FƏSİL 8
Xoş xəbər müjdəçiləri
YEHOVA Allah bizə Oğlu İsa Məsihin timsalında mükəmməl nümunə təqdim edib (1 But. 2:21). İsanın davamçısı olan hər kəs Allahın xidmətçisi olub müjdəni təbliğ edir. Bu işin ruhani təravət gətirdiyini vurğulamaq üçün İsa demişdi: «Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm. Boyunduruğumu üzərinizə götürün və məndən öyrənin, çünki mən həlim və qəlbən təvazökaram. Onda canınız təravətlənər» (Mət. 11:28, 29). Bu dəvəti qəbul edən hər bir insan İsanın sözlərinin həqiqət olduğunu təsdiq edə bilər!
2 Allaha ibadətdə aparıcı rol oynayan İsa insanları davamçısı olmağa çağırırdı (Mət. 9:9; Yəh. 1:43). O, davamçılarına təbliğ etməyi öyrədirdi. Özü müjdəni təbliğ etdiyi kimi, şagirdlərini də bu işi yerinə yetirməyə göndərirdi (Mət. 10:1—11:1; 20:28; Luka 4:43). Sonralar o, Allahın Padşahlığı barədə müjdəni təbliğ etmək üçün əlavə 70 şagird göndərmişdi (Luka 10:1, 8—11). Onları göndərərkən demişdi: «Sizə qulaq asan mənə də qulaq asır. Sizi rədd edən məni də rədd edir. Məni rədd edən isə məni göndərəni də rədd edir» (Luka 10:16). Bu sözlərlə İsa şagirdlərinə verdiyi tapşırığın nə dərəcədə ciddi olduğunu vurğulamışdı. Onlar İsanı və Haqq-Taalanı təmsil etməli idilər! Bu sözlər bu gün İsanın «mənim ardımca gəl» çağırışına hay verən hər kəsə aiddir (Luka 18:22; 2 Kor. 2:17). Dəvətə hay verən hər bir kəsə Padşahlıq haqqında müjdəni təbliğ etmək və şagird hazırlamaq kimi şərəfli iş həvalə olunub (Mət. 24:14; 28:19, 20).
3 Biz İsanın ardınca getmək çağırışına hay verməklə böyük şərəfə layiq görülmüşük, Yehova Allahı və İsa Məsihi tanımışıq (Yəh. 17:3). Yehova bizə Öz yollarını öyrədib. O, bizə düşüncəmizi yeniləşdirməyə, yeni şəxsiyyətə bürünməyə və həyatımızı Onun adil qanunlarına uyğunlaşdırmağa kömək edib (Rom. 12:1, 2; Efes. 4:22—24; Kol. 3:9, 10). Dərin minnətdarlıq hissi bizi həyatımızı Yehova Allaha həsr etməyə və bunun simvolu olaraq vəftiz olunmağa sövq edib. Bununla da biz Yehovanın xidmətçisi olmuşuq.
4 Heç vaxt yaddan çıxartmayaq ki, Allaha ibadət edən insanın əlləri pak, qəlbi təmiz olmalıdır (Zəb. 24:3, 4; Əşy. 52:11; 2 Kor. 6:14—7:1). İsa Məsihə iman bizə təmiz vicdan bəxş edib (İbr. 10:19—23, 35, 36; Vəhy 7:9, 10, 14). Həvari Bulusun məsləhətinə görə, məsihilər hər işi Allaha şərəf gətirmək üçün görsələr, heç kimi büdrətməzlər. Həvari Butrus isə imanda olmayan insanı həqiqətə cəlb etmək üçün nümunəvi davranışın vacibliyini vurğulamışdı (1 Kor. 10:31, 33; 1 But. 3:1, 2). Bəs insanlara Padşahlığın müjdəçisi olmağa necə kömək edə bilərik?
YENİ TƏBLİĞÇİLƏR
5 Kiməsə Müqəddəs Kitabı öyrətməyə başlayan vaxtdan onu təşviq etmək lazımdır ki, öyrəndiklərini başqalarına danışsın. O, bu barədə qohumlarına, dostlarına, iş yoldaşlarına və sairə insanlara danışa bilər. Şagirdi İsa Məsihin davamçısı və müjdəçi kimi yetişdirmək üçün bu, vacib amildir (Mət. 9:9; Luka 6:40). Ruhani cəhətdən böyüdükcə və qeyri-formal şəkildə təbliğ etmək bacarığına yiyələndikcə, sözsüz ki, onda təbliğçi olmaq arzusu oyanacaq.
