Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w00 1/9 s. 8—13
  • Üzərinizə qoyulan şəxslərə hörmət edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Üzərinizə qoyulan şəxslərə hörmət edin
  • Gözətçi qülləsi 2000
  • Başlıqlar
  • Oxşar material
  • Hörmətsizlik mühakiməyə səbəb olur
  • Qeyri-kamilliyə baxmayaraq hörmət göstərmək
  • Siz də hörmət göstərirsinizmi?
  • Rəhbərliyi öz üzərlərinə götürənlərə hörmət edin
  • Üzərimizdə başçılıq edənlərə nəyə görə hörmət etməliyik?
    Allahın məhəbbətindən ayrılmayın
  • Başqalarını hörmətdə qabaqlayırsanmı?
    Gözətçi qülləsi 2008
  • Üzərimizdəki rəhbərlərə hörmət edək
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
  • Hakimiyyətə hörmət nəyə görə vacibdir?
    Gözətçi qülləsi 2000
Əlavə
Gözətçi qülləsi 2000
w00 1/9 s. 8—13

Üzərinizə qoyulan şəxslərə hörmət edin

“Hamıya hörmət edin. Qardaşlığı sevin, Allahdan qorxun, hökmdara hörmət edin” (1 PETER 2:17).

1, 2. İnsanlar bu gün hakimiyyətə necə münasibət göstərirlər? Nə üçün?

BİR ANA gileylənərək deyir: “Uşaqlar tamamilə sözə baxmırlar. Valideynlərə heç bir hörmət yoxdur”. Avtomobilin bamperindəki yarlık belə səslənir: “Hakimiyyətə meydan oxu!” Bunlar, sizə mə’lum olduğu kimi, bu gün yaranmış vəziyyəti əks etdirən yalnız iki mülahizədir. Valideynlərə, müəllimlərə, rəislərə və hökumət qulluqçularına qarşı hörmətsizlik bütün dünyada geniş yayılıb.

2 Kim isə sadəcə çiyinlərini atıb, deyər: “Səlahiyyəti olan insanlar mənim hörmətimə layiq deyillər”. Bə’zən bu fikirlə razılaşmamaq çətin olur. Məsələ burasındadır ki, biz, rüşvətlə ələ alınan hökumət qulluqçuları, mənfəət güdən rəislər, təcrübəsiz müəllimlər və mədəniyyətsiz valideynlərlə qarşılaşırıq. Xoşbəxtlikdən, məsihçilərdən az adam, yığıncaqda səlahiyyəti olan şəxsləri belə insanlara aid edəcək (Matta 24:45—47).

3, 4. Məsihçilər səlahiyyət verilən şəxslərə nəyə görə hörmət etməlidirlər?

3 Biz məsihçilər, dünyəvi səlahiyyət verilmiş şəxslərə hörmət etməliyik. Həvari Pavel məsihçiləri üzərlərində olan hakimiyyətlərə tabe olmağa də’vət edirdi, “çünki Allah tərəfindən olmayan hakim yoxdur, mövcud olan hakimlər də Allah tərəfindən tə’yin olunmuşdur” (Romalılara 13:1, 2, 5; 1 Peter 2:13—15). Eyni zamanda, Pavel ailədəki hakimiyyətə tabe olmaq üçün də əsaslı səbəb göstərdi: “Ey qadınlar, Rəbbə aid olanlara layiq olduğu kimi, ərlərinizə tabe olun. Ey uşaqlar, hər vəchlə valideynlərinizə itaət edin; çünki bu, Rəbbə məqbuldur” (Koloslulara 3:18, 20). Yığıncağın ağsaqqalları isə ona görə hörmətə layiqdirlər ki, “Müqəddəs Ruh” onları “sürünün içində nəzarətçi tə’yin etmişdir ki, Rəbbin və Allahın cəmiyyətini” güdsünlər (Həvarilərin işləri 20:28). Biz, bəşəri hakimiyyətlərə, Yeqovaya ehtiram bəslədiyimizə görə hörmət edirik. Təbiidir ki, Yeqovanın hakimiyyətinə hörmət etmək həyatımızda həmişə birinci yerdə durur (Həvarilərin işləri 5:29).

4 Yeqovanın ən ali hakimiyyətə sahib olduğunu yadda saxlayaraq, səlahiyyəti olanlara hörmət edən və onlara hörmət etməyən şəxslərin nümunələrini nəzərdən keçirək.

