Vaxtı ilə Allaha məqbul olan qurbanlar
“Hər bir baş kahin hədiyyə və qurban təqdim etmək üçün tə’yin olunur” (İBRANİLƏRƏ 8:3).
1. İnsanlar nəyə görə Allaha yaxınlaşmağa ehtiyac duyurlar?
MÜQƏDDƏS Kitab tarixçisi Alfred Edershaym yazır: “Görünür ki, qurban gətirmək insan üçün dua etmək kimi “təbiidir”; qurban - insanın özü haqqında, dua isə onun Allah haqqında olan hisslərini göstərir”. Günah dünyaya daxil olanda özü ilə taqsırkarlıq, Allahdan uzaqlaşma və acizlik hissi gətirdi. Bütün bunlardan azad edilmək gərəkdir. Belə ümidsiz vəziyyətdə olan insanların kömək üçün nəyə görə Allaha yaxınlaşmağa ehtiyac duyduqlarını anlamaq çətin deyil (Romalılara 5:12).
2. Allaha təqdim edilən ilk qurban sovqatları barədə Müqəddəs Kitabda nə deyilir?
2 Müqəddəs Kitabda Allaha qurban təqdim etməklə əlaqədar ilk dəfə Qabil ilə Habil xatırlanır. Oxuyuruq: “Kain [Qabil], günlər keçdikdən sonra, torpağın səmərəsindən RƏBBƏ təqdimə gətirdi. Və Habil, özü də sürünün ilk doğanlarından və yağlarından gətirdi” (Təkvin 4:3, 4). Sonra biz, o dövrün pis nəslini məhv edən böyük Tufanda Yeqova tərəfindən qorunan Nuhun, Ona “qurbangah üzərində yandırılan təqdimələr ərz et”məyə təşviq olunduğunu görürük (Təkvin 8:20). Allahın sədaqətli xidmətçisi və dostu olan İbrahim, Onun və’dlərindən və xeyir-dualarından tə’sirlənərək, dəfələrlə “RƏBBƏ... qurbangah düzəltdi və RƏBBİN ismini çağırdı” (Təkvin 12:8; 13:3, 4, 18). Sonradan, Yeqova İbrahimə oğlu İshaqı qurbangah üzərində yandırılan qurban olaraq təqdim etməyi buyuranda, İbrahimin imanı ciddi sınağa mə’ruz qaldı (Təkvin 22:1—14). Görəcəyimiz kimi, bu parçalar qısa da olsa qurbanlıq haqqındakı məsələni çox aydınlaşdırır.
3. İbadətdə qurbanların rolu nədən ibarətdir?
3 Müqəddəs Kitabın bu və başqa parçalarından göründüyü kimi, bu və ya digər qurbanlığı təqdim etmək, Yeqovanın bu barədə verdiyi qanundan hələ çox əvvəl ibadətin tərkib hissələrindən biri olmuşdur. Bununla əlaqədar, bir arayış kitabçası “qurban gətirməyi” “insanın, müqəddəs sayılan bir şeylə münasibətinin yaranması, saxlanılması və ya bərpa edilməsi məqsədilə səcdəgaha bir şeyin qurban təqdim edilməsi zamanı icra olunan dini mərasim” kimi müəyyən edir. Amma, bunu nəzərə alaraq, diqqətlə müzakirə edəcəyimiz bir sıra vacib suallar yaranır. Məsələn, nə üçün Allaha ibadətdə qurban təqdim etmək tələb olunur? Allaha hansı qurbanlar məqbuldur? Və keçmişdəki qurbanların bu gün bizim üçün əhəmiyyəti nədir?
Qurban gətirmək nə üçün lazımdır?
4. Adəmlə Həvva günah işlətdikdə onlarla nə baş verdi?
4 Adəm günah işlədəndə, bunu bilə-bilə etmişdir. Onun xeyir və şər bilmə ağacının meyvəsindən alması və yeməsi, şüurlu surətdə itaətsizlik hərəkəti idi. Bu itaətsizlik hərəkətinə görə verilən cəza ölüm oldu, çünki Allah aydın demişdi: “Ondan yediyin gündə mütləq öləcəksən” (Təkvin 2:17). Adəm və Həvva nəticədə öz günahlarının səmərəsini gördülər - onlar öldülər (Təkvin 3:19; 5:3—5).