TƏLƏBLƏR
6 Şagirdi ev-ev təbliğ etməyə aparmazdan əvvəl, əmin olmaq lazımdır ki, o, müəyyən tələblərə cavab verir. Bizimlə xidmətdə əməkdaşlıq edən insan Yehovanın Şahidi olduğunu açıq şəkildə göstərir. Buna görə də təbliğçi olmazdan əvvəl, o, həyatını Yehovanın salehlik normalarına uyğunlaşdırmalıdır.
7 Siz kiməsə Müqəddəs Kitabı öyrədir və oradakı prinsipləri müzakirə edirsinizsə, deməli, onu yaxşı tanıyırsınız. Siz onun öyrəndiklərinə əsasən yaşayıb yaşamadığını görürsünüz. Amma elə məqamlar var ki, ağsaqqallar ikinizlə bir yerdə bunu müzakirə etməlidirlər.
8 Ağsaqqallar şurasının koordinatoru iki ağsaqqal (biri xidmət komitəsinin üzvü olmalıdır) təyin edəcək ki, sizinlə və Müqəddəs Kitabı öyrətdiyiniz adamla bu məsələni müzakirə etsin. Ağsaqqal az olan yığıncaqda bu işi bir ağsaqqal və bir yığıncaq xidmətçisi görə bilər. Qardaşlar bu işi təxirə salmamalıdırlar. Şagird istəyini yığıncaqda bildirərsə, qardaşlar sizinlə görüşdən sonra danışa bilərlər. Müzakirəni xoş ab-havada keçirmək lazımdır. Şagirdin təbliğçi olmasına icazə verməzdən əvvəl, növbəti məqamları dəqiqləşdirmək mütləqdir:
1) O, Müqəddəs Kitabın (Tövrat, Zəbur, İncil) Allahın Kəlamı olduğuna inanırmı? (2 Tim. 3:16).
2) Müqəddəs Kitabın əsas təlimlərini bilir və qəbul edirmi? Ona verilən suallara Müqəddəs Kitabın öyrətdiyi kimi cavab verir, yoxsa yalan dinin öyrətdiyi və ya öz bildiyi kimi? (Mət. 7:21—23; 2 Tim. 2:15).
3) Vəziyyəti yol verirsə, Müqəddəs Kitabdakı göstərişə əsasən, ibadət görüşlərinə gələrək Yehovanın xalqı ilə sıx münasibət saxlayırmı? (Zəb. 122:1; İbr. 10:24, 25).
4) Müqəddəs Kitabın cinsi əxlaqsızlığa, həmçinin zinaya, çoxnikahlılığa, homoseksualizmə dair nöqteyi-nəzərini bilirmi və buna uyğun yaşayırmı? Əgər əks cinslə bir yerdə yaşayırsa, rəsmi nikahları varmı? (Mət. 19:9; 1 Kor. 6:9, 10; 1 Tim. 3:2, 12; İbr. 13:4).
5) O, Müqəddəs Kitabın əyyaşlıqla bağlı nöqteyi-nəzərini qəbul edirmi? Asılılıq yaradan və ya təbii və sintetik psixotrop maddələrdən qeyri-tibbi məqsədlə istifadə etmir ki? (2 Kor. 7:1; Efes. 5:18; 1 But. 4:3, 4).
6) Pis dostluqlardan qaçmağın nə dərəcədə vacib olduğunu dərk edirmi? (1 Kor. 15:33).
7) Əvvəllər üzv olduğu yalan dini təşkilatlarla əlaqəsini kəsibmi? Onların dini görüşlərinə getməyə, fəaliyyətlərində iştirak etməyə və dəstəkləməyə son qoyubmu? (2 Kor. 6:14—18; Vəhy 18:4).
8) Siyasi işlərdən uzaq dururmu? (Yəh. 6:15; 15:19; Yaq. 1:27).
9) Əşiya 2:4 ayəsində yazılanları qəbul edir və buna uyğun yaşayırmı?
10) Yehovanın Şahidi olmaq istəyi səmimidir? (Zəb. 110:3).
