FƏSİL 17
Yehovanın təşkilatına bağlı qalın
İSA MƏSİHİN şagirdi Yaqub yazmışdı: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaq. 4:8). Bəli, Yehova Allah Uca, gözəgörünməz olsa da, biz günahlı insanların duasını eşidir (Həv. 17:27). Bəs Yehova Allaha necə yaxınlaşa bilərik? Onunla yaxın münasibət qurmaqla, məsələn, ürəkdən dua etməklə (Zəb. 39:12). Həmçinin Müqəddəs Kitabı müntəzəm mütaliə etməklə Allahla aramızda sıx bağlar yarana bilər. Bu yolla biz Yehova Allahı yaxından tanıyır, Onun niyyətlərini və biz bəndələrdən nə gözlədiyini öyrənirik (2 Tim. 3:16, 17). Beləcə, bizim Ona sevgimiz artır və ürəyimizdə sağlam qorxu, dərin ehtiram yaranır (Zəb. 25:14).
2 Yehova Allahla yalnız Onun Oğlu İsa Məsih vasitəsilə yaxın münasibət qurmaq olar (Yəh. 17:3; Rom. 5:10). İsa qədər heç kəs bizə Yehovanın zəkasını anlamağa kömək edə bilməz. O, Atası ilə o dərəcədə yaxın idi ki, növbəti sözləri demişdi: «Oğulu Atadan savayı heç kim tanımır. Atanı da Oğuldan savayı və Oğulun tanıtmaq istədiyi adamdan savayı heç kəs tanımır» (Luka 10:22). İncildə İsanın fikirləri və hissləri barədə oxuyanda, sanki, Yehovanın fikirləri və hissləri ilə tanış oluruq. Bu biliklərin sayəsində Yaradanımızla yaxın dost oluruq.
3 Yehovanın təşkilatının görünən hissəsinə bağlı qalmaqla Onunla münasibətlərimizi möhkəmləndiririk. Başında İsa Məsihin durduğu bu təşkilat bizə Allahın iradəsini yerinə yetirməyi öyrədir. Mətta 24:45—47 ayələrində peyğəmbərlik edildiyi kimi, Ağamız İsa Məsih iman əhlinə «vaxtlı-vaxtında yemək vermək üçün» «sadiq və ağıllı nökər» təyin edib. Bu gün sadiq nökər bizə bol ruhani qida verir. Yehova təşkilatı vasitəsilə bizi Müqəddəs Kitabı hər gün oxumağa, ibadət görüşlərinə müntəzəm getməyə və «Padşahlıq haqqındakı bu müjdə»nin təbliğində ürəkdən iştirak etməyə çağırır (Mət. 24:14; 28:19, 20; Yuş. 1:8; Zəb. 1:1—3). Gəlin heç vaxt sadiq nökərə insan nöqteyi-nəzəri ilə baxmayaq. Biz çalışmalıyıq ki, həmişə Yehovanın təşkilatının görünən hissəsinə bağlı qalaq və təşkilatdan gələn göstərişlərə əməl edək. Bunun sayəsində biz Allahımız Yehovaya yaxınlaşacaq, nə qədər sınansaq da, möhkəm qalacaq və müdafiə altında olacağıq.
SINAQLAR NİYƏ ARTIR?
4 Ola bilsin, uzun illərdir Yehovanın yolundasınız. Belə isə sınaqlara dözməyin nə demək olduğunu yaxşı bilirsiniz. Yehovanı və Onun xalqını təzəlikcə tanıyanlar da Şeytan İblisin Yehovanın tərəfini tutan hər kəslə mübarizə apardığını görürlər (2 Tim. 3:12). Nə qədər sınanmağımızdan asılı olmayaraq, qorxmağa və əlimizi yana salmağa əsas yoxdur. Yehova söz verir ki, bizə dayaq olacaq, xilas edəcək və sonsuz həyat bəxş edəcək (İbr. 13:5, 6; Vəhy 2:10).