Hörmətsizlik mühakiməyə səbəb olur

5. Mikal əri Davuda necə hörmətsizlik etdi və bu nəyə səbəb oldu?

5 Biz, Davud padşahın həyatından görürük ki, Yeqova Allah, verdiyi səlahiyyətə hörmət etməyən insanlara necə münasibət göstərir. Davudun göstərişi ilə əhd sandığı Yerusəlimə gətirilən zaman, onun arvadı Mikal, “padşah Davudu, Rəbbin qarşısında sıçrayıb rəqs edən gördü və ürəyində ona xor baxdı”. Mikal, Davudu həm ailənin başçısı, həm də məmləkətin padşahı kimi qəbul etməli idi. Amma o öz hisslərini kinayə ilə bildirdi: “Bu gün qullarının qadınları qarşısında ancaq axmaq adamlardan birinin utanmadan soyunduğu kimi soyunan İsrail padşahı, bu gün nə şərəfli idi!” Elə buna görə də, Mikalın heç vaxt övladı olmadı (2 Samuel 6:14—23).

6. Yeqova özünün məsh etdiyi adamlara qarşı Qorahın etdiyi hörmətsizliyə necə qiymət verdi?

6 Allahın tə’yin etdiyi teokratik rəhbərliyə qarşı kobud hörmətsizlik nümunəsi Qorah olmuşdur. Kohati oğullarından biri kimi, Qorahın səyyar mə’bəddə Yeqovaya xidmət etməsi bir şərəf idi! Amma o, Allahın məsh etdiyi (müqəddəs ruhu ilə seçdiyi) israillilərin rəhbərlərinə, yə’ni Musa ilə Haruna yersiz irad tutmağa başladı. Qorah və onun tərəfini tutan İsrailin tayfa başçıları kobudcasına Musa ilə Haruna dedilər: “Bütün camaat, onlardan hər biri müqəddəsdir və Rəb onların arasındadır; nə üçün Rəbbin xalqı üzərində özünüzü yüksəldirsiniz?” Qorahın və onun tərəfdarlarının davranışına Yeqova necə qiymət verdi? Yeqovanın nöqteyi-nəzərinə görə, onların hərəkəti Onu təhqir etmiş oldu. Onlara tərəfdar olanların hamısını torpaq udduqdan sonra, Qorah və 250 nəfər tayfa başçısı Yeqovadan gələn atəşlə yandılar (Saylar 16:1—3, 28—35).

7. Pavelin səlahiyyətini tənqid etməyə “fövqəlhəvarilərin” əsasları vardımı?

7 Birinci əsrin məsihçi yığıncağında da, teokratik rəhbərliyi qəbul etməyən şəxslər vardı. Korinfdəki yığıncaqda olan bu “fövqəlhəvarilər” Pavelə hörmətsizliklə yanaşırdılar. Onlar, Pavelin natiqlik qabiliyyətini tənqid edərək, deyirdilər: “Şəxsi görkəmi... tə’sirsiz, nitqi isə əhəmiyyətsizdir” (2 Korinflilərə 10:10; 11:5). Natiqlik bacarığından asılı olmayaraq, Pavel bir həvari kimi hörmətə layiq idi. Bəs Pavelin nitqi doğrudanmı “əhəmiyyətsiz” idi? Müqəddəs Kitabda yazılmış çıxışları, onun çox inandırıcı surətdə danışdığına şəhadət edir. Pavel, yəhudilərin “mübahisəli fikirlərinin hamısını” bilən Hirod II Aqrippa ilə qısa olaraq söhbət etdikdən sonra, padşah e’tiraf edib dedi: “Bir az sonra məni, Məsihçi olmağa inandıracaqsan” (Həvarilərin işləri 13:15—43; 17:22—34; 26:1—28). Buna baxmayaraq, Korinfdəki “fövqəlhəvarilər” Paveli danışıq qabiliyyəti olmamaqda ittiham edirdilər! Bəs belə fikrə Yeqova necə qiymət verirdi? İsa Məsih, Efesdəki cəmiyyətin nəzarətçilərinə göndərdiyi xəbərdə, “həvari olmadıqları halda, özlərini həvari” adlandıranların tə’siri altına düşməyən insanlar haqqında iltifatla danışmışdı (Vəhy 2:1 2).