9 Əgər ağsaqqallar şagirdin bu məqamları dəqiq başa düşdüyünə əmin deyillərsə, yuxarıdakı ayələrin köməyi ilə suallar verib müzakirə apara bilərlər. O başa düşməlidir ki, Yehovanın Şahidləri ilə təbliğ işində iştirak etmək üçün insan Müqəddəs Kitabın bu tələblərinə uyğun yaşamalıdır. Onun cavabları əsasında ağsaqqallar müəyyən etməlidirlər: şagird ondan nə gözlənildiyini başa düşür? Təbliğçi olmaq üçün tələblərə kifayət qədər cavab verir?
10 Ağsaqqallar şagirdin tələblərə cavab verib-vermədiyini yubatmadan deməlidirlər. Adətən, bunu müzakirənin sonunda müəyyən etmək olur. Əgər o, tələblərə cavab verirsə, ağsaqqallar onu bir təbliğçi kimi ürəkdən təbrik etməlidirlər (Rom. 15:7). Ağsaqqallar onu təbliğə mümkün qədər tez çıxmağa və ayın axırında təbliğ hesabatı verməyə təşviq etməlidirlər. Ağsaqqallar ona başa salmalıdırlar ki, Müqəddəs Kitabı öyrənən adam təbliğçi olanda və ilk təbliğ hesabatını verəndə onun adına «Təbliğçinin hesabat kartoçkası» açılır və yığıncağın sənədləri arasına qoyulur. Ağsaqqalların təbliğçidən şəxsi məlumatlarını alması sayəsində təşkilat bütün dünyadakı Yehovanın Şahidlərinin dini fəaliyyətinə nəzarət edə bilir. Üstəlik, təbliğçinin ruhani işlərdə iştirak etmək və ruhani kömək almaq imkanı olur. Bundan əlavə, ağsaqqallar yeni təbliğçilərə bildirə bilərlər ki, şəxsi məlumatlardan jw.org saytında yer alan Yehovanın Şahidlərinin məlumatın qorunma siyasətinə müvafiq istifadə olunur.
11 Yeni təbliğçi ilə yaxından tanış olmaq və nailiyyətləri ilə maraqlanmaq ona müsbət təsir göstərə bilər. Bu, onu təbliğ hesabatını müntəzəm verməyə və Yehovaya canla-başla xidmət etməyə təşviq edəcək (Filip. 2:4; İbr. 13:2).
12 Şagirdin təbliğ işində iştirak etməyə yararlı olduğunu müəyyənləşdirəndən sonra ağsaqqallar ona «Allahın iradəsini yerinə yetirən təşkilat» kitabını verirlər. İlk təbliğ hesabatını verdikdən sonra ibadət görüşündə onun yeni təbliğçi olduğu qısaca elan olunur.
UŞAQLARA KÖMƏK
13 Uşaqlar da təbliğçi ola bilərlər. İsa uşaqlara qarşı diqqətli idi və onlara xeyir-dua verirdi (Mət. 19:13—15; 21:15, 16). Uşaqlara görə məsuliyyəti valideynlər daşısa da, müjdəçilik işində iştirak etməyi arzulayan uşaqlara yığıncaqdakılar da kömək edə bilər. Valideynin təbliğ işində göstərdiyi gözəl nümunə uşağı Allaha ürəkdən xidmət etməyə təşviq edə bilər. Davranışı nümunəvi olan və öz imanı barədə başqalarına danışmaq istəyən uşağa necə kömək etmək olar?
14 Valideyn yığıncağın xidmət komitəsinin üzvü olan ağsaqqallardan birinə yaxınlaşıb uşağının təbliğçi olmağa yararlı olub-olmadığını onunla müzakirə edə bilər. Ağsaqqallar şurasının koordinatoru iki ağsaqqala (biri xidmət komitəsinin üzvü olmalıdır) uşaqla və imanda olan valideynlərindən biri ilə, yaxud hər ikisi ilə və ya qəyyumu ilə görüşməyi tapşıracaq. Əgər uşaq Müqəddəs Kitabın əsas təlimlərini bilirsə və təbliğdə iştirak etmək istədiyi aydın görünürsə, bu, onun ruhani inkişafının göstəricisidir. Bunu və böyüklərə də tətbiq olunan bəzi tələbləri nəzərə alaraq həmin iki ağsaqqal qərar verəcək, uşaq təbliğçi ola bilər, ya yox (Luka 6:45; Rom. 10:10). Adətən, böyüklərlə müzakirə olunan bəzi məqamları uşaqla müzakirə etməyə ehtiyac yoxdur.
