığına diqqət yetirin: o andan e’tibarən Şeytan yer üzündə yaşayanların hamısını qəzəblə fəlakətə düçar edir. Bu fəsildən görəcəyimiz kimi, bunlar məhz bizim günlərdə baş verir. Lakin qurtuluş yaxındır. «Vaxtının az olduğunu» Şeytanın özü də bilir. Müqəddəs Kitabda bu dövr ‘axır günlər’ adlanır (2 Timoteyə 3:1). Tezliklə Allahın yer üzünü İblisin tə’sirindən azad edəcəyini bilmək necə də təsəllivericidir! Gəlin bizim günlərdə Müqəddəs Kitabın hansı peyğəmbərliklərinin yerinə yetdiyini nəzərdən keçirək. Bu peyğəmbərliklər axır günlərdə yaşadığımızı və tezliklə Allahın Padşahlığının Yehovanı sevənlərə sonsuz xeyir-dualar bəxş edəcəyini sübut edir. İsa bizim dövrə öz tə’sirini göstərəcək əlamətdən bəhs etmişdi. Əvvəlcə gəlin bu əlamətin dörd səciyyəvi xüsusiyyətini müzakirə edək.

AXIR GÜNLƏRİN SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ

6, 7. İsanın müharibələr və qıtlıqlar haqqındakı sözləri bu gün necə yerinə yetir?

6 «Xalq xalqa, dövlət dövlətə qarşı qalxacaq» (Matta 24:7). Son yüz il ərzində müharibələrdə milyonlarla insan həlak olmuşdur. Britaniyalı bir tarixçi qeyd etmişdir: «XX əsr bəşər tarixində ən qanlı əsr olmuşdur. [...] Arabir qısamüddətli sakitlik dövrlərini nəzərə almasaq, bu əsr sonsuz müharibələr əsri olmuşdur». Dünya hadisələrini araşdıran bir institutun hesabatında deyilir: «Təkcə XX əsrdə baş verən müharibələrin qurbanları, eramızın əvvəlki yüzilliklərində ölənlərin sayından üç dəfə çoxdur» («Worldwatch Institute»). 1914-cü ildən e’tibarən hərbi toqquşmalarda 100 milyondan çox insan həyatını itirmişdir. Müharibədə əzizini itirməyin nə qədər ağır olduğunu başa düşsək də, əzizləri müharibədə həlak olan milyonlarla insanın keçirdiyi ağrı-acını təsəvvür edə bilmərik.

Scenes of the last days: a bomb exploding, a malnourished child, a war plane, a person trapped after an earthquake

7 «Qıtlıqlar... olacaqdır» (Matta 24:7). Tədqiqatların göstərdiyi kimi, son 30 il ərzində qida məhsullarının istehsalı olduqca artmışdır. Bununla belə, insanlar aclıq çəkir, çünki ərzaq almağa pulları, yaxud da məhsul yetişdirmək üçün torpaq sahələri yoxdur. İnkişaf etməkdə olan ölkələrdə milyarddan çox insan gün ərzində bir dollara və ya daha az məbləğə yaşamaq məcburiyyətindədir. Bu insanların əksəriyyəti aclıq içində yaşayır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, hər il beş milyondan çox uşaq əsas e’tibarilə aclıqdan ölür.

8, 9. İsanın zəlzələlər və qırğınlar haqqında dediyi sözlərin yerinə yetdiyi nədən görünür?

8 «Güclü zəlzələlər... olacaqdır» (Luka 21:11). ABŞ-ın Geoloji xidmət orqanının hesabatına əsasən, 1990-cı ildən e’tibarən hər il orta hesabla, binaların zədələnməsinə və torpaqda çatların əmələ gəlməsinə səbəb olan 17 güclü zəlzələ baş verir. Bundan əlavə, demək olar ki, hər il binaların tamamilə dağılmasına yol açan zəlzələlər olur. Başqa bir mənbədə deyilir: «Son 100 il ərzində zəlzələlər yüz minlərlə insanın həyatına son qoymuşdur. Müasir texnologiya isə ölənlərin sayını azalda bilməmişdir».

9 «Qırğınlar... olacaqdır» (Luka 21:11). Tibbi nailiyyətlərə baxmayaraq, dünyada yeni xəstəliklər yaranır, köhnələr isə get-gedə şiddətlənir. Bir hesabatda deyildiyi kimi, son on il ərzində vərəm, malyariya, vəba kimi yaxşı tanış olan 20 xəstəlik növü geniş yayılmışdır və onlardan bə’ziləri ilə dərmanların köməyilə mübarizə aparmaq get-gedə çətinləşir. Ən azı 30-a yaxın yeni xəstəlik ortaya çıxmışdır. Onların bir çoxu müalicəolunmaz və hətta ölümcül xəstəliklərdir.

AXIR GÜNLƏRDƏ İNSANLAR NECƏ OLACAQLAR?

