Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lv fəs. 4 s. 36—49
  • Üzərimizdə başçılıq edənlərə nəyə görə hörmət etməliyik?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Üzərimizdə başçılıq edənlərə nəyə görə hörmət etməliyik?
  • Allahın məhəbbətindən ayrılmayın
  • Başlıqlar
  • Oxşar material
  • HÖRMƏT GÖSTƏRMƏK NİYƏ ÇƏTİNDİR?
  • ÜZƏRİMİZDƏ BAŞÇILIQ EDƏNLƏRƏ NƏYƏ GÖRƏ HÖRMƏT GÖSTƏRMƏLİYİK?
  • AİLƏDƏ HÖRMƏT
  • YIĞINCAQDA HÖRMƏT
  • DÜNYƏVİ HAKİMİYYƏTƏ HÖRMƏT
  • Üzərimizdəki rəhbərlərə hörmət edək
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Üzərinizə qoyulan şəxslərə hörmət edin
    Gözətçi qülləsi 2000
  • Yehovanın hakimiyyətini qəbul et
    Gözətçi qülləsi 2008
  • Hakimiyyətə hörmət nəyə görə vacibdir?
    Gözətçi qülləsi 2000
Əlavə
Allahın məhəbbətindən ayrılmayın
lv fəs. 4 s. 36—49
Ata ailəsini öyrədir

FƏSİL 4

Üzərimizdə başçılıq edənlərə nəyə görə hörmət etməliyik?

«Hər cür insana hörmət edin» (1 BUTRUS 2:17).

1, 2. a) Üzərimizdə başçılıq edənlərə hörmət göstərmək məsələsinə gəldikdə hansı çətinliklə üzləşirik? b) Bu fəsildə hansı sualları nəzərdən keçirəcəyik?

BALACA uşağa xoşlamadığı bir işi tapşıranda üz-gözünü necə turşutduğunu heç müşahidə etmisən? Onun daxilində gedən mübarizə üzündən açıq-aydın oxunur. Uşaq valideynin səsini eşidir və başa düşür ki, ona qulaq asmalıdır. Amma bunu etmək istəmir. Hərdən biz də bu uşaq kimi özümüzlə mübarizə aparmalı oluruq.

2 Üzərimizdə başçılıq edənlərə hörmət bəsləmək həmişə asan olmur. Sən də belə çətinlik çəkirsən? Əgər belədirsə, narahat olma, sən tək deyilsən. İndiki zəmanədə hörmət qiymətdən düşüb. Bununla belə, Müqəddəs Kitabda deyilir ki, biz üzərimizdə başçılıq edənlərə hörmət bəsləməliyik (Məsəllər 24:21). Allahın məhəbbətini qorumaq istəyiriksə, bu, xüsusilə vacibdir. Bununla əlaqədar ortaya bir neçə sual çıxır: üzərimizdə başçılıq edənlərə hörmət bəsləmək nəyə görə çətindir? Yehova bunu nə üçün tələb edir və bu tələbi yerinə yetirməyə bizə nə kömək edəcək? Bəs bu hörməti necə göstərə bilərik?

HÖRMƏT GÖSTƏRMƏK NİYƏ ÇƏTİNDİR?

3, 4. Günah və qeyri-kamillik necə başladı və nəyə görə qeyri-kamillik səlahiyyət sahiblərinə hörmət bəsləməkdə bizə çətinlik yaradır?

3 Gəl üzərimizdə başçılıq edənlərə hörmət göstərməyi çətinləşdirən iki səbəbi araşdıraq. Birincisi, biz qeyri-kamillik; ikincisi, səlahiyyətli adamlar da qeyri-kamildirlər. Günah və qeyri-kamilliyin kökü Ədən bağına, Adəmlə Həvvanın Allahın hakimiyyətinə qarşı üsyan qaldırdıqları vaxta gedib çıxır. Deməli, günah üsyandan başlayıb. Böyüyün üzünə ağ olmaq o vaxtdan insanların iliyinə işləyib (Yaradılış 2:15—17; 3:1—7; Zəbur 51:5; Romalılara 5:12).

