Yeqovaya xidmətdə sevincinizi qoruyun
“Rəbbdə həmişə sevinin; və bir də deyirəm: sevinin” (FİLİPİLİLƏRƏ 4:4, İ—93).
1, 2. Bütün əmlakını itirdiyinə baxmayaraq, bir qardaş öz ailəsi ilə bərabər sevincini qorumağa necə nail oldu?
SERRA-LEONEDƏ yaşayan 70 yaşlı məsihçi Ceyms ömrü boyu vicdanla zəhmət çəkib. Nəhayət dörd otaqlı sadə bir mənzil almaq üçün pul toplaya bildiyinə görə onun necə sevindiyini təsəvvür edin! Bir qədər vaxtdan sonra Ceyms ailəsi ilə birlikdə həmin mənzilə köçdü, lakin sonradan ölkəni vətəndaş müharibəsi bürüdü və onların mənzilləri tamamilə yandırıldı. Onlar mənzillərini itirmiş olsalar da, sevinclərini itirmədilər. Nəyə görə?
2 Ceyms və ailəsi itirdikləri şeyləri yox, əllərində qalanları haqda düşünürdülər. Ceyms izah edir: “Hətta ən dəhşətli vaxtlarda da görüşlər keçirir, Müqəddəs Kitabı oxuyur, bir yerdə dua edir və malik olduğumuz şeylər az olsa da başqaları ilə bölüşürdük. Biz, ilk növbədə Yeqova ilə olan dəyərli münasibətlərimiz haqda düşündüyümüz üçün, sevincimizi qoruya bildik”. Malik olduqları xeyir-duaları xatırlayaraq, bu sadiq məsihçilər sevinməyə davam edirdilər. Onlar üçün bu xeyir-duaların ən qiymətlisi isə Yeqova ilə sıx münasibətləri idi (2 Korinflilərə 13:11). Ağır şəraitlərə tab gətirmək, əlbəttə ki, asan deyildi. Ancaq bu ailə Yeqovada sevinməyi davam edirdi.
3. Bə’zi ilk məsihçilər sevinclərini necə qoruyurdular?
3 İlk məsihçilər də, Ceyms və ailəsinin başına gələn oxşar sınaqlarla qarşılaşırdılar. Buna baxmayaraq, həvari Pavel yəhudilərdən olan məsihçilərə yazırdı: “Siz... mülkünüzün talan edilməsini sevinclə qəbul etdiniz”. Sonra Pavel: “Özünüz üçün daha yaxşı və daimi malınız olduğunu bilərək” deməklə, onların sevincinin səbəbini izah etdi (İbranilərə 10:34). Bəli, birinci əsrdəki həmin məsihçilərin canlı ümidləri var idi. Onlar, “talan edilməsi” mümkün olmayan şeyi — Allahın səmavi Padşahlığında “həyat tacını” alacaqlarını əminliklə gözləyirdilər (Vəhy 2:10). Bu gün bizim məsihçi ümidimiz — istər göylərdə, istərsə də yerdə yaşamaq ümidimiz sevincimizi hətta bədbəxtliklər zamanı da qoruyub saxlamağa kömək edər.
“Ümidlə sevinin”
4, 5. a) Pavelin romalı məsihçilərə verdiyi “ümidlə sevinin” məsləhəti nə üçün vaxtında idi? b) Məsihçinin öz ümidini nəzərdən qaçırmasına nələr səbəb ola bilər?
4 Həvari Pavel Romadakı həmimanlılarını əbədi həyata “ümidlə sevinməyə” də’vət edirdi (Romalılara 12:12). Bu, romalı məsihçilər üçün vaxtında verilən məsləhət idi. Pavel onlara yazandan təxminən on il sonra, onlar amansız tə’qiblərə mə’ruz qaldılar, bə’ziləri isə imperator Neronun sərəncamına əsasən işgəncə ilə öldürüldülər. Allahın onlara həyat tacını verəcəyi və’dinə olan inamları, şübhəsiz ki, əzablara tab gətirməkdə onlara kömək edirdi. Bəs bizim barəmizdə nə demək olar?
