İşıqda gəzənlər üçün sevinc
“Gəlin RƏBBİN işığında yeriyək” (İŞAYA 2:5).
1, 2. a) İşıq nə dərəcədə vacibdir? b) Yer üzünü zülmətin örtəcəyi haqqındakı xəbərdarlıq nəyə görə belə ciddi xəbərdarlıqdır?
YEQOVA - işıq Mənbəyidir. Müqəddəs Kitab Onu, “gündüzün işıq olması üçün günəşi verən, gecənin işıq olması üçün ayın və ulduzların qanunlarını qoyan” adlandırır (Yeremya 31:35; Məzmur 8:3). Kosmik fəzaya böyük miqdarda enerji, xüsusilə də istilik və işıq tullayan nəhəng nüvə sobasını, Günəşi məhz O yaratmışdır. Bizim planetimizə bu enerjinin günəş işığı formasında yalnız kiçicik bir hissəsi gəlib çatır, lakin Yer kürəsində həyatın davam etməsi üçün bu miqdar kifayət edir. Günəş işığı olmadan biz də mövcud olmazdıq. Yer kürəsi cansız bir planetə çevrilərdi.
2 Bunu xatırlayaraq, biz İşaya peyğəmbərin bəhs etdiyi vəziyyətin bütün ciddiliyini başa düşə bilərik. O dedi: “Budur, dünyanı qaranlıq və ümmətləri zülmət örtəcək” (İşaya 60:2). Əlbəttə, bu peyğəmbərlikdə həqiqi zülmətdən danışılmır. İşaya Günəşin, Ayın və ulduzların işıq saçmayacaqları bir günün gələcəyini nəzərdə tutmurdu (Məzmur 89:36, 37; 136:7—9). O, ruhani zülmətdən danışırdı. Ancaq ruhani zülmət öldürücüdür. Nəticə e’tibarı ilə ruhani işıq bizim həyatımız üçün həqiqi işıqdan heç də az vacib deyil (Luka 1:79).
3. İşayanın sözlərini nəzərə alaraq, məsihçilər nə etməlidirlər?
3 Bunu nəzərə alaraq qeyd etmək vacibdir ki, İşayanın sözləri Yəhuda üzərində keçmişdə yerinə yetsə də, bu sözlər böyük miqyasda bu gün yerinə yetir. Bəli, bizim günlərdə dünya ruhani zülmətə qərq olub. Belə təhlükəli vəziyyətdə ruhani işıq daha zəruri mə’na kəsb edir. Elə buna görə də məsihçilər İsanın, “qoy sizin işığınız insanların qarşısında... parlasın” çağırışına qulaq asmalıdırlar (Matta 5:16). Sadiq məsihçilər, təvazökar insanlara zülmət qaranlıqda həyat əldə etmək imkanı verərək yolu işıqlandıra bilərlər (Yəhya 8:12).
İsraildə zülmət dövrü
4. İşayanın peyğəmbərlik sözləri ilk dəfə nə zaman yerinə yetdi və İşayanın yaşadığı vaxtda hansı vəziyyət yaranmışdı?
4 İşayanın yer üzünü örtən zülmət haqqındakı sözləri ilk dəfə Yəhuda torpağı viran edilərkən və yəhudi xalqı əsir olaraq Babilə aparılarkən yerinə yetdi. Lakin xalqın böyük hissəsi o vaxta qədər, hələ İşayanın günlərində ruhani zülmətə qərq olmuşdu. Belə vəziyyət, İşayanı təşviq etdi ki, öz həmyerlilərini “ey Yaqub evi, gəlin RƏBBİN işığında yeriyək”,- deyə çağırsın (İşaya 2:5; 5:20).
5, 6. İşayanın günlərində zülmətin yayılmasına səbəb olan nə idi?