5 Şeytanın qurduğu sistemin son günlərində hər birimiz sınaqlarla üzləşə bilərik. 1914-cü ildə Allahın Padşahlığı qurulandan sonra Şeytan yer üzünə atıldı və o vaxtdan bəri Yehovanın dərgahının qapıları onun üzünə bağlanıb. Şeytan və onun cinləri ancaq yerin hüdudlarında fəaliyyət göstərə bilirlər. Dünyada bəlaların artması, eləcə də Yehovanın sadiq bəndələrinin getdikcə daha çox təqib olunması Şeytanın qəzəbinin bəhrəsidir və sübut edir ki, biz Şeytanın amansız hökmranlığının son günlərində yaşayırıq (Vəhy 12:1—12).
6 Öz mövqeyindən aşağı salındığı üçün qəzəbdən alışıb-yanan Şeytan bilir ki, onun vaxtına az qalıb. O, cinlərini də başına yığıb hər vəchlə Padşahlığın təbliğ işinə mane olmağa və Yehovanın xalqının arasına nifaq salmağa çalışır. Buna görə də biz ruhani savaşda iştirak etmək məcburiyyətində qalırıq; «biz ətə və qana qarşı yox, hökumətlərə, hakimiyyətlərə, bu zülməti idarə edən dünya hökmdarlarına, səmavi aləmdəki şər ruhi qüvvələrə qarşı mübarizə aparırıq». Əgər Yehovanın tərəfini tutub qalib çıxmaq istəyiriksə, bu savaşda heç vaxt təslim olmamalıyıq, ruhani zirehlərimizin hamısı əynimizdə olmalıdır. Biz «İblisin hiylələrinə sinə» gərməliyik (Efes. 6:10—17). Bunun üçün dözüm gərəkdir.
DÖZÜMLÜ OLUN
7 Dözüm deyəndə çətinliklərə və əzablara tab gətirmək nəzərdə tutulur. Ruhani mənada isə dözüm sınaqlar, təqiblər və bizi Allahdan döndərmək üçün görülən sairə tədbirlərin qarşısında mətin qalıb doğru yaşamaq deməkdir. Dözüm öz-özünə yaranmır, məsihi gərək bu xüsusiyyəti özündə yetişdirsin. Təbii ki, buna vaxt lazımdır. Biz ruhani cəhətdən inkişaf etdikcə dözüm də inkişaf edəcək. Məsihi yoluna qədəm qoyandan əqidəmizə görə qarşılaşdığımız kiçik sınaqlara tab gətirdikcə gücümüz artır və qaçılmaz olan daha ağır sınaqlara dözməyi öyrənirik (Luka 16:10). İmanda qətiyyətli olmaq üçün oturub ağır sınaqları gözləmək lazım deyil. Biz bu sınaqlar başlamamış qətiyyətli olmalıyıq. Həvari Butrus qeyd etmişdi ki, dözümü digər xüsusiyyətlərlə yanaşı yetişdirmək gərəkdir. O yazmışdı: «Var gücünüzlə çalışaraq, imanınızı alicənablıqla, alicənablığı elmlə, elmi təmkinlə, təmkini dözümlə, dözümü möminliklə, möminliyi qardaşlıq sevgisi ilə, qardaşlıq sevgisini məhəbbətlə tamamlayın» (2 But. 1:5—7; 1 Tim. 6:11).
Günbəgün sınaqlara tab gətirməklə bizdə dözüm yetişir
8 Yaqubun məktubunda dözümü yetişdirməyin zərurəti vurğulanır: «Qardaşlar, üzləşdiyiniz müxtəlif sınaqları sevinclə qarşılayın. Bilin ki, sınanmış imanınız sizdə dözüm hasil edir. Qoy dözüm öz işini tamamlasın ki, siz kamil və hər cəhətdən sağlam olasınız, heç nədə əskiyiniz olmasın» (Yaq. 1:2—4). Yaqubun yazdıqlarına əsasən, məsihilər sınaqları sevinclə qarşılamalıdırlar, çünki sınaqlar dözüm hasil edir. Siz də sınaqlara bu cür yanaşırsınız? Sonra Yaqub göstərir ki, dözüm özü-özlüyündə məsihi mənliyini kamilləşdirir və bizi Allahın gözündə ucaldır. Günbəgün sınaqlara tab gətirməklə bizdə dözüm yetişir. Dözüm isə digər vacib və gözəl xüsusiyyətlərə təkan verir.
9 Dözüm göstərməyimiz Yehovaya xoş gedir və buna görə O, bizə əbədi həyat ənamını bəxş edəcək. Yaqub sözünə belə davam etmişdi: «Sınaqlara tab gətirən adam xoşbəxtdir. Çünki o, bəyənilib Yehovanın Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq» (Yaq. 1:12). Bəli, dözümlü olmaqdan həyatımız asılıdır. Dözümlü olmasaq, həqiqət yolunda qala bilməyəcəyik. Dünyanın təzyiqi qarşısında sınsaq, yenidən bu dünyaya qayıdacağıq. Dözüm göstərməsək, bizdə Yehovanın ruhu olmayacaq və həyatımızda bu ruhun bəhrəsini görməyəcəyik.
10 Bu çətin zəmanədə dözümlü olmaq istəyiriksə, bir məsihi kimi qarşılaşdığımız sınaqlara münasibətimiz düzgün olmalıdır. Yaqubun «sınaqları sevinclə qarşılayın» sözləri yadınızdadır? Təbii ki, bu, asan deyil, çünki bu zaman, ola bilsin, insan fiziki və emosional əzab çəksin. Lakin yadda saxlayın ki, bundan gələcək həyatınız asılıdır. Həvarilərin başına gələn hadisələr bizə sınaqları sevinclə qarşılamağa kömək edə bilər. Bu əhvalatlardan biri «Həvarilərin işləri» kitabında yazılıb: «Həvariləri çağırıb döydürdülər və bir də İsanın adı ilə danışmamağı əmr edib buraxdılar. Həvarilər isə İsanın adı naminə təhqirə layiq görüldüklərinə görə Sinedriondan sevinə-sevinə çıxdılar» (Həv. 5:40, 41). Həvarilər başa düşürdü ki, çəkdikləri bu əzablar onların İsanın göstərişinə sadiq olduqlarının və Yehovanın rizasını qazandıqlarının sübutudur. İllər sonra Butrus Allahdan ilham alıb ilk məktubunu yazanda salehlik uğrunda əzab çəkməyin faydasını vurğulamışdı (1 But. 4:12—16).
11 Digər bir hadisə həvari Bulusla Silanın başına gəlmişdi. Filippidə təbliğ səyahətində olanda onları həbs edib şəhərin asayişini pozmaqda və yad adət-ənənələri təbliğ etməkdə ittiham etmişdilər. Sonra onları möhkəm döyüb zindana atmışdılar. Müqəddəs Kitabda deyilir ki, yaralı vəziyyətdə zindanda olanda gecəyarısı «Bulusla Sila dua edib mahnı oxuyur, Allahı tərənnüm edirdilər. Dustaqlar da onlara qulaq asırdılar» (Həv. 16:16—25). Bulus və Sila Məsihə görə qarşılaşdıqları əzab-əziyyətləri təkcə Allah qarşısında kamil olduqlarının göstəricisi kimi qəbul etmirdilər, həm də həqiqəti axtaran insanlara şahidlik etmək imkanı kimi yanaşırdılar. Bundan insanların həyatı asılı idi. Həmin gecə dustaqxana gözətçisi və onun ev əhli həqiqəti qəbul edib İsanın şagirdi oldu (Həv. 16:26—34). Bulus və Sila Yehovaya, Onun qüdrətinə və sınaqlar zamanı onlara dayaq olacağına əmin idilər. Yehova onların ümidlərini doğrultdu.
12 Bu gün də sınaqların çox olduğu bir dövrdə Yehova bizə dayaq olmaq üçün lazım olan hər şeyi verir. O, bizim dözümlü olmağımızı istəyir. Yehova bizə Öz Kəlamını verib ki, Onun niyyəti haqqında dəqiq biliyimiz olsun. Bu bilik imanımızı artırır. Biz bacı-qardaşlarla ünsiyyətdə olmaq və müqəddəs Allaha ibadət etmək şərəfinə layiq görülmüşük. Həmçinin biz xoşbəxt insanlarıq ki, duada Yehova ilə ünsiyyət edə bilirik. Yehova Ona ucaltdığımız həmd-sənaları və önündə təmiz qalmaq üçün etdiyimiz yalvarışları qəbul edir (Filip. 4:13). Gələcəyə ümidimizin bizə verdiyi gücün də köməyi az deyil (Mət. 24:13; İbr. 6:18; Vəhy 21:1—4).