Qeyri-kamilliyə baxmayaraq hörmət göstərmək

8. Yeqovanın Şaula verdiyi səlahiyyətə hörmət etdiyini Davud necə göstərdi?

8 Müqəddəs Kitabda, hakimiyyət səlahiyyəti verilən şəxslər, hətta öz vəzifələrindən sui-istifadə edərkən də onlara hörmət göstərən insanların bir çox nümunələri var. Belə yaxşı nümunələrdən biri Davuddur. Şaul padşah, öz tabeliyi altında xidmət edən Davudun nailiyyətlərinə paxıllıq etməyə başladı və onu öldürməyə çalışdı (1 Samuel 18:8—12; 19:9—11; 23:26). Amma bir neçə dəfə Şaulu öldürmək fürsətinə malik olan Davud belə dedi: “Rəbb mənə göstərməsin ki... Rəbbin məsihinə... əl uzadım” (1 Samuel 24:3—6; 26:7—13). Davud, Şaulun səhv olduğunu bilirdi, amma onu mühakimə etməyi Yeqovanın öhdəsinə buraxmışdı (1 Samuel 24:12, 15; 26:22—24). O, həm Şaulun özü ilə, həm də onun haqqında hörmətsizcəsinə danışmırdı.

9. a) Şaul tərəfdən pis münasibətə mə’ruz qaldıqda Davud hansı hissləri keçirirdi? b) Davudun həqiqətən də Şaula hörmət etdiyini biz haradan bilirik?

9 Davud bu cür pis münasibətə tab gətirərkən əzab çəkirdimi? Davud, Yeqovaya müraciətində fəryad edib deyirdi: “Zorlular canımı axtarır” (Məzmur 54:3). O, ürəyini Yeqovanın qarşısında boşaldırdı: “Məni düşmənlərimdən azad eylə, ey Allahım... Qüvvətlilər mənə qarşı toplanırlar, nə üsyanıma görə, nə də suçuma görə, ya Rəb. Günahım olmadan silahlanıb hazırlaşırlar; mənə yardım etmək üçün oyan və bax” (Məzmur 59:1—4). Səlahiyyət verilən adam, heç bir pislik etmədiyiniz halda sizə çətinliklər törətdikdə, siz də belə hisslər keçiribsinizmi? Buna baxmayaraq, Davud Şaula layiqincə hörmət edirdi. Şaul öləndə Davud sevinmədi, əksinə, ağı nəğməsi bəstələdi: “Saul [Şaul] ilə Yonatan həyatlarında dadlı və sevimli idilər... qartallardan cəld, aslanlardan qüvvətli idilər. Ey İsrail qızları, Saul üçün ağlayın” (2 Samuel 1:23, 24). Şaulun haqsız olaraq Davuda iztirab verməsinə baxmayaraq, Yeqovanın məsh etdiyi şəxsə əsl hörmət göstərməkdə Davud olduqca gözəl nümunə vermişdi!

10. Allahın səlahiyyət verdiyi rəhbərlik edən şuraya münasibətdə Pavel hansı gözəl hörmət nümunəsini göstərdi və bu nəyə səbəb oldu?

10 İlk məsihçilər arasında da, Allahdan səlahiyyət alan şəxslərə hörmət edən insanlar vardı. Misal üçün Paveli götürək. O, birinci əsrdəki məsihçi cəmiyyətinin rəhbərlik edən şurasının qəbul etdiyi qərarlara hörmət edirdi. Pavel axırıncı dəfə Yerusəlimdə olarkən, rəhbərlik edən şura ona məsləhət etdi ki, Musanın qanununa xor baxmadığını başqa insanlara göstərmək məqsədilə, təntənəli surətdə paklansın. Pavel belə fikirləşə bilərdi: “Əvvəllər, mənim həyatım təhlükədə olan zaman, bu qardaşlar mənə Yerusəlimdən çıxmağı buyurdular. İndi isə onlar istəyirlər ki, mən hamının qarşısında Musanın qanununa hörmət etdiyimi göstərim. Artıq mən qalatiyalılara yazmışam ki, bu Qanuna riayət etmək lazım deyil. Əgər mə’bədə getsəm, mənim hərəkətimi başqaları səhv başa düşə bilərlər, elə fikirləşərlər ki, mən sünnətlə razılaşmışam”. Ancaq, göründüyü kimi, Pavel belə fikirləşmirdi. Bu işdə məsihçi prinsipini pozmaq tələb olunmadığı üçün, Pavel, birinci əsrdəki rəhbərlik edən şuraya hörmət göstərdi və onun məsləhətinə riayət etdi. Dərhal bundan sonra Pavel, qəzəblənmiş yəhudilərin izdihamından xilas olmaq məcburiyyətində qaldı və nəticədə iki ili həbsdə keçirdi. Axırda yenə də Allahın iradəsi yerinə yetirilmiş oldu. Pavel Qeysəriyədə yüksək vəzifəli rəislərə təbliğ etdi və sonradan dövlət xəzinəsinin hesabına Romaya aparıldı, orada isə birbaşa qeysərin özünə şəhadətlik etdi (Həvarilərin işləri 9:26—30; 21:20—26; 23:11; 24:27; Qalatiyalılara 2:12; 4:9, 10).