5 Bir məsihçi kimi, bizi də tə’qiblər gözləyir (2 Timoteyə 3:12). Bundan əlavə anlayırıq ki, “vaxt və təsadüf”dən heç birimiz mühafizə olunmamışıq (Vaiz 9:11). Bizə əziz olan adamlardan kim isə bədbəxt hadisə nəticəsində həlak ola bilər. Valideynlərimizdən və ya yaxın dostlarımızdan biri ölümcül xəstəliyə tutula bilər. Əgər belə sınaqlar zamanı daima bütün diqqətimizi Padşahlıq ümidinə yönəltməsək, ruhaniliyimiz təhlükə altında olacaq. Buna görə də özümüzdən soruşmalıyıq: Mən “ümidlə sevinirəmmi”? Bu ümid haqqında nə qədər tez-tez düşünürəm? Yaxınlaşmaqda olan Cənnət mənim üçün nə dərəcədə realdır? Özümü orada təsəvvür edirəmmi? İndiki əşyalar sisteminin sonunu, məsihçilik yoluna qədəm qoyduğum zaman olduğu kimi eyni səbirsizliklə gözləyirəmmi? Axırıncı sual xüsusilə vacibdir. Nə üçün? Çünki yaxşı səhhətimiz, yaxşı maaşımız varsa və əgər müharibələr getməyən, yaxud nisbətən az olan, aclıq və təbii fəlakətlər olmayan ərazidə yaşayırıqsa, biz — hər halda indiki vaxtda — Allahın yeni dünyasına olan ehtiyacı nəzərdən qaçıra bilərik.
6. a) Pavel və Sila əzaba dözərək nə haqda düşünürdülər? b) Pavel ilə Silanın nümunəsi bu gün bizləri necə ruhlandıra bilər?
6 Sonra Pavel, romalılara “kədərdə səbirli” olmağı məsləhət etdi (Romalılara 12:12, İ—93). Pavel “kədərin” — əzabın nə olduğunu bilirdi. Bir dəfə o, rö’yada bir adam gördü. Həmin adam onu, insanların Yeqova haqqında öyrənmələrinə kömək etmək üçün “Makedoniyaya keç”məyi də’vət edti (Həvarilərin işləri 16:9). Pavel bundan sonra, Luka, Sila və Timoteylə birlikdə Avropaya yola düşdü. Sə’ydə zəifləməyən bu missionerləri nə gözləyirdi? Əzab! Makedoniyanın Filipi şəhərində təbliğ etdikdən sonra, Pavel və Silanı döyüb, həbsxanaya saldılar. Göründüyü kimi, şəhər sakinlərinin bə’ziləri Padşahlıq haqqındakı müjdəyə sadəcə laqeydliklə yox, nifrətlə yanaşırdılar. Sə’ydə zəifləməyən bu missionerlər vəziyyətin bu cür dəyişdiyinə görə sevinclərini itirdilərmi? Xeyr. Onları döyüb, həbsxanaya saldıqdan sonra, “gecə yarısına yaxın Pavel və Sila dua edərək Allahı tərənnüm edirdilər” (Həvarilərin işləri 16:25, 26). Kötəklərin ağrısı, əlbəttə ki, Pavel ilə Silaya sevinc gətirmirdi, ancaq onlar bu haqda düşünmürdülər. Onların bütün düşüncələri Yeqovaya və Onun verdiyi xeyir-dualara mərkəzlənmişdi. Pavel ilə Sila, “kədərdə səbirli” olaraq və sevinclərini qoruyaraq, Filipidə və digər yerlərdə olan qardaşlara gözəl nümunə verdilər.
