DƏRS 57
Ciddi günah işləyərkən nə etməli?
Biz Yehovanı sevirik. Çalışırıq hər hərəkətimizə diqqət yetirək ki, Onu incitməyək. Bununla belə, bəzən səhvlərə yol veririk. Amma bəzi səhvlər daha ciddidir (1 Korinflilərə 6:9, 10). Əgər ciddi günaha yol vermisinizsə, unutmayın ki, Yehova sizi hələ də sevir. O bağışlamağa və sizə kömək etməyə hazırdır.
1. Yehovanın bizi bağışlaması üçün nə etməliyik?
Yehovanı sevən insan ciddi günaha yol verdiyini başa düşəndə dərin kədər hissi keçirir. Amma o, Yehovanın keçmişdə xalqına verdiyi vəddən təsəlli tapır: «Günahlarınız al-qırmızı olsa da, onları qar kimi ağappaq edəcəyəm» (Əşiya 1:18). Əgər səmimi-qəlbdən tövbə etsək, Yehova bizi bağışlayacaq. Bəs tövbə etmək nə deməkdir? Bu o deməkdir ki, biz hərəkətimizə görə peşman oluruq və pis əməlimizdən əl çəkib, Yehovadan əfv diləyirik. Sonra isə əlimizdən gələni edirik ki, bu günaha səbəb olan düşüncəni və vərdişləri dəyişək, həmçinin Yehovanın qayda-qanunlarına uyğun yaşayaq. (Əşiya 55:6, 7 ayələrini oxuyun.)
2. Yehova ağsaqqallar vasitəsilə bizə necə kömək edir?
Əgər ciddi günah etmişiksə, Yehova bizə yığıncağın ağsaqqallarını çağırmağı buyurur. (Yaqub 5:14, 15 ayələrini oxuyun.) Ağsaqqallar Yehovanı və Onun xidmətçilərini sevirlər. Onlar təlim alıblar və bilirlər ki, bizə Yehova ilə münasibətlərimizi bərpa etməyə necə kömək etmək olar (Qalatiyalılara 6:1).
Ciddi günah işləyəndə ağsaqqallar bizə necə kömək edir? İki və ya üç ağsaqqal Müqəddəs Kitabdakı ayələr vasitəsilə hərəkətimizin nəyə görə düzgün olmadığını izah edir, həmçinin yenidən günah etməmək üçün bizə məsləhət verir. Əgər ciddi günah işləyən insan tövbə etmirsə, ağsaqqallar yığıncağı pis təsirdən qorumaq üçün qərar verir ki, həmin insan artıq Yehovanın Şahidi kimi qala bilməz.
D Ə R İ N L İ Y Ə V A R I N
Görün Yehova ciddi günah etmiş insanlara necə kömək edir və bunu nəyə görə qiymətləndirməliyik.
3. Günahlarınızı etiraf edin və şəfa tapın
Etdiyimiz hər günah Yehovaya qarşı edilmiş günahdır. Buna görə də günahımızı Ona etiraf etməliyik. Zəbur 32:1—5 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Nəyə görə günahımızı gizlətməyə çalışmamalıyıq, əksinə, onu Yehovaya etiraf etməliyik?
Günahımızı Yehovaya etiraf edəndən sonra ağsaqqallardan da kömək istəməliyik. Bu bizə rahatlıq gətirəcək. VİDEOYA baxın və növbəti sualı müzakirə edin:
Ağsaqqallar Kanon qardaşa Yehovaya geri dönməyə necə kömək etdi?
Ağsaqqallarla açıq və dürüst şəkildə danışmaq lazımdır. Onlar bizə kömək etmək üçün təyin olunub. Yaqub 5:16 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Nəyə görə dürüst olsaq, bizə kömək etmək ağsaqqallara daha asan olacaq?
Günahınızı etiraf edin, ağsaqqallarla dürüst olun və Yehovanın köməyini qəbul edin
4. Yehova günahkarlara mərhəmət göstərir
Əgər ciddi günah işləmiş insan Yehovanın qoyduğu qaydalara uyğun yaşamaq istəmirsə, o, artıq Yehovanın Şahidi ola bilməz. Biz onunla oturub-durmuruq. 1 Korinflilərə 5:6, 11 ayələrini oxuyun. Sonra növbəti sualı müzakirə edin:
Maya bütün xəmiri acıtdığı kimi, tövbə etməyən günahkarla oturub-durmaq da yığıncağa necə təsir edər?
Ağsaqqallar Yehovanın günahkarlara göstərdiyi mərhəməti örnək götürərək artıq Yehovanın Şahidi olmayan kəslərə kömək əli uzadır. Onların çoxu sonradan yığıncağa qayıdır. Aldıqları cəza onlara əzab versə də, bu, səhvlərini başa düşməyə kömək edir (Zəbur 141:5).
Yehovanın günahkarlara münasibəti Onun mərhəmətini, ədalətini və məhəbbətini necə göstərir?
5. Yehova tövbə edəni bağışlayır
İsa Məsih bir nümunə əsasında göstərmişdi ki, insan tövbə edəndə Yehova hansı hissləri keçirir. Luka 15:1—7 ayələrini oxuyun və növbəti sualı müzakirə edin:
Bu ayələrdən Yehova barədə nə öyrənirsiniz?
Hizqiyal 33:11 ayəsini oxuyun və növbəti sualı müzakirə edin:
Hansı vacib addım insanın, həqiqətən də, tövbə etdiyini göstərir?
Çoban sürüsünün qeydinə qaldığı kimi, Yehova da bizim qeydimizə qalır
BƏZİ İNSANLAR DEYİR: «Qorxuram ki, günahımı ağsaqqallara desəm, mənim artıq Yehovanın Şahidi olmadığıma qərar verərlər».
Bu cür düşünən insana necə ürək-dirək verərdiniz?
İCMAL
Ciddi günah işləmiş insan ürəkdən peşmandırsa və həmin səhvi bir də təkrarlamamağa qətiyyətlidirsə, Yehova onu bağışlayacaq.
Təkrar
Nəyə görə günahımızı Yehovaya etiraf etməliyik?
Günahımızın bağışlanması üçün nə etməliyik?
Ciddi günah etmişiksə, nəyə görə ağsaqqallardan kömək istəməliyik?
Ə L A V Ə M Ə L U M A T
Görün bir nəfər Əşiya 1:18 ayəsində yazıldığı kimi, Yehovanın mərhəmətini necə daddı.
Ağsaqqallar ciddi günaha yol verən insana necə kömək edirlər?
«Günah işləyənlərə məhəbbət və mərhəmət göstərək» («Gözətçi qülləsi», avqust 2024)
Görün tövbə etməyən günahkarlara qarşı necə məhəbbət və mərhəmət göstərilir.
«Artıq Yehovanın Şahidi olmayanlara kömək» («Gözətçi qülləsi», avqust 2024)
«Yehovaya geri dönməli idim» adlı məqaləni oxuyun və görün həqiqətdən uzaqlaşan bir nəfər sonradan Yehovaya necə geri döndü.
«Müqəddəs Kitab həyatları dəyişir» («Gözətçi qülləsi», 1 aprel 2012)