5. Nəyə görə Adəmin nəsillərinin rifahı üçün birinci Yeqova təşəbbüs göstərdi və onlar üçün nə etdi?
5 Bəs Adəmin nəsilləri barədə nə demək olar? Adəmdən günahı və qeyri-kamilliyi miras alaraq, ilk insan cütü kimi, onlar da Allahdan uzaqlaşmaqla, ümidsizlik və ölümlə qarşılaşırlar (Romalılara 5:14). Ancaq Yeqova yalnız ədalət və qüdrət Allahı yox, həm də ilk növbədə, məhəbbət Allahıdır (1 Yəhya 4:8, 16). Buna görə də O, baş verən hadisənin nəticəsini aradan qaldırmaqda təşəbbüs göstərdi. Müqəddəs Kitabda “günahın əvəzi ölüm”dür sözlərindən sonra deyilir ki, “Allahın ən’amı isə Rəbbimiz Məsih İsada əbədi həyatdır” (Romalılara 6:23).
6. Adəmin günahı nəticəsində yaranan zərərə aid Yeqovanın iradəsi nədir?
6 İnsanlar bu ən’amı ala bilsinlər deyə, Yeqova Allah, Adəmin günahı nəticəsində itirilənin əvəzini ödəyəcək şeyi təqdim etdi. Qədim ibrani dilində kafа́r sözü başlanğıcda, ehtimal ki, “örtmək” və ya ola bilsin “silmək” mə’nasını verirdi; bu söz “günahı yumaq” kimi də tərcümə olunura. Başqa sözlərlə, Adəmdən miras alınmış günahın örtülməsi və onun törətdiyi zərərin aradan qaldırılması üçün Yeqova münasib vasitə təqdim etdi ki, bu ən’amı almaq tələblərinə müvafiq olan şəxslər günah və ölümün lə’nətindən azad edilə bilsinlər (Romalılara 8:21).
7. a) Allahın Şeytana çıxartdığı hökmündə hansı ümid vardı? b) Bəşəriyyətin günah və ölümdən azad edilməsi üçün hansı qiymət tələb olunurdu?
7 Günah və ölümün əsarətindən azad olmaq ümidi haqqında ilk insan cütünün günah işlətməsindən dərhal sonra söylənilmişdir. Şeytanı təmsil edən ilana hökm çıxararaq, Yeqova dedi: “Səninlə qadın arasına və sənin zürriyyətinlə onun zürriyyəti arasına düşmənçilik qoyacağam; o sənin başına zərbə endirəcək və sən onun topuğunu çalacaqsan” (Təkvin 3:15). Bu peyğəmbərlik sözləri, verilən bu və’də iman edən insanların hamısı üçün ümid işığının şö’lələndiyini bildirirdi. Lakin bu azadlığın qiymətini ödəmək tələb olunurdu. Və’d edilən Zürriyyət yalnız gəlməli və Şeytanı məhv etməli deyildi, həm də topuğundan çalınmalı, yə’ni, əbədiyyən də olmasa, ölməli idi.
8. a) Qabil, ona bəslənən ümidləri hansı tərzdə doğrultmadı? b) Nəyə görə Allahın gözündə Habilin qurbanı münasib sayıldı?
8 Şübhəsiz ki, Adəm və Həvva və’d edilən Zürriyyətin kim olması barədə çox fikirləşmişdilər. Həvva ilk oğlu Qabili dünyaya gətirdiyi zaman dedi: “RƏBBİN yardımı ilə bir adam qazandım” (Təkvin 4:1). Həvva, oğlunun elə həmin Zürriyyət olacağını düşünürdümü? Həvvanın güman edib etməməsindən asılı olmayaraq, Qabil və onun nəsli, onlara bəslənilən ümidi doğrultmadılar. Digər tərəfdən onun qardaşı Habil, Allahın və’dinə iman etdi və öz sürüsünün ilkinindən Yeqovaya qurban təqdim etməyə təşviq olundu. Biz oxuyuruq: “Habil, iman vasitəsilə Allaha Qabildən daha yaxşı qurban gətirdi. İman vasitəsilə saleh olduğuna şəhadət olundu” (İbranilərə 11:4).
9. a) Habil nəyə iman etdi və öz imanını necə göstərdi? b) Habil qurban təqdim etməyi ilə nəyə nail oldu?