4 Qeyri-kamillik ucbatından çoxumuzda təkəbbür özünü asanlıqla büruzə verir. Təvazökarlıq isə əksinə çox nadir keyfiyyətdir, onu yetişdirmək və qoruyub-saxlamaq üçün çox çalışmaq lazımdır. Hətta uzun illər Allaha sədaqətlə xidmət etdikdən sonra da dikbaşlığın və təkəbbürün badına gedə bilərik. Misal üçün, Qarunun nümunəsinə baxaq. O, Yehovanın xalqı ilə birlikdə bir çox çətinliklərə sədaqətlə sinə gərmişdi, lakin sonradan daha çox səlahiyyət almaq istədi və utanmadan o dövrün ən həlim insanı olan Musaya qarşı çıxdı (Saylar 12:3; 16:1—3). Üziyyə padşah da təkəbbürlə Yehovanın məbədinə girib, yalnız kahinlərə həvalə edilmiş müqəddəs ayini icra etmək fikrinə düşdü (2 Salnamələr 26:16—21). Dikbaşlıq bu adamlara baha başa gəldi. Biz onlardan özümüzə ibrət dərsi götürməliyik. Biz təkəbbürə qarşı mübarizə aparmalıyıq, çünki bu xüsusiyyət üzərimizdə başçılıq edənlərə hörmət bəsləməyə bizə əngəl törədir.

5. Qeyri-kamil insanlar öz hakimiyyətindən necə sui-istifadə etmişlər?

5 Digər tərəfdən, çox vaxt səlahiyyəti olan qeyri-kamil insanların özləri hakimiyyəti hörmətdən salırlar. Onlardan bir çoxu zülmkar, qaniçən olmuşdur. Bəşər tarixində hakimiyyətdən sui-istifadə halları az olmayıb. (Vaiz 8:9 ayəsini oxu.) Misal üçün, Yehova Talutu padşah seçəndə o, çox sadə və təvazökar adam idi. Lakin onda təkəbbür və paxıllıq baş qaldırdı, sonra isə sədaqətli Davudu təqib etməyə başladı (1 İşmuil 9:20, 21; 10:20—22; 18:7—11). Sonradan Davud İsrailin ən yaxşı padşahlarından biri oldu, lakin o da hakimiyyətindən sui-istifadə edib het Uryayın arvadını oğurladı, günahsız kişini isə cəbhənin ağır yerinə, ölümə göndərdi (2 İşmuil 11:1—17). Bəli, qeyri-kamil insan hakimiyyətdən düzgün istifadə etməyi bacarmır. Ələlxüsus, hakimiyyət sahibləri Yehovaya hörmət etməyəndə daha pis işlər görürlər. Katolik papalarının geniş miqyaslı təqib siyasətini təsvir edən bir Britaniya dövlət xadimi belə demişdi: «Hakimiyyət insanı pozur, mütləq hakimiyyət isə insanı mütləq pozur». Bütün bu sadaladıqlarımızı yadda saxlayaraq, gəl bir sualı nəzərdən keçirək: üzərimizdə başçılıq edənlərə nəyə görə hörmət göstərmək lazımdır?

ÜZƏRİMİZDƏ BAŞÇILIQ EDƏNLƏRƏ NƏYƏ GÖRƏ HÖRMƏT GÖSTƏRMƏLİYİK?

6, 7. a) Yehovaya məhəbbət bizi nəyə təşviq edir və nə üçün? b) Allaha hansı əhval-ruhiyyə ilə tabe olmaq lazımdır və biz bunu necə edə bilərik?

6 Üzərimizdə başçılıq edənlərə ilk növbədə Yehovaya, başqalarına, hətta özümüzə məhəbbətdən irəli gələrək hörmət göstərməliyik. Yehovanı hər şeydən çox sevdiyimiz üçün biz Onun qəlbini sevindirmək istəyirik. (Məsəllər 27:11; Mark 12:29, 30 ayələrini oxu.) Biz bilirik ki, Ədəndəki üsyandan sonra Yehovanın hakimiyyəti, yəni Kainatı idarə etmək hüququ şübhə altına alınmağa başlandı və bəşəriyyətin əksər hissəsi Onun hakimiyyətini rədd edib Şeytanın tərəfinə keçdi. Biz isə sidqi-ürəkdən Yehovanın tərəfini tutmuşuq. Vəhy 4:11 ayəsindəki gözəl sözlər ürəyimizi riqqətə gətirir. Sözsüz, Yehova Kainatın qanuni Hökmdarıdır! Biz Yehovanın hakimiyyətini qəbul edir və gündəlik həyatımızda Ona itaət göstəririk.