Siz də hörmət göstərirsinizmi?

11. Biz, dünyəvi hakimiyyətə hörmətimizi necə göstərə bilərik?

11 Siz, səlahiyyət verilən şəxslərə layiqincə hörmət edirsinizmi? Məsihçilərə əmr edilir: “Hər adama haqqını verin... hörmət isə hörməti”. Üzərimizdə “olan hakimlərə tabe” olmağımız yalnız vergiləri ödəməyimizdən yox, həm də hakimiyyətlərə öz hərəkət və nitqimizlə hörmət göstərməyimizdən ibarətdir (Romalılara 13:1—7). Əgər hakimiyyət qulluqçuları bizimlə amansız davranarlarsa, bəs onda necə? Meksikanın Çyapas ştatında bir yaşayış məntəqəsinin hökumət nümayəndələri Yeqovanın Şahidləri olan 57 ailənin kənd təsərrüfatı torpaqlarını əllərindən almışdılar, çünki bu məsihçilər müəyyən dini bayramlarda iştirak etmirdilər. Bu məsələni həll etmək üçün təşkil olunan iclaslarda, təmiz və səliqəli geyinmiş Şahidlər həmişə ləyaqət və hörmətlə danışırdılar. Bir ildən artıq vaxt keçdi və qaldırılan məsələ Şahidlərin xeyrinə həll olundu. Bu işi müşahidə edən bə’zi adamlarda Şahidlərə qarşı elə hörmət yarandı ki, onların özləri də Yeqovanın Şahidləri olmaq istədilər!

12. İman etməyən ərə “ehtiram etmək” nə üçün vacibdir?

12 Bəs Allahın ailədə səlahiyyət verdiyi şəxslərə necə hörmət edə bilərik? Pisliyə mə’ruz qalan İsanın nümunəsini müzakirə etdikdən sonra, həvari Peter dedi: “Ey qadınlar, siz də eyni şəkildə öz ərlərinizə tabe olun ki, bə’ziləri kəlama itaət etməzlərsə, ehtiram içində təmiz həyatınızı müşahidə edərək, siz arvadların rəftarı ilə heç bir söz söylənmədən fəth edilsinlər” (1 Peter 3:1, 2; Efeslilərə 5:22—24). Peter burada qeyd edir ki, hətta ər buna layiq olmayan kimi görünsə də, arvadın ərinə “ehtiramla” tabe olması çox vacibdir. Arvadın hörmətli münasibəti, iman etməyən ərinin ürəyinə yol aça bilər.

13. Arvadlar öz ərlərinə necə hörmət edə bilərlər?

13 Peter bu fəslin ayələrində bizim diqqətimizi Saranın nümunəsinə yönəldir. Onun əri İbrahim iman sahəsində gözəl nümunə olmuşdu (1 Peter 3:6; Romalılara 4:16, 17; Qalatiyalılara 3:6—9). İman edən ər, iman etməyən ərdən azmı hörmətə layiqdir? Əgər siz bir işdə öz ərinizlə razı deyilsinizsə, bəs onda necə? İsa, bu işdə də faydalı olan bir məsləhət verir: “Kim səninlə bir mil getmək istərsə, onunla iki mil get” (Matta 5:41). Ərinizin istəyinə uyğun davranmaqla, ona hörmət göstərirsinizmi? Əgər bu sizə çətin olarsa, öz hisslərinizi ona söyləyin. Hisslərinizin ona mə’lum olduğunu fərz etməyin. Lakin öz arzunuzu hörmətcil surətdə bildirin. Müqəddəs Kitab bizə nəsihət edir: “Qoy sözünüz həmişə nəvazişli olsun və ona duz qatılmış kimi olsun ki, siz hər adama necə cavab vermək lazım olduğunu biləsiniz” (Koloslulara 4:6).