9 Habil yalnız Allahın mövcud olduğuna iman etmirdi; belə iman Qabildə də vardı. Habil iman edirdi ki, Allahın və’d etdiyi Zürriyyət sədaqətli insanlara xilas gətirəcəkdir. Bunun həyata necə keçəcəyi Habilə aşkar edilməmişdir, amma o, Allahın və’dindən bilirdi ki, kim isə topuğundan çalınmalıdır. Bəli, göründüyü kimi, o, belə bir nəticəyə gəldi ki, qan tökülməsi gərəkdir - elə qurban kəsməyin də əsas mahiyyəti bundadır. Habil, həyat Mənbəyinə, həyat və qandan ibarət olan hədiyyəni gətirməklə, yəqin ki, Yeqovanın və’dinin yerinə yetməsini ürəkdən arzu etdiyini və səbirsizliklə gözlədiyini göstərdi. İmanın məhz bu tərzdə göstərilməsi Habilin qurbanını Yeqovaya məqbul etdi və bununla da qurban kəsməyin mahiyyəti, ümumiyyətlə bir vasitə kimi müəyyən dərəcədə əks olundu. Günahlı insanlar Allahın lütfünü qazanmaq üçün bu vasitənin köməyi ilə Ona yaxınlaşa bilərlər (Təkvin 4:4; İbranilərə 11:1, 6).
10. Yeqovanın İbrahimə İshaqı qurban gətirməyi buyurması, əyani surətdə qurban gətirməyin mə’nasını necə göstərdi?
10 Qurban gətirməyin dərin mə’nası, Allah İbrahimə oğlu İshaqı qurbangah üzərində yandırılan qurban olaraq təqdim etməsini buyurarkən xüsusilə aydın göstərilmişdir. Bu qurban həyata keçirilməsə də, əyani surətdə Yeqovanın gələcəkdə nə edəcəyini, yə’ni bəşəriyyətlə bağlı olan niyyətini həyata keçirmək üçün Yeqovanın Öz vahid Oğlunu qurban verəcəyini göstərdi; bu qurban, bütün vaxtlarda verilən qurbanlardan ən böyüyü oldu (Yəhya 3:16). Musanın Qanununda göstərilən qurbanları və sovqatları Yeqova peyğəmbərlik surəti kimi istifadə edirdi. O, peyğəmbərlik surətinin köməyi ilə, günahların bağışlanması və xilasa etdikləri ümidi möhkəmləndirmək üçün nə etmək lazım gəldiyini seçilmiş xalqına göstərirdi. Bəs bu peyğəmbərlik surətlərindən biz nəyə öyrənə bilərik?
Yeqovanın qəbul etdiyi qurbanlar
11. İsrailin baş kahini hansı iki növ qurbanı təqdim edirdi və nə məqsədlə?
11 Həvari Pavel deyir: “Hər bir baş kahin hədiyyə və qurban təqdim etmək üçün tə’yin olunur” (İbranilərə 8:3). Diqqət yetirək ki, Pavel, qədim İsrailin baş kahininin təqdim edəcəyi sovqatları iki qrupa ayırır: “hədiyyələr” və “qurbanlar”, yaxud “günahlara müqabil... qurbanlar” (İbranilərə 5:1). Adətən insanlar, hədiyyələrlə məhəbbət və minnətdarlığı ifadə edirlər; hədiyyələr, bir kimsənin dostluğunu, iltifat və ya razılığını qazanmaq üçün də istifadə edilir (Təkvin 32:20; Süleymanın məsəlləri 18:16). Bunun kimi, Qanunda göstərilən sovqatlardan çoxunu, Allahın e’timad və iltifatına nail olmaq üçün təqdim olunan “hədiyyələr” hesab etmək olarb. Qanunu pozanlardan, törədilən zərərin əvəzini ödəmək və günahın örtülməsi üçün “günahlara müqabil... qurbanlar” təqdim etmək tələb olunurdu. Tövratda, xüsusilə də Çıxış, Levililər və Saylar kitablarında çoxsaylı müxtəlif qurban və sovqatlar təsvir olunur. Bütün bunları təfsilatı ilə qavramaq və yadda saxlamaq bir o qədər də asan deyil, amma müxtəlif növ qurbanların təqdim edilməsinə aid bə’zi əsas şərtlər bizim diqqətimizə layiqdir.