7 Yehovanın hakimiyyətinə hörmət yalnız itaətkarlıqla məhdudlaşmır. Biz Yehovanı sevdiyimizdən Ona məmnuniyyətlə itaət edirik. Lakin itaət etmək hərdən çox çətin olur. Belə hallarda biz yuxarıda sözügedən balaca uşaq kimi tabe olmağı öyrənməliyik. Allahın iradəsinə tabe olmaq nə qədər çətin görünsə də, İsa bunu edirdi. O, Atasına demişdi: «Qoy mənim yox, Sənin istədiyin kimi olsun» (Luka 22:42).

8. a) Yehovanın hakimiyyətinə tabe olduğumuzu çox vaxt nədə göstərə bilərik və bu, Yehovaya necə təsir edir? b) Məsləhətə qulaq asıb, nəsihəti qəbul etməyə bizə nə kömək edə bilər? («Məsləhətə qulaq as, tərbiyəni qəbul et» adlı çərçivəyə bax.)

8 Əlbəttə, bu gün Yehova bizimlə şəxsən danışmır. O demək istədiklərini Öz Kəlamı və yerdəki nümayəndələri vasitəsilə bizə çatdırır. Ona görə də çox vaxt Yehovanın hakimiyyətinə tabe olduğumuzu Onun təyin etdiyi və ya üzərimizdə başçılıq etməyə icazə verdiyi adamlara hörmət göstərməklə təzahür etdiririk. Əgər biz onlara itaət etməsək, misal üçün, Müqəddəs Kitab əsasında verdikləri məsləhət və nəsihətlərini qəbul etməsək, Allahın qəlbinə toxunarıq. İsraillilər Musaya qarşı deyinib üsyan qaldıranda Yehova onların hərəkətini Özünə olunmuş təhqir kimi qəbul etdi (Saylar 14:26, 27).

9. Başqalarına məhəbbət bizi üzərimizdəki başçılara hörmət göstərməyə necə təşviq edir? Nümunə gətir.

9 Biz həm də başqalarını sevdiyimiz üçün üzərimizdəki başçılara hörmət bəsləyirik. Bu nə deməkdir? Təsəvvür et ki, sən əsgərsən. Ordunun müvəffəqiyyəti, hətta salamatlığı hər bir əsgərdən asılıdır. Əsgərlər komandirin əmrlərini yerinə yetirməli, ona hörmət bəsləyib əməkdaşlıq etməlidirlər. Əgər sən komandirinə itaətsizlik göstərsən, onda qalan əsgərləri də təhlükə qarşısında qoyacaqsan. Düzdür, bəşər orduları çox bəlalar törədirlər. Lakin Yehovanın orduları insanlara yalnız xeyir gətirir. Allah Müqəddəs Kitabda dəfələrlə «ordular Allahı Yehova» adlandırılır (1 İşmuil 1:3). O, əzəmətli ruhani varlıqlardan ibarət böyük orduya komandanlıq edir. Bəzən Yehova yer üzündəki xidmətçilərini orduya bənzədir (Zəbur 68:11; Hizqiyal 37:1—10). Əgər Yehovanın bizim üzərimizə başçı qoyduğu adamlara qarşı itaətsizlik etsək, səncə, ruhani silahdaşlarımızı təhlükə qarşısında qoymarıq? Məsihi təyin olunmuş ağsaqqallara qarşı itaətsizlik edəndə yığıncaqdakı bacı-qardaşlar da əziyyət çəkir (1 Korinflilərə 12:14, 25, 26). Uşaq da valideynlərinin üzünə ağ olanda bütün ailə əziyyət çəkir. Deməli, biz üzərimizdə başçılıq edənlərə hörmət göstərib onlarla əməkdaşlıq edəndə başqalarını sevdiyimizi göstəririk.

10, 11. Üzərimizdəki başçılara hörmət göstərmək nə üçün bizim xeyrimizədir?