14. Valideynlərə hörmət etmək nə deməkdir?

14 Ey uşaqlar, bəs siz necə olmalısınız? Allahın Kəlamı buyurur: “Ey uşaqlar, Rəbb yolunda valideynlərinizə itaət edin, çünki bu ədalətlidir. Atana və anana hörmət et ki, sənə səadət yar olsun və yer üzündə uzunömürlü olasan. Bu, daxilində və’d olan ilk əmrdir” (Efeslilərə 6:1—3). Fikir verin ki, “atana və anana hörmət” etmək və onlara itaətli olmaq eyni mə’nanı verir. Burada “hörmət etmək” fe’li ilə ifadə edilən yunan sözü, “yüksək qiymətləndirmək” və ya “qədrini bilmək” mə’nasını verir. Buna görə də, itaətli olmaq üçün, valideynlərin sizə düşüncəsiz görünə bilən qayda-qanunlarına könülsüz tabe olmaq kifayət deyil. Allah istəyir ki, siz öz valideynlərinizə hörmət edəsiniz və onların verdiyi rəhbərliyi qiymətləndirəsiniz (Süleymanın məsəlləri 15:5).

15. Valideynlərinin səhvə yol verdiklərini zənn etsələr də, onlara hörmət göstərməkdə uşaqlara nə kömək edə bilər?

15 Əgər valideynlərinizin etdikləri bə’zi işlər sizin onlara hörmətinizi azaldırsa, bəs onda necə? Hər şeyə onların nöqteyi-nəzəri ilə baxmağa çalışın. Məgər “sizi dünyaya gətirən” və sizin qayğınıza qalan onlar deyilmi? (Süleymanın məsəlləri 23:22, YD). Onları buna təşviq edən sizə olan məhəbbətləri deyilmi? (İbranilərə 12:7—11). Valideynlərinizlə hörmətlə söhbət edin və keçirdiyiniz hissləri onlara mülayimliklə danışın. Hətta onların cavabı sizə xoş gəlməsə də, onlarla kobud danışmaqdan çəkinin (Süleymanın məsəlləri 24:29). Unutmayın ki, Şaul padşah Allahın məsləhətinə zidd davrandığı zaman da, Davud ona hörmət edirdi. Yeqovadan xahiş edin ki, öz hisslərinizin öhdəsindən gəlməkdə sizə kömək etsin. Davud deyirdi: “Ürəyinizi onun qarşısında boşaldın; Allah bizim üçün sığınacaq yeridir” (Məzmur 62:8; Yeremyanın mərsiyələri 3:25—27).

Rəhbərliyi öz üzərlərinə götürənlərə hörmət edin

16. Mələklərin və yalançı müəllimlərin nümunəsindən biz hansı ibrət dərsi ala bilərik?

16 Yığıncağın ağsaqqalları müqəddəs ruhla tə’yin edilirlər, buna baxmayaraq onlar qeyri-kamildirlər və səhvlər işlədirlər (Məzmur 130:3; Vaiz 7:20; Həvarilərin işləri 20:28; Yaqub 3:2). Nəticədə, yığıncaqda olanlardan kim isə ağsaqqallardan narazı qala bilər. Əgər yığıncaqda bir iş lazımi dərəcədə edilmirsə və ya bu iş hər halda bizə elə görünürsə, necə davranmalıyıq? Birinci əsrdə olan yalançı müəllimlərin, özlərini mələklərdən nə qədər fərqli apardıqlarına diqqət yetirin: “Onlar [yalançı müəllimlər] küstah, inadcıl olub, izzətli varlıqlara küfr edərkən, titrəməzlər. Halbuki qüvvət və qüdrətdə onlardan üstün olan mələklər, Rəbbin hüzurunda [“Yeqovaya hörmət etdikləri üçün”, YD] bunlara küfr etməz və hökm verməzlər” (2 Peter 2:9—13). Yalançı müəllimlər “izzətli varlıqları”, yə’ni birinci əsrdə məsihçi yığıncağında səlahiyyət verilmiş ağsaqqalları təhqir edirdilər, amma mələklər, ruhani qardaşlar arasında birliyi pozan həmin yalançı müəllimləri təhqir etmirdilər. İnsanlardan yüksəkdə olan və insanlarla müqayisədə daha artıq ədalət hissinə sahib olan mələklər, yığıncaqda baş verən işləri bilirdilər. Amma buna baxmayaraq, onlar “Yeqovaya hörmət etdikləri üçün” mühakiməni Onun öhdəsinə buraxırdılar (İbranilərə 2:6, 7; Yəhuda 9).