15 Bu görüş zamanı ağsaqqallar uşağı ruhani cəhətdən inkişaf etdiyinə görə tərifləməli və məqsəd qoyub vəftiz olmağa təşviq etməlidirlər. Uşağa həqiqəti aşılamaq üçün valideynlər çox böyük zəhmət çəkirlər, onları da tərifləmək lazımdır. Əlavə kömək kimi, ağsaqqallar valideynlərə 179—181 səhifələrdəki «Məsihi valideynlərə ismarıc» əlavəsini oxumağı məsləhət görməlidirlər.
HƏSROLUNMA VƏ VƏFTİZ
16 Siz artıq Yehova Allahı tanıyır və sevirsinizsə, Onun qanunları ilə yaşayır və təbliğdə iştirak edirsinizsə, Allahla münasibəti möhkəmləndirmək üçün bir addım da atmaq lazımdır. Hansı addımı? Həyatınızı Yehovaya həsr etmək və bunun rəmzi olaraq suda vəftiz olmaq (Mət. 28:19, 20).
17 «Həsr etmək» nəyi isə və ya kimi isə müqəddəs məqsəd üçün ayırmaq deməkdir. Həyatını Yehovaya həsr etmək o deməkdir ki, insan duada ömürboyu Allaha xidmət edəcəyinə və Onun qanunları ilə yaşayacağına, yəni əbədiyyən Ona tam sədaqət göstərəcəyinə söz verir (Qan. 5:9). Bu, insanın şəxsi qərarıdır. Heç kəs onun əvəzinə qərar verə bilməz.
18 Ancaq Yehovaya duada Ona məxsus olmaq istəyinizi demək kifayət deyil. Həyatınızı Yehovaya həsr etdiyinizi başqaları da bilməlidir. Bunu, İsa kimi, suda vəftiz olmaqla edə bilərsiniz (1 But. 2:21; 3:21). Əgər Yehovaya xidmət etmək və vəftiz olmaq qərarına gəlmisinizsə, nə etməlisiniz? Bu istəyinizi ağsaqqallar şurasının koordinatoruna bildirin. O, ağsaqqallara tapşıracaq ki, sizinlə danışsınlar, vəftiz üçün tələblərə cavab verib-vermədiyinizi müəyyən etsinlər. Əlavə məlumat üçün bu kitabın 182—184 səhifələrdə yerləşən «Vəftiz olunmamış təbliğçilərə ismarıc» və 185—207 səhifələrdəki «Vəftiz olmaq istəyənlər üçün suallar» adlı əlavələrə baxın.
TƏBLİĞ HESABATI
19 Pak ibadətin dünya miqyasında vüsət aldığı barədə verilən hesabatlar uzun illərdir ki, Yehovanın xalqına qol-qanad verir. İsa Məsih şagirdlərinə müjdənin bütün dünyada təbliğ olunacağını dediyi vaxtdan bəri həqiqi məsihilər bu işin necə yerinə yetəcəyi ilə yaxından maraqlanırlar (Mət. 28:19, 20; Mark 13:10; Həv. 1:8).
20 İlk məsihilər təbliğdə əldə olunan nailiyyətlər barədə eşidəndə çox sevinirdilər (Mark 6:30). «Həvarilərin işləri» kitabında yazılıb ki, eramızın 33-cü ilinin Əllinci gün bayramında təqribən 120 şagirdin üzərinə müqəddəs ruh töküldü. Tezliklə şagirdlərin sayı təxminən 3000-ə, sonra isə təxminən 5000-ə çatdı. «Yehova... hər gün xilas olanları onların sıralarına qoşurdu» və «çoxlu sayda kahin... iman yoluna qoşulurdu» (Həv. 1:15; 2:5—11, 41, 47; 4:4; 6:7). Bu məlumatlar şagirdlərə böyük sevinc gətirirdi! Sözsüz ki, bu şad xəbərlər onları, yəhudi din rəhbərlərinin təqiblərinə baxmayaraq, Allahın tapşırdığı işi irəli aparmağa təşviq edirdi!