7. Nəyə görə dualarımıza minnətdarlıq da daxil olmalıdır?
7 Pavel yazırdı: “Duada mətanətli olun” (Romalılara 12:12). Çətin anlarınızda dua edirsinizmi? Nə haqda dua edirsiniz? Yəqin ki, Yeqovaya konkret probleminiz haqqında deyir və Onun köməyini diləyirsiniz. Bundan başqa, aldığınız xeyir-dualara görə də Ona minnətdarlıq edə bilərsiniz. Problemlər yaranan zaman Yeqovanın xeyirxah işləri və Onun öz xidmətçiləri ilə necə davranması barədə düşünmək, bizə “ümidlə sevinməyə” kömək edər. Həyatı əzablarla dolu olan Davud yazırdı: “Ya RƏB Allahım, yaratdığın xariqələr və bizim üçün düşüncələrin çoxdur; sənə bənzəyən yoxdur. Onları e’lan edib söyləmək istəsəm, saya gəlməz” (Məzmur 40:5). Əgər biz də, Davud kimi, Yeqovadan aldığımız xeyir-dualar haqqında düşünürüksə, əlbəttə ki, sevinəcəyik.
Müsbət əhval-ruhiyyəni qoruyun
8. Tə’qiblərə düçar olan zaman xoşbəxt qalmaqda məsihçiyə nə kömək edir?
8 İsa öz davamçılarını təşviq edir ki, onlar müxtəlif sınaqlarla qarşılaşan zaman müsbət əhval-ruhiyyəni qoruyub saxlasınlar. O deyir: “Mənə görə insanlar sizi təhqir və tə’qib edəcəkləri, yalan söyləyib sizə hər cür böhtan atacaqları zaman, siz nə bəxtiyarsınız!” (Matta 5:11). Biz belə vəziyyətlərdə nəyə görə sevinə bilərik? Müqavimətlərə tab gətirmək bacarığı, bizdə Yeqovanın ruhu olduğuna şəhadətlik edir. Həvari Peter öz zəmanəsinin məsihçilərinə dedi: “Əgər Məsihin adından ötrü təhqir edilirsinizsə, bəxtiyarsınız. Çünki izzətli Ruh, Allahın Ruhu üzərinizdə qalır” (1 Peter 4:13, 14). Yeqova, öz ruhunun vasitəsilə, bizə də hər şeyə tab gətirməkdə və bunun nəticəsi olaraq, sevincimizi qorumaqda kömək edəcəkdir.
9. İmanlarına görə həbsxanada oturan zaman, sevinməyə səbəblər tapmaqda qardaşlara nə kömək etdi?
9 Hətta ən dəhşətli vəziyyətlərdə belə, sevinməyə səbəblər tapmaq olar. Adolf adlı bir məsihçi öz şəxsi təcrübəsində buna əmin oldu. O, Yeqovanın Şahidlərinin fəaliyyəti uzun illər qadağan olunmuş ölkədə yaşayır. Adolfu və daha bir neçə adamı, Müqəddəs Kitaba əsaslanan e’tiqadlarından imtina etmədiklərinə görə tutdular və uzun müddətə həbsə saldılar. Həbsxanadakı həyat çətin idi, amma Pavel ilə Sila kimi, Adolf və onun dostları Allaha minnətdar olmaq üçün səbəblər tapırdılar. Onların dediklərinə görə, həbsxanada imanları möhkəmləndi və səxavət, mərhəmət və qardaşlığı sevmək kimi dəyərli məsihçi xüsusiyyətlərini inkişaf etdirdilər. Məsələn, dustaqlardan biri evdən bağlama alanda, onu həmimanlıları ilə bölürdü; onlar isə bu yardımı, “hər bir yaxşı bəxşiş və hər kamil hədiyyəni” Bəxşiş verən Yeqovadan olan kimi qəbul edirdilər. Xeyirxahlığın bu cür təzahürü həm verənə, həm də alana sevinc gətirirdi. Nəticədə elə oldu ki, dustaqxana həmin qardaşların imanını sındırmaq əvəzinə, onları ruhən möhkəmlətdi! (Yaqub 1:17; Həvarilərin işləri 20:35).
10, 11. Bir bacı sonsuz sorğu-suallara və uzun müddətli həbsə necə tab gətirdi?
10 Padşahlığı təbliğ etmək fəaliyyəti qadağan olunan ölkədə yaşayan Ellanı, məsihçi ümidini başqaları ilə bölüşdüyünə görə həbsə aldılar. Onu səkkiz ay fasiləsiz sorğu-suala tutdular. Axırda məhkəmə olanda, onu 10 il azadlıqdan məhrum etdilər; həbsxanada isə ondan başqa Yeqovanın xidmətçisi yox idi. O vaxt Ellanın cəmi 24 yaşı var idi.