Axır günlərin təsviri: xəstə adam, pul və kefçəkməyi sevən, ailə problemləri, müharibədə iştirak edən əsgərlər

10. 2 Timoteyə 3:1-5 ayələrində qabaqcadan xəbər verildiyi kimi, bu gün insanlara hansı xüsusiyyətlər xasdır?

10 Müqəddəs Kitabda yalnız axır günlərdə baş verəcək hadisələr deyil, həmçinin bu zaman insan cəmiyyətinin necə dəyişəcəyi də təsvir olunur. Həvari Pavel insanların hansı əhval-ruhiyyədə olacaqlarını təsvir etmişdir. 2 Timoteyə 3:1-5 ayələrində deyilir: «Axır günlərdə çətin anlar gələcəkdir». Pavel axır günlərdə insanlara bu xüsusiyyətlərin xas olacağını demişdir:

  • xudbin

  • pulpərəst

  • valideynlərinə itaət etməyən

  • qüdsiyyətdən məhrum

  • şəfqətsiz

  • nəfsini saxlamayan

  • azğın

  • zövqü Allahdan çox sevən

  • Allah yolunda imiş kimi görünən, amma o yolun qüdrətini inkar edən.

11. Məzmur 92:7 ayəsi pis insanlarla nə baş verəcəyini necə göstərir?

11 Qonşuluğunuzda yaşayan insanlarda bu kimi xüsusiyyətləri görürsünüzmü? Çox güman ki, bu belədir. Axı bu gün dünya belə insanlarla doludur. Bu göstərir ki, Allah tezliklə hərəkətə keçəcək, çünki Müqəddəs Kitabda deyilir: «Pislər ot kimi bitsə də, bütün şər iş görənlər çiçəklənsə də, əbədilik yox olacaqlar» (Məzmur 92:7).

SEVİNMƏK ÜÇÜN SƏBƏBLƏR

12, 13. Son günlər ərzində «bilik» necə artdı?

12 Müqəddəs Kitabda qabaqcadan xəbər verildiyi kimi, axır günlər çoxlu fəlakətlər gətirir. Hətta bu narahat dünyada belə, Yehovanı sevənlərin sevinməyə əsasları var.

13 «Bilik artacaq» — bu haqda Müqəddəs Yazıların «Daniel» kitabında qabaqcadan deyilmişdir. Bu sözlər nə vaxt yerinə yetməli idi? ‘Axır zamanda’, yə’ni son günlər ərzində (Daniel 12:4). 1914-cü ildən başlayaraq, Yehova səmimi insanların Müqəddəs Kitabı daha yaxşı başa düşmələrinə xüsusi tərzdə kömək etməyə başladı. Onlara Allahın adı və İsa Məsihin fidiyə qurbanlığı ilə əlaqədar niyyətləri, ölənlərin vəziyyəti və dirilmə haqqında dəyərli həqiqətlər açıqlandı. Bundan əlavə, Yehovanın xidmətçiləri həyatın əsl xoşbəxtlik gətirməsi və Allahı izzətləndirməsi üçün nə etməli olduqlarını da öyrəndilər. Onlar Padşahlığın hansı rolu oynadığını və Allahın iradəsini yer üzündə necə həyata keçirəcəyini daha yaxşı başa düşdülər. Əldə etdikləri biliklər onları nəyə təşviq etdi? Bu sual axır günlərdə yerinə yetən başqa bir peyğəmbərliklə sıx bağlıdır.

Yehovanın Şahidləri müxtəlif ölkələrdə və müxtəlif dillərdə xoş xəbəri bəyan edirlər

«Səmavi Səltənət [Padşahlıq] haqqında olan bu Müjdə... bütün dünyada təbliğ olunacaqdır» (Matta 24:14)

14. Padşahlıq haqqındakı xoş xəbər nə dərəcədə geniş bəyan edilir və bu xəbəri kimlər təbliğ edir?

14 «Səmavi Səltənət [Padşahlıq] haqqında olan bu Müjdə... bütün dünyada təbliğ olunacaqdır». Bunun baş verəcəyini, İsa Məsih «dövrün sonuna» dair peyğəmbərliyində xəbər vermişdi (Matta 24:3, 14). Padşahlıq haqqındakı xoş xəbər, yə’ni Padşahlığın nə olduğu, nələr edəcəyi və hansı xeyir-duaları gətirəcəyi indi bütün dünyada 230-dan çox ölkə və ərazidə, təxminən 400 dildə təbliğ olunur. Bu sevindirici xəbəri «hər millətdən, bütün qəbilələrdən, xalqlardan və dillərdən olan» milyonlarla Yehovanın Şahidləri bəyan edir (Vəhy 7:9). Onlar Allahın Kəlamının əslində nəyi öyrətdiyini bilmək istəyən mil­yonlarla insanla evdə pulsuz Müqəddəs Kitab öyrənməsi keçirirlər. Bu peyğəmbərliyin həyata keçməsi əsl mö’cüzədir, xüsusilə də nəzərə alsaq ki, İsa həqiqi məsihçilərə ‘hamının nifrət edəcəyini’ demişdi (Luka 21:17).

SİZ NECƏ DAVRANACAQSINIZ?

15. a) Axır günlərdə yaşadığımıza inanırsınızmı? İzah edin. b) Yehovaya qarşı çıxanlara «son» nə gətirəcək və Allahın Padşahlığının rəhbərliyinə tabe olanlarla nə baş verəcək?

15 Müqəddəs Kitabın bu peyğəmbərliklərinin yerinə yetməsi, sizi axır günlərdə yaşadığımıza əmin edirmi? Yehova xoş xəbərin təbliğini dayandırmağı qərara aldığı zaman «son» gələcəkdir (Matta 24:14). «Son» dedikdə, Allahın yer üzünü pislikdən təmizləyəcəyi və Ona bilərəkdən qarşı çıxanları məhv edəcəyi vaxt nəzərdə tutulur. Yehova bunu etməyi İsaya və onun qüdrətli mələklərinə tapşırmışdır (2 Salonikililərə 1:6-9). Şeytan və onun cinləri bir daha xalqları azdırmayacaq. O zaman Allahın Padşahlığı, onun ədalətli rəhbərliyinə tabe olan bütün insanlara bol xeyir-dualar gətirəcək (Vəhy 20:1-3; 21:3-5).

16. Axır günlərdə necə davranmaq müdriklik olardı?

16 Şeytanın sistemi tezliklə məhv ediləcəyi üçün özümüzdən soruşmalıyıq: «Mən nə etməliyəm?» Yehova və Onun normaları haqqında öyrənməyə davam etmək ən müdrik davranışdır (Yəhya 17:3). Müqəddəs Kitabı diqqətlə öyrənməyə çalışın. Yehovanın iradəsini yerinə yetirmək arzusu olan insanlarla mümkün qədər sıx ünsiyyətdə olun (İbranilərə 10:24, 25). Yehovanın açdığı vacib həqiqətləri daha dərindən anlamağa və həyatınızı Onun normalarına uyğunlaşdıraraq Allahı razı salmağa çalışın (Yaqub 4:8).

17. Nəyə görə bugünkü sistemin sonu çoxları üçün gözlənilməz olacaq?

17 İsa qabaqcadan xəbər vermişdir ki, insanların əksəriyyəti axır günlər haqqındakı peyğəmbərliyə məhəl qoymayacaqlar. Pislərin məhvi qəflətən və gözlənilmədən olacaq. Sonun gəlişi bir çox insanları qəflətən, gecə gələn oğru kimi yaxalayacaq (1 Salonikililərə 5:2). İsa xəbərdarlıq etmişdir: «Nuhun günləri necə idisə, İnsan Oğlunun gəlişi də elə olacaqdır. Çünki Nuhun gəmiyə girdiyi günə qədər, tufandan əvvəlki günlərdə, insanlar yeyib, içib, evlənib, ərə gedirdilər. Və tufan gəlib hamısını aparıncaya qədər necə bixəbər idilərsə, İnsan Oğlunun gəlişi də bu cür olacaqdır» (Matta 24:37-39).

18. İsanın hansı xəbərdarlığına tam ciddiyyətlə yanaşmaq lazımdır?

18 Dinləyicilərini xəbərdar etmək istəyərək, İsa demişdir: «Diqqətli olun ki, ürəkləriniz qarınqululuq və sərxoşluqla, bu həyatın qayğıları ilə ağırlaşmasın və o Gün sizi qəflətən yaxalamasın. Çünki o Gün bir tor kimi yer üzündə yaşayanların hamısına rast gələcəkdir; buna görə də bütün baş verəcək bu fəlakətlərdən qaçınmağa layiq olmaq və İnsan Oğlunun hüzuruna çıxa bilmək [onun tərəfindən bəyənilmək] üçün, hər an dua edin və ayıq olun» (Luka 21:34-36). İsanın sözlərinə tam ciddiyyətlə yanaşmaq çox vacibdir. Nə üçün? Çünki Yehova Allahın və «İnsan Oğlunun» — İsa Məsihin bəyəndikləri kəslər Şeytanın sisteminin məhvindən sağ çıxacaq və gözəl yeni dünyada əbədi yaşaya biləcəklər. Bu vaxt həmişə olduğundan daha yaxındır! (Yəhya 3:16; 2 Peter 3:13).

a İsa Məsihin digər adının Mikayıl olduğu haqda əlavə mə’lumatı «Əlavələr» bölməsində, 218, 219-cu səhifədə tapa bilərsiniz.

MÜQƏDDƏS KİTABIN ÖYRƏTDİKLƏRİ

  • Axır günlərin səciyyəvi xüsusiyyətləri müharibələr, aclıq, zəlzələlər və qırğınlardır (Matta 24:7; Luka 21:11).

  • Axır günlərdə insanlar xudbin, pulpərəst, zövqü Allahdan çox sevən olublar (2 Timoteyə 3:1-5).

  • Axır günlərdə Padşahlıq haqqındakı xoş xəbər bütün dünyada təbliğ olunur (Matta 24:14).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş