Yeqovanın təşkilatı ilə ayaq-ayağa yeriyirik
“Sülh mənbəyi olan Allah... iradəsini həyata keçirmək üçün sizi hər yaxşı şeylə təchiz etsin” (İBRANİLƏRƏ 13:20, 21, İ-93).
1. Dünya əhalisinin və bə’zi dinlərə məxsus olan insanların sayı nə qədərdir?
DÜNYA əhalisinin sayı 1999-cu ildə altı milyarda çatdı. “Ümumdünya almanaxına” əsasən, Yer kürəsinin 1 165 000 000 sakini müsəlmanlar, 1 030 000 000 katoliklər, 762 000 000 hindular, 354 000 000 buddistlər, 316 000 000 protestantlar və 214 000 000 pravoslavlardır.
2. Bu gün mövcud olan dini vəziyyət haqqında nə demək olar?
2 Bugünkü çoxsaylı və müxtəlif dinlərə məxsus olan milyonlarla insanların, Allahın iradəsinə uyğun davrandıqlarını söyləmək olarmı? Xeyr, çünki “Allah qarışıqlıq deyil, sülh Allahıdır” (1 Korinflilərə 14:33). Bəs Yeqovanın xidmətçilərinin beynəlxalq qardaşlığı barəsində nə demək olar? (1 Peter 2:17). Bu qardaşlığa diqqət yetirdikdə əmin olursan ki, “sülh mənbəyi olan Allah... iradəsini həyata keçirmək üçün... [qardaşlığı] hər yaxşı şeylə təchiz” edir (İbranilərə 13:20, 21, İ—93).
3. B. e. 33-cü ilinin Pentikost günündə Yerusəlimdə nə baş verdi və nə üçün?
3 Allahın, Yeqovanın Şahidlərinə iltifat göstərib göstərməməsini, onların sayına görə mühakimə etmək olmaz. Allahı statistika ilə təəccübləndirmək qeyri-mümkündür. O, İsrail xalqını, sayca “bütün xalqlardan daha çox” olduğuna görə seçməmişdi. Əksinə, İsrail sayca “bütün xalqlardan az idi” (Təsniyə 7:7). Ancaq İsrail xalqı Allaha olan sədaqətini itirdiyi üçün, b. e. 33-cü ilinin Pentikost günündən e’tibarən Yeqova, İsa Məsihin davamçılarından ibarət olan yeni məsihçi yığıncağına iltifat göstərməyə başladı. Onlar Yeqovanın müqəddəs ruhu ilə məsh edilmişdilər, bir qədər vaxt keçdikdən sonra Allah və Məsih haqqındakı həqiqəti sə’ylə bəyan etməyə başladılar (Həvarilərin işləri 2:41, 42).
Durmadan irəliləmək
4. Nəyə görə deyə bilərik ki, ilk məsihçi yığıncağı durmadan irəliləyirdi?
4 Birinci yüzillikdə məsihçi yığıncağı durmadan irəliləyirdi: təbliğ üçün yeni ərazilər hazırlanırdı, şagirdlərin hazırlanması davam edirdi, Allahın niyyətləri haqqında daha geniş anlayış əldə edilirdi. İlk məsihçilər, ilhamlanmış məktubların vasitəsilə icra olunan ruhani maariflənmə ilə “ayaq-ayağa” gedirdilər. Həvarilərin və başqa qardaşların ziyarətləri, xidmətlərini başa çatdırmaq üçün həmin məsihçilərə güc verirdi. Bütün bunlar haqqında Yunanca Müqəddəs Yazılarda şəhadət olunur (Həvarilərin işləri 10:21, 22; 13:46, 47; 2 Peter 3:17, 18; 2 Timoteyə 1:13; 4:5; İbranilərə 6:1—3).