17. Bir kimsə ağsaqqalların səhv olduqlarını hesab edərkən, iman necə kömək edər?

17 Hətta əgər bir iş lazımınca edilmirsə, biz, məsihçi yığıncağının diri Başçısı olan İsa Məsihə inanmalı deyilikmi? Məgər özünün ümumdünya yığıncaqlarında baş verən işlər İsaya mə’lum deyilmi? Onun problemləri həll etmək bacarığına hörmət göstərməli və hər şeyin onun əlində olduğunu e’tiraf etməli deyilikmi? Doğrudan da, axı biz kimik ki, öz qonşumuzu “mühakimə” edək? (Yaqub 4:12; 1 Korinflilərə 11:3; Koloslulara 1:18). Əgər bir şey bizə rahatlıq vermirsə, axı nəyə görə öz narahatlığımızı duada Yeqovaya bildirməyək?

18, 19. Əgər ağsaqqalın səhvə yol verdiyini hesab edirsinizsə, nə etmək olar?

18 İnsanın qeyri-kamilliyi üzündən çətinliklər və ya problemlər yarana bilər. Hətta elə olur ki, ağsaqqal, bə’zi adamların narahatlığına səbəb olan səhvə yol verir. Tələm-tələsik davranmağımız vəziyyəti dəyişmir. Bu yalnız problemi çətinləşdirə bilər. Ruhən gözüaçıq olan şəxslər, baş verən işə Yeqovanın düzəliş verəcəyini və Onun özünün lazım bildiyi kimi insanı yola gətirəcəyi vaxtı gözləyəcəkdir (2 Timoteyə 3:16; İbranilərə 12:7—11).

19 Əgər bir şey sizi çox narahat edirsə, onda nə etməli? Problemi yığıncaqda başqaları ilə müzakirə etmək əvəzinə, nəyə görə kömək üçün hörmətcil surətdə ağsaqqallara müraciət edilməsin? Heç kimi tənqid etmədən, sizi narahat edən şeyləri söyləyin. Ağsaqqallara qarşı həmişə “şəfqətli” olun və onlara e’tibar etməklə hörməti qoruyun (1 Peter 3:8). Kinayə ilə danışmaqdan uzaq olun və onların yetkin məsihçi olduqlarına bel bağlayın. Müqəddəs Yazılara əsaslanmış hər bir ruhlandırıcı sözləri onlardan minnətdarlıqla qəbul edin. Əgər vəziyyəti düzəltmək üçün müəyyən tədbir görmək lazım gələrsə, onda əmin olun ki, ağsaqqallar Yeqovanın rəhbərliyi ilə düzgün və ədalətlə davranacaqlar (Qalatiyalılara 6:10; 2 Saloniklilərə 3:13).

20. Növbəti mövzuda biz nəyi müzakirə edəcəyik?

20 Biz, bununla bərabər, səlahiyyət verilmiş şəxslərə hörmət və ehtiram göstərmək məsələsinin daha bir sahəsini nəzərdən keçirməliyik. Bəs səlahiyyət alan insanlar, onlara tapşırılan şəxslərə hörmət etməli deyillərmi? Bunu növbəti mövzuda müzakirə edəcəyik.

Siz necə cavab verərdiniz?

• Səlahiyyət verilmiş şəxslərə hörmət etmək üçün hansı ciddi səbəblərimiz var?

• Yeqova və İsa, Allahdan səlahiyyət alan şəxslərə hörmət etməyən adamlara necə baxırlar?

• Səlahiyyət verilmiş adamlara hörmət etməkdə kim yaxşı nümunə göstərmişdir?

• Əgər üzərimizdə səlahiyyəti olan adam, fikrimizcə səhvə yol verirsə, nə etməliyik?

[8-ci səhifədəki şəkil]

Sara, İbrahimin səlahiyyətinə ehtiram edirdi və xoşbəxt idi

[9-cu səhifədəki şəkil]

Mikal, Davudun ailə başçısı və padşah səlahiyyətinə hörmət etmədi

[10-cu səhifədəki şəkil]

“Rəbb mənə göstərməsin ki... Rəbbin məsihinə... əl uzadım”

[12-ci səhifədəki şəkil]

Axı nəyə görə öz narahatlığımızı duada Yeqovaya bildirməyək?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş