Fəsil 18
Vəftiz və Allahla dostluq
Məsihçi vəftizi necə icra edilir?
Vəftizə olan tələblərə cavab vermək üçün hansı addımları atmaq gərəkdir?
İnsan özünü Allaha necə həsr edə bilər?
Vəftiz olunmaq nəyə görə xüsusilə vacibdir?
1. Həbəş mələkəsinin saray xidmətçisi nəyə görə vəftiz olunmaq istədi?
«BUDUR su; vəftiz olunmağıma nə əngəl var?» — bu sualı, eramızın I əsrində yaşamış Həbəş mələkəsinin saray xidmətçisi vermişdir. İsanın şagirdi Filip ona İsanın və’d edilmiş Məsih olduğunu izah etdi. Müqəddəs Yazılardan öyrəndikləri bu adama dərin tə’sir bağışladı və o, vəftiz olunmaq istədi (Həvarilərin işləri 8:26-36).
2. Nəyə görə vəftiz olunmaq haqqında ciddi düşünmək lazımdır?
2 Əgər siz bu kitabın əvvəlki fəsillərini Yehovanın Şahidlərindən biri ilə diqqətlə öyrənmisinizsə, yəqin siz də: ‘Mənim vəftiz olunmağıma nə əngəl var?’ deyə özünüzdən soruşmağa hazırsınız. Siz Müqəddəs Kitabın Cənnətdə əbədi həyat və’d etdiyini öyrəndiniz (Luka 23:43; Vəhy 21:3, 4). Siz, həmçinin ölülərin vəziyyəti və dirilmə ümidi haqqında da öyrəndiniz (Vaiz 9:5; Yəhya 5:28, 29). Ola bilsin, artıq Yehovanın Şahidlərinin yığıncaq görüşlərinə gəlir və onların həqiqi dinin tələblərinə necə əməl etdiklərini öz gözlərinizlə görürsünüz (Yəhya 13:35). Ən vacibi isə, siz Yehova ilə tanış olmağa və Onunla yaxın münasibətlər qurmağa başlamısınız.
3. a) İsa öz davamçılarına nə tapşırmışdır? b) Vəftiz necə icra edilir?
3 Allaha xidmət etmək istədiyinizi necə göstərə bilərsiniz? İsa öz davamçılarına tapşırmışdır: «Gedin, bütün xalqları şagirdim edin, onları... vəftiz edin» (Matta 28:19). İsa suda vəftiz olunmaqla bu sahədə bizə nümunə qoydu. Vəftiz zamanı onun üstünə nə su çilədilər, nə də başından aşağı su tökdülər (Matta 3:16). Yunan dilindən «vəftiz etmək» kimi tərcümə olunan fe’l «batırmaq» mə’nasını daşıyır. Elə buna görə də, məsihçi vəftizi tamamilə suya batırma yolu ilə icra edilir.
4. Vəftiz nə haqda şəhadət edir?
4 Suda vəftiz olunmaq, Yehova Allahla dost olmaq istəyən hər kəs üçün vacib şərtdir. Vəftiz, Allaha xidmət etmək istədiyimizi açıq-aydın göstərir. Bu addım, Yehovanın iradəsini yerinə yetirməyə hazır olduğumuzu sübut edir (Məzmur 40:7, 8). Lakin vəftizə olan tələblərə cavab vermək üçün vacib addımlar atmaq gərəkdir.
BİLİK VƏ İMAN TƏLƏB OLUNUR
5. a) Vəftizə yararlı olmaq üçün ilk addım hansıdır? b) Məsihçi görüşlərinə gəlmək nə üçün vacibdir?