5. Nəyə görə bu gün Allahın təşkilatı inkişaf edir və biz nəyə görə onunla ayaq-ayağa yeriməliyik?
5 İlk məsihçilərin fəaliyyətinin başlanğıcı kimi, Yeqovanın müasir Şahidləri də başlanğıcda kiçik bir qrup idilər (Zəkarya 4:8—10). XIX əsrin axırlarından aydın oldu ki, Yeqovanın ruhu öz təşkilatının üzərindədir. İnsan gücünə deyil, müqəddəs ruhun rəhbərliyinə güvəndiyimiz üçün, Müqəddəs Yazıları anlamaqda və Allahın iradəsini yerinə yetirməkdə inkişaf etməyə davam edirik (Zəkarya 4:6). “Axır günlərdə” yaşadığımız üçün, Allahın irəliləyən təşkilatı ilə ayaq-ayağa yeriməyimiz, bu gün görünməyən dərəcədə vacibdir (2 Timoteyə 3:1—5). Bunu etmək, ümidimizi canlı saxlamağa və bu əşyalar sisteminin son məhvi ərəfəsində Allahın qurulmuş Padşahlığı haqqındakı ümumdünya təbliğində iştirak etməyə bizə imkan verir (Matta 24:3—14).
6, 7. Yeqovanın təşkilatının irəliləyiş etdiyi hansı üç sahəyə diqqət yetirəcəyik?
6 Aramızda, Yeqovanın təşkilatına 1920-ci, 30-cu və 40-cı illərdə qoşulanlar var. O uzaq illərdə bizlərdən hansımız düşünə bilərdik ki, təşkilat bu gün üçün bu dərəcədə böyüyəcək və təkmilləşəcəkdir? Müasir tariximiz ərzində keçilən mərhələləri düşünün! Yeqovanın teokratik yolla təşkil olunan xalqının vasitəsilə etdikləri üzərində düşünmək, ruhani cəhətdən çox möhkəmləndirir.
7 Yeqovanın valehedici işləri üzərində düşünmək Davudu heyrətləndirirdi. O deyirdi: “Onları [Allahın işlərini] e’lan edib söyləmək istəsəm, saya gəlməz” (Məzmur 40:5). Biz də Davudun qarşılaşdığı çətinliklərlə qarşılaşırıq. Yeqovanın bizim günlərdə etdiyi çoxsaylı və tə’rifə layiq işləri barədə danışmaq iqtidarında deyilik. Buna baxmayaraq, gəlin təşkilatın xüsusi tərzdə irəliləyiş etdiyi üç sahəyə diqqət yetirək: 1) tədricən artan ruhani maariflənmə, 2) keyfiyyətin təkmilləşməsi və xidmətin genişlənməsi və 3) təşkilatçılıq qaydalarında vaxtında edilən dəyişikliklər.
Ruhani maariflənmə üçün minnətdarıq
8. Süleymanın məsəlləri 4:18 ayəsinə əsasən, ruhani maariflənmə sayəsində Padşahlıqla əlaqədar nəyi anladıq?
8 Tədricən artan ruhani maariflənməyə gəlincə, burada Süleymanın məsəlləri 4:18-ci ayəsi yerində səslənər. Orada deyilir: “Salehlərin yolu isə, doğan işıq kimidir, tam gün oluncaya qədər get-gedə parlar”. Daimi ruhani maariflənməmiz üçün necə də minnətdarıq! 1919-cu ildə Sidar Pointdə (ABŞ, Ohayo ştatı) keçirilən konqresdə, əsas diqqət Allahın Padşahlığına yönəldilirdi. Yeqova Padşahlığın vasitəsilə Öz ismini izzətləndirəcək və hökmranlığına bəraət qazandıracaqdır. Ruhani maariflənmə sayəsində anladıq ki, Yeqova Oğlunun idarə etdiyi Padşahlığın vasitəsilə Öz ismini izzətləndirmək niyyəti haqqında Müqəddəs Kitabın Təkvindən Vəhyə qədər olan hissələrində şəhadət edir. Salehliyi sevən hər bir kəsin ümidi buna əsaslanır (Matta 12:18, 21).
9, 10. Müqəddəs Kitabın Tədqiqatçıları Padşahlıq və iki qarşı duran təşkilat haqqında 1920-ci illərdə nə öyrəndilər və bu hansı tərzdə faydalı oldu?