5 İşaya, Yəhuda diyarında “Yəhuda padşahları Uzziya, Yotam, Ahaz və Hizkiyanın günlərində” peyğəmbərlik edirdi (İşaya 1:1). Bu, siyasi çaxnaşmaların, dini riyakarlığın, hakimlərin satqınlığının və fağırların istismarının həyəcanlı dövrü idi. Hətta ölkədə Allaha Yotam kimi sədaqətlə xidmət edən padşahların idarə etdikləri vaxtda belə, təpələrdə yalan tanrılara ucaldılan qurbangahlar görünürdü. Sədaqətsiz padşahların vaxtında isə vəziyyət daha da pisləşirdi. Məsələn, zalım Ahaz padşah həddini o dərəcədə aşmışdı ki, öz uşağını Molox tanrısına qurban gətirmişdi. Ölkəni həqiqətən də zülmət bürümüşdü! (2 Krallar 15:32—34; 16:2—4).
6 Xalqlar arasındakı münasibətlər də ürəkaçan deyildi. Moab, Edom və Filistiya Yəhuda diyarının sərhədləri üçün təhlükə yaradırdı. Yəhuda diyarına qohum sayılan şimali İsrail padşahlığı, onun qatı düşməni oldu. Yəhuda diyarından şimal tərəfdə yerləşən, Yəhudanın əmin-amanlığına təhlükə yaradan dövlətlərdən biri də Suriya idi. Lakin qəddar və başqa torpaqları zəbt etməyə cəhd göstərən Assuriya daha çox təhlükə yaradırdı. İşayanın peyğəmbərlik etdiyi vaxtlarda Assuriya İsraili zəbt etmiş və Yəhudanı, demək olar ki, bütünlüklə viran etmişdi. Vaxt vardı ki, Yerusəlimdən başqa, bütün yəhudi şəhərləri Assuriyanın əsarəti altında idi (İşaya 1:7, 8; 36:1).
7. İsrail və Yəhuda hansı yolu seçdilər və Yeqova buna necə yanaşdı?
7 İsrail və Yəhuda Allaha sadiq olmadıqları üçün, bütün bu müsibətlər Allahın əhd bağladığı xalqın üzərinə düşürdü. Onlar, Süleymanın məsəlləri kitabında xatırladılan kəslər kimi, “qaranlığın yollarında yerimək üçün, doğruluq yollarını buraxdılar” (Süleymanın məsəlləri 2:13). Ancaq Yeqova öz xalqına qəzəblənsə də, onu bütünlüklə inkar etmirdi. Əksinə, O, İşayanı və başqa peyğəmbərləri göndərirdi ki, onlar, heç nəyə baxmayaraq xalq arasında Yeqovaya sədaqətlə xidmət etməyə sə’y göstərən insanlara ruhani işıq versinlər. Peyğəmbərlər vasitəsilə ələnən bu işıq necə də qiymətli idi! O həyat bəxş edirdi.
Zülmətin müasir dövrü
8, 9. Müasir dünyada zülmətin yayılmasına səbəb olan nədir?
8 Bizim bu gün gördüklərimiz, İşayanın günlərində baş verən hadisələrə çox oxşardır. Bizim günlərdə dünyanın siyasi rəhbərləri Yeqovadan və Onun taxta yüksəltdiyi İsa Məsihdən üz çevirmişlər (Məzmur 2:2, 3). Xristian aləminin din rəhbərləri həmimanlılarını aldadırlar. Onlar Allaha xidmət etdiklərini iddia edirlər, əməldə isə onlardan əksəriyyəti nəinki bu dünyanın tanrılarına - millətçiliyə, hərbçiliyə, zənginliyə, tanınmış adamlara ibadət etməyi təbliğ edir, habelə insanlara bütpərəst tə’limləri də aşılayırlar.
9 Müxtəlif yerlərdə bir-birinin ardınca, etnik təmizləmələrə və digər dəhşətlərə gətirib çıxaran müharibələr baş verir. Bu müharibələrdə isə Xristian aləmi dinlərinin əli olur. Bundan əlavə, Müqəddəs Kitaba əsaslanmış əxlaq normalarını müdafiə etmək əvəzinə, kilsələrin əksəriyyəti əxlaqsızlığa, məsələn, zinaya və homoseksualizmə ya göz yumur, ya da bu cür hərəkətləri fəal tərzdə müdafiə edirlər. Müqəddəs Kitab normalarına göstərdikləri e’tinasızlıq nəticəsində, Xristian aləminə mənsub olan dindarlar, qədim vaxtlarda məzmurçunun bəhs etdiyi kəslərə bənzəyirlər: “Bilməzlər və anlamazlar; qaranlıqda gəzməkdədirlər” (Məzmur 82:5). Həqiqətən də Xristian aləmi qədim Yəhuda diyarına bənzər tərzdə dərin zülmətdədir (Vəhy 8:12).