5 Siz artıq ilk addımı atmısınız. Necə? Müntəzəm olaraq Müqəddəs Kitabı öyrənməyin sayəsində Yehova Allahı və İsa Məsihi tanımaqla (Yəhya 17:3). Ancaq bu hələ başlanğıcdır. Məsihçilər ‘Allahın iradəsi’ haqda dəqiq biliyə yiyələnmək istəyirlər (Koloslulara 1:9). Bu işdə Yehovanın Şahidlərinin yığıncaq görüşlərinə gəlməyin sizə böyük köməyi olacaq. Bu cür görüşlərə gəlmək olduqca vacibdir (İbranilərə 10:24, 25). Müntəzəm surətdə görüşlərdə olmaq Allah haqqında biliyinizin artmasına kömək edəcək.
Allahın Kəlamından dəqiq bilik əldə etmək, vəftiz üçün vacib olan tələblərdən biridir
6. Vəftizə yararlı olmaq üçün hansı biliklərə yiyələnmək lazımdır?
6 Əlbəttə, vəftiz olmaq üçün Müqəddəs Kitabda yazılanların hamısını bilmək tələb olunmur. Həbəş mələkəsinin saray xidmətçisi müəyyən biliklərə sahib olsa da, Müqəddəs Yazıların bə’zi yerlərini başa düşmək üçün köməyə ehtiyac duyurdu (Həvarilərin işləri 8:30, 31). Sizin də öyrənəcəyiniz hələ çox şeylər var. Əslində Allah haqqında bilik əldə etmək fasiləsiz prosesdir (Vaiz 3:11). Lakin, vəftiz olunmazdan əvvəl, siz Müqəddəs Kitabın əsas tə’limlərini öyrənməli və qəbul etməlisiniz (İbranilərə 5:12). Məsələn, ölülərin vəziyyəti haqqında həqiqəti, Allahın adının və Padşahlığının nə dərəcədə vacib olduğunu başa düşməlisiniz.
7. Müqəddəs Kitabı öyrənmək sizə necə tə’sir etməlidir?
7 Ancaq sadəcə bilik əldə etmək kifayət deyil. Eyni zamanda iman göstərmək də çox vacibdir, çünki «iman etmədən Allaha məqbul olmaq... qeyri-mümkündür» (İbranilərə 11:6). Müqəddəs Kitabda xoş xəbəri eşitdikdə ‘iman edib vəftiz olan’ qədim Korinf şəhərinin sakinləri haqqında danışılır (Həvarilərin işləri 18:8). Buna bənzər tərzdə, Müqəddəs Kitabı öyrənməyin sayəsində, onun Allahdan ilham almış Kəlam olduğuna sizin də imanınız artacaq. Siz, həmçinin Allahın bütün və’dlərinin həqiqət olduğuna və Məsihin qurbanlığının xilas bəxş etdiyinə iman edəcəksiniz (Yeşua 23:14; Həvarilərin işləri 4:12; 2 Timoteyə 3:16, 17).
MÜQƏDDƏS KİTAB HƏQİQƏTİNİ BAŞQALARI İLƏ BÖLÜŞÜN
8. Aldığınız bilikləri başqaları ilə bölüşməyə sizi nə təşviq edəcək?
8 Ürəyinizdə iman artdıqca, aldığınız bilikləri özünüzdə saxlamaq çətin olacaq (Yeremya 20:9). Sizdə Allah və Onun niyyətləri haqqında başqalarına danışmaq üçün güclü istək yaranacaq (2 Korinflilərə 4:13).
İman sizi, Allah haqqında bilikləri başqaları ilə bölüşməyə təşviq edəcək
9, 10. a) Müqəddəs Kitab həqiqətlərini kiminlə bölüşməyə başlaya bilərsiniz? b) Yehovanın Şahidlərinin təbliğ fəaliyyətində iştirak etmək istəyirsinizsə, nə etməlisiniz?
9 Başlanğıc üçün qohumlarınıza, dostlarınıza, qonşularınıza və iş yoldaşlarınıza Allah haqqında nəzakətlə danışaraq, onlarla Müqəddəs Kitab həqiqətlərini bölüşə bilərsiniz. Vaxt keçdikcə, siz Yehovanın Şahidlərinin təşkil olunmuş təbliğ fəaliyyətində iştirak etmək istəyəcəksiniz. İstəyiniz barədə, sizinlə Müqəddəs Kitabı öyrənən Şahidə deyə bilərsiniz. Əgər lazımi tələblərə cavab verirsinizsə, iki nəfər məsihçi ağsaqqal sizinlə birgə görüş təşkil edib bu məsələni müzakirə edəcəklər.