9 Sidar Pointdə 1922-ci ildə keçirilən konqresdə, aparıcı mə’ruzəçi C. Ruterford, Allahın xalqını təşviq etdi: “Padşahı və Onun padşahlığını e’lan edin, e’lan edin, e’lan edin”. “Gözətçi Qülləsi”nin 1925-ci il, 1 mart (ing.) nömrəsində dərc olunmuş “Xalqın doğulması” adlı məqalədə, Allahın Padşahlığının 1914-cü ildə qurulduğuna işarə edən peyğəmbərliklərdəki ruhani anlayışa diqqət yetirilirdi. Bundan əlavə, 1920-ci illərdə aydın oldu ki, bir-birinə qarşı duran iki təşkilat var: Yeqovanın təşkilatı və Şeytanın təşkilatı. Onlar arasındakı mübarizə davam edir və əgər Yeqovanın təşkilatı ilə ayaq-ayağa yeriyəriksə, yalnız o zaman qalib gələn tərəfdə olacağıq.
10 Bu ruhani maariflənmə bizə necə kömək etdi? Allahın Padşahlığı və Padşah İsa Məsih bu dünyanın bir hissəsi olmadığı kimi, biz də bu dünyadan olmamalıyıq. Dünyadan ayrı durmaqla, həqiqətin tərəfində olduğumuzu göstərərik (Yəhya 17:16; 18:37). Bu pis əşyalar sistemi getdikcə daha ciddi problemlərə qərq olur və elə bu səbəbdən, Şeytanın təşkilatına aid olmadığımız üçün necə də şadıq! Yeqovanın təşkilatında ruhani firavanlığa nail olmağımız həqiqətən də böyük xeyir-duadır!
11. Allahın xalqı 1931-ci ildə, Müqəddəs Yazılar əsasında hansı adı qəbul etdi?
11 Kolumbusda (ABŞ, Ohayo ştatı) 1931-ci ildə keçirilən konqresdə İşaya 43:10—12 ayələri lazımi tərzdə izah olundu. Müqəddəs Kitabın Tədqiqatçıları, onları başqalarından fərqləndirən, Yeqovanın Şahidləri adını qəbul etdilər. Başqalarının da Allahı adı ilə çağırıb, xilas ola bilmələri üçün, bu adı bəyan etmək bizim hamımız üçün necə də böyük şərəfdir! (Məzmur 83:18; Romalılara 10:13).
12. Böyük izdihamla əlaqədar 1935-ci ildə hansı suala ruhani aydınlıq gətirildi?
12 Allahın xalqına məxsus olan minlərlə insanlar, 1930-cu illərə qədər, gələcək həyata ümidləri ilə əlaqədar çaşqınlıq içində idilər. Bə’ziləri, bir tərəfdən göylər həyatı barəsində düşünür, digər tərəfdən isə Müqəddəs Kitabın, yer üzü cənnət haqqındakı tə’limlərinə valeh olurdular. 1935-ci ildə Vaşinqtonda keçirilən konqresdə həyəcanlandırıcı xəbər söyləndi: Vəhy kitabının 7-ci fəslində xatırladılan böyük izdiham, Yer üzündə yaşamağa ümidi olan insanlardır. Həmin vaxtdan e’tibarən böyük izdihamın yığımı sür’ətlə artmaqda davam edir. Böyük izdihamın kimləri təsvir etməsinin sirr qalmadığı üçün minnətdar deyilikmi? Bütün xalqlardan, qəbilələrdən və dillərdən olan külli miqdarda insanlar gözümüzün qarşısında toplanırlar. Bu bizi, addımlarımızı sür’ətləndirməyə və Yeqovanın təşkilatı ilə ayaq-ayağa yeriməyə təşviq edir.
13. Sent Luisdə 1941-ci ildə keçirilən konqresdə əsas diqqət hansı vacib suala yönəldildi?
13 Sent Luisdə (ABŞ, Missuri ştatı) 1941-ci ildə keçirilən konqresdə insan cəmiyyətini narahat etməli olan ən vacib suala diqqət yetirildi. Bu, universal hökmranlıq, yə’ni ali hakimiyyət barəsindəki sualdır. Tezliklə bu sual həll olunmalıdır, bunun baş verəcəyi böyük və qorxunc gün sür’ətlə yaxınlaşır. Həmçinin 1941-ci ildə, insanların nöqsansızlığı haqqında sual ortaya qoyuldu; bu sual, Allahın hökmranlığına münasibətdə hansı mövqeni tutduğumuzu göstərmək üçün bizə imkan verir.