10 Biz üzərimizdə başçılıq edənlərə hörmətlə yanaşırıq, çünki bu, bizim xeyrimizədir. Yehova bizdən hakimiyyətə hörmət etməyi tələb edəndə, adətən, faydasını da göstərir. Misal üçün, Yehova uşaqlardan valideynlərinə qulaq asmağı tələb edir ki, onların ömrü uzun və güzaranları xoş olsun (Qanunun təkrarı 5:16; Efeslilərə 6:2, 3). O, bizdən yığıncaq ağsaqqallarına da hörmət bəsləməyimizi gözləyir. Əks təqdirdə bu, bizə ruhani ziyan vura bilər (İbranilərə 13:7, 17). Allah istəyir ki, biz dünyəvi hakimiyyətə də itaət göstərək, çünki bu, bizi qoruyur (Romalılara 13:4).

11 Yəqin razılaşarsan ki, Yehovanın nə üçün itaətkar olmağımızı istədiyini biləndə üzərimizdəki başçılara hörmət göstərmək daha da asanlaşır. Gəl baxaq, həyatımızın üç əsas sahəsində üzərimizdəki başçılara necə hörmət göstərə bilərik.

AİLƏDƏ HÖRMƏT

12. Yehova ailədə kişiyə hansı vəzifəni ayırıb və kişi öz vəzifəsini necə icra etməlidir?

12 Yehova Allah ailənin Banisidir. O, nizam-intizam Allahı olduğundan, ailənin uğurlu olması üçün hər şeyi əvvəlcədən nəzərə alıb (1 Korinflilərə 14:33). Yehova kişiyə bir ər və ata kimi ailəyə başçılıq etmək səlahiyyəti verib. Ər İsanın yığıncağa başçılıq etməsindən nümunə götürməklə, ona öz Başçısı kimi ehtiram göstərir (Efeslilərə 5:23). Ər öz vəzifəsindən boyun qaçırmamalı, onu kişi kimi icra etməlidir. O, zalım, kobud yox, mehriban, müdrik və qayğıkeş olmalıdır. Ər unutmamalıdır ki, onun ailədəki başçılığı nisbidir və heç vaxt Yehovanın hakimiyyətindən üstün ola bilməz.

Məsihi atalar başçılıq etməkdə Məsihdən nümunə götürürlər

13. Qadın Yehovanın ürəyini sevindirmək üçün həyat yoldaşı və analıq vəzifəsini necə icra etməlidir?

13 Həm həyat yoldaşı, həm də ana olan qadın ərinin köməkçisidir. Ona da ailədə müəyyən səlahiyyət verilib. Müqəddəs Kitab ananın öyüd-nəsihətinə riayət etməyə çağırır (Məsəllər 1:8). Düzdür, qadının ərinə nisbətən səlahiyyəti məhduddur. Vəzifəsini yerinə yetirməkdə ərinə kömək etməklə məsihi qadın ona öz başçısı kimi hörmət bəslədiyini göstərir. Qadın ərinin mənliyini alçaltmır, ona təzyiq göstərmir, ailədə başçılığı əlinə almağa can atmır. O, hər işdə ərinə dayaqdır. Ərinin hər hansı bir qərarı ürəyincə olmayanda qadın hörmətcil şəkildə öz fikrini ərinə söyləyəcək, amma bundan sonra da ona tabe olacaq. Əgər əri məsihi deyilsə, o, müxtəlif çətinliklərlə qarşılaşacaq. Lakin onun itaətli davranışı ərini Yehovaya yaxınlaşmağa təşviq edə bilər. (1 Butrus 3:1, 2 ayələrini oxu.)

Ata evi çirkləndirən uşağına məhəbbətlə səhvini başa salır

14. Uşaqlar öz valideynlərini və Yehovanı necə sevindirirlər?

14 Uşaqlar valideynlərinə qulaq asanda Yehova sevinir. Onların itaətkarlığı valideynlərə başucalığı və fərəh gətirir (Məsəllər 10:1). Tək valideynli ailələrdə də uşaqlar valideynə qulaq asmalıdırlar. Uşaqlar bilməlidirlər ki, valideyn tək olduğundan onların köməyinə və dayağına daha çox ehtiyac duyur. Ailənin bütün üzvləri Yehovanın onlar üçün ayırdığı vəzifələri icra edirlərsə, ailədə sülh və mehribanlıq hökm sürür. Bu, ailənin Banisi Yehova Allaha şərəf gətirir (Efeslilərə 3:14, 15).