21 Bizim eranın təxminən 60—61-ci illərində həvari Bulus koloslulara məktubunda yazmışdı ki, «müjdə bütün dünyada» bar gətirərək yayılıb və «səma altında yaşayanların hamısına təbliğ edilib» (Kol. 1:5, 6, 23). İlk məsihilər Kəlama bağlı yaşayırdılar. Və müqəddəs ruh onlara güc verirdi ki, 70-ci ildə yəhudi sistemi dağılana kimi möhtəşəm təbliğ işini başa çatdırsınlar. Əmin ola bilərik ki, əldə olunan nailiyyətlər barədə eşitmək həmin sadiq məsihiləri çox ruhlandırmışdı!
Hələ ki Armageddon gəlməyib, təbliğ işini axıra kimi yerinə yetirmək üçün əlinizdən gələni edirsiniz?
22 Mətta 24:14 ayəsində yazılıb: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək». Yehovanın müasir xalqı bu peyğəmbərliyi yerinə yetirmək üçün görülən işlər barədə hesabat aparır. Allahın xidmətçisi kimi, bizlərə çox vacib bir iş tapşırılıb. Hələ ki Armageddon gəlməyib, bu tapşırığı axıra kimi yerinə yetirmək üçün əlimizdən gələni etməliyik. Yehova təbliğ işinin başa çatması üçün nə lazımdırsa edəcək və bu işə biz də töhfə veririksə, Yehovanın lütfünü qazanacağıq (Hizq. 3:18—21).
SİZİN TƏBLİĞ HESABATINIZ
23 Hesabata nəyi daxil etməliyik? Hesabata nələri qeyd etməli olduğumuz təşkilatın təqdim etdiyi «Təbliğ xidməti haqqında hesabat» blankında yazılıb. Bununla belə, növbəti məlumatı bilmək faydalı olardı.
24 «Nəşrlər (çap və elektron)» bölməsində nəşrlərin sayı, yaxud videoların elektron poçtla göndərdiyiniz linklərinin və vəftiz olunmamış insanlara verdiyiniz nəşrlərin sayı yazılmalıdır, «video» bölməsində isə xidmətdə göstərdiyiniz videoların sayı qeyd olunmalıdır.
25 «Təkrar söhbət» sütununda vəftiz olmamış insanların göstərdiyi marağı artırmaq məqsədilə etdiyiniz təkrar söhbətlərin ümumi sayını qeyd edin. Təkrar söhbət dedikdə insanın yanına getmək, məktub yazmaq, telefonla əlaqə saxlamaq, mesaj yazmaq, elektron məktub göndərmək, yaxud hansısa nəşri saxlamaq nəzərdə tutulur. Müqəddəs Kitabı öyrətdiyiniz adamla keçdiyiniz hər dərs də təkrar söhbət sayıla bilər. Ailəvi ibadəti aparan valideyn görüşdə vəftiz olunmamış uşağı iştirak etdiyi halda hər həftə hesabata bir təkrar söhbət yaza bilər.
26 Adətən, şagirdlə Müqəddəs Kitab dərsi hər həftə keçirilir və ayın sonunda hesabata bir şagirdlə dərs keçirildiyi yazılır. Təbliğçilər hesabata şagirdlərin ümumi sayını yazmalıdırlar. Hesabata Yehovanın Şahidi olmayan insanla keçilən dərsi daxil etmək lazımdır. Xidmət komitəsinin üzvlərindən birinin göstərişi ilə qeyri-fəal bacı və ya qardaşla, yaxud yeni vəftiz olmuş, amma hələ «Əbədi xoşbəxt həyat!» kitabını qurtarmamış insanla keçirilən dərsləri də hesabata daxil etmək olar.
27 Hesabatda saatı dəqiq yazmaq lazımdır. Əsasən ev-ev təbliğ zamanı, təkrar söhbət edəndə, Müqəddəs Kitab dərsləri keçəndə, formal və ya qeyri-formal təbliğ edəndə sərf etdiyimiz saatları bu hesabata daxil etməliyik. İki təbliğçi bir yerdə təbliğ edəndə onların ikisi də saatı yaza bilərlər, amma təkrar söhbəti və ya Müqəddəs Kitab dərsini hesabata yalnız biri yazmalıdır. Ailəvi ibadət axşamında uşaqlarına dərs keçən valideynlərin ikisi də həftəyə bir saat yazmalıdırlar. Qardaşlar məruzə söylədikləri vaxtı hesabata daxil edə bilərlər. Məruzəni tərcümə edənlər də vaxtı hesabata yaza bilərlər. Təbliğə hazırlığa, təbliğ görüşünə, şəxsi işlərə və bu kimi vacib işlərə sərf etdiyimiz vaxtı hesaba daxil etmirik.