12. Qanunda nəzərdə tutulan qurbanlar və ya sovqatlar Müqəddəs Kitabın hansı hissəsində təsvir olunur?
12 Qeyd etmək olar ki, Levililər kitabının 1—7 fəsillərində beş əsas sovqat növü - bütöv yandırılan heyvan qurbanı, çörək sovqatı, əmin-amanlıq qurbanı, günah üçün qurban və taqsırkarlıq qurbanı - bunların bə’ziləri bir yerdə təqdim edilsə də, hər biri ayrılıqda təsvir olunur. Eyni zamanda, göstərilən fəsillərdəki bu sovqatların iki dəfə, hər dəfə də müxtəlif məqsədlə təsvir olunduğuna fikir veririk: birinci dəfə, Levililər 1:2 ayəsindən 6:7 ayəsinə qədər nəyin qurban gətiriləcəyi ətraflı izah olunur, ikinci dəfə isə, Levililər 6:8 ayəsindən 7:36 ayəsinə qədər hansı hissələrin kahinlərə tə’yin olunması, hansı hissələrin isə qurbanı gətirən adama qalması barədə bəhs edilir. Sonra, Saylar kitabının 28 və 29-cu fəsillərində, hər gün, hər həftə, hər ay və illik bayramlarda gətirilməsi lazım olan qurbanların, belə demək mümkünsə ətraflı siyahısını görürük.
13. Allaha hədiyyə olaraq təqdim edilən könüllü sovqatları təsvir edin.
13 Hədiyyə və ya Allahın iltifatını qazanmaq məqsədilə könüllü təqdim edilən sovqatların siyahısına bütöv yandırılan heyvan qurbanı, çörək sovqatı və əmin-amanlıq qurbanı da daxil olurdu. Bə’zi alimlərin fikrincə, “bütöv şəkildə yandırılan heyvan qurbanı” kimi tərcümə edilən ibrani ifadələri, “qurbanın yüksəldilməsi” və ya “yüksəldilən qurban” mə’nasını verir. Belə tə’rif müvafiqdir, çünki bu növ qurban gətirmə zamanı heyvan bütöv şəkildə qurbangahda yandırılırdı, xoş iy və ya ətir göylərə - Allaha qalxırdı. Bütöv yandırılan qurbanın fərqləndirici xüsusiyyəti ondan ibarət idi ki, heyvanın qanı qurbangaha çiləndikdən sonra, qurban bütövlüklə Allaha təqdim olunurdu. Kahinlər “hamısını... RƏBBƏ xoş ətir olaraq qurbangah üzərində” yandırırdılar (Levililər 1:3, 4, 9; Təkvin 8:21).
14. Çörək sovqatı necə təqdim edilirdi?
14 Çörək sovqatı Levililər kitabının 2-ci fəslində təsvir olunur. Könüllü surətdə gətirilən bu sovqat, adətən zeytun yağı ilə qarışdırılan undan ibarət idi və ona buxur əlavə edilirdi. “[Kahin] unundan və yağından bütün günnügü [buxuru] ilə bərabər ovuc dolusu alacaq. Və kahin, onun anılması olaraq onu məzbah [qurbangah] üzərində yandıracaqdır; o, atəşdə hazırlanan təqdimə, RƏBBƏ xoş ətirdir” (Levililər 2:2). Buxur, əvvəllər səyyar mə’bəddə, sonralar isə Süleymanın tikdirdiyi mə’bəddə qurbangah üzərində yandırılaraq tüstülənən müqəddəs maddələrin tərkib hissəsi idi (Çıxış 30:34—36). Bəlkə də Davud: “Duam sənin önündə tüstü kimi, əl qaldırışım axşam təqdiməsi kimi [“axşam gətirilən çörək sovqatı kimi”, YD] olsun” deyərkən bunu nəzərdə tuturdu (Məzmur 141:2).
15. Əmin-amanlıq qurbanı nə üçün təqdim edilirdi?