10. Bu gün nəyə görə zülmət içində işıq parlayır və bu işıq təvazökar insanlara hansı faydanı gətirir?
10 Yeqova bu zülmətin arasında təvazökar insanlar üçün işıq təqdim edir. Bunu etmək üçün O, yer üzündə olan, “kainatda ulduzlar kimi parlayan” məsh edilmiş xidmətçilərini - “sadiq və ağıllı qulu” istifadə edir (Matta 24:45; Filipililərə 2:15). Milyonlarla “başqa qoyunlar” tərəfindən dəstəklənən bu qul sinfi, Allahın Kəlamı olan Müqəddəs Kitabdan izhar olunan ruhani işığı əks etdirir (Yəhya 10:16). Bu işıq, zülmətə qərq olunmuş dünyada təvazökar insanlara ümid verir, onlara, Allahla münasibəti inkişaf etdirməyə və ruhani tələlərə düşməməyə kömək edir. Bu işıq qiymətlidir- həyat verir.
“İsminə həmd edərəm”
11. Yeqova İşayanın günlərində hansı mə’lumatları verirdi?
11 İşayanın yaşadığı zülmət günlərdə və bundan daha artıq zülmət olan - Yeqovanın xalqı babillilər tərəfindən əsir götürülən günlərdə, Yeqova hansı rəhbərliyi təqdim edirdi? Yeqova yalnız əxlaqi cəhətdən rəhbərlik təqdim etmirdi, habelə xalqına aid niyyətlərini necə yerinə yetirəcəyini də qabaqcadan aydın tərzdə göstərirdi. Gəlin, misal üçün, İşaya kitabının 25-dən 27-yə qədər fəsillərində olan gözəl peyğəmbərliklərə diqqət yetirək. Bu peyğəmbərliklərdən, Yeqovanın hadisələri İşayanın günlərində, həmçinin bizim günlərdə necə idarə etdiyini öyrənirik.
12. İşaya ürəkdən gələn hansı sözləri söyləyir?
12 İşaya əvvəlcə deyir: “Ya RƏB, Allahım sənsən; səni yüksəldərəm, sənin isminə həmd edərəm”. İşaya bu həmdi necə də ürəkdən təzahür etdirir! Peyğəmbəri bu cür dua etməyə təşviq edən nə idi? Bu barədə ayənin ikinci hissəsindən öyrənirik: “Çünki sən [Yeqova] valehedici şeylər yaratdın, əzəldən qurulmuş niyyətlər, sədaqət və həqiqət” (İşaya 25:1).
13. a) İşayanın Yeqovaya olan minnətdarlığını hansı biliklər möhkəmləndirdi? b) İşayanın nümunəsi əsasında biz necə öyrənə bilərik?
13 Yeqova İşayanın yaşadığı dövrə qədər, İsrail üçün artıq “valehedici” çox işlər yaratmışdı və bu işlər haqqında yazılı şəhadətnamələr qorunub saxlanırdı. Ehtimal ki, İşaya həmin yazılarla tanış idi. Misal üçün, o bilirdi ki, Yeqova öz xalqını Misir köləliyindən azad etmiş və Qırmızı dənizin yaxınlığında bu xalqı fir’onun qoşunlarından xilas etmişdir. O, həmçinin bilirdi ki, Yeqova öz xalqını səhradan keçirmiş və onu Və’d edilən torpağa aparmışdır (Məzmur 136:1, 10—26). Bu cür tarixi mə’lumatlar göstərirdi ki, Yeqova Allah sadiq və həqiqidir. Onun “niyyətləri” - nəzərdə tutduqları - yerinə yetir. Allahın təqdim etdiyi dəqiq biliklər, İşayanın işıqda yerimək arzusunu gücləndirdi. Bununla o bizə gözəl nümunə verdi. Əgər Allahın Kəlamını dərindən öyrənir və onu həyatımızda tətbiq ediriksə, onda biz də işıqda qalacağıq (Məzmur 119:105; 2 Korinflilərə 4:6).
Şəhər məhv edilib
14. Şəhər haqqında hansı peyğəmbərlik söylənmişdi və ehtimal edildiyi kimi, bu hansı şəhər idi?
14 Allahın “niyyəti” ilə əlaqəli bir nümunəni İşaya 25:2-ci ayəsindən oxumaq olar, orada deyilir: “Sən şəhəri bir daş yığınına; divarlı şəhəri bir viranəyə çevirdin, əcnəbilərin sarayını şəhər vəziyyətindən çıxardın; əbədiyyən qurulmayacaqdır”. Burada söhbət hansı şəhərdən gedir? Çox güman ki, İşaya Babil haqqında peyğəmbərlik edirdi. Bir zamanlar böyük olan bu şəhərin daş yığınına çevrilmək vaxtı həqiqətən də yaxınlaşmışdı.
15. Bu gün hansı “böyük şəhər” mövcuddur və onunla nə baş verəcəkdir?
15 Bizim günlərdə İşayanın xatırlatdığı şəhərin bənzəri varmı? Bəli. Vəhy kitabında, “yer üzünün padşahları üzərində şahlıq edən böyük şəhər” haqqında deyilir (Vəhy 17:18). Bu, yalan dinlərin dünya imperiyası olan “böyük Babil”dir (Vəhy 17:5). Bu gün böyük Babildə aparıcı yeri Xristian aləmi tutur. Xristian aləminin ruhaniləri Yeqovanın xalqının Padşahlıq haqqındakı xoş xəbəri təbliğ etməsinə hamıdan çox maneçilik törədirlər (Matta 24:14). Lakin, qədim Babil kimi, böyük Babil də tezliklə məhv olunacaq və artıq bir daha yenidən bərpa edilməyəcək.
16, 17. Yeqovanın düşmənləri Onu qədim zamanlarda və bizim günlərdə necə izzətləndirmişlər?
16 İşaya bu “divarlı şəhər” haqqında daha hansı peyğəmbərliyi söyləyir? O, Yeqovaya müraciət edərək, deyir: “Qüvvətli bir xalq sənə izzət verəcək; qorxunc millətlərin şəhəri səndən qorxacaq” (İşaya 25:3). “Qorxunc millətlərin şəhəri”, düşmən mövqeyi tutan bir şəhər Yeqovanı necə izzətləndirəcək? Babilin ən qüdrətli padşahı Novuxodonosorun başına gələnləri xatırlayın. Onun bütün zəifliyini göstərən ayıldıcı hadisədən sonra, Novuxodonosor Yeqovanın böyüklüyünü və Onun misilsiz gücünü e’tiraf etməyə məcbur oldu (Daniel 4:34, 35). Yeqova qüdrətini göstərəndə, hətta Onun düşmənləri belə, könülsüz də olsa Onun böyük işlərini e’tiraf etməyə məcbur olurlar.
17 Böyük Babil Yeqovanın qüdrətli işlərini nə vaxtsa e’tiraf etməli olmuşdurmu? Bəli. Birinci dünya müharibəsi zamanı, Yeqovanın məsh edilmiş xidmətçiləri çox çətin şəraitlərdə təbliğ edirdilər. Gözətçi Qülləsi Cəmiyyətində olan məs’ul qardaşları 1918-ci ildə həbsxanaya salanda, məsh edilmişlər ruhani əsarətə düşdülər. Təşkil olunmuş təbliğ fəaliyyəti həqiqi mə’nada dayandırıldı. Sonra 1919-cu ildə, Yeqova onları bərpa etdi və öz ruhu ilə möhkəmlətdi. Bundan sonra məsh edilmişlər, onlara həvalə olunmuş müjdəni bütün xalqlara təbliğ etmək tapşırığını yerinə yetirməyə başladılar (Mark 13:10). Bütün bunların, həmçinin bu hadisələrin düşmənlərə necə tə’sir edəcəyi, Vəhy kitabında qabaqcadan deyilmişdi. İndi düşmənlər “qorxu içində olub, Səmavi Allaha həmd etdilər” (Vəhy 11:3, 7, 11—13). Bu o demək deyil ki, onların hamısı həqiqi imana döndülər. Lakin, İşayanın qabaqcadan dediyi kimi, onlar bu halda Yeqovanın qüdrətli iş gördüyünü e’tiraf etməyə məcbur olmuşlar.
“Fağır üçün qala”
18, 19. a) Nəyə görə düşmənlər Yeqovanın xalqının nöqsansızlığını sındırmaq iqtidarında deyillər? b) “Qorxunc adamların zəfər təranəsi” necə alçalacaq?
18 Yeqovanın işıqda gəzənlərə göstərdiyi xeyirxahlığı qeyd edərək, İşaya Yeqovaya deyir: “Qorxunc adamların nəfəsi divara çarpan tufan kimi olunca, sən fağır üçün qala, sıxıntı içində olan yoxsul üçün qala, tufana qarşı sığınacaq yer, istiyə qarşı kölgəlik oldun. Quraq yerdə istinin etdiyi kimi, əcnəbilərin vəlvələsini alçaldacaqsan; bulud kölgəsilə isti azaldığı kimi, qorxunc adamların zəfər təranəsi alçalacaq” (İşaya 25:4, 5).
19 Dini və siyasi zülmkarlar Allahın həqiqi ibadətçilərinin nöqsansızlığını sındırmaq üçün, 1919-cu ildən bəri əllərindən gələni edirlər, amma buna müvəffəq olmurlar. Nəyə görə? Ona görə ki, Yeqova öz xalqı üçün həm sığınacaq, həm də müdafiədir. O, tə’qiblərin yandırıcı istisindən müdafiə edən təravətləndirici kölgə təqdim edir. O, möhkəm bir divar kimi, müqavimətlərin tufanı qarşısında durur. Biz, Allahın işığında gəzənlər, “qorxunc adamların zəfər təranəsinin alçalacağı” vaxtı əminliklə gözləyirik. Bəli, biz Yeqovanın düşmənlərinin məhv olacağı günü səbirsizliklə gözləyirik.
20, 21. Yeqova necə şənlik təşkil edir və yeni dünyada bu süfrəyə nələr daxil olacaqdır?
20 Yeqova öz xidmətçilərini yalnız müdafiə etmir. O, sevən Ata kimi onlara qayğı göstərir. 1919-cu ildə öz xalqını böyük Babilin əsarətindən azad etdikdən sonra, Yeqova xalqı üçün bayram şənliyi keçirdi və ona bolluqla ruhani qida verdi. Bu İşaya 25:6-cı ayəsində qabaqcadan deyilmişdi. Biz oxuyuruq: “Bu dağda orduların RƏBBİ bütün xalqlara yağlı şeylərdən bir ziyafət, köhnə şərablardan, iliklə dolu yağlı şeylərdən, süzmə köhnə şərablardan ziyafət verəcək”. Bu cür şənlikdə iştirak etmək necə də böyük xeyir-duadır! (Matta 4:4). “Yeqovanın süfrəsi” dadlı yeməklərlə doludur (1 Korinflilərə 10:21, YD). “Sadiq və ağıllı qul” vasitəsilə, bizə ruhani nöqteyi-nəzərdən lazım olan hər şeyi alırıq.
21 Lakin Allahın təşkil etdiyi bu şənlik daha böyük mə’na daşıyır. Bu gün iştirak etdiyimiz ruhani şənlik bizə onu xatırladır ki, Allahın və’d etdiyi yeni dünyada fiziki qidanın bolluğu olacaq. O zaman “yağlı şeylərdən” ibarət olan ziyafətə fiziki qida bolluğu da daxil olacaq. Heç kəs nə ruhani, nə də fiziki cəhətdən aclıq çəkməyəcək. Bu, İsanın iştirakının “əlaməti” haqqındakı peyğəmbərlikdə xatırladılan “qıtlıqlardan” bu gün əziyyət çəkən həmimanlılarımız üçün necə də gözəl təsəllidir! (Matta 24:3, 7). Əlbəttə ki, onlara məzmurçunun sözləri təsəlli verir. O oxuyurdu: “Yerdə, dağlar başında, buğda bolluğu olsun” (Məzmur 72:16).