14. Yeqovanın Şahidləri, 1950-ci ildə keçirilən beynəlxalq konqresdə İşaya 32:1, 2-ci ayələrində xatırladılan rəislər haqqında nə öyrəndilər?
14 Nyu-Yorkda 1950-ci ildə keçirilən beynəlxalq konqresdə İşaya 32:1, 2-ci ayələrindəki rəislərin kimləri təsvir etdikləri dəqiq göstərildi. Frederik Frens qardaş bu mövzunu aydınlaşdırıb, yeni yerin gələcək rəislərinin bizim aramızda olduqlarını izah edəndə, hamı nəfəs almadan qulaq asırdı. Bu və növbəti konqreslərdə ruhani işığın çoxsaylı işartısı parlayırdı (Məzmur 97:11). Yolumuzun “doğan işıq kimi” olmasına və “get-gedə parla”masına görə biz necə də minnətdarıq!
Xidmtimizdə irəliləyirik
15, 16. a) Xidmətimizdə, 1920-ci və 1930-cu illərdə hansı irəliləyişlər olmuşdur? b) Son onilliklər ərzində hansı nəşrlər məsihçi xidmətinə təşviq etmişdir?
15 Yeqovanın təşkilatının irəlilədiyi ikinci sahə, bizim başlıca fəaliyyətimizlə - Padşahlıq haqqındakı xəbərin təbliği və şagirdlərin hazırlanması ilə əlaqəlidir (Matta 28:19, 20; Mark 13:10). Təşkilat, bu işin yerinə yetirilməsi üçün xidmətimizi genişləndirməyin nə qədər vacib olduğunu daima bizə xatırladır. 1922-ci ildə bütün məsihçilər təbliğ etməyə təşviq olunurdular. İşığının parıldamasına imkan verməyi, yə’ni həqiqət haqqında təbliğ edib etməməyi hər kəs özü qərarlaşdırırdı (Matta 5:14—16). Hər bazar gününü təbliğ xidmətinə ayırmaq üçün 1927-ci ildə tədbirlər görüldü. 1940-cı ilin fevral ayından başlayaraq, Şahidlərin işgüzar rayonların küçələrində “Gözətçi Qülləsi” və “Təsəlli” (indi “Oyanın!” adlanır) jurnalları payladıqlarını tez-tez müşahidə etmək olardı.
16 “Nümunəvi öyrənmə” adlı balaca broşüra çapdan 1937-ci ildə çıxdı. Bu buraxılışda təkrar baş çəkmələrin və başqalarına Müqəddəs Kitab həqiqətlərini öyrətməyin vacibliyi vurğulanırdı. Sonrakı illərdə əsas diqqət insanlarla Müqəddəs Kitab öyrənməsinin keçirilməsinə yönəldildi. 1946-cı ildə çıxan “Allah haqq olsun” və 1968-ci ildə “Əbədi həyata aparan həqiqət” kitablarının buraxılışı, xidmətin bu növündə iştirak etməyə təşviq etdi. Hal-hazırda “Əbədi həyata aparan bilik” kitabından istifadə edirik. İnsanlarla bu materialı müzakirə etməklə şagirdlərin hazırlanması üçün, Müqəddəs Yazılara əsaslanan möhkəm bir təməl qoymuş oluruq.
Təşkilatçılıq qaydalarını təkmilləşdirərək irəliləyirik
17. İşaya 60:17-ci ayəsinə uyğun olaraq, Yeqovanın təşkilatı necə irəliləmişdir?
17 Yeqovanın təşkilatının irəlilədiyi üçüncü sahə, təşkilatçılıq qaydalarının təkmilləşdirilməsi ilə əlaqədardır. İşaya 60:17-ci ayəsində Yeqovanın və’di yazılıb: “Tunc yerinə qızıl gətirəcəyəm və dəmir yerinə gümüş və ağac yerinə tunc və daş yerinə dəmir gətirəcəyəm. Və mə’murlarını sülh edəcəyəm, nəzarətçilərini də ədalət”. Bu peyğəmbərliklə əlaqədar, Padşahlıq haqqındakı xəbərin təbliğ işinə göstərilən rəhbərliyi yaxşılaşdırmaq və sürüyə lazımi tərzdə çobanlıq etmək sahəsində addımlar atılmışdır.