YIĞINCAQDA HÖRMƏT

15. a) Yığıncaqda Yehovanın hakimiyyətinə hörmət bəslədiyimizi necə göstərə bilərik? b) Yığıncaqda nəzarət etmək səlahiyyəti verilmiş qardaşlara itaət etməkdə bizə hansı prinsiplər kömək edə bilər? («Sizə rəhbərlik edənlərə itaət edin» adlı çərçivəyə bax.)

15 Yehova Öz Oğlunu məsihi yığıncağının Rəhbəri təyin edib (Koloslulara 1:13). İsa da öz növbəsində Allahın yer üzündəki xidmətçilərinin ruhani tələbatlarının qayğısına qalmaq üçün «sadiq və ağıllı nökər» təyin etmişdir (Mətta 24:45—47). Yehovanın Şahidlərinin Rəhbərlik Şurası «sadiq və ağıllı nökər» kimi xidmət edir. Birinci əsrdəki yığıncaqlarda olduğu kimi, bu gün də ağsaqqallar ya Rəhbərlik Şurasından birbaşa, ya da onun nümayəndələrindən, məsələn səyyar nəzarətçilərdən müxtəlif göstəriş və məsləhətlər alırlar. Ağsaqqallara hörmət bəsləməklə hər birimiz Yehovaya itaətkarlığımızı göstəririk. (1 Salonikililərə 5:12; İbranilərə 13:17 ayələrini oxu.)

16. Ağsaqqallar hansı mənada müqəddəs ruhla təyin olunurlar?

16 Ağsaqqallar və yığıncaq xidmətçiləri qeyri-kamildirlər. Bizim kimi, onların da nöqsanları var. Buna baxmayaraq, ağsaqqallar yığıncaqlara ruhən dayaq olmaq üçün təyin edilmiş «insan timsalında hədiyyələr»dir (Efeslilərə 4:8). Ağsaqqallar müqəddəs ruhun vasitəsilə təyin edilirlər (Həvarilərin işləri 20:28). Onlar ilk növbədə Allahın müqəddəs ruhu ilə ilhamlanmış Kəlamındakı tələblərə müvafiq olmalıdırlar (1 Timutiyə 3:1—7, 12; Titusa 1:5—9). Bundan əlavə, qardaşın bu tələblərə müvafiq olub-olmadığını götür-qoy edən ağsaqqallar Yehovaya ürəkdən dua edib ondan müqəddəs ruhun rəhbərliyini diləyirlər.

17. Bacı hansı hallarda yığıncaq işlərini icra edə bilər və o, nəyə görə başını örtməlidir?

17 Ola bilsin ki, yığıncaqda müəyyən işləri icra etməyə, məsələn, təbliğ xidməti üçün görüşü keçirməyə ağsaqqal və yaxud yığıncaq xidmətçisi yoxdur. Belə hallarda, digər vəftiz olunmuş qardaşlar bu işləri icra edə bilərlər. Belə qardaşlar olmayan təqdirdə yararlı bir bacı bu işi icra edə bilər. Amma vəftiz olunmuş kişinin vəzifəsini icra edən bacı başını örtməlidira (1 Korinflilərə 11:3—10). Bu tələb qadını alçaltmır. Əksinə, bununla qadın Yehovanın həm ailə, həm də yığıncaq üçün qoyduğu başçılıq prinsipinə hörmət göstərir.

DÜNYƏVİ HAKİMİYYƏTƏ HÖRMƏT

18, 19. a) Romalılara 13:1—7 ayələrindəki prinsipləri necə izah edərdin? b) Hökumətə necə hörmət bəsləməliyik?

18 Həqiqi məsihilər Romalılara 13:1—7 ayələrindəki prinsiplərə vicdanla riayət edirlər. (Ayələri oxu.) Bu ayələri oxuyarkən görmək olar ki, biz hökumətə tabe olmalıyıq. Yehova hələ ki bu hökumətlərin mövcudluğuna yol verir, onlar vacib vəzifələri icra edirlər; cəmiyyətdə az-çox qayda-qanun yaradır və əhalini zəruri xidmətlərlə təmin edirlər. Biz qanunları yerinə yetirməklə hökumətə hörmət göstəririk. Biz bütün vergiləri vaxtlı-vaxtında ödəyir, dövlətin tələb etdiyi sənəd və arayışları düzgün doldurur, bizə, ailəmizə, işimizə və əmlakımıza aidiyyəti olan bütün qanunları yerinə yetiririk. Lakin hökumət bizdən Allahın qanunlarını pozmağı tələb edirsə, biz bu tələbə tabe olmur, həvarilərin sözlərinə qoşulub deyirik: «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» (Həvarilərin işləri 5:28, 29; «Kimə itaət etməliyəm?» adlı çərçivəyə bax).