15 Könüllü olaraq gətirilən daha bir sovqat, Levililər kitabının 3-cü fəslində təsvir olunan əmin-amanlıq qurbanı idi. Qədim ibrani dilində “əmin-amanlıq” sözü, müharibə və ya qarışıqlığın olmamasından daha böyük mə’na kəsb edir. Bir əsərdə deyilir: “Müqəddəs Kitabda bu söz həm belə mə’na verir, həm də Allahla qurulan əmin-amanlıq vəziyyətini və ya əmin-amanlıq münasibətini, tərəqqini, sevinci və xoşbəxtliyi bildirir” (“Studies in the Mosaic Institutions”). Beləliklə, əmin-amanlıq qurbanı, sanki barışıqlıq əlaməti olaraq, Allahla sülh yaratmaq üçün təqdim edilmirdi. Bu qurbanlıq, Allahın iltifat göstərdiyi insanlarla Özü arasında olan sülh xeyir-duasına görə minnətdarlığı ifadə etmək və ya bu hissə görə yaranan sevinci göstərmək üçün gətirilirdi. Kahinlər və qurbanı gətirənlər, qurbanın qanını və piyini Yeqovaya təqdim etdikdən sonra, qurbanlıqdan yeyirdilər (Levililər 3:17; 7:16—21; 19:5—8). Qurban gətirənlər, kahinlər və Yeqova Allah, onların arasında olan əmin-amanlığı ifadə edən bu süfrədə iştirak edirdilər. Bütün bunlar gözəl və simvolik idi.
16. a) Günah üçün qurban və taqsırkarlıq qurbanı nəyə görə təqdim olunurdu? b) Onlar bütöv yandırılan heyvan qurbanından nə ilə fərqlənirdilər?
16 Günahın bağışlanması və ya Qanunun pozulmasında taqsırını yumaq üçün gətirilən qurbanlara, günah üçün qurban və taqsırkarlıq qurbanı aid edilirdi. Bu qurbanların qurbangahda yandırılmasına baxmayaraq, onlar bütöv şəkildə yandırılan heyvan qurbanından onunla fərqlənirdi ki, heyvan Allaha bütöv təqdim edilmirdi, onun yalnız bə’zi hissələri və piyi yandırılırdı. Qalan hissələri düşərgədən kənar edilirdi və ya müəyyən hallarda kahinlər ondan yeyirdilər. Bu fərq vacibdir. Bütöv yandırılan heyvan qurbanları, Allaha yaxınlaşmaq məqsədilə, hədiyyə olaraq Ona yüksəldilirdi. Buna görə də, heç bir hissəsi ayrılmadan, qurban ancaq Allaha təqdim edilirdi. Maraqlıdır ki, bütöv yandırılan heyvan qurbanı, adətən taqsırkarlıq qurbanından və yaxud günah üçün qurbandan əvvəl təqdim edilirdi. Bu isə, göründüyü kimi ona görə belə edilirdi ki, günahkarın gətirdiyi hədiyyəni Allahın qəbul etməsi üçün əvvəlcə günahların bağışlanması tələb olunurdu (Levililər 8:14, 18; 9:2, 3; 16:3, 5).
17, 18. Günah üçün qurban nəyə görə tə’yin olunurdu və taqsırkarlıq qurbanının rolu nə idi?
17 Günah üçün qurbanı, yalnız Qanuna qarşı bilmədən işlədilən günahlara görə, bədənin zəifliyi sayəsində edilən günahlara görə təqdim etmək olardı. “Əgər biri RƏBBİN edilməyəcək deyə əmr etdiyi bütün şeylərdən birində bilməyərək suç edər və onlardan birini edərsə”, onda günahkar olan şəxs özünün cəmiyyətdəki vəziyyətinə uyğun tərzdə günahının əvəzinə qurban təqdim etməli idi (Levililər 4:2, 3, 22, 27). Tövbə etməyən günahkarlar isə məhv edilirdilər; onlar üçün heç bir qurban nəzərdə tutulmamışdır (Çıxış 21:12—15; Levililər 17:10; 20:2, 6, 10; Saylar 15:30; İbranilərə 2:2).
18 Taqsırkarlıq qurbanının mə’nası və rolu, Levililər kitabının 5-ci və 6-cı fəslində izah olunur. İnsan bilmədən səhv işlədə bilərdi. Lakin həmin adamın nalayiq hərəkəti, onu, qonşusunun və ya Yeqova Allahın hüquqlarının pozulmasında taqsırkar edə bilərdi və o öz taqsırını yumalı idi. Günahın bir neçə növü xatırlanır. Sadalananlar arasında aşağıdakılar vardı: gizli günahlar (5:2—6), “RƏBBİN müqəddəs şeylərinə” qarşı günahlar (5:14—16) və tam qərəssiz olsa da, düzgün olmayan istəklər və ya bədənin zəifliyi sayəsində edilən günahlar (6:1—3). Taqsırkardan təkcə bu kimi günahları boynuna almaq yox, həm də tələb edilən zaman ziyanı ödəmək və sonra Yeqovaya taqsırkarlıq qurbanını təqdim etmək tələb olunurdu (Levililər 6:4—7).