11 Mə’lum məsələdir ki, o özünün gənclik illərini həbsxanada keçirmək istəməzdi. Lakin Ella vəziyyəti dəyişə bilmədiyi üçün, baş verən hadisəyə öz münasibətini dəyişməyi qərara aldı. Dustaqxananı özü üçün şəhadətlik sahəsi kimi hesab etməyə başladı. Ella xatırlayır: “Təbliğ etmək üçün iş çox olduğuna görə illər də tez ötdü”. Beş ildən artıq vaxt keçdikdən sonra, onu yenidən sorğu-sual etdilər. Görəndə ki, zindan onun imanını sındırmayıb müstəntiqlər dedilər: “Biz səni buraxmayacağıq — sən dəyişməmisən”. Ella qəti cavab verdi: “Xeyr, dəyişmişəm! İndi mənim əhval-ruhiyyəm iş kəsilməzdən əvvəl olduğundan daha yaxşıdır, imanım isə çox güclüdür!” O, bunu da əlavə etdi: “Əgər məni buraxmaq istəmirsinizsə, Yeqovanın məni azad etməyi lazım bildiyi vaxta qədər burada olacağam”. Həbsdə keçirdiyi beş il yarım Ellanı sevincdən məhrum etmədi! O, hər bir vəziyyətdə kifayətlənməyi öyrəndi. Onun nümunəsində sizin üçün ibrət dərsi yoxdurmu? (İbranilərə 13:5).
12. Çətin vəziyyətlərdə daxili rahatlıq tapmaqda məsihçiyə nə kömək edər?
12 Belə çətinliklərin öhdəsindən gəlmək üçün Ellanın xüsusi iste’dada malik olduğunu düşünməyin. Hökm çıxarılana qədər onu bir neçə ay necə sorğu-suala tutduqlarını xatırlayaraq, Ella e’tiraf edir: “Dişlərimin necə şaqqıldadığı və özümü ürkək sərçəcik kimi hiss etdiyim yadımdadır”. Lakin Ellanın Yeqovaya imanı güclü idi. O, Yeqovaya güvənməyi öyrəndi (Süleymanın məsəlləri 3:5—7). Bunun sayəsində, Allah onun üçün əvvəllər olduğundan daha real oldu. Ella əlavə edir: “Hər dəfə, sorğu-sual etdikləri otağa girəndə rahatlıq hiss edirdim. [...] Vəziyyət nə qədər qorxulu olurdusa, rahatlıq bir o qədər də artırdı”. Bu rahatlığı verən Yeqova idi. Həvari Pavel deyir: “Heç nəyin qeydinə qalmayın, amma hər şeydə, dua və niyaz edərək, öz xahişlərinizi Allaha şükranla bildirin. Və Allahın hər cür ağıldan üstün olan sülhü Məsih İsa vasitəsilə ürəklərinizi və düşüncələrinizi qoruyacaqdır” (Filipililərə 4:6, 7).
13. Nəyə görə əmin ola bilərik ki, əzablara tab gətirmək üçün qüvvəmiz çatacaqdır?
13 Nəticədə azadlığa buraxılan Ella, həbsdə keçirdiyi əziyyətlərə baxmayaraq, sevincini qoruya bildi. Ancaq bunu özünün yox, Yeqovanın qüvvəsi sayəsində etdi. Pavelin də başına buna bənzər hadisə gəlmişdi, o yazırdı: “Buna görə, daha çox öz zəifliklərimlə məmnuniyyətlə öyünəcəyəm ki, Məsihin qüdrəti içimdə sakin olsun... çünki mən zəif olduğum zaman qüvvətliyəm” (2 Korinflilərə 12:9, 10).
14. Məsihçinin çətin vəziyyətə müsbət nəzərlə necə yanaşa bildiyini və bunun hansı nəticəyə gətirib çıxara biləcəyini nümunələrlə göstərin.