KİMƏ İTAƏT ETMƏLİYƏM?

Prinsip: «Yehova bizim Hakimimizdir, Yehova bizim Qanunverənimizdir, Yehova bizim Padşahımızdır» (Əşiya 33:22).

Suallar

  • Məndən Yehovanın normalarını pozmağı tələb etsələr, nə edərəm? (Mətta 22:37—39; 26:52; Yəhya 18:36).

  • Mənə Yehovanın qanunlarına əməl etməyi qadağan etsələr, nə edərəm? (Həvarilərin işləri 5:27—29; İbranilərə 10:24, 25).

  • Mən nəyin sayəsində üzərimdə başçılıq səlahiyyəti olanlara məmnuniyyətlə itaət edə bilərəm? (Romalılara 13:1—4; 1 Korinflilərə 11:3; Efeslilərə 6:1—3).

19 Biz həmçinin hökumətə hörmət etdiyimizi davranışımızla da göstəririk. Arabir bilavasitə hökumət nümayəndələri ilə görüşməli oluruq. Həvari Bulus da padşah Hirod Aqrippa və vali Fest kimi hakimlərlə görüşməli olmuşdu. Bu adamların ciddi nöqsanları olsa da, Bulus onlarla hörmətlə danışırdı (Həvarilərin işləri 26:2, 25). Bulusdan nümunə götürüb nüfuzlu hakimdən tutmuş sıravi polisə kimi hamısına hörmətlə yanaşırıq. Eynilə, məktəbli gənc məsihilər də məktəbin müdiriyyətinə, müəllimlərə və digər işçilərə ehtiramla yanaşırlar. Əlbəttə, biz yalnız etiqadımızı bəyənənlərə deyil, həmçinin Yehovanın Şahidlərinə pis gözlə baxanlara da hörmət bəsləyirik. İmanımıza şərik olmayanlar bizim tərəfimizdən hörmətcil münasibət görməlidirlər (Romalılara 12:17, 18 ayələrini oxu; 1 Butrus 3:15).

20, 21. Üzərimizdə başçılıq edənlərə lazımi hörmət bəsləməyin hansı faydaları var?

20 Gəl üzərimizdə başçılıq edənlərə məmnuniyyətlə hörmət bəsləyək. Həvari Butrus yazırdı: «Hər cür insana hörmət edin» (1 Butrus 2:17). Hörmətcil davranış səmimi olanda insana dərin təəssürat bağışlayır. Bu gün insanlar çox nadir hallarda bir-birinə hörmət bəsləyirlər. Başqalarına hörmət bəsləməklə biz İsanın əmrini yerinə yetiririk: «Qoy sizin də nurunuz insanların qarşısında parlasın ki, onlar yaxşı işlərinizi görüb göydəki Atanızı mədh etsinlər» (Mətta 5:16).

21 Bu zülmət dünyasında safürəkli insanlar ruhani işığa meyil edirlər. Ona görə də ailədə, yığıncaqda və başqa yerlərdə hörmətcil davranışımızı müşahidə edənlərdən kimsə bizə qoşulub bu işıqlı yolda yerimək istəyə bilər. Hətta belə olmasa da, bir şeyə əmin ola bilərik: insanlara hörmətlə yanaşmağımız Yehova Allahı sevindirir və bizə Onun məhəbbətini qorumağa kömək edir. Dünyada bundan qiymətli nə ola bilər?!

a Bu prinsiplə bağlı «Əlavələr» bölməsinin «Məsihi qadın başını nə vaxt və nə üçün örtməlidir?» adlı mövzusunda bir neçə praktiki məsləhət verilir.