HƏR CÜR SINAĞA DÖZÜRÜK
13 Bugünkü sınaqlar İsa Məsihin ilk şagirdlərinin qarşılaşdığı sınaqlara çox bənzəyir. Bəzi insanlar yanlış məlumata əsaslanaraq Yehovanın Şahidlərini təhqir edir və onlarla zorakı davranırlar. Həvarilərin vaxtında olduğu kimi, indiki təqiblərin də əksəriyyəti təlimləri və əməlləri Allahın Kəlamında ifşa olunan dini fanatiklərin başının altından çıxır (Həv. 17:5—9, 13). Bəzən Yehovanın xalqı öz hüquqlarını müdafiə edərək dövlətin qanunlarında kömək tapır (Həv. 22:25; 25:11). Lakin hərdən dövlət rəhbərləri fəaliyyətimizə qadağa qoyub məsihi ibadətimizi dayandırmaq istəyirlər (Zəb. 2:1—3). Belə vəziyyətdə biz növbəti sözləri deyən sadiq həvarilərin nümunəsini cəsarətlə izləyirik: «Biz insanlara yox, hökmdarımız Allaha itaət etməliyik» (Həv. 5:29).
14 Millətçilik ruhu bütün dünyada get-gedə artır və xoş xəbərin müjdəçilərinə təzyiq göstərilir ki, Allahın onlara tapşırdığı işə son qoysunlar. Allahın bütün sadiq bəndələri vəhşi «heyvana və onun surətinə» səcdə etməklə bağlı Vəhy 14:9—12 ayələrində verilən xəbərdarlığa ciddi yanaşırlar. Biz Yəhyanın növbəti sözlərinə barmaqarası baxmamalıyıq: «Burada Allahın əmrlərinə əməl edən və İsanın imanından bərk yapışan müqəddəslərə dözüm gərəkdir».
15 Ola bilsin, siz müharibələr, siyasi çevrilişlər, təqiblər və dövlətin qoyduğu qadağalar ucbatından açıq şəkildə ibadət edə bilmirsiniz. Bütün yığıncaq bir yerdə yığışıb ibadət görüşü keçirə bilmir. Filialla əlaqə kəsilib. Rayon nəzarətçiləri yığıncaqları ziyarət edə bilmir. Ədəbiyyat ala bilmirsiniz. Belə olan halda siz nə etməlisiniz?
16 Nə bacarırsınız, onu edin, nə qədər bacarırsınız, o qədər edin. Yəqin ki, mütaliə etmək, Müqəddəs Kitabı oxuyub araşdırmaq mümkündür. Balaca qruplar şəklində evlərdə yığışıb ibadət görüşləri keçirmək olar. Bu görüşlərdə əvvəllər keçdiyiniz nəşrləri və sadəcə Müqəddəs Kitabı araşdırmaq olar. Narahat olmaq və qorxmaq lazım deyil. Rəhbərlik Şurası qısa müddət ərzində bir yol tapıb məsul qardaşlarla əlaqə saxlayacaq.
17 Unutmayın, məsihi bacı-qardaşlarınızla əlaqəniz kəsilsə də, Yehova Allahla və Oğlu İsa Məsihlə əlaqəniz kəsilməyib. Gələcəyə ümidinizi əvvəlki kimi möhkəm saxlayın. Yehova indi də sizin dualarınızı eşidir və Öz ruhu ilə sizə güc-qüvvə verməyə qadirdir. Ondan kömək istəyin. Yadda saxlayın ki, siz Yehovanın xidmətçisi və İsa Məsihin şagirdisiniz. Buna görə də hər imkandan istifadə edib şahidlik edin. Yehova sizin bu zəhmətinizi mükafatsız qoymayacaq və nəticədə, yeni-yeni insanlar sıralarımıza qoşulub bu pak yolda yeriyəcəklər (Həv. 4:13—31; 5:27—42; Filip. 1:27—30; 4:6, 7; 2 Tim. 4:16—18).