18, 19. İllər ərzində təşkilatçılıq qaydalarında hansı irəliləyişlər olmuşdur?
18 Təbliğ xidmətinin təşkil olunması barədə kömək diləyən hər yığıncağa, 1919-cu ildə xidməti rəhbər tə’yin olundu. Bu, təbliğ xidməti üçün təşviqedici amil oldu. Ağsaqqalların və diakonların (xidmətçilərin) demokratik yolla seçilməsinə 1932-ci ildə son qoyuldu. 1938-ci ildə daha vacib bir mərhələ keçildi; həmin il yığıncaqdakı bütün xidmətçilərin tə’yin olunması, ilk məsihçi yığıncağında qəbul olunmuş qayda əsasında keçirilməyə başladı (Həvarilərin işləri 14:23; 1 Timoteyə 4:14). 1972-ci ildə, ilk məsihçi yığıncaqlarında olduğu kimi, nəzarətçilər və xidməti köməkçilər tə’yin etməyə başladılar. Yığıncaqdakı nəzarətçilərin sayı bir nəfərlə məhdudlaşmır, lakin Filipililərə 1:1-ci ayəsinə və başqa ayələrə əsasən, Müqəddəs Kitabın nəzarətçilər üçün olan tələblərini yerinə yetirən qardaşlar, ağsaqqallar şurasını təşkil edirlər (Həvarilərin işləri 20:28; Efeslilərə 4:11, 12).
19 Allahın təşkilatının ümumdünya fəaliyyətini, 1975-ci ildə, Yeqovanın Şahidlərinin Rəhbərlik şurasının komitələri idarə etməyə başladılar. Bundan əlavə, ərazilərindəki fəaliyyətə rəhbərlik edən, filialların Komitələri tə’yin olundu. O vaxtdan e’tibarən “ən üstün dəyərləri ayırd edə bilmək” üçün mərkəzi idarənin və Gözətçi Qülləsi Cəmiyyəti filiallarının işini sadələşdirməyə çalışırlar (Filipililərə 1:9, 10). Məsihin rəhbərliyi altında fəaliyyət göstərən çobanların vəzifəsinə, təbliğ işində rəhbəliyi öz üzərlərinə götürmək, yığıncaqda öyrətmək və Allahın sürüsünü lazımi tərzdə otarmaq daxildir (1 Peter 5:2, 3; 1 Timoteyə 4:16; İbranilərə 13:7, 17).
İsanın fəal rəhbərliyi
20. Yeqovanın təşkilatı ilə ayaq-ayağa yerimək üçün, İsanın tutduğu vəzifə ilə əlaqədar nəyi qəbul etməliyik?
20 Yeqovanın irəliləyən təşkilatı ilə ayaq-ayağa yerimək üçün, Allah tərəfindən “cəmiyyətin Başı” tə’yin edilən İsa Məsihin rolunu qəbul etməliyik (Efeslilərə 5:22, 23). İşaya 55:4-cü ayəsində bizə deyilənlərə diqqət yetirməyə dəyər: “Budur, Mən [Yeqova] onu şahid olaraq millətlərə, rəis və əmir olaraq millətlərə verdim”. Şübhəsiz, İsa necə rəhbərlik etməyi bilir. Qoyunlarını tanıyır və onların işlərindən xəbərdardır. O, Kiçik Asiyadakı yeddi yığıncağı yoxladığı zaman beş dəfə: “Sənin işlərindən xəbərdaram” dedi (Vəhy 2:2, 19; 3:1, 8, 15, İ—93). Atası Yeqova kimi, İsa da bizim ehtiyaclarımızdan xəbərdardır. Nümunəvi duanı söyləməzdən əvvəl, İsa dedi: “Atanız sizin nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir” (Matta 6:8—13).
21. Məsihçi yığıncağında İsanın rəhbərliyi necə həyata keçirilir?
21 İsanın rəhbərliyi necə həyata keçirilir? Məsələn, məsihçi nəzarətçilərinin - “insanlar timsalında hədiyyələr”in vasitəsilə (Efeslilərə 4:8, YD). Vəhy 1:16 ayəsinə əsasən, məsh edilmiş nəzarətçilər Məsihin sağ əlində, yə’ni onun nəzarəti altındadırlar. Bu gün göylər və ya yer ümidlərinin olmasından asılı olmayaraq, İsa ağsaqqalları bir qrup kimi idarə edir. Əvvəlki məqalədə izah olunduğu kimi, onlar Müqəddəs Kitabın tələblərinə uyğun olaraq müqəddəs ruh tərəfindən tə’yin olunurlar (1 Timoteyə 3:1—7; Titusa 1:5—9). Birinci əsrdə ağsaqqallardan ibarət olan rəhbərlik şurası Yerusəlimdə yerləşirdi. Bu şura yığıncaqlara və Padşahlıq haqqındakı xəbərin təbliğ işinə ümumi rəhbərlik edirdi. Yeqovanın müasir təşkilatı həmin nümunəyə riayət edir.
Ayaq-ayağa yeriyirik!
22. Rəhbərlik şurası hansı köməkliyi göstərir?
22 Yer üzündə Padşahlığın mənafeyi haqqında qayğı göstərmək, “sadiq və ağıllı qul”u təsmil edən Rəhbərlik şurasına tapşırılmışdır (Matta 24:45—47). Rəhbərlik şurası, məsihçi yığıncağına ilk növbədə ruhani öyüd və rəhbərlik göstərməyin qayğısına qalır (Həvarilərin işləri 6:1—6). Lakin qardaşlar təbii fəlakətdən əziyyət çəkəndə, Rəhbərlik şurası cəmiyyətin bir və ya bir neçə hüquq orqanından xahiş edir ki, zərər çəkmiş yaşayış binalarının və Padşahlıq Zallarının tə’mirinə və ya bərpasına kömək etmək üçün tədbirlər görsünlər. Məsihçilər harada isə qəddarcasına davranışlara və ya tə’qiblərə mə’ruz qalırlarsa, onları ruhlandırmaq və ruhən möhkəmlətmək üçün tədbirlər görülür. “Əlverişsiz vaxtda” isə, təbliğ işinin irəliləməsi üçün hər cür sə’y göstərilir (2 Timoteyə 4:1, 2, YD).
23, 24. Xalqının qarşılaşdığı çətinliklərdən asılı olmayaraq, Yeqova həmişə nə təqdim edir və biz nə etməyə qərarlı olmalıyıq?
23 Xalqının qarşılaşdığı çətinliklərə baxmayaraq, Yeqova ruhani qidanı və lazımi rəhbərliyi həmişə təqdim edir. Bundan əlavə, teokratik təşkilatın təkmilləşməsi və irəliləməyə davam etməsi üçün, Allah cavabdeh qardaşları düşüncə və gözüaçıqlıqla tə’min edir (Təsniyə 34:9; Efeslilərə 1:16, 17). Şagirdlər hazırlamaq və xidmətimizi bütün dünyada icra etmək üçün lazım olan hər şeyi Yeqova bizə verir (2 Timoteyə 4:5).
24 Sözsüz əmin ola bilərik ki, Özünün sadiq xalqını Yeqova heç zaman tərk etməyəcəkdir. Allah onları qarşıdan gələn “böyük məşəqqətdən” xilas edəcəkdir (Vəhy 7:9—14; Məzmur 94:14; 2 Peter 2:9). Başlanğıcda malik olduğumuz əminliyi axıra qədər qoruyub saxlamağa bütün əsaslarımız vardır (İbranilərə 3:14). Belə isə, gəlin Yeqovanın təşkilatı ilə ayaq-ayağa yeriməyə qərarlı olaq!
Siz necə cavab verərdiniz?
• Nəyə görə demək olar ki, Yeqovanın təşkilatı durmadan irəliləyir?
• Allahın xalqının daima ruhani maariflənməsinə nə şəhadətlik edir?
• Məsihçi xidməti ilə əlaqədar hansı irəliləyişlər olmuşdur?
• Yeqovanın xidmətçiləri tərəfindən qəbul olunmuş təşkilatçılıq qaydalarında vaxtında olan hansı dəyişikliklər edilmişdir?
[13-cü səhifədəki şəkil]
Davud kimi, biz də Yeqovanın bütün möhtəşəm işlərini sadalaya bilmərik.
[15-ci səhifədəki şəkil]
Təşkilatçılıq qaydalarında edilən müasir dəyişikliklər Allahın sürüsünün rifahına xidmət etmişdir.