14 Bu gün qarşılaşdığınız çətinliklər, yuxarıda nəzərdən keçirdiklərimizdən fərqlənə bilər. Amma çətinliklər hər necə olsa da, onların öhdəsindən gəlmək asan deyil. Misal üçün, müdir sizin işinizə çox tənqidi, hətta başqa dinə qulluq edən iş yoldaşlarınızın işindən də tənqidi yanaşa bilər. Başqa iş tapmaq mümkün deyil. Sevinci necə qorumalı? Həbsxanada olarkən vacib xüsusiyyətləri inkişaf etdirməyi öyrənən Adolfu və onun dostlarını xatırlayaq. Əgər siz — hətta “sərt” olsa da, müdirin tələbini vicdanla yerinə yetirməyə çalışırsınızsa, mətanət və səbir kimi məsihçi xüsusiyyətlərini inkişaf etdirməyə nail olacaqsınız (1 Peter 2:18). Bundan əlavə, siz daha dəyərli işçi olar, bununla da gələcəkdə daha əlverişli iş yeri tapmaq şansınızı artırarsınız. Gəlin Yeqovaya xidmətdə sevincimizi qorumağın başqa bə’zi üsullarını müzakirə edək.
Həyatı sadələşdirmək sevinc gətirir
15-17. Bir ər-arvad çətinliyin səbəbi tamamilə aradan qaldırılmasa da, həyatlarını sadələşdirməyə necə nail oldu?
15 Hətta harada və hansı işdə işləməyi seçmək imkanınız olmasa da, ehtimal ki, öz həyatınızda nəyi isə dəyişə bilərsiniz. Bir nümunəyə baxaq.
16 Bir məsihçi ər-arvad ağsaqqalı şam yeməyinə də’vət etdi. Süfrə arxasında qardaş arvadı ilə bərabər, axır vaxtlarda həyatdan yorulduqlarını söylədilər. Onların hər ikisi tam iş günü çalışırdılar, iş çox vaxt tələb edirdi, yeni iş yeri tapmaq isə mümkün deyildi. Belə vəziyyətə nə qədər tab gətirəcəklərini onlar bilmirdilər.
17 Bu ər-arvad ağsaqqaldan məsləhət xahiş etdikdə, o dedi: “Həyatınızı sadələşdirin”. Necə? İşə getmək və geri qayıtmaq üçün bu ər-arvadın üç saata yaxın vaxtları gedirdi. Onları yaxşı tanıyan bu ağsaqqal təklif etdi ki, yola sərf olunan vaxtı qısaltmaq üçün iş yerinə yaxın əraziyə köçsünlər. Qənaət edilən vaxtı isə başqa vacib işlərə, yaxud da istirahətə sərf etmək olardı. Əgər hədsiz gərginlik müəyyən dərəcədə sizi sevincdən məhrum edirsə, nəyə görə həyatı sadələşdirmək haqqında düşünməyəsiniz?
18. Qərar qəbul etməzdən əvvəl nəyə görə hər şeyi götür-qoy etmək lazımdır?
18 Bundan başqa, həyatda gərginliyi azaltmaq üçün aldığınız qərarı yaxşı götür-qoy etmək lazımdır. Məsələn, bir məsihçi ev tikmək qərarına gəldi. O, bundan əvvəl inşaat işi ilə məşğul olmadığı bir halda, bu tikinti üçün çox mürəkkəb konstruksiya seçdi. Həmin məsihçi indi dərk edir ki, evin konstruksiyasını seçməzdən əvvəl, “öz gedişinə diqqət edərək” gərəksiz problemlərdən qaçınmaq olardı (Süleymanın məsəlləri 14:15). Başqa bir məsihçi həmimanlısına borc pul almaqda zəmanət verməyə razı oldu. Müqaviləyə əsasən, əgər borc alan borcunu qaytarmaq imkanında olmazsa, həmin məbləğ zəmanət verəndən tələb olunacaqdı. Əvvəlcə hər şey öz qaydasında idi, ancaq sonra borc alan müqaviləni pozdu. Borc verən narahat olub, zəmanət verəndən bütün borcu ödəməsini tələb etdi. Zəmanət verən müşkül vəziyyətdə qaldı. Lakin əgər o, başqasının borcuna boyun olmazdan əvvəl hər şeyi götür-qoy etsəydi, bu cür vəziyyətə düşməzdi (Süleymanın məsəlləri 17:18).