Qarşıda daha yaxşı üstünlüklər
19. İsrailin Qanun və qurbanları olmasına baxmayaraq, nəyə görə xalq Yeqovanın iltifatını qazanmadı?
19 Musanın Qanunu özünün çoxsaylı qurban və sovqatları ilə israillilərə ona görə verilmişdi ki, onlar, və’d edilmiş Zürriyyətin zühuruna qədər Allaha yaxınlaşsınlar və Onun iltifat və xeyir-duasını həm almaq, həm də qoruyub saxlamaq imkanında olsunlar. Mənşəcə yəhudi olan həvari Pavel bunu belə ifadə edirdi: “Qanun Məsihə yol göstərən mürəbbimiz oldu ki, biz imanla saleh sayılaq” (Qalatiyalılara 3:24). Təəssüflər olsun ki, İsrail bir xalq kimi, “yol göstərən mürəbbinin” rəhbərliyinə cavab verməyib, bu nadir üstünlüyə e’tinasızlıq göstərdi. Nəticədə, israillilər tərəfindən təqdim edilən çoxsaylı qurbanlar Yeqova üçün iyrənc oldu; O dedi: “Qoçlardan yandırılan təqdimələrdən və bəslənmiş heyvanların yağına doydum; və buğaların, quzuların, erkəklərin qanından xoşlanmadım [məmnun olmadım]” (Yeşaya 1:11).
20. Eramızın 70-ci ilində baş verən hadisə Qanuna və qurbanlara necə tə’sir etdi?
20 Eramızın 70-ci ilində yəhudi əşyalar sistemi özünün mə’bədi və ruhaniləri ilə birlikdə öz sonuna çatdı. Bundan sonra qurbanları Qanunda göstərilən tərzdə təqdim etmək mümkün olmadı. Bu o deməkdirmi ki, bu qurbanlar Qanunun tərkib hissəsi kimi Allahın müasir ibadətçiləri üçün bütün mə’nasını itirib? Bu sualı növbəti mövzuda müzakirə edəcəyik.
[Haşiyələr]
a Gözətçi Qülləsi Cəmiyyətinin nəşr etdiyi “Müqəddəs Yazıların dərk edilməsi” ensiklopediyasında izah olunur: “Müqəddəs Kitabda istifadə olunduğu kimi, “günahı yumaq” - əsasən “örtmək” və ya “dəyişmək” mə’nasını verir; dəyişmək və yaxud “örtmək” üçün verilən şey həmin əşyaya müvafiq olmalı və onu dəqiqliyi ilə ödəməlidir. [...] Adəmin itirdiyinin əvəzini ödəyəcək dəyərli fidiyəni təqdim etmək üçün, günahın yerinə elə qurban tələb olunurdu ki, onun dəyəri eynilə kamil insan həyatının dəyərinə bərabər olsun”.
b Qədim ibrani sözü olan korbа́n çox vaxt “hədiyyə” kimi tərcümə edilir. Din alimləri və fəriseylərin vicdansız davranışlarına qarşı İsanın mühakimə olaraq dediyi sözləri yazarkən Mark izah edir ki, “korban” (“qurban”) “Allahın payı” deməkdir (Mark 7:11, ƏC—93).
İzah edə bilərsinizmi?
• Qədimdə yaşayan sadiq insanları Yeqovaya qurban gətirməyə təşviq edən nə idi?
• Qurbanlara nə üçün ehtiyac vardı?
• Qanuna əsasən gətirilməsi tələb olunan qurbanların əsas növləri hansılardır və onların rolu nə idi?
• Pavelin sözlərinə görə, Qanunun və onda göstərilən qurbanların əsas rolu nədən ibarət idi?
[8-ci səhifədəki şəkil]
Habilin qurbanı Yeqovaya məqbul idi, çünki həmin qurbanla Yeqovanın və’dinə iman göstərilirdi
[9-cu səhifədəki şəkil]
Siz bu səhnənin mə’nasını anlayırsınızmı?