28 Hər təbliğçi təbliğ saatını necə hesablayacağına qərar verəndə Müqəddəs Kitaba əsasən tərbiyə olunmuş vicdanının səsinə qulaq asmalıdır. Elə təbliğçilər var ki, sıx məskunlaşmış ərazilərdə təbliğ edir, bəziləri isə əhalinin az olduğu yerlərdə xidmət edir və uzaq məsafələr qət etməli olurlar. Sahələr fərqli olduğu kimi, təbliğçilərin xidmətə baxışı da fərqlidir. Rəhbərlik Şurası bütün dünyadakı yığıncaqlara təbliğdə keçirilən vaxtı hesablamaqla bağlı öz fikrini yeritmir və heç kimə bu məsələdə mühakimə yürütmək ixtiyarı verilməyib (Mət. 6:1; 7:1; 1 Tim. 1:5).
29 Hesabat blankında təbliğə sərf olunan vaxtın ancaq saatlarını yazmaq lazımdır. Amma istisna hallar olur, məsələn, yaşlı insanlara, yataq xəstələrinə, qocalar evində yaşayanlara və sairə məhdudiyyətləri olanlara güzəştlər edilir. Bu təbliğçilər, ən azı, 15 dəqiqə hesabat verə bilərlər. Hətta əgər onlar ay ərzində cəmi 15 dəqiqə təbliğ ediblərsə, bu vaxtı hesabata daxil etməlidirlər. Beləcə, onlar fəal təbliğçi sayılırlar. Bu, müvəqqəti məhdudiyyətləri olan, məsələn, ciddi xəstəlik və ya xəsarət nəticəsində ay ərzində hərəkət edə bilməyən təbliğçilərə də aid edilir. Bu istisna ancaq imkanları həddən artıq məhdud olan təbliğçilərə aiddir. Kimə bu cür güzəştlər ediləcəyinə xidmət komitəsi qərar verir.
«TƏBLİĞÇİNİN HESABAT KARTOÇKASI»
30 Sizin aylıq hesabatınız «Təbliğçinin hesabat kartoçkası»na yazılır. Bu kartoçkalar təbliğçinin aid olduğu yığıncağa məxsusdur. Başqa yığıncağa keçməyi planlaşdırırsınızsa, ağsaqqallara xəbər verin. Katib kartoçkanızın yeni yığıncağa göndərilməsinə nəzarət edəcək. Bunun sayəsində ağsaqqallara sizi tanımaq və ruhani kömək göstərmək daha asan olacaq. Əgər üç aydan çox olmamaq şərtilə başqa yerə gedirsinizsə, təbliğ hesabatınızı öz yığıncağınıza göndərin.
TƏBLİĞ HESABATINI NƏYƏ GÖRƏ VERİRİK?
31 Elə olurmu ki, təbliğ hesabatını verməyi unudursunuz? Sözsüz ki, vaxtaşırı olaraq hesabatı verməyi hamının yadına salmaq lazım gəlir. Amma hesabat vermək məsələsinə düzgün yanaşmağı öyrənsək və bunun vacibliyini anlasaq, hesabatı vaxtında vermək daha asan olacaq.
32 Bəzilərində belə bir sual yaranır: «Əgər Yehova Ona xidmət etdiyimi görürsə, hesabat vermək nəyə lazımdır?» Düzdür, Yehova hər şeyi görür. O bilir, biz ürəkdən xidmət edirik, yoxsa gözdən pərdə asmaq üçün. Amma nəzərə alın ki, Yehova Nuhun gəmidə neçə gün qaldığını, israillilərin səhrada neçə il dolaşdığını yazdırıb. Allah Ona sadiq qalan bəndələrinin və Ona asi çıxan insanların sayını qeyd etdirib. Kənan diyarının necə alındığını, İsrailin sadiq hakimlərinin gördüyü işləri qələmə aldırıb. Göründüyü kimi, Yehova sadiq xidmətçilərinin gördüyü işlərin çoxlu təfsilatlarını qeyd etdirib. Yehovanın keçmişdə baş vermiş hadisələri yazdırmasından görünür ki, dəqiq qeydlər aparmaq Onun üçün ciddi məsələdir.