19. Həyatın gərginliyini azaltmaq necə mümkündür?
19 Yorularkən düşünmək lazım deyil ki, şəxsi öyrənməyə, təbliğ xidmətinə və yığıncaq görüşlərinə ayırdığımız vaxtı qısaltmaqla gərginliyi azaldacaq və yenidən sevincə nail olacağıq. Çünki Yeqovanın müqəddəs ruhunu bütün bunların sayəsində alırıq, sevinc isə ruhun səmərəsidir (Qalatiyalılara 5:22). Məsihçi fəaliyyəti həmişə qüvvət verir və ümumiyyətlə çox yormur (Matta 11:28—30). Əslində yorğunluğa ruhani yox, dünyəvi işlər və əyləncələr səbəb olur. Əgər biz vaxtında yatmağı öyrənsək, bu çox kömək edər. Bir balaca əlavə istirahət çox şey verir. Ömrünün axırına qədər Yeqovanın Şahidlərinin Rəhbərlik şurasında xidmət edən Neytan Norr missionerlərə deyirdi: “Ruhdan düşdüyünüz zaman, ilk növbədə dincəlmək lazımdır. Təəccüblüdür, amma doyunca yatanda, sanki bütün problemlər daha yaxşı həll edilən kimi görünür”.
20. a) Sevinci qorumağın bir neçə üsulunu sadalayın. b) Sevincə nail olmaq üçün nə haqda düşünmək olar? (Səhifə 23-də olan çərçivəyə baxın.)
20 Məsihçilərin “bəxtiyar Allaha” xidmət etməyə gözəl imkanları var (1 Timoteyə 1:11, YD). Artıq gördüyümüz kimi, hətta ciddi problemlərlə qarşılaşanda da sevinci qorumaq mümkündür. Gəlin Padşahlıq ümidini həmişə xatırlayaq, lazım gəldikdə düşüncəmizi dəyişək və həyatımızı sadələşdirək. Belə olduqda, düşdüyümüz vəziyyətlərdən asılı olmayaraq, həvari Pavelin “Rəbbdə həmişə sevinin; və bir də deyirəm: sevinin” sözlərinə hay verəcəyik (Filipililərə 4:4, İ—93).
Növbəti suallar üzərində yaxşı düşünün
• Padşahlıq haqqındakı ümidi məsihçilər nə üçün həmişə yaxşı xatırlamalıdırlar?
• Çətin vəziyyətlərdə sevincimizi qorumağa nə kömək edər?
• Nəyə görə həyatımızı sadələşdirməyə çalışmalıyıq?
• Bə’ziləri öz həyatlarını nədə sadələşdiriblər?
[23-cü səhifədəki çərçivə/şəkillər]
Sevinc üçün digər səbəblər
Biz məsihçilərin sevinməyə çox səbəbi var. Onlardan bə’ziləri bunlardır.
1. Biz Yeqovanı tanıyırıq.
2. Allahın Kəlamındakı həqiqəti öyrənmişik.
3. İsanın qurbanlığı sayəsində günahların bağışlanmasına malikik.
4. Allahın Padşahlığı idarə edir. Tezliklə yeni dünya gələcək!
5. Yeqova bizə ruhani cənnət bəxş edib.
6. Biz fayda gətirən məsihçi ünsiyyətinə sevinirik.
7. Təbliğ fəaliyyətində iştirak etməyə gözəl imkanımız var.
8. Biz sağ-salamatıq, bu və ya digər tərzdə fiziki qüvvəmiz var.
Sevinmək üçün daha bir neçə səbəb sadalaya bilərsinizmi?
[19-cu səhifədəki şəkil]
Pavel və Sila həbsxanada da sevinirdilər.
[21-ci səhifədəki şəkillər]
Sizin nəzəriniz Allahın yeni dünyasına olan sevincli ümidə mərkəzlənibmi?