18 Amma əgər, həvarilər və digər bacı-qardaşlarınız kimi, sizi də ölümlə hədələyirlərsə, «ölüləri dirildən Allaha» bel bağlayın (2 Kor. 1:8—10). Dirilmə ümidi sizə ən ağır təqiblərə tab gətirməyə kömək edəcək (Luka 21:19). İsa Məsih bu sahədə nümunə qoyub. O bilirdi ki, sınaqlar qarşısında göstərdiyi sədaqət neçə-neçə insana cəsarət verəcək. Siz də bacı-qardaşlarınızı bu cür cəsarətləndirə bilərsiniz (Yəh. 16:33; İbr. 12:2, 3; 1 But. 2:21).
19 Həyatımızı ağırlaşdıran təkcə təqiblər deyil, başqa çətinliklər də bizi üzə bilər. Məsələn, insanlar müjdəyə laqeyd yanaşdıqları üçün ruhdan düşə bilərik. Aramızdan kimlərsə fiziki və emosional xəstəliklərdən əziyyət çəkirlər, yaxud qeyri-kamilliyin nəticəsində əl-qollarını bağlayan vəziyyətlərə dözməli olurlar. Həvari Bulus da bəzən xidmətinə mənfi təsir edən və onu çətinləşdirən vəziyyətlərə dözməli olurdu (2 Kor. 12:7). Birinci əsrdə Filippidə yaşayan Epafrodit də dostlarının onun xəstə olduğundan xəbər tutduğu üçün bərk məyus olmuşdu (Filip. 2:25—27). Hərdən özümüzün və ətrafdakı insanların günahlı xisləti ağır problemlər yaradır. Bacı-qardaşlarla və ya ailə üzvlərimizlə aramızda problemlər baş qaldırır. Lakin Yehovanın Kəlamındakı məsləhətlərə əməl etməklə bu vəziyyətlərə dözmək və bu problemləri həll etmək mümkündür (Hizq. 2:3—5; 1 Kor. 9:27; 13:8; Kol. 3:12—14; 1 But. 4:8).
SONA QƏDƏR SADİQ QALIN
20 Biz Yehovanın yığıncağın başı təyin etdiyi şəxsə, İsa Məsihə sadiq qalmalıyıq (Kol. 2:18, 19). «Sadiq və ağıllı nökər»lə və nəzarətçi təyin olunan qardaşlarla sıx əməkdaşlıq etməliyik (İbr. 13:7, 17). Teokratik qaydalara tam əməl etməklə və üzərinə məsuliyyət götürən qardaşlarla birgə çalışmaqla biz bir xalq kimi Yehovanın iradəsini yerinə yetirmiş oluruq. Dua etmək ənamından tam şəkildə yararlanın. Unutmayın, nə dustaqxana divarları, nə təklikdə zindana atılmağımız qayğıkeş səmavi Atamızla ünsiyyətin qarşısını kəsə bilməz, bacı-qardaşlarla birliyimizi poza bilməz.
21 Gəlin qətiyyət və dözüm göstərib əlimizdən gələni edək ki, diriləndən sonra İsanın davamçılarına verdiyi tapşırığı, təbliğ işini icra edə bilək. O öz davamçılarına buyurmuşdu: «Gedin və bütün xalqların içində şagird hazırlayın, onları Ata, Oğul və müqəddəs ruh adı ilə vəftiz edin, sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin» (Mət. 28:19, 20). Gəlin biz də İsa kimi dözümlü olaq. Gözümüzü Padşahlığa bəslədiyimiz ümiddən və əbədi yaşamaq ümidindən ayırmayaq (İbr. 12:2). Məsihin vəftiz olmuş şagirdi olan bizlər İsanın dövrün yekunu ilə bağlı dediyi peyğəmbərliyi yerinə yetirmək şərəfinə layiq görülmüşük. O demişdi: «Padşahlıq haqqındakı bu müjdə xalqların hamısına şəhadət olsun deyə, bütün yer üzündə təbliğ ediləcək və son o vaxt gələcək» (Mət. 24:3, 14). Son gələnə kimi bu işə can qoysaq, salehliyin hökm sürdüyü yeni dünyaya keçib əbədi və şad-xürrəm yaşayacağıq!