33 Müqəddəs Kitabdakı tarixi hadisələr Yehovanın xalqının qələmə aldığı məlumatların dəqiqliyini təsdiq edir. Konkret rəqəm yazılmasaydı, Müqəddəs Kitabdakı əksər hadisələr oxucuya o qədər də güclü təsir bağışlamazdı. Misal üçün, növbəti nümunələrə baxmaq olar: Yaradılış 46:27; Çıxış 12:37; Hakimlər 7:7; 2 Padşahlar 19:35; 2 Salnamələr 14:9—13; Yəhya 6:10; 21:11; Həvarilərin işləri 2:41; 19:19.
34 Düzdür, biz hesabata Yehovaya ibadətdə etdiyimiz hər şeyi daxil etmirik, amma bu hesabatların Yehovanın təşkilatına böyük köməyi dəyir. Birinci əsrdə həvarilər təbliğdən qayıdanda «gördükləri işləri və öyrətdikləri hər şeyi» İsa Məsihə danışdılar (Mark 6:30). Bəzən hesabatlardan görmək olar ki, xidmətimizin müəyyən sahəsinə daha çox diqqət yetirmək lazımdır. Hesabatlar bəzi sahələrdə irəliləyişlərin olduğunu, digər sahələrdə isə, məsələn, təbliğçilərin artımında və inkişafında zəifliklərin müşahidə olunduğunu üzə çıxarır. Bunun nəticəsində ya təbliğçiləri ruhlandırmaq, ya da müəyyən problemləri həll etmək lazım gələ bilər. Bu işə məsul olan nəzarətçilər hesabatları yoxlayır, təbliğçilərin və yığıncaqların inkişafına mane olan amilləri aradan qaldırmağa çalışırlar.
35 Həmçinin hesabatların sayəsində təşkilat təbliğçilərə daha çox harada ehtiyac olduğunu görür. Hansı ərazilər daha bəhrəlidir, hansılarda inkişaf zəif gedir? İnsanlara həqiqəti çatdırmaq üçün hansı nəşrlərə ehtiyac var? Hesabatlar sayəsində təşkilat dünyanın müxtəlif guşələrində hansı ədəbiyyatlara ehtiyac olduğunu görür və bu ehtiyacı ödəyir.
36 Hesabatlar bizi çox ruhlandırır. Bütün dünyada bacı-qardaşlarımızın müjdənin təbliğində əldə etdiyi nailiyyətləri eşidəndə ürəyimiz dağa dönür. Artımı göstərən rəqəmlər bizdə Yehovanın təşkilatının nə dərəcədə genişləndiyi barədə ümumi təsəvvür yaradır. Xidmətdə baş vermiş maraqlı hadisələr bizi sevindirir, şövqümüzü artırır və beləcə, bizi təbliğ işində canla-başla iştirak etməyə təşviq edir (Həv. 15:3). Hesabatı vaxtında vermək çox vacibdir. Bununla biz bütün bacı-qardaşlarımızı düşündüyümüzü göstəririk. Xırda görünən bu məsələyə ciddi yanaşmaqla Yehovanın təşkilatındakı quruluşa tabe oluruq (Luka 16:10; İbr. 13:17).
QARŞINIZA MƏQDƏSLƏR QOYUN
37 Xidmətimizi başqalarının xidməti ilə müqayisə etmək lazım deyil (Qal. 5:26; 6:4). Hər kəsin şəraiti fərqlidir. Amma qarşımıza əlçatan məqsədlər qoymaq çox faydalıdır, çünki bu yolla özümüzün təbliğ işində nə qədər tərəqqi etdiyimizi görəcəyik. Bu məqsədlərə çatanda böyük məmnunluq duyacağıq.
38 Açıq-aydın görünür ki, Yehova «böyük müsibətdən» sağ çıxacaq insanları sürətlə toplayır. Biz Əşiyanın yazdığı peyğəmbərliyin yerinə yetdiyi bir dövrdə yaşayırıq: «Ən kiçiyindən min nəfər, ən balacasından qüdrətli xalq törəyəcək. Mən Yehova vaxtı yetişəndə bu işi sürətləndirəcəyəm» (Vəhy 7:9, 14; Əşy. 60:22). Bu cür əlamətdar dövrdə, axırzamanda müjdəni təbliğ etmək böyük şərəfdir! (Mət. 24:14).