10 Bu cür görüş, ‘Allahın sürüsünü otaran’ məsihçi ağsaqqallardan bə’ziləri ilə yaxından tanış olmağınıza kömək edəcək (Həvarilərin işləri 20:28; 1 Peter 5:2, 3). Əgər siz Müqəddəs Kitabın əsas tə’limlərini başa düşür və onlara inanırsınızsa, həmçinin Allahın prinsiplərinə uyğun yaşayır və həqiqətən də Yehovanın Şahidi olmaq istəyirsinizsə, ağsaqqallar sizə xoş xəbərin vəftiz olunmamış təbliğçisi kimi xidmət edə biləcəyinizi bildirəcəklər.
11. Təbliğ xidmətində iştirak etməyə yararlı olmaq üçün hansı dəyişikliklər tələb oluna bilər?
11 Digər tərəfdən, təbliğ xidmətində iştirak etməyə yararlı olmaq üçün, sizdən həyat tərzinizdə və vərdişlərinizdə müəyyən dəyişikliklər etmək tələb oluna bilər. Məsələn, bu, başqalarının bilmədiyi, tərgitməli olduğunuz vərdişlər ola bilər. Buna görə də, vəftiz olunmamış təbliğçi olmaq istədiyinizi xəbər verməzdən öncə, cinsi əxlaqsızlıq, sərxoşluq və narkotiklərdən istifadə etmək kimi ağır günahlardan yaxa qurtarmaq tələb olunur (1 Korinflilərə 6:9, 10; Qalatiyalılara 5:19-21).
TÖVBƏ EDİN VƏ DÖNÜN
12. Tövbə etmək nəyə görə vacibdir?
12 Vəftizə hazır olmaq üçün növbəti iki addımı da atmaq lazımdır. Həvari Peter demişdir: «Günahlarınızın silinməsi üçün tövbə edin və dönün» (Həvarilərin işləri 3:19, İ–93). Tövbə etmək — edilən hər hansı işə görə ürəkdən peşman olmaq deməkdir. Ancaq tövbə etmək təkcə əxlaqsız həyat tərzi sürənlərdən tələb olunmur. Nəyə görə? Ona görə ki, bütün insanlar günahlıdır və Allahın onları bağışlamasına ehtiyac duyurlar (Romalılara 3:23; 5:12). Siz Müqəddəs Kitabı öyrənməzdən əvvəl Allahın iradəsi ilə tanış deyildiniz. Məgər siz Onun bütün normalarına uyğun yaşaya bilərdinizmi? Gördüyümüz kimi, tövbə etmək hər bir kəsdən, hətta ciddi günah işlətməyənlərdən belə tələb olunur.
13. Dönmək nə deməkdir?
13 Tövbədən sonra atılmalı olan addım dönməkdir. Edilən işlərə görə sadəcə peşmançılıq hissi keçirmək kifayət deyil. Əvvəlki həyat tərzini inkar etmək və bundan sonra düzgün davranmağa qəti qərarlı olmaq lazımdır. Tövbə etmək və dönmək, vəftizdən qabaq atılmalı olan addımlardır.
HƏSR OLUNMA
14. Vəftiz olunmazdan qabaq daha hansı vacib addımı atmaq lazımdır?
14 Vəftiz olunmazdan qabaq daha bir vacib addım atmaq lazımdır. İnsan özünü Yehova Allaha həsr etməlidir.
Duada özünüzü Yehovaya həsr etmisinizmi?
15, 16. Özünü Allaha həsr etmək nə deməkdir və bunu etməyə bizi nə təşviq etməlidir?
15 İnsanın özünü səmimi duada Yehova Allaha həsr etməsi, Ona daim xüsusi sədaqət göstərəcəyinə söz verməsi deməkdir (Qanunun təkrarı 6:15). Bunu etməyə insanı nə təşviq etməlidir? Təsəvvür edək ki, gənc oğlan xoşuna gələn qızla yaxından tanış olmaq qərarına gəlir. Onu daha yaxşı tanıdıqca və gözəl keyfiyyətlərini gördükcə, ona olan məhəbbəti daha da artır. Təbii ki, bir qədər vaxtdan sonra o qıza evlənmə təklif edəcək. Əlbəttə, evlilik onun üzərinə əlavə məs’uliyyətlər qoyacaq. Ancaq qıza olan məhəbbəti onu bu vacib addımı atmağa təşviq edəcək.
16 Yehovanı tanıdıqca və Ona məhəbbətiniz artdıqca, siz bütün ürəkdən Ona xidmət etmək və Onun iradəsini şərtsiz yerinə yetirmək istəyəcəksiniz. Allahın Oğlu İsa Məsihin ardınca getmək istəyənlər ‘özlərini inkar etməlidirlər’ (Mark 8:34). Özünü inkar etmək — hər şeydə Allaha itaət etmək, şəxsi arzu və məqsədlərimizin buna mane olmasına yol verməmək deməkdir. Aydın olduğu kimi, Yehovanın iradəsini həyata keçirmək, vəftiz olunmazdan öncə sizin həyatınızda əsas yeri tutmalıdır (1 Peter 4:2).
UĞURSUZLUQ QORXUSUNA ÜSTÜN GƏLİN
17. Nəyə görə bə’ziləri özlərini Allaha həsr etməyə cür’ət etmirlər?
17 Bə’ziləri özlərini Yehovaya həsr etməyə cür’ət etmirlər, çünki onlar bu ciddi addımı atmaqdan qorxurlar. Ola bilsin, onları qorxudan, özlərini bir məsihçi kimi Allaha həsr etməyin üzərlərinə qoyduğu məs’uliyyətdir. Belə insanlar uğursuzluqdan və Yehovanın ümidini boşa çıxarmaqdan qorxaraq, özlərini Ona həsr etməməyin daha yaxşı olduğunu düşünə bilərlər.
18. Özünüzü Yehovaya həsr etməyə sizi nə təşviq edəcək?
18 Əgər siz ürəyinizdə Yehovaya məhəbbət inkişaf etdirmisinizsə, özünüzü Ona həsr etmək və həsr olunmanıza uyğun yaşamaq istəyəcəksiniz (Vaiz 5:4). Allaha həsr olunduqdan sonra, siz ‘Rəbbə layiq şəkildə hərəkət edib, Onu hər cəhətdən razı salmağa’ can atacaqsınız (Koloslulara 1:10). Əgər Allahı sevirsinizsə, Onun iradəsini yerinə yetirmək sizə çox çətin görünməyəcək. Siz həvari Yəhyanın sözləri ilə razılaşacaqsınız: «Allahı sevmək, Allahın əmrlərinə riayət etmək deməkdir. Onun əmrləri isə ağır deyildir» (1 Yəhya 5:3).
19. Nəyə görə özünüzü Allaha həsr etməkdən qorxmamalısınız?
19 Özünüzü Allaha həsr etmək üçün sizdən kamillik tələb olunmur. Yehova imkanlarınızı yaxşı bilir və bacardığınızdan artığını tələb etmir (Məzmur 103:14). O sizin yaxşılığınızı istəyir və sizə kömək edəcəyinə və dəstək olacağına söz verir (Yeşaya 41:10). Əmin ola bilərsiniz ki, bütün qəlbinizlə Yehovaya güvənsəniz, O ‘sizin yollarınızı düzəldəcək’ (Süleymanın məsəlləri 3:5, 6).
VƏFTİZ, HƏSR OLUNMANIZIN SİMVOLUDUR
20. Özünüzü Yehovaya həsr etməyiniz nəyə görə başqalarına aşkar olmalıdır?
20 Yuxarıda deyilənlərin üzərində düşünməklə, ehtimal ki, şəxsi duanızda özünüzü Yehovaya həsr etmək istəyəcəksiniz. Lakin Allahı həqiqətən sevənlər xilas olmaq üçün, həmçinin imanlarını ‘açıqca söyləməlidirlər’ (Romalılara 10:10, İ–93). Bunu necə etmək olar?
Vəftiz, insanın əvvəlki həyat tərzi üçün ölməsinin və Allahın iradəsini yerinə yetirmək üçün yenidən həyata qayıtmasının simvoludur
21, 22. İmanınızı ‘açıqca’ necə söyləyə bilərsiniz?
21 Əgər vəftiz olmaq istəyirsinizsə, bu haqda yığıncağınızın sədrlik edən nəzarətçisinə xəbər verin. O qayğı göstərəcək ki, ağsaqqallar sizinlə Müqəddəs Kitabın əsas tə’limlərini təkrarlasınlar. Ağsaqqallar vəftiz üçün tələblərə cavab verdiyiniz qənaətinə gəlsələr, imkan yaranan kimi vəftiz oluna bilərsiniza. Adətən həmin gün vəftizin mə’nasını izah edən mə’ruzə söylənilir. Sonra mə’ruzəçi vəftiz olunanlardan iki sadə suala cavab vermələrini xahiş edir. Bu, onların öz imanlarını ‘açıqca söyləmələrinə’ imkan verir.
22 Vəftiz olunmaqla biz özümüzü Allaha həsr etdiyimizi və artıq Yehovanın Şahidi olduğumuzu hamıya göstəririk. Vəftiz olunan adamın Yehovaya həsr olunduğunu göstərmək üçün onu tamamilə suya batırırlar.
VƏFTİZİN MƏ’NASI
23. «Ata, Oğul və Müqəddəs Ruh naminə» vəftiz olunmaq nə deməkdir?
23 İsa şagirdlərinin «Ata, Oğul və Müqəddəs Ruh naminə» vəftiz olunacaqlarını demişdir (Matta 28:19). Bu o deməkdir ki, vəftiz olunan kəs Yehova Allahın və İsa Məsihin hakimiyyətini qəbul edir (Məzmur 83:18; Matta 28:18). O, həmçinin Allahın müqəddəs ruhunun, yə’ni fəal qüvvəsinin rolunu da başa düşməlidir (Qalatiyalılara 5:22, 23; 2 Peter 1:21).
24, 25. a) Vəftiz nəyin simvoludur? b) Hansı sual diqqətəlayiqdir?
24 Ancaq vəftiz sadəcə suya batırılmaqdan daha artıq mə’na daşıyır. Vəftiz, vacib bir addımın simvoludur. Tamamilə suya batırılmaq, məsihçinin əvvəlki həyat tərzi üçün öldüyünü göstərir. Sudan çıxdığı zaman o, Allahın iradəsini yerinə yetirmək üçün sanki yenidən həyata qayıdır. Unutmayın ki, siz özünüzü hansısa işə, insana və ya təşkilata yox, Yehova Allaha həsr etmisiniz. Sizin həsr və vəftiz olunmanız Allahla yaxın münasibətlərin — əsl və möhkəm dostluğun başlanğıcıdır (Süleymanın məsəlləri 3:32).
25 Lakin vəftiz xilasa zəmanət vermir. Həvari Pavel yazmışdır: «Öz xilasınızı başa çatdırmaq üçün qorxu və lərzə ilə hərəkət edin» (Filipililərə 2:12). Vəftiz yalnız bir başlanğıcdır. Bəs Allahın məhəbbətində qalmaq üçün siz nə edə bilərsiniz? Bu haqda siz sonuncu fəsildən öyrənəcəksiniz.
a Vəftiz olunma mərasimi, adətən Yehovanın Şahidlərinin konqreslərində keçirilir.