22, 23. a) Hansı “örtük” götürüləcəkdir və bu hansı tərzdə ediləcəkdir? b) Yeqovanın xalqı üzərindən“rüsvayçılıq” necə qaldırılacaqdır?
22 İndi isə daha gözəl və’di dinləyin. Günahı və ölümü “örtüklə” müqayisə edərək, İşaya deyir: “Bütün xalqları örtən örtüyün üzünü, bütün millətlər üzərinə çəkilmiş pərdəni [Yeqova] bu dağda yox edəcək” (İşaya 25:7). Bircə təsəvvür edin! İsti örtük kimi insanların üzərinə sərilmiş günah və ölüm bir daha olmayacaq. Biz, Allaha itaətkar və sadiq insanların, İsanın fidiyə qurbanlığından tam mə’nada fayda əldə edəcəkləri günü necə də səbirsizliklə gözləyirik! (Vəhy 21:3, 4).
23 O gözəl vaxta işarə edərək, Allahdan ilham almış peyğəmbər bizi əmin edir: “Ölümü əbədiyyən uddu; və RƏB Yeqova bütün üzlərdən göz yaşlarını siləcək; və bütün dünya üzərindən xalqının rüsvayçılığını qaldıracaq; çünki RƏB söylədi” (İşaya 25:8). Heç kəs qocalıq və ya xəstəlikdən ölməyəcək. Heç kəs sevdiyi adamın itkisini ağlamayacaq. Necə də böyük xeyir-duadır! Bundan əlavə, yer üzündə heç yanda, Allahın və xidmətçilərinin uzun müddət dözdükləri söyüş və yalan təbliğat olmayacaq. Nəyə görə olmayacaq? Ona görə ki, Yeqova bu pis əməllərin mənbəyini - Şeytan İblisi, yalanın atasını aradan qaldıracaqdır. Şeytanın zürriyyətinə də son qoyulacaqdır (Yəhya 8:44).
24. İşıqda yeriyənlər, Yeqovanın onlar üçün etdiyi böyük işlərə necə münasibət göstərirlər?
24 Yeqovanın qüdrətinin bu tərzdə izhar olunması üzərində düşünərək, işıqda yeriyənlər bu sözləri nida etməyə təşviq hissi duyurlar: “Budur, Allahımız budur; onu gözlədik və bizi qurtaracaqdır; RƏB budur; onu gözlədik, onun qurtuluşu ilə məmnun olacağıq və sevinəcəyik” (İşaya 25:9). Tezliklə bütün saleh insanlar sevinəcəklər. Zülmət tamamilə çəkiləcək, sadiq insanlar isə Yeqovanın verdiyi işıqdan əbədiyyən həzz alacaqlar. Bundan daha gözəl ümid ola bilərmi? Əlbəttə ki, yox!
İzah edə bilərsinizmi?
• Bu gün işıqda yerimək nə üçün vacibdir?
• İşaya Yeqovanın adını nəyə görə izzətləndirdi?
• Allahın xalqının nöqsansızlığını sındırmağa düşmənlər nə üçün heç vaxt nail ola bilməyəcəklər?
• İşıqda yeriyənləri hansı bol xeyir-dualar gözləyir?
[22 və 23-cü səhifələrdəki şəkil]
Yəhudanın sakinləri uşaqlarını Moloxa qurban gətirirdilər.
[25-ci səhifədəki şəkillər]
Yeqovanın böyük işləri barəsində olan biliklər, İşayanı Yeqovanın adına izzət gətirməyə təşviq etdi.
[26-cı səhifədəki şəkil]
Saleh insanlar Yeqovanın verdiyi işıqdan əbədiyyən həzz alacaqlar.