«MƏSLƏHƏTƏ QULAQ AS, TƏRBİYƏNİ QƏBUL ET»

Şeytandan gələn üsyankarlıq və ədavət ruhu bütün dünyanı bürüyüb. Müqəddəs Kitab Şeytanı «havanın hakimiyyətinin hökmdarı» adlandırır və bunun nəticəsi olaraq itaətsiz insanlarda fəaliyyət göstərən ruhdan danışır (Efeslilərə 2:2). Bu gün əksəriyyət heç kimə tabe olmaq istəmir. Heyif ki, bəzi məsihilər də bu müstəqillik ruhuna yoluxmuşlar. Misal üçün, ağsaqqal əxlaqsız və zorakı əyləncələrdən çəkindirmək məqsədilə məsihilərə nəvazişlə məsləhət verir, lakin bəziləri onun sözlərini qulaqardına vurur və yaxud rədd edirlər. Məsəllər 19:20 ayəsindəki sözlər hamımıza aiddir: «Məsləhətə qulaq as, tərbiyəni qəbul et, axırda hikmətli olarsan».

Bu işdə bizə nə kömək edə bilər? Gəlin insanların məsləhət və nəsihəti niyə rədd etdiklərinin üç əsas səbəbini araşdıraq və Müqəddəs Kitabda bu haqda nə deyildiyini nəzərdən keçirək.

  • «Məncə, bu, yersiz məsləhət idi». Hərdən elə düşünə bilərik ki, verilmiş məsləhət bizə aid deyil və ya məsləhəti verən adam məsələni axıracan başa düşməyib. Bizdə o saat məsləhəti rədd etmək istəyi yarana bilər (İbranilərə 12:5). Qeyri-kamil olduğumuzu nəzərə alsaq, bəlkə, bu məsələyə özümüz başqa səmtdən baxmalıyıq? (Məsəllər 19:3) Bəlkə, məsləhət yerində verilmişdir? Bu sualların üzərində düşünməliyik. Allahın Kəlamında məsləhət görülür: «Tərbiyəni möhkəm tut, onu əldən vermə, qoru, çünki o, sənin həyatındır» (Məsəllər 4:13).

  • «Məsləhətin necə verilməsi xoşuma gəlmədi». Müqəddəs Kitabda məsləhətin verilmə tərzinə böyük diqqət yetirilir (Qalatiyalılara 6:1). Bununla yanaşı orada deyilir: «Hamı günah işləyib, heç kəs Allahın calalını əks etdirə bilmir» (Romalılara 3:23). Bəli, kamil məsləhəti mükəmməl tərzdə yalnız kamil insan verə bilər (Yaqub 3:2). Yehova bizə məsləhət vermək üçün qeyri-kamil insanlardan istifadə edir, ona görə yaxşı olardı ki, məsləhətin verilmə tərzinə yox, özünə fikir verək və dua edib ona necə əməl etmək haqqında düşünək.

  • «Onun özünə məsləhət verən lazımdır, mənə niyə məsləhət verir?!» Əgər biz düşünürük ki, müəyyən nöqsanlarına görə kiminsə bizə məsləhət verməyə ixtiyarı yoxdur, onda yuxarıda sadalanmış fikirlərə təkrarən nəzər salmalıyıq. Yaxud yaş, təcrübə və yığıncaqdakı məsuliyyətlərimizə görə məsləhətə ehtiyac duymadığımızı fikirləşiriksə, onda düşüncə tərzimizi dəyişməliyik. Qədim İsraildə padşah böyük səlahiyyətlərə malik idi, buna baxmayaraq, o, peyğəmbərlərdən, kahinlərdən və başqa təbəələrindən aldığı məsləhəti qəbul etməli idi (2 İşmuil 12:1—13; 2 Salnamələr 26:16—20). Bu gün Yehovanın təşkilatında məsləhət vermək üçün qeyri-kamil kişilər təyin edilir və yetkin məsihilər onların məsləhətinə məmnuniyyətlə əməl edirlər. Təcrübə və məsuliyyətimiz nə qədər çoxdursa, biz məsləhəti bir o qədər mülayimcəsinə və həlimliklə qəbul edib, bacı-qardaşlarımıza nümunə olmalıyıq (1 Timutiyə 3:2, 3; Titusa 3:2).

Bəli, hamımızın məsləhətə ehtiyacı var. Ona görə də gəlin məsləhəti məmnuniyyətlə qəbul edib ona itaətkarlıqla əməl edək və bu xilasedici bəxşişə görə Yehovaya ürəkdən minnətdarlığımızı bildirək. Məsləhət, doğrudan da, Yehovanın bizə məhəbbətinin təzahürüdür. Məgər biz Allahın məhəbbətini qorumaq istəmirik? (İbranilərə 12:6—11).

«SİZƏ RƏHBƏRLİK EDƏNLƏRƏ İTAƏT EDİN»

Qədim İsrail xalqı Misirdən çıxanda qayda-qanun yaratmaq lazım idi. Musa bir neçə milyonluq xalqı təhlükə dolu səhra ilə apararkən ona təkbaşına nəzarət edə bilməzdi. O nə etdi? «İsraillilərin arasından bacarıqlı kişilər seçib onları hər min, hər yüz, hər əlli və hər on nəfərin üstündə başçı qoydu» (Çıxış 18:25).

Bu gün məsihi yığıncaqlarında da qayda-qanun olmalıdır. Məhz bu səbəbdən, təbliğ qrupuna nəzarətçi, yığıncağa ağsaqqallar, bir qrup yığıncağa rayon nəzarətçisi təyin edilir, ölkəyə ölkə komitəsi və ya filial komitəsi nəzarət edir. Bu quruluşun sayəsində, hər bir ağsaqqal Yehovanın ona həvalə etdiyi xidmətçilərinin qayğısına qala bilir. Bu ağsaqqallar Yehova və Məsihin qarşısında cavabdehdirlər (Həvarilərin işləri 20:28).

Yığıncağın bu cür təşkil olunması hər birimizdən itaətkarlıq tələb edir. Biz heç vaxt səlahiyyətli qardaşlara saymazyana yanaşan Diotrefə bənzəmək istəməzdik (3 Yəhya 9, 10). Əksinə, biz həvari Bulusun sözlərinə diqqət yetiririk: «Sizə rəhbərlik edənlərə itaət edin, onlara tabe olun, axı onlar hesabat verəcək adamlar kimi gecə-gündüz sizin qeydinizə qalırlar. Qoyun onlar bunu ah-zarla yox, sevinclə etsinlər ki, sizə zərər dəyməsin» (İbranilərə 13:17). Bəziləri səlahiyyətli qardaşların qərarları ilə razı olanda itaətkarlıq göstərirlər. Lakin bu qərarlarla razılaşmayanda və ya anlamayanda tabe olmurlar. Yadımızdan çıxarmayaq ki, tabe olmaq həm də razılaşmadığımız bir şeyə itaət etməyi bildirir. Hər birimiz özümüzə bu sualı verməliyik: «Mən səlahiyyətli qardaşlara qulaq asıb onlara tabe oluram?»

Əlbəttə, Müqəddəs Kitab yığıncaqda nəyi necə etmək barəsində sorğu kitabı deyil. Bununla belə orada deyilir: «Ancaq qoy hər şey ədəb-ərkanla və nizamla olsun» (1 Korinflilərə 14:40). Rəhbərlik Şurası bu göstərişə riayət edib yığıncaqlarda nizam-intizam olması üçün müxtəlif göstərişlər və rəhbərlik verir. Məsul qardaşlar bu qayda-qanuna özləri riayət etməklə itaətkarlıq nümunəsi verirlər. Onlar həmçinin mülayimlik göstərib nəzarət üçün təyin edilmiş qardaşlara itaət edirlər (Yaqub 3:17). Beləliklə, hər təbliğ qrupunda, yığıncaqda, rayonda və ölkədə birlik və nizam-intizam var. Bu, xoşbəxt Allah Yehovaya şərəf gətirir (1 Korinflilərə 14:33; 1 Timutiyə 1:11).

Həvari Bulusun İbranilərə 13:17 ayəsindəki sözləri itaətsizlik ruhunun zərərini göstərir. İtaətsizlik ruhu olan yerdə məsul qardaşlar xidmətlərini «ah-zarla» icra edirlər. Yığıncağın üzvləri üsyankar ruh təzahür etdirib qardaşlarla əməkdaşlıq etməyəndə şərəfli, müqəddəs sayılan xidmət onlar üçün ağır bir yükə çevrilir. Bunun nəticəsində, bütün yığıncağa zərər dəyir. Əlbəttə, teokratik qayda-qanuna tabe olmamağın digər ziyanı da olur. Təkəbbürlü insan özü ilə səmavi Atası arasında sədd yaradır və ruhani inkişafına xələl gətirir (Zəbur 138:6). Buna görə də gəlin həmişə itaətkar olaq.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş